<<< geri

 

 

 

ÖN SÖZ

 

800 ildir ki, Nizami öyrənilir. Nizamini bütün dünya öyrənir: ingilislər, fransızlar, almanlar, türklər, ruslar, farslar və b. öyrənir. Nizamini biz də öyrənirik. Lakin Nizamini öyrənib qurtarmaq olmur. Bu mümkün olan iş də deyil. Çünki Nizami Gəncəvi yaradıcılığı okeandır. İndiyədək öyrənilənlər, Nizami barədə deyilən fikirlər "dəryadan götürülmüş bir damlaya bənzər"-desək, burada, bəlkə də bir qədər yanlışlıq olar, amma səhv olmaz.
Klassik irs müqəddəsdir, bu irs xalqın əvəzsiz sərvəti, qüdrətli mənəvi dayağıdır. Bu irs, xüsusilə boy atmaqda olan nəslin, ictimai həyata yeni qədəm basan gəncliyin mənəvi qidasıdır, dərin bilik, bədii və estetik zövq mənbəyidir.
Bu müqəddəs irsi diqqətlə öyrənib, tədqiq edib, onun əsl mahiyyətini xalqımıza, geniş oxucu kütləsinə və dünyaya çatdırmalıyıq. Bu məsələdə, söz yox, əsas iş, məsuliyyət nizamişünaslığın üzərinə düşür. Nizamişünaslığa nəzər saldıqda isə görünür ki, Nizamiyə obyektiv və tarixi baxımdan yox, dövrün, zamanın, ictimai-siyasi mühitin “tələbinə” uyğun olaraq yanaşılıb, müəyyən mənada Nizami yaradıcılığı təhrif olunub, elmi səviyyədə öyrənilməyib. Buna münasibət bildirmək zəruridir, alim-vətəndaşlıq borcudur. İndiyədək "Nizamişünaslıq"da çox mətləblər açılmamış qalıb və ya qəsdən gizlədilib. Burada tezislər şəklində irəli sürülən həqiqətlər açılmalı, Nizami öz həqiqi qiymətini almalıdır. Bu kitab həmin zərurətin nəticəsi olaraq yazılıb.
"Nizami və tariximiz" tədqiqata ehtiyacı olan geniş mövzudur; burada problemin ancaq bəzi mühüm sahələri üzərində dayanılır, söz qısa şəkildə deyilir. Bununla belə, oxucu bəzən ayrı-ayrı bölmələrdə, xüsusilə “son söz...”də eyni mühüm faktların təkrarını da görəcəkdir. Müəllif bunu qəsdən etmişdir. Oxucu bunu qüsur, nöqsan saymasın.
Əminəm ki, ayıq oxucu Nizami yaradıcılığına olan yeni münasibəti duyacaq, həqiqətin ölməzliyinə inanacaqdır.
Atalar deyiblər: "Həqiqət incələr, amma üzülməz". Nizamidə "incəldilmiş" həqiqətlər öz yerini tapmalıdır.