<<< geri

 

 

 

10.Nizami və Şərq-Qərb problemi

 

 

Şərq və Qərb!
Hazırda və tarixən dünya tarixində bu problem mühüm, açılmamış, həm də öz obyektiv həllini tapmamış qalır.
Şərq və Qərb!
Kim kimə borcludur?! Kim kimdən öyrənib?
Qərb öz üstünlüyünü sübuta çalışır, dünya sivilizasiyasının ocağı olduğu və hər şeyin Şərqə Avropadan keçdiyi fikrini deyir, söyləyir, təhlil edir. Bunun nəticəsidir ki, tarixən Qərb Şərqə yuxarıdan aşağı baxıb. Bu munasibət indi də davam edir.
Bu məsələnin tarixi çox qədimdir, Makedoniya fatehi İskəndərin Şərqə yürüşündən başlanır. O, Şərqin o vaxtadək min-min illər inkişafının (dininin, yazısının, fəlsəfəsinin, elminin, ədəbiyyatının və s.) qızıl toplusu olan müqəddəs "Avesta" kitabını məhv etməklə dünya sivilizasiyasının ocağını Yunanıstana keçirib orada yandırmaq istədi. Buna “nail” də oldu. Nə az, nə də çox, iki min ildən bir qədər artıq bu ocaq orada yanır. Bu, Yunanıstana, yunan xalqına "xidmət", bəşər tarixinə, bəşəriyyətə xəyanət idi.
Əbu Reyhan Biruni yazır ki: "Daranın xəzinəsində "Avesta"nın on iki min inək dərisinə qızılla yazılmış əlyazması olubmuş. Onu İskəndər yandırıb. Atəşkədələri dağıdanda kahinləri də məhv edib. Buna görə indiyədək "Avesta"nın beşdən üçü yox olub. Bütövlükdə o, 30 "nask"dan ibarət imiş. "Nask" "Avesta"nın hissələrinin adıdır” [25, s.204].
İngilis alimi Meri Boys yazır: "Soqdi dilində olan fraqmentlərdən birində Makedoniyalı İskəndər bəşər tarixinin ən ağır günahkarları sırasındadır… Onun cinayəti bundan ibarətdir ki, o, "maqları öldürtdü". Başqa bir pəhləvi kitabında deyilir ki, İskəndər "çoxlu müəllimlər, hüquqşünaslar, ərbablar və mobidlər öldürtdü. Üçüncü bir əsər məlumat verir ki, "o çox ocaqları söndürdü"..İskəndərin əskərləri paytaxtı talan edərkən Persopolda Fratadar məbədi zərər çəkdi, Ekbatanda (Həmədanda) Anahid məbədini isə Makedoniyalılar bir neçə dəfə talan etdilər. Hətta onlar damın gümüş lövhələri və sütunların qızıl örtüklərini qopartdılar. Ola bilsin , bu maddi ziyan zaman keçdikcə yerini tutsun, lakin zərdüştçülər əvəzedilməz itkiyə məruz qaldılar. Çünki çoxlu müqəddəs xidmətçilər məhv edildi. O vaxtlar bütün dini əsərləri şifahi ifa edən kahinlər dinin canlı kitabları idilər. Onların kütləvi məhvi qədim əsərlərin məhvi demək idi. Bunu itmiş və ya bizə naqis gəlib çatmış rəvayətlər təsdiq edir” [49, s.67,97].
Alimlər, filosoflarla əhatə olunan onlardan öyrənən, məsləhət alan İskəndər "Avesta"nın qüdrətinə, təsir dairəsinə, ona olan etiqada, inanmış, gücünə və bütün antik fikrinə hakim kəsildiyinə yaxşı bələd oldu. Bu onda qibtə hissi və daxili bir eqoizm yaratmışdı.
Bəşər tarixində bu həqiqəti ilk dəfə dahi Nizami Gəncəvi duymuş və yaradıcılığında bu məsələni qlobal problem kimi qoymuş və sübut etmişdi. "İskəndərnamə",("Şərəfnamə”, "İqbaqnamə") bütövlükdə bu problemə həsr olunmuşdur.
Nizami bədii ustalıqla, məharətlə bu problemi həll etmişdi: dünya mədəniyyəti və sivilizasiyalarının ilkin qaynağı qədim Şərq olmuş, Qərb Şərqdən ziyalanmış, inkişaf etmişdir… Bu həqiqəti dünyaya bildirmək və təsdiq məqsədilə Nizami, necə deyərlər, İskəndərin əlindən tutub Azərbaycanı, ümumən Şərqi gəzdirir, ona əyani şəkildə onun öz sözü, öz etirafları ilə təsdiq edir ki, insanlıq Şərqdən başlanır, insanləq tarixi ilə bağlı hər şey dünyaya, Avropaya da məhz Şərqdən yayılıb, bütün mədəniyyətlərin, sivilizasiyaların ilkin qaynağı, ocağı məhz qədim Şərq olub. Nizami bu dünyəvi reallığı İskəndərə bir-bir göstərir, inandırır, öz dili ilə dəfələrlə etiraf etdirir. Lakin bu reallıq indiyədək, demək olar ki, açılmamış, üstüörtülü qalıb, dünyaya çatdırılmayıb.
Bu problemlərdən biri dövlətçilik, dövləti idarəçilikdir. Ədalətli, müdrik, ağıllı, nümunəvi hökmdar ( və hökmdarların) ilk mövcudluğu Şərqdə olmuşdur. Bədii şəkildə olsa da bu reallıq Nizami qələmi ilə Bərdə padşahı Nüşabənin timsalında, həm də qadın hökmdarın şəxsində təsvir olunur, göstərilir. Makidoniyalı İskəndər Azərbaycana-Bərdəyə savaş, müharibə niyyətilə ayaq basmışdı. Lakin buna nail ola bilmədi. Güclü dövlətçilik ənənələri, dövlət başçısının ağlı, zəkası, həyat təcrübəsi, tədbiri İskəndəri bu niyyətdən çəkindirdi, onu tərk-silah etdi, dostluğa sövq etdirdi… Əvvəlcə elçi sifətilə gəlib, qoyulan "ayinə", yəni dövlətçilik qayda-qanunlarına əməl etmədən keçib taxtda əyləşən İskəndər Nüşabənin bu qəbahəti onun üzünə vurduğu səhnəni xatırlayaq.
“Ey cəsur padşah, eşq olsun sənə,
Elçilik edirsən özün -özünə,
Mənə saf ürəyim söylədi belə.
Bu başla, şahanə, uca sayənlə
Bir elçi deyilsən, hökmverənsən,
Göndərilmiş deyil, sən göndərənsən”.
[19, s.218].
İskəndər yalnız Bərdə hökmdarının bu incəliklə deyilmiş ötkəm sözlərindən sonra öz hərəkətlərindən utanır, pərt olur. Nüşabə İskəndəri şahlara layiq bir təntənə ilə qarşılayır, qoşunu ilə ona ziyafət verir, ölkənin naz-nemətini, hər cür şirniyyat, yemək-içmək stol üstünə düzülür; Nüşabə bu torpağın zənginliyi, var-dövləti, xalqın qonağa hörmət və ehtiramı və s. ilə onu heyran qoyur. Bununla həm də Şərqin-Azərbaycanın yemək-içmək, mətbəx mədəniyyətini nümayiş etdirir.

“İşarət edildi uca padşahdan:
Tez süfrə ağası gətirsin xörək.
Ortaya düzülsün hər çeşit yemək.
Öncə gətirildi, ətirli şərbət,
Sanki yerə sərdi hovzunu cənnət.
Gülab kimi axan bu arxı, yəqin
Yuxuda nə Xosrov görmüş, nə Şirin
O qədər xonçalar düzüldü ora
Ənbərdən ucaldı toz buludlara.
Ən ləziz yeməklər bol-bol axaraq
Hər yanda dağ kimi vurmuşdu qalaq.
İkiqat ələnmiş yağ qatlamalar
Ən parlaq aydınlıq kimi parıldar.
Ələnmiş ağ undan, bişmiş yuvarlaq
Ay kimi qoğallar, xəzdən də yumşaq.
Qoyuldu xonçaya yüz çeşid yemək,
Yeməklər xonçaya verirdi bəzək.
Yox idi elə bir yemək dünyada.
Bir mövqe tutmasın qızıl xonçada…”
[19, s.220].

Qədim Şərqin, Azərbaycan xalqının m.ö IV yüzillikdə 100 çeşid yemək-içmək dəsgahı!.. Bunun üstündən muğlara əmr edilir ki, müşk yandırılsın, qərbli "qonaqlara" kef üstündən kef verilsin, ardınca musiqi, nəğmə…
Bütün bu qonaqpərvərlik, hörmət, cah-cəlalla yanaşı Nüşabə padşah İskəndərə "həddini tonıtmaq" qərarına gəlmişdi. O bu ölkəyə dost kimi yox, bir fateh kimi, əli qılınclı gəlmişdi, üstəlik "ayini", şərq dövlətçilik ənənəsini pozmuş, icazəsiz-flansız onun taxtında əyləşmişdi. Odur ki, sonda məclisə plov əvəzinə onun qabağına ləl-cəvahirat: almaz, yaqut, dürr dolu kasalar qoyulur və təklif olunur ki: ye!
İskəndər çaşıb qalır.

"İskəndər söylədi: "Ey sadə dilbər,
Ölçüsüz söyləmə, tökməyəsən tər.
Düzmüsən süfrəmə almaz, yaqut, dürr,
Daş-qaş yeyilərmi, bu nə deməkdir?
Daşı da yeyərmi ağıllı insan?
Bu rəngi təbiət həzm etməz, inan!
Eylə bir yemək ver mədəmiz dolsun,
Rəğbətlə ona əl uzatmaq olsun" [19, s.217].

Elə Nüşabə də İskəndərin dilindən bu sözləri eşitmək istəyirdi ki, əsl mətləbi ona desin, onu haq yoluna gətirsin:

“Nüşabə gülərək söylədi şaha:
"Daşın ki, boğaza yolu yox daha,
Faydasız, yaramaz belə daş üçün
Bu qədər çarpışmaq, vuruşmaq neçün?
İndi ki, yeməyə yaramaz bu daş,
Dünyada onunla ucalarmı baş?
Dəyərsiz bir daş ki, olmayır yemək,
Onunçün bu qədər zəhmət nə gərək?.."
[19, s.217]

Bu hərəkət, davranış, bu fikirlər Şərq müdrikliyindən gəlir, İskəndərin, necə deyərlər, yeddi qatından keçir, onu sarsıdır. Bu sözlər, fatehliyin, qan tökməyin, ölkələr fəth edib var-dövlət yığmağın mənasız, gərəksiz olduğu Şərqin ağıllı bir qadın hökmdarının dili ilə deyilir. Bu, Qərbə, Qərbin böyük fatehinə verilən dərs, bilik, ağıl və öyüt-nəsihətdir. Nüşabə ağlı, biliyi və tədbiri ilə İskəndərə qələbə çalır, onu mənən sarsıdır.

"O incə qadının bu söhbətindən
Yeməkdən əl çəkdi o polad bədən
Dedi: "Ey xanımlar xanımı qadın,
Qüdrətdə erkəkdən ucadır adın.
Doğru söylədin ki, belə gövhərlə
Hər sərraf ancaq bir daş alar ələ…
Eşq olsun bu fikri sağlam qadına
Mərdliiyn yolunu göstərir mana"
[19, s.217-218].

Nizami əyani olaraq göstərir və təsdiq edir ki, məhz mədəniyyətin yolunu Şərq Qərbə göstərib: bu həqiqəti biz ona görə etibarlı hesab edirik ki, onu Nizami deyir və İskəndər də öz dililə etiraf edir.
İskəndər uzaq Şərqə doğru irəliləyir. Qıpçaq çölünə çatır. Üzü açıq, ağ bədənli, xoş sifətli qadınlar görür. Bu açıq gəzmək adətini onlara yasaq etmək istəyir. Onların böyüklərinə məsləhət görür, deyir.

"Üzünü gizlətmək xoşdur qadına
Qadın ki, yadlara açır üzünü,
Nə əri düşünər, nə də özünü
Bərklikdə ansa da daşı, poladı,
Yenə də qadının qadındır adı" [19, s.317].

Lakin buna da rədd cavabı alır, yenə pərt olur.

"Bu işdə cahandır əmr edir bizə
İstəsən hər qıpcaq can verər sizə.
Edərik hər nə əmrin olsa, itaət,
Öz ayinimizdən dönmərik, əlbət" [19, s.317].

Əlbəttə, bu kiçik bir detaldır, amma böyük mənası var. bununla Nizami demək və təsdiq etmək istəmiş ki, şərqin, şərqdə türkün qədim tarixə malik min-min illəri adlayıb gələn və "ayin" halını almış adət-ənənələri, inamı, inancları var, ona toxunmaq olmaz; İskəndərlərin bunu dəyişdirməyə gücü çatmaz. Ağsaqqallar ona dönə-dönə deyir ki, "İtaət edərik sənə tacidar", amma bu əmrə baş əymərik.
“Üz örtmək ayini qoy olsun sənin,
Bizə də göz örtmək olmuşdur ayin"
[19, s.317].

Şərqin bu qədim adət-ənənələrinə sadiq qalması, "ayin" kimi bunu qəbul etməsi "Nizami əsərlərinin el variantları"ndakı rəvayətlərdə də çox güclüdür; bu "ayin"lər xalqın ruhuna hopub, mənəvi aləminə həkk olunub, onu silmək, çıxarmaq mümkün olan iş deyil. İskəndər əbəs yerə bu xəyala düşmüşdü.
İskəndər Şərqin dərinliklərinə yeriyir. Hər yerdə düşündüyünün əksini görür; Şərqə mədəniyyət gətirmək yox, özü oradan öyrənir, ibrət götürür. Bəhrəli-barlı bir məkana çıxır. Bu cür firavanlığı, belə şəraiti, bir hökmdar kimi nəinki yarada bilər, heç yuxusunda da görə bilməzdi. Nizami İskəndəri əmin-amanlıq hökm sürən, hər tərəf bağ-bağatlı, mal-qaralı firavan həyat sürən məkanla tanış edir, onu cənnət kimi bir yerə gətirib çıxarır. Ona göstərir ki, bax, budur Şərq, gör, götür, ibrət al!

"Yaşıllıq içində gördü bir şəhər,
Ona Fərruxbehişt deyirlər türklər.
Gördü orada gözəl bir bütxanə var,
Qoymuşlar adını onun Qəndəhar…"
[19, s.552]

"Başqa cürə idi burda təbiət,
Su ilə, əkinlə tapmışdı zinət.
Hasarsız, divarsız bağlardı hər yan,
Bol-bol sürü vardı, yoxdu bir çoban.
Qoşundan birisi tər meyvələrə
Əlini uzadıb istədi dərə,
Həmin meyvələrdən birini dərcək
Bədəni qıc olub qaldı kamantək.
Başqa bir atlı da qoyun tutanda
Onu bərk qızdırma tutdu bir anda.
İskəndər: "Bax, bunlar ibrətdir"-deyə,
Əlini vurmadı orda heç nəyə.
Qoşuna əmr edib şah dedi: “Heç kəs
Özgənin bağına toxuna bilməz!" [19, s.572].

Nizami İskəndərə daha yeni "ibrətli" səhnələr göstərir, onu şəhərə gətirir.

"O axar-baxarlı yerdən keçdilər,
Cənnəttək, neməti bol-bol, firavan.
Bir şəhər gördülər onlar uzaqdan
Gəlib darvazaya, çatdı İskəndər,
Gördü ki, qapıdan yoxdur bir əsər.
Müdrik qocalarla girdi şəhərə,
Baş vurdu onlarla burda hər yerə.
Gördü çox bəzəkli, dolu dükanlar,
Ancaq nə qapısı, nə qıfılı var.
Nəcib şəhər əhli onu görəntək
Çıxdı qarşısına təzim edərək.
Gətirdilər qəsrə bir mehman kimi
Saray zinətliydi asiman kimi.
Süfrə bəzədilər, büsat qurdular,
Özləri xidmətdə hazır durdular
Pərəstiş etdilər o mehmanlara" [19, s.573].

İskəndərin Yaxın şərqdə Nüşabənin məclisində gördüyü cah-cəlal, qonaqpərvərlik Uzaq şərqdə də təkrar olunur və o:

"Əhsən qonaqpərvər bu insanlara!" -

deyə bundan məmnun olur və onları alqışlayır.
İskəndər məclis əhlinə, müdrik qocalara çoxlu suallarla müraciət edir: bu axar-baxar, bu firavanlıq haradandır?!
Bu necə ölkə, bu necə xalqdır ki, burada bu qədər arxayınçılıq, qorxmazlıq var? Sürülərin çobanı yox, dolu dükanların qapısı, qıfılı yox?! Bu qədər var-dövlət, bu qədər bağ-bağat, bu qədər sürü, mal-qara haradandır?
Nizami bu suallara ağsaqqalların dili ilə də cavab verir. Heç demə, bu şərait, bu firavanlığın qatları çox qədimlərə gedib çıxırmış. Qocalar uzun-uzadı bu sualların cavabını verir və cavabın başlanğıcı daha maraqlı və ibrətlidir:

"Bizim güzəranı sordu hökümran,
Buyurub dinləsin, biz edək bəyan:
Doğrusu budur ki, bizlər qədimdən
Bu dağı, bu çölü etmişik məskən.
Fağır bir tayfayıq, həm dinpərvər,
Düzlükdən keçmərik əsla tük qədər.
Əyri dolanmaqla yoxdur işimiz,
Düzlükdən başqa yol tanımarıq biz.
Əyrilik yoluna çəkmişik hasar,
Düzlüklə olmuşuq əzabdan kənar…"
[19, s.573].
Belə anlaşılır ki, Nizami qədim Şərqin olduqca dərin qatlarını qaldırmış, bu qədim dünyamızın təfəkkür tərzi, mədəniyyəti, mifik dünya görüşü və s. ilə yaxından tanış imiş. Məhz bu ölkənin güzəranının qədim köklər üzərində yarandığı və ucaldığını deyir, həm də bu məlumatları müdrik qocaların dili ilə bəyan edir. Maraqlıdır ki, bu cür "güzəran", ölkənin firəvanlığı, insanların bu rahatlığı və sakitlikdə yaşaması, ədalət, düzlük, əmin-amanlıqda ömr sürdüyü həyat qədim Şumer miflərinin birində eynilə təsvir olunur: "lap çoxdan, çox yüz illiklər qabaq yer üzündə sülh və həmrəylik hökmran idi. sancan ilan yox idi, zəhərli əqrəb olmamışdı. Düzlərdə ancaq vəhşi heyvanlardan qorxmadan öküzlər və ulaqlar dolaşırdı. Otlaqlarda ancaq qoyunlar və keçilər oynaşırdı, vəhşi heyvanlardan qorxu-zad yox idi. onlar naxırçı olmadan sakitcə otlayırdı, çünki heç yerdə yırtıcı şir, vəhşi qurd, zalim kaftar, yava it yox idi; bütün adamlar bir dildə danışır və bir-birilə sakitlikdə yaşayırdı. Qorxu və paxıllıq yox idi. heç bir adam başqasının nüfuzuna və malına həsəd aparmazdı. Ulu Şumer İlahi qanunlar ölkəsi idi və onlarla qonşuluqda olan Şubur, Xamaz, Ur torpaqları və qərbə tərəf uzaqlara uzanan Martu ölkəsilə bir-birilə düşmənçilik etmədən əmin-amanlıqda və dinclikdə yaşayırdılar, əhalinin əziyyətsiz və zor işlətmədən yemək və geyim bolluğu vardı" [53, s.38-39].
Elm tarixində bu mif "Klassika", klassik mif hesab edilir. XIX əsrdə "Şumerin kəşfi"ndən sonra aşkar olub, mixi yazılardan oxunub. "İskəndərnamə"də söhbət gedən Şərq-Əfqanıstan torpağı, Qəndəhar şəhəri, təxminən Şumer torpağı və ya ora yaxın ölkədir. Makidoniyalı İskəndər m.ö. IV əsrdə bu ölkəyə yürüş edərkən məhz həmin ənənələr, həmin bəşəri keyfiyyətlər davam edirdi. Nizami, bu həqiqəti bu mövcud aləmi müdrik qocaların sözü-söhbətilə bəyan edir; qədim mədəniyyətin, "ulu qanun"ların, adət-ənənələrin "ayin" kimi qorunub yaşadığını ağsaqqalların qan yaddaşından alıb İskəndərin valeh olduğu həyatın, güzəranın sirrlərini açır, onu bir daha tamam sarsıdır:


"Öz-özünə dedi: “Arifsən əgər,
Qoy sənə ibrət olsun bu sirlər.
Dünyanın gəzmərəm mən, daha bəsdir
Hər ovlaqda bir tor qurmaq əbəsdir.
Bütün bildiklərim qalsın bir yana,
Bunların söhbəti bəs edər mana.
Elə bir dünyanı o pərvərdigar
Bu mərd insanlarçün etmiş bərqərar.
Bunlar şövkət vermiş aləmə, yəqin
Sütunu bunlardır bütün aləmin.
Düz yaşayış yolu budursa əgər,
İnsan bunlardırsa, bəs nəyik bizlər?
Bizi haqq göndərib çölə, dənizə,
Qəsdi göstərməkmiş bunları bizə.
Vəhşi adətlərə eyləyib nifrət
Öyrənək bunlardan ayin, mərifət,
Bunları əvvəldən görsəydim əgər,
Dünyanı bu qədər gəzməzdim hədər.
Tapardım özümə dağda bir kaha,
İbadət eylərdim orda allaha.

Bunlartək asudə ömr edərdim mən,
Dinim də olardı həmin bu dindən!"
[19, s. 576].

Bu "öz-özünə demə"lər, “düşünmə”lər daxildən gəlir. Şərh etmək istədiyimiz Şərq-Qərb problemini tamam açır, hər iki aləmin mahiyyəti aşkar olur: Kim kimə nə verib, kim kimdən öyrənib? Kim kimə borcludur? - suallarına mübahisəsiz cavablar verir. Əlavə şərhə lüzum yoxsa da bəzi həqiqətlər üzərinə vurğu salaq:
Şərq Qərb üçün bir ibrətdir. Dünya bu mərd insanlar üçün yaradılıb. Aləmə şövkəti Şərq-şərqlilər verib. Şərq bütün aləmin sütunudur. Düz yaşayış yolu Şərq yoludur. Əgər belədirsə, bəs Qərb nədir, qərblilər kimdir? Bizi haqq bura - "çölə, dənizə gətirib çıxarıb"ki, Şərqi bizə göstərsin, tanıtsın. Qəsdi, məqsədi bu olub ki:

"Vəhşi adətlərə eyləyib nifrət
Öyrənək bunlardan ayin, mərifət!"

Bunları Makedoniyalı fateh deyir, etiraf edir.
Tarix, Nizami və ağlın məntiqi deyir ki, bu ölkədə mövcud olan din Zərdüştlük idi; ölkədəki Ulu qayda-qanunlar, ayinlər ali İnsani nailiyyətlər İskəndərin məhv etdirdiyi "Avesta"dan gəlirdi. Dünyanı gəzib, görüb-götürəndən sonra peşimançılıq çəkir, özü də bu dindən olmaq, bu dini qəbul etmək qərarına gəlir.
Xatırlanan mətnin son misrasına diqqət edin!
"Dinim də olardı həmin bu dindən".
Bu, İskəndərin daha ağır etirafı idi. O, "Avesta"nın məhv etməklə ümumilikdə mədəniyyət və din tarixinə etdiyi xəyanəti dərk etmişdi. İskəndərin bu etirafının ardınca Nizaminin dediyi bu sözlər də mənalıdır və deyilənləri bir daha təsdiq edir:

"İskəndər görəndə onları dindar
Peyğəmbərliyini etmədi izhar".

Hələ XII əsrdə Nizami bu qənaətə gəlmişdi. Lakin indiyədək, 2300 ildən artıq bir müddətdir ki, biz Şərqin guya hər şeyi Qərbdən aldığı fikri ilə razılaşmışıq, bu fikri təbliğ etmiş, yaymışıq. Və hələ də Qərb Şərqə yuxarıdan aşağı baxmaqda davam edir. İndinin özündə Qərbə pərəstiş baş alıb getməkdədir.
Buna son qoyulmalıdır. Tarixi obyektiv öyrənməli, qərəzli fikirlərdən əl çəkməlidir. Dünyanın tarixi yenidən yazılmalıdır!
XIX əsrdə Şumer kəşf edildi, çox həqiqətlər üzə çıxdı, çox sirlər əyan oldu. Yavaş-yavaş dünyanın gözü açıldı; Şərq-Qərb probleminə də münasibət bildirilməyə cəhdlər edildi. Qərbin və Şərqin böyük, nüfuzlu alimləri bu problem barədə öz sözünü deməyə başladı.
Amerika alimi S.N.Kramer:
"Tarixdə ilk olaraq Şumerdə insana öz işlərini və fikirlərini və ümidlərini, mühakimə və inanclarını ətraflı və elmi surətdə əks etdirmək imkanı verən yazı inkişaf etdi Yaş gil üzərində qamış çiling ilə yazırdılar: "Mixi yazının kəşfi və onun təkmilləşdirilməsi isə Şumerin bəşər tarixinə ən önəmli töhfəsi oldu" [63, s.26].
İngilis alimi L.Bulli:
"Qərb mədəniyyəti Şumerdəki ana ocaqdan şölələndi. Misir, Babil, Assuriya, Finikiya, qədim Yəhudi və nəhayət Yunan mədəniyyətinin mənbəyini də Şumerdə axtarmaq lazımdır" [28, s.26].
Polşa alimi Z.Kosidovski:
"Bu yaxınlaradək biz elə hesab edirdik ki, Yəhudi mədəniyyəti bütövlükdə Yunanıstana borcludur, məhz ən yeni tədqiqatlar göstərdi ki, bir çox məsələdə biz o mədəniyyətin varistləriyik ki, beş min il bundan əvvəl onu Şumer xalqının dühası yaratmışdır" [40, s. 24-25].
N.D.Filitner:
"Beş min il bundan əvvəlki həmin zəngin mədəniyyət, sivilizasiya birdən birə yaranmayıb, onun da dərin kökləri olub, daha qədim zamanlardan axıb gələn qaynaqları olub, mühüm şəhərlər olub" [59, s.17].
Rus alimi Murad Adcı:
"İndiki avropalıların başlandıqları o uzaq zamanın coğrafi xəritəsinə baxsaq Qərb dünyası bir qədər vəhşisayağı görülər. Mərkəzi Avropa sivilizasiya dünyasının dal qapısında idi, onun mədəniyyəti dünya sivilizasiyasının beşiyi qədim şərqdə ara-sıra bəxtinə düşən zərrələrdən qidalanmaqla məşğul idi. təsadüfi deyil ki, Çayarası (Mesopotomiya), Hindistan, Çin ilə əlaqəsi olan Avropa dövlətləri özlərini mədəniyyət liderləri saymaq iddiasına düşüblər" [21, s.63].
Və s. və i.a.
Lakin Şərq-Qərb probleminin ədalətlə, bədii-elmi şəkildə qoyuluşu və həllində ilk söz və qələbə Nizami Gəncəvinindir. O, XII əsrdə ilk dəfə bu həqiqəti açıb, dünyanı ayıq olmağa səsləyib. Şumerin kəşfindən çox-çox əvvəllər qədim qaynaqlara əsaslanıb bu barədə dahiyanə sözünü deyib.
Makedoniyalı İskəndər Yaxın Şərqdən keçib Orta Asiyaya, Uzaq Şərqə, Əfqanıstana, Qəndəhar şəhərinə yürüş edir, ölkənin qayda-qanunları, müdrik qocaları, habelə ölkənin bağı-bağatı, varı-dövləti onu heyran qoyur. Və bu ölkələrə əliqılınclı gəldiyindən peşman olur; buradan peşman, pərt qayıtsa da xalqdan, nəcib insanlardan, ağıllı, dünya görmüş qocalardan məmnun qayıdır. Bu torpaqda müharibə aparmır, dağıntılar etmir.
Makedoniyalı fateh Qəndahar şəhərinə, bu qədim "məbədgaha" qıymadı, ona xətər yetirmədi, Ruma qayıtdı…
O vaxtdan 2300 ildən bir qədər artıq keçib. İndi Corc Buş - qərbin hökmdarı Şərqdən - Əfqanıstandan, İrakdan əl çəkmir ki, çəkmir. Ölkənin qədim mədəniyyət mərkəzlərinin, qəndəharın, Bağdadın başına raket, bomba yağışı yağdırır.
İlahi! Bu müddət ərzində bəşəriyyət ağıla gəlməyibmi, ədalətə, insanlığa doğru inkişaf etməyibmi!!...