<<< geri

 

 

 

Filologiya elmləri doktoru
Elməddin Əlibəyzadənin
"Nizami və tariximiz" əsərinə

 

RƏY


Oçerkdə müəllif qabaqca Nizamiyə qədərki Azərbaycan və ümumtürk mədəniyyət tarixinə geniş nəzər salır. Türkdilli daş kitabələr, "Divani-luğatit-türk", "Dədə Qorqud" kitabını yetişdirən ictimai-fəlsəfi və ədəbi fikrin formalaşdığı tarixin uzaq dövrlərinə diqqəti cəlb edir. Oçerkdə Azərbaycan və ümumtürk yazı mədəniyyəti miladın I-VIII əsrlərilə bağlanır. "Avesta"nı Azərbaycan bədii-fəlsəfi mədəniyyətin qədim abidəsi bilən Əlibəyzadə dil-yazı mədəniyyətimizin tarixini sonraya çəkməsi təəccüb doğurur. "Avesta"nın ilkin olaraq hansı dildə yaradıldığı hələlik dəqiq müəyyənləşmədiyi nəzərə alınsa, yuxarıda deyilmiş fikirlər tarixi gerçəklik kimi heç də az əhəmiyyətli sayılmamalıdır. Hər halda "Avesta" fəlsəfi-ədəbi fikrinin antik yunan və başqa yaxın şərq xalqlarının mədəniyyətinə güclü təsiri barədə Qərb, rus və İran alimlərinin gəldiyi nəticələr J.Bertelsin yanlış fikirlərinə cavab olmalı idi.
Oçerkdə Nizaminin bir neçə dil bilməsi və bu dillərdə antik mədəniyyət və sivilizasiyalarla tanışlığını əks etdirən bir sıra faktlarla şairin "İskəndərnamə"də işarələr etməsi fikri çox diqqət və elmi maraq doğurur. Misal üçün "Bilqamıs"da "dirilik çiçəyi" ilə İskəndərin uzaq Sibirin şimalında axtardığı "dirilk suyu" arasında qədim Şumer-türk təfəkkürü əlaqəsinin izlənməsi formal cizgilərinə görə Nizaminin antik türk-Şumer mədəniyyətlərilə tanışlığına ənənəvi bir örnək sayıla bilər. Ancaq burada Nizami əsatir cizgiləri və formaları ilə islami fəlsəfi düşüncəni şərh etmək istəmişdir. Ancaq, bunu nəzərə almaq lazımdır ki, Şərqdə antik mifoloji təsəvvürlər islamiyyət dövründə yaranan poeziyada ilkin cizgiləri saxlasalar belə, fəlsəfi-irfani istilah və rəmzlərə çevrilirlər və yeni məna və məzmunlar daşıyırlar. Təcrübə və tədqiqatlar göstərir ki, antikliyin iz və əlamətlərinə bir qəzəl, bir qəsidədə belə təsadüf etmək olur; ancaq bunlar islami poeziyada müxtəlif fəlsəfi-bədii və əxlaqi fikir cərəyanları üçün məzhər, ifadə və rəmz vasitələrinə çevrilirlər.
Oçerkdə əski Yunan və Bizans müəlliflərinin və Nizaminin "İskəndərnamə"də verdikləri tarixi məlumatlar çevrəsində Azərbaycanın qədim siyasi-etnik və mədəni həyatı məsələləri müqayisəli tədqiq olunur; Bu müqayisələr tarixi gerçəklikləri çox zaman doğru əks etdirir. Qədim etnonim və toponimlərin tarix dəyişdikcə yenilərilə əvəz olunması faktı tarixi bir hadisə kimi Nizaminin diqqətindən yayınmadığına işarə edilərkən "Horum/Bərdə" və "Bulqar/Bumqar" adları nümunə verilir. Nizami əsərinin tərcüməsində bilərəkdən ya bilməyərəkdən, ya da mətbəə səhvi olaraq əsərin farsca mətnində "Bunğar" sözü "Bumqar" kimi getmişdir. Müəllif səhvi tuta bilməmiş və səhv nəticə çıxarmışdır. "Bunğar" sözündəki "bun" - "Buntürk" tayfa adındakı "bun" şəkilçiləşmiş, ya şəkilçi yerində işlənərək sifət bildirmiş sözün eyni formasıdır (səh. 51). "Bun" sözünün türk mənşəli olmasına dair DTS-dən gətirilən mənaya da Əlibəyzadə diqqət yetirməmişdir. "Bun" - "özül", "əsas", "təməl" mənasında türk mənşəli yox, fars mənşəlidir (s. 47). Türk dilində işlənsə belə, "bun" - "bunyad", "bunyə" bina, bənna və s. ərəb-fars mənşəlidir. Elmi-tarixi mənbələrdə işlənən "Bulğar" sözü Nizaminin verdiyi əsil doğru variantın "Bunğar"ın təhrif olunmuş formasıdır. Bu sözün həqiqi məna və etimologiyasının da "Bulqar"da yox, "Bunğar"da aparmaq lazım gəlir. Bu etimologiya bizə məlumdur. İkinci səhv cəhət budur ki, əgər Bərdə, Bulqar, həri və s. şəhərlərini İskəndər tikdirmişsə, onda bu adlar yunan mənşəli toponimlər olmalı idi. Görünür Nizaminin bu barədəki məlumatlara dayanmır və bunları tarixi gerçəklik kimi vermək də doğru deyildir. Oçerkdə müşahidə olunan bu kiçik yanlışlıqlar redaktə zamanı islah oluna bilər.
Oçerkin zəngin elmi qaynaqlar üzərində yazıldığını, bəzi kiçik mübahisələr doğuran cəhətlərinə baxmayaraq, Nizaminin elmi-ədəbi dünya görüşünün mənbələrini öyrənmək baxımından əhəmiyyətini nəzərə alaraq çapını gərəkli sayıram.
F.e.n. SASANİ Ç. 18/II-2003