AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

İKINCİ BÖLMƏ

ADR-İN DÖVLƏT QURUCULUĞU SISTEMI

§1. Azərbaycan Demokratik Respublikasının ilk ali hakimiyyət qurumu

    Azərbaycan Demokratik Respublikası Azərbaycanın dövlətçilik tarixində zəngin ən’ənələr yaratmış və qiymətli irs qoymuşdur. Bununla belə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikası haqqında tarixi həqiqətlər açıqlansa da, onun fəaliyyəti barədə çox yazılsa da ilk Demokratik Cümhuriyyətimizin yaradıcısı olan Milli Şuranın statusu, fəaliyyət mexanizmi və səlahiyyətləri çox az tədqiq edilib, tam araşdırılmayıb. Onun yaradılmasının qanunvericilik əsası, səlahiyyət və fəaliyyət mexanizmi haqqında mə’lumatımız çox səthidir. Hələ də dəqiq aydınlaşdırılmayıb ki, dövlətçilik baxımından Milli Şura hansı xarakterli qurumdur? Onu müasir dövlətçilik baxımından hansı idarəçilik və qanunvericilik qurumu ilə müqaisə etmək olar?
    Daha vacib məsələ Azərbaycan Demokratik Respublikasının banisi Məmmədəmin Rəsulzadənin dövlətçilik sistemində tutduğu rəsmi mövqeyin və səlahiyyət dairəsinin aydınlaşdırılmasıdır. Hər iki məsələnin elmi tədqiqi böyük aktuallıq kəsb edir və onların şərhi kitabın yeniliklərindən biridir.
    Milli Şura müstəqilliyimizin e’lan edilməsi ərəfəsində yaranmış ilk qanunverici və icraedici dövlətçilik qurumu idi. O ADR-in yaradılmasını, istiqlal bəyannaməsini e’lan etmiş, müvəqqəti hökuməti yaratmış, ölkənin idarə edilməsinin demokratik prinsiplərini müəyyənləşdirmişdir. Milli Şura bütün Azərbaycan ərazisində ali qanunverici və icraedici hakimiyyət funksiyasını yerinə yetirirdi. Tam cümhuriyyət hakimiyyəti ona məxsus idi, müvəqqəti hökumət onun qarşısında məsuliyyət daşıyırdı. Onu müasir mə’nada keçid dövründə milli birlik, həmrəylik yaratmaq məqsədi ilə müxtəlif mövqeli siyasi partiyaların və nümayəndələrini əhatə edən dövlət şurası, müvəqqəti hökumət və başqa qurumlar ilə müqayisə etmək olar. Belə dövlət qurumunda prezident institutu istisna edilir, ölkə demokratik prinsiplər əsasında kollegial idarə edilir. Milli Şuranın sədri tutduğu vəzifəsinin adından asılı olmayaraq ölkənin başçısı hesab edilir. Ekstremal vəziyyətdə bu xarakterli dövlət qurumunun yaradılması dünya dövlətçilik təcrübəsində qəbul edilmiş xüsusi qurumdur.
    Daxili çəkişmələr nəticəsində 1918-ci ilin may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirildi, 1918-ci ilin may ayının 26-da müstəqil Zaqafqaziya Federativ Respublikası ləğv edildi və Gürcüstan istiqlaliyyətini e’lan etdi . May ayının 27-də müsəlman partiyalarının nümayəndələri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün keçmiş Qafqaz canişinin sarayına toplaşdılar. İclas Zaqafqaziya Mərkəzi müsəlman Şurasının üzvü Nəsibbəy Yusifbəylinin çıxışı ilə başlandı, o, Batumda türk hökumət nümayəndələri ilə görüşü haqqında məlumat verdi.
    Zaqafqaziyada cərəyan edən çox gərgin və ziddiyyətli ictimai-siyasi proseslər zəminində 1918- ci ilin may ayının 27- də Tiflis şəhərində Azərbaycan Demokratik Respublikasının Milli Şurası yaradıldı. Sonra Azərbaycan Milli Şurasının rəyasət hey’ətinin seçilməsi müzakirə edildi, və o aşağıdakı tərkibdə seçildi: Məmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudat bəy Məlik Aslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxulislamov. Gizli səsvermə yolu ilə böyük səs çoxluğu ilə musavat- ədəmi mərkəziyyət partiyasının sədri Məmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri, həmin partiyanın mərkəzi komitəsinin üzvü Həsən bəy Ağayev sədrin müavini seçildi.
    Milli Şuranın tərkibinə aşağıdakılar seçildilər: Məməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Mustafa Mahmudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayyət Seyidov, Nəriman bəy Nərimanbəyli, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qanizadə, Əkbərağa Şeyxülislamov, Mehdi bəy Hacıbabayev, Məmmədyusif Cəfərov, Xudat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfa bəy Rüstəmov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə .
    Elə həmin gün Milli Şuranın icraiyyə orqanı-hökuməti yaradıldı, onun sədri Fətəli xan Xoyski seçildi. Bütün təşkilatı işlər həll edildikdən sonra Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şura yaranmış siyasi vəziyyətin müzakirəsinə başladı. May ayının 28—də axşam saat səkkizə 10 dəqiqə işləmiş Milli Şura Azərbaycanın İstiqlaliyyətini e’lan etdi. Məlumatdan sonra Həsən bəy Ağayev İstiqlal Bəyannaməsini oxudu. Bəyannamədə deyilirdi: Böyük Rusiyada rus qoşunlarının ayrı- ayrı hissələrini dağıdan siyasi quruluş meydana gəldi. Öz gücləri hesabına Zaqafqaziya Xalqları Zaqafqaziya Federativ Respublikası yaratdılar . Fəqət, siyasi hadisələrin gedişatında gürcü xalqı Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxıb müstəqil Gürcüstan Demokratik Respublikası yaratmaq qərarına gəldi. Rusiya və Osmanlı imperiyası arasında gedən müharibənin dayandırılması, Azərbaycanın indiki siyasi vəziyyəti, həmçinin ölkədə yaranmış anarxiya, ağır daxili sosyal-iqtisadi gərginlik və mürəkkəb xarici münasibətlər hamıya öz dövlətini yaratmağı hökm edirdi. Buna əsasən xalq səsvermə yolu ilə seçilən Müsəlman Milli Şurası bu gündən xalqa bəyan etdi:
    1. Bundan belə Azərbaycan xalqların suveren hüquqlarının daşıyıcısıdır və Zaqafqaziyanın cənub və şərq hissələrindən olan Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir.
    2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.
    3. Azəröbaycan Demokratik Respublikası beynəlxalq birliyi, bütün dövlətlər ilə xüsusi ilə həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq
    4. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına vətəndaşlıq və siyasi hüquqlar vermək barədə zəmanət verir.
    5. Azərbaycan Demokratik Respublikası onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
    6. Məclisi - müəssianın çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın səs vermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan müvəqqəti hökumət sayılır.
    Azərbaycan Milli Şurasının üzvləri istiqlal bəyannaməsini qəbul etdikdən sonra Şura ilk hökumət yaratmağı bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Fətəlt xan Xoyski bir saatdan sonra müvəqqəti hökumətin tərkibini Milli Şuraya təqdim etdi. Hökumətin tərkibi belə idi:
    1. Nazirlər Şurasının sədri və Daxili işlər naziri- Fətəli xan Xoyski (bitərəf)
    2. Hərbi nazir — Xosrov bəy Sultanov ( İttihat partiyası)
    3. Xarici işlər naziri — Məmməd Həsən Hacınski (Musavat partiyası)
    4. Maliyyə və xalq maarifi naziri — Nəsibbəy Yusifbəyli (Musavat partiyası)
    5. Ədliyyə naziri — Xəlil bəy Xasməmmədov (Musavat partiyası)
    6. Ticarət və Sənaye naziri— Məmməd Yusif Cəfərov (bitərəf)
    7. Torpaq və Əmək naziri—Əkbər ağa Şeyxülislamov (Hümmət partiyası)
    8. Nəqliyyat, Poçt və teleqraf naziri—Xudadat bəy Məlik-Aslanov (bitərəf)
    9. Dövlət nəzarətçisi—Cəmo bəy Hacınski (Müsəlman sosialist partiyası)
    May ayının 30-da Azərbaycanın istiqlaliyyətinin e’lan edilməsi haqqında İstanbula, Berlinə, Venaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Haaqaya, Moskvaya, Stoqholma, Kiyevə, Tokiyoya radio-teleqrafla mə’lumat verildi.
    Tiflisdə fəaliyyət göstərən Milli Şura 1918-ci ilin iyun ayının 16-da müvəqqəti hökumətlə birlikdə Gəncəyə köçdü. Bütün çətinliklərə baxmayaraq Milli Şura dövlət aparatını qurmağa başladı və general-leytenant Əliağa Şıxlinskinin başçılığı ilə Azərbaycanın hərbi korpusunun təşkilini sürətləndirdi.
    Azərbaycan Demokratik Respublikasının varlığı üçün xarici təhlükə və daxili çəkişmə ara vermirdi. Ölkənin təhlükəsizliyini qorumaq və daxili ictimai-siyasi sabitliyini təmin etmək məqsədi ilə ADR-in hökuməti iyun ayının 4-də türk qoşunlarını Azərbaycana dəvət etdi.
    Milli Şuranın yenilik ruhlu siyasəti burjua yönümlü zadəganları qıcıqlandırır, bə’zən də əsəbiləşdirir və düşmən mövqeyinə çəkirdi. İlhatçılar və digər bədhaqlar Milli Şuraya böhtanlar atırdı, onu siyasi səhnədən uzaqlaşdırmağa çalışırdılar. Onlar məqsədlərinə çatmaq üçün Nuru Paşanı da Milli Şuraya qarşı yönəltməyə nail oldular. Nuru Paşa vəziyyəti araşdırmadan Milli Şuraya qarşı açıq zidd mövqe tutdu və özünün siyasi müşaviri Əhməd bəy Ağayevin vasitəsi ilə Milli Şuranın fəaliyyətinin dayandırılmasını tələb etdi.
    İyun ayının 17-də, saat ikidə şəhər idarəsində Milli Şuranın Gəncə şəhərində ilk iclası, ümumiyyətlə yeddinci və son iclası keçirildi. İclasa sədrlik edən Məmməd Əmin Rəsulzadə giriş sözündə bildirdi ki, yığıncağımıza fövqəl’adə vəziyyət şəraitində, ağır və mə’sul bir vaxtda toplaşmışıq. Vəziyyətin fövqəl’adiliyini və mə’suliyyətli olduğunu başa düşüb, hissə qapılmadan soyuqqanlılıq göstərməliyik. Söhbət Milli Şuranın taleyindən, onun qalıb-qalmamasından getdiyindən o, həmkarlarını ağıllı qərar qəbul etməyə çağırdı. Kəskin mübahisələr güclənir, müxtəlif münasibətlər bildirilir. Aslan bəy Safıkürdlü əsəbiliklə bildirir ki, Nuru Paşaya rəğbətimizi bəyan etməklə onun Milli Şuranın buraxılması tələbini rədd edirik. Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyli Nuru Paşanın tələbini müdafiə edir, Milli Şuranın buraxılmasının və yeni hökumətin yaradılmasının vacibliyini qeyd etdilər.
    Milli Şuranın axşam iclasında Məmməd Əmin Rəsulzadənin təklifi ilə Fətəli xan Xoyski yeni hökumətin tərkibini e’lan etdi və beləliklə Milli Şura öz fəaliyyətini dayandırdı. Məmməd Əmin Rəsulzadə qeyd etdi ki, Milli Şuranın meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz mürtəce qüvvələrin müvəffəqiyyətidir. Amma naümid olmayaq, tə’sis konfransında görüşəcəyik.
    M.Ə.Rəsulzadə və onun bir neçə silahdaşı müəmmalı şəkildə danışıqlar aparmaq adı altında Türkiyəyə göndərilmiş və beş ay orada saxlanılmışlar. Milli Şura yalnız ingilislər Bakıya gəldikdən və Tomsonla danışıqlardan sonra yenidən öz fəaliyyətinə başlaya bildi.
    1918-ci ilin noyabr ayının 16-da türk qoşunları Bakını tərk etdi və həmin ilin noyabr ayının 17-də general Tomsonun başçılığı altında ingilis qoşunları İrandan Bakıya gəldi. Milli Şuranın qanunvericilik sahəsində atdığı demokratik addımlar və Tomsonla danışıqlar müsbət nəticə verdi, general Milli Şuranın fəaliyyətinə, parlamentin yaradılmasına və çağırılmasına icazə verdi.
    Milli Şuranın 1918-ci ilin noyabr ayının 16-da çağırılmış birinci iclasında parlamentin 120 nəfərdən ibarət yaradılması haqqında qərar qəbul edildi. Noyabr ayının 19-da keçirilən ikinci iclasda Milli Şuranın 44 nəfər üzvünün parlamentin tərkibinə daxil olması və 36 nümayəndənin seçilməsi tövsiyə edildi. Nümayəndələrin seçilməsi aşağıdakı şəkildə nəzərdə tutulurdu; bu nümayəndələrdən beşi Bakıdan, ikisi Göyçaydan, üçü Qubadan, ikisi Lənkərandan, ikisi Şamaxıdan, üçü Gəncədən, ikisi Ərətdən, biri Cavanşirdən, ikisi Zəngəzurdan, biri Qazaxdan, biri Cəbrayıldan, ikisi Nuxadan, ikisi Şuşadan, ikisi Zakataladan, üçü keçmiş İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur, Ordubad), biri isə Borçalıdan seçilməli idi.
    Parlamentdə ermənilərə 21, Bakıda olan Rus Milli Şurasına 10, milli azlıq təşkil edən millətlərin nümayindələrinin hərəsinə bir yer ayrılmışdı. Bakı həmkarlar təşkilatı 3, Bakı neft sənayeçiləri şurası və ticarət-sənaye ittifaqı nümayəndə göndərə bilərdi. Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər.
    Milli Şuranın qərarı ilə ilk parlament seçildi və 1918-ci ilin dekabr ayının 7-də Bakıda Zeynalabdin Tağıyev adına qızlar məktəbində onun birinci iclası keçirildi.
    Parlamentin açılışında seçilən deputatlardan başqa diplomatik nümayəndələrdən-general Tomsonun nümayəndəsi Kakkeral, İranın baş konsulu sə’dülvüzarə, Dağlılar hökumətinin sədri T. Çermoyev, bu hökumətin Azərbaycandakı nümayəndəsi Qandəmirov, Gürcüstan Respublikasının nümayəndəsi Karsavadze, eləcə də Araz respublikası nümayəndəsi P.Əliyev oturmuşdular.
    Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə açmış, böyük təbrik nitqi söyləmişdi. Bitərəf, hüquqşünas Əli Mərdan bəy Topçubaşov parlamentin sədri, Musavat partiyasının üzvü, hüquqşünas Həsən bəy Ağayev onun birinci müavini seçilmişdi.
    1918-ci ilin dekabrında Azərbaycan parlamentində Müsavat 36, İttihad 11, Sosialistlər 12, Əhrar (liberal) 10, Müstəqillər 9, Daşnaksütun 7, digər erməni partiyaları 4 və milli azlıqların nümayəndələri 5 deputatla təmsil olunurdu.
    Milli Şura çox az yaşasa da, çox zaman onun dövlətçilik fəaliyyəti ekran arxasında qalsa da, ilk demokratik dövlətin yaradıcısı kimi, onun dövlətçilik tariximizdəki xidməti hədsiz qiymətlidir.