<<< geri

 

 

YOL ƏHLİNƏ QİLAVUZ

 

 

Bu əsərin də tərib edəni mə’lum deyildir. Əsər «Əl-buyuruq» risa-ləsi kimi Sultan Şeyx Səfiəddin Ərdəbilinin dilindən yazılmışdır. Çox gü-man ki, «Yol əhlinə qılavuz» risaləsini Şeyx Səfi özü yazmışdır. Əsəri yuxarıda vəsf etdiyimiz «Əl-buyuruq» kitabının zəmiməsindən aldıq.

6-1. XƏLİFƏNİN TƏ’RİFİ

Pəs indi yol əhlinin halı budur kim, bildisin və eşitdisin, bir kişi bu təriq içində olmasa, yol əhli demək olmaz.
Şöylə mə’lum ola, dinlə: /Təriqət/ qapısı oldu güşad kim, muradı olan irsin murada.
Əgər bü sözdən ibrət aldınsa, tamam oldu nəsihət burada.
Bundan sonra xəlifənin şərtini və xasiyyətini və mə’nasını bildirir. Şeyx Səfiəddin həzrətlərinin buyuruğudur:
«İndi mə’lum olsun kim, bu cahanda əvvəl xəlifə Adəm Səfiullah əleyhissəlamdır. Onun haqqındə cənabi-Həqq həzrətləri buyurmuşdur kim: «Və iz qalə Rəbbikə lil-məla’-ikəti ca’-ilun fil-ərzi xəlifətun».
Cənabi-Həqq həzrətləri məlaikələrə bildirdi kim, Adəm Səfiullah yer üzünün xəlifəsidir. Böylə olunca, əvvəl xəlifə Adəmdir. İkinci xəlifə Xatəmdir. Daha Adəmdən Xatəmə gəlinməyə qədər yeddi min il keçdi. Yüz igirmi dörd min peyğəmbərlər və üç yüz on üç mürsəllər gəldilər, aralarından bir neçəsi xəlifəlik etdilər. Ol cümlədən: Davud Xəlifətullah, Süleyman Nəbiullah, Xızr, Yusif və həm İskəndəri-Zülqərneyn kimi kimsələr xəlifəlik edib, Məğribdən Məşriqə dünyaya gəldilər və həm getdilər, ta kim, Axirəzzaman peyğəmbər Xatəmül-ənbiya Məhəmməd əl-Mustafa – səlləlahu və alihi və səlləmi – dünyaya gəldi. Həpsini müsəxxər eylədi. Cənabi-həqq həzrətləri ona «Həbibim və Rəsulum» dedi. İgirmi üç il aləmi dini-islamə də’vət eylədi. Otuz üç səhabə cəm eylədi. Aqibət olduğu dünyadan getdi, həzrəti-Həqqə vasil oldu. Onun yerinə kim qaimməqam olsa, xəlifədir».

6-2. BEŞ HƏRF

Rəsulun qaimməqamı və həm vəsisi həzrət Əli ibn Əbu Talibdir. Və on bir övladı /həm/cinin xəlifədir. Onların nəsli daha xəlifədirlər. Hər kimi nəsb edib yerlərinə göndərsələr, ol daha xəlifədir.
Və ismi – «xəlifə» beş hərfdir: X / /, L / /, İ / /, F / /, H / /.
Bu beş hərf «Ali-əba» dan ibarətdir. Yə’ni «dəsti-vilayət, səri-saqiyi-kövsərdir».
Bir mə’na daha, xəlifə oğula deyilir. Xəlifə salehdən ibarətdir. Öylə olsa, «X» xəlifədir, yə’ni oğuldur, «L» lütf və kərəmdir, «İ» yer kimi sakti olmağa işarədir. «F» fariqul-bal olmaqdır. «H» ismi-hudur, gülbangi-övliyadır, xəlifələrə məxsusdur.
«Allah» ismi beş hərfdir, «Məhəmməd» ismi beş hərfdir, «Xəlifə» ismi daha beş hərfdir.

6-3. YEDDİ ÜZ

Talib mə’nayı iyicə fəhm eyləyə. «Xəlifə» demədin yeddi üzü vardır. Və hər bir üzün bir təvəccöhü vardır və on iki şərt vardır. Və hər şərtin bir xasiyyəti vardır. Xəlifə məqamında olan kişi gərəkdir ki, bu şərtləri və on iki xasiyyəti bilə. Ol zaman ona «xəlifə» demək layiq olar. Əgər bu yeddi üzü və on iki xasiyyəti bilməsə, ona «xəlifə» demək böhtandır. Və bir kimsə kənduya böhtan eyləsə, əqlin kəmalı nöqsan ola.
Və ol yeddi üz bunlardır: vəhdət, xidmət, iradət, imamət, səlamət, məlamət, dövlət.
Hər kim bunları yerinə gətirsə, cümləsin tamam yerinə gətirmiş olar.
6-4. YEDDİ ÜZÜN ŞƏRHİ

Bunların təvəccöhü isə, pəs indi /belədir/:
1. «Vəhdət» oldur kim, ikilikdən keçib birliyə irişə. Onun əsəri vahidindir.
2. «Xidmət» oldur kim, yol əhli olan qardaşların cümləsinə bir gözlə baxmaqdır. Yə’ni böyük və kiçigi bir bilməkdir. Həpsinə birdən xidmət eyləməkdir. Onun əsəri təkəbbürlügü tərk edib, könüldə təvazö’ və miskinət olmaqdır.
3. «İradət» oldur kim, bu yola sidq ilə gəlib, mürşidi-kamilə iradət gətirməkdir. Onun əsəri eşqdir. Mə’şuqə cəmalın müşahidə qılmaqdır.
4. «İmamət» oldur kim, imamlar yoluna, din eşqinə düşə. Onun əsəri oldur kim, qeyr ilə həmdəm olmamaqdır.
5. «Səlamət» oldur kim, kəndi imanın və dinin səlamət tutmaqdır. Onun əsəri xaslardan qeyri ilə söhbət etməməkdir.
6. «Məlamət» oldur kim, rüsvayi-aləm olub, ar və namusu tərk etməkdir. Yə’ni xərabat güşəsində xərab olmaqdır. Onun əsəri məhəbbət məclisində elm tə’lim etməkdir. Yə’ni göylərdən xəbər verməkdir.
7. «Dövlət» oldur kim, tərki-tə’əllüqat edib cümlə varlığın yoxluğa satmaqdır. Nə qədər kim var isə, din qardaşları ilə yeyib-içib, xoş görməkdir. Onun əsəri dəmi-didar görməkdir və onlardan murad almaqdır və dostun cəmalı müşahidəsinə irməkdir. Və murad istəyənlərə murad verməkdir.

6-5. XƏTAİNİN ŞE’Rİ

Nəfəsi əhli-dilin gövhəri-kandır bilənə,
Nitqimiz qüdrəti-həqq, ruhü rəvandır bilənə.
Mə’rifət kövhərinin kanına mə’dən ola gör,
İştə bu elmü hünər gənci-nihandır bilənə.
Qövlü yalançı müsahibləri at, gəl çək əlin,
Həmdəm olmaq dev ilə külli-ziyandır bilənə.
İstədi, buldu Xızır abi-həyat çeşməsini,
Ey kim ol mə’şuqənin yurdu amandır bilənə.
Şərbəti-həqdən içən eşq əri, azadə olar,
Şöylə sərməst olanın küfrü imandır bilənə.
Ey Xətai! Həqqi sən tanqı, özündən fariq ol,
Daha söz söyləməgil, söz də həmandır bilənə.

6-6. ON İKİ ŞƏRT

Şeyx Səfiəddin həzrətləri buyurdu: «Cün bu yeddi üz tamam oldu, on iki şərt bəyan və əyan edəlim: səxavət, səadət, qeyrət, ibrət, hörmət, söhbət, mürüvvət, şəfqət, iqrar, isar, təvəlla, təbərra.
İndi «səxavət» oldur kim, yeyəsən, yedirəsən, adını sahibi-comərd dedirəsən. Amma ariflər bunda bir mə’na buyurmuşlar: «Yeyən baazar-dır, yeməyib yedirən biazardır», - demişlər.
Bunun əsəri yeyib-yedirmək, həqq üçün olma /qdır/, kimsəyə min-nət etməyəsən.
«Səadət» oldur kim, qadir olduğun qədər əldən gələni mən’ et-məyəsən. Onun əsəri murad yaxşı olmaqdır, könül evin yapıb mə’mur qılmaqdır.
«Qeyrət» oldur kim, din uğrunda çalışasan, nəfs ilə ruzü şəb cihad edəsən. Onun əsəri cəhd edib İblisin üzərinə qalib olmaqdır. Əldən gəldikcə məğlub olmamaqdır.
«İbrət», can gözü açıq ola, hər nəyə baxarsa, ondan ibrət ala. Həqqin hikmətin müşahidə qıla. Onun əsəri «məqami-müntəhayə» qədəm basmaqdır.
«Hörmət», kəndi əli altında olan kimsələrə riayət etməkdir. Və dadlı /söz/ söyləməkdir. Onun əsəri mehr və məhəbbətdir.
«Söhbət» oldur kim, məclislərdə danışarkən, düşünərək danışmaq. Onun əsəri mə’rifətdir.
«Mürüvvət» oldur kim, düşmanı qəhr etməyə qadir ola. Ona mü-rüvvət göstərib əvf eyləyə. Onun əsəri müdara qılmaqdır.
«Şəfqət» oldur kim, zəif və miskinləri görəndə, rəhm edib əsirgəyə, təriqət əhli qardaşlarının hər bir hacətin /yerinə/ yetirə. Onun əsəri möhtaclıqdan xilas olmaqdır.
«İqrar» oldur kim və’dəyə xilaf etməmək, və’dəsi yetdikdə yerinə gətirməkdir. Onun əsəri dostlar yolunda can verib, təriqət içində xak olmaqdır.
«İsar» oldur kim, hər nə var isə, dost yoluna saçıb, kəndi öz canını ərənlər yoluna fəda edib baş ilə candan keçməkdir. Onun əsəri sahibi-əsrar olmaqdır.
«Təvəlla» oldur kim, əhli-beyti-Rəsula məhəbbət edib, al və övladına can /və/ könüldən və dəruni-dildən on iki imama tabe olmaqdır. Onun əsəri tərki-dünyadır.
«Təbərra» oldur kim, Məhəmməd və Əli həzrətləri düşmanlarına nifrət edib qaçmaqdır, əhli-beytə ədu olan məl’unlara lə’nət qılmaqdır. Onun əsəri Məhəmməd və Əlidən qeyriyə könül verməyib murad almaqdır.
Pəs indi xəlifənin şərt və xasiyyətləri budur kim, zikr olundu.

6-7. BU MƏQAMDA ŞAH XƏTAİNİN ŞE’Rİ

Naci derlər bir güruha uğradım,
Hamı bir-birinin almış əlini.
Hamınıza harda dedim, söylədim,
Məkan tutmuş həqiqətin elini.

Güllərin lə’lü gövhərdən tökmüşlər,
Dost bağçasına məhəbbət əkmişlər,
…………………………………..
Öyrənmişlər o bağvanın dilini.

Südü qüdrət göllərindən alınmış,
Damazlığı o qırxlardan çalınmış,
Orucu tutulmuş, fərzi qılınmış,
Ol həqqə çevrilməmişdi dalını.

Əgər arif isən sözümü eşit,
Gerçək aşiq isən hərfini gözət,
Qəsavəti, kibri, kinəni tərk et,
Məhəbbət seliylə doldur gölünü.

Eşqin şərbətindən içdim, xak oldum,
Qüdrət dəryasına girdim, pak oldum,
Həqqə ulaşdım, həqqi gördüm, həqq oldum,
Onunçün iradə etdim yolumu.

Eşqin şərbətindən içən aqildir,
Qırxlar nişanın göstərən saildir,
Şah Xətai xidmətinə qaildir,
Mövlam əsirgəsin mö’mün qulunu.


6-8. MÜRƏBBİLİK ŞƏRTLƏRİ

Bundan sonra mürəbbi şərtlərin və nişanların bəyan edər. Bir kimsənə mürəbbilik edib talib gətirməli olsa, gərəkdir kim, həlqeyi-söhbətdə hazır olan həqq əhli qardaşlar ona nəzər edib görələr zahir və batin ol kimsənələrdə mürəbbilik nişanı varmıdır, yoxsa degildir?
Pəs indi bir kimsənə mürəbbi olmayıb talib gətirə mürəbbilik ey-ləsə, təriqət içində ərkan degildir. Zira bir kişi yol bulmayınca, qilavuz olmanın nə mə’nası var? Həman bihudə əmək çəkər. Əgər ol kişi mürəbbilik etmək murad dilərsə, gərəkdir kim, üç şərti, dörd nişanı ola.
Ol sərnişanlar hər kimdə bulunmasza, layiqi-şah və məqbuli-dərgah degildir.
Ol nişanlar bir kimdə bulunarsa, mürəbbilik etməyə layiq olur. Şöylə mə’lum ola.
1. Əvvəl şərt: İndi mürəbbiliyin əvvəl şərti budur kim, mürəbbi köprü kimi ola. Zira daha ol köprünün yanında qorxuluq gibidir, ol talibi köprüdən düşməyə qoymaz.
2. İkinci şərt: İkinci şərt oldur kim, kişi qəlbi vase’ ola. Heç darılmaya, qağıyıb kimsəyə kişi surət göstərməyə, gülər üzlü, şirin sözlü, nəfsi həlim və qəlbi səlim ola.
3. Üçüncü şərt: Üçüncü şərt oldur kim, mürəbbi olan kişi heç bir nəsnədən ikrah etməyə, kəm nəzər ilə baxmaya, kimsənin xatir /və/ könlün yıxmaya. Cümlə yaradılmış məxluqata bir göz ilə baxa, qadir olduğu qədər hər kişinin könlünə görə.

6-9. MÜRƏBBİLİK NİŞANLARI

1. Birinci nişan: /Birinci nişan/ oldur kim, bu aləmdə hər nə ki varsa, bula, kəndündə hər nə ki, müşkül var, həqq qatında hasil ola.
2. İkinci nişan: Və daha mürəbbiliyin ikinci nişanı oldur kim, zəbanı arı ola, kimsəyə azarlıq yetirməyə, kimsə ondan rəncidə olmaya və kəndisindən xilaf söz gəlməyə
3. Üçüncü nişan: Mürəbbiliyin üçüncü nişanı oldur kim, səttar ola, kimsənin eyibinə baxmaya. Göz ilə gördügün ətək ilə örtə və kimsənin eyibini üzünə urmaya.
4. Dördüncü nişan: Və daha mürəbbiliyin dördüncü nişanı oldur kim, mürəbbi olan kimsə gərəkdir dünyaya meyli-məhəbbət etməyə, həqq yoluna varını sərf edə, baş və candan keçmiş ola, fəna şərbətini içmiş ola.


6-10. ŞEYX SƏFİ HƏZRƏTLƏRİN BUYURDUĞU

Şu nişanlar kim, dedim, hər kimdə bulunursa, əhli-haldır. Mürəbbilik qapısını bu yeddi dürlü /şərtlər və/ nişanları daşıyan kişilərdən hər kim təriqə görə hərəkət edərsə və bu təriqət üzrə irərsə, mürəbbilik onun həqqidir.
Daha bir qardaş kim, dərgaha gəlmiş olmaya, xəlifə oğlu olmaya və sikkəxanadan gəlmiş olmaya, talib toplayıb mürəbbilik edəcək olursa, üzü qara olar. Və həm də ərkan degildir, yol qardaşlarımıza şöylə mə’lum.


6-11 ŞAH XƏTAİNİN BU MƏQAMDA ŞE’Rİ

Əli İsmayılam gəldim, seyran eylədim,
Zülfüqar durmaz qınında, gündə yüz min qan eylədim,
Görürəm divan düzəni, qıraram yoldan azanı,
Yeni başdan bu düzəni bir qədim ərkan eylədim,
Minərəm Düldülü, atı, kimsə bilməz bu sifatı,
Vilayəti, kəraməti təriqətdə kan eylədim.
Şahi-adiləm burada, yoxdur sanı qapımızda,
Səfillərin hamısını canıma canan eylədim.

«YOL ƏHLİNƏ QİLAVUZ»
(«YOL, YAXUD TƏRİQƏT ƏHLİNƏ RƏHBƏR, BƏLƏDÇİ»)
risaləsinə şərhlər və çətin anlaşılan sözlərin lüğəti

1. «Və iz qalə Rəbbikə lil-məla-ikəti inni ca’-ilun fil-ərzi xəli-fə-tun». «Qur’anın «Bəqərə» sürəsinin 39-cü ayəsindən. Tərcüməsi: Sə-nin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə /canişin/ yara-dacağam», - dedikdə….
2. Adəm – dünyada ilk yaradılmış insan və ilk peyğəmbər, bə-şəriyyətin atası.
3. Xatəm – peyğəmbərlərin sonuncusu, möhürü, Həzrət Mə-həm-mədə /s/ verilən adlardan biri.
4. Davud – Qur’anda adı bir neçə dəfə çəkilən peyğəmbərlərdən biri. Süleyman peyğəmbərin atası. Miladdan 1071-il əvvəl Bey-tül-ləhmdə anadan olmuş, Allah-təala tərəfindən ona beş bölüm və 130 hissədən ibarət olan «Zəbur» göndərilmişdir. «Zəbur»u gözəl və məlahətli səslə oxuyar, heyvanlar və quşlar da heyran qalıb onu dinləyərlərmiş. Onun mö’cüzələrindən biri bu imiş ki, dəmir əlində mum kimi yumuşalarmış və o, dəmir məftildən paltar toxuyarmış. Gündə bir zireh toxuyub satar və bununla da dolanarmış. Peyğəmbər olmaqla yanaşı, həm də hökmdar olmuşdur.
5. Süleyman – Qur’anda adı çəkilən peyğəmbərlərdən biri, Davud pey-ğəmbərin oğlu. Qədim yəhudilərin peyğəmbəri sayılan Süleyman peyğəmbər eyni zamanda yəhudilərin hökmdarı da olmuş, heyvanların, quşların, balıqların dilini bildiyi üçün, rəvayətə görə, onlara da hök-mranlıq etmişdir. Rəvayətə görə, külək Süleyman peyğəmbərin ixti-ya-rında olduğundan, səyahət edərkən taxtını və ordusunu yelə bağlayıb gedərmiş. Onun sehrli üzüyü /möhürü/ varmış ki, o, bu üzüyünün vasitəsilə bütün aləmə hökm edərmiş. Səba şəhərində hökmdarlıq edən Bilqeyisin aşiqi imiş və sonralar onunla evlənmişdir. Qur’anda onun adı 17 dəfə çəkilir.
6. Xızr – Qur’anın 18-ci surəsində /Əl-Kəhf surəsi/ adı bir neçə də-fə çəkilən peyğəmbər. Həzrət Musa peyğəmbər ondan elm öyrənmişdir. /Ətraflı bax: Qur’an, «Əl-Kəhf» surəsi, 60-82-ci ayələr/.
7. Yusif – Quranda adı çəkilən peyğəmbərlərdən biri. Quranın 12-ci, 111 ayədən ibarət olan «Yusif» sürəsi bütünlükdə Yusif, atası Yə’qub, Yusifin qardaşları və onun başına gələnlər barədədir. /Ətraflı bax: Qur’an, «Yusif» surəsi/. Şərq ədəbiyyatında Yusif gözəllik rəmzi kimi işlənir və onun taleyi, xüsusilə qardaşlarının onu quyuya atması və Züleyxa ilə bağlı macərası haqqında çoxlu əsərlər yazılmışdır.
8. İskəndər Zülqərneyn – b.e.ə. 356-323-cü illərdə yaşamış Make-do-niya hökmdarı, dünyanın ən görkəmli sərkərdə və padşahlarından biri. Qur’anın «Əl-Kəhf» surəsinin 83-98-ci ayələrində onun haqqında danışılır /Ətraflı bax: Qu’ran, «Əl-Kəhf» surəsi, 83-98-ci ayələr/.
9. Məhəmməd əl-Mustafa – sonuncu peyğəmbər, müqəddəs İslam dinin yaradıcısı. Atasının adı Abdullah, anasının adı Aminə xatundur. Həzrət Məhəmməd /s/ 569-cü il rəbiülləvəl ayının 17-də Məkkə şəhərində anadan olmuş, 632-ci ildə, səfər ayının 28-də, 63 yaşında Mədinə şəhərində dünyasını dəyişmişdir.
10. Əli ibn Əbu Talib – Həzrət Məhəmmədin əmisi oğlu və kürəkəni-həzrət Fatimənin əri. Həzrət Əli /ə/ həm ata, həm ana tərəfdən Haşimidir. Atasının adı Əbu Talib, anasının adı Fatimə olan Əli 599-cü il rəcəb ayının 13-də Məkkədə, Kə’bənin divarları arasında anadan olmuşdur. Əli «Raşidi xəlifələrin» dördüncüsü və axırıncısıdır. Müqəddəs on iki imamın birincisi olan Əli üçüncü xəlifə Osman ibn Əffanın ölümündən sonra hakimiyyətə gəlmiş və 4 il 9 ay xəlifəlik etmişdir. 663-cü il ramazan ayının 17-də Kufə məscidində sübh namazı qılarkən səcdədə Əbdürrəhman Mülcəm oğlu tərəfindən zəhərli qılıncla yaralanmış və həmin ayın 21-də bu yaradan vəfat emişdir.
11. On bir övlad – həzrət Əlidən sonrakı on bir imam /İmam Həsən /625-670/, İmam Hüseyn /626-680/, İmam Zeynəlabidin /659-714/, İmam Məhəmməd Baqir /677-733/, İmam Cəfəri-Sadiq /702-766/, İmam Museyi-Kazım /745-800/, İmam Rza /770-819/, İmam Mə-həmməd Təqi /811-835/, İmam Əliyənnəqi /829-868/, İmam Həsən Əskəri /845-874/, İmam Qaimi-əleyhissəlam /869-/ nəzərdə tutulur.
12. Ali-Əba – Məhəmməd peyğəmbər, həzrət Əli, Fatimə, İmam Həsən və İmam Hüseyn.

LÜĞƏT

Qilavuz – yol göstərən, mürşid; rəhbər, bələdçi
Zəmimə – əlavə olunmuş, artırılmış, üstünə qoyulmuş hissə
Təriq – yol, məslək
İrsin – çatsın, yetişsin
Mürsəl – Allah tərəfindən göndərilmiş, yollanmış
Həpsini – hamısını
Müsəxxər – alınmış, zəbt olunmuş
Həbibim və rəsulum – dostum və elçim
Səhabə – tərəfdar, dost, yoldaş
Vasil – qovuşan, çatan
Qaimməqam – yerinə keçən, yerini tutan, canişin
Vəsi – vəsiyyətini yerinə yetirən, canişin, yardımçı
Nəsb – bir vəzifəyə qoyma, tə’yin etmə
Saleh – səlahiyyəti olan, dinin əmrlərinə uyğun hərəkət edən
Fariğül-bal – asudə, sakit ürək
Gülbang – nəğmə, cəhcəh; fəryad, haray
İyicə – yaxşıca
Təvəccöh – bir şeyə tərəf dönmə, hüsn-rəğbət, diqqət
Kənduya – özünə
Təvazö – özünü sadə tutma, sadəlik
İradət – istək, arzu, əzm, ixtiyar
İsar – bəxşiş, bağışlama; fədakarlıq
Təvəlla – dostluğu qazanmaq üçün edilən təşəbbüs
Təbərra – uzaqlaşma, çəkilmə, uzaq durma
Mə’mur – abad
Ruzü şəb – gündüz və gecə
Məqami-müntəha – axır, son məqam
Riayət – gözləmə, qayda-qanuna əməl etmə; sayma, sayğı
Mürüvvət – mərdlik, insana yaraşan sifət, mərhəmət
Qəhr etməyə – tabe etməyə
Mən’ – qadağan etmə, qabağını saxlama
Müdara – dözmək
Hacət – ehtiyac, lazım olan şey
Sahibi-əsrar – sirr sahibi
Ədu – düşmən
Vase’ – geniş, enli
Zəban – dil
Səttar – örtən, gizləyən
Sikkəxana – burada övliya və mürşidlərin olduqları yer
Miskinət – miskinlik, yazıqlıq; bacarıqsızlıq, acizlik
Tə’əllüqat – bağlılıq, əlaqələr
Fariq – asudə, azad