AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§3. Azərbaycan Demokratik Respublikasının
Azərbaycanın dövlətçilik tarixində
yeni mərhələdir

    Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının çox zəngin dövlətçilik tarixi vardır. Bu tarix, qəhrəmanlıq ənənələri ilə, şərəfli, mürəkkəb, bə’zən də ziddiyyətli və faciəli hadisələrlə zəngindir. Azərbaycan tarixinin şərəfli, həm də ziddiyyətli və faciəli mərhələlərindən biri də1918-1920-ci illərdir. Bu illər dünyada, o cümlədən Rusiyada gedən ictimai-siyasi proseslər zəminində yaranmış istiqlaliyyət şansından müvəffəqiyyətlə istifadə edən Azərbaycan xalqının müstəqillik zirvəsinə qalxdığı və yenidən müstəmləkə qarmağına düşdüyü dövrdür.
    Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il may ayının 27-də M.Ə.Rəsulzadə başda olmaqla Müvəqqəti Milli Şura yaratdı. Milli Şura mayın 28-də Tbilisidə Azərbaycanın dövlət müstəqilliyini e’lan edən “İstiqlal Bəyannaməsi”ni qəbul etdi.
    Bəyannamə, tariximizə, Azərbaycanın dövlət müstəqilliyini e’lan edən sənəd və Azərbaycan Demokratik Respublikasının bütün fəaliyyətinin hüquqi əsaslarını özündə təsbit edən Konstitusiya aktı kimi daxil olmuşdur. İstiqlal Bəyannaməsi əsasında elan edilən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr tarixmizin çox böyük siyasi hadisəsi idi. M.Ə.Rəsulzadənin yazdığı kimi, “burada misli Avropada belə tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdur.”
    Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət — 23 ay yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ən’ənələri yaratmışdır. Azərbaycan Demokratik Respublikası Azərbaycanın dövlətçilik tarixində ilk dəfə müstəqil demokratik, hüquqi və dünyəvi dövlət yaratmışdır. ADR dövlətçilik və idarəçilik formasına görə parlamentarizm prinsipinə əsaslanan demokratik Xalq Cümhuriyyəti idi. Bütün Azərbaycanın idarəsi başında parlament və onun qarşısında məs’uliyyət daşıyan hökumət dururdu. Qanunverici hakimiyyət parlamentdə, icraedici hakimiyyət isə parlament qarşısında məs’ul olan hökumətə məxsus idi.
    Parlamnt fəaliyyət göstərdiyi müddətdə 145 iclas keçirmiş, 270 qanun layihəsini müzakirə etmişdi. İki ilə yaxın (22 ay 14 gün) müddətdə ölkədə beş hökümət (kabinə) təşkil edilmiş, altıncısını yaratmaq cəhdi baş tutmamışdır. İlk üç hökümətə Fətəlixan Xoyski, sonrakı iki hökümətə isə Nəsibbəy Yusifbəyli başçılıq etmişdi. Hökümət kabinəsinin belə dəyişkənliyi o zamankı daxili və xarici şəraitlə, siyasi çəkişmələrlə əlaqədar idi.
    Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atmışdır: türk dilini dövlət dili e’lan etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üç rəngli ( mavi yaşıl, qırmızı) dövlət bayrağını, dövlət himnini qəbul etmiş, dövlət gerbini hazırlamış, daxili və xarici işlər orqanlarını təşkil etmiş və piyada, süvari, artilleriya, aviasiya və hərbi-dəniz donanmasından ibarət 40 minlik mütəşəkkil ordu yaratmışdı.
    Azərbaycan Demokratik Respublikası hökuməti çevik siyasi fəaliyyət ilə müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində məqsədyönlü addımlar atmış, onu parçalanmaq təhlükəsindən (o zaman Azərbaycan ərazisində Bakı Xalq Komissarları Soveti, Mərkəzi Xəzər diktaturası, Araz Türk Respublikası, Cənubi-Qərbi Qafqaz Respublikası, Muğan Sovet respublikası və başqa qurumlar var idi.) xilas etmişdi. O, Bakının, Lənkaran qəzasının,Yuxarı Qarabağın, Zəngəzurun xeyli hissəsinin Azərbaycandan ayrılmasına imkan verməmiş, Naxçıvanın Azərbaycan Cümhuriyyətinə inzibati mənsubiyyətini tə’min etmişdi.
    Azərbaycan Demokratik Respublikası çox qısa tarixi zaman müddətində müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı üçün ciddi tədbirlər həyata keçirmiş, vətəndaş həmrə’yliyi cəmiyyəti yaratmaq məqsədi ilə xalqın sinfi parçalanması və qərşıdurması əleyhinə çıxmış, öz sərhədləri daxilində milliyyətindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara tam vətəndaşlıq və siyasi hüquqlar verməyi, onun ərazisində yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar yaratmağı e’lan etmiş, ölkənin iqtisadi və maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün tədbirlər görmüş, təsərrüfat məhsullarının respublikadan kənara çıxarılmasını qadağan etmiş, kömrük xidməti yaratmış, azad ticarət barədə fərman vermiş, neft sənayesinin dirçəldilməsinə diqqət yetirmişdi.
    Neft sənayesinin və ticarət donanmasının “milliləşdirilməsi” barədə Bakı Sovetinin qəbul etdiyi qərarlar qeyri-qanuni hesab edilmiş, mə’dənlər, zavodlar, gəmilər və neft sənayesi ilə bağlı bütün yardımçı müəssisələr “milliləşdirilmiş” bütün mülkiyyət əvvəlki sahiblərinə qaytarılmış, müəssisələr üzərində dövlət nəzarəti təşkil edilmişdi. Neft satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italya, amerika şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktları bağlamağa başlamış, Azərbaycanın milli bankını yaratmışdı. Azərbaycan Demokratik Respublikası aqrar siyasət sahəsində də mütərəqqi addımlar atmış, bütün torpaqların əvəzsiz olaraq kəndlilərə paylanmasını e’lan etmiş, lakin müəyyən edilən tədbirlər yarımçıq qalmışdır.
    Maarif və mədəniyyət sahəsində ciddi tədbirlər həyata keçirilmiş, Azərbaycan Xalq Maarif Nazirliyi tə’sis edilmiş, təhsilin ana dilində aparılmasına başlanmış, məktəblərdə rus tarixi əvəzinə ümümtürk tarixi tədris edilmiş, pedaqoji kurslar təşkil edilmişdi. Müxtəlif regionlarda 6 kişi, 4 qadın pedaqoji məktəbi, 7 kişi və 1 qadın seminariyası açılmışdı. Ali təhsil almaq üçün xaricə 100 nəfər azərbaycanlı gənc göndərilmiş, Bakı Dövlət Universitetinin əsası qoyulmuş, Kənd Təsərrüfatı İnstitunun yaradılması barədə qərar verilmişdi.
    Mədəni-maarif ocaqları şəbəkəsi genişləndirilmiş, Milli kitabxana sisteminin yaradılması istiqamətində mühüm işlər görülmüş, 1919-cu ilin mayında Azərbaycan Teleqraf Agentliyi yaradılmış, 1919-cu ilin dekabrında “Milli istiqlal muzeyi” açılmış, Respublikanın daxilində və xaricində onlarla qəzet və jurnal nəşr olunmağa başlamış, türk və rus dillərində hökümətin rəsmi orqanları — “Azərbaycan” və “Azərbaycan hökümətinin əxbarı” qəzetləri nəşr olunmağa başlamışdı.
    ADR beynəlxalq münasibətlər və xarici siyasət sahəsində də önəmli, və fəal diplomatik addımlar atmış, Rusiya və Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə mehriban münasibətlər yaratmışdı. Onun qardaş Türkiyə ilə münasibətləri indiki kimi möhkəm dostluq prinsipləri əsasında qurulmuşdu. O zaman da Türkiyə Azərbaycanın strateji müttəfiqi, möhkəm arxası kimi çıxış edirdi. Gürcüstanla da mehriban münasibətlər yaranmışdı, bütün məsələlər qarşılıqlı anlaşma əsasında həll edilirdi.
    Rusiya və Ermənistanla münasibətlər bütün dövr ərzində qeyri-sabit qalmışdı. İmperiya ambisiyalarından əl çəkməyən Rusiya indiki kimi Şimali Azərbaycanı yenidən öz caynağına keçirmək iddiası ilə yaşayırdı. İri dövlətlərin, xüsusən Rusiyanın dəstəyinə arxalanaraq, əzəli Azərbaycan və Gürcüstan torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olan daşnaq Ermənistanla münasibətlər gərgin olaraq qalmışdı.
    Azərbaycan Demokratik Respublikası hökumətinin Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa şəhəri olmaqla əlahiddə Qarabağ general qubernatorluğunu yaratmaq addımı daşnak Ermənistanının əzəli Azərbaycan torpaqları olan Yuxarı Qarabağa və Zəngəzura iddialarına ən tutarlı cavab idi. Məhz ADR-in uğurlu diplomatiyası və hərbi tədbirləri sayəsində bu dövrdə ermənilərin “Böyük Ermənistan” iddialarının dəf edilməsinə , bütövlükdə Yuxarı Qarabağın, Naxçıvanın, habelə Zəngəzurun xeyli hissəsinin Azərbaycanda qalmasına nail olunmuş, Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri yarı-yarımçıq olsa da əsasən həll olunmuşdu.
    Qonşu İranla da münasibətlər qaydaya salınmışdı.
    Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin ən önəmli uğurlarından biri də Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olması idi. Artıq 1919-cu ilin axırı üçün Azərbaycan Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqə yaratmışdı.
    Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin ikinci uğurlu istiqaməti qərb meylinin güclənməsi idi. Çevik diplomatik gedişlər sayəsində Qərb dövlətlərinin-ABŞ, Böyük Britaniya və başqa dövlətlərin Azərbaycana marağı onlarda Azərbaycan Xalq Cümhuriyyəti ilə siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək yaratmaq meyli yaratmışdı. ABŞ-ın təqdimatı əsasında Paris sülh konfransının “Onlar Şurası” tərəfindən Ermənistana ali komissar tə’yin edilmiş Haskel Bakıda apardığı danışıqlarda Yuxarı Qarabağın və Zəngəzurun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etmişdi.
    Bütün bunlar gənc müstəqil Azərbaycan respublikasının çevik diplomatik siyasət yürütməsinin bəhrələri idi. Xarici siyasət sahəsində uğurların əldə edilməsində Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı kimi böyük intellektual potensiala malik ziyalı-diplomatların müstəsna xidmətləri olmuşdu. Azərbaycan Demokratik Respublikasının təqribən iki illik təcrübəsi müstəqilliyin əldə edilməsi və möhkəmləndirilməsində tarixi şəxsiyyətlərin böyük rolunu və xidmətlərini bir daha təsdiq etdi.
    Azərbaycan Xalq Cümhuriyyəti bütün xalqın milli müstəqillik əzmini təmsil edən M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.İ.Xoyski, N.Y.Yusifbəyli, H.M.Ağayev, M.C.Hacınski, M.H.Cəfərov, X,Xasməmmədov və başqaları kimi yüksək intellektual potensiala malik milli ruhlu, zəkalı, müdrük və cəsarətli şəxsiyyətlər tərəfindən yaradılmış, onların nüfuzu və fəaliyyəti sayəsində dünya birliyi tərəfindən tanınmışdı.
    Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin, dövlətçilik tariximizdə ən mühüm yeri bir də onun Azərbaycan xalqının milli istiqlal şüurunun, milli yaddaşının möhkəmlənməsində, müstəqilliyin mə’na və mahiyyətini, nəticəsini dərk etməkdə və anlamaqda çox müstəsna tə’siredici rol oynamasıdır. Azərbaycanın milli istiqlal fədalarından biri olan M.Ə.Rəsulzadə vaxtıilə Stalinin “bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” sualına cavabında demişdi: “Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq” .
    Azərbaycan Demokratik Respublikası Azərbaycan tarixində, Müsəlman dünyasında və Turanda özünəməxsus müstəsna yeri olmuşdur. O, Müsəlman dünyasının və böyük turan məkanında ilk Demokratik Xalq Cümhuriyyəti idi. Onun hüquqi, demokratik və dünyəvi dövlət qurmaq təcrübəsi və ən’ənələri sonradan meydana çıxan Müsəlman Turan Respublikaları üçün yararlı örnək olmuşdu.
    Azərbaycanın dövlətçilik tarixində çox mühüm yeri olan Azərbaycan Demokratik Respublikasının milli dövlət quruculuğu, daxili və xarici siyasət sahəsində yaratdığı ən’ənələr hazırda demokratik, hüquqi və dünyəvi dövlət qurmaq yolu ilə irəliləyən üçüncü Azərbaycan Respublikası üçün əvəzsiz əhəmiyyətə malikdir. O, bu ən’ənələri daim yaşadır və inkişaf etdirir. Bu sahədə möhtərəm Prezidentimiz, dünya miqyaslı siyasətçi, XX əsrin ən böyük dövlət xadimi Heydər Əliyevin xidmətləri misilsizdir. O, bu tarixi ən’ənələrə daim çox böyük hörmətlə yanaşır, onları yüksək qiymətləndirir və inkişaf etdirir.