<<< geri

 

 

 

E.Əlibəyzadənin
"Nizami və tariximiz" əsərinə

 

RƏY

Tükənməz ənənvi sərvətimiz olan Nizami yaradıcılığında elə bir mövzu təsəvvür etmək mümkün deyil ki, onu araşdırıb sanballı bir iş üzə çıxarmaq mümkün olmasın. Bu baxımdan prof. E.Əlibəyzadənin adı çəkilən əsəri də istər müxətəssislərin, istərsə də ümumi oxucu kütləsinin ciddi marağına səbəb olacağına şübhə etmirik.
Əsərdə irəli sürülən fikirlərin təsdiqi çün qaynaq və ədəbiyyatların bolluğu diqqəti çəkir, irəli sürülən fikirlərin inandırıldığının təmin edilməsinə xidmət edir. Belə tutarlı qaynaqlara istinad edən müəllif, haqlı olaraq, iskit, hun və türkü sinonim sözlər kimi verir. Əsərdə xalqımızın - türkün etnogenezinə dair maraqlı fakt və mülahizələrlə üzləşirik.
Müəllif irəli sürdüyü fikirlərin ancaq məntiqi gücünə arxalanmır, bu fikirləri dəstəkləyən faktlar üçün mötəbər qaynaqlara müraciət edir və inandırıcı dəlillər tapır.
Tarixlə Nizami yaradıcılığı arasında paralellər aparan müəllif oxucunun inandırıcı tipoloji faktlarla üzləşdirir. O, öncə böyük Nizamini yetirən milli zəmini tarixi dəlillərlə oxucuya çatdırmağa çalışır və ona nail olur. Hələ miladdan öncə I və II min illiklərdə türk yazısının mövcud olması haqqında verilən məlumat da ciddi maraq doğurur. Müəllifin üzə çıxartdığı türkün ənənə və özəllikləri haqqındakı tarixi faktlarla Nizami əsərlərində verilmiş fikirlərin tipoloji bənzərliyi oxucunun təccübləndirməyə bilmir. Burada Nizaminin tarixi həqiqətlərə sədaqətinin öz parlaq təsdiqini tapması aşkarlanır.
Bəşər mədəniyyətinin başlanğıcında Şumer mədəniyyətinin durması və Şumerlərin isə türklərin ulu babaları olması ciddi tarixşünaslıqda irəli sürülmüş və bir çoxları tərəfindən qəbul olunmuş, tarix elminə yeni istiqamət vermişdir. Müəllif çox haqlı olaraq, Nizamini bu doğma mühitindən, milli ənənəsindən doğma tarixindən ayırıb onun yabançı mədəniyyətlərə bağlamağa edilən cəhdləri elmi həqiqətlərdən kənar hesab edir.
Nizami xalq "universitetlərini", xalq "institutlarını" bitirmişdir fikri çox diqqət çəkicidir. Bu fikrin təsdiqi üçün əsərdə tutarlı dəlillər, misallar verilir. Müəllif haqlı olaraq bu qənaətə gəlir ki, Nizamini yetirən mühit Dədə Qorqud mühitinin davamı idi.
Beləcə, müəllif bizi əsərin hər bölməsində yeni, maraqlı fikir və elmi mülahizələrlə üzləşdirir.
Bölmələrin hamısında Nizami yaradıcılığı ilə şairdən çox-çox öncəki qaynaqlar arasında paralellər aparılır və güclü bənzərliklər üzə çıxarılaraq şairin bəşər övladının, xüsusilə türk-Şumer mədəniyyətinin qədim irsinə nə qədər bələd olduğunu və onlardan öz yaradıcılığında necə səmərəli istifadə etdiyini inandırıcı dəlillərlə oxucuya çatdıra bilir.
Müəllif apardığı müqaisələrdə haqlı olaraq "Avesta" və "Bilqamıs" kimi türkliyin hamı tərəfindən etiraf olunan ən böyük abidələrinə üstünlük verilir ki, bu da böyük şairin milli zəminə daha çox bağlılığı ilə izah olunur. Bütün bunlar isə Nizami yaradıcılığını həm milli, həm də ümumbəşəri xarakterlərindən xəbər verir.
Xalq hikmət və fəlsəfəsinin Nizami yaradıcılığına necə sirayət etməsini və şair dühasının bu hikmət və fəlsəfənin daha da cilalayıb, zənginləşdirib, bədii təxəyyülündən keçirərək yenidən xalqa qaytarması haqqındakı fikirlər də əsərin yaxşı məziyyətlərindəndir.
Müəllif Nizamidən yazan istər özümüzün, istərsə də bir sıra kənar tədqiqatçıların səhv fikirlərini; yersiz müqayisələrini aşkarlayıb onlara tutarlı cavab verir, onların şairə tutduqları iradların heç bir dəlil və məntiqə söykənmədiyini əsaslandırır.
İskəndərin Azərbaycan səfəri, onun tarixi izləri və Nizamidəki hadisələrin poetik təsviri; onlara müdaxilə, hökmdar qadın surətləri və s. kimi tarixi hadisələr dolğun işıqlandırılır.
Əsərin ən yaxşı məziyyətlərindən biri məzmunca elmi, dil və üslubca xəlqi olmasındadır.
Əsərdəki üçüncü bölmənin məzmunu əsas verir deyək ki, o, "Nizami və Nizamişünaslığın bəzi məsələləri" kimi adlandırılması məqsədəuyğundur.
Nəhayət, onu deyək ki, əsərin dolğun, elmi dəyəri Nizamişünaslıq üçün faydası nəzərə alınaraq onun tezliklə çap edilməsi vacibdir.

F.e.d. M.QƏMBƏRLİ 17.XI.2001