<<< geri

 

 

 

4. Nizami və tariximizin açılmamış səhifələri

 

 

Nizaminin yaradıcılığı bütöv bir tarixdir. Azərbaycan xalqının qədim tarixini, xüsusilə bu tarixin m.ö dövrlərini öyrənmək üçün Nizaminin zəngin bədii irsi tükənməz mənbədir. Bu mənbədən çox şey götürə, tariximizin hələ açılmamış qaranlıq səhifələrini aça və işıqlandıra bilərik.
Nizaminin qələmə aldığı tarixi qəhrəmanlar və bunlarla əlaqədar təsvir etdiyi hadisələr şair təxəyyülünün məhsulu olmayıb, məhz mövcud tarixi şəxsiyyət və hadisələrin bədii gerçəkliklə tərənnümüdür. İskəndərin Azərbaycana gəlməsi, Nüşabə ilə görüşü, Şirvandan keçib Dərbəndə getməsi, türk xalqları ilə diplomatik əlaqələri, sülh-dostluq müqavilələri, əhd-peymanları, Orta Asiyaya, Çinə səfəri və sair də Nizamiyə məlum olan mötəbər tarixi dəlillər, həqiqətlər idi və bunları inkar etmək üçün, hələlik heç kəs, heç bir tədqiqatçı ortaya tutarlı fakt-dəlil çıxara bilməyib. Bu həqiqəti təsdiq üçün isə tarixdə kifayət qədər dəlillər vardır.
Makedonyalı İskəndərin zamanında, əlbəttə, ayrıca Azərbaycan, onun adı yox idi. azərbaycan adının ilk şəkli olan Atropatena və müstəqil Atropat hökmdarlığı vardı; Azərbaycan adı sonralar, təxminən bizim eranın əvvəllərindən ortaya çıxır, tarixi mənbələrə düşür. Məs.: F.Simokattada bu ad Aderbayqan// Adərbayqan şəklində dörd yerdə xatırlanır [56, s. 98, 105, 109, 114]. Artıq VI-VIII əsrlərdə Azərbaycan müstəqil ölkə idi. adı da müəyyən idi,.. onun yenilməz Bayandur xan hakimiyyəti vardı [60, s.40]. VII-IX əsrlərdə bu ölkəni bütünlüklə ərəblər istila etdi; XII əsrdə isə qüdrətli Atabəylər dövləti yarandı… Eradan əvvəlki IV-III əsrlərə Nizami məhz XII əsrin gözü ilə baxmış, tarixi faktların və ağlının məntiqi ilə əsərinə "İskəndərin Azərbaycana gəlməsi" fəslini daxil etmişdi; o vaxtlar hələ ölkənin adı yox idisə də, torpaq haman torpaq, xalq əsasən haman xalq idi.
Nizamidə təsvir olunan hadisələr - İskəndərin Azərbaycana hərbi yürüşü, Bərdədə olması, Nüşabə ilə görüşü və b.k. bədii həqiqətlər tarixi həqiqətlərlə səsləşir, bir-birinə uyğun gəlirsə, bununla tariximizin hələ də qaranlıq qalan səhifələri işıqlandırılır, müəyyən mənada açılmış olur. Problemin ciddiliyi də, tarixi-elmi əhəmiyyəti də bundadır.
Nizami "Dastanın xülasəsi…" fəslində açıqca yazır ki, o, tarixləri dönə-dönə vərəqləmiş, "ən qədim tarixi əsərlərdən" yəhudi, nəsrani, pəhləvi kitablarından "köhnə nüsxələri" əsas almış, "ən doğru" saydığı sözləri seçmiş, "doğru olmayan sözlərdən qaçmışdır".
Nizami əmin idi ki:
"Ən kəskin qələmlə ciddi yazılan,
Dastanımda yoxdur, azacıq yalan" [11, 29]

"İskəndərnamə"də şairin bilib-eşitdiyi rəvayət və əfsanələrdən istifadə etdiyinə bircə işarə, bircə eyham belə yoxdur; əksinə, şair açıqca deyir ki:
"Yazsaydım hər bilib, hər eşidəni
Yalana çəkərdi sözün yüyəni" [11, s. 43]
Nizami tarixi hadisələri, oxuduğu və eşitdiklərini seçməkdə, saf-çürük etməkdə ağıl və zəka sahibi idi; məs., "İskədərnamə"də İskəndərin doğuluşuna, əsil-nəsəbinə dair söylənilən rəvayətləri xatırlayıb bunları rədd edir; məsələyə münasibətini bildirir:

"Bunlarda həqiqət görmədim bir az,
Tarixçi bunları qələmə almaz" [19, s.63]

deyə özünü tarixçi sayır və məsələyə münasibətini bildirir, əsl həqiqəti söyləyir.

"Doğrusu budur ki, bilir hər diyar
Feyləqus oğludur böyük tacıdar" [19, s.63]

Biz Nizaminin poeziyasına - ağlına, zəkasına inanırıqsa, müraciət etdiyi dəlillərin də tarixiliyinə inanmalı, bu dəlillərə ciddi münasibət bəsləməliyik.
Nizaminin İskəndərin Azərbaycana yürüşü ilə əlaqədar verdiyi bəzi bədii həqiqətlərə, dəlillərə diqqət edək və bunları tarixi həqiqətlər və dəlillərlə tutuşduraq.
İskəndər Bərdə (e.ə. hürum /horum/) padşahı Nüşabə ilə görüşür… sonra Şirvandan keçib, dərbəndə səfər edir:

"Elə ki, Əlburzə yol aldı ordu,
Hər yerdə şahdan bir naib oturdu.
Bu çətin yollarda heç yorulmadan,
Ovçu aslan kimi keçdi Şirvandan

Açaraq öz istək qol-qanatını,
Oradan Dərbəndə sürdü atını"[11,s. 223].

Dərbənd ətrafında dağlılar "qıpçaqların dəhşətli basqınları"ndan şikayətlənib İskəndərdən kömək istəyirlər. İskəndər "Dərbəndə böyük səd çəkdirir"; o, qıpçaq çöllərinə yön alır; "köçərilər", "çöl xalqı" adlanan qıpçaqların hökmdarı ilə görüşür; İskəndər ordusu "qıpçaqla qaynaşan boz çöllər görür" [11, s. 229, 309] və hb.
Y.E.Bertels İskəndərin Azərbaycana gəlməsi, Nüşabənin yanına getməsi və Dərbənddə intizam yaratması epizodlarını xatırladaraq yazır: "Nizaminin əsərlərində elə dəlillərə rast gəlirik ki, onların mənbələri məlum deyildir. Görünür ki, Nizami Azərbaycan xalq rəvayətlərindən istifadə edirdi. İskəndər haqqında əfsanə indiyə kimi Azərbaycan xalqının dilində dastan olmuşdur. Nizaminin bu mövzunu seçməsi faktının özü də göstərir ki, onun zamanında da bu rəvayətlər vardı" [11, s. IX].
Rəvayət elə-belə, öz-özündən yaranmır. Əgər İskəndər haqqında "Nizaminin zamanında da rəvayətlər vardı"sa, bu rəvayətlərin tarixi, kökü, əsası da olmalı idi… Nizami də məhz bu kökə, əsasa istinad etmiş, ilk və "ən qədim tarixi" mənbələrə əsaslanmışdı. Nizaminin bədii şəkildə təsvir etdiyi hadisələr real tarixi hadisələrdir. İskəndər Qafqaza, Azərbaycana (habelə Gürcüstana), Uyğur ellərinə gəlmiş, xaqanlarla diplomatik münasibətlərdə olmuşdur. Bərdəyə də gələ, Şirvandan keçib dərbəndə də gedə bilərdi…
Makedoniyalı İskəndərin Qafqaza, Atropatenaya və Albaniyaya, yəni Azərbaycana səfərini tarixi mənbələr təsdiq etməkdədir. Hələlik, bizə məlum olan mənbələr aşağıdakılardır:
Yunan mənbələri. Flavi Arrian (II əsr), "İskəndərin yürüşləri" (yeddi kitab) əsərində "Eradan əvvəl IV əsrdə Alban qəbilələri və sakasenlərin Makedoniyalı İskəndərə qarşı çıxdıqlarını xatırladır; Atropatın İskəndərə yüzlərlə amazon qızlar bağışladığını söyləyir" [27, s. 222-223].
"Albaniya tarixi"ndə Mesrop Moştosun xristiyanlığı təbliğilə əlaqədar deyilir: "O, Udi ölkəsində, Albaniyada, Lipin və Kaspidə, Çor keçidləri vilayətlərində və başqa, Makedoniyalı İskəndərin əsir edib apardığı və böyük Qafqaz dağlarının ətrafında yerləşdirdiyi tayfalar arasında, qarqarlar, kamiçyentaqlar arasında, onların çoxdan qəbul etdikləri, lakin unutduqları allaha inam adətlərini öyrənərək, onların inamlarına müraciətlə öz İncil moizələrini yayırdı" [46, s. 49] - Kursiv bizimdir.
Siriya - nəsrani mənbələri. Burada Makedoniyalı İskəndərin Şərqə səfərindən danışılır; Dərbənd keçidindəki dəmir qapıların tikilməsi onun adına yazılır: "Makedoniyalı Filippin oğlu İskəndər fədakarlıq göstərib dünyanın axırınadək getmiş və hunlar daha (cənuba) keçib ölkəni qarət edə bilməsinlər deyə bu şimal küləyinin qabağını kəsmiş - dəmir qapılar dikəltmişdir" [65, s.38].
Gürcü mənbələri. Bu mənbələr İskəndərin Qafqaza səfəri, Gürcüstanda olması ilə əlaqədar daha ətraflı və daha dəqiq məlumatlar verir. XII əsrdə yazılmış gürcü salnamələrində deyilir: "Makedoniyalı İskəndər qərbdən zühur etmiş, cənuba getmiş, şimala yönəlmiş, Qafqazdan keçmiş və Gürcüstana gəlib çıxmışdı" [35, s. 1-6]. Salnamə davam edir: "İskəndər padşah Lota nəsli evladlarını sıxışdırıb şimal ölkəsinə geri çəkilməyə məcbur edərkən o, əvvəlcə Kür çayının axarı üzrə yaşayan sərt buntürk tayfaları və Kürün ətrafındakı dörd şəhərlə qarşılaşdı. O, Sarkine, Kaspi, Urbnisi, Odzraxe şəhərləri və onların bu qalaları: Sixedidi, Sarkine qalası, Uplis-sixe, Kaspi qalası, Urbnis və Odzraxe qalaları ilə üz-üzə gəldi" [35, s. 1-6].
Belə anlaşılır ki, Sarkine və Kaspi qalaları buntürklərə məxsusmuş və əsası onlar tərəfindən qoyulmuşdur. Kaspilər qədim iskit-türk tayfalarındandı, odur ki, şəhər-qala adı kimi Kaspi sözünün özü burada az söz demir, bu şəhər-qalaya, təbii olaraq, onlar öz adını qoymuşlar. Demək, kaspilərin orada mövcudluğu tarixi daha qədim, m.ö IV əsrdən əvvəl imiş və gürcülər kaspiləri, habelə buntürkləri yaxşı üzdən tanıyırdılar, onların mərdliyi, igidliyi və qocalığına bələd idilər ki, bərk ayaqda onlara arxalanır, sığınırdılar. Salnaməni gürcü dilindən ruscaya tərcümə edən Y.S.Takayşvili bu münasibətlə çıxarışda belə bir qeyd verir: "Gürcü salnaməsi Kartlis Sxovrebanın yazdığına görə, buntürklər və ya türklər, başqa sözlə, turanlılar gələcəkdə fars hökmdarı Keyxosronu və ya Keyxosroyu öz sərhədlərindən sıxışdırıb çıxarmaq üçün Kurgen, yəni Kaspi dənizindən Kür çayı boyunca yuxarı yeriyərək Msxetiyə 28 (başqa varianta görə 28000) ailə gəldi. Msxeti mamasaxli və bütün kartvellərin, yəni gürcülərin müsaidəsi ilə farslara qarşı mübarizədə öz köməklərini vəd edən buntürklər Msxetidən qərbdə qaya kahalarında yerləşdirildi. Onların möhkəm istehkama çevirdiyi bu yer nəticədə Sarkine və ya Sarkineti adını aldı ki, mənası dəmir tapılan yer deməkdir" [35, s. 1-6].
Yenə "Salnamə"də deyilir: "O (İskəndər) onları (buntürkləri) şəhərlərdən sıxışdırmaq istədi, amma onların alınmaz qalaları, habelə möhkəm bərkidilmiş şəhərlərilə qarşılaşdı, o vaxt bunu edə bilmədi" [35, s.1-6]. Daha sonra: "Bizim salnaməyə görə, Makedoniyalı İskəndər Gürcüstana iki dəfə daxil olmuşdur. Birinci dəfə o, buntürkləri məğlub edə bilmədi, amma ikinci dəfə onları məğlubiyyətə uğratdı. Bir müddət sonra dünya padşahı İskəndər üç şəhəri və qalanı, habelə silahlı hunları məğlub etdi. O, təkcə Sarkine şəhərilə on bir ay vuruşdu… sonra Sarkineni aldı; həmin buntürklər şəhəri tərk etməli oldu və oradan yığışıb getdilər" [35, s.1-6].
"Salnamə"də tez-tez müraciət edilən "buntürk" sözü və bu sözə tərcüməçinin mənbələrə əsaslanaraq verdiyi şərh xüsusilə diqqəti cəlb edir: "Buntürk sözü iki sözdən ibarətdir: "bun" gürcücə "buni" və "türk" gürcücə "turki". İkinci sözün mənası məlumdur, turanlıların adı, türk mənşəli adam deməkdir. Birinci söz Savvi-Sulxan Orbeliani lüğətində, habelə D.Çubinovda nizə tutacağı mənasında izah olunur. bu söz gürcücə deyil; görünür, gürcü dilində o, həmişə nizə mənasını verib; axı elə olur ki, əşyanın bir hissəsinin adı həmin əşyanın özünə köçürülür. Belə bir fikrə əsaslandıqda "bun-türk" nizəli türklər mənasını vermiş olur" [35, s. 1-6].
"Qədim türk lüğəti"ndə (DTS-da) "bun" sözünün türk mənşəli söz olduğu və qədim uyğur kitabələrində işləndiyi, əsas, özül, təməl, bünövrə mənalarını verdiyi göstərilir [33 a, s.124]. Belə olan surətdə m.ö VI-IV əsr buntürkləri "əsas türklər", "əsl türklər","özül türklər"… mənalarına tam uyğun gəlir.
Buntürklər Azərbaycanda təsadüfi və gəldi-gedər xalq deyildi, onlar məhz m.ö 530-cu illərdə Araz üstündə Kirin başını kəsib qan tuluğuna atdırmış Tomirisi ananın övladları və ya Azərbaycan torpağında b.e.-nın VI-VII əsrlərində "Dədə Qorqud"u - "Oğuznamə"ni yaratmış xalqın babaları idilər ki, onların bir hissəsi müəyyən razılıq əsasında m.ö VI əsrdə gürcülərə köməyə gedibmişlər. Bu faktlar Azərbaycan-gürcü ictimai-siyasi əlaqələrinin də çox dərin kökləri olduğunu, habelə indi Gürcüstan ərazisində yaşayan azərbaycanlıların orada məskunlaşması tarixinin məhz m.ö VI əsrdən gec olmadığını təsdiq edir. Ehtimal ki, qədim gürcülər İran qəsbkarlarına qarşı mübarizədə qüvvələri birləşdirmək, Kirin (və ya Keyxosrovun) başını əzmək məqsədilə qonşu xalqın Azərbaycan buntürkləri içərisindən 28000 ailəni dəvət etmiş, onları qədim Msxetinin qərbində, Kürün sağ və sol sahil yarqanları boyunca yerləşdirmiş və bu tarixi faktı "Salnamə"lərinə də salmışlar. Bu o tarix idi ki, artıq qeyd edildiyi kimi, İran şahı Kir (Keyxosrov) Araz hökmdarı Tomirisi hədələyir, müxtəlif fənd və hiylələrlə Azərbaycan torpağını zəbt etmək istəyirdi. Məhz bu təhlükəyə qarşı gürcülər də tədbirlər görmüş, hazırlanmış və Kaspi-Kür boyunca sakin olan turanlıları köməyə dəvət etmişdilər…
Lakin tarix elə gətirmiş ki, Araz üzərində düşmənin başı əzilmiş, təhlükə sovuşmuşdu; buntürklər isə orada qalıb mütəmadi olaraq qala və istehkamları möhkəmlətmiş və təxminən iki əsr, sonra Makedoniyalı İskəndərin qoşunlarına qarşı dayanmalı olmuş, son nəfəsədək öz qüdrətini nümayiş etdirmişlər.
Nizaminin təsvirinə görə Azərbaycanda da İskəndəri bu döyüşkən xalq qarşılamışdı. Nizami bunu tarixi həqiqətə əsaslanaraq yazmışdı. Yəqin ki, Sarkine qalasında ciddi müqavimətə rast gələn və məğlubiyyətə uğrayan Makedoniya fatehi Bərdədə bu xalqla, Bərdə padşahı Nüşabə ilə, habelə Orta Asiya türk xalqları ilə ehtiyatla davranmalı, onlarla hesablaşmalı olmuşdu…
Beləliklə, mövcud tarixi qaynaqlar Nizaminin tarixi hadisələrə münasibətdə məhz böyük sədaqətini təsdiq edir.
Qədim türk mənbələri. Mahmud Kaşğarlının m.ö IV əsr yunan-türk münasibətlərinə dair xatırlatdığı və Nizaminin "İskəndərnamə"də istifadə etdiyi dəlillərlə tam uyğun gələn məlumatları da bu tarixi həqiqətlərlə səsləşir.
Mahmud Kaşğarlı yazır:
"Türk xaqanı vuruşmaq üçün Zülqərneyin üzərinə gənclərdən ibarət bir bölük əskər göndərir. Xaqanın vəziri ona deyir: "Sən Zülqərney qarşısına gəncləri göndərdin, onların içərisində sınanmış təcrübəli, döyüşkən adamların olması lazımdır" [61, I, s. 99].
Belə anlaşılır ki, Xaqan vəzirin sözünə əhəmiyyət vermir, məhz İskəndərin qarşısına gənc, təcrübəsiz qoşun göndərməklə, ona "həddini tanıtmaq" istəyir, onunla barışır və bu həqiqəti Nizami də "İskəndərnamə"də verir.
Mahmud Kaşğarlı davam edir:
"Zülqərney türk xaqanı ilə barışdıqdan sonra şəhərlər saldırmışdır. Zülqərneyin saldırdığı "Sülmi", "Qoçu", "Canbalıq", "Beşbalıq", "Yenibalıq" adlı şəhərlərdir" [61, I, s.112].
Əgər bu şəhər adları İskəndər zamanından qalmadırsa, sırf türk mənşəli sözlər kimi türk xalqlarının tarixində müstəsna əhəmiyyəti ola bilər. İskəndərin türk ellərində şəhərlər saldırması, hətta bəzi müasir məşhur şəhərlərin İskəndər tərəfindən əsası qoyulduğu fikri eynilə Nizamidə də var. hələ "İskəndərnamə"nin başlanğıcında, "Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi" fəslində Nizami yazmışdı:

"Hinddən başlayaraq Yunana qədər,
Hər yerdə tikdirdi böyük şəhərlər.
Səmərqənd şəhrinə o verdi zivər,
Cəndi də tikdirmiş böyük İskəndər.
"Həri"də yadigar qalmışdır ondan
Varmıdır belə bir məmləkət quran?!
Dərbəndi deyirlər İskəndər qurdu
Əqliylə o şəhrə böyük səd vurdu…" [11, s. 41].

Çin səfərindən qayıdarkən "Xaqanın İskəndəri qonaq etməsi" fəslində Nizami yenidən xatırladır ki:

"Nə qədər var, dövlət almışdı Çindən,
Qaldığı yerlərdə dağıtdı şən-şən.
Şənləndi o yerdə viranə yerlər.
Yenidən saldırdı bir neçə şəhər.
Səmərqənd ki, dünya sevinir ona
Deyirlər İskəndər etmişdir bina" [11, s.502].

Mahmud Kaşğarlıda da, Nizamidə də İskəndərin saldırdığı beş şəhərin adı çəkilir. Lakin şəhərlərin adları başqa şəkillərdə təqdim olunur. Nizami XII əsr şəhərlərinin müasir adından çıxış edir, bəzən onların tarixinə nəzər salır, vaxtilə başqa adlar daşıdığını deyir; İskəndər tərəfindən ya əsası qoyulduğu və ya bərpa edildiyinə işarələr vurur: "Səmərqəndə zivər verdi", "Dərbəndə böyük səd vurdu", "Bulqar şəhərini bərqərar etdi" və hb. Nizami tarixi həqiqəti gözləyərək, yeri gələndə şəhərlərin həm qədim - İskəndər dövründəki, həm də müasir - XII əsrdəki adlarını yanaşı çəkir:

"Hürum" adlanırdı bu yurd hər yerdə,
İndisə adına deyirlər Bərdə.
Və:
"Bulğar şəhərini o etdi bərqərar,
O şəhərin adıdır əslində Bum-qar" [11, s.195].

Mahmud Kaşğarlıda İskəndərin saldırdığı şəhər adları tərkibcə sırf türkcə olub, miladdan əvvəlki IV-III əsrlərlə səsləşir, zamanına daha yaxın görünür…
Bu məlumatlar köçəri iskit-türk xalqlarının tarxində tam yeni dövrün - köçərilikdən oturaq həyata keçid dövrünün başlanğıcına da işarələrdir.
Mahmud Kaşğarlı yazır:
"Zülqərney türk ölkəsinə yönəldiyi vaxtlarda türklərn çox qüdrətli və böyük ordusu olan Şu adlı gənc bir xaqanları vardı… Xaqan Şuya Zülqərneyin yaxınlaşdığı xəbərini vermiş və demişdir: nə buyurursunuz, əmriniz nədir? Vuruşmaqmı? Xaqan dərhal təbilləri çaldıraraq, yığışıb şərqə tərəf hərəkət etməyə əmr verir" [61, III, s. 413, 414].
Burada geriyə çəkilmə bir siyasət olub, strateji cəhətdən əsaslandırılır. Xaqan Şu deyir: "Zülqərney dediyiniz şəxs bir yolçudur. Bir yerdə qərar tutmaz. Buradan da keçib gedər. Biz də öz yerimizdə qalarıq" [61, III, s. 415, 416].
Nizami elə bil eyni faktı götürüb nəzmə çəkmişdir. İskəndərin hücumu, türk ellərinə gəlişi ilə əlaqədar məsləhət üçün Xaqan öz vəzirinə müraciətlə deyir:

"Bilmirəm bu şahın nədir istəyi?
Ölkəyə gəlməkdən nədir diləyi?"
Xaqana söylədi ağıllı vəzir:
"Çətindir göstərmək sənə bir tədbir…
Onunla bircə ay get keçin bir az,
Bu yerdə yad olan çox uzun qalmaz…
Çalış ki, bu qara əjdaha bədən
Hörmətlə sovuşsun bizim ölkədən" [11, s. 279-280].

Mahmud Kaşğarlı yazır:
"Zülqərney uyğur ellərinə yaxınlaşdıqda türk xaqanı ona qarşı dörd min əsgər göndərir; dəbilqələrinə şahin qanadları taxmış əsgərlər qabağa ox atdıqları kimi, arxaya da ox atırmışlar. Zülqərney çaşıb qalmış və demiş: "Bunlar öz-özlərini girləyərlər, başqasının azuqəsinə möhtac olmazlar, çünki bunların əlindən ov qurtarmaz, istədikləri zaman ovlayıb yeyə bilərlər" [61, I, s. 111, 112].
Bütün bunlar bir-birini tamamlayan dəlillərdir və mötəbər mənbələrdən gəlir. mahmud Kaşğarlıdan yüz il sonra yaşamışsa da, onun "Divan"ındakı məlumatlardan Nizaminin xəbəri olmaya bilərdi. Çünki Kaşğarlının əsəri Bağdadda yazılmış, əlyazması olmuş, sonra da itmiş, ancaq XIX əsrin sonlarında ortaya çıxmışdır. Lakin bu məlumatların bir-birini tamamlaması faktı göstərir ki, biri filoloq-dilçi alim, digəri şair-sənətkar kimi eyni mötəbər mənbəyə və ya mənbələrə isnad etmişlər. Bu isə türk xalqlarının, o sıradan Azərbaycan xalqının qədim, bizim eradan əvvəlki dövr tarixini öyrənmək üçün böyük elmi əhəmiyyət kəsb edir.
Artıq qeyd edildiyi kimi, XII əsrdə yazılmış gürcü "Salnaməsi" məlumat verir ki, Makedoniyalı İskəndər Gürcüstana iki dəfə daxil olmuşdur. Nizami də təsvir edir ki, Makedoniyalı İskəndər Azərbaycana iki dəfə daxil olmuşdur. Bu məlumatların bir-birinə uyğun gəlməsi faktının özü də tarixi həqiqətin təsdiqinə az kömək etmir.
Makedoniyalı İskəndərin hərbi səfər etdiyi ölkələrdə şəhərlər saldırdığı, abadlıq işləri apardığı, kanallar çəkdirdiyi və s. kimi dəlillər tarixi mənbələrdə var.
Strabon deyir ki, Asiyanın vilayətlərində, "Baktriya və Soqdianada İskəndər 8 şəhər bina etmiş və bir neçəsini dağıtmışdır" [56, s. 488].
VI-VII əsrlər Bizans tarixçisi F.Simokatta yazır ki, Orta Asiya və Çin sərhəddi rayonundakı Tavqast şəhərinin, habelə ondan bir qədər aralıda yerləşən Xudban şəhərinin də bünövrəsi İskəndər tərəfindən qoyulmuşdur [55, s.162].
XII əsr Gürcü mənbələrində deyilir ki, İskəndər Sarkine qalasını on bir ay mühasirədə saxlarkən, "ondan qərb tərəfdə yerləşmişdi, üzüm bağları saldırırdı, Ksani çayından suvarma kanalı çəkdirirdi, kanalı qorumaq üçün gözətçilər də qoymuşdu" [35, s.6].
Bütün bunlar bir daha inandırır ki, Nizami İskəndər haqqında tarixdə nə vardı, nə məlum idi, onu da yazmışdı, özündən heç nə uydurmamışdı.
Makedoniyalı İskəndərlə Yunan-Azərbaycan iqtisadi-siyasi və mədəni əlaqələrinin tam yeni dövrü başlanır. Bunu Azərbaycan ərazisində indi də tapılmaqda və qeydə alınmaqda olan İskəndər sikkələri və anbar tapıntıları bir daha təsdiq etməkdədir. Bu sahənin görkəmli mütəxəssisi prof. Y.A.Paxomov yazır: "Həqiqətən indiki Azərbaycan ərazisində eradan əvvəlki III əsrədək heç bir sikkə tapılmamış və anbar tapıntı qeydə alınmamışdır". O, davam edir: "Azərbaycanda tapılmış ən ilkin sikkələr Makedoniyalı İskəndərin sikkələridir (eramızdan əvvəl 336-323)" [29, s. 106-107].
Belə olan surətdə Azərbaycan ərazisində - onun bugünkü əsas mədəni mərkəzlərində: "Bərdə və ətrafında, gəncədə və ətrafında, Naxçıvanda, Ordubad və ətrafında, Mingəçevirdə, Astarada Biləsüvar yaxınlığında, Füzulidə, Xarabagilanda, Qarabəylərdə, Təzəkənddə, Qaradonlu yaxınlığında Gülüstan qalasında, Qəbələdə, Yaloylutəpədə, Küdri kəndində, Çuxuryurtda, Astraxankada və Xınıslıda tapıldığı qeyd olunan" [29, s.112-113] yunan sikkələri m.ə IV əsrdə bu torpağa necə düşmüş və o vaxtlar bu torpaqlarda yaşayan və bu sikkələrdən istifadə edən əsas xalq hansı xalq idi!?
Bu fakt gürcü "salnamələri"nin, habelə Kaşğarlının verdiyi məlumatların, Nizaminin də yazdıqlarının doğru olduğunu və onların çox mötəbər tarixi mənbələrə əsaslandığını təsdiq edir.
F.Arrian yazırdı ki: "İskəndər 80 nəfər "dostunu" ən adlı-sanlı fars və hindlilərin qızları ilə evləndirmişdi. Kəbin fars adətincə kəsilmişdi" və "Hamısına cehizi İskəndər vermişdi" [27, s.15]. Görünür, İskəndər Azərbaycanda da belə etmişdi. Öz sərkərdələrindən birinə Nüşabəni ərə vermişdi.
Nizaminin Nüşabə ilə İskəndərin sərkərdəsi Dəvalinin toy mərasimini və İskəndərin onlara verdiyi bəxşişlərin təsvirindən bu sətirləri xatırlayaq:

"Bu mübarək ayin yetincə başa,
Verdi çox xəzinə, tutdu daş-qaşa.
Şövkətlə göndərdi yenə Bərdəyə,
O gözəl ölkəni ucaltsın deyə.
Ölkəni təmirə sərvət, mal verdi,
Yol xərci bir yana, çox cəlal verdi" [11, s.357].

İndi Azərbaycan ərazisində tapılan "İskəndər sikkələri", anbar tapıntılar, bizcə, bu "xəzinə"dən, bu "daş-qaşdan", bu "cah-cəlal"dan qalmadır. Makedoniyalı İskəndərin sikkələri ilk dəfə məhz onun özü ilə gəlib Atropatenaya - Azərbaycana çıxmış və o vaxtdan ölkənin bütün mədəni mərkəzlərinə yayılmışdır…
Makedoniyalı İskəndərin Azərbaycana səfərilə əlaqədar "İskəndərnamə"dəki bir sıra tarixi ad və toponim sözlər də həqiqətə yan almaq üçün az söz demir.
Nizami türk ölkəsinə İskəndərin ikinci səfərindən söhbət açır. İskəndər Çindən qayıdarkən onun sərkərdələrindən biri - Abxaz hökmdarı Dəvali ona xəbər verir ki:

"Gördüyün o Bərdə olmuşdur viran,
O zəngin şəhərdən qalmamış nişan.
Gözəl Nüşabəni almışlar əsir,
İşrət qədəhini qırmışlar bir-bir…" [11, s.305].

İskəndər bu bəd xəbərdən hədsiz kədərlənir, hökmdarın qərarı qəti olur; bu münasibətlə müşavirə çağırır. Qoşun başçılarını, sərkərdələri ətrafına toplayır. Nizami məsləhətə toplaşan sərkərdələri belə təqdim edir:

"Padşahı igidlər almış ortaya,
Bənzərdi dörd yanı ulduzlu aya.
Qara xan Xətadan, Qur xan Xütəndən,
Dəbis Mədayindən, Vəlid Yəməndən,
Dəvali Abxazdan, hindi də Reydən…
" [11, s.317].

Adları ilk sırada xatırlanan Qara xan, qur xan türk sərkərdələridir; başçılıq etdikləri qoşun da türk qoşunudur. Bu adların tarixi çox qədimlərə gedir; "nəcabətli", "əsilzadə" mənalarını verən "qur" rütbəsi də çox qədimdir, söz bu gün üçün arxaikdir… Bu adların eradan əvvəl məhz bu şəkildə ola biləcəyi tamamilə ağıla uyğundur; bu adda sərkərdələrin İskəndər zamanının, daha dürüst desək, İskəndərin Azərbaycana gəldiyi dövrün tarixi şəxsiyyətləri olduğuna da inanmaq olar. Qara xan, qur xan Bərdə padşahlığı ordusunun sərkərdələrindən ola bilərdi. İskəndər məhz nüşabəni əsirlikdən qurtarmaq üçün onları səfərbər etmişdi. Vuruş səhnələrini verərkən Nizaminin türklərin yenilməzliyini, igidlik, cəsarət və şücaətini böyük fərəhlə, məhəbbətlə təsviri də bu fikrə inamı artırır.

"Əlinə yay alsa nişançı türklər,
Atdığı hər oxla bir ordu enər…"
"Göyləri sarsıdan təbil və boru,
Yerlərin qarnına salırdı buru.
Zorba türk borusu etdikcə şiddət,
Türklərin qoluna gəlirdi qüvvət…
Nizədən qamışlıq olmuş yer üzü
Dağ çökür çuxura yedikcə gürzü.
Türklərin ucuyla nizə ucalır,
Düşmən öz qanıyla dəstamaz alır" [11, s.271].

İskəndər Nüşabəni əsirlikdən azad edir və Abxaz hökmdarı Dəvali ilə onun kəbin mərasimini qurur; böyük hörmət və cah-cəlalla onları Bərdəyə yola salır.

"Verdi Dəvaliyə qızın əlini,
Nigahla bağladı ona gəlini" [11, s.357].

Dədə Qorqud"da Abxaz-Oğuz əlaqələrinə dair maraqlı işarələr var. oğuz igidləri özlərinə qız seçmək, ömür yoldaşı gətirmək məqsədilə Abxaz elinə can atır, səfər edirlər. Bu təsadüfi ola bilməzdi. Düşünürsən ki, Oğuz igidlərini Abxaz elinə bağlayan səbəb, genetik tel, əsas vardı. "Kitab"da bu ölkəyə xan Abxaz eli ("Qan Abqaza") deyə ehtiramla müraciətin özü də diqqəti cəlb edir. V.V.Bartold "Dədə Qorqud"un ruscaya tərcüməsində mətndə bu ifadəni "krovajadnıy" (qanlı, qana həris) şəklində vermişsə də, "İzahat"da bunu "qan-qağan Abqaza" qeydilə düzəltmişdir [39, s.269]. "Xan" və "xaqan" rütbələri isə, çox qədim olub, türklərlə bağlıdır. Tarixi bir əsas olmadan "Dədə Qorqud"da Abxaziyaya belə müraciət edilməzdi. İstər tarixdə, istərsə də bədii əsərlərdə bu çin, bu rütbə, necə gəldi, elə-belə paylanmamışdı. Və s. və i.a.
Nizami bu məlumatları, bu tarixi hadisələri, bədii təsvirlə versə də, ilk mənbələrə - tarixə əsaslanır, buna görə də elmi mahiyyət kəsb edir. Böyük Nizami şək-şübhə yeri qalmasın deyə dönə-dönə yazırdı:

"Ən doğru sözlər ki, oyadır maraq,
Tarixdən onları bir-bir alaraq,
Düzdüm dastanıma əsər yaratdım,
Ağla sığmayanı büsbütün atdım" [11, s.39-40].

Beləliklə, bugün dilimizdə fəal işlənən Qara xan //Qaraxan mürəkkəb adının, söz birləşməsinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxmış olur. Nizamidə Qara xan İskəndər ordusuna xidmət göstərən sərkərdələrdən biri idi. V-VI əsrlərdə "Orxon-Yenisey" kitabələrində Qara xan şəxsiyyəti xatırlanır. VI əsrdə Oğuz elinin başçısı Qara xan Qorqud Atanı Məhəmməd peyğəmbərin yanına göndərmişdi və s. Əlbəttə, bu "Qara xan"lar ayrı-ayrı dövrlərdə yaşamış, müxtəlif çin və rütbəli tarixi şəxsiyyətlər idi; onların adları ənənvi olaraq keçib gəlirdi, əksərən də "qara" sözü "böyük" mənasını ifa edir, böyük xan, əzəmətli xan-sərkərdə, başçı xan məzmununda işlənirdi… Əgər bugünkü bir adın və ya bir ifadənin, cümlənin izi ilə qədimlərə gedib çıxırıqsa, sabah, ya o biri gün başqa bir sözün, ifadənin, cümlənin və habelə bütövlüklə dilin dərin qatlarını qaldıra, onun tarixinin daha qədim və qaranlıq dövrlərini işıqlandıra bilərik…
Beləliklə, İskəndər Azərbaycana, Orta Asiyaya hərbi səfər edərkən, başda Nüşabə olmaqla, türk xaqanları ilə ehtiyatlı davranmış, onların tədbiri, ağlı önündə bəzən çaşıb qalmış, yeri gəldikdə onlarla hesablaşmalı olmuşdur. Məhz İskəndərin Azərbaycana səfəri, dostluğu, sülh, əmin-amanlıq münasibətləri və s. xalqımızın tarixinin açılmamış səhifələrindən sayıla bilər.
Lakin bütün bu dəlillərin müqabilində nizamişünaslar hələ də iddia edirlər ki: "Nizami İskəndərin tarixi simasını əsas götürə bilməzdi. Onun əlinin altında lazımi material yoxdu, bir də tarixi İskəndər onda heç bir maraq oyandırmırdı. O, tamamilə şüurlu olaraq İskəndəri öz zamanına gətirir, bundan başqa onu Azərbaycanla bağlayır, onun başlıca müharibə qəhrəmanlıqlarını Bərdə şəhərinə keçirir" (11, s. XII). Bu fikir Nizaminin tarixə həqiqi münasibətini şübhə altına alır, "şüurlu surətdə" onun tarixi təhrif etdiyini, "bədii yalan" söylədiyini deyir. Maraqlıdır ki, sonrakı tədqiqatçılar da bundan irəli gedə bilmir, E.Bertelsin həmin fikrinə düzəliş vermək, onu təzkib etmək əvəzinə, onu təkrar edirlər: "Nizami İskəndəri öz doğma yurdu Azərbaycana gətirmək üçün şüurlu surətdə anoxronizmə yol verir" [19, s.13]. Anoxronizm - tarix səhvi deməkdir.
Bu fikir heç vəchlə özünü doğrultmur. Q.Əliyevin "İskəndərnamə"yə yazdığı "Ön söz"də gətirdiyi dəlillər və Nizami əsərlərinə müraciətlə xatırlatdığı misra və beytlər də gəldiyi bu nəticəni rədd edir.
Nizami tarixə, tarixi hadisələrə sədaqətlə yanaşmışdı. Bunu danmaq, qiymətləndirməmək, habelə onu ədəbi, elmi və fəlsəfi zəmindən ayırmaq demək olardı. "Nizami əsərlərinin el variantları"nda İskəndər və onun Azərbaycanla bağlı əhvalatlarına dair 20-dən artıq hekayə-rəvayət verilib. Bunlar Nizamidən əvvəlki dövrün məhsuludur. Xalq görmədiyinə, müşahidə etmədiyinə, duymadığına öz münasibəti və rəyini bildirmir, onu heç vaxt sinəsinə yazmır və xatırlamır. Nizaminin özü də bu xalq rəvayətlərindən istifadə etmişdi.
Bütün tədqiq və şərh etdiyimiz tarixi dəlil və həqiqətlər bir yana, təkcə bugünədək gəlib çatan, elin yaddaşındakı rəvayətlər İskəndərin Azərbaycanda olmasını, Bərdə padşahı ilə görüşünü, münasibətlərini və s. təsdiq üçün kifayətdir.
Dahi əsəntkarlar özlərindən heç nə uydurmur; söz yox, mövcud həqiqəti, tarixi hadisələri bir qədər bəzəyir, bədii dona geydirir, ona zinət verir. Bunu şair özü də dönə-dönə etiraf edib:

"Düzdüm bu tarixdən elə bir dastan,
Könlündə bir sevinc duysun oxuyan,
Çox incəlik gəzsən, axtarsan yəni
Yalana aparar sözün yüyəni.
Yazdığım sözlərə verməsəm zivər,
Yenilik verməz o köhnə nəğmələr" [19, s.57-58].

Beləliklə, Nizami tədqiqatçılarının şairin tarixə baxışını başa düşməmələri, əslində isə qərəz və təhrifi tarixi həqiqətlərin üstünə kölgə salıb, əsl tariximizin öyrənilməsinə mane olub. Təkcə Makedoniyalı İskəndərlə bağlı həqiqətlərin danılması və inkarı, yəni bu məsələlərə Nizaminin tarixi təhrifi kimi baxılması o vaxt imperiyanın ideoloji əsaslarına uyğun bir münasibət idi; belə ki, İskəndərin Azərbaycanda, Orta Asiyada, Dərbənddə olması ilə çox qaranlıq məsələlər aydınlaşırdı, türk tarixi, türk əzəməti ortaya çıxırdı. Bu isə o vaxtki Sovet ideologiyasına ağır zərbə id; Necə ola bilərdi, necə məqbul olardı ki, m.ö 3-4-cü əsrlərdə Azərbaycan-türk xalqı qüdrətli dövlətçilik ənənələrinə malik olsun, Bərdə hökmdarı Nüşabə Makedoniya fatihinin qarşısına təsvir edildiyi şəkildə çıxsın, qoşunu ilə birlikdə ona verdiyi ziyafətdə ortaya 101 növ xörək və şirniyyat dəsgahı və s. gətirilsin!? Bu ki, rus tədqiqatının "Türklər, Azərbaycan xalqı köçəri olub, vəhşi olub, mədəniyyətsiz olub və s." - ittihamlarını alt-üst edirdi. "Həqiqətin ağzına daş dasmaq" üçün Nizaminin "şüurlu surətdə İskəndəri Azərbaycana gətirməkdə, "Anoxronizmdə" - tarixi təhrifdə ittiham etmək lazım idi ki, bu tarixi həqiqətlər ört-basdır edilsin, inamsızlıq yaradılsın, bunların boş və uydurma olduğu göstərilsin. Bu, həm də Pyotrun "Vəsiyyəti"ndə qoyulan və rus tədqiqatlarında türkə qarşı əsas götürülən motivlə əlaqədar idi: "Müsəlmanları tamam özləri hiss etmədən, mümkün olduğu qədər qəhr etmək, azaltmaq lazımdır" [21, s. 81]… Bu fikir, bu ideya tədqiqatlarda, xüsusilə tarixin öyrənilməsində əsas götürülürdü.
İndiki "Azərbaycan tarixi" də elə bu ruhda, bu səviyyədə, "Olduğu kimi yox, olmadığı kimi" yazılıb, yazdırılıb… İndi ki, Sovet imperiyası yoxdur, Sovet ideologiyası da keçən əsrdə qalıb...