AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§3 Azərbaycan Demokratik Respublikasının parlamenti

    28 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Demokratik Respublikasının yaradılması e’lan edildi və həmin gün Fətəli xan Xoyskinin başçılığı ilə ilk müvəqqəti hökumət yaradıldı. Lakin şərqdə demokratik respublika quran Azərbaycanda qanunverici orqan - parlament seçilməmişdi. Ona görə də Azərbycan Demokratik Respublikasının başlıca siyasi addımlarından biri parlamentin təşkili idi. O, yaranmış şəraitlə əlaqədar Ümumazərbaycan Müəssislər Məclisini çağırmağın mümkün olmadığını nəzərə alaraq Milli Şuranı dövlət qanunvericilik orqanına — Azərbaycan parlamentinə çevirməyi qərara aldı.
    1918-ci ilin noyabr ayının 20-də Milli Şura “Azərbaycan parlamentinin yaradılması barədə” qanun qəbul etdi və parlamentin tam demokratik əsaslarla təşkil edilməsi prinsiplərini müəyyən etdi. Qanuna əsasən parlament təşkil edilərkən insan hüquqlarının qorunmasına, milli problemlərin nəzərə alınmasına, bütün siyasi partiya və təşkilatların, millət və xalqların nümayəndələrinin təmsil edilməsinə şərait yaradılması nəzərdə tutulurdu. Qanuna görə islam dünyasında ilk dəfə qadınlar seçki hüququ qazandılar. İlk Azərbaycan parlamentində 120 nəfər xalq müvəkkilinin seçilməsi müəyyən edilmişdi. Parlamentdə 80 azərbaycanlı, 21 erməni, 10 rus, almanların, gürcülərin, yahudilərin və polyakların nümayəndələri təmsil olunmalı idi.
    Azərbaycan Demokratik Respublikasının ilk parlamenti 1918-ci ilin dekabr ayının 7-də işə başlamışdır. Parlamenti təbrik nitqi ilə Məmməd Əmin Rəsulzadə açdı və parlamentdə təmsil edilən partiyalara, 11 fraksiya və qruplara müraciətində onları firqə e’tiraslarından, şəxsi qərəzçilikdən əl çəkib vətən və millət mənafeini hər şeydən üstün tutmağa çağırdı. Hüquqşunas Əlimərdan bəy Topçubaşov parlamentin sədri, musavat partiyasının üzvü Həsən bəy Ağayev sədrin birinci müavini, F.Vəkilov müavin seçildi. Mehdi bəy Hacınskinin başçılığı ilə parlamentin üç nəfərdən ibarət katibliyi seçildi.
    Həmin gün Əlimərdan bəy Topçubaşov Türkiyədə səfərdə olduğundan o, bu vəzifəyə qiyabi seçildi, və parlamentə sədrliyi Həsən bəy Ağayev edirdi. Əlimərdan bəy Topçubaşov İstambuldan qayıtdıqdan sonra 1919-cu ilin yanvar ayında Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyyətinin başçısı tə’yin edildi və Parisə yola düşdü. Ə.Topçubaşov 1920-ci ilin yanvar ayında yenidən parlamantin sədri seçildi. Lakin o, çox təcrübəli və nüfuzlu şəxsiyyət kimi daima səfərlərdə, görüşlərdə iştirak etdiyindən parlamentə faktiki sədrlik funksiyasını Həsən bəy Ağayev yerinə yetirmişdir.
    Parlamentin ilk iclasında müvəqqəti hökumətin sədri Fətəli xan Xoyski keçən dövr ərzində hökumətin fəaliyyəti haqqında hesabat verdi və yeni qanunu hökumətin yaradılması məqsədi ilə hökumətin istefası haqqında bəyanət verdi. Parlament hökumətin istefasını qəbul etdi, yeni hökumətə rəhbərlik etməyi və onun tərkibini formalaşdırmağı yenə Fətəli xan Xoyskiyə tapşırdı. Həsən bəy Ağayevin sədrliyi ilə parlament dekabr ayının 26-da Fətəli xan Xoyskinin hökumət proqramı və hökumətin tərkibi haqqında mə’lumatını dinləyib hökumət proqramını bəyəndi və hökumətin tərkibinə etimad göstərdi.
    Parlamentin açılması ərəfəsində qrup mənafelərinin qarşı-qarşıya durması nəticəsində ziddiyyətli vəziyyət yaranmışdı. Qatı millətçi ermənilər və şovinist ruslar təfriqəçi mövqe tutmuş və parlamentin fəaliyyətini pozmaq qərarına gəlmişdilər. Mə’lumdur ki, parlament haqqında qanunla parlamendə ermənilər üçün 21 yer, ruslar üçün 10 yer, həmkarlar ittifaqı nümayəndələri üçün 3 yer ayrılmışdı. Lakin məkrli məqsədlər güdən ermənilər və ruslar parlamentin ilk iclasında iştirak etməkdən imtina etdilər.Bu məqsədlə Bakı rus Milli Şurası Azərbaycandakı rus əhalisi adından danışmaq üçün heç bir mə’nəvi hüququ olmadığı halda parlamentdə iştirak etməmək haqqında qərar qəbul etdi. Onlar sübut etməyə çalışırdılar ki, Azərbaycan öz müstəqilliyini e’lan etməklə “Vahid və bölünməz Rusiya” ideyasına xilaf çıxmışdır. Guya Rus Milli Şurasının parlament və hökumətdə iştirakı “Azərbaycanın Rusiyadan ayrılması” faktının tanınması demək olardı və bu da Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırardı.
    Rus Milli Şurasının qəbul etdiyi qərar Azərbaycan parlamentinin çağırılması və orada öz nümayəndələrinin iştirakını müdafiə edən rus əhalisinin fikrini əks etdirmirdi. Bakıda fəaliyyət göstərən “Rus-Slavyan Cəmiyyəti” Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadəyə müraciyyət edərək həmin cəmiyyətin nümayəndələrinin Azərbaycanda “ümumi dövlət quruculuğu işlərində iştirak etmək üçün” özlərinin parlamentə daxil olmalarına razılıq verməyi xahiş etmişdi. “Rus-Slavyan Cəmiyyəti” üçün Azərbaycan parlamentində 5 deputat yeri ayrılmışdı. Buna cavab olaraq 1918-ci il dekabrın 4-də Rus Milli Şurası göstərilən cəmiyyətlə bütün işguzar əlaqələrini kəsmək haqqında qərar qəbul etdi.Lakin Azərbaycanda yaşayan rus əhalisinin təzyiqi ilə Rus Milli Şurası 1919-cu il yanvar ayının 31-də parlamentin işində iştirak etmək haqqında qərar qəbul etməyə məcbur oldu.
    Rus Milli Şurasının bu şovinist siyasəti böyük dövlətçilik ideyaları və “Böyük Ermənistan “ xülyaları ilə yaşayan və tarixin onlara verdiyi əlverişli şəraitdən öz xeyirlərinə maksimum dərəcədə istifadə etməyə çalışan erməni milli komitələri tərəfindən müdafiə olunurdu. Onlar Azərbaycan parlamentinin açılışına öz nümayəndələrini göndərmir, Azərbaycanın müstəqilliyi ilə heç cür razılaşmaq istəmirdilər.
    Ermənilərin Azərbaycan parlamentində iştirak etməmək taktikası iki aydan çox davam etsə də nəhayət onlar parlamentdə iştirak etmək haqqında qərar qəbul etdilər. Onlar Azərbaycan parlamentində iki erməni və “daşnaksütyun” fraksiyalarını yaratdılar. Parlamentdə onların sonrakı fəaliyyətləri göstərdi ki, ermənilərin Azərbaycan parlamentində iştirak etmələrinin başlıca səbəbi özlərinin şovinist separatçı “Böyük Ermənistan” ideyalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu.
    Azərbaycan parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cumhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur, əhalinin milli, sosyal-siyasi xüsusiyyətlərini nəzərə almışdı. Parlamentin milli və partiya tərkibi onun demokratik prinsiplər əsasında yaradıldığını ifadə edirdi. Belə ki, 120 deputatdan ibarət olan parlament milli tərkibinə görə çoxmillətli idi. Burada 80 yer azərbaycanlılara, 21yer ermənilərə, 10 yer ruslara verilməli idi. Alman, yahudi, gürcü və polyak nümayəndələrinin hər biri üçün bir yer, həmkarlar ittifaqı şurası və neft sənayeçiləri ittifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Parlamentin təşkili haqqında qəbul edilmiş qanunda parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulsa da, müxtəlif səbəblərdən heç vaxt parlamentdə bu sayda deputat olmamışdı.
    1919-cu ilin axırına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Ən güclü fraksiya musavatçılar fraksiyası idi. 1920-ci ilin əvvəllərində parlament sədrinin birinci müavinliyinə Məmməd Yusif Cəfərov, müavinliyə isə Soltan Məcid Qənizadə seçilmişdilər. Parlamentin baş katibi Bağır Rzayev, katibləri isə Mehdibəy Hacınski və Bayram Niyazi Kiçikxanov olmuşdular.
    Öz fəaliyyətinin ilk mərhələsində Azərbaycan parlamentində müxtəlif siyasi partiyalar və qruplar təmsil edilirdilər. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Musavat” və bitərəflər fraksiyası—39 nəfər, “İttihad”— 13 nəfər, “Əhrar” —6 nəfər, sosialistlər bloku— 13 nəfər, partiyasızlar—4 nəfər, müstəqillər—3 nəfər, erməni fraksiyası—5 nəfər, “Daşnaksütyun” fraksiyası — 6 nəfər, azlıqda qalan millətlər fraksiyası—4 nəfər.
    1919-cu ildə Azərbaycan parlamentində 96 deputatı birləşdirən 11 fraksiya fəaliyyət göstərildi. Soy və nüfuz etibarı ilə ən böyük fraksiya Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Musavat fraksiyası idi. Bu fraksiyada 23 nəfər palament üzvü birləşmişdi. 16 nəfər üzvü olan bitərəflər fraksiyası müsavatçılarla birlikdə fəaliyyət göstərirdi. Müsavat fraksiyasının proqramı Azərbaycan Demokratik Respublikasının hökumətinin siyasətinin əsasını təşkil edirdi.
    Bitərəf demokratlar fraksiyasında Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Behbudağa Cavanşir, Cəmil Lənbəranski və digər 16 nəfər görkəmli ictimai xadimlər cəmləşmişdi. Bu fraksiyanın mövqei musavatçıların platformasına çox yaxın idi. Lakin Müsavat fraksiyası ilə birləşmək istəməyən üç nəfər bitərəf, dörd nəfərin partiyasızlarla birləşib yeddi nəfərlik yeni müstəqil fraksiya yaratdılar.
    Müsavat fraksiyanın rəqibi Q.Qarabəylinin başçılıq etdiyi on bir nəfərlik ittihad partiyasının fraksiyası, parlamentdə xüsusi mövqe tuturdu. Bu fraksiya islam sosializmi prinsiplərinə və torpaqların kəndlilərə paylanmasına üstünlük verirdi.
    S.Ağamalı oğlunun başçılığı ilə hər birinin beş üzvü olan müsəlman sosialistlər ittifaqı və hümmətçilər bir fraksiyada birləşmişdilər. Onlar parlamentin çağırılmasını, Qərbi Avropaya nümayəndə heyətinin göndərilməsini, qadın azadlığı, 8 saatlıq iş günü məsələsinin həll edilməsini tələb edirdilər.
    Parlamentdə 9 nəfərlik əhrar partiyasının, 4 nəfərlik milli azlıqların, 4 nəfərlik ermənilərin, 4 nəfərlik daşnakların fraksiyaları fəaliyyət göstərirdi.
    Azərbaycan parlamentinin ilk iclaslarında onun işində iştirak edən partiya fraksiyaları və qrupları öz fəaliyyət proqrammları haqqında bəyanətlər verdilər. Bu bəyanətlərdə ümumi bir məqsəd diqqəti cəlb edirdi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, azərbaycan xalqının və hökumətinin digər xalqlar və hökumətlərlə, xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.
    Azərbaycan Äåìîêðàòèê Cümhuriyyəti Parlamentində fəaliyyət göstərən partiya fraksiyaları və qrupları, onun iclaslarında bilavasitə öz partiya və qruplarının mənafeyi və ideologiyası istiqamətindən çıxış edirdilər. Onların arasında ən iri və aparıcı partiya Azərbaycan xalqının milli mənafelərinin daşıyıcısı və parlamentdə əksəriyyət çoxluğu təşkil edən “Musavat” partiyası idi.
    Bu partiya fraksiyası demokratik bitərəflər qrupu ilə parlamentin və hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edirdi. “Musavat” partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq respublikanın ümumi mənafeyini nəzərə alaraq həmişə çalışırdı ki, digər partiya fraksiyaları və qrupları ilə təmas və koalisiyada işləsin.
    Parlamentdə “Musavat”dan sonra çoxluğu “İttihad” fraksiyası təşkil edirdi. Özünü Azərbaycanda İttihadi-islam tərəfdarı hesab edən bu fraksiya 1919-cu ilin dekabrına qədər daimi hakim milli demokratik cərayana qarşı müxalifətdə olmuş və hökumətin təşkilində iştirak etməmişdir. Parlamentdə hökumətin fəaliyyətini daim tənqid edən fraksiyalardan biri də “İttihad” idi.
    Azərbaycan parlamentində son dərəcə solçuluq istiqamətində fəaliyyət göstərən fraksiyalardan biri də bütün sosial- demokratik oriyentasiyalı nümayəndələri özündə birləşdirən sosialistlər bloku idi. Buraya hümmətçilər, menşeviklər və eserlər daxil idi. Parlament iclaslarının stenoqrafik hesabatlarından göründüyü kimi, özlərini zəhmətkeşlərin, ilk növbədə isə fəhlə sinfi və yoxsul kəndlilərin mənafelərinin müdafiəçisi e’lan edən sosialistlər fraksiyası parlament tribunasından və hökumətdə iştiraklarından maksimum dərəcədə öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdı.
    Bu müddət ərzində onlar həmişə Sovet Rusiyasının xeyrinə işləmiş və Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsi, yalnız Qızıl Ordunun Azərbaycana həqiqi azadlıq gətirə biləcəyini, iqtisadi və sosial sahədə islahatların yalnız sosializim quruluşu şəraitində mümkün olacağını təbliğ etmişdilər. Parlamentdə iştirakları müddətində onlar yalnız 1919-cu ilin yayında Azərbaycanın Denikin könüllü orduları tərəfindən işğal ediləcəyi təhlükəsi yarandıqda “Musavat” və digər milli partiyalarla birlikdə çıxış etməyə məcbur olmuşdular .
    Parlamentdə Əhrar partiyasının fraksiyası əsasən kəndlilərin mənafelərinin müdafiəçisi kimi çıxış etmiş, digər partiyalara nisbətən daha çox “Musavat”a yaxın olmuşdu.
    Yuxarıda deyildiyi kimi, parlamentdə ermənilər iki fraksiya,—erməni və “daşnaksütyun” fraksiyaları adı altında fəaliyyət göstərsələr də, əslində onlar həmişə eyni mövqedən-Azərbaycan parlamentində Ermənistan Ararat Respublikasına və ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq mövqeyindən çıxış edirdilər.
    Parlamentin ilk iclaslarında əsas siyasi partiyaların fraksiyaları və qrupları öz bəyanatlarında gələcək fəaliyyət proqramlarını, habelə parlament və hökumətə öz münasibətlərini bildirirlər.
    Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi.O göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmiş, Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində yeganə parlamentli respublika olmuşdu.
    17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi - 28 may və 15 sentyabr 1919-cu il - Azərbaycanın istiqlalının və Bakının azad edilməsinin birinci ildönümü münasibəti ilə; dördü təntənəli 12 mart 1919 və 12 mart 1920-ci illər - böyük rus inqilabının 2-ci və 3-cü il dönümləri; 27 iyun 1919-cu il -Azərbaycanla-Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris Sülh Konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilmişdir. İkisi isə fövqal’adə 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə e’lan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibəti ilə keçirilmiş iclaslarıdır.
    Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyatı və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunmuşdur. Parlamentdə müzakirə olunan qanunlar bir qayda olaraq yalnız üçüncü oxunuşundan sonra qəbul olunurdu.
    Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsi ilə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan “Azərbaycan parlamentinin tə’limatı” ilə tənzimlənirdi.
    Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Bunlar aşağıdakılar idi: maliyyə-büdcə, qanunvericilik təklifləri, müəssisələr məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar idi.
    Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət yaratmaq üçün hakimiyyətin qanunverici, icraedici və məhkəmə orqanlarına bölünməsi prinsipini əsas götürürdü. Azərbaycan Cümhuriyyəti Parlamenti öz varlığı zamanı bütün fəaliyyətini daha çox ölkənin sosiyal-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmamazlığını təmin etməyə, vətandaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün lazımi şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdir.
    Azərbaycan Parlamentinin qəbul etdiyi qanun və qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Lakin onların arasında elə qanunlar vardı ki, onlar ölkə üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünkü onlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin strateji istiqamətlərini müəyyən edirdi.
    Bunlardan vətandaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın tə’sisi, Bakı Dövlət Universitetinin yaradılması, kömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və sair qanunları göstərmək olar. Parlamentin öz fəaliyyəti zamanı ən çox diqqət yetirdiyi mühüm məsələlərdən biri də Azərbaycanda ordu quruculuğu olmuşdu. Parlament üzvləri başa düşürdülər ki, ölkənin siyasi və ərazi müstəqilliyini qoruyub saxlamaq üçün güclü ordu lazımdır. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ordu quruculuğuna aid qanunlar mübahisəsiz və ümumi razılıq əsasında müzakirə edilir və qəbul olunurdu.
    Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə yanaşı, Azərbaycan Parlamentinin fəaliyyətində xalq maarifinin inkişafı məsələlərinə mühüm yer verilirdi. Tədris, teatr və tamaşa müəssisələrinin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması, orada dərs deyən müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələsi daim Azərbaycan XalqCümhuriyyəti Parlamentinin diqqət mərkəzində olmuşdur.
    Xüsusilə Bakı Dövlət Universitetinin açılıb-açılmaması məsələsi demək olar ki, bir neçə ay müddətində Azərbaycan Parlamentinin iclaslarında qızğın müzakirəyə səbəb olmuş və dəfələrlə bu haqda böyük mübahisələr getmişdi. Buna səbəb Universitetdə dərs demək üçün ixtisaslı və hazırlıqlı milli kadrların olmaması üzündən universitetin rus dilində açılmasının nəzərdə tutulması idi.
    Bu işə xüsusilə “İttihad”, “Əhrar” partiyalarından olan nümayəndələr ciddi müqavimət göstərirdilər. Onlar Universitetin rus dilində açılmasını Azərbaycanda ruslaşdırma siyasətinin davam etdirilməsi kimi başa düşürdülər. “Musavat” və sosialistlər fraksiyalarından olan deputatlar isə universitetin rus dilində açılmasının heç bir təhlükə törədmədiyini qeyd edərək göstərdilər ki, universitetə daha çox azərbaycanlı tələbələr cəlb olunmalı, onlar tərbiyə edilib milli kadrlar yetişdirildikdən sonra tədricən universitetdə tədrisin azərbaycanlaşdırılması prosesinə keçilməlidir. Qızğın müzakirələrdən sonra parlament 1919-cu il sentyabr ayının 2də Bakı Dövlət Universitetinin tə’sisi haqqında qanun qəbul etdi. Bu gün Azərbaycanda ali təhsil müəssisələrinin yaradılmasının və ali təhsilli kadrların yetişdirilməsinin beşiyi olan Bakı Dövlət Universitetinin açılmasını təkid edənlərin xidməti diqqətə layiqdir.
    Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi üçün xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində də Azərbaycan Cümhuriyyəti Parlamenti və hökuməti mühüm işlər görmüşdür. Azərbaycan hökuməti tərəfindən yüz nəfər azərbaycanlı gəncin xarici ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərilməsi haqqında hazırlanmış qanun layihəsi parlamentdə geniş müzakirə edilərək qəbul olundu. Xaricə göndəriləcək tələbələri seçmək üçün parlament üzvləri—Məmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi komissiya yaradıldı. Abituriyentlər arasında seçilmiş yüz nəfər daha çox ümüdverici gəncdən 45 nəfəri Fransanın, 23 nəfəri İtaliyanın,10 nəfəri İngiltərənin , 9 nəfri isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərildi. Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc Rusiyada vətəndaş müharibəsinin davam etməsi ilə əlaqədar olaraq oraya gedə bilmədi.
    Azərbaycan parlamenti və hökuməti qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaqdan ibarət idi. Bunun üçün hələ 1918-ci ilin yayında M.Ə. Rəsulzadənin rəhbərliyi ilə İstanbula nümayəndə hey’əti göndərilmiş, sentyabrında isə M.Ə.Topçubaşov da onlara qoşulmuşdur. Bu nümayəndələrin məqsədi İstambulda olan xarici ölkələrin diplomatik nümayəndəliklərinin vasitəsilə həmin ölkələrlə əlaqələr yaratmaq və onların ölkələri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq idi.
    1918-ci ilin payızında Almaniyanın və onun mütəffiqlərinin birinci dünya müharibəsində məğlub olması vəziyyəti çətinləşdirirdi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə İngiltərə arasında bağlanan Müdros sazişinə görə türklər Zaqafqaziyanı, o cümlədən Azərbaycanı boşaldırlar. Onların yerini general Tomson başda olmaqla ingilis ordusu tutur.
    Azərbaycan hökumətinin və 1918-ci il dekabrın 7-də işə başlayan Azərbaycan Parlamentinin ümdə vəzifəsi Paris Sülh Konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq idi. Bu müqsədlə 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti Parlamentin Ağsaqqallar Şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cumhuriyyəti parlamentinin sədri, cumhuriyyətin beynəlxalq aləmdə tanınmış dövət xadimi Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə hey’əti göndərir. Böyük təxribatlar və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə hey’əti 1920-ci il yanvar ayının 12-də sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.
    1920-ci il aprelin 22-də öz süqutundan beş gün əvvəl Azərbaycan Cumhuriyyəti Parlamenti Paris Sülh Konfransında öz missiyasını yerinə yetirmiş Azərbaycan nümayəndə hey’ətini buraxmaq və Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi.
    Bu müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniyada və Azərbaycan hökumətinin bütün ciddi sə’ylərinə baxmayaraq onu de-fakto tanımayan Sovet Rusiyasında da belə nümayəndəliklərin açılmasını tə’kid edir və onların da qanuna daxil edilməsini tələb edirdilər. Lakin XI Qızıl Ordu tərəfindən Azərbaycanın işğalı bütün bu işləri yarımçıq qoydu.
    Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və hökumətinin fəaliyyətinin daim diqqət mərkəzində dayanan mürəkkəb məsələlərdən biri də Zaqafqaziyada yeni yaranmış üç respublika— Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhəd məsələlərinin həlli idi. Bu məsələlər dəfələrlə müxtəlif komissiyalarda, Ümumzaqafqaziya iclas və konfranslarında müzakirə olunmuş və həmişə də sərhəd məsələlərinə münasibətdə bu respublikaların fikirləri bir-birinə əks idi. Özlərinin şovinist “Böyük Ermənistan” yaratmaq xülyasından çıxış edən Ararat Respublikası öz qonşularına, xüsusilə Azərbaycana qarşı böyük ərazi iddiaları irəli sürürdü.
    Azərbaycan Xalq Cümhuriyyəti ərazi məsələlərinə münasibətdə reallıqlardan çıxış etmək tərəfdarı idi. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin mə’lumatlarına görə 1919-cu ilin axırlarında Azərbaycan Cumhuriyyətinin ərazisi 113,9 min kv. kilometr idi ki, ondan 16,6 min kv. kilometri mübahisəli idi. Ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında gedən danışıqlar nəticəsində ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistanla yaxın məxrəcə gəlmək müşgül işə çevrilmişdi. Azərbaycan Cümhuriyyəti hökuməti Gürcüstanla 1919-cu ilin yayında Denikinə qarşı birlikdə mübarizə, 1920-ci ilin martında isə iqtisadi və siyasi əlaqələr haqqında müqavilələr imzalamış və onlar parlamentdə təsdiq edilmişdilər.
    İranla münasibətlərdə cumhuriyyət ziddiyyətli vəziyyətlə qarşılaşmışdı. Azərbaycan öz müstəqilliyini e’lan edərkən İran onun müstəqilliyini tanımaqdan imtina etdi. Lakin Azərbaycan Cumhuriyyəti hökumətinin İranla münasibətlərə dair apardığı ardıcıl məqsədyönlü siyasət sayəsində artıq 1919-cu ilin dekabr ayında Ağa Seyid Ziyəddin Təbətəbainin başçılığı ilə Azərbaycana gələn İran nümayəndə hey’əti ilə Adil xan Ziyadxanov başda olmaqla Azərbaycan nümayəndə hey’əti arasında aparılan uzunmüddətli ikitərəfli danışıqlar uğurla nəticələndi. 1920-ci il martın 20-də İranın Azərbaycanın de-yure tanınmasını təsdiq edən dostluq haqqında saziş və habelə konsulluq haqqında, ticarət, poçt-teleqraf əlaqələri, məhkəmə əlaqələri, məhkəmə qərarlarının icrası və sair haqqında bir sıra ikitərəfli müqavilələr imzalanmış və parlament tərəfindən həmin saziş və müqavilələr 1920-ci ilin aprelin ayının 15-də təsdiq edilmişdi.
    Böyük işlər görmüş Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti öz fəaliyyəti dövründə günün bir sıra vacib məsələlərini həll edə bilməmiş və ya onların müzakirəsini ləngitmişdi. Bu vəziyyət parlament və hökumətə qarşı narazılıqların yaranmasına səbəb olmuşdu. Müxalifətdə olan qüvvələr, ilk növbədə isə parlamentin sosialistlər bloku Azərbaycan parlament və hökumətinə qarşı bu məsələlərdən məharətlə istifadə edərək xalq arasında ona qarşı geniş təbliğat aparır, narazılıqlar yaradır, hətta hökumətə qarşı tə’tillər təşkil etməyə müvəffəq olurdular.
    Torpaq islahatı və sənaye fəhlələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün islahatların həyata keçirilməsi vacib məsələlər idi. Hələ Zaqafqaziya Seyminin torpaq islahatları haqqında qəbul etdiyi qanun Azərbaycan mülkədarlarının açıq narazılığına səbəb olmuşdu. Bu təhlükəni aradan qaldırmaq məqsədi ilə F.X.Xoyski Azərbaycanda torpaq islahatı haqqında Zaqafqaziya Seyminin qəbul etdiyi qanunun icrasını dayandırmaq barədə 1918-ci il iyun ayının 22-də qərar imzaladı. Həmin qərarda göstərilirdi ki, Azərbaycanda Müəssislər Məclisi çağrılana qədər həmin qanunun ölkədə icrası dayandırılır, tutulmuş istər xüsusi istərsə də xəzinə torpaqları geri qaytarılır. Qərarda əkinçilik nazirinə tapşırılırdı ki, yeni çağrılacaq Müəssislər Məclisinə təqdim etmək üçün torpaq məsələsinin həllinə zid lazımi materiallar toplasın, qısa müddətdə yeni yaradılmış torpaq komitələrinin ləğvi və ya yenidən qurulmasına və torpaqların satınalma qiymətləri haqqında təklifləri hazırlayaraq Nazirlər Şurasına təqdim etsin.
    1919-cu ilin yayından torpaq islahatı məsələsinin müzakirəsi Azərbaycan Parlamentinin iclaslarının gündəliyinə daxil edilsə də bütün fəaliyyəti müddətində parlament həmin məsələni müzakirə etməmişdir.
    Torpaq islahatı məsələsinin həllinin çətinliyini bilən sosialist fraksiyasının üzvləri Səmədağa Ağamalıoğlu, Əliheydər Qarayev, İbrahim Əbilov, Əhməd bəy Pepinov və başqaları bu məsələ ilə bağlı parlament tribunasından hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Hər dəfə parlament iclasının gündəliyi müzakirə olunarkən onlar bu məsələni qaldırır, ilk növbədə daha vacib olan torpaq məsələsinin müzakirəsini keçirməyi təklif edirdilər. Onların bu təklifləri uzun müddət müzakirə olunur, sonra isə səsə qoyularaq rədd edilirdi. O da maraqlıdır ki, torpaq islahatı məsələsi parlamentin gündəliyindəki məsələlər sırasında həmişə təxirə salınırdı.
    Musavat partiyası və partiyasızlar fraksiyası tərəfindən torpaq islahatı haqqında 29 maddədən ibarət qanun layihəsi ümumxalq müzakirəsi üçün 1920-ci il fevral ayının 21-də “Azərbaycan” qəzetində dərc olundu . Həmin qanun layihəsinə görə torpaq üzərində xüsusi mülkiyyət hüququ saxlanmaqla torpaqların onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq torpaqsız kəndlilərə paylanmalı idi. Digər tərəfdən isə kəndlilərə həmin torpaqları almaq üçün dövlət tərəfindən güzəştli şərtlərlə kreditlər verilməsi nəzərdə tutulurdu. Lakin XI-ci ordunun gəlişi ilə bu qanun layihəsi parlament iclaslarında müzakirə edilməmiş qaldı.
    Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabr ayının 17-də Bakıya köçür və 14 gündən sonra oktyabrın 1-də Bakı Xalq Komissarları Sovetinin neft sənayesinin milliləşdirilməsi haqqındakı bütün dekretlərini ləğv edir, bütün neft sənayesi müəssisələri və onların hazır məhsulları keçmiş sahiblərinə qaytarılır.
    Sənaye müəssisələri üzərində mülkiyyət hüququnun bərpası hökumətə və parlamentə bu sahədə bəzi dəyişikliklər etməyə imkan vermədi. Dəfələrlə sosialistlər fraksiyası parlamentdə bununla əlaqədar məsələlər qaldırır, onların həll olunmamasından istifadə edərək fəhlələr arasında təbliğat aparır, fəhlə tə’tilləri təşkil edirdilər. Sovet Rusiyasında torpağın, sənaye müəssisələrinin milliləşdirildiyi, onların fəhlə və kəndlilərə verildiyi haqqında sosialistlər fraksiyası açıq-açığına təbliğatla Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə və parlamentinə qarşı pozuculuq siyasəti yeridir, Azərbaycanın nicatının yalnız sovet Rusiyası ilə birləşməkdə olduğunu açıq və gizli şəkildə təbliğ edirdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamentinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir.
    1920-ci ilin əvvəlində daxili nizamnaməyə əsasən parlamentin rəyasət heyətinin tərkibi dəyişdirildi. Bir illik səlahiyyət müddəti başa çatdırdığı üçün parlament sədrinin birinci müavini Həsən bəy Ağayev istefa verdi. Məmməd Yusif Cəfərov parlament sədrinin birinci müavini, Sultan MəcidQənizadə sədr müavini, Bağır bəy Rzayev parlamentin baş katibi, Mehdi bəy Hacınski və Bayram Niyazi Kiçikxanlı katib seçildilər.
    Aprel ayının 27-də Azərbaycan Demokratik Respublikasının parlamentinin son — fövqəl’adə sessiyası keçirildi. Sessiyada yaranmış real vəziyyət müzakirə edilir, yollar axtarılırdı. Gecə saat 12-də parlament son yığıncağına toplaşdı. Hərbi nazir Səmədbəy Mehmandarov vəziyyət haqda ətraflı mə’lumat verdi, çıxış yollarının tapılması məsələsinin müzakirəsi başlandı. Elə bu vaxt Həmid Sultanov silahlı dəstənin iştirakı ilə salona daxil olub parlamentə hakimiyyətin bolşeviklərə verilməsi haqda ultimatum verdi. İclasa sədrlik edən Həsən bəy Ağayev ultimatumu oxudu: “Azərbaycan parlamenti və hökumətinə. Azərbaycan kommunist partiyası mərkəzi komitəsi adından Azərbaycan proletariatı və zəhmətkeş kəndlilərinin iradəsini ifadə edərək mərkəzi komitə qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimatum şəklində qarşınızda qoymağı özünə borc bilir”.
    Xəzər Donanmasının komandanı Çingiz İldırım əlavə bir ultimatum verdi: “Azərbaycan sosialist Şura Cümhuriyyətinin Qızıl Donanması hakimiyyəti dərhal fəhlə-kəndli şura hökumətinə vermənizi qətiyyətlə tələb edir. Cavab, ultimatum alınandan sonra, iki saat ərzində verilməlidir. Əks təqdirdə, atəş açılacaqdır”.
    Bu vaxt rus-bolşevik ordusu artıq Biləcəridə dayanıb komanda gözləyirdi. Xəzər hərbi dəniz donanmasının topları parlamentin binasına yönəldilmişdi. Ultimatuma cavab vermək üçün Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə xüsusi komissiya yaradıldı. Vaxt az idi, iki saat ərzində ultimatuma cavab vermək lazım idi. Bolşeviklər Behbud bəy Cavanşirin mənzilində oturub parlamentin qərarını gözləyirdilər. Əslində Bakının taleyi mart ayının 17-də həll edilmişdi, danışıqlar formal diplomatik xarakter daşıyırdı. Bakı neftini əldə etmək istəyən V.İ. Lenin Qafqaz cəbhəsi hərbi inqilab şurasının sədri Q.K. Orconikidzeyə teleqramm göndərib tələb edirdi ki, “Bakını almaq bizə olduqca və olduqca zəruridir”. Q.K. Orconikidze Lenindən aldığı tapşırığı yerinə yetirmək üçün Qafqaz cəbhəsi komandanı M.N. Tuxaçevski, hərbi inqilab şurasının üzvü S.M. Kirov, Q.A. Menaşkin, ordu komandanı M.K. Levandovski ilə birlikdə Bakının zəbt edilməsi planını işləyib hazırladı.
    Aprel ayının 21-də Q.K. Orconikidze və M.N. Tuxaçevski XI orduya ciddi sərəncam verdilər: “Sür’ətli hücumla Bakı quberniyasının ərazisi tutulsun”. Bir azdan sonra Qafqaz cəbhəsi komandanlığından daha sərt teleqram gəldi: “XI Qızıl ordunun əsas vəzifəsi təkcə Bakı quberniyasını deyil, bütün Azərbaycan ərazisini almaq hesab edilsin”.
    Aprel ayının 25-də hərbi inqilab şurası dəmir yolları mühafizə dəstəsinin rəisi M.Q. Efimova əmr verdi ki, “bütün zirehli qatarları vahid komandanlıq altında birləşdirməli, aprelin 27-də cəsarətli və qət’i zərbə ilə Bakıya daxil olmalı”.
    Birləşmiş komandanlıq çox güclü idi. XI ordunun sərəncamında 72 min əsgər və zabit, 3 atıcı diviziya, Taman atıcı briqadası, 2 suvari korpus, 1 suvari diviziya, 11 zirehli qatar, 1 aviasiya eskadrilyası var idi. hərbi inqilabi şuraya yerli bolşeviklərdən Həbib Cəbiyev, Qəzənfər Musabəyov və başqaları da dəstək verirdilər.
    XI ordu Azərbaycanın sərhədlərinə yaxınlaşır, qarşısına çıxan hər şeyi əzir, darmadağın edirdi. Yalama stansiyasında yerli əsgərlər XI ordunu atəşlə qarşılasa da silahlı qüvvələr Bakıya yaxınlaşırdı. Çingiz İldırımın başçılıq etdiyi Xəzər dəniz donanmasının iri çaplı topları döyüşə hazır vəziyyətdə idi.
    Gecə saat 12-də komissiyanın yekun iclasında M.Ə. Rəsulzadə vəziyyəti təhlil etdi və ultimatumu rədd etdiyini bildirdi. Lakin hadisələrin gedişinə real baxan, vəziyyətin çıxılmaz olduğunu görən komissiya üzvləri M.Ə. Rəsulzadə istisna olaraq hakimiyyəti bolşeviklərə vermək qərarına gəldilər. Gecə saat birə işləmiş paralament müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi haqda qərar qəbul etdi. Şərtlər bunlar idi.
    — Rus ordusu Bakıya girmədən dəmir yolu ilə Anadolunun imdadına gedəcək.
    — Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və məhdudiyyətdən qorunacaq.
    — Azərbaycan ordusu olduğu kimi qalıb buraxılmayacaq.
    — Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək.
    — Sabiq dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərindən heç kəs siyasi cinayətdə ittiham edilməyəcək.
    — Azad şəraitdə toplanacq Azərbaycan şuraları öz hökumətinin idarəsini tə’yin edəcək.
    Bu şərtləri irəli sürdükdən sonra aprel ayının 27-dən 28-nə keçən gecə parlament və hökumət buraxıldı, binanın üzərindən üçrəngli bayraq endirildi, həmin gecə səhər saat 4-də Qızıl Ordu Bakı şəhərinə daxil oldu.
    Azərbaycan xalqı dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra müstəqil düşünmək imkanı əldə etdi və anladı ki, Qızıl Ordu xilaskar deyil, əsl işğalçı idi. Beləliklə, uzun illər guya Azərbaycan xalqının rus ordusunu xilaskar kimi də’vət etməsi barədə beynimizə yeridilən uydurmalar alt-üst oldu.
    Azərbaycan Demokratik Respublikasının yaranması tariximizin ən mühüm mərhələsi idisə, onun süqutu Azərbaycan xalqının qədim dövlətçilik yolunda ən kədərli nəticəsidir. Azərbaycan Demokratik Respublikasının süqutu ağır nəticələrlə sona çatmış, onun uğurları təhriflərə mə’ruz qalmış, rəhbərləri və fəalları həbs edilmiş, repressiyanın qurbanı olmuşlar. Yaxın tariximizin ağrı-acısını və faciələrini yaşayan azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikasının ən’ənələrini, onun rəhbərlərini böyük rəğbətlə xatırlayır, onların yaratdıqları dövlətçilik ən’ənələrini qoruyur və daha da zənginləşdirir.
    Prezident Heydər Əliyev Azərbaycan respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə demişdir ki, “Azərbaycan dövlət müstəqilliyini heç də quru yerdə almayıbdır. B u o deməkdir ki, Azərbaycan mütərəqqi dövlətçilik sahəsində, respublika tipli idarəçilik hakimiyyəti yaratmaq istiqamətində zəngin təcrübə və ənənə yaratmışdır. Azərbaycan Demokratik Respublikasının zəngin dövlətçilik irsini yüksək qiymətləndirən Heydər Əliyev qeyd etmişdir ki, Azərbaycanın mütəfəkkir insanları “Şərq aləmində ilk dəfə Azərbaycanda müstəqil xalq cümhuriyyəti yaratdılar, hesab edirəm ki, bu bütün Şərq aləmində ən böyük qiymətə layiq olan tarixi hadisədir .