AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

III BÖLMƏ

AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ MILLI IDEOLOGIYA VƏ TƏHSIL SIYASƏTI

§1. Milli ideologiya konsepsiyası

    Hər bir xalqın milli azadlıq hissi, müstəqillik meyli onun özünüdərketməsi prosesində formalaşır, həqiqi mə’na və aydın yönüm kəsb edir. Məmməd Əmin Rəsulzadə qeyd edirdi ki, “millətə hər bir fitnə fəsadın mənbəini göstər, onun nə tərəfdən və nə cür gəldiyini bildir, o zaman əminiz ki, millət nə edəcəyini bilər. Geniş maarifçilik və ardıcıl təbliğat güclü siyasi fəallıq yaratsa da müstəqilliyi əldə etmək üçün ümum milli strateji mübarizə proqramı daha vacibdir. Bu prosesin zəruri tələblərindən biri milli ideologiyanın yaradılmasıdır.
    Bütövlükdə millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə kimi ilk növbədə milli azadlıq hərəkatı ilə bağlıdır, onun dalğaları üzərində yüksəlir və ona şüurlu nəzəri istiqamət verir. Azərbaycanda milli ideologiyanın yaranması heç də subyektiv meylin tələbi deyil, uzun müddətli təbii-tarixi prosesin daxili məntiqi nəticəsi və ifadəsidir. Tarixi keçmişimiz bu meyli təsdiq edir.
    Prezident Heydər Əliyev demişdir: “Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur… Orta əsrlərdə Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahilər yetirmiş və onlar azadlıq hissləri ilə yaşayıb yaratmışlar.
    Sonrakı dövrlərdə Azərbaycan çar Rusiyasının tərkibində, onun əsarəti altında olarkən azadlıq ideyaları ilə yaşayan ölkənin mütəfəkkir adamları, qabaqcıl siyasi xadimləri, yazıçı və şairləri olmuşdur. Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Üzeyir Hacıbəyov, Məmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərin yaradıcılığında milli azadlıq hissləri öz əksini tapmışdır. Siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır”.
    Bütün şüurlu həyatını vətənin mədəni dirçəlişinə həsr etmiş Mirzə Fətəli Axundov ilk dəfə ictimai-fəlsəfi fikir tariximizə “millət”, “millətsevərlik”, “milli tərəqqi” kimi anlayışları gətirmişdir. Görkəmli ictimai xadim və maarifçi demokrat Məhəmməd ağa Şahtaxtlı 1891-ci ildə “Kaspi” qəzetində dərc etdirdiyi “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsində “azərbaycanlı” və “Azərbaycan dili” sözlərini leksikonumuza gətirmişdir.
    Məlumdur ki, çox vaxt bizləri “tatar”, dilimizi “tatar dili “ adlandırmışlar. Çünki çar üsul- idarəsinə və onun əlaltılarına Azərbaycan xalqının “tatar”, “musilmanin” adlandırılması daha sərfəli idi. Onların ardınca bolşeviklər də “Azərbaycan” sözündən qorxmuş, vahiməyə düşmüş, milli mənlik şüurunun formalaşıb proletar beynəlmiləlçiliyini üstələyəcəyindən ehtiyat etmişlər.
    Azərbaycan Demokratik Respublikası, milli dövlətçiliyimizin, milli ideologiyanın reallığa çevrilməsi yolunda tarixi bir addım oldu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Demokratik Respublikası milli şüurun, milli dövlətçiliyin qərarlaşmasında mühüm rol oynamışdır. Azərbaycanlı milli ideyasının ümumi milli ideologiyaya çevrilmə prosesində tarixi inkişaf baxımından bir çox tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi həm islamçılıq, həmdə turançılıq-türkçülük mərhələlərini yaşamış, XX əsrin əvvələrindən e’tibarən müstəqil ideya cərəyanına çevrilməyə başlamış, Azərbaycan milli dövlətçiliyini meydana gətirmişdir.
    O vaxt ki demokrat ziyalılar milli azadlıq uğrunda mübarizədə turançılıq, türkçülük ideyasından daha çox konkret ölkənin müstəqilliyinə üstünlük verirdilər. Mustafa Kamal Atatürk Türkiyənin dövlətçiliyinin taleyi həll edilərkən turançılığı nicat yolu hesab etmirdi. O, 1917-ci ildə Xalq Respublika Partiyasının birinci qurultayında bildirmişdir ki, “bütün türklərin bir dövlətdə birləşdirilməsi həyata keçməz bir məsələdir. Tarixi təcrübədən görünür ki, panislamizm, yaxud pantürkizm müvəffəqiyyət qazana bilməz.
    Yusif Vəzir Çəmənzəminli Krımda turançılığın uğursuzluğu haqqında bəhs edərək yazırdı ki, bu ideya İsmayıl bəyə çox saylı əleyhdarlar qazandırdı, krımlıların fikrini azdırdı, onları turanla birləşdirə bilmədi və hətta tatarlıqdan uzaqlaşdırdı. Məlum oldu ki tatarlara milli şüur utopiya və romantik görünən turançılığa nisbətən daha yaxındır.
    Reallığı dərk edən M.Ə,Rəsulzadə və Müsavat partiyası turançılığın qeyri mümkünlüyünü qəbul edib Azərbaycanın müstəqilliyi şüarını irəli sürdülər. Beləliklə, vətənpərvərlik, azərbaycançılıq, milli müstəqillik, milli dövlətçilik milli ideologiyamızın mahiyyətini, onun əsasını təşkil edən başlıca ideyalara çevrildi. Azərbaycan Demokratik Respublikası sözün tam mənasında azərbaycanlıların müqəddəs milli idealı olan milli dövlətçiliyimizin ilk tarixi təcəssümü idi.
    Azərbaycan Demokratik Respublikası yarandığı gündən onun rəhbərləri hər şeydən əvvəl vacib saydıqları milli məsələyə həyati məsələ kimi baxmış, ona böyük diqqət yetirmişlər. Bu baxımdan ADR-in milli siyasətinin əsas prinsiplərini düzgün başa düşmək üçün onun ideoloqlarının millət və milli siyasət, millət və sinif, millətçilik və beynəlmiləlçilik haqqındakı fikirlərini, baxışlarını bir daha nəzərdən keçirmək maraqlıdır.
    Bir həqiqətdir ki, Azərbaycan Demokratik Respublikasının liderləri heç vaxt beynəlmiləlçilik əleyhinə olmamışlar, onlar kosmopolitizm əhval-ruhiyyəsini tənqid etməklə, millətlərin dostluq və əminamanlıq şəraitində yaşamalarını təqdir və təbliğ etmişlər. Bu cəhətdən M.Ə.Rəsulzadənin aşağıdakı sözləri səciyyəvidir. O, yazmışdır ki, K.Marksın “ bütün ölkələrin proletarları birləşin” şüarı heç vaxt sözdən işə keçməyəcək, arzu olaraq qalacaqdır. Çünki dünyanın bütün millətləri birləşməyincə, füqərayi-kasibə birləşə bilməz. Ona görə lazımdır ki, əvvəlcə dünyanın bütün millətlərini birliyə çağırasan, sonra isə füqərayi-kasibənin birləşməsini tələb edəsən”.
    XX əsrin əvvəllərində millətə verilən tə’rif üzrə ictimai fikirdə kəskin qütbləşmə var idi. Burada millətin materialist, yaxud iqtisadi-siyasi izahı ilə mə’nəvi psixoloji şərhi daha kəskin toqquşurdu. Azərbaycan Demokratik Respublikasının siyasi liderləri sayılan müsavatçıların fikrincə, “millət, öz dili, adəti, dini və məzhəbi ilə dolanan camaatdır”. Müsavat partiyasının proqramında millətin mövcudluq şərti kimi dil, adət-ən’ənə, ədəbiyyat əsas amil kimi götürülürdü.
    M.Ə.Rəsulzadə siyasi və dövlətçilik fəaliyyətinin əvvəlki illərində millətin yaşaması üçün din birliyini zəruri saymış, islam xalqlarının hamısını “müsəlman milləti” kimi xarakterizə etmiş, dini qarşıdurmaya qarşı amansız olmuşdur. Rus imperiyası ölkədə vahid xristian din siyasətini həyata keçirir, islamı sünnü və şiə məzhəbliyinə bölür, onların müvafiq ruhani idarələrini yaratmışdı. Bu barədə imperiya 1872-ci ilin aprel ayının 5-də və 1917-ci ilin iyul ayının 17-də islamı parçalayan, bir-birinə zidd məzhəblərə bölən qərəzli sərəncamlar qəbul etmişdi. Azərbaycan Demokratik Respublikası dini ikitirəliyi, məzhəb ayrılığını, hansısa dinə üstünlük verilməsini aradan qaldırdı, dini azadlığı, dini sərbəstliyi təmin etdi.
    Hakim Müsavat partiyasının proqramının 22-ci maddəsində qeyd edilirdi ki, “hökumət heç bir dinə, heç bir məzhəbə üstünlük verməməlidir və bir dinin zərərinə olaraq başqa dinə himayədarlıq etməməlidir”.
    Bu prinsipə əsasən Məmməd Əmin Rəsulzadənin təklifi ilə Tiflis şəhərində fəaliyyət göstərən sünnü və şiə ruhani idarələri ləğv edildi və Bakıda müsəlmanların ruhani idarəsi təsis edildi. ADR-in sosial-tə’minat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə Molla Ağa Əlizadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri — Şeyxülislam təyin edildi.
    Azərbaycan Demokratik Respublikasının yaranması və mövcud olmasının təməlini azərbaycanlı milli mənlik şüurunun formalaşması, “azərbaycanlı” ideyası təşkil etmişdir. M.Ə. Rəsulzadə 1911-1914-cü illərdəki yazılarında “azərbaycanlı” istilahını dönə-dönə işlətmiş və azərbaycanlıların digər türk tatar qövmlərindən fərqini vurğulamışdır. O yazırdı ki, “Azəri olduğumuza” heç kim şübhə etməməlidir.
    Ömrünün çox az olmasına baxmayaraq Azərbaycan Demokratik Respublikası hökuməti azərbaycanlı milli ideyasının həyata keçirilməsində böyük rol oynadı. Onun fəaliyyəti hər şeydən əvvəl vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, cümhuriyyətçilik kimi ideal milli prinsiplərin həyata keçirilməsinə söykənirdi. M.Ə.Rəsulzadə deyirdi: “bir gərə yüksələn bayraq bir daha enməz!”, “Bu yolda ya qazi, ya da şəhid olacağıq” .
    Azərbaycan Demokratik Respublikası azərbaycanlıların bir millət kimi vahid milli ideologiya əsasında birləşməsinin tarixi başlanğıcı idi. Məmməd Əmin Rəsulzadə hesab edirdi ki, respublika daxilində millətin vəhdəti və bölünməzliyinin tə’min olunması siyasi sabitliyin möhtəşəm rəhnidir. Bunların biri digərini şərtləndirən başlıca amillərdir. Azərbaycan milləti türk etnosu zəmini üzərində yaranmış olsa da, min illərlə onunla qaynayıb qarışmış digər etnoslarla birlikdə keçdikləri uzun bir tarixi inkişaf yolu üzərində formalaşıb bu günki millət halına gəlib çıxmışdır. Azərbaycan millətinin bütün soy köklərinin inteqrativ bir zəmində birləşdirilməsi millətin bütün etnik qruplarının maraqlarının gözlənilməsi əsasında baş tuta bilər.
    Bu da bir həqiqətdir ki, Azərbaycan Demokratik Respublikasının yaradıcısı M.Ə.Rəsulzadə Azərbaycanda min illərlə birgə yaşayıb yaratmış türk, tatar, tat, ləzgi, talış və bütün islam xalqlarının hamısını bir adla- azərbaycanlı adı ilə adlandırmağı lazım bilmişdir. Bu onun çox uzaq görən siyasətinin nəticəsi idi.
    XX əsrin əvvəllərində Azərbaycan ziyalılarını ən çox düşündürən problem sosial tərəqqi problemi idi. O dövrdə Azərbaycan xalqı çarizmin əsarəti altında inləyən məhkum millət olduğuna görə onun qarşısında duran əsas vəzifə yeridilən müstəmləkəçilik siyasətinin ağır nəticələrinin tə’sirini mümkün qədər azaltmaq, xalqı soykökünə qaytarmaq, onun milli ruhunu qoruyub saxlamaqdan ibarət idi.
    M.Ə.Rəsulzadə milli tərəqqini sosial tərəqqinin əsası hesab edirdi. Onun fikrincə hər hansı bir xalq sosial sahədə azadlıq əldə etməzdən əvvəl özü azad olmalı, milli istiqlala çatmalıdır.
    Bu gün Azərbaycan Respublikası milli müstəqillik yolunda mətin addımlar atır, Azərbaycan Demokratik Respublikasının varisi kimi dünya dövlətlər birliyində tam hüquqlu, layiqli yer tutur. Bu işdə xüsusi xidmətləri olan prezident Heydər Əliyev dövlətçiliyimizin sosial, siyasi, milli-mə’nəvi bünövrəsinin strateji istiqamətlərini müəyyən etmiş, onun ideoloji təməlini yaratmışdır. Prezidentimizin əqidəsincə “ milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ən’ənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”.
    Milli ideologiyamızın inkişaf konsepsiyasında vətənpərvərlik idealının mühüm yeri var. Vətənpərvərlik hər şeydən əvvəl vətənçilik və azərbaycançılıqla bağlıdır. Azərbaycançılıq ideyası milli ideologiyamızın özülünü təşkil edir. Vahid milli ideologiya milli və ümumbəşəri mənəvi sərvətlərin vəhdətinə, Azərbaycanda məskunlaşmış bütün millət və xalqların bir amal uğrunda mübarizəsinə, onların tam hüquq bərabərliyinə, vətənnin ərazi birliyinin, mənafeyinin, müstəqilliyinin qorunması üçün məsuliyyətinin dərk olunmasına əsaslanır. Heç kimdən asılı olmayan, azad, müstəqil, suveren Azərbaycanın milli ideyası yalnız adda, rəmzlərdə deyil, həyatda, mahiyyətdə, xalqın mövcudluğunda, mənəviyyatında, dünyanın siyasi xəritəsində yaşayır, “yoxdan yaranmış” üçrəngli müqəddəs Azərbaycan bayrağı parlament üzərində qururla dalğalanır.