<<< geri

 

 

«KÖNÜL» RİSALƏSİ

 

 

«Qauğusuz» təxəllüsü ilə şiə türklər arasında və qızılbaşlar, bəktaşilər və bu kimi təriqətlərə daxil çoxlu arif şairlər və mənqəbə toplayanlar olmuşdur. Təqdim etdiyimiz «Qayğusuzun könül risaləsi»ni bir «Qara məcmuə» bölümü olaraq, mərhum Faxir İzin «Əski türk ədəbiyyatında nəsr» əsərinin «Dini mətnlər» bölümündən aldıq. O mərhum bu əsəri Ankara ümumi kitabxanasının 169 saylı əlyazma məcmuəsindən almışdır (səh. 10-127).
Bu əsərin əvvələrində risalənin adı «Qara məcmuə» adlanır və gözəlcəsinə müraati-nəzir sən’əti ilə əsərin adına işarə olunur. Buradan da sübut etmək olar ki, «Qara məcmuə» müxtəlif müridlər tərəfindən yazılan «Ədəb-ərkan» kitablarına deyilirmiş və hamısı Şeyx Səfiyə mənsub və ya onun dilindən imişlər. Əslində də «Qara məcmuə» Şeyx Səfiəddin Ərdəbilinin öz tə’lifi olmalıdır, lakin onun əsas və əsil mətnini tapmaq hələlik mümkün olmamışdır.

«KÖNÜL» RİSALƏSİ

Şeyx Səfi/əddin Ərdəbili/ aydır: «Sözün əsli könüldür. Hər kim könül bəhrinə yol buldu, nə durr istərsə, dalıb çıxardı. Onlar kim surətə baxdı, qəflət ipin boynuna taxdı, taət xərmənin oda yaxdı, duxanı göylərə çıxdı. Zira könlü Həqq kəndi üçün yaratdı. «Hər kim məni istərsə, sınıq könüllər içrə bulsun», - dedi.
Hər kim könülə yol bulmadı və istədigi nəsnəni onda daha bulmadı, uçmağa daha girmədi, Padşah didarın daha görmədi.
Qafil olma! Könülə yol bulan kişiyə qul olan Məcnun degildir. Əgər ol səni qulluğa qəbul edərsə, zehi dövlət.
Pəs indi onun kim, könüldən xəbəri olmaya, qamışı şəkərdən ayırmış ola. Mən ona nə deyim? Ol nə anlaya? Zira öyüdü əhlinə demək gərəkdir. «Durru sədəfdə, nafəni ahuda görün», - demişlər.
Pəs indi nadana mə’rifəttulah demək şora toprağa toxum əkmək gibidir. Və mərkəb gərdanına cəvahir asmaq gibidir. Sağır önünə şəkər tökmək gibidir. Öyüd mö’minə dövlət, cahilə möhnət /dir/. Zira sirrullah Həqqin çərilərdir, bir könülə gircək, nə qədər nəsnə var isə, sorub çıxarar, möhnətləri əridər, ərləri şirmərd edər, şirmərdləri xürd edər, fərdləri əhli-dərd edər, əhli-dərdi şərbət edib safi edər.
Bu kəz «Və mən-dəxələhu kanə minən allah”» zümrəsinə daxil olub əmin olur. («Və ora daxil olan kəs əmin-amanlıqda olar», «Ali-İmran» surəsi, 97-ci ayə).
İndi sən daha könlünü əlinə al, elmi-rəbbani kitabından oxu, könül göyündə doğan dövlət ayını və səadət günəşini gör, ta gözündən qəflət hicabı gedib, Həqq kitabı rövşən ola. Qara tənindən ağ güllər açıla, vücudun qaranquluğundan aydınlıqlar saçıla.
«Qara məcmuə»yi əlinə al, oxu, könlünün sarayı rövşən olub, oğrular ondan kəsilə, mələklər dola. Zira bu vücud bir dükandır, sənə kirayə verilmişdir, içində rəncbərlik edərsən. Bu dükanın küncündə gənc vardır. Dükan əlində ikən küncü qaz, gənci bul. Yoxsa və’də gəlicək səni dükandan çıxararlar və küncündə gənci bularlar. Ardınca baxa-baxa qalarsan.
Pəs indi vücudun mülkü ol zaman sənə müsəlləm olur kim, Süleyman gibi xatəmi nəfsin divi əlindən qurtarıb əmin olasan. Yoxsa xatəmi divin əlinə verdinsə, «xudapərəst» ikən «divpərəst» oldun.
MİSAL. Məsələn, bir xatun bir kimsəyə nikahlı olsa, bir kimsə daha onu nikah edə bilməz. Yə’ni könül dünyaya tabe isə, onda Həqq təsərrüfü olmaz və əgər Həqqə tabesən, onda nəfs təsərrüfü olmaz.
Ərz bu kim, talibi-həqq xudbinligi tərk etməyincə, xüdabin olmaz.
Sənə deyim, qardaş! Daha rövşəntər xəbər söylərəm. Bu kəz anlayasan, hərifimin, şərifimin könlünü mənə çevir. Könül gözü ilə bax və könül qulağı ilə dinlə və söyləyəni qav, söylədəni bax..
Əgər sənin gələ gözlündən sənə desəm halın pərişan olub, könlün haldan-hala dönər, məlul və məhzun olarsan. Və əgər deməsəm, neylim özündən xəbərin yox, nazənin ömri badə verdin, rüzgarın bu halla keçdi.
Sübhi-qiyamətdə səni kim uyxudan oya/dar/lar, bundakı canı bulamazsan, ol vəqt çün peşiman olursan, vücudun mülkü əlindən çıxar, fələkin çərxi, ol həsari yıxar, indi surət və mə’ni səndə ikən, nə üçün can mülkündən xəbər almıyasan?
«Məcməül-bəhreyn» özündə ikən və «Cami-cəm» padşahı ikən, nə üçün dilənçi olursan, aləmin canı və məqsudu ikən nə üçün çakəri-tən olursan? Və əgər «səid» isən, sənə «fəna» donun çıxarıb «bəqa» kisvətin geydirərlər. Və əgər «şəqi» isən, «nur» donunu çıxarıb «nar» donunu geydirərlər. Dünyada ömrün nəyə sərf və karü kəsbin nəyə xərc eylədin? - deyərlər.
Cavab vermədinsə, gəl gör üqabı. Amma neylim halından xəbərin yox. Vücudun Səddi-İskəndər olmuş, pənd və nəsihət kar eyləməz. Nə oldun sən daha hüşyar ol, mə’ada muqarin ol. Dərd hasil elə, dərmana irəsən. Ə’mayi – biar olma. Tapdığın tanrı degil, bütdür. Kə’bə arzusun qılarsan, amma könlün Lat və Mənat ilə dolmuşdur.
Zehi nadan! Kim Həqq istər və Ruhül-qüds tələb edər, Dəccali-lə’indən ayrılmaz. Ol vaxt çox peşiman olur, amma fayda olmaya.
Pəs indi «Ruhül-qüds» mə’nasına irən nəhv və sərf lüğətini neylər? Çün külü odda buluna, bağı neylər? Əgər şəkər istər, misri neylər? Və əgər mişki-xalis istər, Xəta və Xütəni neylər?
Anla kim «Ərəfə»yə girdilər, arif oldular. Onların gecəsi «qədr», gündüzü «eyd» olmuşdur. Onlara irən müqəllid ikən arif olur, arif ikən aşiq olur, aşiq ikən mə’şuq olur. Bundan iləri məqam olmaz. Buna «Məqami-Mahmud» derlər ki, bunu ariflər bilər», - dedi.
Pəs indi bundan qərəz budur kim, haman Həqqi bunda ikən bul və həqiqət səndə ikən sən səni bil deməkdir. Zira hamı felin və hal və qalın məhşərdə əyan olacaqdır. Hər bir əməlin bunda qətrə ikən, onda dərya olacaqdır. Kiminə nurdan surət olar, kiminə nardan kisvət olar. Cümlə yaradılmış dilə gələr, söyləşərlər. Onları sən rövşən görərsən. Ol vaxt Həqqi-təalanı dolun ay gibi görərsən.
Onda kim Həqqin liqasın görərsən, mən nə deyim? Məstanəliklər qılarsan kim, dillər ilə vəsf olmaz. Anda tamaşa baqi, didar baqi, şərab və eyş baqi, rəbb saqi. «Səqahum rəbbuhum şərabən təhura». («Və Rəb-bləri onlara çox pak bir şərab içdirəcəkdir». «İnsan» surəsi, 21-ci ayə).
Ol şərabı Həqq öymüşdür, onu içən qəniyyi-mütləq olur. Daha nə cənnət üçün şad olar və nə cəhənnəm üçün xövf çəkər. Onda nə əql və nə idrak qalar. Məst, daha hur və qılman bu söhbətə sığmaz. Pəs indi sən ol daha badənuşun özünü gör, vüsali badəsindən nuş et, daha hər nə olursan qayırma. Yarın bir qıl sənə bir dağ gibi görünməyə.
Bu razı könlünün sandığında saxla, tul və diraz fikirləri qav. Məqam əhli və hal əhli ol, bu rəmzi anlaya/san/.
Həqdir ki, fürsətin əldə ikən qaya quşu gibi ömrünü lağlaq ilə keçirmə. Ə’ma gibi dəvə dəpməsini somun sunma.
Haman sən özün saldın, Həqq ilə oldun. Həqq daha özün sənə bildirir. Səni kənduyə məhbub edər, rəhmət suyuna bandırar. Bu kəz ol qul sevgili üzündən Həqqə naz edər, tifil gibi hər sözü Həqq qatında müqabil olar. Həqiqi qul ki derlər, ol kimsənə olur.
Pəs indi hər kəs yükündə nə olduğun bilər. Əgər müvəhhid isən, anladın, əmin oldun. Yox, mülhid isən, haman öz əlinlə özün toprağa göm. Zira müqəllidin havası səni gedərmişdir, daha müvəhhidlikdən xəbərin yoxdur. Hava və həvəs ilən orada ki, doldurmuşsan, boş dolumdan ağzına nə gələr, fır-fır sünlirsən. Çünki varlıq havası səni qablayıbdır. «Bilirəm!» - demə kim, Həqqin gümrahı olmıyasan. Zira müvəhhidlik qal ilə olmaz. Məcazi söz hal ilə olmaz və «bal» deməklə ağız bal olmaz. Dərvişlik şəmlə və şal ilə olmaz, əhli-gülxən taci-şahi uranmaz, hər ahunun göbəyində müşk olmaz, hər sədəfin arasında dürr olmaz. Hər qamışın içində şəkkər olmaz, hər qayanın suyu Zəmzəm olmaz.
Sən zahidlik edib quru yerə başın salıb dodağın dəbərdirsən, içərində və dışarıdakı riya əməlini xud Həqq bilər. Nə üçün mülhidligi müvəhhid surətində göstərirsən?
Bir neçə dərvişlər dedilər: «Midani, nəmidani?» Bilməziz, kim quş dilimi söylərsən? Türki söylə kim /eşidən/ anlasın».
Şeyx Səfi /əddin Ərdəbili/ həzrətləri ayıtdı: «Sənə bir rövşəntər xəbər söylərəm. Kəndü vəsfi-halımdır. Siz daha halınızı məndən qiyas eyləyin», - dedib ayıtdı: «Ey aqillər və ey kamillər! Və ey Həqqi kəndu vücudunda bilən əhli-dillər! Murad nədir? Can və dildir. Anlayın və seyr edin və bu sözün həqiqətinə xub nəzər eyləyin kim, nə bəyan edər», - dedi.
Ol vaxt kim əncüm və əflak yox idi, ənasiri-təbayedən bir nəsnə vücuda gəlməmişdi. Biz daha Adəm kisvətin görməyib və geyməyib Sultan vücudunda bir can idik. Təqdir işin belə işlərdik. Ol qədimi-layəzal dilədi kim, gizli gəncin aşkar edə, kəndusunu tamaşa edə, təcəlla eylədi zatına, zatı bilinsin deyə.
Əsma /və/ sifatı kəndusi kəndusinə naz eylədi. «Kaf» və «nun»a urdu bir saz eylədi. Bu kəz «kaf» və «nun» arasında bu karxanəni bünyad eylədi. Cümlə yaradılmış əskiksiz yerli-yerində qərar tutdu. Padişahi-aləm haman karxana içrə sirr oldu. Daha kimsənə nişan verə bilmədi. Bizə daha Adəm donun xəl’ət verdi. Canımıza əmr etdi ki, ədəmdən aləmə gəldik. Çün mənə daha növbət gəldi. Adəm donun geyib, bu mülkü seyranə gəldim. Bir nəsnədən xəbərim yox idi.
Çün çərisinə tuş oldum, ayıq ikən sərxoş oldum və xoşhal ikən kəm mə’aş oldum. Doğru ikən qəllaş oldum, nihan ikən aləmə faş oldum.
Əlqissə, Xaliqin əmri məni kuzəgər palçığı gibi dövranın çərxi üzərinə qoyub dolab gibi döndərdi. Gah məni kuzə düzdü, gah bozudu kasə düzdü. Gah saraylarda kərpic eylədi, gah ayaqlar altında hiç eylədi. Gah gül etdi başə çıxdım, gah kül etdi xakə düşdüm. Gah xəlq icrə əziz eylədi, gah insan, gah heyvan eylədi. Gah nəbat və gah mə’dən eylədi, gah şah və gah gəda eylədi, gah xiş və gah yad eylədi.
Gah gəzindim yatdım, gah xəzinəyə batdım. Gah qul olub satıldım, gah dəllal olub satdım. Gah oynayıb utdum, gah bilməyib utuzdum. Gah hakim eylədi, gah həkim eylədi, gah qəzzaz eylədi, gah bəzzaz eylədi. Gah əttar, gah həllac eylədi. Gah bir pər, gah zərgər eylədi.
Gah işçi, gah başçı eylədi, gah dəmirçi eylədi. Gah məni Şərqə ilətdi, gah Qərbə. Gah dəryada mahi eylədi, gah dağlarda ahu eylədi. Gah avçı etdi ov ovladım, gah məni av eyləyib avlatdı.
Gah oxudum alim oldum, gah ümmi eylədi nə oldum.
Əlqissə, dünyada bir surət qalmadı ki, etmədim. Gah şagird etdi öyrəndim, gah ustad etdi öyrətdim. Gah məni ana, ya ata eylədi, gah məni tifil edib onlara bəslətdi, gah onları tifil edib mənə bəslətdi.
Və əlhasil, başınızı ağrıdayım, neçə min kərə ata belindən ana rəhəminə, neçə min kərə ana rəhəmindən cəhanə gəldim. Neçə min kərə yağmur olub yerə yağdım. Neçə min kərə gah çərəndə, gah pərəndə oldum. Neçə min kərə küfr və imanə qarışdım. Neçə min kərə kah zülmata və gah aydınlığı düşdüm. Neçə min kərə dürlü cənazələrə qarışdım, neçə min kərə dürlü xəl’ətlər geyib, neçə min kərə dürlü yaxalardan baş göstərdim. Neçə min kərə ellər, aşinalar gözətdim. Neçə min isimlər və ləqəblərə urundum.
Əlhasili-kəlam, bu nəfs əskəri məni köçdən-köçə və qabdan-qaba boşaltdı. Şəhərbəşəhər, qəryəbəqəryə, dərbədər gəzdirdi kim, dil ilə əyan və qələm ilə bəyan olmaz. «Şenidən key bovəd manənde didən» /Tərcuməsi: «Yüz eşitməkdən bir görmək yaxşıdır» (hərfən: Eşitmək görmək kimi ola bilərmi?!) – fars atalar sözü! – red/.
Pəs indi eşidəni qav, görəndən xəbər al. Əlbəttə, bir gün sən də görərsən. Keçən halları ki, hey güləsən. Hələ söz çox. Bu nəfs əskərinə kim duş olurdum, nalan və giryan olub, hərgah təzərrö və zarlıq edirdim, bir kimsə mənə rəhm etməzdi. Neçə zamanlar keçərdi, dövranlar dönərdi. Neyləyib nə edəcəyimi bilməzdim. Heyran və sərgərdan qalmış idim.
Yenə bir gün atımı at eyləmiş idim, əgnimi don. Haman qulağıma bir səda gəldi ki:
- Yetər! Gəl, qon!
Sankim yox idim, var oldum.
Əlqissə, anadan doğub şirxar oldum, tifil oldum, baliğ oldum, igid oldum, pir olum. Nagah bir gün ruh aşinalarına duş oldum. Halımdan xəbər sordular. Dedilər:
- Dərviş, əgri otur, doğru söylə. Az söylə, öz söylə. Çox söz baş ağrıdar.
Mən ayıtdım:
- Namərddir ol kişi kim, bilmədigi sözü söyləyə. Mən alim degiləm elmim ola, vəli degiləm kəramətim ola.
Qarpız gibi yığın yumru sözün top düzüb ərənlər meydanına qavdım. Gördigim mənzillərdən nişan verdim. Arif bildi ki, nə dedim. Nadan özün xəyalda qavdı.
Anlayana bir kitab sözdür, anlamayana min söz daha desən, nə fayda. Söz çox, hər sözü söyləmək olmaz. Söz var xəlq içində, /söz var xülq içində/.
Pəs indi bu sözlərdən qərəz budur kim, sən daha könlünü cəm’ elə, əqli-mə’adə müqarin ol. Dünyaya ilişmə, sonun fikir elə.
Sultan Şeyx Səfi/əddin Ərdəbili/ - qəddəsə sirruhu – sözləri buyurdu. Buyuruq buyurdu, intəha bulmadı.

LÜĞƏT

Bəhr – dərya, dəniz
Taət – itaət, boyun əymə
Duxan – tüstü
Uçmaq – dünyadan köçmək; cənnət
Zehi – artıq, çox; afərin, əhsən
Nafə – göbək
Mərkəb – minik heyvanı
Çəri – əskər
Xürd – kiçik, balaca
Safi – qəlbi təmiz, düz
Qaranqu – qaranlıq
Rəncbər – zəhmətkeş, əkinçi
Gənc – xəzinə
Müslim – itaət edən, müsəlman
Xatəm – üzük
Təsərrüf – yiyələnmə, zəbt etmə; qənaətlə işlətmə
Xudbin – burada Allaha inanmayan mə’nasında; özündən razı
Xudabin – Allahı tanıyan, Allaha inanan
Rövşəntər – daha işıqlı, daha aydın
Bir kəz – bir dəfə
Çakərtən – nökər kimi, nökər bədənli
Kisvət – paltar, qiyafə; zahiri görkəm
Nar – od, atəş
Nur – işıq
Üqab – qartal, qaraquş
Üqba – axirət, o dünya
Pənd – nəsihət
Mə’ad – qayıtma, qayıdış yeri; axirət
Müqərrər – iqrar olunmuş; söylənilmiş, qərarlaşdırılmış
Ə’ma – kor
Dəccal – şeytan
Müqəllid – təqlid edən, oxşadan; saxtakar
Raz – sirr
Tul – qaranlıq; uzun
Diraz – uzun
Mülhid – Allaha inanmayan, dinsiz
Gümrah – yol azmış, doğru yoldan çıxmış
Müvəhhid – Allaha inanan, dindar
Əncam – son, nəhayət, aqibət
Əflak – fələklər, köy cismləri
Layəzal – həmişəlik, əbədi
Təcəlla – əyan olma, təzahür etmə, zahir olma
Ədəm – yoxluq, heçlik
Məaş – yaşayış, dolanacaq; yaşayış vasitəsi
Qəllaş – ədəbsiz, hiyləgər; dərbədər
Qəzzaz – ipək parça toxuyan, ipəkçi
Bəzzaz – arşın malı satan təcir
Əttar – ətir satan
Ümmi – savadsız, oxumamış
Əlqissə – qısası, xülasə
Ana rəhəmi – ana bətni
Təzərrö – itaətkarlıq, boyun əymə; yalvarma, yalvarıb – yaxarma
Vəli – hami, himayəçi; qəyyum
İntəha – son, nəhayət
Dəpmə – təpik
Somun – tam, bütün
Sunma – zənn etmə