<<< geri

 

 

 

3. Nizami və Azərbaycanşünaslığın bəzi məsələləri

 

Xalqımızın zəngin ədəbi-mədəni irsi vardır. Bu irs onun mənəvi sərvətidir. Xalq bu sərvəti yaratmış, əsrlər boyu artırmış, inkişaf etdirmiş, onu hər cür yad, zərərli təsirlərdən, mürtəce meyl və əyintilərdən qoruyub saxlamış, klassik şəklə salmışdır. Bu klassik irs nəsillərdən nəsillərə keçmiş, nəhayət gəlib müasir dövrə, indiki nəslə çatmışdır. Biz bu irslə fəxr edir, onun qədrini bilir, ondan daima mənəvi qida alırıq.
Nizami, onun dövrü və s. aid yazılmış məqalələr və tədqiqatlarda xalqımızın təşəkkül tarixi, etnik tərkibi, mədəniyyəti, musiqisi, adət-ənənələri və s. kimi məsələlər haqqında bir sıra dumanlı, dolaşıq və səhv, hətta bəzən qərəzli fikirlər söylənilib, mülahizələr irəli sürülüb. Bunların üstündən sükutla keçmək olmur.
Nizamiyə aid tədqiqat bizdə müəyyən mənada M.Rəfilinin "Nizami, həyat və yaradıcılığı" əsəri ilə başlanır. Tədqiqatçı yazır: "Azərbaycanlılar gürcülərlə ittifaq bağlayaraq öz vətənlərini xəzərlərdən mühafizə edir, birlikdə səlcuqilərlə vuruşur, xarici hücumları birlikdə dəf etmək üçün sıx ittifaq əlaqələrinə girişirlərdi" [22, s. 6].
Burada "azərbaycanlılar" məfhumu və beləliklə də Nizaminin mənsub olduğu xalq məsələsi dolaşdırılmışdır. Sual olunur: Dərbənd xəzərləri (çünki bir səhifə sonra, ümumiyyətlə xəzərlərdən deyil, söhbət eyni mənada Dərbənd xəzərlərindən gedir) və səlcuqilər kimlər idilər ki, XII əsr azərbaycanlıları onlara qarşı mübarizə aparmışlar? Bir tərəfdən deyilir ki, Nizami fars dilində yazmağa məcbur olan Azərbaycan-türk şairidir, o biri tərəfdən daha çox türk mənşəli hesab edilən babalarımız xəzərlər və səlcuqlar burada yadelli, düşmən və s. şəklində təqdim olunur. Söz yox, bu fikir, bu münasibət bizim kökümüzə dövrün tələbi və tərbiyəsindən; Sovet imperiyasının türkə qarşı avantürist münasibətindən irəli gəlirdi…
Məlumdur ki, Nizami Atabəylərlə yaxın və əlaqədar idi, Atabəylər isə, özlərini Azərbaycanda səlcuqların davamı kimi göstərir. Deməli, burada Atabəylərin türklülüyünə şübhə yoxdur. Bəs, Dərbənd xəzərləri kimlərdir? Bu barədə, heç olmasa, bircə mənbəyə müraciət edək: "Vizantiya yazıçıları bir qayda olaraq xəzərləri türk hesab etmişlər; ərəb alimləri də onları türk adlandırmışlar" [26, s.114]. Demək, Dərbənd xəzərlərinin də türk olduğuna şübhə yeri qalmır. Bəs, Şirvanşah Axsitan

“Türk dili yaramaz şah nəslimizə,
Əksiklik gətirər türk dili bizə…" [13 a, s.23]-

deyə Nizaminin və onun mənsub olduğu xalqı hansı mənada təhqir etmişdi. İş ondadır ki, burada Şirvanşahın Azərbaycanda İran valisi olması və ya əslində azərbaycanlı olub, farsa meyl edərək öz dilinə xor baxıb, xalqın böyük şairindən türk dilində deyil, ərəbcə və ya farsca yazmaq tələb etməsi vəziyyəti heç də dəyişdirmir. Təsadüfi deyil ki, Nizami Dərbənd şahı ilə, Dərbənd xəzərlərilə daha yaxın olmuş və Dərbənd gözəli ilə də evlənmişdi.

"Qıpçaq gözəlim tək elin gözüydü,
Afaq sevgilimin sanki özüydü.
O, dərbənd Şahının bir töhfəsiydi
Ağıllı, saf, gözəl gül qönçəsiydi" [14, s. 358]

Deməli, Dərbənd xəzərləri eyni zamanda "azərbaycanlıların" özlərindən idi.
Z.İbrahimov yazır: XII əsrdə "Azərbaycanda musiqi elminə aid bir sıra əsərlər yaradılır, muğamat şəhər mühitində saraylarda tərəqqi tapırsa, geniş xalq kütlələri içərisində xalq havaları öz inkişafını davam etdirirdi" [15, s.12].
Buradakı fikirlər dəlillərlə heç cür uyuşa bilməz. Çünki muğamları saray əhli deyil, xalq yaratmış və xalq da ifa etmişdir. Saraylar isə xalq yaradıcılarını müxtəlif yollarla buraya cəlb etmişdir… Digər tərəfdən, oyun havaları kimi, xalq mahnıları da muğamların tərkib hissələrindəndir. Necə olur ki, vahid musiqi əsəri süni surətdə hissələrə ayrılaraq bir qismi saraylarda, o biri qismi "geniş xalq kütlələri içərisində" ifa edilir?!
Tədqiqatçı davam edir: "Şəhər və saray mühtində ud, saz, ərğanun və başqa musiqi alətləri işlədilirdi. Kəndlərdə isə əsas musiqi aləti qopuz və zurnadan ibarət idi" [15, s.12-13].
Hər şey bir yana, burada müəllif saz kimi bir musiqi alətini xalqın - geniş kəndli kütləsinin əlindən alıb, saraya aid etməyi özünə necə rəva bilmişdir? Nəyə, hansı məlumata əsasən müəllif belə bir bölgü aparır? Belə çıxır ki, şəhər və saray əhli sazəndə, kənd əhli isə zurnaçı imiş!
Nizamidə bəzən məhdudluq, sxematizm, yəni fabula çərçivəsinə sığınaraq şairin əl-qolunu geniş aça bilməməsindən danışılır, onda səliqəsizlik və s. olduğu göstərilir.
Y.E.Bertels yazır: "Nizaminin birinci poeması olan "Sirrlər xəzinəsi"nin əsas məqsədi nədir? bu əsərin sufi biliklərinin ensiklopediyası deyil, ölkəni necə idarə və onun maksimum tərəqqisini necə təmin etmək lazım gəldiyini göstərən nəsihət "güzgüsü" olduğuna indi çətin şübhə etmək olar. Buradan da Nizaminin bu poema ilə hökmdarlara müraciət etməsi aydın olur. Bu poemada bir neçə hökmdarın fiqurası ötəri olaraq təsvir edilmiş, onların nöqsanları deyilmiş və islah olunma yolları göstərilmişdir. Lakin o zaman Nizaminin təcrübəsi və imkanı olmadığından bunlar ona öz ifadələrini inkişaf etdirməyə, onları səliqəli bir sistemə salmağa yol vermirdi" [13, s.173].
Əvvəla, bizim təkzibə çalışdığımız səhv fikirlər burada özünü bir daha göstərir. Bundan əlavə, belə çıxır ki, "Sirrlər xəzinəsi" əsərini yazarkən Nizaminin kifayət qədər təcrübəsi və imkanı olmadığından "öz ifadələrini inkişaf etdirə" bilməmişdir, onda bir "səliqəsizlik" müşahidə edilir. Düzdür, "Sirrlər xəzinəsi" "Xəmsə"nin ilkidir. Lakin bu əsərin özündə belə heç bir "təcrübəsizlik", "imkansızlıq" və "səliqəsizlikdən" söhbət gedə bilməz. Bu cür fikirlərin nəyə əsaslandığını deyə bilmərik, ancaq dəlillərə əsaslanmır.
Tədqiqatçı davam edir: "Lakin Xosrov da, Bəhram da möhkəm surətdə müəyyən olunmuş fabulaya daxil olduqlarından Nizaminin əl-qolunu bağlayırdılar, bu fabulanın əsas xəttlərini kəskin surətdə pozmaq mümkün olmazdı" [13, s.174] - bu fikir də dəlillərə əsaslanmır. Çünki Nizami yaradıcılığı heç bir məhdudluq, heç bir fabula çərçivəsi tanımır.
Nizami əsərlərinin təhlilində digər nöqsanlar, ağılabatmaz müddəalar, səhv və dolaşıq fikirlər də az deyil.
Y.E.Bertels "İskəndərnamə" əsərinin müqəddiməsində yazır: "İskəndərin həyatını təsvir edərkən qarşısına yalnız İran aristokratiyasının intereslərinə xidmət etmək vəzifəsini qoyan Firdovsinin əksinə olaraq, Nizami Azərbaycanın bütün xalqları tərəfindən qəbul ediləcək bir kitab yaratmaq istəyir" [11, s. IX].
Bu bircə cümlədə azı üç səhv və dolaşıqlıq vardır. Əvvələn, belə çıxır ki, Azərbaycan azərbaycanlıların deyilmiş. Orada XII əsrdə bir çox eyni ərazi hüququna malik xalqlar olmuşdur ki, azərbaycanlılar da ancaq bunlardan biridir. Şübhəsiz, bütün ərazilər qarışıq xalqlıdır. Lakin hər bir ərazinin əsas xalqı var ki, ərazi o xalqın adı ilə bağlıdır. İkincisi, hər bir sənətkar üçün öz gələcək şöhrət dairəsini əvvəlcədən müəyyən etmək çox çətin olsa da, Nizami təkcə Azərbaycan yox, dünya xalqları tərəfindən qəbul edilmişdir. Üçüncüsü, həm Firdovsi, həm də Nizami bütünlüklə bəşər mədəniyyətinə mənsubdur. Buna görə də bu sənətkarları boyağı şəkildə müəyyən xalq və ya silklə məhdudlaşdırmaq qeyri-elmidir; həm də Firdovsini "yalnız aristokratiyanın intereslərinə xidmət edən" bir sənətkar adlandırmaq, sadəcə ona hörmətsizlikdir. Elm bir sənətkarı qiymətləndirmək üçün müqayisədə digərinə etinasız yanaşmağa yol verə bilməz.
Tədqiqatçı davam edir və "İskəndərnamə" əsərinin yazılması tarixi ilə əlaqədar deyir ki, Nizami "ərəb istilasından sonra birinci olaraq bu poemanı müstəqil surətdə işləməyə başlamışdır" [11, s.IX]. Başa düşmək olmur ki, "İskəndərnamə"nin ərəb istilası ilə bilavasitə nə əlaqəsi vardır?!
Klassikə qiymət verərkən, bədii əsərləri təhlil və şərh edərkən bizdə yerli-yersiz Avropa ədəbiyyatına müraciət etmək bir dəb halını almışdır. Bizcə bu, doğru yol, doğru üsul deyildir. Bizim ədəbiyyatşünaslıq bundan bir şey qazanmır, əksinə itirir.
Nizaminin "Leyli və Məcnun"una yazılmış müqəddimədə deyilir: hər halda dünya dramaturgiyasının bəzəkli gəlini olan "Romeo və Cületta" ilə "Leyli və Məcnun" arasındakı ümumi və daxili oxşayış diqqətə layiq bir haldır" [13 a, s. IX].
Anlaşılmır ki, tədqiqatçını bu müqayisəyə nə vadar etmişdir? Çünki hər iki əsərdəki hadisələrin həm zahiri görünüşündə, həm də daxili məzmununda heç elə bir cəhət yoxdur ki, onlar bir-birinə bənzədilsin. Bəs bu cür müqayisəni aparan müəlliflər nəyi əsas götürürlər? Onlar əsaslandırmağa çalışırlar ki, bu əsərlərdə qarşı-qarşıya duran iki qəbilə vardır. Oğlan bir, qız isə başqa bir qəbilədəndir. Qəbilələr arasındakı ziddiyyət isə bu məhəbbətə maneçilik törədir. Lakin əsərlərdəki bu cəhətin özü belə müqayisə ediləcək bir şəkildədirmi? Əsla yox! Leyli və Məcnun mənsub olduqları qəbilələr arasında əvvəlcədən heç bir ziddiyyət, ədavət və düşmənçilik yox idi ki, işə maneçilik törətsin. Burada səadətə mane olan cəhət məhəbbətin özünün dövrün sədlərini aşması, onun tam azadlıq və sərbəstlik tələb etməsidir - bu isə o vaxt Şərq aləmi üçün qeyri-adi bir hal idi. Romeo və Cülettanın məhəbbətinə isə mane olan cəhət bu eşqin baş qaldırmasından çox-çox əvvəl onların mənsub olduqları qəbilələr arasındakı qan düşmənçiliyi idi. Odur ki, nə bu hadisə, nə də əsərlərin özləri bir-biri ilə müqayisə edilə bilməz.
H.Araslı yazır: "Şirin dünya ədəbiyyatı tarixində müstəsna bir qadın surətidir. Qərbi Avropa ədəbiyyatında biz belə yüksək, ağıllı və praktik qadın surətlərini yalnız Şekspirdə görürük… Biz Şekspirin qadın surətlərini Şirinlə daha yaxşı müqayisə edə bilərik. Bu cəhətdən Cületta surəti daha səciyyəvidir. Cületta Qərbi Avropa ədəbiyyatının Leylisidir. Lakin bir çox cəhətdən Şirin surətinə yaxınlığı vardır" [14, s. X-XI].
Axı, mütləq deyildir ki, Avropa mədəniyyəti bizdə tədqiqat üçün meyar, ölçü rolunu oynasın. Bunu bizdən kim tərəb edir?! Nizaminin Şekspirlə, Nizami surətlərinin Şekspirin surətlərilə müqayisənin, bunlar arasında ədəbi əlaqə, oxşarlıq axtarmağın özü qeyri-elmidir, dialektik deyildir. Əcəba, Şekspirşünaslar belə edirlərmi?! Bunu güman etmirik.
Bununla belə, müqayisəyə ötəri bir nəzər salaq. Tədqiqatçı Cületta ilə Şirin arasında "praktik" bir oxşarlıq görür. Hər iki qadın sonda həyatlarını öz məhəbbətlərinə fəda edirlər. Məgər bu "praktik" oxşarlıqdırmı? Şekspirin bədii cəhətdən ən kamil və deyərdik ki, əsil "praktik" qadın surəti "Hamlet" faciəsindəki Ofelyadır. İndi görək Ofelya ilə Şirin arasında zərrə qədər də oxşarlıq varmı? Hamlet Ofelyanı dərin bir məhəbbətlə sevir. Lakin onunla evlənməyi əxlaqi cəhətdən özünə layiq bilmir. Çünki o, gələcəkdə "praktik" cəhətdən çoxlu qara işlər görən, məkrlə məşğul olan, ailə namusunu ləkələyən Kraliçanın yolunu gedəcəkdir. Hamlet buna şübhə etmir. Buna görə də Ofelyaya deyir: "Artıq kiməsə evlənməyəcəkdir". Hamlet niyə bu nəticəyə gəlir? çünki indi əsil ailənin tələb etdiyi dərin mənəvi bağlılıq, bəşəri ünsiyyət, sədaqət artıq onunla bir yerə sığışmayan boyağılıq, sədaqətsizlik, zina halları, şərəfsizlik və s. ilə əvəz edilmişdir. Bu cür isə ailə qurmaq mümkün deyildir. Bəs Hamlet niyə belə düşünür? Onun buna əsası vardımı? Bəli vardı. Əvvəla, heç bir səbəb olmadan Hamletin hədiyyələrini, o, geri qaytarmaq istəyir. İkincisi də saray əhli Ofelyanı sevdiyi və gələcək əri Hamletin sirrlərini öyrənmək üçün onun arxasınca salmağa müvəffəq olur. Bu düzmədən Ofelya baş açmırdı, lakin Hamlet vəziyyəti almışdı. Məgər həyatda iradəsizliyi üzündən tora düşən və sonra ömrü boyu pisliyə təlqin edilən günahsız insanlar azmı olmuşdur!? Hamlet Ofelyanın gələcəyini bu ilkin əsaslara görə müəyyən edə bilmişdi. Nizaminin Şirininə gəlincə, o, əsil ailə səadəti üçün yaranmış bir xilqətdi…
Vahid axın şəklini almış bu cür əsassız müqayisələr nizamişünaslığa heç bir yeni şey verməyib.
Nizamidən yazan müəlliflər “İskəndərnamə" kimi bir əsəri dünya ədəbiyyatında onun özünə layiq şah əsərlərlə yox, ancaq ad oxşarlığına əsasən İskəndər haqqında yazılmış hər cür əsərlərlə müqayisə edirlər. Bu müqayisədə Nizaminin "İskəndərnamə"sinə birincilik vermək belə, onun ləyaqətini alçaldardı. Bu müqayisə əməli cəhətdən də tutmur. Çünki İskəndər haqqında başqa yazı materialları başqa məqsəd güddüyü halda, Nizaminin əsəri bəşəri əhəmiyyətə malikdir.
Y.E.Bertels yazır: "Bütün mədəniyyət dünyasını sürətlə işğal edən və qarşısına Şərq ilə Qərbi birləşdirmək məqsədi qoyan Makedoniya fatehinin obrazı ilə qədim zamanlardan bəri müxtəlif xalqlar maraqlanmışlar. İskəndərin ölümündən azca sonra ona yaxın olan Klitarx və Onesikrit onun tərcümeyi-halını yazırlar, Plutarx da bunların materialları üzrə sonradan İskəndərin tərcümeyi-halını yazır" [11, s. V]. Tədqiqatçı sonra İskəndər haqqında hər cür yazı və əsərləri sadalayır və müqayisələr aparır.
Ə.Sultanlı yazır: "Nizaminin son poemasının qəhrəmanı olan Makedoniyalı İskəndər haqqında dünya ədəbiyyatında çox yazılmışdır. Yazılan bədii əsərlər içərisində Nizaminin "İskəndərnamə"si öz bədii və məfkurəvi-fəlsəfi məzmunu etibarilə xüsusi bir yer tutur. Bu məqalədə qərbi Avropa ədəbiyyatındakı İskəndərlə Nizami İskəndəri arasındakı əsas fərqi göstərməyə çalışacayıq" [16, s.75].
Tədqiqatçı sonra İskəndər haqqında hər cür yazı və əsərləri sadalayır və müqayisələr aparır.
Nizami "İskəndərnamə"si haqqında yazarkən İskəndərlə əlaqədar materialları nəzərdən keçirib tədqiq etmək ziyan verməz. Biz bunun əleyhinə deyilik. Lakin Nizaminin "İskəndərnamə"sini bu əsərlər sırasına qoyub tədqiq etmək, Nizamini dərk olunmamağa, başa düşməməyə aparıb çıxardırdı. Nizaminin "Xəmsə"sinə "İskəndərnamə"də daxildir və beş əsərdən sonuncusudur. "Xəmsə" isə məna və məzmunca vəhdət təşkil edir; bu əsərlər fikir cəhətdən də bir-birinin davamıdır və bir-birini tamamlayır. Beləliklə, "İskəndərnamə" şairin bütün yaradıcılığı ilə səsləşir; odur ki, bu əsəri yalnız mövzu oxşarlığına görə hər cür təsadüfi yazı, tərcümeyi-hal və s. ilə müqayisə elmi yol deyildir. Əgər tədqiqat Nizaminin Makedonyalı İskəndərin həyat və fəaliyyəti ilə əlaqədar hansı mənbələrə istinad etdiyi, "İskəndərnamə"ni hansı ilk mənbələrə əsaslanaraq yazdığı məsələsini aydınlaşdırmağa doğru yönəldilsəydi, onda bu, nizamişünaslıq üçün müəyyən dərəcədə qiymətli olardı.
Xalq və dövlət məsələləri, insan və bəşəri taleyi problemləri Nizami yaradıcılığının baş mövzusudur. Dahi sənətkar öz əsərlərində bu məsələləri, bu problemləri lazımi səviyyədə işıqlandırmışdır. Nizami əsərlərini yazarkən tarixə əsaslanmış və bütün insanlığa müraciət etmişdir. Bizim bir-iki sözlə ifadə etdiyimiz bu məsələ Nizami yaradıcılığında çox geniş şəkildə özünü göstərir. Buna görə də Nizaminin həmin fikirlərini dərk və tədqiq etmək, layiqincə qiymətləndirmək elmin qarşısında duran çox çətin və həm də şərəfli vəzifədir. Guya Nzami öz əsərlərində adil hökmdar timsalı yaratmaqla, dövrün şah və şahzadələrinə nümunə göstərmək, ibrət dərsi vermək yolu ilə onları tərbiyə etməyə çalışmışdır. Nizami çox yaxşı bilirdi ki, müasirlərini sözlə düzəltmək, nəsihətlə başa salmaq, ibrətlə islah etmək mümkün olan şey deyildir. Nizami bədii-ictimai cəhətdən tarixi şah surətləri yaradır, lakin dövrün şahlarına mənfi münasibət bəsləyirdi. Nizami çox yaxşı bilirdi ki, qozbeli ancaq qəbir düzəldər; zamanın şahları adama "dostcasına sarmaşar, xaincəsinə onu sıxıb məhv edər". O deyirdi:

1. "Hər kimi bəzədisə şahın donu, daş-qaşı,
Son tikəsi dəmirdən oldu, kəsildi başı" [18, s.39].

2. "Şahlar süfrə açmaz, içməsələr qan,
Çörəyi verərlər can alan zaman" [12, s.22].

3. ”Yüz çiyər doğranır parçalanaraq,
Taki bir böyürdə qat bağlasın yağ,
Bir girdə budlunun şişsin peysəri
Deyə, yüz min boyun qarılır geri" [12, s.30]

4. "Yanar bir atəşdir hər hakim, hər şah,
Ondan uzaq olan çəkməz aman, ah.
Şahın odu güldür, kövhərlər saçan,
Qarşıda gül olur, qulağda tikan.
Şah dediyin ki, var, tənəkdir, tənək.
Kim uzaqsa ona ilişməyəcək.
Yüz dostluqla kimə sarılsa, inan,
Kökləri, meyvəsi görər yüz ziyan…" [12, s.19].

Faktların sayını istənilən qədər artırmaq mümkündür. Lakin ədəbiyyatşünaslıqda bu mövzuda söhbətin necə və hansı istiqamətdə getdiyinə nəzər salaq.
Y.E.Bertels yazır: "İskəndər bütün xalqlarla ədalətli rəftar edir. O, heç bir xalqı başqasından üstün tutmur, onun üçün hamı birdir, o, İran əyanları ilə də, Azərbaycan padşahı (Nüşabə) ilə də, Çin xaqanı ilə də eyni asanlıqla dostlaşır. Bu xarakter İskəndərə şair tərəfindən, əlbəttə, özünün arzu etdiyi bir xasiyyət kimi verilmişdir" [11, s. XIII].
Tədqiqatçının İskəndəri təsviri düzdür, çıxardığı nəticə səhv. Çünki, həqiqətən, tarixi İskəndərin yürüşləri həm yürüş və həm də elmi ekspedisiya səciyyəsi daşıyırdı. O, bütün yürüşləri zamanı hər cür elm adamları ilə əhatə olunmuşdu. O, üzərinə yeridiyi ölkəni kifayət qədər öyrənmədən, alimlərlə məşvərət aparmadan, bir qənaət hasil etmədən heç bir ölkənin üzərinə yeriməzdi. Əlbəttə, ölkələri istila etmək, xalqları itaətə gətirmək qırğınsız, qurbansız, vəhşətsiz, dağıntısız mümkün deyildi. Bunlar var idi. lakin İskəndər bir ölkəyə sahib olduqda özünü o ölkənin qanuni varisi hesab edirdi. Tabe etdiyi xalqla qohumluğa çalışır, dağıntıların əvəzinə quruculuq işləri aparır, İskəndəriyyə şəhərləri salırdı və s. Bunlar hamısı tarixi həqiqətdir. Bu, Nizamidə də belədir. Bununla yanaşı, Nizamidə İskəndərə müəyyən əlavələr də vardır. O, İskəndərin daxili aləmini açır, onun niyyətini aşkar edir. İş bundadır ki, tarixi İskəndər özünü bütün xalqların varisi kimi aparırdı. Nizamidə İskəndər bəşəriyyəti xilas etmək fikrinə düşür. Lakin istər Kir, istər İskəndər və stərsə də lap Yuli Sezar olsun, bir adamın bəşəriyyəti xilas etmək fikri gülüncdür və bu insanlığa istehzadır. Y.E.Bertels bunu desəydi daha haqlı olar, Nizaminin İskəndərə münasibətdə poetik amalı açılardı. Çünki işin bu cəhətini Nizami də nəzərə almışdı. "Avesta"nı məhv etdirdikdən sonra bütün xalqlara din paylamaq üçün ölkələr dolaşan Makedoniyalı İskəndər gəlib bir məkana çıxır və azad, firavan, xoşbəxt, ali əxlaqlı bir xalqa rast gəlir; o, mat qalır və öz hərəkətlərindən peşiman olur, ümidsizliyə qapılır…
Nizaminin ictimai fikirlərinin arxasında onun ədəbi-bədii, fəlsəfi və elmi dünyagörüşü, bu dahi şəxsiyyətin humanizmi dayanmışdır. Burada zahiri bir "ədalətlilik" görmək, axtarıb tapmaq asandır. Tədqiqatçılar da bu yolu tutmuşlar. Halbuki mühüm cəhət məsələnin mahiyyətinə diqqət etmək, onun dərin köklərini açıb tökməkdir. Nizami əsərlərinin tərbiyəvi əhəmiyyəti və təsiri məsələsinə gəlincə o, şah və ya gəda ilə məhdudlaşıb qalmır, milli sədləri aşaraq bütün insanlığa, bəşəriyyətə xidmət edir. Bu bəşərilik isə, təkcə Nizamiyə deyil, dünyanın Homer, Firdovsi, Hüqo, Tolstoy və b. dahi sənətkarlarına da aiddir.