<<< geri

 

 

 

5. Azərbaycan-türk folklorunda Makedoniyalı İskəndərlə bağlı rəvayətlər və onların real həyat zəmini

 

 

Azərbaycan folklorunda Makedoniyalı İskəndərlə bağlı söylənilən hekayələr xalqın şifahi yaradıcılığının məhsuludur; xalq bunları gözü ilə görüb yaradıb, göz bəbəyi kimi də qoruyub saxlamış, sinədən-siniyə köçürüb, mənəvi miras kimi nəsildən-nəsilə ötürmüşdür. Ağlın məntiqi deyir ki, İskəndərlə bağlı bu məlum hekayələrin yaranma tarixi-çıxış nöqtəsi m.ö. IV-III əsrlərdən bu yana deyildir; İskəndərin Azərbaycanda olduğu vaxtın məhsuludur.
1941-ci ildə bizdə "Nizami əsərlərinin el variantları" adlı kitab nəşr olunmuşdur; "Giriş" sözündə məsələnin iki mühüm cəhəti göstərilir:
1) "Nizamini bütün müasirlərindən fərqləndirən, onu dünya ədəbiyyatının yüksək zirvəsinə qaldıran əsas xüsusiyyətlərindən birinci və ən başlıcası da onun xalq ədəbiyyatı ilə yaxından tanış olması, xalqdan qüvvət alaraq, yaradıcılığının yeni bir istiqamətdə inkişaf etdirilməsi, 2) “Nizami əsərlərinin xalq yaradıcılığına təsiri” [17, s.1-2].
Birinci, “ən başlıca” cəhət - Nizami əsərlərinin qaynaqları, onun tarixi və xəlqi -mənəvi qida mənbələridir. “El variantları”nda İskəndərlə bağlı onlarca rəvayət-hekayə toplanıb.
Bu hekayələrin üçü - “İskəndərin anadan olması”, “İskəndərin ölümü” və “İskəndərin anası” hekayələri üzərində dayanaq.
“İskəndərnamə”də tarixdən və xalqdan istifadə ilə yaradılan çoxlu süjetlər var. Nizami “Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi” fəslində bunu etiraf edir.
Nizami İskəndərin dünyaya gəlməsi, anadan olması və onun Feyləqusun (Filippin) öz oğlu olub-olmadığı barədəki fikirləri, rəvayətləri bir-bir xatırlayır, bu məqsədlə “tarixləri bir-birinə vurduğunu” deyir:

“Bu dastan haqqında rəvayət çoxdur,
Hər kəsi dinlərəm, inadım yoxdur”...
“Zərdüştlərdə var başqa rəvayət,
Verir İskəndəri Daraya nisbət.
Vurdum tarixləri mən bir-birinə,
Baxdım Firdovsinin öz əsərinə...
Bunlarda həqiqət görmədim bir az
Tarixçi bunları qələmə almaz” [19, s.62-63].

Lakin, axırda Nizami “ən yaxşı bir qocanın” söylədiyi hekayə üzərində dayanır və dastanı üçün onu əsas götürür; ona daha artıq inandığını yazır:

“Ən yaxşı bir qoca rəvayət edir,
O köhnə şahlardan hekayət edir:
Feyləqus qəsrində bir gözəl varmış,
Bəzəkli gəlintək azad yaşarmış.
Baxışı can alan, qisməti bülənd,
Qaşları kamandı, saçları kəmənd.
Sanki bir sərv imiş, yetirmiş çəmən,
Telləri bənövşə, çöhrəsi səmən.
Camalı parlaq bir günəşdən təmiz,
O süzgün gözləri qəmzəli nərgiz!
Qıvırcıq saçları qara bir ənbər,
Saray bu dilbərlə olmuş müəttər.
Rum şahı vurulmuş ayüzlü qıza,
Dilinin əzbəri parlaq ulduza.
Bir gecə bağrına basdı hökümran,
Şahın xurmasından bar verdi fidan.
Neysan buludundan sədəf tutdu bar
Ən parlaq bir inci oldu aşikar.
Keçdi bu vəqədən doqquz ay ancaq,
Ananın bətnində tərpəndi uşaq...
Təqvimdən bəxtini təyin etdilər,
Qoyuldu uşağın adı İskəndər” [14, s.63-64].

Şübhə etmirik ki, hekayə Azərbaycan folkloruna çox-çox qədimlərdən - İskəndərin zamanından daxil olub, söylənə-söylənə gəlib “Qocaya” çatıb, onun dilindən də Nizaminin “dastanı”na düşübdür.
“El variantları”ndakı hekayənin məzmunu burada deyilənlərdən bir qədər fərqlənir; hekayə özünəməxsusluğu ilə seçilir. Deməli, başqa rəvayət, müstəqil hekayədir.
“İskəndərin ölümü” və “İskəndərin anası” hekayələrinin məzmununu mənbələr üzrə nəzərdən keçirək, bəzi müqayisələr verək, nəticələrə gələk.
İskəndərin ölümü Arrianda belə verilir.
Arrian o vaxtın saray gündəliklərinə əsaslanaraq yazır: “İskəndər ziyafətdə olmuş və Medi ilə içmişdi. Oradan çıxıb yuyunur, yatır, yenə Medi ilə nahar edir və gecə yarıdan çox keçincəyədək içir. Zifayətdən gedərkən yuyunur, yuyunub bir az da yeyir və oradaca yuxuya gedir, çünki o, artıq qızdırmaya tutulmuşdu”; “onu öz otağına gətirirlər və qızdırma bütün gecə onu rahat buraxmır,… qızdırma enmir ki, enmir" [27, s. VIII, 25]. Arrian davam edir: "Mən bilirəm ki, İskəndərin ölümünə dair başqa çox sözlər də yazılıb. Deyirlər ki, Antipatr İskəndərə zəhər göndərmiş və o, bu zəhərdən ölmüşdür; zəhəri isə Antipatr üçün Kallisfenin aqibətini bilib İskəndərdən qorxuya düşmüş Ərəstun düzəldibmiş, zəhəri Antipatrın qardaşı Kasandr gətirmişdi. Hətta bəziləri yazır ki, zəhəri o, qatır dırnağında gətiribmiş. Bu - zəhəri isə İskəndərə Kasandrın kiçik qardaşı İollay verib: İollay saray saqisi idi və İskəndər öz ölümündən bir az qabaq, necə olubsa, onu təhqir edibmiş. Başqaları əlavə edir ki, bu işdə İskəndəri öz evinə ziyafətə dəvət edən İollayın dostu Medinin də əli varmış. İskəndər ağ gülabı içdikdə şiddətli ağrı hiss edir və bu ağrının səbəbilə ziyafətdən gedir…" [27, s. 27].
İskəndərin ölümü Plutarxda belə verilir.
Plutarx yazır: "Bir dəfə o, Nearx və onun yoldaşlarını çox təmtəraqlı qonaq edir, adi qaydada yuyunur, yatmağa getmək istəyir, amma Medinin xahişi ilə ona qonaq olur. Orada o, bütün gecəni və bütün ertəsi günü içir. Onda qızdırma başlayır" [52, s.75]. Plutarx davam edir: "Əvvəllər heç kəs zəhərlənmədən şübhələnməmişdi; 6 ildən sonra Olimpiada bu barədə xəbərlər alır; çoxlarını cəzalandırır və İskəndərə guya zəhər içirdiyi üçün İollayın cənazəsini atmağı əmr edir. Bəzilərinin dediyinə görə bu işdə Antipartın məsləhətçisi Ərəstun olub, zəhər onun köməyi ilə əldə edilib" [52, s.77] və hb.
İskəndərin ölümü Diodorda belə verilir.
Diodor Plutarxın son fikrində qaranlıq görünən bir cəhəti işıqlandırır: "Deyirlər ki, İskəndər tərəfindən Avropaya sərkərdə vəzifəsinə qoyulmuş Antipatrın hökmdarın anası Olimpiada ilə arası dəyir. Əvvəlcə, bu onu narahat etmirdi, çünki, İskəndər onun əleyhinə olan iftiralara əhəmiyyət vermirdi. Bununla belə, ədavət böyüyür və inkişaf edirdi; hökmdar öz möminliyində hər cəhətdən anasını razı salmaq istəyirdi və Antipatr, bir çox hallarda hökmdarın ona olan kinini biruzə verdiyini sezmişdi. Əlavə olaraq, Filotın və Parmenlonun məhvi "dostları" sarsıntıya məcbur etmişdi və Antipatr hökmdara zəhər verməyi öz saqi oğluna əmr etmişdi. İskəndərin ölümündən sonra o, Avropada ən qüdrətli hökmdar olaraq qalmışdı; ondan sonra hakimiyyət oğlu Kasandra keçmişd; odur ki, çoxları zəhərlənmə barədə yaza bilməmişdilər. Kasandrın hərəkətləri açıq-aydın göstərdi ki, o, İskəndərin fəaliyyətinə son dərəcə mənfi münasibət bəsləmişdi. O, Olimpiadanı öldürür və onun cəsədini dəfn etmədən atdırdı, İskəndər tərəfindən dağıdılmış Fivi isə çox böyük qayğıkeşliklə bərpa etdi" [32, s.XVII-111].
Atalar "Qaya uçanda toz qopar" - demişlər.
Makedoniyalı İskəndərin ölümü haqqında yunan mənbələrində çox yazılar, çox müxtəlif fikir və söhbətlər, çox rəvayətlər var. Biz üç daha etibarlı müəllifin fikirlərini xülasə etdik. Nizaminin də bu mənbələrdən xəbəri vardı.
İskəndərin ölümü xəbəri, vaxtındaca bütün dünyaya yayılmışdı. Bu xəbər və onun ölümü haqqındakı fikir, söhbət və rəylər, rəvayətlər öz rəngarəngliyi ilə digər xalqlara da çatırdı. Hər xalq bu barədə düşünür, deyilənlərə öz sözünü, öz münasibətini də əlavə edirdi. Bu mənada Azərbaycan folklorunda yaranmış rəvayət-hekayə diqqəti cəlb edir. Bu hekayə hadisələrdən xəbəri olan, məlumat və fikirləri bilən qonşu xalqın bu ölüm haqqında öz sözü, öz fikri, öz rəyi, öz yaradıcılığıdır.
Azərbaycan folklorunda İskəndərin ölümü aşağıdakı şəkildə hekayələnib, xalq arasında yayılıb, sinələrə həkk olunub və bu günə də gəlib çatıbdır.

"İskəndərin ölümü" hekayəsi "Belə nağıl edirlər ki, İskəndər bir gün Günəşdən bac almağa gedirdi. Uzun bir müddət yol getdikdən sonra İskəndər öz vəziri Ərəstuna dedi:
- Ərəstun, kitablara bax görək, mən ki, bu qədər yaşamışam, nə vaxt, harada öləcəyəm?
Ərəstun kitablara baxıb dedi:
-Ay, gün göstərilmir, ancaq elə bir vaxtda öləcəksən ki, altın daş, üstün polad olacaqdır.
İskəndər at sürdü, yenə bir müddət yol getdilər. Elə bir yerə gəlib çatdılar ki, Günəşin istisindən nə yerimək, nə də nəfəs almaq mümkün deyildi. İskəndər heç bir kölgəlik tapmadı, isti onu vurdu, naxoşladı, qoşun əhli İskəndəri daş üstə uzadıb, polad qalxanları üstünə tutdular ki, Günəşdən saxlansın. İskəndər xəbər aldı:
- Vəzir, bu nə yerdir?
Vəzir dedi:
-Haman dediyim yerdir ki, qabağımıza çıxdı. "Üstün poladdan demişdim", budur, qoşun əhli üstünə polad qalxanlar çəkiblər. Sənə yer də tapılmadı, daş üstünə uzandın: budur, altın da daşdır.
İskəndər dedi:
-İndi mənə yəqin oldu ki, ölüm haqdır. Anama deyin ki, mənim ehsanıma bütün ölkələrdən şahları, şahzadələri, tacirləri, fəqirləri çağırsın. Məni adıma görə dəfn etsin.
İskəndər vəsiyyətini edib öldü. Qoşun onun meyitini geri gətirdi, İskəndərin ölüm xəbəri bütün dünyaya yayıldı; İskəndərin anası oğlunun cənazəsi üzərində vay dedi, saçını yoldu, oğlunu qızıla, yaquta tutdu, necə vəsiyyət etmişdi, ehsanına bütün ölkələrdən adamlar çağırtdırdı, qazanlar asdırdı. Anası öz-özünə dedi: "Qoy yasa gələnlərdən xəbər bilim, onların da heç ölən adamları varmıdır?"
O saat araya iki cürə xörək gətirdib dedi:
-Ölüsü ölən-bu görəkdən yesin, ölməyənlər - bu biri xörəkdən yesnlər.
Hamı birinci xörəkdən yeməyə başladı. İskəndərin anası gördü ki, dünya üzündə adamı ölməyən yox imiş, odur ki, daha ağlamadı.
Sabahı gün İskəndəri böyük cəlalnan şəhərdən çıxartdılar, qəbristana aparıb dəfn etdilər. Nə qədər çalışdılar ki, İskəndərin sağ əlini yanına qoysunlar, İskəndər yenə də əlini bayıra çıxartdı. İskəndərin anası üst-başında nə ki, qızıl, boyunbağı, pul vardı, qoydu İskəndərin əlinə, o yenə də əlini içəri çəkmədi, anası dedi:
-Oğul, dilə gəl görək nə istəyrsən?
İskəndərdən cavab gəlmədi, anası: "Oğul" deyib ağlamağa başladı.
Belə deyirlər ki, "Dəlidən doğru xəbər": bu qədər camaatın, qoşunun içində bir dəli vardı, yas günündə əlinə aldığı sümüyü gəmirə-gəmirə qəbristana gəldi, gördü ki, buraya yığışanlar İskəndərin sağ əli ilə çalışır-çabalayırlar, amma, İskəndər əlini içəri çəkmir, sağ əli bayırdadır ki, bayırda. Dəli adamları aralaşdırıb zor-güc, İskəndərin qəbrinə tərəf gəldi, camaatın gözü bu dəlidə idi ki, görək nə edəcəkdir. Dəli əyilib yerdən bir ovuc torpaq götürüb İskəndərin sağ ovcuna qoydu, İskəndər torpağı ovucunda bərk sıxaraq, yanına çəkib sinəsinin üstünə qoydu. Camaat bu işə heyran oldu. Dəli çıxıb getdi. Anası başına vurub dedi:
-Dünyadan doymayan oğlum, vay!
Bəli, İskəndəri dəfn etdilər, çıxıb getdilər.
Bir gün İskəndərin anası: "Oğul" deyə-deyə qəbristana gəldi, "İskəndər, İskəndər" deyə çağırdı, heç bir yerdən cavab almadı. Bir də çağırdı, qəbirlərin birindən səs gəldi.
-Ey yazıq nə İskəndər-İskəndər çağırıb, bizi rahat buraxmırsan? Burada o qədər İskəndərlər vardır ki! Biz nə bilək, sən hansı İskəndəri çağırırsan!
İskəndərin anası başına döyüb dedi:
-Mən elə bilirdim ki, dünya üzündə mənim oğlum İskəndərdən başqa İskəndər yoxdur, demə, yüz mənim oğlum kimi İskəndərlər bu dünyaya gəlib getmişlər.
O gündən sonra İskəndərin anası oğlu üçün ax-vay etmədi, ağlamadı" [17, s.88-89].
"İskəndərin ölümü"nün Azərbaycan xalq variantı hər cəhətdən öz üstünlüyü: bədii dəyəri, ibrətli məzmunu, qoyulan problemlərin bəşəriliyi ilə diqqəti cəlb edir. Hekayədə İskəndərin ölümü ilə bağlı olduqca mühüm dünyəvi məsələlərə toxunulur, məsələlər qoyulur və bədii həllini tapır.
1) İskəndərin qızdırma xəstəliyinə tutulmasına münasibətini xalqımız onun Günəşdən bac alması ilə əlaqələndirir və izah edir: Günəşdən bac almaq xəyalına düşən hökmdarın aqibəti elə belə olar və ya olmalıdır! Bu isə xalqın Günəşə sitayişi ilə, Günəşi tanrı sayması ilə bağlıdır; qədim azərbaycanlıların dini kahini Zərdüşt də Günəşə sitayişi ilə səciyyələnir, yunan mənbələri onu belə də təqdim edirdi [33, s.65]. Elə hekayənin başlanğıcında ilk cümlədə açıqca bu xal vurulur: "Belə nağıl edirlər ki, İskəndər bir gün Günəşdən bac almağa gedirdi…"
2) "Ölüm haqdır", qarşısı alınmaz dərtdir. Bu ideya hələ "Bilqamıs" dastanında qoyulub, öz bədii həllini tapmışdı; istər şah ol, istərsə də rəiyyət, axırı ölümdür. Bu həqiqət İskəndərin dili ilə onun özünə dedirdilir: "İndi mənə yəqin oldu ki, ölüm haqdır. Anama deyin ki, mənim ehsanıma bütün ölkələrdən şahları, şahzadələri, tacirləri, fəqirləri çağırsın. Məni adıma görə dəfn etsin…" Nizamidə də bu tel xalqdan gəlir; İskəndər məktubunda anasına yazır:

"Dünya bir kimsəyə qalmışsa əgər,
Səni də qoy üzsün bu dərd, bu kədər.

Ancaq bu dünyanı fani görəndə
Başqaları kimi toxtaq ol sən də!
Yox, əgər bunlara baxmayaraq sən
Mənimçün yasxana qurmaq istəsən,
Əvvəlcə şahanə bir məclis düzəlt,
Gözəl yeməklərdən bir süfrə bəzət.
Çağır qonaqlığa xalqı, hər nə var
Bütün gələnləri elə xəbərdar:
Qəbirdə adamı yoxsa hər kəsin,
Buyursun süfrəyə doyunca yesin!..
Əgər yemiş olsa onlardan biri,
Sən də ye dünyada acı qəmləri.
Heç kim o süfrəyə əl uzatmasa,
Sən də unut qəmi, heç batma yasa!..”
[19, s.592].

3) Bizdə "İnsanın gözünü ancaq torpaq doydurar" məsəli var. İskəndərin qoşununun və camaatın içində bircə ağıllı adam tapılmır ki, dəfn zamanı onun bayıra çıxan sağ əlini yanına qoya bilsin. Ancaq bir "dəli" gəlib əlinə bir ovuc torpaq qoyur, hökmdar torpağı ovcunda bərk sıxaraq əlini yanına çəkir. Bununla xalq İskəndərə və ümumiyyətlə fatehlərə qarşı öz münasibətini bildirir. Nizamidə də bu tel xalqdan gəlir. "İskəndərnamə"də bundan çıxarılan məna və nəticə də düşündürür:

“Bir bədən gümüştək ağarıb solsa,
Nə fayda, tabutu qızıldan olsa?
Şahın öz rəyincə verildi qərar,
Qoyuldu bir əli tabutdan kənar.
Ovcuna torpaq da töküb bir qədər,
Sonra hər tərəfə car çəkdirdilər:
"Görün, yeddi ölkə hakimi olan
İskəndər dünyadan köçdüyü zaman
O saysız-hesabsız xəzinələrdən
Bir ovuc torpaqdır əlində gedən!
Sizin də dünyadan gedərkən ancaq
Payınız bir ovuc torpaq olacaq!..” [19, s.594].

4) Dünyaya gəlib-gedən İskəndərlərin sayı-hesabı yoxdur. Anasının dilindən hekayənin sonluğunda deyilən bu sözlər necə də ibrətlidir! "Mən elə bilirdim ki, dünya üzündə mənim oğlum İskəndərdən başqa İskəndər yoxdur, demə, yüz mənim oğlum kimi İskəndərlər bu dünyaya gəlib gedibdir" və hb.
Dünyanın əzəldən mövcud əbədi qanunlarına - olum, ölüm və fatehliyə münasibətdə xalq heyrət doğuracaq dərəcədə öz ağlını işə salıb, müdrikliyini göstərir; deyərdik ki, hekayədə qoyulan və öz bədii həllini tapan fikirlər İskəndərin ölümü ilə bağlı yazılan və mənbələrdə deyilən bütün fikirləri vurub keçir.
Nizami İskəndərlə əlaqədar tarixi mənbələrlə, bərabər Azərbaycan xalq yaradıcılığı ilə də şəksiz tanış idi. Lakin o, özünə məxsus müstəqil yolla getmiş, bu şəxsiyyətin ölümü haqqında öz sözünü, öz fikrini, öz rəyini söyləmişdi. Nizami özünə qədərki mənbələrdən fərqli olaraq, ölüm yatağında İskəndərin düşüncələrini verir, daxili aləmini açır; tam yeni, poetik bir surət yaratmış olur.
Nizami də İskəndərin qızdırmaya tutulduğunu və bu xəstəlikdən də öldüyünü yazır; onun dilindən
"Mənim od qılınclı qoşunum hanı?
Qovsun canımdakı bu qızdırmanı" [19, s.583]. -
deyir.
Lakin məsələnin dərinliyinə getmir və ona bu lazım da deyildi. Çünki tarixçilər bunu yazmışdılar.
Nizami İskəndərin öz dili ilə onun dünyəvi kədərini verir, dünyanı fəth etmiş bir cəngavərin ölüm qarşısında necə də aciz qaldığını təsvir edir; onun kədərinə özü də şərik çıxır:

"Ömrümü qəflətlə vurmadım başa,
Ağılla, hünərlə mən doldum yaşa.
Bütün biliklərdən dərsimi aldım
Ölümün əlində, heyf, aciz qaldım.
Çox azğın zalimi çəksəm də dara,
Bu namərd ölümə tapmadım çara.
Bir ölümdən başqa hər bir müşkilə
Mümkündür birtəhər çarə edilə.
Hanı yollarına qızıl səpdiyim
Dərin düşüncəli yüzlərcə həkim?
Torpağı qızıla çevirin yenə,
Gəlin, əlac edin şahın dərdinə.
Hardadır Ərəstun - tapa bir dərman.
Məni biliyilə qurtara dardan?
Hanı əfsun bilən həkim Bəlinas?
Gəlib İskəndəri eləyə xilas.
Hanı bəs Əflatun, o təmiz insan?
Mənim bu dərdimə eləyə dərman.
Hardadır o böyük bilici Valis?
Desin bu mərəzə nə oldu bais.
Çağırın Sokratı, bəlkə əql ilə

Bu bağlı qapını o aça bilə.
Hürmüzə göndərin durmadan xəbər
Bəlkə ürək verə şaha birtəhər…" [19, s.585].

Nizami İskəndərin həyəcanlarını vermək, onun psixoloji aləmini ön plana çəkib açmaq istəmişdi; bu, eyni zamanda Nizaminin öz sözü, İskəndərin ölümünə öz münasibəti idi.
İkinci hekayə üzərinə gələk.

"İskəndərin anası" hekayəsi. "Belə rəvayət edirlər ki, günlərin bir günü İskəndər ölür. O, öləndən sonra, saray adamları hazırlıq görüb onu basdırmaq istəyirlər. İskəndərin anası oğlunun basdırılmasına razılıq verməyib deyir:
-Mən heç vaxt razı olmaram ki, bütün dünyada məşhur hökmdar olan oğlum İskəndəri aparıb qara torpaq altına basdırasınız.
Saray adamları onun yanına gəlib nə qədər yalvarırlar, nə qədər dəlillər gətirirlər, nə qədər nəsihət eləyirlərsə də, İskəndərin anası oğlunun basdırılmasına razı olmur ki, olmur. Saray adamları görürlər ki, xeyir, bu arvad deyir ki, toyuq bir qıçlıdır ki, bir qıçlıdır.
Xülasə, çox götür-qoydan sonra onlar İskəndərin anasına belə bir məsləhət görürlər: indi ki, oğlunun basdırılmasına razı olmursan, bəs elədə bizim məsləhətimiz budur ki, onun cənazəsini ayrı bir otaqda qoyaq, sən də onun cənazəsinin yanında oturasan. Bu şərt ilə ki, yemək yeməyəsən.

İskəndərin anası saray adamlarının bu sözünə razılıq verdikdən sonra İskəndərin cənazəsini tək bir otağa qoyurlar. Anası da gəlib oğlunun cənazəsinin yanında oturur. Amma ondan gizlin otağın uca bir yerindən bir parça çörək asırlar. İskəndərin anasını bu otağa salıb qapını daldan bərkidirlər.
İskəndərin anası üç gün, üç gecə dilinə heç bir şey almayıb, oğlunun meyitinə baxıb ağladı. Dördüncü gün idi. arvad ağlamaqdan az qala həlak olmuşdu. Amma elə bərk acmışdı ki, bütün bədəni yarpaq kimi əsirdi. Arvad ayağa durub yemək üçün otağın hər tərəfini gəzdi. Amma heç bir şey tapmadı. Bir də gördü ki, otağın uca bir yerindən bir parça çörək asılıbdır. Nə qədər çalışdı, nə qədər əlləşdi, gördü əli çatmayacaqdır.
Arvad gördü ki, xeyir, lap az qalır ki, acından ölsün. Otağın içində də elə bir şey yoxdur ki, heç olmasa, ayağının altına qoyub çörəyi endirsin. Axırda əlacı hər yerdən üzülüb çıxdı oğlunun meyitinin üstünə, çörəyi endirib yerə düşdü. Demə, saray adamları arvadı otağa salandan sonra, qapının dalında durub onu pusurmuşlar. Arvad çörəyi endirib düşən kimi, onlar içəri girib dedilər:
-Sən oğlunun basdırılmasına razı olmurdun ki, onun qəbrinin üstündən ayaq basıb keçərlər. Amma indi sənin özün oğlunun cənazəsi üstünə çıxıb bir parça çörək üçün onu ayaqlayırsan.
İskəndərin anası gördü ki, doğrudan da onlar haqlıdırlar. O saat razılıq verdi ki, İskəndəri basdırsınlar. Ondan sonra saray adamları böyük bir cah-calalla İskəndəri aparıb şəhərin böyük bir qəbristanlığında basdırdılar" [17, s. 90-91].
Ana ləyaqəti, ana yanğısı, ana ürəyi Azərbaycan ədəbiyyatının, xüsusilə onun folklor qolunun əzəli və ədəbi mövzusudur. İskəndər kimi bir oğul itirmiş ana bizim ululara, xalq müdriklərinə təzə söz demək, fikir söyləmək, nəsillərə nəsihət vermək üçün gözəl mövzu, necə deyərlər, bir fürsət idi. iskəndərin anası ilə bağlı bu əhvalat yunanlarda olmaya da bilərdi. Bu bizim ulu babaların ağlının məhsulu, bədii kəşfi idi. hekayənin məzmunu ilə Nizaminin fikirləri arasında da bir o qədər oxşarlıq və yaxınlıq hiss olunmur. Nizami bu barədə bir söz demir və "İskəndərin məktubunun anasına çatması" bölməsini bu sözlərlə tamamlayır:

"Çatanda hamını batırdı qəmə,
Şahın anasına yazdığı namə.
Oxuyub məktubu ana ağladı,
Matəmə büründü, qara bağladı.
Baxdıqca oğlunun bu məktubuna
Tumartək qıvrılıb açıldı ana.
Qəlbi yas tutsa da bu möhnətindən
Çıxmadı o şahın vəsiyyətindən,
"Oğlunun qoy ruhu şad olsun!" dedi.
Onun andlarına əməl elədi…
Bir an kəsilmədi ahı, fəryadı,
Tez getdi dünyadan, o da qalmadı!
Qara taleyinə əlvida etdi.
Onun da həyatı bu cürə bitdi"
[19, s.597-599].

Deməli, "El variantları"ndakı hekayə tam orijinaldır. Hekayədə xalqımızın qəlbinin dərinliklərindəki həyat eşqinin bir həzin nöqtəsinə toxunulur. Ananın dərdi böyükdür və əlacsızdır. Həyatın isə öz qanunu var; "dünyada heç kəs qalmayıb və qalmayacaq; buna görə də ölənlə ölmək olmaz!"