<<< geri

 

 

 

11. Son söz yaxud bəzi nəticələr.

 

Mən kiməm, biz kimik!?

Beləliklə, Azərbaycan xalqının tarixini ümumtürk tarixindən təcrid edib öyrənmək və yazmaq mümkün deyil.
Tarixdə, ictimai və mədəni həyatda hər hansı bir xalq, millət və onun hakimiyyəti özüllə, başlanğıcla və ənənə ilə bağlı olur. Hər hansı sahədə əsassız, güclü ənənəsiz zirvələr fəth edilmir. Bu mənada türk xalqının (və xalqlarının), türk dövlətçiliyinin ilk yaradılışı, doğuluşu, inkişaf mərhələləri və zirvələri olub.
Nizami bu tarixin parlaq səhifələrini açır, bu isə çox dəyərli və etibarlı qaynaqlardan gəlir.
Türk dövlətçiliyinin qədim və güclü ənənəsi var. Bunu tarixi qaynaqlar dönə-dönə təsdiq edir. "Orxon-Yenisey" kitabələrində bu həqiqətin təsdiqinə yan alan belə bir fakt var; bizim eranın VII əsrinə aid "Eltəris xaqanın şərəfinə kitabə"də onun ölümündən sonra hakimiyyətə gələn Qapağan xanın dilindən bu sözlər deyilib:
"Mən Qapağan, Eltəris xaqanın elində tərbiyə aldım. Eli (səltənəti, dövləti) Yabğa oğlu Sabra Tamançur, onun kiçik qardaşı Yoğa Sabra Tamğan Tarkan, ümumən mənim altmış beş ulu (hökmdar) babalarım yaratmışlar" (İndi bu taxtda mən əyləşirəm…)" [45, s.7-9].

Bu sözləri qiymətli, əsil və yad əlinə keçməmiş bir kitabədən oxuyuruq. Biz buradan çıxış edib tarixin dərinliklərinə gedə, Türk dövlətçiliyi tarixinin dərinliklərinə enə, Türk dövlətçiliyinin kökünü tapa, başlanğıcını aşkar edə, üzə çıxara, heç olmasa, bu barədə ümumi bir təsəvvür yarada bilirik.
"Altmış beş ulu babaların yaratdığı el birliyi-dövlət, səltənət!
VII əsrədək bu sayda hökmdarları olan bir elin-dövlətin, səltənətin tarixi barədə, əzəməti barədə, ənənəvi inkişafı barədə bu fikir az söz demir. Sonra gələn Türk dövlətləri məhz bu zəmin, bu kök, bu güclü ənənə üzərində ucalmışdır.
"Altmış beş" ulu babaların yaratdığı el birliyi-dövlət, səltənət!
Bu tarix haradan başlamalı, nə qədər olmalıdır? Bu ən azı gedib bizim ulu hökmdar babamız Bilqamıs //gilqamış padşahın (m.ö. 2800-2700-cü illər) zamanına çıxır. Ondan da əvvəl "Qızıl əsr" dövrü olub. Ur, Tel-El Obeyd xanədanlıqları olub. Habelə həmin el birlikləri dövründə yaranmış "Enmerkar və Aratta hökmdarı", Bilqamıs padşahın atası "Luqalbanda haqqında dastan", "Bilqamıs" dastanı və s. ədəbi məhsullar, əvəzsiz söz inciləri dünya ədəbiyyatı xəzinəsinə daxil olub.
Bu dövlətlərin ərazisi Dəclə-Fərat çayları, Böyük Çin Səddi, Orxan-Yenisey vadilərindən tutmuş Kaspi dənizi və Yevkos pontuna (Qara dənizə), oradan da Urmiya gölü sahillərinədək uzanan torpaqları birləşdirən, az və ya çox fasilələr, aravermələrlə vahid hakimiyyətin tarixidir ki, təxminən altı-yeddi min illik bir dövrü əhatə edir. İki Çayarası arxeoloji qazıntılarının elmi nəticələrini nəzərə alsaq, bu tarix daha qədimdir, 10 min ildən artıq bir tarixdir.
Biz bu dövlətləri, bu tarixi yaratmış xalqıq, onun övladlarıyıq.
Ulularımızın yaratmış olduqları həmin 65 hökmdarlığın dördü-beşi və daha artığı-"Turan imperiyası" (m.ö.?-625), "Midiya dövləti" (m.ö. təxminən 671-553), "İskit-Massaget-Sak" (m.ö. 530-?), "Atropat-Atropaten" (m.ö. təxminən 343-333) və b. dövlətlər məhz qədim Azərbaycan ərazisində qərar tutmuşdu… Deməli, bu el birlikləri-dövlət qurumları həm də bu geniş ərazinin mərkəzində, necə deyərlər, tən ortasında yerləşən Atropaten-Azərbaycan torpağı və adının, burda məskunlaşan Azərbaycan-türk xalqının, Oğuz türklərinin dili və ədəbiyyatının təşəkkülü və formalaşmasına güclü zəmin yaratmışdır. Sak-Sakasen, Alban mədəniyyəti də bura daxildir.
Qədim türk - yunan münasibətləri tarixindən bizə Troya//Turoya müharibələri məlumdur. M.ö.XII əsrdə turlarla yunanlar arasında gedən döyüşlər “Troya müharibəsi” adı ilə məşhurdur. Türklərin hələ m.ö. XII-X əsrlərdəki qüdrət və əzəmətini nümayiş etdirən bu müharibə tarixdə öz izini buraxmış, dahi Homerin qələmilə bədii ifadəsini də tapmışdı. Bu tarixi öyrənməyə, tədqiq etməyə böyük ehtiyac var. Turan tur sözü əsasında yaranıb. Turan sözünün kökü “tur”dur, ona əlavə olunan an yer, məkan mənasını verir: turlar, turanlılar deməkdir. Azərbaycan ərazisində an hissəciyinin qoşulduğu kökümüz, əsli-nəcabətimizlə bağlı bir sıra belə sözlər mövcuddur: Tur+an, Muğ+an, Ər(r)+an//Ar+an, Mərd(k)+an//Mərd(ək)+an,Şüvəl+an, Saval+an və s. Bu sözlər təsadüfi yaranmayıb. Bir-birilə əlaqəlidir. Məs., maq//muğ sözlərilə bağlı Azərbaycan ərazisində 17-yədək kənd, oba, düzənlik adı var. Bu yer adları maqların//muğların bu torpaqda oynadıqları rolla, onların mənəvi-mədəni həyatımızdakı fəaliyyətinin nəticəsi olaraq yaranmışdır; başda Zərdüşt olmaqla, onlar “Avesta” dünyəvi kitabını yaratmışdılar...
Turan sözü barədə etibarlı mənbələr də öz sözünü deyib: “Turan” sözü “turlar”, yəni türklər demək olduğu üçün sadəcə türkləri içinə alan bir topluğun adıdır. Deməli, “Turan” sözünü bütün türk boylarını içinə alan böyük Türküstan üçün işlətməyimiz lazımdır”; “Turan bütün türklərin keçmişdə və bəlkə də gələcəkdə bir gerçək olan böyük vətənidir” (s.38-39).
M.ö. VII əsrdə Turan imperiyası tarixini, Turan-İran müharibələri tarixini öyrənmək və tədqiq etmək zəruriyyəti yaranır. Bu tarix də bizə xalqın yaddaşında gəlib çatıb. “Alp Ər Tonqa” dastanı həmin tarixin bədii ifadəsidir. Bu münasibətlə bizə böyük alim Mahmud Kaşğarlının “Divanü Luğat-it türk” əsərində 11 ağı gəlib çatıb. Həmin ağılar müharibə və onun gedişi, mahiyyəti barədə dəyərli məlumat verir.
Mənbələr “Turan imperiyasının” m.ö. VII əsrdə Ön Asiya və bütövlükdə Qafqazı əhatə edən sərhəddini belə göstərir (bax: növbəti səhifə).
Türk alimi Camal Anadolun tədqiqatlarına görə iranlılar midiyalıları turanlı hesab etmiş, Midiya ölkəsinin isə Turana daxil olduğu fikrini söyləmişlər.

“Keyxosrovla” müharibə edən Əfrasiyabın Sak hökmdarı olduğu da göstərilir. Bu baxımdan qədim iskitlərlə bağlı olan sakların da türk qollarından biri olduğunu qəbul etmək gərəkdir. Burada midiyalılar və saklar haqqında irəli sürülən təxmini tarixlərin doğruluğunu təyin etmək çətinsə də Əfrasiyabın həqiqətən türk hökmdarı olduğu mübahisəsizdir. Çünki onun böyük və əziz xatirəsi Asiya türkləri arasında əsrlərcə yaşayıb və İran rəvayətlərindəki uydurma ad altında deyil, türk ənənələrinə görə Alp Ər Tonqa şəklindəki türkcə adı və ünvanı ilə tanınan
bu ulu hökmdarın şərəfinə türklər yüz illərlə mərasimlər keçiriblər” [6 a].
Tarixçi Fəxrəddin yazır ki, “Türklərin padşahı, son dərəcə müdrik və ağıllı adam kimi tanınan Əfrasiyabın kəlamları içərisində belə bir kəlam da var: “Türk balıqqulağı içindəki mirvarini xatırladır, nə qədər ki, o öz qınındadır heç bir qiyməti yoxdur. Lakin balıqqulağının içindən çıxan kimi o qiymətə minir, padşahların taclarını, şahzadə xanımların boyun-boğazını və qulaqlarını bəzəyir” [31a, s.149].
Hazırda qədim türk şəhəri Səmərqənddə “Əfrasiyab” adında muzey fəaliyyət göstərir və ətrafında kiçik təpəciklərdən ibarət İmperiyanın mərkəzi olmuş sahə mühafizə edilir. İzahatcının verdiyi məlumata görə müxtəlif əşyalar və divarlarda nümayiş etdirilən şəkillər qazıntı zamanı həmin sahədən aşkar edilib.
Bunlardan iki şəkil veririk.

Hökmdar qızıl geyimdə bu görkəmdə təqdim edilir:


Bu zəngin xəzinədən təkcə ikisinə diqqət edək, uzərində bir neçə söz deyək.

Bu şəkillərdə ön planda diqqəti cəlb edən iki eyni surətin kimliyini demək çətin olsa da ulularımız - m.ö. VII-VI əsrlərin türkləri haqqında təsəvvür yaranır. O vaxtlardan biz bir kökük,vahid xalqıq. Sonralar b.e.ə. VII-VIII əsrlərindən ərəb işğalı bu birliyi pozdu, parçaladı; Azərbaycan,özbək, qazax, qırqız, türkmən xalqları yarandı...
Biz turlarıq,turanlılarıq, türkük,Alp Ər Tonqa - Əfrasiyab nəsliyik. Böyük Nizami də bu nöqtəni vurur. Məhinbanu ananın Şirinə “nəsihəti”ndə onun dili ilə bu həqiqəti təsdiq edir. İran şahı Keyxosrovla Əfrasiyabı qarşilaşdırır, onu günəşə bənzədir:

“O aydırsa, biz də günəşik
O Keyxosrovdursa, biz Əfrasıyabıq”
[14,s.116] -
deyir.
Tarixən qələbələrimiz çox olub, məğlubiyyətlərimiz də olub. Amma heç vaxt sarsılmamışıq, ruhdan düşməmişik. Qurmuşuq, yaratmışıq...
Xoş bir təsadüf nəticəsində 1972-ci ildə Alma-Atanın 60 km-də İssıq qəsəbəsindən Kurqan aşkar oldu. Öz zənginliyi ilə heyrət doğuran qızıl geyim; əl işilə, bənzəri olmayan baş tacında “qədim iskit heyvan üslubu”nda xalis qızıldan işləmə şir, pələng, bəbir, at, qanadlı keçi, ağac başında quş tökmələri və başqa sənət inciləri... Mütəxəssislər cürümə dərəcəsindən yəqin ediblər ki, bu dəfn m.ö. V-IV əsrlərdən bu yana deyil. Yəni 2500 il bundan əvvəl [33 b].

1) “Gümüş cam uzərində yazı” [25 a, s.66]

Yazı məlum “Orxon-Yenisey” əlifbası ilədir.Türk milli əlifbasıdır. Sağdan sola oxunur və bu məzmunu verir:
“Ağa sana uçuq
Bez çök bukun içrə azuk”
Müasir dilimizdə belə alınır”
“Ağa (hökmdar, böyük qardaş), sənə bu uçuq (qazma, qəbr, məskən).
Yad (düşmən, yağı), diz çök, xalqın azuqəsi olacaq”.

Bu qədim türk - sak dilidir, nikbin türk ruhunun səsidir.

2) Üzük - möhür [33 b, s.102]
Turan imperiyasından - o dövrdən xalqın qan yaddaşında bizə ana türk dilində 11 ağı, Sak imperiyasından - o dövrdən ana torpağın qoynunda qızıl sənət xəzinəsi, rəsmi əlifba - yazılı dil, hətta dövlətin möhürü və digər əşyalar gəlib çatıb.
Biz bu mədəniyyətin varisləri və davamçılarıyıq!
Nizami, bax bu zəmində yetişmişdi, onun ilham pərisi bu mədəniyyət üstündən qalxmış, ucalmışdı.
Bu varisliyin, bu mədəniyyətin əsl tarixi yazılmalıdır, onu yad əllərə etibar etmək olmaz.
Biz hələ m.ö. tarixdə "Xaqanlıq” adı ilə güclü Türk dövlət qurumlarının şahidi oluruq. Makedoniya fatehi İskəndər Bərdəyə gəlir, Şirvandan keçib Dərbəndə yürüş edir, oradan Orta Asiyaya enir, Türk xaqanları ilə vuruşmalı olur. Nizaminin "İskəndərnamə"sində belədir. Bu barədə Mahmud Kaşğarlının verdiyi məlumatlar və yunan tarixçilərinin yazdıqları da bunları təsdiq edir, tamamlayır.
Böyük alim Mahmud Kaşğarlı yazırdı: "Zülqərney Səmərqənddən keçib Türk ölkəsinə yönəldiyi vaxtlarda türklərin çox güclü və böyük ordusu olan Şu adlı gənc bir xaqanları vardı. Balasağındakı Şu qalasını o tikdirmiş və o ucaltmışdı…"[61, III, s. 413]. Və "Zülqərney Uyğur ellərinə yaxınlaşdıqda Türk xaqanı ona qarşı dörd min əsgər göndərir. Dəbilqələrinə şahin qanadları taxmış əsgərlər qabağa ox atdıqları kimi, arxaya da ox atırmışlar. Zülqərney buna çaşıb qalmış". Və yenə: "Türk xaqanı vuruşmaq üçün Zülqərneyin üstünə gənclərdən ibarət bir bölük əsgər göndərir. Xaqanın vəziri ona deyir: "Sən Zülqərneyin qarşısına gəncləri göndərdin, onların içərisində sınanmış, təcrübəli döyüşgən adamların olması gərəkdi" [61, I, s. 90[…
Nizami də "İskəndərnamə"də buna işarələr vurur.
Mahmud Kaşğarlı İskəndərn Türk xaqanları ilə sülh bağlamaq, dost olmaq məcburiyyətində qaldığını yazır. Belə anlaşılır ki, hələ m.ö. bir hakimiyyət, dövlət qurumu kimi xaqanlıq mövcud idi. müharibələr tarixində onun öz strategiyası və taktikası, müharibə təcrübəsi, bu barədə öz görüşləri vardı. Makedoniyalı İskəndər kimi bir dünya fatehini çaş-baş salmaq, ona "dərs vermək", dar ayaqda mühasirəyə alıb qoşununu qırmaq o qədər də asan məsələ deyildi. Bunlar dövlətçiliyin, dövləti, xalqı qorumağın əsrlər boyu sınanılmış və qazanılmış nailiyyətləri idi.
Bu məsələdə yenə Mahmud Kaşğarlıya, onun müşahidələrinə müraciət edək, görək Şu xaqan Makedoniyalı fatehlə necə qarşılaşmış və onu sülhə məcbur etmişdi. "Xaqan Şuya Zülqərneyin yaxınlaşdığı xəbərini vermiş və demişlər: "Əmriniz nədir? Vuruşaqmı? Nə buyurursunuz? Halbuki Xaqan Xocant çayının kənarına qaraul qoymaq və Zülqərneyin çayı keçdiyini xəbər vermək üçün qırx tarxanı gözətçi gündərmişdi. Bu dəstə kimsə görmədən getdiyi üçün bundan əsgərlərin xəbəri olmamışdı. Xaqanın ürəyi tamam sakit idi" [61, III, s. 413].
Mahmud Kaşğarlı davam edir: "Xaqanın gümüşdən bir hovuzu vardı. Səfərə çıxarkən aparılır və içinə su doldurulurdu, sonra içində qazlar, ördəklər üzdürülürdü. Xaqana "nə buyurulur, vuruşaqmı?" deyildiyi zaman cavab olaraq "bu qazlara, ördəklərə baxın, necə suya tez cumurlar!" demişdir. Bununla da orada olanlar hökmdarın vuruşmaq üçün hazırlaşmadığı və buradan çəkilib getmək niyyətində olduğunu duymuşlar.
Zülqərney Xocant suyundan keçib gözətçi yerinə gəlir. Zülqərneyin keçdiyini görən gözətçi Xaqana xəbər verir. Xaqan dərhal təbilləri çaldıraraq Şərqə tərəf hərəkət edir" [61, III s.145].
Hökmdarın bu hərəkəti, bu fəndi xalqın dili ilə "Divan"da belə mənalandırılır:
"Zülqərney dediyimiz şəxs bir yolçudur. Bir yerdə qərar tutmaz. Buradan da keçib gedər. Biz də öz yerimizdə qalarıq" [61, III s.145].
Deməli, xalq öz hökmdarını yaxşı tanıyır, onun ağlına yaxşı bələd idi.
Belə anlaşılır ki, Şu xaqanın torpağı, xalqı xilas etmək təcrübəsi, hərbi fəndləri və s. vardı ki, mümkün qədər itgi vermədən düşməni dəf etsin, barışığa, sülhə məcbur etsin.
Maraqlıdır, Nizami "İskəndərnamə"də bu hadisəni, bu vəziyyəti eynilə təsvir edir. Xaqan vəzirindən soruşur:

"Bilmirsən bu şahın nədir istəyi?
Ölkəyə gəlməkdən nədir diləyi?" [11, s.279].

Vəzir ona bu cavabı verir:

"Bu yerdə yad olan çox uzun qalmaz,..
Onunla bircə ay get keçin bir az.
Çalış ki, bu qara əjdaha bədən
Hörmətlə sovuşsun bizim ölkədən" [11, s.280].

Tarixi həqiqətlər necə də bir-birini tamamlayır! Lap Yunan müəlliflərinin özlərinə, sarayın arxiv materialları əsasında "İskəndərin hərbi yürüşləri"ni yazmış F.Arriana müraciət edək: "Ordu güclü istidən əziyyət çəkirdi, bütün ordu susuzluğa dözürdü. İskəndər özü də qabağına nə su gəlirdi içirdi. Bu su isə xarab imiş və onda şiddətli pozulma başladı… O, son dərəcə ağır vəziyyətdə geri, hərbi düşərgəyə gətirildi"
Bu vəziyyətdə İskəndər Türk xaqanı ilə sülh bağlamağa məcbur olur. Nizami də buna işarə edərək yazırdı:

"Söz getdi arada, bağlandı peyman
Qaçsın hər ikisi vəfasızlıqdan.
Düşmənlik silinsin, dostluq var olsun
Bu dünya burduqca bərqərar olsun"
[20, ç. 294].

Eyni bir reallığı, tarixi həqiqəti üç böyük tarixi şəxsiyyət-alim, şair və tarixçi təsdiq edir. Yəqin ki, biri-birindən xəbərsiz, buna inanmamaq, əhəmiyyət verməmək olmaz.
Təxminən 100 il sonra Hun İmperiyası gəlir. “Həqiqətən, Turan idealı keçmişdə bir xəyal deyil, bir gerçək idi. Miladdan 210 il öncə Hun hökmdarı Mete “hunlar” adı altında bütün türkləri birləşdirdiyi zaman Turan idealı bir gerçək halına gəlmişdi. Hunlardan sonra avarlar, avarlardan sonra Göy türklər, Göy türklərdən sonra Oğuzlar, oğuzlardan sonra qırğız-qazaxlar, daha sonra Kürxan, Çingiz xan və sonuncu olaraq Teymurləng türk idealını genişləndirmədilərmi?!” [24, s.39] Və: “Oğuz türkləri bir neçə yüz il bundan öncəyə qədər bir-biri ilə yaxından bağlı bir ailə halında yaşayırdılar. Məsələ, Füzuli bütün Oğuz boyları içində oxunan bir Oğuz şairidir. Qorqud Atanın kitabı oğuzların rəsmi “Oğuznamə”si olduğu kimi “Şah İsmayıl”, “Aşıq Kərəm”, “Koroğlu” kitabları kimi xalq əsərləri də bütün Oğuzustana yayılmışdır” [24 a, s.37]. Və yenə: “Oğuzun Bayat və Əfşar boyları həm Türkiyədə, həm də İranda və Azərbaycanda vardır. Ağqoyunlular və Qaraqoyunlular da bu üç ölkədə yayılmışdır. Beləliklə, Xarəzm, İran, Azərbaycan və Türkiyə ölkələri türk etnoqrafiyası toplamına - məcmusuna Oğuzustan (oğuz eli) adını verə bilərik. Türkcülüyün yaxın hədəfi bu böyük ərazidə yalnız bu mədəniyyətin hakim olmasıdır” [24 a, s.37].
“Dədə Qorqud kitabı”nda Oğuz elinin ordu komandanı Qazan xana verilən sifət də bu məzmundan gəlir:
Tulu quşun yavrusu!
Türküstanın dirəgi!
Amit soyunun aslanı
Qaracuğun qaplanı!... [24, s.95]
Türkün, türkçülük idealının nə qədər yüksək olduğunu və türkün, türk hökmdarının vətənpərvərliyi, torpağa bağlılığı, məhəbbəti və ləyaqətini anlamaq üçün imperator Metenin ikicə fəndini xatırlayaq.
Mete hakimiyyətinin lap ilk çağında qonşu Tunghu (monqolların əcdadları) dövləti müharibə üçün bəhanə axtarır ki, Meteni aradan götürsün. Elçi göndərib əvvəlcə onun sevimli atını ona verməyi, bağışlamağı tələb edir. Mete atı verir. İkinci dəfə elçilər onun qəşəng baş hərəmini, kənizini ona verməyi, bağışlamağı tələb edir. Mete onu da verir. Mete hiyləni başa düşmüşdü. Vaxt qazanırdı. Üçüncü dəfə elçilər gəlir. Mete bu dəfə də elçiləri ədəb-ərkanla qəbul edib soruşur.
"-Mən sizin hökmdarınız nə istəmişsə vermişəm. İndi onun arzusu, tələbi nədir?!
Elçilərdən biri qabağa yeriyib şəstlə dedi:
-Böyük hökmdarım bizim sərhəddin yaxınlığındakı sizin çınqıllı, əkilib-biçilməyən ərazini verməyi tələb edir. Əgər bu ərazini verməsəniz müharibə təbili çalınacaqdır.
Mete bir cavab verməyib elçilərə gözləməyi tapşırdı. Sonra yenə də dövlətin nüfuzlu şəxslərini, ağsaqqalları məşvərət üçün çağırtdırdı. Düşmən tərəfin tələbini onlara bildirdi.
Hamı həyəcanlandı. Ağsaqqalardan biri ayağa qalxıb əksəriyyətin fikrini belə ifadə etdi:
-Xaqan sağ olsun, sən qonşu dövlətin bütün tələblərini yerinə yetirmisən. Bizə qulaq asmayıb ən gözəl sevimli atını, ən yaraşıqlı kənizini tunqhulara vermisən. İndi də bu kimsəsiz, çınqıllı, heç nə bitməyən bu torpaq nədir ki, ondan ötrü qonşu dövləti özümüzdən narazı salaq, igidlərimizin qanını tökdürək. Onsuz da tunqhular bəhanə gəzirlər. Mən həmin torpağın verilməsini təklif edirəm.
Məşvərətə toplanmış ağsaqqalların, nüfuzlu şəxslərin əksəriyyəti həmin fikrə tərəfdar çıxır.
Mete hiddətlənib ayağa qalxdı və dedi:
-Torpaq dövlətin təməlidir, onu heç kimə vermək olmaz. Torpağı əcdadlarımız bizə irs qoyub getmişlər, orada babalarımızın sümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kəsin ixtiyarı çatmaz. Mən öz atımı, yaraşıqlı kənizimi tunqhulara ona görə verdim ki, onlar mənim özümün idi; amma torpağı verə bilmərəm, bu torpaq gələcək nəslə çatdırılmalıdır. Ya xalq məhv olmalı, ya da torpağı öz qanı hesabına qorumalıdır!".
Amansız döyüş başlanır. Mete tunqhulara elə bir toy tutur ki, onlar indiyədək özlərinə gələ bilmir...
İmperator Metenin növbəti fəndi daha ağıllı və ibrətlidir. Xaqan Şunun Makedoniyalı İskəndərə qarşı işlətdiyi hərbi fənd imperator Mete üçün də gərəkli olur. Geniş ərazidə fatehi-düşməni yorub əldən salmaq, mühasirəyə alıb təslim etmək taktikası işlədir. Çinə qarşı növbəti döyüşdə, daha dürüst desək düşmən hücumunu qarşılamaqda Mete sələflərindən məharətlə öyrənmiş, özü də yeni fəndlər kəşf etmişdi. O, Çin hökmdarı Kaonu İskəndərdən daha ağır vəziyyətə salmışdı. Onu rusvayçı sülh bağlamağa məcbur etmişdi. Bu hadisə m.ö. 201-ci ildə baş vermişdi.
Mete qonşu Çin ordularının hücumlarından, çinlilərin torpaq, sərhəd iddialarından təngə gəlmişdi. Növbəti döyüşdə 300 minlik hun ordusu 320 minlik Çin ordusu ilə qarşılaşır. Mete özünə məxsus taktika-döyüş fəndi işlədir. Çin imperatoru Kaonu arxasınca sürərək, geri çəkilmə, "aldatma taktikası" ilə yorur, üç tərəfdən hündür dağlarla əhatə olunmuş bir yarğana təpir və mühasirəyə alır: Çin ordusunun hər tərəfdən əli üzülür; yollar bağlanır, mərkəzlə əlaqə kəsilir, ərzaq tükənir, atların yemi qurtarır. Acından qırılmaq təhlükəsi yaranır. Mühasirə 7 gün çəkir. Mete gözlənilmədən mühasirəni açır" [6, s.15].
Müharibələr tarixində bu çox rüsvayçı məğlubiyyət sayılır. Mühasirənin açılması, imperatorun xilası ilə bağlı plan tutulması, elçi elçinin dalınca göndərilməsi, Metenin arvadına sandıq-sandıq qızıl "hədiyyə" - bəxşiş verilməsi və s. barədə nə qədər yazsalar, məsələni müxtəlif yerə yozsalar da, hələlik yer üzündə heç kəs bu "plan" haqqında bir məlumat əldə edə, əsl həqiqəti öyrənə və deyə bilməmişdir: nə üçün Mete belə etmişdir? Bu "plan"ı, bu sirri həm Qərb, həm də Çinin öz tarixçiləri ört-basdır edib əsl həqiqəti deməyib və ya demək istəməyiblər. Xüsusilə, Çin alimləri qəstən bu rüsvayçılığın üstündən keçib onu gizlədiblər. Maraqlıdır ki, türk alimi B.Ögəl də öz tədqiqatında bu sirri aça bilmir, üstündən keçir.
Əslində, bununla Mete demək və çinlilərə sübut etmək istəmişdi ki, mən Mete bircə oxumu korlamadan, bircə qılıncımı korşaltmadan, imperatorumuzla birgə 320 minlik ordunu bax beləcə məhv edə, acından öldürərdim! Amma bunu etmədim. Tanrı övladı olduğumu, türk olduğumu göstərdim. Türk torpağı müqəddəsdir, toxunulmazdır. Bunu dərk edin! Və rədd olub gedin!
Bundan sonra Türkdən qorunmaq üçün dünya arxitektura sənətinin möcüzəsi sayılan "Böyük Çin Səddi" çəkildi. Lakin bu sədd də münaqişələrə sədd çəkə, son qoya bilmədi…
Tarixdə bizim Mete kimi ağıllı, tədbirli və sülhsevər dövlət başçılarımız olub; Çinə qalib gələn, onu təslim və sülhə məcbur edən böyük hökmdarlarımız olub.
Biz Mete nəsliyik!
Yeni erada qüdrətli Dəşti-Qıpçaq hökmdarlığı yarandı; bu türk dövlətçiliyinin ənənəvi davamı idi. Atillanın başçılıq etdiyi bu hökmranlıq öz gücü və əzəmətlə Roma imperiyasını, Bizansı arxada qoydu, onları həqir əyalətə, qəzaya bənzətdi. Mənbələrdə bu möhtəşəm hökmranlığın sərhədləri belə təsvir olunur: "Dəşti-Qıpçaq qərbdə Alpdan, Dunayın mənbəyindən, bu nəhəng çayın başlanğıcından başlayırdı. Və minlərlə kilometr Şərq-Baykal gölündən də Şərqə uzanırdı. Dəşti-Qıpçağın Şərqindən qərbinə səkkiz aylıq at yolu idi…
Atilla hökmranlığının bu ucsuz-bucaqsız ölkəsi, əlbəttə ki, Roma və Bizansın ona həsəd aparan hakimlərinin gözünə tikan kimi batırdı. Onlar çöllülərə nifrət edirdilər. Ancaq V əsrin ortalarına qədər bu qüdrətli insanlara tabe olmağa məcbur idilər. Avropalılar sonralar nə deyirlər desinlər, hər halda, Atilla haqqında bəzi obyektiv sözlər qalıb. Budur, məsələn, rimli əyan Romulun yazdığı və xoşbaxt təsadüfdən məhv edilməmiş sözləri: "Skifiya, yaxud başqa ölkələr üzərində hökmranlıq edənlərdən heç biri Atilla qədər böyük işlər görməmişdi, özü də qısa bir zamanda. Onun hökmranlığı okeandakı adaları da əhatə edirdi. O, yalnız iskitləri yox, romalıları da vergi verməyə məcbur edirdi. Onun hərbi gücü elə idi ki, heç bir xalq ona qarşı dura bilməz" [21, s.53-54].
Tədqiqatçı davam edir: "Təkcə Avropa yox, Çin də ona vergi verirdi. "Çində", təxminən beş əsr müqəddəs müharibə gedir. Qıpçaqların yığcam ordusu çinlilərin milyonluq ordularını dəfətərlə məğlub etdi. Nəticə etibarilə qələbə döyüş meydanında həll olunmadı. Diplomatiyada mahir olan çinlilər qıpçaqların, türklərin cəmiyyətinə nifaq toxumu səpdilər və axır ki, onları şimal və cənub qollarına ayırdılar. Cənublular Çinlə sülh bağladılar. Şimallılar isə Qərbə hərəkət etdilər. Xalqların böyük köçü başlandı" [21, s.54-55].
Biz Atilla nəsli, Atilla övladlarıyıq! Bununla da fəxr edirik!
"Göy Türk xaqanlığı” və sonrakı hakimiyyətlər, bu keçilib gələn dövlət qurumlarının-imperiya və xaqanlıqların yeni mərhələsi, zirvəsi, möhtəşəm abidəsi, tarixdə əbədiyyətə qovuşmuş səltənətlərdir.
"Göy Türk xaqanlığı" dövründə ümumtürk tarixinin, türk xalqları ədəbiyyatı tarixinin qızıl səhifələri yazılmış - "Gültəkin kitabələri", "Mogilyan xan" (Bildə xaqan), "Tonyukuk" kitabələri yaranmışdır. Bu abidələrdə ümumilikdə türk xalqlarının birliyi, tale-müqəddəratı və gələcəyi ilə bağlı bütün zamanlar üçün gərəkli olan məsələlər qoyulur, hadisələrin gedişi, mövcud vəziyyət təhlil olunur, xalqı yaratmağın, "Ölməyə qoymamağın" yolları göstərilir: bu müqəddəs işə xalqı və onun öndərlərini necə səfərbər etməyin əsasları şərh edilir. Məs., "Gültəkin kitabəsi"ndə 50 ildir davam edən Çin əsarətindən xilas olmağın sirləri açılır, müstəqilliyin, azadlığın ilahi bir nemət olduğu nəsillərə təlqin edilir, tövsiyə olunur. kitabədə xalqın öz dilindən deyilir.
"Türk qara camaatı hamı onda demiş: "Eli olan xalq idim, elim indi hanı? El birliyini kimə qazanıram?" - deyirmiş, "Xaqanlı xalq idim, xaqanım indi hanı? Hansı xaqana işimi-gücümü verirəm?" - deyirmiş. Belə deyib çinlilərə düşmən olmuşlar.
Türk xalqı "Özümüzü öldürəyin, özümüzü üzəyin" - deyirmiş, yox olmağa gedirmiq" [44, s. 29-10].
Qədim türklərdə, habelə Göy türklərdə Tanrı, Ana torpaq, Su, Günəş ümid işığıdır, ilahi qüvvədir, güc rəmzidir. Buna görə ucadır, müqəddəsdir, ona olan inam böyükdür. "Göy türk" məzmunu da buradan çıxıb: Göy Tanrı övladları!-deməkdir.
Budur, əsarətdən cana doymuş xalq özünü yox etmək istərkən, bu anda Tanrı-Göy, Ana torpaq, Su öz mənəvi qüdrətini göstərir, xalqı tutub qaldırır, xilas edir. Kitabədə oxuyuruq.
"Uca Türk Tanrısı, türk müqəddəs Torpağı, Suyu belə demiş: "Türk xalqı yox olan deyil-deyib, xalq yaşasın deyib atam Eltərisi, anam Elbilgə xanımı Tanrı başı üstündə tutub yuxarı qaldırmış. Atam xaqan əvvəlcə 17 ərlə irəli çıxmışdır" [44, s.29-11].
Tarix boyu Türk Çinlə cəngi-cidalda olub. Kitabələrdə Türk-Çin münaqişələri və münasibətləri öz əksini aydın şəkildə tapır. Bir qədər tarixə nəzər salınır, sonra müasir tabelik dövrü işıqlandırılır. Xalq da, bəyləri də başçıları da hələlik dözür, mənliyini, ləyaqətini uca tutaraq mənəvi keçmişi ilə yaşayır.
Lakin bıçaq boğaza dirənmişdir…
"Göy Türk" xaqanlığının əsasını qoyan Bumın və İstemi xaqan qardaşlarından sonra 582-ci ildə Çin diplomatiyasının (Dəşti Qıpçaqda olduğu kimi) işə girişməsilə Göy Türklər iki yerə parçalanır. Bu vaxt Çin xaqanı türklərin başçısı Şe-Tu xaqana məktub yazaraq vəd verir ki, onun təkrar qüdrətli xaqan olması üçün çalışacaqdır, bu şərtlə ki, o, türklərin dillərini, mənəvi keyfiyyətlərini, adət-ənənələrini dəyişdirməli, türklər Çin mədəniyyətini tanımalıdır.
Şe-Tu xaqanın məktuba cavab məktubunu burada xatırlayırıq:
"Sizə hər il vergi göndərəcək, bütün vaxtımı sizə sərf edəcək, sözünüzü dinləyəcəyəm. Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı ləğv etməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə, bizim ənənələrimiz və qədimdən qalan adətlərimiz çox uzaq keçmişlərdən gəlir ki, mən özüm də indiyə qədər bunlardan tək bircəsini dəyişdirməyə cəsarət etməmişəm. Çünki bütövlükdə türk xalqı eyni qəlbə malikdir" [62, s. 20-21].
Bu, Çin tabeliyi dövründə Türk xaqanının yaranmış vəziyyətə münasibəti, öz dili ilə dediyi sözləri idi.
Şe-Tu xaqan türk çılğınlığı etmşdi, siyasət işlətməmişdi, məktuba cavabında öz daxilini açıb-tökmüş, xəlqi-milli aləmini biruzə vermişdi; böyük cəsarət və qətiyyətlə həqiqəti Çin xaqanının üzünə çırpmışdı. Bu isə ona çox ağır oturdu, bütün kinli nəzərləri özünə tərəf yönəltdi, düşməni ayıq saldı. Nəticədə 584-cü ildə o, Çin əsarətinə boyun əyməli oldu.
"Gültəkin" kitabəsində məhz bu məsələ ilə əlaqədar Şetu və Abo xan nəzərdə tutularaq yazılır:
"Bəyləri, xalqı düz olmadığı üçün, Çin xalqı aranı qarışdırdığı üçün, yolundan azdırdığı üçün, böyükləri kiçiklərlə salışdırdığı üçün, bəylərin xalqla arasını vurduğu üçün Türk xalqı mövcud birliyini itirmiş, xaqanlıq edən xaqanlarını itirmişlər" [44, s. 29-6-7].
"Göy Türk" xaqanlığının əsasları qoyulduğu ilk dövrdən Çin öz diplomatiyasını işə salıb türkü beləcə parçalamağa səy göstərirdi. Buna nail də olurdu.
Beləliklə, 50 il Türk Çinin əsarəti altında qaldı. Lakin ağıllı başlar bu əsarətdən qurtarmağın yolunu göstərdi. Onlar fəaliyyətə başladılar. Eltəris xaqan, Qapağan xan, Bilgə xaqan, Gültəkin və Tonyukuk parçalanmış, türk torpaqlarını və tayfalarını birləşdirmək, xaqanlığı bərpa etmək üçün daha tədbirli, ağıllı oldular, türk xalqını əsarətdən xilas etdilər, xaqanlığı ucaltdılar, xalqı yaşatdılar. Türk dövlətçiliyi tarixində Göy Türk xaqanlığı öz tarixi rolunu oynadı.
Bilgə xaqanın sal daşlara son söz olaraq həkk etdirdiyi bu istiqamətverici tövsiyyəni, bu çağrışı biz həmişə xatırlamalı, yadda saxlamalı və düşünməliyik!
"Ey türk milləti! Bəylər! Sözümü eşidin! Türk millətini toplayıb el-obanın vəsfini bu daşa yazdım. Millət yenə səhv edərsə, öləcəyini də bu daşa həkk elədim. Hər nə sözüm varsa yazdım. Ona baxaraq bilin, indiki türk bəyləri!
Türklərim, cəmi bəylərim, cəmi millətim!
Qazanıb, el tutduğun bu yerdən, xaqanından ayrılmasan yaxşılış görəcəksən. Elində oturacaq, dərdsiz olacaqsan. Sözlərimdə yanlışlıq varmı?!
Türk titrə və özünə gəl!! [44, s.35-10-11….].
Bu sözlər bu gün də əzəmətlə səslənir!
Ulu Bilgə xanın bu kəlamı Türk dövlətçiliyi tarixində leytimotiv-baş söz olmuş və Türk xalqının, Türk dövlət başçılarının amalına, fəaliyyət proqramına çevrilmişdir.
Nizaminin "Xəmsə"sində də bu leytimotiv əsas götürülmüş, bədii şəkildə bu ideya vəsf edilmişdi.
Bütün bunlardan sonra öz əzəməti, öz ərazisi uzun ömrü ilə dünya tarixində özünəməxsus mövqeyi olan Osmanlı imperiyası gəlir. bu ənənəvi davam və inkişaf idi. Hun imperiyası 300, Osmanlı imperiyası 618 il yaşamışdı. Bu, dünya dövlətçiliyi tarixində rekord ömrdür.
Şah İsmayıl Xatai 3 milyon kvadrat km. türk torpaqlarını birləşdirdi; Azərbaycan-Türk dövlətini yaratdı. Lakin qardaş hökmdarlar onunla yola gedə, birləşə bilmədilər. Böyük Bilgə xaqan məhz bu nöktəni vurmuşdu. Qərbin diplomatiyası işə düşdü, öz işini gördü; iki möhtəşəm türk dövləti bir-birinə qənim kəsildi. Bu iki türk dövləti birləşə, dil tapa bilsəydi, söz yox indi dünya tarixinin yeni bir mənzərəsi yaranmış olacaq idi…
Türk dövlətçiliyinin bugünkü zirvəsi böyük Atatürkün yaratdığı Türk Cumhuriyyətidir.
Türk dövlətçiliyinin tarixi dünya tarixində bəşəriyyətin keçib gəldiyi şanlı bir yoldur.
Böyük Mustafa Kamal Atatürk Cümhuriyyətin 10-cu ildönümündəki çıxışında demişdi:
"Bu gün Sovet İttifaqı dostumuzdur. Bu ölkənin idarəsində dili bir, inamı bir, soyu bir qardaşlarımız var; onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır; millətlər buna necə hazırlanır? Mənəvi körpüləri sağlam tutaraq. Dil bir körpüdür… inam bir körpüdür… tarix bir körpü…!
Köklərimizə qayıtmalı və hadisələrin böldüyü tariximizin içində bütünləşməliyik. Onların (xarici türklərin) bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmamız lazımdır".
Əslində ümumtürk tarixinin, Azərbaycan-türk tarixinin öyrənilməsi və yazılması işində direktiv bu olmalıdır.
Atatürkün bu fikri, bu göstərişi indi daha artıq əhəmiyyət kəsb edir. Lakin indiki halda buna Türkiyədə Atatürk səviyyəsində əhəmiyyət verilirmi, bu barədə düşünülürmü? Bu suala müsbət cavab vermək çətindir!!