<<< geri

 

 

ŞEYX SƏFİNİN TÜRKÇƏ ŞE’RLƏRİ

 

 

2-1. ŞEYX SƏFİNİN TÜRKÇƏ ŞE’RLƏRİNİN ÖZƏLLİKLƏRİ

 

Bir çox qaynaqlarda Sultan Şeyx Səfiəddin Ərdəbilinin mükəmməl «Divan»ından xəbər verilir. O, öz «Divan»ında «Səfi» təxəllüs edirmiş. Lakin əlimizdə olan türkçə və farsça əlyazmalar arasında bir çox «Səfi» təxəllüslü «Divan»larla və şe’r məcmuələrinə rast gəlirik. Sultan Şeyx Səfi Ərdəbiliyə bir hörmət əlaməti olaraq, bir çox şairlər «Səfi» sözünü öz təxəllüsü kimi seçmişlər. O cümlədən Səfi Qaraxan oğlu Səfiqulu bəyi ad aparmaq olar.
Səfiqulu özünü Şeyx Səfinin qulu hesab edirmiş. O, ikinci Şah Abbas zamanında yaşayırmış. «Təzkireyi-Nəsrabadi» onun haqqında yazır ki: «Səfiqulu bəg dər fənne-sipahigəri və əksəre-kəmalat əz əqran dər piş bud… Təb’əş kəmale-lotf dər tərtibe nəzm darəd» /Tərcüməsi: Səfiqulu bəy hərb sənətində və əksər işlərdə öz yaxınlarından seçilirdi… Şe’r yazmaqda çox incə təbə malik idi/.
Səfiqulu bəyin türkçə və farsça «Divan»ları vardır. Onun Şah Abbas mədhində yazdığı «Raiyyə» qəsidəsi də mə’rufdur. Bu qəsidənin mətlə’i belədir:

Müjdə ey meyxarələr kim getdi dey, gəldi bəhar,
Qönçə gəldi gülsitan icrə yenə biixtiyar…

Başqa Səfilər də vardır. O cümlədən: Səfi İsfahani, Səfi Çərkəsi, Səfi Bəsəni, Səfi Razi, Səfi Yəzdi, Səfi Səfəvi, Səfi Qəndəhari, Səfi Rəşti, Səfi Səbzəvari, Səfi Nişaburi və s..
Bunların çoxu da Səfəviyyə dövründə yaşamışlar. Odur ki, Sultan Şeyx Səfiəddin Ərdəbilinin «Divan»ı və şe’rləri bu Səfilərin şe’rləri ilə qarışmış bir hala gəlmişdir.
Dünya kitabxanaları və xüsusilə İran kitabxanalarında saxlanılan əlyazmalar arasında bir neçə «Səfi» təxəllüslü şairlərin «Divan»ları və şe’rləri saxlanılır.
Hal-hazırda türkoloji bölümlərinin mütəxəssisləri, türk dili və ədəbiyyatı mühəqqiqlərinin boynunda olan mühüm vəzifələrdən birisi də bu «Divan»ları araşdırıb təhqiq etmək və Sultan Şeyx Səfiəddin Ərdəbillinin mükəmməl «Divan»ını tərtib etməkdir. Həmin hərəkətə kömək etmək üçün əlimizdə olan «Divan»ların əlyazmaları arasından Sultan Şeyx Səfiəddin Ərdəbiliyə mənsub olmasını zənn etdiyimiz iki qiymətli əlyazmanı müərrəfi edirik.
Birincisi Tehranda «Məlik» kitabxanasında saxlanılan 4586 nömrəli bir məcmuədə dörd əsər yer almışdır: 1/ Mürtəzaqulu Şamlu «Divan»”ı; 2/ Səfi «Divan»”ı; 3/ Mirzə Rəzi Artimani «Divan»ı; 4/ Fəttahi Nişa-burinin elm haqqında risaləsi.
132 vərəqdən ibarət bu məcmuə 12-ci əsrin (hicri-İ.Q) birinci yarısında gözəl nəstəliq-şikəstə xəttilə yazılmışdır. Kağızı tirmə növlü və hər səhifə 15 sətirdən ibarətdir. Məcmuədə gedən Səfi «Divan»ı 19 vərəq – 28 səhifədir. Bu nüsxədə 5 türkçə qəzəl və qit’ə yer alır.
İkinci əlyazma Tehran danişgahının mərkəzi kitabxanasında 2460-cı nömrə altında hifz olunur. Nüsxə hicri 11-ci əsrdə nəstəliq xətti və çəlipa formasında yazılmışdır. Əlyazma tamamilə Səfinin şe’rlərini əhatə edir, amma təəssüf ki, əvvəl və axırından səhifələr düşmüşdür. Bu əlyazma 16 səhifə /8 vərəq/ və 22x12 əndazəsindədir. Burada Səfininin 11 türkçə qəzəl, qit’ə və rübaisi verilmişdir.
Hələlik vəsf etdiyimiz bu iki əlyazma nüsxəsindən yararlanaraq Sultan Şeyx Səfi Ərdəbiliyə mənsub şe’rləri tədqiq və nəql edirik. Mətnlərin fərqlərini ətək yazılarında verəcəyik. Sözlərin imlasını tamamilə dəyişib müasirləşdirmişik.
«Bən» və «kibi» tək sözləri də dəyişib «mən» və «kimi» şəklində yazdıq. Oxuya bilmədiyimiz sözlərin yerinə üç nöqtə qoyduq və artdırdığımız sözləri iki dırnaq / / içinə aldıq.
Ümidvaram ki, bu kiçik addım Sultan Şeyx Səfi Ərdəbilinin mükəmməl «Divan»ını tapıb tədqiq etmə üçün bir başlanğıc hesab olunacaqdır.
Şeyx Səfinin türkçə şe’rlərinin şivəsi Qazi Bürhanəddin şivəsinə bənzəyir, həm də dilimizdə olan ən gözəl və axıcı sözlər və istilahlar ilə doludur. Şe’rlərdə «ağacların sarmaşması», «göyərçin yollamaq», «qucuşmaq», «od tullamaq» və «qan qaynamaq» kimi gözəl türkçə tərkiblər işlənmişdir.
Şe’rlərdə hələ ədəbiyyat tariximizə Xacə Əhməd Yəsəvi zamanından girmiş bə’zi irfani anlamlı sözlər də gözə dəyir. Habelə atalar sözlərindən işlənilmiş neçə misralar Şeyx Səfinin öz ana dilinə olan tükənməz rəğbətini göstərir.
Aşağıdakı misralara nəzər salalım:

Dəniz murdar olmaz it su içməgindən.
Ağır qaralı karvan sövti-cərəs neylər.
İşıqsız sərvə oxşarlar vəfasız sərvqamətlər.

Bu misralar sübut edir ki, Şeyx Səfiəddin Ərdəbili dilimizin tükənməz folklor xəzinəsindən qidalanan həcmli bir «Divan» yaratmış olmalıdır.
Şe’rlərin dili o qədər sağlam, axıcı və danışıq dilinə yaxındır ki, bu gün çağdaş şe’rimizdə dil teorisinin hədəflərindən sayılan kütlə danışığına yaxınlıq məquləsində hesab oluna bilər.
Şeyx Səfi, əlbəttə ki, ariflər başçısı və irfan ulusudur. Onun dilindən bəyan olunan nəsr parçaları, tamamilə arifanə istilahlar, lüğətlər, beytlər və sözlər ilə doludur. Və lakin bizə miras qoyub getdiyi türkçə şe’rlərdə işlətdiyi bəzi irfani istilahların kökü də elin danışıq dilindən alınmışdır.
Misal üçün «Mə’ni çağıran ər» tərkibini nəzərə alalım və ya «eşq zənciri», «həqq yadı» və bu kimi tərkiblər türkçəmizin tam dil bilim qaydalarına uyğun düzəlinmişdir.
Biz burada söylədiyimiz kimi, türkçə sözlərin imlasını çağdaş-laş-dırdıq və ətək yazıda bə’zi sözlərin əski formasını də verdik. Habelə mətn fərqləri və variantları da zikr etməyi faydalı saydıq və bə’zi lüğətləri mə’na etdik. Şeyx Səfiəddin Ərdəbilinin türkçə «Divan»ının tam mətnini bərpa etmə hər zaman ürəyimizdə bir arzu kimi qalır.


GƏLTUR
Qılınc baği dutubdur gözlərim, saqi, kədu gəltur,
Vurubdur təpəməcən xüm qanından bir səbu gəltur.
…. Lalə dodaqlar sinəmdə açılmış,
Gözüm qanını olmaz bağlamaq camı dolu gəltur.

AĞLARLAR

Ağaclar sarmaşıb qəddindən ayrı zar ağlarlar,
Sızıldarlar pərirulər kimi təkrar ağlarlar.

SEVİŞMƏKLƏR

Göyərçin yolladım, yazdım sənə səndən şikayətlər,
Qolunda ol qanadlardır başı bağlı kitabətlər.
Unudma aşiqi, namehriban olma, mənim canım,
İşıqsız sərvə oxşarlar vəfasız sərvqamətlər.
Səni tanrı, necə səndən şikayət etməyim axır,
Hanı ol nazlı baxmaqlar, hanı gizlin işarətlər.
Hanı zalim, hanı gözüm, hanı kafir, hanı canım?
Sevişməklər, barışmaqlar, təpişməklər, qucuşmaqlar!

NEYLƏR

Olan həqq yadı birlə qayğısız divanə, kəs neylər,
Qılınc əlində mə’ni çağıran ər, dadrəs neylər.
Sınıq könlüm nəva dutmazsa, əskim fövcü kəsilməz,
Böylə ağır qaralı karvan sövti-cərəs neylər.
Çəkən köksün şikafından mənim bidərd könlümni,
Bu qanlı bəhr qarşısında zəngi var, səs neylər.
Dəniz mudrar olmaz it su içmağından, ey arif,
Həqiqət anlıyan arı könüllərdə həvəs neylər.

CANAN OLUR

Can qılanda cism tərkin məhrəmi-canan olur,
Quş yuvasından azanda həmdəmi – şeytan olur.

AŞİYAN EYLƏR

Həbibim nazdan Leylini ancaq pasiban eylər,
Mənim könlüm quşu Məcnun başında aşiyan eylər.

BENGALƏLƏNMİŞ

Tutur könlümdən atəş lalələnmiş,
Başımdan dud qalxar halələnmiş,
Keyik kimi çürümüş kükrən naz,
Baxış durna kimi donbalələnmiş.
Tökülmüş zülfi yağı tək qucağə,
İçib hinduləri bengalələnmiş.

QAÇIN

Eşq zəncirimi uzdü, yol açın,
Uy uşaqlar! Ululu gəldi, qaçın!

XAR OLSUN

Məni xar eyliyən gözlərdə, ya rəb, xarü zar olsun,
Deməm kim məndən artıq, mən kimi gözlərdə xar olsun.

MÖVZUN-MÖVZUN

Qoydu üz könlümə qəm ləşkəri hamun-hamun,
Qara baydağlı ələmlər ucu gülgun-gülgun,
Çağırırdım qatı avaz ilə: - Leyli, Leyli!
Dağ səs verdi cavabında ki: - Məcnun, Məcnun.
Gözlərimdən yana od tutladı duzəx-duzəx,
Cigərimdən yana qan qaynadı Ceyhun-Ceyhun,
Bu nə viranə könüldür, Səfi, ey vay, ey vay!
Sərvlər var idi bu bağidə mövzun-mövzun.

YATIŞ

Bu nə cilvədir, nə qamət, nə rəviş yerişdürür bu,
Nə rəviş yerişdürür bu, nə gözəl rəvişdürür bu?
Bu nə nazlı sürmədir hay, bu nə qanlı qəmzədir vay,
Bu nə gözdürür, nə kiprik, nə qıya baxışdürür bu?
Ağızını öpmək olmaz, dodağını əmmək olmaz,
Ürəyimi qan elərsən, nə bəla gülüşdürür bu?
Mənə gər yanaşa ol gül, sümüyüm küyüb olar kül,
Ki tutuşmuş oddurur o, qurumuş qamışdürür bu?
Bu nə hüsndür, nə afət, bu nə şürü nə qiyamət,
Bu nə eşqdir, nə möhnət, nə xətərli işdürür bu?
Ağarıb başımda tüklər, qapısında oldum əbtər,
Demədi o nazlı dilbər ki bizim gümüşdürür bu?
Səfinin sözün inanma, sən onun oduna yanma,
Özünü oyaq sanma, ki yaman yatışdürür bu?

QANLI PİYALƏ

Göy güldü, bulud ağladı, ey şanlı piyalə,
Saldı məni mey şövqünə bu qanlı piyalə.
Ol dəm ki dilim dutmaya, saqi, kərəm eylə,
Allahı sevərsən, mənə bir canlı piyalə.

VALLAHİ, BİLLAHİ

Demin kim dərdimi bilməz, bilir vallahi, billahi,
Desə bilməm, inanmayın, aldadır vallahi, billahi.
Dedin hərgiz mənim könlüm səninlə mehriban olmaz,
Demə zalim, demə kafir, olur vallahi, billahi.
Qıya baxgəc, təbəssüm nazik etgəc iltifat eylə,
Məni axır bu zalim öldürür vallahi, billahi.
Deyin Məcnun gəlibdir şəhrə, evdən çıx tamaşa qıl,
Uşaqdır nazəninim, aldanır vallahi, billahi.
Səfini qoyma yalqız, getmə, getmə, getmə, gəl, gəl, gəl,
Yazıqdır, başına dönüm, ölür vallahi, billahi.

AYAQ ÇƏKMƏK

Dust kuyundan ayaq çəkmək mənə çox ar idi,
İtləri birlə süründüm ta sümügüm var idi.
Var idi bir gün ki, bəd xubanımla var idi,
Gülsə idim mən gülərdi, ağlasam ağlar idi,
İçdiyim qan, yediyim qəm, rahətim azar idi.

QƏRİBƏM

Üz gizləmə gün tək qara çadır yiyəsi hay,
Axşam araya girdi, qəribəm, neyləyim vay.

ŞƏHLA KİMİ

Yar dodağın əmər qarşıda həlva kimi,
Baxa-baxa ağlaram nərgisi şəhla kimi.

ŞÖ’LƏ

Günəş bir şö’lədir əbləq başımdan,
Fələk bir lalədir qanlı yaşımdan,
Bu dərya göz ki, lölödən gül açır,
Buludludur havalanmış yaşımdan.


LÜĞƏT
Kədu – qabaq, balqabaq
Səbu – bardaq, kuzə
Xüm – küp
Zar – nalə ilə; çarəsiz
Pəriru – pəri sifətli, pəri üzlü; gözəl
Kitabət – yazılar; burada məktublar mə’nasında
Birlə – birlikdə, bir yerdə
Dadrəs – dada çatan, fəryada yetişən
Fövc – dəstə, camaat
Sövti-cərəs – zınqrov səsi
Şikaf – çat, yarıq; yaran, parçalayan
Arı – təmiz, saf
Aşiyan – yuva, sığınacaq, məskan
Pasiban – gözətçi; kömək edən
Tutur – burada od tutmaq, alışmaq mə’nasında
Dud – tüstü
Ululu – al arvadı, hululu
Hamun – çöl, səhra
Baydaq – bayraq
Gülgun – qızıl gül rəngi; al, qırmızı
Qatı – bərk, möhkəm
Duzəx – cəhənnəm
Mövzun – yaraşıqlı; sərxoş, məst
Şur – qalmaqal, eşq, sevgi
Əbtər – burada quyruğu kəsik heyvan, it mə’nasında
Demin – deməyin, söyləmiyin
Xuban – gözəl
Kuy – burada küçə, məhəllə, yer mə’nasında
Əbləq – ala-bula, alaca
Lölö – inci, durr