AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§4. Azərbaycan Demokratik Respublikasının
dövlətçilik ən’ənələri

    Qədim və keşməkeşli tariximizdə Azərbaycan xalqı dəfələrlə müstəqillik əzmini uğurla realizə edib, özünün dövlətlərini və zəngin dövlətçilik institutlarını və ən’ənələrini yaratmış, onların bir sıra atributlarını müəyyənləşdirmişdir. Lakin dünyanın sivil dövlətçilik ən’ənələrinə və təcrübəsinə ən yaxın, ən demokratik dövlətçilik qurumu Azərbaycan Demokratik Respublikası olmuşdur. Çox min illik dövlətçilik ən’ənələrinə malik olan azərbaycan xalqı 1918-ci ilin may ayının 28-də şərqdə və bütün müsəlman dünyasında ilk demokratik parlamanı, respublika tipli dövlət yaratmaq imkanı əldə etdi. Azərbaycan Demokratik Cümhuriyyətinin sivil dövlətçilik ən’ənələri və fəaliyyət prinsipləri istiqlal tariximizin ən şanlı səhifəsidir.
    Azərbaycan Demokratik Respublikasının ilk milli şurası, parlamenti və hökuməti, dünyəvi dövlət quruluşu, dövlət apparatı təşkil edildi, dövlət sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili e’lan edildi, milli ordusu, pulu, poçtu, maliyyə-kredit sistemi tə’sis edildi, demokratik tə’sisatları quruldu, idarəetmə forması — parlamanlı respublika e’lan edildi, o gec də olsa dünya dövlətləri tərəfindən de fakto tanındı.
    Azərbaycan Demokratik Respublikası yaranarkən sivil dövlət quruculuğu haqda işlənib hazırlanmış və real həyatda sınaqdan çıxmış dövlətçilik təcrübəsi yox idi. Yaxın, uzaq qonşularımızda və bütün müsəlman şərqində şahlıq, krallıq, imperatorluq sistemi hakim idi. Məmməd Əmin Rəsulzadə totalitar, mütləq hakimlik xarakterli rejimlərdən imtina edib keçilməmiş yol seçdi, ilk demokratik respublika quruluşu yaratdı. Dövlət quruculuğunda demokratiya, azadlıq, brabərlik, ümumxalq seçki sistemi, qanunun aliliyi, çoxpartiyalılıq, sosial ədalət prinsipləri əsas fəaliyyət proqramı kimi qəbul edildi.
    Dünyanın mütərəqqi, demokratik ölkələrinin dövlət quruculuğu prinsiplərinə əsaslanan Azərbaycan demokratik respublikası XX əsrin əvvəllərində Şərq dünyası üçün nümunə olan yeganə paralamanlı müstəqil dövlət idi. Azərbaycan Demokratik Respublikası daxili və xarici siyasət sahəsində tam sərbəst, heç bir bloka, ittifaqa və birliyə qoşulmayan, müstəqil dövlətlərə xas olan bütün atributlara malik olan suveren dövlət kimi fəaliyyət göstərirdi. Onun bir sıra xarici dövlətlərlə diplomatik əlaqələri, sərhədləri müəyyən edilmiş, milli ərazi birliyi, milli ordusu, maliyyə, pul, bank sistemi, müvafiq qanunverici, icraedici və məhkəmə orqanları var idi. 17 ay ərzində Azərbaycan Demokratik Respublikasının parlamenti yüzlərlə qanun və qanunverici aktlarını, konstitusiya əvəzi istiqlal bəyannaməsini qəbul etmişdir. Beləliklə Azərbaycan Demokratik Respublikasının parlamenti cəmiyyətin fəaliyyətinin hüququ bazasının əsasən yaradılmasına nail oldu.
    Azərbaycan Demokratik Respublikasının qanunverici və icraedici orqanları bütün milli zümrələri əhatə edən beynəlmiləl prinsiplə qurulmuşdu. İlk qurum olan Milli Şurada Müsavat partiyası və ona qoşulan bitərəf müsəlman sosialistlər bloku, İttihad, Hümmət və sairə partiyalar təmsil edilmişdi. Fəaliyyət göstərən beş kabinənin (üç kabinəyə Fətəli xan Xoyski, ikisinə Nəsibbəy Yusifbəyov başçılıq etmişlər), üçüncüsündə Slavyan-rus cəmiyyətinin üç nümayəndəsi — İ.Protasov — maliyyə naziri, Y.Gindis — səhiyyə naziri, K.Lizqar — ərzaq naziri vəzifələrini tuturdu. Dördüncü kabinəyə isə Slavyan-rus cəmiyyətinin iki üzvü, V. Klenovski sosyal tə’minat naziri A. Dostakov səhiyyə naziri, o cümlədən Daşnaksütyün partiyasının nümayəndəsi, erməni X. Amaspur portfelsiz nazir kimi daxil olmuşdu. Yalnız ingilislər Azərbaycanı tərk etdikdən sonra beşinci kabinəyə ancaq azərbaycanlılar daxil idilər.
    Azərbaycanın qədim tarixinin iki illik dövrünü yaşayan Azərbaycan Demokratik Respublikasının ən böyük mə’nəvi dəyəri xalqın milli dövlətçilik və müstəqillik oyanışının yaradılmasından, milli ərazi bütövlüyünün qorunması hissinin möhkəmləndirilməsindən ibarətdir.
    Dövlətçilik və siyasət təcrübəsinin olmamasına və azömürlülüyə baxmayaraq Azərbaycan Demokratik Respublikasının milli dövlətçilik ən’ənə-lərinin yaradılması istiqamətində ən qabaqcıl demokratik dövlətlər səviyyəsinə yüksələ bilməsi faktı ilə bərabər, uğurları, nailiyyətləri və tənəzzülü, tarixi dərsləri və təcrübəsi bugünkü ictimai-siyasi həyatımızın demokratikləşməsi, milli dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda arxalandığımız çox dəyərli və ibrətamiz örnəklərdir.
    Bizi o dövrdən 80 il ayırsa da Azərbaycan Demokratik Respublikasını və müstəqil Azərbaycanı əhatə edən siyasi mühüt arasında oxşarlıq və fərqlər çoxdur. Oxşarlıq ondan ibarətdir ki, müstəqillik e’lan ediləndən sonra hər iki demokratik cümhuriyyət sivil təcrübə əsasında dövlətçilik yaratmış, təbii sərvətləri bütünlüklə xalqın istifadəsinə verilmiş, ölkə heç bir hərbi ittifaqa qoşulmamış, onun ərazisində xarici hərbi qoşunlar yoxdur, bütün hakimiyyət xalqa məxsusdur, ölkəni onun seçdiyi nümayəndələr idarə edir, dövlətin bütün atributları vardır.
    Bununla belə hər iki respublikaya qarşı daxildən və xaricdən gözlənilən təhlükəli təxribatlar yönəlmişdir. ADR e’lan edildikdən sonra il yarım ərzində Azərbaycan Türkiyənin və Antantanın mandatı (Himayəsi) altında olmuş, yeddi aya qədər ölkədə ikihakimiyyətlilik hökm sürmüşdür. Bakıda Sovet hökuməti, Gəncədə isə milli hökumət fəaliyyət göstər-miş, 11 yanvar 1920-ci ilə qədər qərb dövlətləri Azərbaycanı tanımamışdılar. Ölkənin daxli vəziyyəti də çox ağır idi. Bunu nəzərə alan hökumət iyun ayının 19-a Azərbaycanda hərbi vəziyyət e’lan etdi.İyul ayının 31-də Bakı xalq komissarlar soveti iste’fa verdi. Bundan istifadə edən eserlər, menşeviklər və daşnaklar əksinqilabçı sentrokaspi diktaturasını yaratdılar və ingilisləri Bakıya də’vət etdilər.
    Bütün ərazidə milli dövlət hakimiyyətini yaratmaq məqsədi ilə ADR-in qoşunları və könüllüləri Qafqaz İslam Ordusunun köməyi ilə sentyabrın 15-də Bakıya daxil oldu, 17-də hökumət Bakıya köçdü. 1918-ci ilin oktyabr ayının sonunda türk qoşunları Azərbaycanı tərk etdilər. Noyabr ayının 17-də Antanta adından ingilis generalı Tomsonun komandanlığı altında ingilis-fransız-amerika hərbi hissələri Ənzəlidən Bakıya gəldi. İşğal şəraitində Azərbaycanın vətənpərvərlərinin müstəqillik uğrunda apardıqları mübarizəsi Tomsonu Azərbaycan hökumətini defakto tanımağa məcbur etdi.
    XX əsrdə Azərbaycan xalqı iki dəfə — 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığına, dövlət müstəqilliyinə nail olub. Lakin Azərbaycan ilk dövlət müstəqilliyini bir sıra tarixi, ictimai-siyasi səbəblər üzündən qoruyub saxlaya bilmədi. Bununla belə bütün müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Demokrtaik Respublikası xarici və daxili düşmənlərə qarşı mübarizələrlə dolu iki ilə yaxın mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirsə də, milli dövlətçilik ən’ənələrinin formalaşması baxımından mühüm rol oynadı. Bu günkü Müstəqil Azərbaycan Respublikasının dövlətçiliyi boş yerdə yaranmayıb, burada Azərbaycan Demokratik Respublikasının təcrübəsi və dünyanın demokratik ölkələrində sınaqdan çıxmış hüquqi dövlət prinsipləri nəzərə alınıb.
    Azərbaycanda milli dövlət quruculuğu birinci növbədə Ali qanunvericilik orqanının — Azərbaycan parlamentinin yaranmasından başladı. Burada Azərbaycan Demokratik Respublikası dövründə az müddət ərzində parlamentarizmin əsasını qoymuş ilk Demokratik Respublikamızın parlamentinin təcrübəsi nəzərə alındı. Müasir Azərbaycan parlamentinin dövlət quruculuğunda atdığı ilk addım 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının müstəqilliyi haqqında” Konstitusiya aktından başlayır, Azərbaycan Respublikası 1918—1920-ci illər Azərbaycan Demokratik Respublikasının davamçısı, varisi e’lan edilmişdir. Bu sənədin əhəmiyyəti ondadır ki, suveren hakimiyyətin Azərbaycan xalqına mənsub olduğunu e’lan etməklə yanaşı, burada hakimiyyətin bölünməsi prinsipi təsbit edilmişdir. Bu bölgüyə görə qanunvericilik hakimiyyəti — parlamentə, icra hakimiyyəti — respublikanın prezidentinə, məhkəmə hakimiyyəti — müstəqil məhkəməyə verilir.
    Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini: bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini vətəndaşların seçki hüququnun çox partiyalılıq sisteminin tə’min edilməsini, e’lan etdi. Bu sənəd Azərbaycan Demokratik Respublikasının Milli Şurasının üzvülərinin Tiflisdə 1918-ci il 28 mayda imzaladıqları “Azərbaycanın müstəqilliyi haqqında” bəyannamə ilə səsləşir.
    Dövlətin suverenliyi və müstəqilliyini dövlət rəmzləri təsdiq edir. Azərbaycan Respublikasında Azərbaycan Demokratik Respublikası dövründə olduğu kimi, dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi. Bununla da Azərbaycan dövlətçiliyi addım-addım bərpa edildi.
    Azərbaycanda hüquqi dövlətin yaradılmasının əsas problemlərindən biri siyasi plyuralizm, çoxpartiyalı sistemin yaradılmasıdır. Bununla əlaqədar olaraq Azərbaycanın siyasi-hüquqi həyatında mühüm rol oynayan “Siyasi partiyalar haqqında” qanun qəbul edildi. Siyasi plyuralizmin əsas şərti fikir mübadiləsi və mə’lumat azadlığıdır. Azərbaycanın Milli Məclisinin “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul etməsi bu sahədə münasibətləri qaydaya saldı.
    Prezident Heydər Əliyev və Azərbaycan parlamenti insan hüquqlarına xüsusi fikir verir, bu məqsədlə bir sıra beynəlxalq hüquqi sənədləri əsas götürürlər. Bunlar “Vətəndaş və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktlar və “Qadıların siyasi hüquqları haqqında”, “Qaçqınların statusu haqqında” beynəlxalq konvensiyalardır. Milli Məclis tərəfindən e’lan edilmiş hüquq və azadlıqlar milli qanunçuluq normalarında möhkəmlənir.
    Dövlət quruculuğunun mühüm sahələrindən biri milli ordunun yaradılması və möhkəmləndirilməsidir. Burada da Azərbaycan Demokratik Respublikasının əldə etdiyi təcrübə əhəmiyyətlidir. Milli Məclis Silahlı Qüvvələr haqqında bir sıra qanunlar qəbul etmiş, milli hərbi kadrların hazırlanmasına diqqəti artırmışdır. Bu qanunlar aşağıdakılardır: hərbi qulluqçuların statusu, hərbi qulluqçuların pensiya tə’minatı, hərbi tribunal, hərbi qulluğa çağırış, hərbi qulluq, daxili qoşunların statusu, dövlət sərhəddi, müdafiə, hərbi vəziyyət, fövqəl’adə vəziyyət və s. Bu tədbirlər nəticəsində ordu quruculuğu səmərəli gedir, milli zabit kadrlarının hazırlanması işi yüksək səviyyədə həyata keçirilir.
    Azərbaycanın beynəlxalq miqyasda tanınması məsələsi Azərbaycan Demokratik Respublikası dövründə olduğu kimi müasir dövrdə də diqqət mərkəzində durur. Hüquqi dövlət quruculuğunda bu məsələnin böyük əhəmiyyəti var. Ə.M. Topçubaşovun başçılıq etdiyi nümayəndə hey’ətinin Paris Sülh Konfransında iştirakı da bu aspektlə bağlı idi. Azərbaycanın Milli Məclisi də bu sahədə bir sıra tədbirlər həyata keçirir. Son dövrdə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü olub, beynəlxalq forumlardan Azərbaycanın səsi ucalır. Bu baxımdan Respublikanın Prezidenti H.Ə. Əliyevin xidmətləri misilsizdir. Azərbaycan Respublikası dünya və regionlararası inteqrasiya birliklərinə daxil olmaq üçün bütün tədbirləri həyata keçirir.
    Azərbaycan xalq cümhuriyyəti 23 ay yaşasa da, qısa müddət ərzində böyük dövlətçilik ən’ənələri yaratmışdır. Yetmiş bir il keçdikdən sonra Azərbaycan Demokratik Respublikasının zəngin dövlətçilik ən’ənələri müstəqil Azərbaycanın bugünkü idarəçilik və qanunvericilik fəaliyyətinin özülünə çevrildi. 1991-ci ildə sovetlər ittifaqının dağılması zəminində Azərbaycan özünün müstəqil dövlətçiliyini bərpa etdi, Azərbaycan Demokratik Respublikasından irsən qalmış ən’ənələri müasir şəraitdə əsas götürdü və daha da təkmilləşdirdi.
    ADR və müstəqil Azərbaycan milli inkişaf mərhələsinə qədəm qoyarkən bir sıra müxtəlif xarakterli çətinliklərlə üz-üzə gəldilər, sosial-siyasi və iqtisadi gərgikliklərin məngənəsinə düşdülər. Çox mürəkkəb və kriminagen vəziyyət ADR-i süquta yetirsə də müstəqil Azərbaycanı demokratik inkişaf yolundan sapdıra bilmədi. Bununla belə müstəqil Azərbaycanda obyektiv və subyektiv səbəblər üzündən səbatsız adamlar hakimiyyətə gəldilər, iqtisadi böhran təsərrüfat həyatımızın bütün sahələrini bürüdü, erməni təcavüzü genişləndi, müxtəlif təzyiqlər artdı, ərazimizin beşdə biri işğal edildi, bir milyon insan doğma vətənində qaçqına çevrildi. Səbatsız rəhbərlərin naşılığı üzündən 1992-ci ildə ABŞ konqresində azadlıq qanununa əlavə olaraq 907-ci maddə qəbul edildi, qanunsuz silahlı dəstələr yarandı, 1993-cü ilin iyun ayında dövlət çevrilişi hazırlandı, ölkəmizin şəhərləri bir-birinin ardınca işğal edildi, Azərbaycanın bölgələrə parçalanmaq təhlükəsi yarandı, hərbi qarşıdurma, vətəndaş müharibəsi vəziyyəti yaxınlaşdı. Bu təhlükəli vəziyyətdə dövlət orqanlarının başçıları bir-birinin ardınca iste’fa verib ölkəni başsız qoyub qaçdılar.
    Azərbaycanın minillik tarixində bu qədər gərgin vəziyyət, özbaşınalıq və təhlükəli qarşıdurma olmamışdı. Ermənilər və digər qüvvələr yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanı parçalamağa çalışır, onu millətçi geopolitik mənafelərə tabe etməyə sə’y göstərirdilər. Söhbət Azərbaycanın varlığından, gələcək taleyindən gedirdi. Onu dağılmaqdan qorumaq, məhv olmaqdan xilas etmək lazım idi. Vəziyyətdən yalnız böyük dövlətçilik təcrübəsinə malik olan, nadir şəxsiyyət Heydər Əliyev çıxara bilərdi. Xalq özünü xilas etmək üçün onu yenidən ölkəyə də’vət etdi və yekdilliklə prezident seçdi. Lakin keçən illər heç də asan olmamış, 1993-cü ilin iyun, 1994-cü ilin oktyabr və və 1995-ci ilin mart qiyamlarından keçmişdir.
    İndi Azərbaycanda sabit ictimai durum yaranmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmişdir. 1994-cü ilin may ayının 12-də atəşkəs haqda saziş bağlanmış, qan tökülməsinin qarşısı alınmış, ordu quruculuğu prosesi başlanmışdır. Azərbaycan beynəlxalq inteqrasiya prosesinə qoşulmuş, Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə edilməsi haqda konsorsium yaranmış, əsrin müqaviləsi bağlanmışdır. İqtisadi böhran dayandırılmış, sabitlik yaranmış, 1996-cı ildən başlayaraq tərəqqinin təməli yaradılmışdır, iqtisadi, torpaq islahatları, özəlləşdirmə siyasətinə başlanmış, inflyasiya 1600 faizdən sıfra endirilmiş, xarici sərmayə qoyuluşu gücləndirilmişdir. Bütün bunlar son beş ildə qazanılan tarixi nailiyyətlərdir.
    Təməli 1918-ci ilin may ayının 28-də qoyulmuş Azərbaycanın müstəqilliyi bu gün dönməzdir və əbədidir. Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində yaşayıb süqut etsə də onun yaratdığı sivil dövlətçilik ən’ənələri, prinsipləri və atributları yaşayır və daha da möhkəmlənir. Bu gün Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının ləyaqətli varisidir, onun davamçısıdır, ən’ənələrinə sadiqdir. Biz bu gün milli dövlətçiliyimizi qorumaq və daha da möhkəmləndirmək məqsədi ilə Azərbaycan Demokratik Respublikasının şanlı və acı dərslərindən ibrət götürür, onun təcrübəsindən istifadə edir, irsən qoyub getdiyi azadlıq və müstəqillik ideyalarını qoruyub yaşadırıq.
    Qəribədir, dövlətçilik tariximizdə yeni dövr açan Azərbaycan Demokratik Respublikasının birinci ildönümü 1919-cu ildə, ikinci ilönümü isə 70 ildən sonra, 1990-cı ildə qeyd edildi. Bu bağışlanılmaz “ləngimə” totalitar rejimin o zamankı Azərbaycanda yaratdığı antidemokratik siyasi mühitlə bağlı idi. Milli-əxlaqi sərvətimiz olan qədim və şanlı tariximizə biganə münasibət, ona qarşı unutqanlıq, yaddaşsızlığımız mövcud siyasi rejimlə əlaqədar olsa da müəyyən mə’nada ölçüsüz beynəlmiləlçilik və humanistlik hisslərinə aludəçiliyimizdən doğmuşdur. Məhz bu dövrdə ermənilər daşlara, məqbərələrə, alban kilsələrinə daşnak möhürü vurduğu, qondarma tarixini qədimləşdirdiyi, haykları dünyanın ilk sakini adlandırdığı halda biz proletar həmrə’yliyinə və beynəlmiliyinə aludəçiliyimizlə fəxr edirdik.
    Şükürlər olsun ki, nəhayət özümüzə qayıdış prosesi başlanmış, tarixi yaddaşımız bərpa edilmiş, xalqın milli hissləri möhkəmləndirilmiş, vətənə, torpağa, tarixə, millətə təəssübçilik duyğuları gücləndirilmişdir. Bu zəmin üzərində ADR-in dövlətçilik ən’ənələri bərpa edilir, onun təcrübəsi əsasında irəliyə doğru yeni ictimai-siyasi, demokratik addımlar atılır, xalqın milli azadlığına və mənafeinin qorunmasına tə’minat verən milli dövlətçiliyimiz yaranır və gündən-günə möhkəmlənir. Azərbaycan Respublikasında yeni demokratik idarəçilik və qanunvericilik sistemi, prezidentlik qurumu və digər tə’sisatlar yaranmış, milli dirçəliş yoluna əbədilik möhürü vurulmuşdur. Bu günkü müstəqil Azərbaycan özünün sələfinin dəyərli ən’ənələrindən yaradıcılıqla bəhrələnmiş, onun himnini, bayrağını və bütün milli dövlətçilik rəmzlərini qəbul etmiş, irsiliyə varislik əzmini nümayiş etdirmişdir.
    Bu ən’ənələr əsasında Azərbaycanın Milli Məclisi 30 avqust 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqda bəyannamə qəbul etdi. Bu bəyannamə dağılmaq ərəfəsində olan sovetlər ittifaqının tərkibində olarkən belə milli dövlətçiliyin yaradılması istiqamətində müəyyən imkanlar açdı. 1991-ci ilin oktyabr ayının 18-də Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı milli dövlətçiliyin yaradılması yolunda yaranmış ilk imkanları daha da genişləndirdi. Konstitusiya aktının tam reallaşması 1991-ci ilin dekabr ayında SSRİ-nin dağılmasından sonra yeni vüs’ət aldı. Həmin ilin noyabr ayının 29-da Ali Sovet Azərbaycanın dövlət bayrağı haqda qərar qəbul etdi. Bu qərara əsasən vaxtı ilə Azərbaycan Demokratik Respublikasının dövlət bayrağı olmuş üç rəngli (mavi, yaşıl, qırmızı) bayraq müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı e’lan edildi.
    1992-ci ilin may ayında vaxtı ilə Üzeyir Hacıbəyovun yazdığı ADR himni Azərbaycan Respublikasının himni, azərbaycan dili dövlət dili e’lan edildi. 1993-cü ilin yanvar ayında dövlət gerbi haqda qərar qəbul edildi. Həmin ilin iyun ayında siyasi partiyalar, dövlət polisi, avqust ayında dini azadlıq haqda, sentyabr ayında təhsil qanunu, dekabr ayında dövlət dili haqqında qanunlar qəbul edildi. Bütün bunlar müstəqil Azərbaycanın milli dövlət quruculuğu yolunda ilk addımlar idi.
    Lakin bu mühüm tədbirlər obyetiv və subyektiv səbəblər üzündən çətinliklə reallaşdırılırdı. Bir-birinin ardınca müxtəlif siyasi qüvvələrin hakimiyyətə gəlməsi dövlətçiliyin yaradılması prosesini çətinləşdirirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Azərbaycan dövlətçilik tarixində yeni mərhələ açdı. Onun başçılığı altında müstəqil Azərbaycan dövləti ADR-in yaranmasını və süqutunu şərtləndirən obyektiv və subyektiv səbəblər paketini tariximizin və taleyimizin dönüş nöqtəsi prizmasından təhlil etmiş, dövlətçiliyimizin fəaliyyətinin strateji inkişaf proqramını hazırlamışdır. Burada müt’i, emosional qəbul və düşünülməmiş inkar eyni dərəcədə zərərli idi. Bu mühüm məsələdə elmi təhlil və obyektivlik əsas götürüldü, nə sol nihilizmə, nə də sağ təəssübkeşliyə yol verilmədi.
    Artıq bir neçə ildir ki, Azərbaycan Demokratik Respublikasının ilk dəfə qaldırdığı üçrəngli bayraq xalqımızın azadlıq uğrunda mübarizəsinin başlıca rəmzi kimi yurdumuzu dolaşır. Tariximizin bizdən gizlədilmiş dövrü (1918—1920-ci illər) tədqiq edildikcə mə’lum olur ki, burada fəxr etməli ən’ənələr çoxdur. Haqsızlığa sinə gərən, az müddət ərzində çox iş görən millət oğullarının qəhrəman və müdrik əməlləri böyük iftixar hissi ilə yüksək qiymətləndirilir.
    Prezident Heydər Əliyev varislik prinsipinə böyük qiymət verərək demişdir ki, “əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub” .