<<< geri

 

 

 

6. Nizami və Flavi Arrian

 

 

Makedoniyalı İskəndərin qədim Azərbaycan səfərini təsdiq edən mənbələrdən biri və ən mötəbəri II əsr Yunan tarixçisi Flavi Arrianın əsəridir, onun "İskəndərin hərbi yürüşləri" əsərində Azərbaycan-Atropatena, İskəndərin bu ölkəyə hərbi səfəri, vuruşları və s. barədə ətraflı məlumat verilir. Onun yazdığına görə, Atropatena hökmdarı Atropatın komandanlığı altında iskit-sak, alban, girkan, tapur atlıları və kadusilər İskəndərə qarşı vuruşmuşlar: "İskit tayfasından olub Asiyada yaşayan saklar da Daranın bilavasitə müttəfiqi kimi" İskəndərə qarşı durmuşdu; Midiyalılara Atropat komandanlıq edirdi; kadusilər, albanlar və sakasenlər də midiyalıların tərəfində idi" [27, s.110] və hb.
Hələ Strabon yazırdı: "Saklar kimmerilər və trerlər kimi yürüş etmişdilər: yürüşlərin biri daha uzaq, digəri isə yaxın məsafəyə olmuşdu. Onlar bu cür Baktriyanı tutdu və oraya özlərinin Sakasen adını qoydular, onlar kappadokiyalıların ölkəsinə, xüsusən ora qədər ki, o adamlar indi pontların adı ilə adlanan Yevksin dənizinədək yaşayırlar" [57, s.869, 911]. Sak//sakalar, artıq məlum olduğu kimi, iskit-türk tayfalarından idilər, hələ m.ö. təxminən IX-VI
əsrlərdə yürüş etmiş, Qara dənizədək gedib çıxıbmışlar…
Strabon Makedoniyalı İskəndərin Asiyanın Girkaniya, yəni Kaspi vilayətində olması, vilayətin çayları, məhsuldar torpaqları və s. barədə maraqlı məlumatlar verir: "Girkaniya, onunla üzbəüz tamam bərəkətli və geniş sahədir… Ölkənin xoş güzəranı bununla sübut olunur: bir üzüm tənəyi 38,88 litr, əncir ağacı 60 medimi çaxır verir; çörək güləşdən tökülən taxıldan alınır, arı becəsi ağaclara yığılır, bal isə yarpaqlardan sızır… Aristobulun dediyinə görə, Girkan meşələrində palıd ağacı bitir… Oks, hind çaylarından başqa onun Asiyada gördüyü ən böyük çaydır. Onun fikrincə, bu çayda gəmi işləyir (o da, Eratosfen də bu məlumatı Patrokldan götürüb) və çoxlu hind malları onun axdığı Girkan dənizinin aşağısına gətirilirdi, oradan onları Albaniyaya keçirirdilər və sonra Kir çayı və ardınca gələn yerlərlə Yevksin Pontuna çatdırırdılar. Qədimlərdə Oks heç xatırlanmır. Amma "Parfiyanların tarixi" əsərinin müəllifi Appollodor daim bu çayı Parfiya ölkəsinin çox yaxınından axan çay adlandırır" [56, s.482].
Strabonun məlumatına görə, hələ onun vaxtında Kaspi dənizi barədə İskəndərin şöhrətpərəstliyi arzusuna uyğun düşünülüb uydurulmuş rəvayətlər də vardır [56, s. 486].
Bu məlumatlarla F.Arrianın dedikləri tam uyğun gəlir. Lakin Arrian İskəndər haqqında daha dəqiq məxəzləri, sarayın arxiv sənədlərini araşdırmış, real dəlillərə daha çox diqqət yetirmişdi. V.V.Struve Arrianın rus dilinə tərcüməsinə ön sözündə deyir: "Arrian kamil tarixçidir və İskəndər onun üçün əfsanəvi qəhrəman deyil, tarixi şəxsiyyət idi: İskəndər haqqında nağıl danışan bütün yazıçılardan fərqli olaraq o, öz iş üsuluna və müraciət etdiyi məxəzlərə görə daha etibarlıdır. O, İskəndərin tarixi üçün tamam əvəzsiz materiallar: Makedoniyadan Hindistanadək onunla yol getmiş, onun bütün göstərişlərini yerinə yetirmiş və planlarının tərtibində iştirak etmiş müasirlərinin qeyd və xatirələrini əldə etmişdi…" [27, s. 3].
Nizami "İskəndərnamə"ni yazarkən, düşünürük ki, ən etibarlı məxəz kimi Flavi Arriana daha çox müraciət etmiş, ondan daha çox bəhrələnmişdir.
F.Arrian yazırdı: "İskəndər yürüş zamanı geri qalmış qoşun hissəsinin çatmasını gözlədi və Girkaniyaya yola düşdü. Bu ölkə Baktriyaya gedən yoldan solda yerləşirdi. Onu yüksək meşəli dağlar örtür, onun ardınca böyük dənizədək düzənlik başlanır. İskəndər Girkaniyaya gəlirdi; öyrənmişdi ki, Dara qoşununda qulluq edən yadellilər dağlara, tapurlara tərəf qaçmışlar, onları tapurlarla birgə tabe etmək istəyirdi" [27, s.124].
Strabon yazırdı: "İskəndər Arazdan keçib Persepolisin özünə gedib çıxmış"dı [56, s.677].
F.Arrian yazırdı: "İskəndər Qafqaz dağlarına gəlib çıxdı, orada şəhər saldı və ona İskəndəriyyə adı verdi. adətincə, Tanrıya qurban kəsdi…" [27, s.129]. Yenə Arrianın verdiyi məlumata görə, İskəndər öz qoşunu qarşısındakı nitqində özü deyir ki: "O, Qafqaz üzərindən keçib Kaspi keçidinin o tayına adlamışdı" [27, s. 220] və hb.
Əgər tarixi mənbələr göstərirsə ki, Makedoniyalı İskəndər Qafqaza gəlib və orada şəhər salıb, onda bu həqiqətin izinə düşmək olar. indiyədək xalqın yaddaşında qalıb yaşayan, elində-obasında hələ də izi qalıb öz qədim adı ilə şahidlik edən bir faktı da xatırlayaq.
Budur, Böyük Qafqazın mənzərəli cənub ətəklərindən birində Alazan-Həftəran vadisində - Şəkinin Orta Zəyzid kəndində geniş bir sahəni əhatə edən (indi burada üç-dörd ailənin evi və həyatyanı torpaq sahələri yerləşir) qala divarlarının qalıqları var; qalanın bürc yerləri və mərkəz gümbəzi aydınca sezilir, tamam dağılıb məhv olmuşsa da, yaddaşlarda adı qalmışdır: "İskəndər zülqərney qalası". Təəssüf ki, belə bir mühüm tarixi obyekt indiyədək arxeoloqlarımızın diqqətindən yayınmışdır. Görünür, Makedoniya fatehi Gürcüstanda Sarkine qalasındakı məğlubiyyətdən [35, s.1-6] sonra Atropatenaya səfəri indiki Balakən-Şəki, Alazan - vadisi boyunca olubmuş ki, həm mənzərəli, həm də strateji cəhətdən əlverişli olan həmin yerdə əylənib düşərgə salıb, kənd camaatının hələ də yaddaşından silinməyən "Zülqərney qalası"nı tikdiribmiş. Bu qala - düşərgənin salındığı vaxt orada əhali yaşayıb-yaşamadığını demək çətindir. "Makedoniyalı İskəndər əsir edib apardığı qarqarlar, gəmicyentaqlar və b. tayfaları Böyük Qafqaz dağlarının ətraflarında yerləşdirirdi" [45, s.49] - faktına qüvvət versək, deyə bilərik ki, bəlkə elə Orta Zəyzid kəndinin (üç Zəyzid var: Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid) tarixi də o vaxtdan başlanır. Güman ki, F.Arrianın qeydə aldığı "İskəndəriyyə" qala şəhəri və ya qalasından biri budur; İskəndər qoşunu ilə burada əylənmiş, sonra isə ölkənin padşahı Nüşabə ilə maraqlanmışdı…
Nizami yazırdı:

"Sordu: "Bu şən ölkə kimindir, kimin?
Kim burda padşahlıq edir, söyləyin!?"
Dedilər: "Gördüyün bu var, bu yatır,
Bu gözəl torpaqlar bir qadınındır…
Qadını öyrənmək istədi o şah,
Olsun bu ölkənin sirrindən agah.
Bilsin sərhəddini bu məmləkətin,
Varmıdır əsli bu sözün, söhbətin?"
[11, s.196]

İskəndər Bərdə (e.ə. Hürum//horum) padşahı Nüşabənin qonağı olur, sonra Şirvana, Dərbəndə yola düşür…
F.Arrian eyni fikri öz əsərində belə ifadə etmişdi: "O (İskəndər), Qafqaz dağlarını aşdı; bu nahiyyəyə fars Proyeksi naib təyin etdi, "dostlarından" biri olan Satirin oğlu Nilokseni qoşunu ilə orada "nəzarətçi" saxladı" [27, s.129].
Yunan məxəzlərində, xüsusilə Arrianda, habelə xalqın yaddaşında, nağıl və rəvayətlərində öz əksini tapan (İskəndərin Qafqazda, Atropatenada olması, şəhər və qalalar saldırması, Şirvandan keçib Dərbəndə getməsi, "buynuzlu İskəndər" əhvalatı və s.) fikirlər sonralar da zaman-zaman və dönə-dönə Şərq mənbələrində, xatırlanmış, yad edilmişdi.
Artıq qeyd edildiyi kimi, Siriya-nəsrani mənbələrində Makedoniyalı İskəndərin Şərqə səfərindən danışılır, Dərbənd keçidindəki dəmir qapıların salınması onun adına çıxılır.
"Dərbəndnamə"də ərəb mənbələrinə istinadən deyilir: "Tarixçilər söyləyir ki, Zülqərney (Makedoniyalı İskəndər) Yecuc və Məcuc səddinə yürüş edərkən, dağlılar üzərində İraq Hakimiyyətinə daxil olan türklərin nüfuzunu sezdi; buna görə o, qoşununa əlçatmaz divarlar tikdirməyi və arxasınca Xəzər torpağı və onların Kaspi dənizinin yerləşdiyi bu dağların zirvələrini möhkəmlətməyi əmr etdi. Bu tikintilər qurtardıqda o (Zülqərney), allahın adına Mədhlə onları silah və qoşun hissəsilə təmin etdi, ucadan dedi: "Sənə şükür, mənim tanrım! İndi mən bədəfkar türklərdən xatircəm ola bilərəm!" - O öz qələbəsi və bu tikdirdiyi qala ilə ona görə öyünürdü ki, bu dağların sahibini fars, türk və İraq (yəni ərəb) ölkələrinin ağalığından qurtardı" [58, s.157].
Bu məlumat Nizaminin təsvirlərinə uyğun gəlir.
Nizamidə Dərbənd ətrafında dağlılar "qıpçaqların dəhşətli basqınları"ndan şikayətlənib İskəndərdən kömək istəyirlər:

"Bu açıq və uçuq yerləri bir-bir
Daş ilə dağ kimi eyləsin təmir.
Onda çöl xalqının axınlarından
Rahatlıq içində dincələr xəzran" [11, s.229].

Nizamidə İskəndər "Dərbənddə böyük sədd çəkdirir", sonra qıpçaq çöllərinə yönəlir:

"Əmr etdi: nə qədər açıq, uçuq var
Çəksin bu xəzranın xalqı bir hasar.
Gecə də, gündüz də qara daşlarla
Olduqca böyük sədd çəkilsin yola!..
Hasar işlərindən azad olaraq,
Hərəkət qəsdilə ucaltdı bayraq"… [11, s.229]

Digər mənbələr də bu təsvirlərin məhz tarixi həqiqətlərə əsaslandığına şahidlik edir.
F.Arrian davam edir: "Sonra, İskəndər parfiyalıların üstünə getdi: birinci gün Kaspi Keçidi ətrafında düşərgədə yerləşdi, o biri gün Keçidi adladı və insan yaşayan yerlərdən irəlilədi…" [27, s.122].
Nizami "İskəndərnamə"də bu "yürüşü" belə davam etdirir: İskəndər ordusu "qıpçaqla qaynaşan boz çöllər görür", "köçərilər", "çöl xalqı" adlanan qıpçaqların hökmdarı ilə görüşür, qadınların üzü açıq gəzməsini irad tutub, bu adəti - "ayini" onlara tərgitməyi əmr edir. Lakin rədd cavabı alır [bax: 11, s. 310-311].
Yunan mənbələrində təsvir olunan Girkaniya və ya Kaspi vilayəti XII əsrdə Şirvan torpağı, Kaspi Keçidi Dərbənd və ya Dərbənd Keçidi adlanırdı. Nizami təbii olaraq, bu yerlərin XII əsrdəki adını çəkmişdi.
Yunan mənbələrində - Heredotda, Strabonda, Arrianda və b. - haqqında danışılan və İskəndərin səfər etdiyi Qafqaz məhz Atropatenanın, yəni Azərbaycan ərazisinin "arxasını söykədiyi" məşhur tarixi Qafqazdır. Bəzi, hətta görkəmli tədqiqatçıların bu Qafqazı aparıb Hindiquş, Himalay zirvələrinə çıxarması səhvdir. İskəndərin hərbi yürüşlərinin ən yaxşı tədqiqatçısı F.Arrian da özünə qədərki tədqiqatçıların bu barədəki dolaşıqlığını qeyd etmişdi [bax: 27, s.165-166].
Nizaminin bədii yaradıcılığı Azərbaycanın qədim dövr tarixinin qaranlıq səhifələrini dürüstlüklə işıqlandırır.
F.Arrianda iskitlərin əski türklər olduğu o qədər aydındır ki, bu söz birbaşa, qeydsiz-şərtsiz türklər deyə tərcümə edilə də bilər. Arrian İskəndərlə iskitlər, yəni əski türklər arasında olan münasibətlərə: diplomatik və dostluq əlaqələri, vuruşmaları, məğlubiyyətləri və s.-yə öz əsərində geniş yer verir. Bunlar isə Nizaminin "İskəndərnamə"də etdiyi tarixi-bədii tərənnümə tam uyğun gəlir. Arrian yazır: "İskit səfirliyindən İskəndərin yanına abılar (Homer öz poemasında abıları ən ədalətli adamlar adlandıraraq tərənnüm etmişdi, onlar Asiyada sərbəst olaraq - müəyyən dərəcədə öz kasıbçılığı ilə və düzlüklə yaşayırlar) adlanan nümayəndə, habelə Avropa iskitlərindən nümayəndə gəldi; bunlar Avropada yaşayan çox böyük xalqdır. İskəndər dostluq münasibətləri yaratmaq məqsədilə öz "dostlarından bəzilərini onlarla göndərdi; bu səfarətdən əsas məqsəd isə ondan ibarət idi ki, İskit ölkəsinin təbiətilə tanış olsun və öyrənsin ki, xalq sayca böyükdürmü, onların adət-ənənələri necədir və döyüşə hansı silahlarla çıxır" [27, s.133].
Nizami "İskəndərnamə"də İskəndərlə türk xalqları arasındakı bu diplomatik və dostluq əlaqələrini alqışlayır.
F.Arrian davam edir: "Avropa iskitləri səfirliyindən yenə İskəndərin hüzuruna gələn nümayəndələr də onlarla qayıtdı. İskəndər öz adamlarını göndərəndə İskit hökmdarı ölmüşdü, onun yerinə qardaşı keçmişdi. Səfirlik məlumat verirdi ki, İskəndər nə desə, iskitlər onu etməyə hazırdırlar; hökmdardan ona iskitlərin ən qiymətli saydığı bəxşişlər gətirmişdilər, hökmdar dostluq naminə İskəndərə öz qızını da verməyə hazır olduğunu bildirmişdi. Əgər İskəndər iskit şahzadəsinə öz əlini verməyi layiq bilməzsə, onda hökmdar İskəndərin ən sadiq dostlarına iskit satraplarının qızlarını və İskit torpağının digər qüdrətli adamlarını ona verməyə hazırdır. Əgər o, əmr etsə onun sərəncamını eşitmək üçün hökmdarın özü İskəndərin hüzuruna gələr" [27, s.146-147] və hb.
Bu təkliflər, bu diplomatik əlaqələr baş tutmuşdu ki, Nizami "İskəndərnamə"də türk xaqanları ilə İskəndərin qəbulu səhnələrini, sərkərdələrindən birinə Nüşabənin ərə verildiyi toy-büsat məclisini və s. təsvir edir. Buna Nizaminin tam mənəvi haqqı vardı.
Nizami məhz tarixi yaxşı öyrənmiş, hadisələri diqqətlə izləmiş, mövcud həqiqətlərə böyük sədaqətlə yanaşmışdı; əlbəttə, tarixə sənətkar təxəyyülünün bəzi əlavələrini də etmişdi…
F.Arrianda İskəndərlə Midiya satrapı Atropat, arasındakı münasibətlər daha maraqlıdır: onlar arasında gedən mübarizə uzun sürmür, tezliklə qarşılıqlı anlaşma və sülh yaranır. Belə ki, Arrian əvvəlcə (III kitabda) Atropatın İskəndərə qarşı durub alban, sak və s. atlılarına başçılıq etdiyini yazırsa, sonra (VII kitabda) onun İskəndərlə dostluq və qohumluq əlaqələrindən danışır.
F.Arrian İskəndərin Asiyada iskitlərə qarşı iki mühüm hücumu və məğlubiyyəti üzərində ayrıca dayanır.
Birinci mühüm hücum və məğlubiyyət. "İskəndər gördü ki, iskitlər çaydan çəkinmirlər və hətta oradan ox da atırlar (çay enli deyildi), həm də barbar adətincə lovğalanaraq qışqırıqla onu hirsləndirirdilər ki, iskitlərlə o, pəncələşməyi bacarmaz, o, iskitlərlə Asiya barbarları arasında necə fərq olduğunu bilməlidir" [27, s.135-136]. Arrian davam edir: "İskitlər ona rahətlik vermirdilər; İskəndər çayın o tayına keçməyə çalışırdı, şeypurlar çalındı, İskəndər özü qabağa düşdü, qoşunu yerbəyer etdi, oxatanları və sapandçıları ön cərgəyə sahilə çıxartdı, onlara ox-yayla və daşla iskitlərin qarşısını saxlamaq tapşırığı verildi ki, bütün atlı qoşun sahilə çıxa bilsin… Lakin iskitlər öz atlı dəstələrilə onları qarşıladı, mühasirəyə aldı və çoxlarını məğlubiyyətə uğratdı" [27, s.136].
F.Arrian bu məğlubiyyətin səbəbini belə izah edir: "Düşmən ildırım sürətilə təqib edirdi, ordu da güclü istidən əziyyət çəkirdi, bütün ordu susuzluğa dözürdü, İskəndər özü də qabağına nə su gəldi içirdi. Bu su isə xarab imiş və onda şiddətli pozulma başladı. Buna görə də bütün iskitləri qovub-çatmaq mümkün olmadı; mənə belə gəlir ki, əgər İskəndər xəstələnməsəydi, qaçdığı zaman onları bütünlüklə qırıb qurtarardı. Axı o, son dərəcədə ağır vəziyyətdə geri hərbi düşərgəyə gətirildi" [27, s.136].
Burada hər iki tərəfin - İskəndərlə iskit hökmdarının göndərdiyi nümayəndələr arasında gedən diplomatik danışıqları və İskəndərin cavab sözlərini diqqət mərkəzinə çəkmək yerinə düşərdi: "Tezliklə olmuş hadisə ilə əlaqədar iskit hökmdarlığından İskəndərin hüzuruna nümayəndə gəldi ki, bütünlükdə iskit xalqı yox, quldur və soyğunçulardan ibarət bir dəstə bu işi etmişdir. İskəndər nə əmr etsə, hökmdar yerinə yetirməyə hazırdır. İskəndər nəzakətlə cavab verib dedi: ona inanmağına inanır, ancaq ona belə gəlir ki, düşmən üzərinə hücumu dayandırmasa yaxşıdır, məhz indiki halda bu, yersiz olardı" [27, s.137].
Bu cavab, İskəndərin xarakterini və fərdi keyfiyyətini tamam açır. Nizami poemada İskəndərin bu kimi şəxsi keyfiyyətlərini nəzərə almışdı.
Verilən cavablarmı, yoxsa iskitlərin öz siyasətləri, hərbi fəndləriləmi əlaqədar qoşuna yeni hücumlar başlanır, yeni zərbələr endirilir.
İkinci mühüm hücum və məğlubiyət. F.Arrian yazır: İskit sərkərdəsi Spitamen əlavə olaraq, "iskit atlılarından 600 nəfər də götürüb, hücuma keçmək istəyən makedoniyalılarla vuruşmaq qərarına gəldi. İskit çölü yaxınlığındakı düzənlikdə gözlədi, hücuma keçmədi, amma özü də düşmənin hücumunu gözləmək istəmədi, onun atlıları piyada qoşunun ətrafında ancaq çapdı və ona ox atdılar. Çətinlik çəkmədən əylənmiş Farnux döyüşçülərini sıxışdırıb aradan çıxartdılar" [27, s.137]. Tarixçinin yazdığına görə, "çox adam oxla yaralandı, ölənlər də oldu; nəticə etibarilə qoşun Politimet çayına tərəf meşəliyə çəkildi ki, onları barbarların oxu tutmasın, bu isə piyada qoşununa daha çox kömək elədi" [27, s.137-138].
F.Arrian bu məğlubiyyətin səbəbini belə izah edir: "Onların atları cəld və o vaxtda güclü idi; Andromaxanın atlı qoşunu isə vaxt-bivaxt yolda-irizdə olurdu və kifayət qədər yemi çatmadığı üçün taqətdən düşmüşdü. İskitlər mövqeyini dəyişən və qaçmaq istəyənlərin dərhal üstünü alırdı" [27, s.137].
Makedoniyalı İskəndərlə iskitlər arasında bağlanan barışıq və "dostluq" əlaqələrinə F.Arrian işarələr vurur, İskəndərin onlarla ehtiyatlı davrandığını, "nəvazişlə danışdığını" və "dostluq ittifaqı bağladığını" yazır. Həm Mahmud Kaşğarlının, həm də Nizaminin bu barədə verdiyi məlumatlar, söylədiyi fikirlər də F.Arrianın dediklərini tamamlayır və bir daha təsdiq edir.
Beləliklə, Makedoniyalı İskəndərin Qafqazda, Azərbaycanda olması, Orta Asiya səfəri və s. tarixi faktlar tam təsdiq edir. Bu faktları istənilən qədər çoxaltmaq da olar. Nizami tarixi həqiqətlərə böyük sədaqətlə yanaşmışdı. Nizaminin "İskəndərnamə" əsərində təsvirini verdiyi səhifələr isə qədim türklərin, habelə Azərbaycan türklərinin m.ö. IV əsrdəki tarixi mövqeyini müəyyən edir, qüdrətini, rəşadətini, ağıl və dərrakəsini təsdiq edir.
Böyük Nizami, ilk növbədə, məhz bu tarixi həqiqəti, xalqın bu mənəvi üstünlüklərini üzə çıxarmaq məqsədilə "İskəndərnamə" şah əsərini yazmışdı.