<<< geri

 

 

 

9. Nizami və zərdüştlük

 

 

Nizaminin "Avesta"ya münasibətdə öz mövqeyi, öz baxışı və bu ulu kitaba öz qiyməti var. Bu, "Avesta"nın ruhu, elmi-fəlsəfi əsasları barədə məlumatı xeyli duruldur, mənəvi fikir tariximizin bəzi mühüm səhifələrini bir qədər də işıqlandırır, tədqiqatlarımızı zənginləşdirir. Biz burada "əsasları" sözünü işlətdik: bu əsaslar məhz Zərdüştün sağlığında yaranmışdı.
"Avesta", zərdüştlük Nizami yaradıcılığının ruhuna, istək və amallarına tam hakimdi. Nizami İskəndərin xəlvətə çəkilib dünya işlərindən xəbər tutması və:

"Çox gecə keçirdik biz kef çəkərək,
Gəlin, bir günü də elmə sərf edək!
Bircə gün baxaraq Günəşə, Aya
Fələyin sirrini qoyaq ortaya" [19, s.493].-

arzusu ilə yeddi alimlə söhbətini verir. Burada Hürmüzlə dünyanın o vaxtkı məşhur yunan alimlərini - Ərəstunu, Valisi, Bəlinası, Sokratı, Fərfuryusu, Əflatunu qarşılaşdırır, onların "fələyin sirri", "dünyanın yaranması", "varlığın ilk tarixi" kimi mühüm problemlər barədə fikir və rəyləri, dünya görüşləri dinlənilir. Nizami burada Hürmüzün zəkası, elmi mövqeyi, dünya görüşü barədə onun öz dili ilə nüfuzlu söz deyir, fikir söyləyir, mülahizələr yürüdür. Orada "Hürmüzün dedikləri" məhz "Avesta”dan, onun ruhundan gəlir, söylənilir.
Həmin parçanı veririk.

"Hürmüz də əl atdı qıfıla sarı
Zənciri çeynədi əqlin açarı.
Düyünü açmadan əvvəl sidq ilə
Şaha dua edib başladı belə…
Düşüncə yoluna düşəndən bəri
Seyr etdim firuzə rəngli göyləri.
Zənnimcə, bu dərya şövkətli göylər
Dağ başına çəkən tüstüyə bənzər.
Bu qorxunc tüstünün üstündə ancaq
Bir elə nur var ki, pak, təmiz, parlaq.
Örtmüşdü o nuru tüstü pərdəsi
Şan-şan görünmədən tutqun çöhrəsi.
Pərdəyə nəqş olan pəncərələrdən
İşıqlar süzülür cahana hərdən.
Bizim gördüyümüz Gün, Ay, ulduzlar
Həmin işıqdandır bütün hər nə var.
Vardır bu xilqəti yaradan, fəqət,
Bilmirəm nə sayaq olmuş ilk xilqət"
[19, s. 498-499].

"İlk xilqət"in yarandığı, zühur etdiyi barədə bizə məlum Şumer-Babil miflərində də fikir beləcə müəmmalıdır: birdən-birə tanrı ata An və tanrı ana Ki-nin nigahından Enlil tanrı doğulur; ondan sonra bu ilk ər-arvaddan daha yeni övladlar törüyür və s.
Hürmüzün dilindən deyilənlər də təxminən eyni fikirlərin təqdimidir.
Yunan alimlərinin fikirləri də "Avesta"dan irəli gəlir. Bu fikirlər bütünlükdə, hələ m.ö. VI əsrdə "Yeddi müdrikin məclisi"ndə sak Anakarın dediyi və şərh etdiyi fəlsəfi müddəalarla səsləşir. Plutarx həmin məclisdə iskit-sak Anakarın fəlsəfi mövqeyini, habelə onun dili ilə filosof Falesin nöqteyi-nəzərini belə şərh etmişdi: "Anakar dedi: Həqiqətən, əgər od da, su da, gülək də, bulud da, yağış da Tanrının silahıdırsa, onlarla o, bəzilərini xilas edir və yaşadır, digərlərini isə məhv edir və öldürür. Əgər ancaq heyvanlar onun işində tamamilə yararsız olsaydı, təəccüblü görünərdi. Çox güman ki, onlar da Tanrıdan asılıdır və ona qulluq edir; iskitlərin oxu, ellinlərin isə lira və fleytası kimi hərəkətlərinə cavab verir" [52, s.38]. Bir şair kimi, Anakar fikrini poetik şəkildə tamamlayır: ruhun da, hətta heyvanların da Tanrıdan nə dərəcədə asılı olduğu fikrini demək, bir qədər də aşkarlamaq üçün gözəl, poetik bir müqayisə aparır, Falesin dediyi fikrə öz nöqteyi-nəzərini də əlavə edir.
Belə aydın olur ki, bu fikirlər İskəndərin başına yığdığı yeddi alimin dediklərindən əvvəl mövcud idi, ümumən yunan fəlsəfi fikrinə çoxdan məlum idi.
F.X.Kessidi yunan fəlsəfi fikrinin doğuluşu və təşəkkülündən danışarkən yazır: "Həqiqətlərin ağılauyğun dərki prosesinin Falesdən çox qabaq (hələ Homerin dövründən) başladığı mübahisəsizdir: amma niyə bu fəlsəfə və teoqonik mif-birtipli dünya baxışı olmalı idi? Bu da həqiqətdir ki, mifologiyanın surətləri ağlın ifadəsinə köçürülərkən ilk yunan naturfilosofları üçün təbiət qüvvəsi (od, torpaq, su və s.) oldu, Tanrı olmadı. Lakin bu o deməkdirmi ki, mif mövzusu və fəlsəfə mövzusu eyni bir şeydir?" [37, s. 104-105].
Müəllif qoyduğu suallara cavab verə bilmir və məlum fikri Homerin dövrü ilə məhdudlaşdırır, ondan o yana getmir. Halbuki bu mifik təsəvvürlər və fəlsəfi baxışların əsası, kökü çox dərinliklərdən gəlir. Yunan fəlsəfəsinin təşəkkül mənbəyi və inkişafı da, istər-istəməz bu köklə bağlıdır. Müəllif isə od, torpaq, su, hava-təbiət qüvvələrinin, əslində Şumer-Babil mifləri, fəlsəfi təsəvvürlərindən gəldiyi və Tanrı anlayışı verdiyinə işarə belə etmir.
İngilis alimi E.B.Taylor yazır: "Həyatdakı bütün mövcud varlığın atası və anası sayılan Göy və Yer mifik xülyadır; təbii olaraq, əfsanə kimi törəmiş ki, çox qədim zamanlardan onlar bir olmuş və ancaq sonralar bir-birindən ayrılmışlar" [57, s.18].
Bu təsəvvürün də, əslində Şumer-türk mifləri ilə bağlı olduğunu müəllif unudur, fikrin ilkin qaynağı, çıxış nöqtəsi göstərilmir və hb.
Nizami hələ XII əsrdə Hürmüzün dililə, onun kəlamlarında, "yeddi alimlə" söhbətində və "yetmiş alimlə" müsahibəsi və onların suallarına cavablarında bu dərinliklərə getmiş, yunan fəlsəfi fikrinin ilkin qaynaqlarına münasibətini bildirmiş, işarələr vurmuşdu.
Nizaminin qələmə aldığı həmin yeddi alimin dediklərini xülasə edək ki, irəlidə bu barədə söz deyə, fikir söyləyə bilək. Əgər Ərəstun deyirsə ki:

"Cövhər keşməkeşdən doğub parladı,
"Hərəkət eləyən cism" oldu adı.
Həmin cism qərar tutmayıb biran,
Dönür, hərlənirdi əsla durmadan,
Bu cismin parlayan saf parçaları
Həmişə qaçardı mərkəzə sarı.
Yüksəyə uçanlar etdi hərəkət
Aşağı enənlər tapdı sükunət…
İlk pərkar hərlənib dövr edən zaman
Bu uca göylər də yarandı ondan.
Göyün gərdişindən od oldu aşkar
Od hərəkət edən qüvvədən doğar.
Odun qüvvəsindən hava yarandı
Hava istilikdən od kimi yandı.
Havada rütubət bol idi əslən,
Rütubət hərəkət etmədiyindən,
Onun zərrələri çöküb su oldu.
Bu cürə yarandı təmiz, şirin su.
Xılt saldı su daim sakit duraraq
O xıltdan törədi gördüyün torpaq.
Dörd ünsür yaratdı o pərvərdigar
Hərə öz yerində oldu bərqərar.
Qatdı bir-birinə onları həyat
Yaratdı bunlardan bitki, nabatat.
Bitki də başqa cür artdı dirçəldi,
Cürbəcür heyvanlar vücuda gəldi.
Bu qədər dərk edir ağıl hikməti,
Uzağa getməyə yoxdur qüdrəti"
[19, s.494-495].

Valis deyirsə ki:
"Mən də ərz eyləyim: dünyaya təməl,
Məncə su olmuşdur hər şeydən əvvəl.
Qızğın hərəkətdən və çaxnaşmadan
O yerə çatdı ki, od oldu əyan.
İldırım buxardan ayırdı odu.
Bundan rütubətli hava doğuldu.
Suyun qıtlığı getdikcə artdı,
Həmin qıtlıq da yeri yaratdı.
Cövhərlər yerbəyer olduğu zaman,
Təbiət qoynunda yarandı cahan…"
[19, s.495].
Bəlinas deyirsə ki:
"İlkin tilsim kimi yaranmış torpaq
Qalan tərkiblər də ondandır ancaq…
Onlardan birinci-işıqlı oddur,
Dünyanın ən yüksək tağı da odur.
İkinci-havadır, hərəkətdədir,
Hərəkət etməzsə, bilinməz nədir.
Üçüncü - sudur ki, təravət verər,
Hər şeyə təzəlik, lətafət verər.
Dördüncü-torpaqdır, tapdayır əyyam,
Tapdanan köksündən toz qalxır müdam" [19, s. 496].

Sokrat deyirsə ki:
"Xilqət səhifəsi açılmamışdan
Bircə vücud varmış, o da yaradan.
Bir bulud yaratmış əzmi, cəlalı
Şimşəyi, yağışı olmuş faydalı.
Onun yağışından yaranmış göylər
İldırımından da Günəş, Ay, Ülkər
Maddələr çökdürüb ondakı buxar,
Bu yeri yaradıb etmiş bərqərar!" [19, s. 497].


Fərfuryus deyirsə ki:
"Hələ bu dünyalar yaranmamışdan
Bir cövhər yaratdı böyük yaradan.
Tanrının feyziylə yetirdiyi bu -
Cövhər bir müddətdən dönüb oldu su,
İkiyə bölündü sonra bu su da,
Yarı üzdə qaldı, yarısı altda…
Maye olan hissə etdi hərəkət
Quru olan isə tapdı sükunət.
Hərəkət eləyən - Göy oldu, parlaq,
Sükunətdə qalan - bu Yer, bu torpaq"
[19, s. 497-498].

Əflatun deyirsə ki:
"Düşünüb mən belə verirəm qərar,
Ki, yoxdan yaranmış bütün varlıqlar!..
Bir kəs ki, əql ona ad verib: Qadir,
Özü bildiyini özü xəlq edir.
Ayrıca yaradıb o, hər gövhəri,
Vasitə olmayıb burda digəri.
Hər gövhər bəzənib kəmala yetdi.
Bu zidd qüvvələri bir yerə qatdı,
Ağıllı, hünərli insan yaratdı.
Bircə qarışqanın qanadında sən,
Tanrı qüdrətini görə bilərsən!" [19, s. 499].

Bütün bu fikirlərin kökü, əsası bizə məlumdur və qədim Şumer-türk fəlsəfi qaynaqlarından gəlir.
Ərəstunun dedikləri: "odun hərəkəti", "odun qüvvəsindən hava yaranması", "havada rütubətin bolluğu", "Onun zərrələrinin çöküb su olması", habelə "suyun sakit durmasından xılt alınması", "ondan da torpağın törəməsi", beləliklə də, dörd ünsürün - od, hava, su və torpağın mövcud olması bütövlükdə Şumer-Babil rəvayətlərindəki fikirlərdir. Alimin son beytdəki etirafı da təbii görünür:

"Bu qədər dərk edir ağıl hikməti,
Uzağa getməyə yoxdur qüdrəti!" [19, s. 495].

Çünki o vaxtlar mövcud məlum fikir bu qədər idi, artıq deyildi. Rəvayətlərdə bundan uzağa gedilməyib, bundan artıq deyilməyib.
Rəvayətdə:

"Başlanğıda kaniatın bütün varlığı böyük
Okeanın dolu suyundan ibarət olmuş…"
[53, s.24].

Valisdə:

"Mən də ərz eləyim: dünyaya təməl,
Məncə, su olmuşdur hər şeydən əvvəl"
[19, s.495].

Bəlinasın, Sokratın, Fərfuryusun, Əflatunun fikirləri haqqında da eyni sözü demək olar.
Plutarxın xatırlanan "Yeddi müdrikin ziyafəti" əsərində Anakar qədim iskit-türk fəlsəfi fikri üzrə mülahizələr yürüdür, zərdüştlüyün əsas müddəalarına toxunur, insanın yaranması və idarə olunmasında Tanrıdan və od, su, torpaq, külək (hava)dan danışırdı. Maraqlıdır, həm Plutarxın "Ziyafət"ində, həm də Nizaminin yeddi filosofun mülahizələrində bir qədər fərqilə təxminən eyni fikirlər bu və ya başqa üzdən çək-çevir edilir, ona az və ya çox dərəcədə əlavələr olunur, bir-birini təkrarlayan yeni fikirlər artırılır və s.
Hələ "Bilqamıs" dastanında kainatın, insanın yaranması, tale-müqəddəratı tanrıların hökmü, Göylərin yerlə, torpaqla qovuşması, məhəbbətilə izah edilirdi. Bu fikir, fəlsəfi dünyagörüşü ənənəsi "Avesta"dan sonra da get-gedə inkişaf etmiş, sonralar "Orxon-Yenisey"də öz əksini tapmışdı. Bu mənada "Gültəkin" kitabələrində ifadə olunan bu fəlsəfi fikir məsələnin mahiyyətinə daha artıq işıq salır.
"Üzə kök tənri asra yağız yir qılıntukda ekin ara kisi oğlı qılınmıs" [44, s. 28].
“Üstümüzdə Göy tanrı, aşağıda Yerlə qovuşduqda ikisinin arasında insan oğlu doğulmuşdur”.
Burada "qovuşma" (qılınma) sevgi, məhəbbət, vüsala yetmə anlaşında da yozula, düşünülə bilər. Bütövlükdə fikri belə açmaq olar: Ata göylər, yəni Tanrının işığı (Günəş), havası, yağışı (su) Ana torpaqla qovuşduqda, bu qovuşmadan, bu "sevgidən" insan oğlu doğulmuş. Ümumən bütün canlı aləm-heyvanat, nəbabət da bu qovuşmadan, bu "sevgidən" törəmişdir. Bu fikir insanın və mövcud varlığın yaranması haqqında Şumer-Babil miflərində deyilən fikirdir. Və insanın əmələ gəlməsi, doğuluşu barədə bütün mövcud nəzəriyyələrdən ən ağıla batanıdır; insanın meymundan yarandığı fikrini də vurub keçir, heçə endirir və milyon illər qabağa gedir; "insan meymundan əmələ gəlibsə, bəs meymun özü haradan yaranıb?" - sualına da cavab verir; insanlığın ilk ata-anası sayılan "Adəm və həvva" mifinin ilkinliyi üstündən qələm çəkir…
Bu fəlsəfi fikir əslində məhz göylərə - Tanrıya inamdan doğmuşdu, Şumer-türk mifləri və kitabələrində əksini taparaq qədim dünyamızın aparıcı fəlsəfi fikri olmuş, ənənəvi qırılmaz mənəvi teli kimi davam edib gəlmiş, hər tərəfə - Qərbə və Şərqə də öz təsirini göstərmişdir. Burada bizim üçün, Azərbaycan xalqı üçün yad təsir axtarmaq əbəsdir. "Avesta" bu qaynaqlardan süzülüb gəlib, ümman olub. Dədə Qorqudun ilham çeşməsi də buradandı. Nizami də bu ana kök, inam və zəngin ənənələrdən bəhrələnib, bu fikirlərdən qanadlanıb.
"İskəndərnamə" əsərində ayrıca "İskəndərin yeddi alim ilə xəlvətə çəkilməsi" fəsli diqqəti cəlb edir. Yenə də "Yeddi alim". Burada Nizami Hürmüzü alimlərin başçısı kimi verir, ona xüsusi ehtiramını bildirir; onu bütün filosoflarından üstün sayır, "yeddinci göyə" qaldırır:

"Yeddinci Hürmüzdü, bilir ki, hamı
Yeddinci göydədir, onun məqamı" -
[19, s.492].
deyir.
Nizami "İskəndərnamə"də yetmiş alimin Hürmüzü inkar etməsi məsələsini qoyur; bu səbəbdən də o alimlərin həlak olub daşa döndüyünü yazır. Böyük şair, Hürmüzə "ustad" alim deyə ehtiram göstərir, onu dönə-dönə vəsf edir. Nizaminin mövqeyi burada tam aydındır.
Tarixdə yeni elmi fikir, kəşf, yeni fəlsəfi dünya görüşü, nəzəriyyə özünə asanlıqla yol aça bilmədiyi, ciddi müqavimətə rast gəldiyi, təzyiqlərə, böhtanlara, təhqirlərə və hətta işgəncələrə məruz qaldığı məlumdur. "Avesta"nın yaradıcılarının, Zərdüştün də taleləri belə olmuşdur. Bu tarixi həqiqəti Nizami nəzərdən qaçıra, ibrətli bir söhbət, hekayət kimi onun üstündən keçə bilməzdi.
Hekayədə söhbət yunan fəlsəfəsinin, rumlu alimlərin Hürmüzə hücumu, onun haqq sözünü danmalarına, ona atdıqları böhtanlarına qarşı Nizami ağlı, düşüncəsi dayanır, Nizami onu müdafiə edir. Elmdə, fəlsəfədə tarixiliyi, haqqı, ədaləti gözləmək, düz sözü, haqq sözü müdafiə etmək kimi bəşəri məsələlər qaldırır və şair bu barədə öz qəti sözünü deyir:

"Hürmüz adlı alim haqq danışmaqda
Gedərdi hamıdan daim qabaqda.
Çox möhkəm olardı onun dəlili
Qane eləyərdi hamını dili.
Bir çox ruhaninin faş etdiyindən
Oldu yunanlılar onunla düşmən.
Bir gün yetmiş alim çıxardı qərar;
Onun hər sözünü etsinlər inkar:
"Hürmüz nə söyləsə, razı olmayaq,
Doğru sözlərinə qulaq asmayaq.
Onu yerli-dibli eyləyək inkar…" [19, s. 464].

Nizami:
"İnkarla haqq sözü danmaqmı olar!?"-

deyə bircə nidalı sualla dərhal söhbətə müdaxilə edir, onlara öz münasibətini bildirir. Bu, eyni zamanda Hürmüzün "Avesta"da ifadə olunan, həyata keçirilən haqq söz, düz söz ideyalarının tam dərki və həmin mövqeyi müdafiəsi idi; ədalətə, düzlüyə qarşı dayanan qüvvələrə qəti etirazı idi.

"Hamısı söz qoyub əhd elədilər,
Hürmüz çıxardıqca mədəndən gövhər,
Qiymətdən salsınlar söz dənizini,
Torpaqla örtsünlər xəzinəsini.
Hər doğru sözünə yalan desinlər,
Onun haqq sözünü eşitməsinlər…"
[19, s. 464].

Nizami Hürmüzün daha artıq həqiqətin gözünə vurub, "söz bəhrindən gövhər saçdığını" yazır:

"Hürmüz söz bəhrindən gövhər saçanda,
Elmi-ilahidən söhbət açanda,
Hər sözə dəlillər gətirib ustad
Hər şeyi aydınca etdikcə isbat,
Gördü ki, onlara heç etmir bu kar,
Hər şeyi hay-küylə edirlər inkar" [19, s.464].

Hürmüz yenidən sözə başlayır, yenidən "qəlbə yox, daşa da təsir edən" dəlillərlə fikir söyləyir; lakin bu sözlərə də məhəl qoyulmur:

"Başqa bir xəzinə çıxartdı üzə,
Yeni dəlillərlə başladı sözə.
Gətirdiyi dəlil, dediyi fikir
Qəlbə yox, daşa da edərdi təsir.
Bildi ki, burda var, yəqin bir kələk"
[19, s.464].

Hürmüz üçüncü dəfə işıqlı zəkasını, əqlini işə salır, öz ağıllı fikri, müdrik kəlamı ilə onlara yenə təsir göstərə bilmir:

"Üçüncü dəfə də müşküllər açan
Diliylə haqq söz eylədi bəyan.
Qəlbə fərəh verən gözəl sözlərdən
Onlara söylədi nə qədər desən.
Bu qədər çaldığı zəngin səsinə
Heç biri etina etmədi yenə…" [19, s.464-465].

Burada Hürmüz yorulur, aydın dəlilləri qəsdən dandıqları və tərs davrandıqlarına görə qəzəblənir, onlara nifrət yağdırır, onları lənətləyir:

"Qışqırdı onlara hiddətlənərək,
Qalın yerinizdə qiyamətədək" [19, s. 465] -

deyir, alimlər daşa dönüb yerində qalır.
Nizami, Hürmüzün nifrət və lənətinin nəyə qadir olduğunu qədim mifik təfəkkürlə bağlayır, bu əsasda da təsvirini verir:

"Bir anın içində o yetmiş nəfər
Qalıb hərəkətsiz buza döndülər.
Başları su kimi ayağa düşdü,
Donmuş bədənləri torpağa düşdü"
[19, s.465].

Hürmüzün tutduğu mövqeyin düzlüyünü, elmdə haqqın-ədalətin, həqiqətin carçısı olduğunu Nizami İskəndərin sözlərilə bir daha təsdiq edir; bir yunanlı, ağıl və zəka sahibi kimi, bu hadisəyə-dastana onun verdiyi qiyməti, həqiqətin təsdiqinə müdaxiləsini belə təsvir edir:

"İskəndər "afərin" söyləyib ona,
Ordan tez qayıtdı öz dərgahına.
Hər kəsə, xəlvətdə, düşəndə fürsət
Ona bu dastandan edərdi söhbət:
"Yetmişlər başladı tufan salmağa,
Özləri çöp oldu, Hürmüzsə dalğa"
[19, s.465].

Hadisəyə Nizaminin öz münasibəti, son sözü maraqlıdır. Şair, Hürmüzün - "Avesta"nın elmi-dini fikirlərinin, fəlsəfi görüşlərinin haqq olduğunu, sözün tam mənasında müdafiə, təsdiq və təbliğ edir:

“Haqqı eşitməsə, hər kəs dünyada
Ömrünü kül edib verəcəe bada.
Ustadın dərsini kim etsə inkar,
Onlartək kəfənə tutacaq ruzgar.
Dəlili qüvvətli olan bir sözü
Qanmaq istəməyən bədbəxtdir özü
Taca layiq dürrü yerlərə vuran
İdraksız, şüursuz nadandır, nadan!
Hünərə göz yummaq deyildir hünər,
Hansı bir ağıllı tülə bez deyər?

Alimlə xoş rəftar etsən əgər sən
Özün öz elmini aşkar edərsən” [19, s.466].

Nizaminin bu son sözü gələcək nəsillərə deyilən sözdür, verilən ibrət dərsidir, "Avesta"ya verilən qiymətdir.
"İskəndərnamə"dəki "Alimlərin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti" qədim Şumer-türk fəlsəfəsinin "Avesta"da cəmlənən dünyagörüşünün təntənəsi, bütövlükdə o vaxtkı yunan fəlsəfi fikri üzərində qələbəsi idi; bu tarixi həqiqətin böyük Nizami tərəfindən bədii təsdiqi idi. nizami mövcud fəlsəfi fikrin qaynaqlarına yaxşı bələddi. O, qədim Şumer-türk fəlsəfi fikrini də, "Avesta"nı da gözəl bilmişdi. Buna görə, filosofları qarşılaşdırır, fikirlərini təhlil edir, öz sözünü də deyir.
Nizami bu tarixi həqiqəti bədii və əqli-məntiqi yolla, Hürmüzün yetmiş alim üzərindəki qələbəsi ilə təsdiq etmiş; "Avesta"nın "Hünər xəzinəsi", "bezlə müqayisəyə gəlməz tül" saymış, onun tərəfində dayanmışdı.
Burada Nizami çox güclü bir bədii təsdiqdən də məharətlə istifadə edib; o, türk ağlının, türk zəkasının, türk elmi və fəlsəfi fikrinin əzəli və üstün olduğunu, güclü "dalğaya" bənzədiyini, məhz dövlət başçısının -Makedoniyalı hökmdarın dili ilə deyir, onun özünə təsdiq etdirir: Bir daha bu təsdiqi qabardaq:

“Yetmişlər başladı tufan salmağa,
Özləri çöp oldu, Hürmüzsə dalğa”.

Hökümdarın sözü onun möhürüdür, rəsmi təsdiqidir. Bu, Nizaminin "Avesta"ya, onun yaradıcılarına verdiyi əsl qiymət idi ki, bunu İskəndərə də təsdiq etdirir, "möhür" basdırır. Bununla da "Avesta" və onun yaradıcılarına qarşı elədiyi haqsızlığı İskəndərin öz dili ilə dedirtdirir, səhvini özünə düzəltdirir, zərdüştlüyə qarşı münasibətini dəyişdirir. Təsadüfi deyil ki. İskəndər tərəfindən "Avesta"ya, zərdüştlüyə və onun davamçılarına 1 kitabda-"Şərəfnamə"də divan tutulduğu, maqlar öldürüldüyü, təqib edildiyi, atəşkədələr dağıdıldığı halda, II kitabda -"İqbalnamə"də "Avesta"dakı elmin, fəlsəfi fikirlərin dünyəviliyi, əhatə dairəsinin genişliyi təsdiq olunur, yunan alim-filosoflarının da bu dairədən kənara çıxa bilmədikləri və hürmüzün böyüklüyü, onun "məqamının yeddinci göydə durduğu" etiraf edilir. Nizami Bərdə hökmdarı Nüşabə ilə İskəndərə "mərdliyin yolunu göstərdiyi" kimi, burada da hürmüzün ağlı-zəkası ilə ona dərs verir, onun dünyagörüşünü təmizləyir, elmi qüdrəti qarşısında baş əydirir; Zərdüşt inamına, maqlara etdiyi imansızlığına qarşı, bir növ, peşimançılıq çəkdirir.
Bu, Nizaminin çıxardığı çox uğurlu bədii-məntiqi nəticə, böyük mənəvi qələbəsi idi.
Nizaminin atəşpərəstliyə Zərdüşt dininə rəğbəti tam aydındır. Yaradıcılığının ümumi ruhu da bunu təsdiq edir. "Xosrov və Şirin" poemasında ibrətli bir səhnə var: Ova çıxan gənc Xosrov kəndlinin evində düşüb kef məclisi qurur: atı girib göy bir tarlanı, əkin sahəsini otlayır, qulu keçib bağçadan icazəsiz qora dərir. Bundan xəbər tutan hökmdar qəzəblənib oğlunu, qanunu pozduğuna görə ciddi cəzalandırır: "Təxtini alıb kəndliyə verdirir, atının ayaqlarını kəsdirir, çalğıçını sazından məhrum etdirir".
Bir sözlə, qora acısını oğluna daddırır… Nizami bu hadisədən çıxış edərək, öz sözünü deyir, o dövrlə öz dövrünü müqaisə edir. Zərdüşt dini ilə islam dini qanunlarını qarşı-qarşıya qoyur, tutuşdurur:

“Doğma bir övlada, əvvəl nə sayaq
Ədalətlə tənbeh olunurdu, bax!
Hanı o ədalət, o insaf hanı!
Verə öz oğluna böylə cəzanı?!
İndi yüz yoxsulun tökülsə qanı,
Durub tərəf çıxan bir adam hanı?
Atəşpərəstlikdə dünya eləydi,
Bu müsəlmanlıqdan utan bir indi"
[14, s.35].

Nizaminin qənaətincə, zərdüştlüyün insani qanunları islamdan "yüz" dəfə uca və ədalətli idi; elə bu fikri demək və əsaslandırmaq üçün, görünür, həmin səhnəni yaratmışdı. Sonda Nizami işarə vurur, özünü danlayır ki, bu "nəsihət"ə qulaq asan kimdir ki, bu tənqid, bu həqiqətin təsviri ona ağır otura, o özü cəzalana bilər, onun üçün pis olar: odur ki, tez mətləbə qayıdır, sözünü belə qurtarır:

“Qayıt əfsanəyə, Nizami, bəsdir,
Nəsihət quşunun səsi pis səsdir”…
[14, s.35].

Məlum olduğu kimi Nizamidə bir ayrıca "Xeyir və şər" adlı hekayə də var. Bu qədim tarixi-ənənəvi mövzudur ki, maraqlı bir əhvalat nəql olunur; "Avesta"nın nikbinliyə təlqin edən ruhu, xeyrin qələbəsi tərənnüm edilər.
Şair Nizami " Avesta"nın ən güclü tədqiqatçısıdır.