AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

NƏTİCƏ

    Azərbaycan Demokratik Respublikası xalqımızın çoxminillik dövlətçilik tarixində yeni və mühüm mərhələ idi. 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik respublika və türk dünyasında ilk dünyavi dövlət—Azərbaycan Xalq Cümhuriyyəti yarandı. İlk milli Azərbaycan demokratik dövlətinin yaranması xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı milli azadlıq mübarizəsinin yekunu idi. Azərbaycan Xalq Cümhuriyyəti ümumbəşəri sərvətləri, Qərb və Şərq ənənələrini özündə birləşdirən sivil demokratik respublika idi.
    1918-ci ilin may ayının 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti Milli Şurası Tiflisdə qəbul etdiyi “İstiqlal Bəyənnamə”-sində Müstəqil Azərbaycanın dövlət quruluşu, dövlətçilik forması və sistemi, daxili və xarici siyasətinin dünyavi təcrübəyə və milli ənənələrə əsaslanan prinsipləri e’lan edildi.
    Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində bəyan edilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsiyyətindən, dilindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hamısına bərabər siyasi və vətəndaşlıq hüququ verir, heç bir fərqdən asılı olmayaraq onların hamısına sərbəst inkişaf imkanı yaradır.
    Şərqdə ilk demokratik və dünyavi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə dövlət qurulucuğu, sosial-iqtisadi inkişaf, mədəni quruculuq və xarici siyasət sahəsində zəngin təcrübə qazanmış, mütərəqqi ənənələr yaratmışdır. Azərbaycanın ərazi bütövlüyünün müdafiə edilməsi, qonşu və uzaq dövlətlərlə diplomatik və əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində böyük təcrübə toplamışdı. Azərbaycan Demokratik Respublikasının xarici siyasət sahəsində qazandığı nailiyyətlər xüsusilə qiymətlidir. Görülən tədbirlər nəticəsində qısa müddətdə 20-dən çox xarici dövlət Azərbaycanı tanımış, onunla diplomatik əlaqə yaratmışdı.
    Böyük bir məkanda yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində zəngin mənəvi, siyasi və dövlətçilik ən’ənələri yaratmışdır. Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqına müstəqilliyin şirinliyini dadızdırmışdır, ömrünü müstəqillik uğrunda mübarizəyə həsr etmək, Vətənin bütövlüyü uğrunda şəhid olmaq, Şərqdə ilk dünyavi demokratik müstəqil milli dövlət qurmaq ən’ənələri vermişdir.
    Azərbaycan Demokratik Respublikasının hökuməti türkcülüyü, islamçılığı və müasirliyi özündə əks etdirən üç rəngli (mavi, yaşıl,qırmızı) bayrağı yaratmış, Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi dövlət himnini qəbul etmiş, Azərbaycanın təbii-coğrafi sərvətlərini əks etdirən dövlət gerbini hazırlamışdır.
    Azərbaycan Parlamentinin yaradılması milli dövlətçilik və qanunvericilik tariximizin mühüm hadisəsi oldu. Parlamentdə bütün siyasi partiyaların, Azərbaycanda yaşayan bütün millətlərin, etnik icmaların nümayəndələrinin təmsil olunması, heç bir ayrı seçki qoymadan bütün vətəndaşların seçki hüququnun qanunla təsbit edilməsi Azərbaycan Demokratik Respublikasının qanunvericilik hakimiyyətinin sivil və dünyəvi xarakterini əyani təsdiq edirdi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə idi. Parlamentdə 270-dən çox qanun layihəsinin müzakirə edilməsi, onlardan 230-nun qəbul edilməsi cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrinin demokratikləşməsinə ciddi təsir göstərdi, idarəçiliyin normativ hüququ bazasını yaratdı.
    Mədəniyyətin, Xalq maarifinin, səhiyyənin inkişafı Azərbaycan Demokratik Respublikası hökumətinin diqqət mərkəzində idi. Bu sahələrin tərəqqisi üçün bir sıra qanunlar və qərarlar qəbul edilmişdi. Kənd əhalisinin torpaqla təmin edilməsi, aqrar sektorunun inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilmişdi.
    Müharibə və təcavüz təhlükəsi şəraitində yaşamasına baxmayaraq Azərbaycan Demokratik Respublikası hökuməti qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik nizami milli ordu yaratdı, ölkənin 97 min kvadrat kilometr ərazisi erməni qəsbkarlarından müdafiə edilib qorundu.
    Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqüt etməsinə baxmayaraq o, öz başlıca tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, xalqımızın tarixinə parlaq səhifə yazdı, iki yüz il əvvəl itirdiyi müstəqilliyini, azadlığını özünə qaytardı.
    Azərbaycan Demokratik Respublikası Azərbaycanın gələcək müstəqilliyi üçün zəngin dövlətçilik ənənəsi və möhkəm təməl hazırladı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik ən’ənələrinin tarixi varisliyi üzərində müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir.
    Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənələrini, atributlarını onun tarixi varisi olan müstəqil Azərbaycan Respublikası qəbul edib yaşadır, onun dünyəvi demokratik dövlət quruculuğu ənənələrinin zənginləşməsi uğrunda dönmədən mübarizə aparır, istiqlal bəyannaməsində təsbit edilən prinsiplərə riayət edir, onları daha da təkmilləşdirir.
    Azərbaycan Demokratik Respublikasının dövlətçilik ənələrinə sadiq olan müstəqil Azərbaycan Respublikası bütün dövlətlərlə dostluq və əməkdaşlıq münasibətləri yaradır, müasir milli ordu yaradır, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə aparır, srateji neft siyasətini həyata keçirir, beynəlxalq hüququn subyektinə çevrilir, Dağlıq Qarabağ problemini həll etmək üçün tədbirlər görür, elmimizi, təhsilimizi və milli mə’əvi dəyərlərimizi inişaf etdirmək naminə uğurlu addımlar atır. Son illər ərzində Azərbaycan daxili və xarici siyasət sahəsində böyük nailiyyətlər qazanmış, dünya dövlətlər birliyində özünə möhkəm yer tutmuş, bir çox beynəlxalq təşkilatların üzvü seçilmişdir.
    Bu gün Azərbaycan 130-dan artıq dövlətlə diplomatik əlaqə yaratmış, onlarla müxtəlif sahələrdə əməkdaşlıq qurmuşdur. Azərbaycan, strateji xarakter daşıyan qədim ipək yolunun, beynəlxalq neft konsorsumunun, Bakı-Ceyhan boru kəmərinin təşkilatçısı və mərkəzi dövlətidir. Bu strateji proqramların reallaşması nəticəsində Azərbaycanın dünyanın ən inkişaf etmiş dövlətinə çevrilməsi prosesi uzaqda deyil.