<<< geri

 

 

 

I. Nizamini yetirən xəlqi-milli zəmin

 

"Poeziya tarixdən daha ciddi və fəlsəfidir"
Ərəstun

 

XX əsrin 30-cu illərində akademik N.Y.Marr türk dillərinin inkişaf müqəddəratı və tədqiqi ilə əlaqədar qarşıya çox mühüm problemlər qoymuşdu: "Türk dilləri genetik cəhətdən nəinki aydınlaşmayıb, hətta heç bir cəhətdən öyrənilməyib. Onların genezisi məsələsi, yəni türk dillərnin mənşəyi məsələsi əslində heç kəs tərəfindən qoyulmamışdır… Bir sözlə, türk dillərinin mənşəyi məsələsinin artıq yetişmiş elmi problem olduğunu inkar etmək olmaz; bunsuz bir addım belə irəli hərəkət etmək, onları öyrənmək və həqiqətən tam dərk etmək mümkün deyildir" [46, s.134]. Türklərin, türk dilləri mənşəyinin öyrənilməsi vəziyyəti, demək olar ki, N.Y.Marrın dediyi kimi də qalır. Xalqın tarixi və mənşəyi də ilk növbədə onun dilinin tarixi və mənşəyindən başlanır.
Məhz Nizaminin mənsub olduğu xalqın genezisi, yəni mənşəyi, soy kökü məsələsini öyrənmədən nizamişünaslıqda da irəli hərəkət etmək, uğur qazanmaq, Nizami irsini layiqincə öyrənmək, tam dərk etmək çətindir.
Tarixə ümumi nəzər salaq. Miladi tarixdən öncəki, təxminən ikinci minillik və birinci minilliyin əvvəllərindən başlayaraq Azərbaycan torpağında məskunlaşan və qüdrətli dövlətlər şəklində təşəkkül tapan mühüm etnik tərkib, köçəri və yarımoturaq xalq iskitlər olmuşlar; tarixin atası Herodotda bu etnik toplum ümumi bir adla İskitlər (habelə skolotlar, massaketlər, saklar və b.) deyə xatırlanır. Onların qüdrətli ənənəvi dövlətləri olmuşdur.
İskitlər (skiflər) kimlərdi və onlar Azərbaycan torpağının müasir sakinlərilə nə dərəcədə əlaqədardı?
Hələ m.ö yunan mənbələrində iskitlərin türk əsilliyinə, türk tipli xalqlar, türk toplumu olduğuna işarələr çoxdur [42, s. 295-296].
F.Q.Mişşenko Herodotun 1888-ci il rusca çapına qeydlərində məşhur yunan alimi Hippokratın verdiyi məlumata istinadən yazır: "Hippokrat iskitlərin zahiri görkəmini elə cizgilərlə təsvir edir ki, onlar ancaq türk tipinə uyğun gəlir" [30, s.578]. Müəllif dediklərinə çıxarışda bu qeydləri də əlavə edir: "İskitlər barədə Seysin mülahizələri belə ifadə olunur: "Herodot iskitlər dedikdə, bir tərəfdən Rusiyanın cənub hissəsi və Frakiyaya, digər tərəfdən tatar düzənliklərinə qədər yayılmış köçəri və yarımoturaq tayfaları düşünürdü. Bunların bir qismi, şəksiz, türk-tatar tayfaları idi; qeyriləri yəqin, monqol və ya onlara yaxın irqə mənsub idilər, bir qədəri də indiyə kimi Qafqazda qalırlar" [52, s.50].
VI əsr Bizans tarixçisi F.Simokatta "İskitlərin, bir qayda olaraq, türk adlandığını" qeyd edir; eyni xalqlar kimi onlardan gah türklər, gah hunlar, gah da iskitlər deyə danışır: "İndi ki, Qafqaz yaxınlığında yaşayan və şimala qədər yayılmış iskitlərdən danışmaq lazımdır, mən bu böyük xalqların hazırkı vaxta təsadüf edən həyat hadisələrini xatırlamağı və əlavə bir hekayə kimi onları öz tariximə daxil etməyi zəruri sayıram. Elə ki, bu ilin yayı gəldi, həmin, şərqdə ehtiramla xaqan adlandırılan türklər Mavrikiya imperatoruna elçilər və məktub göndərdilər…" [55, s.106, 159].
V.Millerin mülahizələrinə görə, "köçəri iskitlər Ural-altay qrupuna daxildir. F.Q.Mişşenko etnik cəhətdən köçəri və xaqan iskitlərlə əkinçi və oturaq iskitləri ayıraraq birinciləri Ural-altay ordasından sayır, öz fikrinin təsdiqi üçün isə Nibur, Neyman və b. alimlərin lehinə olub, iskitlərin Monqol əsilliyinə dair onların gətirdiyi bütün dəlilləri təkrar edir" [50, .118,125].
R.Q.Latam türk tayfalarının Avropada ilk mövcudluğu barədə danışarkən, hələ keçən əsrin ortalarında yazmışdı: "Herodotun skolotların (və ya iskitlərin) türk ailəsinə mənsub olduğunu hamı etiraf edir… Prisk Atilla zamanında əslən hun adlandırılan hunlarla xaqan iskitlərini, onlara heç bir fərq qoymadan xatırladır" [41, s.44]. R.Q.Latamın əqidəsincə, iskitlərin, komanların, peçeneqlərin, xəzərlərin, hunların "indiki halda türk mənşəli olduğu elə bir xüsusi sübut tələb etmir" [42, s.46].
Beləliklə, tarixi mənbələr təsdiq edir ki, Herodotdakı iskitlər (habelə skolotlar, massaketlər, saklar və b.) Ural-altay əslindən olub, müasir türk xalqlarının, o cümlədən Azərbaycan xalqının əcdadları, ulu babalarıdır. Buna görə, istər m.ö. yaxın dövrlərdən, istərsə də miladi tarixin ilk dövrlərindən danışan bir sıra tarixi mənbələrdə, elmi və bədii əsərlərdə, tədqiqatlarda iskitlərdən, fərqinə varmadan həm də türklər, hunlar deyə bəhs olunur…
Nizami sanki bütün bu tarixi faktları, bütün bu fikirləri xülasə edərək yazırdı:

"Xəzər dağından Çin suyuna qədər
Türklərlə doludur bütün bu yerlər.
Bilirəm Rumları sevməyir bir türk,
Rumlara kinləri rusdan da böyük" [11, s. 318]

N.Y.Marr "Orxon-Yenisey" kitabələrini nəzərdə tutaraq yazmışdı: "Türklərin ədəbi fəallığı VI əsrdən məlumdur və əgər çinlilər onları təxminən min üç yüz il ondan qabaq tanıyırdısa… mütəxəssislər də bizə deyirlərsə ki, "türk dilləri öz mühafizəkarlığı ilə fərqlənir, necə ki, VI əsrin kitabələri elə dialekt qrubları ilə danışır ki, onlar elə indi də mövcuddur", onda belə çıxır ki, min üç yüz il ərzində dəyişmədən mühafizə olunmuşdur. Bununla yanaşı, türk dilləri öz təbii mühafizəkarlığını təkcə bu min üç yüz ildə qoruyub saxlamamışdır; deməli çinlilər, hələ o vaxtlar, xeyli əvvəl onlarda bunu xatırlamağı vacib saymışdılar" [46, s. 134].
"Çinlilər türkləri VI əsrdən təxminən min üç yüz il qabaq tanıyırdılar" və "hələ o vaxtlar, xeyli əvvəl onlarda mühafizəkarlığı xatırlamağı vacib saymışdılar" fikirlərini N.Y.Marrın hansı mənbələrə istinadən söylədiyi, hələlik bizə məlum deyil. İndi bizə məlum olan budur ki, "Issık yazısı" tapıntısı (36, s. 58-62) həqiqətən sübut etdi ki, türklərin m.ö VI-V əsrlərdə, yəni "Orxon-Yenisey" kitabələrindən min il əvvəl yüksək yazı və dil, habelə mis, gümüş qablar üzərinə yazı həkk etmə mədəniyyəti vardı və söz yox, bu mədəniyyətin özü də ancaq elə həmin əsrlərdə birdən-birə yarana bilməzdi; bunun üçün dərin köklər və güclü ənənə olmalı idi; buna əlavə edək ki, lap bu son vaxtlarda, yazıldığı "3479 il bundan əvvələ aid" edilən "İber yazısı"nın qrafik üslubu da açıq-aşkar "Issık", "Orxon-Yenisey" yazılarının qrafik üslubudur. Yazı işarələrinin, hərflərin yarıdan çoxu isə bir-birinin eynidir [38, s.55]. Bu yeni fakt isə qədim türk yazısının "Issık" yazısından daha min il əvvəl mövcudluğuna, təsir dairəsinin genişliyinə dəlalət edir… “Qlozel” yazılarının kəşfi isə türk yazısının tarixini bundan mil il qədimə apardı.
Bütün bunlar son dövrlərin tapıntıları olub, N.Y.Marrın Çin mənbələrinə əsaslanaraq dediyi fikirləri təsdiq edir. M.ö birinci və ikinci minilliklərdə, nəinki türk dilləri və türk yazısı mövcud idi, habelə onun "Öz təbii mühafizəkarlığı", öz müstəqilliyini qoruyub mühafizə etmək kimi daxili keyfiyyətləri hələ çinlilərin diqqətini cəlb etmişdi.
Bərdə hökmdarı Nüşabə mövcud xəlqi adət-ənənələrinə, habelə saray qayda-qanunlarına məhz "ayin" kimi baxmışdı. "Elçi" qiyafəsində gəlmiş İskəndər bu "ayin"lərə toxunduqda Nüşabə hiddətlənmiş, ona öz "həddini tanıtmaq" qərarına gəlmişdi…
“Elçinin tutduğu uğursuz işə,
Nüşabə pərt olub düşdü təşvişə:
Bu zirək kişiyə indi nə demək?
Qoyulan ayinə əməl etməmək?!
Həddini tanıtmaq gərəkdi ona,
Bu elçi saymayır bizi, baxsana [19, s.209]
Bu "ayinlər", keyfiyyətlər yeni erada, təbii olaraq, inkişaf etmiş, şaxələnmiş və daha da sabitləşmişdi. 582-ci ildə, Göy türklər iki yerə bölündükdən sonra Çin xaqanı türklərin başçısı Şe-Tu xaqana məktub yazaraq, vəd verir ki, onun təkrar qüdrətli xaqan olması üçün çalışacaqdır, bu şərtlə ki, o, türklərin dillərini, mənəvi keyfiyyətlərini, adət-ənənələrini dəyişdirməli, türklər Çin mədəniyyətini tanımalıdır. Şe-Tu xaqanın məktuba cavabı belə olmuşdu: "Sizə hər il vergi göndərəcək, bütün vaxtımı sizə sərf edəcək, sözünüzü dinləyəcəyəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimzdə dalğalanan saçlarımızı ləğv etməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə, bizim ənənələrimiz və qədimdənqalma adətlərimiz çox uzaq keçmişlərdən gəlir ki, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişdirməyə cəsarət etməmişəm. Çünki, bütövlükdə türk xalqı eyni qəlbə malikdir" [62, s. 20-21]. Bu, adi cavab deyil, son və qəti tələb idi. Burada söhbət "türk bütövlüyündən" gedir, bu xalqın çinlilərdən qədim olduğuna işarələr vurulurdu. Belə olan surətdə, bu xalq nə üçün Çin mədəniyyəti və adət-ənənələrinin əsiri olmalı, onun qayda-qanunlarını qəbul etməli idi?!
İndi görək elə həmin vaxtda-580-ci illərdə bu xalqın Azərbaycanla əlaqədar hissəsi, yəni Azərbaycan oğuz türkləri, bilavasitə Nizamini yetirən xalq və onun ictimai-siyasi mövqeyi, mənəvi keyfiyyətləri və s. necə idi və bu barədə tarixi mənbələr nə deyir? Məşhur türk alimi M.Erkin Bayburtlu Osmanın "Bəhrül-Ənsab" əsərinə müraciətlə yazır: "Göy Alp xanın əcəli yetişib dünyadan köçdü. Oğullarından Bayandur xan, Turmuş xan ölkəni bölüşüb hərəsi bir vilayətin xanı oldu. Qardaşları Bayandur xanın hamiliyi və qətiyyətlə Xorasandan Aniyə, Qarsa gəldilər. Gürcülərlə vuruşub Tiflisi aldılar. Oradan Dəmir qapıya keçərək oranı tutdular… Oğuzların özlərinin təsdiqinə görə onlar bir xalqdır. Bayandur xanın əskəridir. Peyğəmbərimiz dünyaya gəlməzdən əvvəl onlar gürcülərlə cəngi-cidal edib Gürcüstan bəylərindən qırx il xərac almışlar" [60, s.40]. Azərbaycan xalqı - Oğuzlar məhz "çox uzaq keçmişlərdən gələn qədimdən "qalma" zəngin mənəvi keyfiyyətlərə, adət-ənənələrə, dilə, habelə ədəbi ənənələrə malik olmalı idilər ki, XII əsrdə də Nizamini yetirə, bəşər mədəniyyətinə Nizami dühasını verə biləydilər.
"Orxon-Yenisey" kitabələrinin məşhur tədqiqatçısı P.M.Melioranski yazır: "VIII əsr türklərinin yüksək mədəniyyətini təqdim etmək üçün Orxon kitabələrinin özü də kifayətdir" [48, s.278]. Üç-dörd əsirlik (daha artıq) bir dövrü əhatə edən yazılarda yetkinlik görən və heç bir imla xətası tapmayan tədqiqatçı belə nəticəyə gəlir: "Bu kitabələr sırf dilçilik baxımından tam dəqiq əlifba, tam sabit imla - nəhəng, amma söhbət bunda deyil, -imla ilə təmiz türk dilində yazılmışdır; biz isə burada, sadəcə onu göstərmək istəyirik ki, necə deyərlər, VIII əsr türklərinin yüksək səviyyədə "savadlılığını" iki mühüm Orxon yazısı təsdiq edir" [48, s. 278]. Bu fikirləri P.M.Melioranski hələ kitabələr yenicə oxunmağa başlarkən demişdi. Sonrakı tədqiqatlarda aşkar oldu ki, kitabələrin Yenisey qolu daha qədimdir, V əsrdən də oyanadır [44, s. 5]. Deməli, P.M.Melioranskinin bu fikri bütövlükdə I-VIII əsrlər türklərinə aid edilə bilər. Söz yox, bu "yüksək mədəniyyət", bu "yüksək səviyyədə savadlılıq" Azərbaycan xalqına da aiddi.
Türk xalqlarının bütün bu tarixi nailiyyətləri Nizamiyə daha yaxın idi və buna görə bunları öyrənmək, bilmək, mənimsəmək ona daha asan olmuşdu.
Bu "yüksək mədəniyyət", bu "yüksək səviyyədə savadlılıq" məhz ümumtürk mədəniyyəti üzrə yazıda "Orxon-Yenisey" kitabələri və elmdə Mahmud Kaşğarlı "Divan"ı zirvələrini yaratmışdı ki, bugünədək bu zirvələr fəth olunmamışdır.
Bu "yüksək mədəniyyət", bu "yüksək səviyyədə savadlılıq" məhz Azərbaycan ədəbiyyatının ana dilli qolu üzrə "Dədə Qorqud" zirvəsini, yazılı “fars qolu” üzrə isə Nizami zirvəsini yaratmışdı ki, bugünədək bu zirvələr də fəth olunmamışdır.
Lakin nizamişünaslıqda belə bir səhv fikir hələ də öz hökmündə qalır ki, Nizamini, onun dünyagörüşünü bu xəlqi ənənə, bu milli zəmin yox, guya antik dünyanın ənənələri formalaşdırmış; bu isə ancaq iki yolla - Suriya-Ərəb və Vizantiya-gürcü və ya erməni mədəniyyətlərinin vasitəçiliyi ilə mümkün olmuşdur. Məşhur nizamişünas Y.E.Bertels yazır: "Müxtəlif xalqların bir-birinə qarışması onların baxış dairəsini genişləndirir, ən müxtəlif ənənələrlə tanış olmağa imkan verirdi. Bu qarışma nəticəsində Azərbaycan antik dünyanın ənənələrindən iki yolla-Suriya-ərəb və Vizantiya-gürcü, yaxud erməni mədəniyyəti vasitəsilə istifadə etmək imkanı tapırdı. Antik nəzəriyyələrlə tanışlıq, oyanmaqda olan elmi fikri irəliyə aparırdı. Nizaminin dünyagörüşü yalnız bu olduqca əlverişli şəraitdə təşəkkül edə bilərdi".[11, ç. XV].
Tədqiqatçı, məsələnin əsl mahiyyəti üzərinə kölgə salır; Nizamini yetirən xalqın mədəniyyətini, zəngin mənəvi keyfiyyətlərini, zəkasını, dünyagörüşünü, əxlaq-etikasını, elmini, bir sözlə, mövcud xalq zəminini görmür, görmək istəmir və ya onu tamam arxa plana çəkir, nəticə etibarilə erməninin, gürcünün ayağına bağlayır. Buna bir "Suriya-Ərəb və Vizantiya mədəniyyəti" qolunu da əlavə edir.
Y.E.Bertelsin əsas mənbə, sivilizasiya ocağı kimi təqdim etdiyi "Suriya-Ərəb və Vizantiya…" fikri haradan gəlir?!
Sual olunur: Nizamişünas - ümumilikdə Şərq tarixinə, Şərq mədəniyyətinə bələd olan "görkəmli" bir alim nə üçün belə hərəkət etmiş, nə üçün Nizamini erməni və gürcünün ayağına bağlamağa çalışmış?
Bu sualın bircə cavabı var. Alim burada xətir-könül görmək istəmişdi. Çünki o vaxt hakimiyyətin başında həmin xalqların nümayəndələri dayanırdı… Məgər Bertels kimi bir alimin buna ehtiyacı vardımı?! Onun bu fikri söyləməyə nə elmi əsası, nə də mənəvi haqı vardı.
Lakin bizi narahat edən budur ki, Sovet hakimiyyəti illərində bizim tariximiz, xüsusilə mənəvi aləmimiz bu cür müxtəlif yollarla saxtalaşdırılıb, inkar edilib. Bu da türk aləminə edilən "səlib yürüşlərindən" biri idi. Görkəmli bir alimin qələmi ilə edilirdi.
Nizaminin dünyagörüşünün formalaşması və "təşəkkül etməsində", əlbəttə, antiq dünya nəzəriyyələrinin, Suriya-ərəb elmi-nəzəri fikirlərinin də rolu vardı və bunu inkar etmək olmaz. Lakin bu əsas deyildi. Nizamini yetirən güclü milli zəmin, güclü ənənə vardı ki, bunun kökləri çox qədimlərdən gəlir.
XII əsrdə Azərbaycan xalqının qədim tarixi və mövcud ictimai-siyasi mövqeyi, mədəni-elmi səviyyəsi, güclü ədəbi zəmin olmasaydı, dünyəvi elmlərə maraq dairəsi geniş və əhatəli olmasaydı, xalq dünya elmi və mədəniyyətini öyrənə, əxz edə bilmək ənənələrinə və imkanına malik olmasaydı Nizamini yetirə bilməz, Nizami Nizami ola bilməzdi.
Bütövlükdə "Xəmsə"nin məzmunundan, habelə Nizaminin özü barədə dediyi və verdiyi məlumatlardan anlaşılır ki, şair Gəncədən kənara çıxmamış, oxumaq, təhsil almaq üçün başqa bir şəhərə, ölkəyə getməmişdir. Ciddi mütaliə yolu ilə dövrünün tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, heyət, həndəsə, coğrafiya, fiqh (şəriət) və b. elmlərini mükəmməl öyrənmiş, bilmişdir; memarlıq, musiqişünaslıq, rəssamlıq kimi sənət növlərinə yaxşı bələd olmuşdur. Azərbaycan-türk, fars, ərəb, pəhləvi dillərini yetərincə bilməsi ona qədim dünya və orta əsrlərin əsas elmi və ədəbi məxəzlərilə tanış olmaq imkanı vermişdi və s. Onda sual olunur: Gəncədən kənara çıxmayan şair bütün bu elmlərin əsaslarına necə yiyələnmiş, indi belə öz qiymətini, öz dəyərini saxlayan elmi bilikləri necə təlim etmiş, necə mənimsəmişdir? XII əsr Gəncəsi Şərqin qədim və zəngin elmi-mədəni mərkəzlərindən olmalı imiş ki, bu elmləri mənimsəmək, əxz etmək mümkün olsun. Azərbaycan çoxdan qüdrətli dövlət idi. müəyyən etik-əxlaqi normalar xalqın ruhuna, canına hopmuşdu. İndi dünyada məşhur olan memarlıq məktəbi yaranırdı, dilçilik lüğətləri tərtib edilirdi; musiqi, incəsənət, təbabət, muğam elmləri və başqa elmlər inkişaf etmişdi. Nizami əsərlərini fars dilində yazsa da, onun əsərlərindəki elmilik, tarixilik Azərbaycan-türk ictimai mühitinin məhsuludur, o zamankı mənəvi təkamülün bəhrəsidir. Qonşu mədəniyyətlər də Nizamiyə müsbət təsir göstərə bilərdi. Əsas özül isə milli zəmin idi.
Dühanın yetişməsində xəlqi-milli zəmin ilkin şərtdir. Nizami dühasının parlamasında Azərbaycan xalqının qədim keçmişi, zəngin mənəvi aləmi, estetik fikir dünyası, zəkası məhz ilkin mənbə və daxili amillər kimi mühüm rol oynamışdır. Xarici amillər isə sonra gəlir.
Bütün yuxarıda dediklərimizə əlavə olaraq, Nizami dövründə xalqın daxili aləmi, onun istedadı, bədii təfəkkürü, fəlsəfi mühakimə bacarığı və b. mənəvi keyfiyyətlərinin məcmuu olan xalq kəlamları və ya "Nizami əsərlərinin el variantları"ndan tək bircə epizodu xatırlayıb bəzi nəticələr söyləyək.
Epizod belədir:
Padşahın ağır xəstə olan qızına üç ölkənin şahzadələri elçi gəlir. Bunu padşaha xəbər verərkən daha da qanı qaralır, kədərlənir. Rədd cavabı verir. Lakin ağıllı vəzir məsləhət görür ki, hər halda, padşah şahzadələri öz adına layiq yola salmalıdır… Padşah razılaşır, elçiləri qəbul edir. Deyir: mənim bircə qızım var, sizsə üçsünüz. Hərəniz bir hədiyyə gətirin. Kimin hədiyyəsi qiymətli olsa, qızımı ona verərəm. Sizə qırx gün möhlətdir.
Üç şahzadə, üç dost üç yol ayrıcında ayrılıb hərəsi bir səmtə gedir. Şərtləşirlər ki, geri dönərkən burda görüşsünlər…
Otuz doqquz gün tamam olur. Qırxıncı gün şahzadələr ayrıldıqları yerdə görüşürlər. Biri xalça alıbmış; bu adi xalça deyil, xalça-möcüzədir. Elə xalçadır ki, üstündə otursan, bir göz qırpımında istədiyin məsafəni qət edə bilərsən. İkincisi bir güzgü alıbmış; bu adi güzgü deyil, möcüzə güzgüdür. Elə güzgüdür ki, ona baxsan ürəyindən keçirdiyini görə bilərsən. Üçüncüsü bir alma alıbmış; bu da adi alma deyil. Min bir dərdin dərmanıdır; ölüm yatağında olan hər bir xəstə onu yesə sağalar.
Şahzadələrin hər üçünün ürəyindən qızı görmək keçir. Güzgüyə baxıb görürlər ki, qız can üstədir, onun son nəfəsidir. Bəs nə edək? Dərhal xalçanı açıb üstündə otururlar, bir göz qırpımında şahlıq darvazasının önündə düşürlər. Saraya daxil olurlar. Hamı matəm içindədir… Şahzadələr almadan qıza verməyi təklif edirlər. Qızın qurumuş dodaqlarına bir dilim almanın suyundan damızırlar. Bir dilim, iki dilim, üç dilim… xəstə almadan yedikcə gözlərini açır, durub oturur, danışır və yemək istəyir. Sevinc, şadlıq sədaları sarayı bürüyür…
Qarşıya sual çıxır.
Ata qızı kimə verməlidir? Qız kimə düşür?
Gətirilən hədiyyələrin üçü də qiymətlidir. Şahanə hədiyyələrdir. Güzgü olmasaydı şahzadələr xəstəni görüb, halından xəbər tuta bilməzdilər; xalça olmasaydı uzaq yolu bir anda qət edə bilməzdilər; alma olmasaydı, qız yataqdan qalxa, sağala bilməzdi.
Ata qızı kimə verməlidir? Qız kimə düşür?
Babalarımız nağıl və dastanlarda, məsəl, bağlama və yanıltmaclarda, deyişmə və qıfılbəndlərdə ta qədim zamanlardan həmişə xalqı, bax, beləcə düşünməyə, axtarmağa, onun zehnini, diqqətini müşkül işlərin həllinə doğru yönəltmiş, mütəmadi olaraq beyinləri işləməyə, tapmağa, kəşf etməyə səfərbər etmişdilər. Bizim qeyri-rəsmi xalq "universitetlərimiz", "institutlarımız" tarixən, bax beləcə fəaliyyət göstərmişdi. Nizami ilk növbədə bu "universitetləri", bu "institutları" bitirmişdi…
Əlbəttə, cavab aydındır. Ağlın məntiqinə görə qız alma gətirənindir.
Lakin bizim məqsədimiz bu deyil. Bu el variantının tarixini dəqiq göstərmək olmur, Nizamiyə qədərki min illərmi, on min illərmi? Bunu demək çətindir.
Burada nəzərləri bu kiçik epizodun məzmunundan alınan nəticəyə yönəldək:
1) bəşəriyyətin ancaq XX əsrdə əldə etdiyi "televiziya" kəşfini Azərbaycan xalqı "möcüzə-güzgü" anlayışı ilə hələ Nizamidən çox-çox əvvəlki əsrlərdə öz xəyalında, beynində düşünmüş, kəşf etmişdi: bəşəriyyət buradan bəhrələnmişdir;
2) bəşəriyyətin ancaq XX əsrdə əldə etdiyi raket sürətli təyyarə kəşfini Azərbaycan xalqı "möcüzə-xalça" anlayışı ilə hələ Nizamidən çox-çox əvvəlki əsrlərdə öz xəyalında, beynində düşünmüş, kəşf etmişdi: bəşəriyyət buradan bəhrələnmişdir;
3) bəşəriyyət indi də bir sıra ağır xəstəlikləri (xərçəng, şəkər və s.) müalicə etməkdə acizdir. Lakin bizim X-XII əsrlərə qədərki mənəvi dünyamızda bu, bir sıra əlacsız dərdlərin psixoloji üsullarla müalicəsi, dava-dərmanı da vardı…
Nizamini, Nizami dühasını məhz bu ilkin xəlqi zəmin, zəngin mənəvi fikir, irfani düşüncə aləmi, bir sözlə, Azərbaycan xalqının öz dühası, öz daxili məzmunu yetirmişdi.
Təkrar edirik: hələ m.ö min-min illərin irfani fikirlərini özündə cəmləyən "Avesta" dini-ədəbi-fəlsəfi kitabəsini bəşəriyyətə bəxş etmiş və V-VIII əsrlərdə öz qəhrəmanlıq tarixini, dünyagörüşünü "Orxon-Yenisey" kitabələrinə həkk etmiş, habelə XI əsrdə dünya türkologiya elminin banisi Mahmud Kaşğarlını yetirmiş "yüksək mədəniyyət" və "yüksək səviyyədə savadlılıq" öz inkişafının müəyyən mərhələsində Nizamini yetirməli idi.
Təkrar edirik: hələ V-VII əsrlərdə bəşər mədəniyyətinin nadir incisi sayılan "Dədə Qorqud kitabı"nı yaratmış Azərbaycan xalqı öz bədii-estetik fikir dünyasının növbəti inkişaf mərhələsində Nizamini yetirməli idi…