<<< geri

 

 

 

8. Nizaminin ailə-məhəbbət fəlsəfəsi

 

 

Məhəbbət-insan mənəviyyatı kimi zəngin, tükənməz və mürəkkəb bir aləmin tərkib hissəsidir. Bunun sirlərinə vaqif olmaq, onu hərtərəfli öyrənmək, nəzəri və təcrübi cəhətdən əsaslandırmaq həmişə qarşıda vacib bir məsələ kimi dayanmış və dayanmaqdadır.
Biz burada məhəbbət və ailə haqqında müxtəlif nəzəri baxışları araşdırmaq fikrində deyilik. Bizə Nizaminin məhəbbət, ailə və etik fikirlərinin bəzi mühüm cəhətlərini, fəlsəfi mahiyyətini izləmək lazımdır.
Nizami və Füzuli poeziyada məhəbbət və bundan irəli gələn münasibətləri elə təsvir və tərənnüm etmişlər ki, burada sanki bəşər mənəviyyatının sirrləri kəşf edilir.
Nizaminin bütün əsərlərində məhəbbət-ailə münasibətlərinə toxunulmuşdur. Lakin "Xosrov və Şirin", "Leyli və Məcnun" poemaları bilavasitə bu mövzuya həsr olunmuşdur. Hələ "Xosrov və Şirin" əsərinin əvvəlində deyilir ki:

"Eşqdir mehrabi uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?..
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı…
Əgər olmasaydı eşqin danəsi,
Gəlməzdi dünyadan dirilik səsi" [14,s.28-29]


Burada məhəbbətin dərin bədii-fəlsəfi mahiyyətindən, deməli, bəşəri məzmunundan danışılır. Poemanın ideya və məzmunu da əsərin həmin fikirlərini təsdiq edir. əsərdə əxlaq, məhəbbət və ailə həyatına aid elə əhvalatlardan danışılır ki, bu keyfiyyətlər insan həyatının çox mühüm cəhətləridir, onlar insan və onun ailəvi həyatında bu və ya başqa şəkildə təkrar olunur.
Fikrimizi əsaslandırmaq üçün əsərə müraciət edək.
Xosrov və Şirin bir-birlərini sevirlər. Elə sevirlər ki, bu eşqdən məhrum olsalar onlar yaşaya bilməzlər. Onların hər ikisi şahzadədir. Həyat üçün lazım olan imkanlar onların əlində vardır. Lakin eşqsiz bütün bu həyat vasitələri onların nəzərində öz əhəmiyyətini itirir. Buna görədir ki, işin lap başlanğıcında hər şeyin daşını atıb eşqin ardınca qoşur, bir-birini axtarmağa başlayırlar. Eşqin tükəndiyi və ya əldən çıxdığı anda onlar üçün həyat tamama yetir. Həm Xosrov, həm də Şirin üçün hər şeyin başlanğıcı da, həm davamı da, xatiməsi də eşqdir. Bir sözlə, poemada eşq bəşər həyatının şah damarı kimi təqdim edilir.
Xosrovla Şirin arasında məhəbbət çox şairanə bir şəkildə və şairanə bir şəraitdə baş verir. Lakin poemada bu eşqin tarixi, onun keçib gəldiyi yol ibrətlidir, o, bədii və fəlsəfi surətdə təsvir olunmuşdur.
Deyirlər eşq macərasız olmaz. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Bu macəra eşqin tam uğursuzluğu ilə də nəticələnə bilər. Lakin macəralı, ziddiyyətli yollar keçib gələn bir eşq öz uğurlu mövqeyinə çatana qədər şəxsiyyəti təkmilləşdirir. Bu təkcə əxlaqın saflaşması yox, həm də iradənin bərkiməsi, həyat təcrübəsinin zənginləşməsi deməkdir.
Uğursuz bir məhəbbət də şəxsiyyətə öz təsirini göstərir. Burada ibrətli şeylər daha çoxdur. Lakin həyat təkcə ibrət götürmək deyildir. Ömür yaşamaq və kam almaq da tələb edir. Ona görə də əxlaq, məhəbbət və ailə nöqteyi-nəzərindən uğurlu bir eşqin keçdiyi həyat yolu diqqəti bu cəhətdən daha çox cəlb edir.
Xosrov və Şirin arasında mövcud olan məhəbbət də macəranın başlanması üçün obyektiv amillər, xüsusən riyasət mülahizələrinin törətdiyi çətinliklər var idi. Lakin onların hələ yetişməmiş şəxsiyyətlərinin, xarakterlərinin buraxdığı səhv nəticəsində əmələ gələn ziddiyyətlər, uğursuzluqlar daha inadcıl idi. Bunlar isə əxlaq nöqteyi-nəzərindən daha mühümdür. Xosrov Şirini sevirdi. Lakin onların sərbəst hərəkətləri zamanı eşqlə yanaşı Xosrov Şirindən vaxtından əvvəl sui-istifadə etməyə çalışırdı. Bu işdə o, nəzarətsiz görüşlərdən, kef məclislərindən, şərabdan, tora salmaq tədbirlərindən istifadə etməkdən çəkinmirdi. Düzgür, o, hər zaman da belə uyğunsuz, ehtiyatsız niyyətlərlə yaşamırdı. Onun Şirinlə ailə qurmaq məqsədi də vardı. Lakin eşqin törətdiyi ehtiras və münasibətlərin inkişafı onda şəhvəti çoşdururdu.
Əgər Şirin təmkinli olmasa, Xosrov ehtiraslarını söndürmək üçün imkan əldə etsə idi, onda əvvəlcədən qətiyyən müəyyənləşdirmək mümkün deyildi ki, vurğun şahın xeyirxah arzuları necə bir səmt alacaqdı. Şirin özü də gəncliyə məxsus bu qəbildən olan müəyyən bir ziddiyyətli yol keçir. Şair onun kef məclisindəki bəzi meyl və münasibətlərini aşağıdakı şəkildə təsvir edir:

"Sərxoş olmayanda, hər işi nazdı,
Sümürğü ləbinə yaxın qoymazdı.
Sərxoş zamanında şahdan əl çəkmir,
Şah ilə olurdu öpüşdə əlbir.
Hər qucaqlayanda onu şah özü,
Lalətək yanırdı qızın ağ üzü.
Üzünü dişləyib əmməklə hər an,
Bənəfşə bitirdi gül yanağında.
Utandırıb onu o göy ləkələr,
Ki, ay da bu dərddən qaranlıq sevər.
İstər sərxoş olsun, istərsə ayıq,
Qoymazdı kirşanı əldən bir anlıq" [14, s.113].

Burada təsvir olunan münasibətlər bir-birini sevən iki gənc arasında gedir. Çünki, adətən qarşılıqlı məhəbbət əsasında baş verən hərəkətlər məqbuldur. Lakin şəxsiyyət tarixi və həyat, əxlaq, məhəbbət, ailə qanunları başqa söz deyir. O deyir ki, məhəbbətdən əlavə bu gənclər öz həyat yollarını qəti şəkildə müəyyən etmişlərmi? Məhəbbət əsasında baş verən hərəkətlərin sonunda tərəflərdən hər ikisi və ya heç olmazsa birisi bədbəxtliyə uğramayacaq ki?.. Məsələyə bu suallarla yanaşdıqda həmin vəziyyətə münasibət dəyişir. Çünki əks təqdirdə belə münasibətlərdən insan taleyini, əxlaqını, namusunu, şərəfini, izzəti-nəfsini və s. təhlükə altına alan bir imkan da yaranır. Nizami eşqin törətdiyi vəziyyəti tərənnümlə, sevə-sevə təsvir edir. lakin bakirə bir qızın tər üzündə "göy ləkələr" olması ayıq oxucunun qəlbini ağrıdır. Şair qeyd edir ki, bu cür ləkələrdən "ay da xəcalət çəkir". Şirin isə bunun üstünü kirşan vasitəsilə ört-basdır edir.
Xosrovla Şirin arasındakı bu münasibətlər, təmiz eşqin keçdiyi bir yoldur. Çünki sonradan onların eşqi və əxlaqı ideal səviyyəsinə yüksəlir. Zira bu ziddiyyətli yol vasitəsilə təbiətin ehtirasda fitrətən törətdiyi bəzi çirkinliklər saflaşaraq təmizlənir.
Sevgidə qəlblərin bir-birinə aşılanması, tam barışıq, münasibətlərin inkişafı nəticəsində məhəbbətlə bərabər şəhvət və bu qəbildən olan duyğular elə bir qüvvətlə baş qaldıra bilər ki, fərdin ali əqidəyə etiqadı azalıb, qadağan hərəkətlərə də yol verə bilər. Şirin isə bunu etmir. Daha tünd münasibətlərin təhlükəsi baş qaldırdıqda Şirinin iradəsi qalib gəlir; o, ehtiraslarını boğub onu şüurunun nəzarəti altına sala bilir. Ona görə də Xosrov burada daha öz şəhvani hisslərini həyata keçirmək üçün kələk gəlməyə, müəyyən tədbirlər görməyə başlayır:

"İstidən Xosrovun üzü tərlədi,
Sübhədək içməkdən onun məqsədi:
Bəlkə içə-içə Şirin məst ola,
O şəkər bu sayaq gələ bir yola
Düşmürdü əlinə arada fürsət,
Hədəfə rast gələ oxu nəhayət" [14, s.120].

Şirin gözəldir, sağlamdır. Ona görə də onun ehtiraslarındakı çoşğunluq, ruhundakı incə şəhvət, qəlbindəki sonsuz məhəbbət təəccüblü deyildir. Lakin Şirində mənəvi təmizlikdən irəli gələn mətanət də vardır. Məhz bu cəhətlə o ehtiraslar dəryasına baş vurub çıxsa da həmişə salamat qalır. Bu işdə ona Məhinbanunun verdiyi nəsihətlər də kömək edir. insan həyatının elə bir anı vardır ki, heç olmasa burada o müdrik bir adamın məsləhətinə, göstərişlərinə, istiqamətinə möhtacdır. Bu, işə xeyir verir. Məhinbanunun nəsihətlərinin əhəmiyyəti və onun hadisələrin inkişafına təsiri daha bəşəridir və bütün dövrləri əhatə edir. Bu, əsərin didaktik dəyərini daha da artırmış olur.
Banu Şirini dərin, humanist bir valideyn məhəbbəti ilə sevir, ona həddindən artıq qayğı göstərir. O, Şirinin sevgilisi Xosrovla sərbəst münasibətlərini gördükdə nəsihətlər verməyə və xəbərdarlıq etməyə lüzum bilir.
Biz Xosrovda nəfəsi itilik və ehtiyatsızlıq müşahidə edirik. Lakin Şirin əvvəlcə qayğı göstərir, işi yoluna qoymaq istəyir, Xosrov həddini aşmağa başlayanda isə ona bu cür töhmət edir:

"Abrımı tökəcək bir su istəmə…
Biz bir-birimizdən gərək utanaq.
Tanrı qabağında həyadan yanaq.
Bir qadını yıxmaq, bu mərdlik deyil,
Mərdlik göstərirsən, sən özün əyil" [14, s.128].


Göründüyü kimi, burada Şirin ehtirasın təsiri ilə Xosrovun vaxtsız təkliflərinə qarşı insan ləyaqətini, daha ali münasibətləri ona xatırladır. Bu hələ öz yerində. Şirinə görə, onlar bir-birlərini sevsələr də eşq və ailə tələblərinin irəli sürdüyü zəruri münasibətləri gec-tez icra etməli olsalar da, bütün bunlar onların arasındakı həya pərdəsini söküb dağıtmamalıdır. Şirin sevgilisi Xosrovun məhəbbətinə bel bağlamaq üçün birinci növbədə onda həya müşahidə etmək və pərdə saxlamaq istəyir. O, Xosrova çox ibrətli söz deyir: "bir qadını yıxmaq kişilik deyildir".
Qadınları kişilərə bağlayan təbii bir meyl vardır. İşin çətinliyi də burasındadır. Xosrov Şirinin ilahi nəsihətlərinə etina etmir. O, qadında müşahidə olunan bu cür meyillərə əsaslanaraq, "Şirinin döşünü sıxdı eləcə" [14, s.131]. Ona görə də Şirin daha artıq müqavimət göstərir.

"Söylədi: "Əl götür bu qızğınlıqdan,
Nə üçün qızırsan bir bu qədər sən.
Məni öz yanında rüsvay edirsən?..." [14, s.131].

Bu misralarda Şirinin əxlaqi saflığı, mətanət və ağlı özünü büruzə verir.
Namuslu bir kişi ailə qurmaq istədiyi qıza bu cür tələblərlə dil açmaz və normal halda ailə quranadək toxunmaz da. Əks təqdirdə bu özü ailədə zinakarlıq olub qeyri-əxlaqiliyin başlanğıcıdır. Bu cür rəftar və dilə basmaları aldatmaq məqsədilə etmək mümkündür. Əgər birisi öz şərəfinə sığdırırsa və əllərdə hərrac olan bir qadını aldadırsa, onun haqqında çox da baş sındırmağına dəyməz. Lakin bakirə bir qızı aldatmaq cəhdi insaniyyətlik və vicdan çərçivəsində deyildir. halbuki Xosrovun Şirinə münasibəti elədir ki, o, yaxşı tərəfə də, pis tərəfə də inkişaf edə bilər.
Qadınların kişilərə olan meyllərinə əsasən çox vaxt adamlar öz kişiliklərini sübut eləmək, işin həqiqətinə çatmaq cəhdi ilə qadından bir şey qoparmağa israr edirlər. Lakin bir dəqiqəliyə düşünək ki, qadın ömrü üçün əlverişsiz şərtlərlə özünün bir dəqiqəlik meylinə-ehtirasına təslim olur; bəs onda kişi məsuliyyəti, vicdan və ağıl!?
Bütün kişilərdə qadınlara qarşı bu cürə meyl vardır. Onların bir çoxu bu meylin əsiridir. Lakin əxlaqi kişilər də az deyil. Xoşuna gələn bir qadından istifadə etmək imkanı olduqda, onun qəlbində başqa bir duyğu baş qaldırır. Bu duyğu ilə kişi həmin qadına ömür yoldaşı kimi baxmağa başlayır; ona xəyanət etmək istəmir. Lakin görür ki, bundan ona arvad da olmaz. O, bu fürsətdən imtina edir və özünü başqa birisi ilə ailə həyatına saxlayır. Xosrov bu səviyyədə vicdanlı adam deyildir. O öz ehtiraslarının və başqasının taleyinin qeydinə ali insanlara layiq bir şəkildə qalmır. Lakin o, tamamilə yaxşı keyfiyyətlərdən də məhrum deyildir; yoxsa, Şirin kimi bir qadın Xosrova bəslədiyi eşqində bu qədər israr etməzdi. Ona görə də Şirinin aşağıdakı sözləri ona ciddi təsir göstərir:

"Mən durmuşam burda, şahlığı al sən,
Öz təxtini qaytar, əlindəyəm mən…
Belə avaralıq varkən arada,
Yaxşı olmaz yetsəm şahla murada.
Desəm ki, mən şahın sadiq yarıyam,
Sənin işlərinə gəək yarıyam.
Mülkünü sən gətir ələ yenidən,
Bəxtin kömək etsə, bax, hazıram mən.
Sən burda mənimlə keyf edə-edə,
Qorxuram şahlığın əlindən gedə.
Varsa xəyalında yenə şah olmaq.
Əfsus ki, tezliklə gərək ayrılaq.
Bu dövlət əzəldən siz nəsildədir
Çox ayıb olsun ki, başqa əldədir" [14, s.131-132].

Şirin burada uzun söhbətdən sonra əsil məqsədin üstünə gəlir. Bunun müqabilində Xosrovun hərəkətlərindəki şitlik özünü daha aydın büruzə verir. Şirin isə ehtirasın təsiri altına düşüb nəinki öz taleyini unutmur, hətta digər tərəfin - Xosrovun da vəziyyətini, bütün mürəkkəbliyi ona başa salır. Şirin eşq və ailə münasibətlərini təkcə kamiyablıq, ehtirasın təmin olunması və s. kimi yox, həyat məqsədinin yarı-yoldaşı kimi başa düşür. Əgər Xosrovun şahlığı əldən getmişsə, Şirin özü səltənət və ölkə varisidir. Lakin burada Xosrov eşqə və Şirinə qurşanıb vəzifəsi başında dayana bilməmiş, onu unutmuşdur. Bu isə kişinin bacarığı, qabiliyyəti, şərəfi, iradəsi, boynuna düşən vəzifəni yerinə yetirmək fərasəti ilə əlaqədardır. Əgər kişi bütün imkanlara malik olduğu şəraitdə vəzifəni unudursa, onda belə bir ləyaqət çatışmırsa, nə olur-olsun bu cür səhlənkar şəxslə ailə qurmaq çox təhlükəlidir. Məhz Şirin də Xosrova şahlığı ələ gətirmək lüzumunu başa salarkən eşq, ailə ilə yanaşı boynuna düşən vəzifəni xatırladır.
Bu təsirli töhmət Xosrovun yaralı yerinə toxunur, onu ayıldır. O, Şirinə bir şah, bir qəhrəman, özünə qayıtmış mərd bir kişi kimi aşağıdakı cavabı verir:

"Salamat qal - dedi, - mən gedər oldum,
Dənizdən, atəşdən yoxdur bir qorxum.
Allah bilir, oddan çəkinmərəm mən,
Tükcə islanmaram keçsəm dənizdən.
Zənn etmə yataram mən bundan sonra,
Bu gündən mən hara, yuxlamaq hara!
Dağları yerindən qopardacağam,
Döyüşdən qalmaram nə qədər sağam…
Sənin eşqin məni tacdan eylədi,
Eşq çox yerlərdə yüz qan eylədi.
Olmasaydı eşqin başımda, ay qız,
Bu sevdalı başım qalmazdı tacsız"… [4, s.133].

Bu sözlərdə qəti dönüş və keçmiş üçün təəssüf vardır. Halbuki bu keyfiyyəti Xosrovun sevgilisi Şirinin ağıllı hərəkətləri, mətanəti və ibrətli nəsihətləri oyatmış, hərəkətə gətirmişdir. Lakin Xosrovun ruhunun dərinliklərində belə müsbət bir keyfiyyət gizlənməli idi ki, həyatın ibrət dərsi onu oyada bilsin.
Həyatda günahı olmaq, səhv etmək, büdrəmək təbii haldır. Ondan ibrət dərsi götürmək isə müsbət keyfiyyətlərdir. Çox təəssüf ki, bəzi insanlar bu keyfiyyətə malik deyildir; bu cür insanlar üst-üstə müvəffəqiyyət qazananda burnunu dik tutur, onun təkəbbürü baş alıb gedir. Bir uğursuzluq müşahidə edildikdə vay-şüvən başlayır. Onu itirdiyinin yerini doldurmaqdan başqa heç bir şeylə sakitləşdirmək olmaz. Bir səhv etdikdə isə müqəssir üçün adam axtarır.
Xosrov isə belə deyildir. O, hələ ilk gənclikdə atasının itaətindən çıxıb qayda-qanunu pozduğuna görə cəzalanmışdı. O, xəta eləmişdi. Lakin aldığı ağır cəza üçün də üz-gözünü turşudub fəryad qoparmadı, kimsədən narazı qalmadı, başını itirib əldən-ayaqdan düşmədi. Xosrovun həyatında həmin vəziyyət başqa variantda indi də təkrar olunur. O, isə həlledici anda eşq kimi təbii və qüvvətli hissin qarşısında əyilməyib boynuna düşən vəzifənin öhdəsindən gəlməyi qərara alır.
Xosrov vəzifəsinin başına qayıdır. Siyasi mülahizələrdə və riyasət döyüşlərində fərasət göstərir. Lakin bu taxt-tac ona qəlbi hesabına başa gəlir. Taxt-tac ələ gəldikdən sonra Xosrovun qəlbinin dərinliyində başqa bir ağrı, Şirinə olan məhəbəti baş qaldırır və onu narahat etməyə başlayır. Zira indi onun vəziyyəti daha da mürəkkəbləşmişdir; o, siyasi mülahizələrə əsasən başqa birisi ilə evlənmişdi.
Şirin Xosrovu əldən verdikdən sonra bu ayrılığa tab gətirmir, əldən-ayaqdan gedir. Onu elə bir ümidsizlik, elə bir dərd götürür ki, guya o, həyat üçün lazım olan hər şeyi itirmiş, bəşəri vəzifələri yerinə yetirərkən böyük bir çıxacaq etmişdi. Çünki Şirin üçün məhəbbət müxtəlif pərdəsizliklər yox, insani ünsiyyətin başa gəlməsi idi. Zahirən bu vəziyyəti Şirin özü törətmişdi. Əslində o, başqa cür də hərəkət edə bilməzdi. O, xırda adamlar kimi qisməti hər cür şərtlərlə qəbul etmirdi. Burada Xosrov və Şirin eşqinin əsil macərası başlayır.
Xosrov artıq evli idi. Şirin üçün isə bu yandan Fərhad meydana çıxır. Zira bu vəziyyətdə belə onlar bir-birlərindən ümidlərini kəsmirlər. Xüsusən, bizim aləmdə belə bir əqidə var ki, təmiz münasibət, təmiz sevgi, təmiz ailəyə onun paklığı üçün kənar bir əl qarışmamalıdır. Halbuki biz həyatda belə xalis, mütləq təmiz münasibət, sevgi və ailəyə rast gəlmirik. Əlbəttə, bunun dərəcəsi vardır. Üçüncü və sonrakı əllərin əxlaq və namusa müdaxiləsi həddini keçdikdə daha o məqbul deyildir. Əgər insanlıq onda müşahidə edilən qüsurlardan xali olsa idi, burada baş sındırmağına dəyməzdi. Belə olduqda münasibətlər sevgi əsasındadırsa, üçüncü və sair əllərin müdaxiləsi sevgi və ailədə izzəti-nəfsi təhqir etmək və şübhə əziyyətləri törətməzdi. Təəssüf ki, vəziyyət bunun əksini deyir. Ona görə də eşq, əxlaq və ailədə mütləq təmizlik mümkün deyilsə də burada ölçü gözləmək zərurəti meydana çıxır.
"Xosrov və Şirin"də bəşəriyyətin mənsub olduğu qüsurlardan uzaq, ali insanın təcəssümü vardır. Bu Fərhaddır. Doğrudur, Fərhad sevən və tərəfindən sevilən bir qıza vurulmuşdu. Doğrudur, Fərhad Xosrova nisbətən onun üzərində daha az hüququ olduğu halda, Şirinin üstündə onunla öcəşir. Lakin Fərhad burada qəlbinin tələblərinə yox, əsrlərlə davam edib gələn bir adətə, eşqi uğrunda başqası ilə çəkişmək təlqin olunmuşdu.

Fərhadın qəlbi nə istəyirdi? Bunu onun özü də aydın təsəvvür etmirdi. O, vurulmuşdu, vəssəlam! Lakin bu eşq onun qəlbində elə möcüzələr törədir ki, o hisslər zənginliyinin yaratdığı mənəvi gözəlliyin qarşısında mat qalır. Xosrov bir şey qopartmağa çalışır. Fərhad üçün isə qoparmaq deyil, təqdir olunmaq, dostluq, ali bir ünsiyyət kifayətdir. Fərhadı bu ali keyfiyyətlər xoşbəxtliyə çatdırırdı.
Fərhad qranit qayaları yarıb Şirinə süd arxı çəkir. Lakin ona muzd təklif edildikdə hər şeyi sevdiyinin ayaqları altına atır. Eşq üçün bu cür xidmətdə dayanmaq Fərhad üçün bəs idi.
Şirin sıldırım üzərindən atla keçə bilmədikdə Fərhad onu atla birlikdə köksünə qaldırır və sevgilisini bu cür çətin yollardan aparır. Bu onun bəxtiyarlığı üçün kifayət idi.
Bəzən sevgi təhqirə çevrilir. Bu müxtəlif münasibətlərlə baş verir. Lakin Fərhad sevgisi heç bir zaman təhqir yaratmaz. O bu sevgidə uduzsa, sevdiyinə kin deyil, ancaq xeyirxah, dostluq duyğuları bəsləyər. Zira bəşəriyyət qüsurlarla dolu həyat sürdüyü bir şəraitdə bu mümkün deyildir; çünki insanlar ya dostluğa can atan ürəyi təhqir edəcək, ya da ondan bir nəticə gözləyəcəklər. Bu cəhəti biz Fərhadın taleyində məlum səbəb üzündən axıra qədər müşahidə edə bilmirik. Lakin bu cəhət bir münasibətlə Məcnunun taleyində bütün açıqlığı ilə öz əksini tapır.
Məlum olduğu üzrə, Nizaminin "Leyli və Məcnun"unda belə bir hadisə baş verir. İbn-Salam öləndən sonra Leyli ilə Məcnun görüşür. Lakin necə olursa, birdən Məcnun Leylini yuxuya verərək özü çıxıb gedir. Bəzi müəlliflər bunu Məcnunun ruhi müvazinətinin pozulması ilə izah edirlər. Halbuki məsələnin daha dərin kökləri vardır. Əsərə müraciət edək. Leyli ilə vüsalın poeziyası Məcnunu məst etmişdi. O bu vüsalın gətirdiyi səadətdən də artıq heç bir şey arzu etmirdi. Elə bununçün xoşbəxtlik bu idi. Lakin qarşılıqlı məhəbbətin inkişafı qarşılıqlı münasibətlərin məcmuudur. Zira Leylidəmi vüsalın gətirdiyi səadəti Məcnun kimi başa düşürdü? Təssüf ki, bu belə deyildir. Səadətin Məcnuna gətirdiyi məsti-xumarlığa Leyli bşqa məna verərək belə deyir:

"Sən dünya bağında şeyda bülbülsən,
Vüsala can atan gül kimiyəm mən.
Bu vüsal günündə hanı həvəsin?
Ağzın qıfıllıdır, çıxmayır səsin" [13 a, s.255].

Məcnun Leyliyə təskinedici cavab verir. Söyləyir ki, onu çox sevir. Həyatının mənasını ona qurban olmaqda, xidmət etməkdə görür. Lakin ürəyində öz-özünə deyir ki, ey dili-qafil, vəziyyət mənim təsəvvür etdiyim kimi deyilmiş!! Mənim qəlbimdəki Leyli ilə bu Leyli arasında bir ziddiyyət vardır. Nizami Məcnunun halını belə təsvir edir:

Məcnun Leyliyə təskinedici cavab verir. Söyləyir ki, onu çox sevir. Həyatının mənasını ona qurban olmaqda, xidmət etməkdə görür. Lakin ürəyində öz-özünə deyir ki, ey dili-qafil, vəziyyət mənim təsəvvür etdiyim kimi deyilmiş!! Mənim qəlbimdəki Leyli ilə bu Leyli arasında bir ziddiyyət vardır. Nizami Məcnunun halını belə təsvir edir:

"Gördü ki, sümüyə dayanmış bıçaq,
Aldığı zərbədən həlak olacaq.
Qılıncı başından, başını teştdən
Götürüb çöllərə yollandı birdən" [13a, s.258]

Bu vəziyyət bir qədər başqa variantda Füzulinin "Leyli və Məcnun"unda da təkrar olunur. Leyli Məcnunu vüsala dəvət edir. Məcnun isə elə oradaca Leyliyə bildirir ki, onun məhəbbəti vüsal üçün deyildir və çıxıb gedir. Nə üçün Məcnunun məhəbbəti vüsala yaramır? Çünki müqabil tərəf bu eşqə uyğun deyildir. Bu uyğunsuzluğu isə vüsal mütləq üzə çıxaracaqdı. Beləliklə də bu səadət əvəzinə bundan nə törəyəcəyini söyləmək çətindir. Ona görə Nizami Məcnunun vüsaldan imtina etməsini Zeydin dili ilə bir sıra müəlliflərin güman etdiyi kimi yox, aşağıdakı şəkildə əsaslandırır:

"Əgər məhəbbətdə olmasa ismət,
O, şəhvət hissidir, deyil məhəbbət!
Saf eşqin nurlu bir güzgüsü vardır,
Eşqin hesabından şəhvət kənardır"
[13 a, s.259].

Məhəbbət əlaqələrində şəhvət arzuolunmaz bir zərurətdir. Bunu verib borcdan qurtamar mümkündür. Lakin Leyli Məcnun məhəbbətində vüsal zamanı tərəflər bir-birini (Leyli Məcnunu) "həvəsin azlığında töhmətləndirirsə, daha burada şəhvət yaxa qurtarmalı bir şey, qarşısı alınmaz zərurət yox, səadətin məğzi kimi götürülür. Bu isə şəhvəti əsil məqsədə çevirər, onu bəşəri, fəlsəfi səviyyəyə yüksəldərdi. Məcnun isə öz əqidəsini buna təslim etməzdi.
Leyli Məcnun əhvalatındakı bu tel sonrakı dövrlərdə də özünü göstərir…
Məhəbbətdə üçüncü və sonrakı əllərin mövcud olması təhqir və şübhə əziyyətləri törədir. Lakin bəşəriyyət indiki qüsurlardan xali olsa idi, onun fərdləri öz amalları ilə Fərhadlara, Məcnunlara bənzəsə idi, üçüncü əllərin mövcud olması narahatlıq törətməzdi.lakin onların bu üstünlükləri eyni zamanda Fərhadların tragediyasının da mənbəi idi. Bunu tutqun şəkildə hiss edərək Fərhad özü də deyir:

"Pərviz, Şirin, Fərhad bu sözlərin bax,
Hərəsinin vardır beş hərfi ancaq.
Hər üç adın hərfi bərabər ikən,
Pərviz udur bütün oyunda nədən!
Mən qalib də olsam, məğlub da hər an,
İnan ki, üstünəm yenə düşməndən.
Ancaq bilirəm ki, bəxtim dönəkdir,
Məni düşmən tale məhv edəcəkdir" [14, s.199].

Söhbət burada şəxsi həyatda gətirib-gətirməməkdən gedir. Zira burada işə Xosrovların müəyyən üstün cəhətləri yox, bəlkə də mənfi xarakterli bir şey, xudbinlik kömək edir. Çünki xudbinlik mənfi keyfiyyət olsa da, şəxsi mənafein ardınca qoşarkən xırda işlərdə, bütövlükdə yox, ömrün indiki anı üçün işə kömək edir; o, işin dalını-qabağını gözləmir, bəşəri meyllərə etina etmir, qoparmağa çalışır. Sözündən, şərtindən dönüb Fərhada xəyanət edərkən Xosrova belə bir xudbin düşüncə kömək etmişdi. Şirin özü də Fərhadın mənəvi aləmi qarşısında heyrətlə mat qalmışdı. Bu münasibətlərin inkişafının nə ilə nəticələnəcəyini söyləmək çətindir. Amma hər halda nəhəng simalarınkı gündəlik həyatda tuş gətirmir. Xosrovlarınkı isə gətirir. İşin məğzi burasındadır. Onda belə çıxır ki, həyat üçün Fərhadlara nisbətən Xosrovlar daha əhəmiyyətlidir. Qətiyyən yox! Fərhadlar yaradıcılıq və fəaliyyət aləmi üçün yaranmışlar. Bəzən fəaliyyət aləmi üçün yaranmışlar, fəaliyyət və yaradıcılıqda Fərhadların bir dəfədə gördüyü işi milyonlarla Xosrovlar bir əsrdə görə bilmir. Fərhadlar şəxsi həyat üçün də yararlıdır. Bir şərtlə ki, tayını tapa bilsin, onunki tuş gətirsin. Onda Fərhadların həyatı-məişəti, mənəviyyatı, münasibəti, əxlaqı, məhəbbəti, rəftarı göydə mələkləri, tanrıları xatırladır. Bu həyata bütün bəşəriyyət qibtə və təqlid etməyə başlayar. Şirin bu mənəvi aləmi heyrətlə seyr edir, heyran qalır. Lakin onu dərk edə bilmir. Yoxsa Fərhaddan sonra Xosrovu nəfsi çəkməzdi. Şirin məhəbbət və sədaqət üçün yaranmışdır. Buna onun qabiliyyəti çatır. Odur ki, Xosrovdan sonra ömründən imtina etdi. O, Fərhada yalnız rəğbət bəsləyirdi, Xosrovdan ötrü isə ürəyi sökülürdü. Xosrovun bu işdə Fərhada qarşı üstünlüyü də burasındadır.
Eşqin törətdiyi macəra, çətinlik Fərhad və Məryəm aradan götürüldükdən sonra da davam edir. Xosrov indi belə bir çətinliklə üzləşəcəyini güman etmirdi. Ona görə də o, çox yüngüllüklə Şirinin qəsrinə yan alır. Şirin onu necə lazımdırsa, eləcə də şahanə tərzdə qarşılayır. Lakin onu qəsrə buraxmır. Burada Xosrovla Şirin arasında ancaq dərin bir eşqin törədə biləcəyi uzun söhbətlər başlayır. Bu söhbətlərdə tələb, təklif, isbatlar, sübutlar, təhlillər, töhmətlər, yalvarışlar, gileygüzarlıq və s. və i. çox olur. Lakin bu söhbətlər hələ barışıq deyildir; bu söhbətlər Xosrov üçün, deməli, Şirinin özü üçün də o qədər uğurlu hesab edilə bilməz. Lakin bu özü də vüsalın zərrəsi idi. Hər halda indi aşiqlər xəyallarında deyil, bir-birlərinin qarşısında çıxış edirlər. Burada Şirinin mətanətini məth etməyə ehtiyac yoxdur. O, şahlıq, şahzadəlik və s. bu qəbildən olan mülahizələri bir tərəfə buraxıb, ancaq əxlaqın, fəzilətin, eşqin və ailənin tələblərindən irəli gələn şərtlər meydana atır. Xosrov isə gəncliyində etdiyi kimi indi də hər şeyə sahib olmağa çalışır. Lakin bunun qeyri-mümkünlüyünü dərk etdikdə bütün ümidini itirir. Hətta o, hədə-qorxuya da keçir. Əlbəttə, sivilizasiyalı bir eşqdə hədə-qorxu kimi hallar müşahidə edilə bilməz. Bu dəfə Xosrov bütün aləmini itirmiş kimi, ümidsiz halda qayıdır.
Lakin burada psixoloji bir hal da var ki, bu, böyük həyati əhəmiyyətə malikdir. Xosrov çıxıb gedəndən sonra Şirin özü bu ayrılığın qorxusuna düşür. O, ayağı ilə gedib özünü Xosrovun vicdanına təslim edir; deməli, indiki halda ən azı qadınların kişi vicdanının qüdrətinə ehtiyacı vardır. İndi Xosrov istədiyi kimi hərəkət edə bilərdi. Lakin dünyanın bir çox üzünü görmüş Xosrovun indi Şirinə qovuşmaq ən böyük arzusu idi. Ona isə uzun ayrılığın sonunda yetişirdi. İki qəlb arasında tam barışıq necə də çətin imiş! Əlbəttə, bunu xırda qəlblərin hər dəqiqə barışıb, ayrılacağı ilə müqayisə etmək mümkün deyildir. burada söhbət iki mənəvi aləmin sazişindən və qovuşmasının çətinliyindən gedir. Çünki nə səbəbdənsə, haradasa etimad qırılmışdır. Bu çətinlik etimadın tam bərpasına qədər gedəcəkdir.
Xosrov və Şirinin ailə həyatında bəzi cəhətlər daha çox diqqəti cəlb edir. hələ ailə həyatının lap başlanğıcında Şirin elə tədbirlərə əl atır ki, məhəbbət qızğınlığa və şəhvətpərəstliyə çevrilməsin. Bu çox mühümdür. Çünki vüsal zamanı qızğınlıq və şəhvətpərəstlik ailədə məhəbbət və etiqadın düşmənidir. Şirin burada nəfsini güdür və Xosrovun da ehtiraslarına ölçü qoymağı bacarır.
Daha sonra, ailə həyatında xoşbəxtliyin törətdiyi fəaliyyətsizlikdən birinci olaraq Şirin ayılır. O, Xosrovu başa salıb deyir ki, bir qadının işrətinə qurşanıb kişi vəzifələrini unutmaq lazım deyil. Kişisən hünər göstər, hikmət öyrən və s., bu cür fəaliyyət isə eşqi, ailəni və ömrü zinətləndirir, ona mənalar verir. Xosrov ailə həyatı ilə yanaşı hikmət aləminə də baş vurur. O qədər ki, hətta o ömrün mənasını başqa şeydə görüb şahlıqdan əl çəkir. Burası mənalıdır. Hamıdan yuxarıda dayanıb hökm etmək yalnız zahiri üstünlükdür. Çünki bu vəziyyət həqiqəti təhrif edir.
Əlbəttə, riyasət qabiliyyəti onlara fəaliyyət və yaradıcılıq üçün geniş imkanlar verir. Halbuki, vərəsəlik hüququ və bir sıra siyasi mülahizələr tarixdə qabiliyyətli adamları deyil, hər cür nadanı riyasətin başına qaldırmışdır. Bu cür nadanlar isə şəxsi və çox vaxt da xudbin məqsədlər güdmüşlər. Burada hər şey asanlıqla başa gəldiyinə görə, onlar hətta şəxsi həyatı, öz əli ilə qurmaq yaradıcılığı və səadətindən də məhrum olmuşlar. Ona görə də bu cür imkanlarda çox vaxt küt bir nəşə və pozğunluq hökm sürmüşdür. Xosrov və Şirinin dərin eşqi isə təhrif olunmuş həyatın bu cür zəncirlərindən azad olmalı idi və s. və i.a.
Göründüyü kimi, əsərin bədii-fəlsəfi mənasından başqa, onun didaktik əhəmiyyəti də böyükdür.
Füzulinin məhəbbət poeziyası Fərhadın, Məcnunun eşqini lirik şəkildə bütün variantlarda ifadə edir. burada məhəbbətin nəinki dərin bədii-fəlsəfi kökləri təhlil edilir, bu eşqin arxasında dayanan lirik qəhrəman geniş qəlbi olan sivilizasiyalı bir şəxsdir.

"Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma kim, bir bünyadı var" [23, s. 108].

Füzulinin eşqinin ümumbəşəriliyi buradan doğur.
Vaqif poeziyasında cinslər üçün nəşəli və gözəl olan hər şey vardır:

"O şux qəmzələrin xəncər kirpiyin,
Gündə olur yüz min qan qabağında.
Xumar-xumar baxan ala gözlərin
Gərəkdir verəsən can qabağında" [8, s.15].

"Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır.
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi səbadan, nə şanədəndir" [8, s.115].

Vaqif şerindəki gözəllik, onun ifadə etdiyi fikir ürəyə dəyir, iliyi-sümüyü oynadır. Bu gözəllik diqqəti cəlb edir. Lakin bu məhəbbət öz etik dəyərinə görə, Nizami və Füzuli poeziyasına bərabər deyildir…