<<< geri

 

 

 

2. Nizami ideyalarının ilkin qaynaqları

 

 

Nizami özünəqədərki bəşər tarixinin ədəbi, elmi və dini nailiyyətlərini öz yaradıcılığında bir küll halında toplamışdır. Nizamini öyrənmək, onu dərk etmək üçün bu minillərin ədəbi, elmi və dini fikirlərini öyrənməli, XII əsrə və ümumən islamaqədərki zəngin mədəniyyətə az-çox bələd olmalısan ki, şair haqqında deyilən söz, ona layiq olsun, söylənən fikir həqiqətə uyğun gəlsin, ağıla batsın. Nizaminin qələmə aldığı, xüsusilə də tarixi mövzuda yazdığı bütün əsərlərin devizi belədir:

"Hər köhnə nüsxədən əsas alaraq,
Onu öz şerimlə bəzədim ancaq.
Ən qədim tarixi əsərlərdən mən,
Yəhudi, nəsrani, pəhləvilərdən
Ən incə sözləri əlimə saldım,
Qabığı ataraq, məğzini aldım" [19, s. 54]
Və:
"Qələmə gərəkdir elə söz almaq,
Şüurdan, ağıldan olmasın uzaq" [19, s. 58]

Ümumtürk və Azərbaycan ədəbiyyatının yaradılışından çox mühüm və bəşəri problemləri olub, inkişaf edib və gəlib bu günə çıxıb. Nizaminin amal və ideyalarını yetişdirən, onu kamala çatdıran qaynaqlar çox güclü olmuşdur. Nizami "Bilqamıs" dastanından başlanıb və davam edib gələn mənəvi fikir dünyamızın əvəzsiz varisidir. Bu dünyanın problemləri ənənəvi, zəngin, şaxəli və əhatəlidir.
Nizami özünəqədərki ədəbi, elmi, fəlsəfi və dini biliklərə dərindən yiyələnmiş, xüsusilə mənsub olduğu xalqın tarixini-türk tarixini yaxşı bilmişdi, öz əsərlərində bundan yaradıcılıqla istifadə etmişdir. Məhz Nizami bizim güclü və etibarlı tarixçimiz, onun əsərləri Azərbaycan tarixinin gözəl səhifələridir.
Qədim Şumer-türk, Babil qaynaqları, türk və türk xalqlarının möhtəşəm tarixi, zəngin folklor yaradıcılığı Nizaminin daha çox oxuyub-öyrənib bəhrələndiyi və müraciət etdiyi qaynaqlar olub, bu ona cəsarət verib, qanad verib. Buna görədir ki, Nizaminin fəlsəfi fikir və dünyagörüşünün özülü, kökü qədimlərlə bağlıdır; miladdan öncə V-VI minilliklər və daha əvvəllərdən xəbər verir. Hələ "Kainatın və insanların yaranması haqqında" qədim Şumer rəvayətində deyilirdi:
"Başlanğıcda kainatın bütün varlığı böyük okeanın dolu suyundan ibarət olmuş…" [53, s.29].
Nizami eyni fikri filosof Valisin dililə belə verir:
"Mən də ərz eləyim: dünyaya təməl
Məncə, su olmuşdur hər şeydən əvvəl" [19, s.495]
Bu mənbələr Nizamiyə məlum idi ki, fikirlər bir-birinə uyğun gəlir. Nizami bir oxla iki hədəfi vurur. O, həm bu fikrin kökünün, özülünün qədim türk fəlsəfi dünyagörüşü ilə bağlılığını, həm də antik sivilizasiyaya da buradan necə biləcəyini təsdiq etmiş olur.
Nizamidə "Avesta" ənənələrinin, dini-fəlsəfi dünyagörüşünün davamı, inkişafı, təhlili daha qabarıq şəkildədir. Bütövlükdə "Xəmsə" "Avesta" çeşməsindən karlı su içib, ondan nur alıb, oradan dini, bəşəri fəlsəfi fikir və görüşləri götürüb, işləyib, öz münasibətini bildirib, təqdir və tənqid edib, məsələlərin dərinliyinə gedib, öz sözünü də deyib.
Plutarxın "Yeddi müdrikin ziyafəti" [52, s. 386] əsərində Anaxarsis (Anakar) qədim iskit-türk fəlsəfi fikri üzrə mülahizələr yürüdür, yunan filosofları ilə qızğın mübahisəyə girişir. Zərdüştlüyün əsas müddəalarını təbliğ və müdafiə edir, insanın yaranması və idarə olunmasında uca Tanrıdan - od, su, torpaq və hava (küləkdən) danışır və s. Həm Plutarxın "Yeddi müdrikin ziyafəti"ndə, həm də Nizaminin yeddi filosofun mülahizələrində, bir qədər fərqilə, təxminən eyni fikirlər bu və ya başqa üzdən şərh edilir, ona az və ya çox dərəcədə əlavələr olunur, bir-birini təkrarlayan eyni fikirlər artırılır və s. Nizamidə yetmiş rumlu alimin qarşısına çıxan Hürmüzün vəziyyəti, bir qədər Anakarın vəziyyətinə bənzər; onu da, bunu da "Məclisdə" inkarla pərt etmək, sındırmaq təşəbbüsləri olur. Lakin niyyət baş tutmur; nəticədə ikisi də qalib çıxır. Bu bənzərlik təsadüfi deyildi. Nizami bu mənbələrdən xəbərdar idi. buna görə, onun çıxardığı nəticə daha ədalətlidir - haqqın, düz sözün, alim-insan hüquqlarının müdafiəsinə yönəldilmişdir:
"İnkarla haqq sözü danmağmı olar?"
Və:
"Haqqı eşitməsə, hər kəs dünyada
Ömrünü kül edib verəcək bada" [19, s.464-465]


"İskəndərnamə"də ayrıca "İskəndərin yeddi alim ilə xəlvətə çəkilməsi" fəsli diqqəti cəlb edir. Burada hürmüz alimlərin yeddincisi kimi təqdim olunur. məclis, söhbət tərzi, üslub, təxminən "Yeddi müdrikin ziyafəti"ndəki kimidir: filosof alimlər bir-birilə mübahisə edir, kainatın yaranması, insanların idarə olunması və s. Qədim "Bilqamıs" dastanında "Yeddi müdrik", Nizamidə "Yeddi alim" (bunu da "Yeddi müdrik" vermək, tərcümə etmək olardı), antik fəlsəfə tarixi əsərlərində "Yeddi müdrik". Bunlar vahid bir telin, "Bilqamıs"dan başlanıb gələn ədəbi-bədii təfəkkürün, fəlsəfi anlayışın davamıdır və Nizami yaradıcılığını qədim köklər, ulu qaynaqlarla möhkəm bağlayır.
Bəşəriyyətin arzu və istəyinə uyğun "əbədi həyat", "gənclik çiçəyi", "dirilik suyu", insanların əbədi yaşamaq istəyi çox qədimlərdən problem kimi qarşıya çıxıb. Hələ "Bilqamıs" dastanında bu məsələ qoyulub və müəyyən mənada öz həllini də tapıb. Dastanın yenilməz qəhrəmanı hər çətinlikdən çıxmağı bacarır, böyük işlər görür, şücaət göstərir, hər sahədə ağlını işə salır. Lakin

"Ölüm qorxuzur məni, yoxmu əbədi həyat?
Bu düşüncələr məni qoymur dolanım rahat"
[7, IX l. II, 23-24]

"Ölüm məni qorxudur, qoymur dayanım rahat
Tapa bilərəmmi mən, görən əbədi həyat?"
[7, IX l. II, 7]
deyə sual-axtarışlarla çırpınır; o, "adi insan ömrünə qane" olmur; dünyanı dolaşır, zülmətləri keçib gedir, min bir müsibətə, əzab-əziyyətə dözür, "əbədi həyat" suyunu (dastanda "gənclik çiçəyini") axtarır, tapır. Lakin bu ona qismət olmur. Son nəticə belədir:

"Sən hara can atırsan? Gəzsən də kainatı,
Heç vaxt tapa bilməzsən axtardığın həyatı!"
[7, X l. III 1]
"Avesta"da məsələ daha ağlabatan, yəni insan ruhunun ədəbiliyi, ölməzliyi şəklində qoyulub. Zərdüştlüyün banisi də cismani olaraq 77 il ömür sürüb və dünyadan gedib. Lakin o ruhən yaşayır; onun ruhu əbədiyyətə qovuşub. Çünki o, insanlıq üçün çox iş görüb…

İdeya böyük və dünyəvidir. Nizami bundan yan keçə bilməzdi. Odur ki, məsələni yenidən təzələyir. Bu barədə öz sözünü deməyə ehtiyac duyur.
Makedonyalı İskəndər Çin səfəri zamanı "dirilik suyu" söhbətini, təxminən Orta Asiyada, qədim türk torpağında aqil qocalardan eşidir; bu barədə ona məsləhət verən, yol göstərən də, onun bələdçisi Xızr da bu torpağın övladlarıdır. İstər Azərbaycan folklorunda "İskəndərin qaranlıq dünyaya getməsi" nağılında, istərsə də Nizamidə verilən bu məzmun əslinə - "Bilqamıs" dastanına, ilkin qaynağa uyğun gəlir. lakin bu məzmunun ardınca Nizami daha əlavə iki - rumlu ravilərin və ərəblərin söylədiyi məzmunu, rəvayəti də xatırladır.
Belə anlaşılır ki, ilkin qaynaq "Bilqamıs" dastanıdır. Yunan ədəbiyyatı da, ərəb ədəbiyyatı da (və başqa ədəbiyyatlar da) buradan bəhrələniblər və Nizami bütün bu mənbələrdən xəbərdar imiş. Buna görə, məsələni əslinə uyğun şəkildə verir: "gənclik çiçəyi" Bilqamısa qismət olmadığı kimi, "dirilik suyu" da İskəndərə qismət olmur. Nizaminin "dirilik suyu"na, "əbədi həyat"a münasibəti daha aydın nəzərə çarpır, insanın cismani olaraq əbədi yaşaması fikrini xam xəyal hesab edir, mələyin dili ilə İskəndərə son nəticədə belə deyir:

"O yolda qarşıya çıxdı bir mələk,
Padşahın əlinə o əl çəkərək,
Dedi: "Bu dünyanı keçirdin ələ,
Belə çiy xülyadan doymadın hələ?" [19, 385]

Lakin Nizaminin ölməzliyə çatmaq, əbədi yaşamaq, Tanrı səviyyəsini fəth etməkdə öz əsas fikri, öz sözü var. İnsan- o, istər hökmdar, istər qəhrəman, istərsə də yaradıcı şəxs, zəka sahibi olsun- əbədiyyətə cismani mənada yox, ruhani mənada, yəni öz ədaləti, şücaəti, fəaliyyəti, əqli və zəkası ilə qovuşur, əbədi həyat qazanır. Nizami "Bu əsərin yazılmasının səbəbi" fəslində incəliklə məsələyə toxunur; İskəndərə öz "beyninin, qanının çeşmələrindən incə söz sıxıb süzməklə" abi-həyat verəcəyini deyir:

"Yazıram mən onun şan-şöhrətindən,
Taxtının, tacının əzəmətindən.
Ölüb getmişsə də dirildim onu ,
Verim axtardığı həyat suyunu.
İskəndər bir böyük yol təqib etdi,
Dirilik suyunun dalınca getdi.
Əbədi qalmaqçın həyat suyundan,
Çox gəzdi, dolaşdı heç yorulmadan.

Dirilik suyunun olmadı sonu,
Ancaq indi tapdı həyat suyunu" [19, s. 60-61]

Dahi şair yazır ki, İskəndər dirilik suyu dalınca "böyük yol təqib edib", ona çata bilməsə də, mən ona öz sözümlə bu əbədi həyatı verirəm. İnsan üçün əsil, əbədi həyat, ölməzlik elə budur. Bu fikir şairin özünə də aiddi. O da öz ölməz "Xəmsə"si ilə "abi-həyat" suyu içmiş, əbədiyyətə qovuşmuşdur. Şair "İskəndərnamə"ni belə tamamlayır:

"Nizami aləmə bir də səs salsın,
Adı bu əsərlə əbədi qalsın!
Bunun adı kimi olsun bəxtəvər,
Dolandıqca dövran, keçdikcə illər!" [19, s.614]

Nizami bu arzusuna çatmış bəxtəvər sənətkardır.
Deməli, həm "Avesta"da, həm "Bilqamıs"da, həm də "Xəmsə"də təbliğ və təlqin olunan əsas "əbədi həyat" ideyası bu nöqtədə birləşir: ölməzlilik, əbədiyyətə qovuşmaq insanlığa qeyri-adi xidmətdə özünü tapır, insan öz əməli və amalının yüksəkliyi, ucalığı ilə əbədiləşir, nəsillərin yaddaşında, tarixdə qalır, yaşayır; insan beləliklə, tanrı səviyyəsini fəth etmiş olur, tanrılaşır.
Nizami bizim mənəvi dünyamızın qəhrəmanıdır. Nizami yaradıcılığında Azərbaycan qəhrəmanlıq ənənələrinin qədim tarixi təzələnir, o, bu ənənələrin zirvəsini yaradır. Nizaminin hökmdar qadın qəhrəmanları: Nüşabə, məhinbanu, eşq-məhəbbət qəhrəmanları: Məcnun, Leyli, Fərhad, Şirin, Nizaminin sadə, zəhmətsevər qəhrəmanları: kərpic kəsən qoca və b. bütün bunlar silsilədir, tarixin dərinliklərindən və həyatın dibindən götürülüb, üzə çıxarılıb. Bunların özləri də ənənəyə söykənir. Həm Nizami, həm də onun qəhrəmanları öz keçmişilə, öz kökü, əsil-nəcabətilə fəxr edir. "Xosrov və Şirin" əsərində qədim türk dünyamızın ulu qəhrəmanı Alp Ər Tonqanın (Əfrasiyabın) adı iftixarla yad edilir, gələcək nəsillərə bu kökə bağlı olmaq tövsiyə olunur.
Azərbaycan-türk ədəbiyyatı doğuluşundan, yaranışından milli-bəşəri ideallar ədəbiyyatı olmuş və inkişaf etmişdir. Bəşəriyyətin əzəli istək və arzuları, əzəli insani duyğuları, həyat tərzi, mübarizə eşqi və bu kimi ali hisslərin bədii təsviri, təsdiqi və təqdiri ədəbiyyatımızın həmişə baş mövzusu olub. Bu mənada Nizamiyə qədərki şifahi-bədii ədəbiyyatın bircə nümunəsini xatırlayaq.

"Endik kişi titilsün
El törü yətilsün
Toğlu börü yetilsün
Qazğu yəmə savılsun" [61, I, s.106]

/Enən kişi didilsin,
El adəti qorunsun,
Toğlu qurdla otlasın.
Həm də qayğı sovuşsun/
Dödcə misrada özünəqədərki və sonrakı yüz-yüz illərin məramı, xalqımızın ədəbi-bədii təfəkkürü, düşüncəsi, mənəvi aləmi, həyat eşqi, xalq qayğısı və bu uğurda mübarizənin bədii təsdiqi var.
Dördcə misrada insanın çox mühüm və gərəkli fəaliyyəti, insan ömrünün mənası verilib.
Dördcə misrada ulularımızı həmişə narahat edib düşündürən, buna görə, ədəbiyyatımızın da həmişə mühüm mövzusu olan dörd mühüm problem yığcam şəkildə öz bədii ifadəsini tapıb.
Nizamini, əslində bu yüksək ideallı, bu bəşəri amallı, qədim tarixə malik türk poeziyası yetirib, kamala çatdırıb.
Diqqət edin! Bircə bənddə Azərbaycan-türk poeziyasının əsas yönü, inkişaf xətti necə də yığcam və aydın şəkildə göstərilib:
1) özüdönüklüyə, qorxaqlığa nifrət, insanı mərdliyə, qəhrəmanlığa, sədaqətli olmağa çağırış;
2) el adət-ənənələrini qoruyub-yaşatmaq, inkişaf etdirmək, bunu Vətən övladının borcu, arzu və amalı kimi onun boynuna qoymaq;
3) sülhün, əmin-amanlığın bəşəriyyətin həmişə amalı, istək və arzusu sayılan məsələ kimi təbliği və
4) insanı hər çətinlikdən qurtarmaq, onu xoşbəxt etmək, ona xoş güzaran diləmək.
Bugün də dünyanın ümdə, bir nömrəli problemi olan xalqlar arasında sülh, dostluq arzuları bizim ədəbiyyatın əzəli və ilkin mövzusudur. "Toğlu və qurdun bir yerdə otlamasını" arzu və tərənnüm edən ulularımızın mənəvi aləmində, qanında bu keyfiyyət vardı. Burada həm də müstəqillik, birlik və azadlıq uğrunda gedən mübarizə və bu mübarizənin məqsədi, qayəsi verilir. Yəni bu fikir haqq-ədalət uğrunda döyüşən hökmdarlara, sərkərdələrə daha çox aiddi. Hələ miladdan öncə VI əsrdə Tomiris ana bu ali məqsədlə qəsbkar Kiri yola gətirmək istəmişdi, onu sülhə, əmin-amanlığa çağırmışdı, ona mehriban qonşuluq, dostluq şəraitində yaşamağı təklif etmişdi. Bu təklifə məhəl qoymayıb, qanahərislik etdiyinə görə başını kəsdirib qan tuluğuna atdırmışdı. Bu sülh, əmin-amanlıq ənənələrinin davamı olaraq, Nizaminin Nüşabəsi, dünya fatehi Makedoniyalı İskəndərin qabağına yemək əvəzinə kasalar dolusu ləl-cəvahirat qoyub susdurmuşdu. Onu sülhə, əhd-peymana məcbur etmişdi…
Şer-nəğmənin məzmunu, qayəsi məhz bu qaynaqlardan keçib gəlir, şer-nəğmə bu bəşəri hisslərin arzu şəklində yığcam təsviri və təqdiridir. Yəqin ki, elə o vaxtlardan mayalanıb, sinələrə hopub, dilə-ağıza düşüb, gəlib bu günə çıxıb.
Sülh, dostluq, dostluqda sədaqət ulularımızın bizim qədim türk əcdadlarımızın mənəvi keyfiyyəti olub. Elə bir mənəvi keyfiyyət ki, yunan yazıçı və tədqiqatçılarının da diqqətini özünə cəlb edib; Lukian deyirdi ki: "İskitlər dostluqdan yüksək heç nəyi qəbul etmirlər" [42, s. 307]. Bu fikir elə-belə, təsadüfi deyilməmişdi, mövcud tarixi dəlillərə əsaslanırdı. Budur, İskəndər Nüşabə ilə "əhd-peyman" bağladıqdan sonra Orta Asiyaya səfər edir. Mahmud Kaşğarlı yazır ki, Xaqan tərəfindən İskəndərə "tövbələtmə" vermək və onu sülhə çağırmaq üçün "Zülqərneyin ön cinahları üzərinə bir gecə basqını edilir, düşmən məğlubiyyətə uğrayır. Zülqərney bu gecə basqınından sonra türk xaqanı ilə barışmağa məcbur olur" [61, I, s. 99].
Bu mövcud tarixi hadisədən və bu "barışıqdan" xəbəri varmış kimi, Nizami İskəndərlə xaqan arasında bağlanan əhd-peymanı, sülh və dostluğu ürəkdən alqışlamışdı [Bax: 20, s. 294].
Alim Mahmud Kaşğarlı ilə şair Nizami bir-birindən xəbərsiz eyni tarixi faktı eyni mövqedən işıqlandırır, təqdim və təhlil edir!..