AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§2 . Şahlıq, sultanlıq və imperatorluq mühütündə
ilk demokratik dövlət

    Azərbaycan özünün milli müstəqilliyini e’lan edərkən onun qarşısında duran ən mühüm və vacib vəzifələrdən biri yeni yaranacaq siyasi hakimiyyətin dövlətçilik formasının seçilməsi məsələsinin həllindən ibarət idi. O vaxtlar Azərbaycanı əhatə edən qonşu dövlətlərdə imperatorluq, şahlıq, sultanlıq, krallıq üsul idarə formaları mövcud idi. Azərbaycanın yeni yaranmış ali hakimiyyət orqanı olan Milli Şura, fikirləşmədən, götür qoy etmədən qonşu ölkələrin rejimlərini təmami ilə və ya qismən öz ölkəsində tətbiq edə bilərdi. Bu çox asan yol idi. Lakin Milli Şuraya daxil olan rus və Avropa təhsilli, yüksək təfəkkürlü, demokratik ziyalı vətənpərvərlər tamamilə yeni, mütərəqqi və sivil yol seçdilər, Şərqdə ilk demokratik respublika üsul-idarə sisteminin yaradılmasına üstünlük verdilər. M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Bizə Ərəbistanı göstərsələrdə” , Milli Şura tərəddüd etmədən azadlığı, insan hüquqlarını, qanunun aliliyini təmin edən demokratik respublika quruduşunun yaradılmasına üstünlük verdi. Çünki uzun müddət yadellilərin hökmranlığı altında gölə vəziyyətində yaşamış Azərbaycan xalqına dünyəvi dövlətçilik prinsiplərinə söykənən, azad, müstəqil, demokratik respublika hakimiyyət sistemi daha vacib idi.
    M.Ə.Rəsulzadə qeyd edirdi ki, məfkur əyi-istiqlal bütün Şərq millətlərinin müqəddəs məfkurəçidir.”
    Dövlətçilik formasının seçim ərəfəsində M.Ə. Rəsulzadə yazırdı: “Üsyan və qanla gələn bir qüvvət üsyan və qanla da gedəcək”. “Gələcək millətləri süngü gücü ilə tapma rejimə böyün əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır. Beləliklə müstəqil Azərbaycanın dövlətçilik forması müəyyən edildi və istiqlal bəyannaməsinin ikinci bəndində təsbit edildi. Bəyannamədə deyilirdi: “Müstəqil Azərbaycanın siyasi quruluşu Demokratik Respublika formasında tə’sis olunur.”
    Məmməd Əmin Rəsulzadə mütəfəkkir ziyalı kimi böyük fəxrlə deyirdi ki, Azərbaycan Demokratik Respublikaası islam dünyasında analoqu olunmayan ilk və yeni demokratik dövlətdir. O, yazırdı: “ Azərbaycan Cümhuriyyəti aləmi - islamda təməkkül edən ilk cümhuriyyətdir.” Dünya dövlətçilik təcrübəsi haqqında ətraflı məlumatı olan Məmməd Əmin Rəsulzadə bilirdi ki, quruluşuna və fəaliyyət prinsiplərinə görə Avropada da Azərbaycan Demokratik respublikasına bənzər demokratik, svil, əsl xalq dövlət qurumu yoxdur. M.ƏRəsulzadə yazırdı: “Burada misli Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu”.
    28 may 1918-ci il Azərbaycan xalqının çoxminillik dövlətçilik tarixi salnaməsində böyük və əlamətdar hadisə oldu. Həmin gün Şərqdə ilk demokratik respublikanın və türk dünyasında ilk dünyəvi dövlətin- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması e’lan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı milli azadlıq mübarizəsinin yekunu idi. “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1998-ci il tarixli sərəncamında deyilir: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi e’lan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”.
    Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb bir dövrdə yarandı. Birinci dünya müharibəsinin doğurduğu ziddiyyətlər XX əsrin əvvələrindən genişlənən milli azadlıq hərəkatını xeyli gücləndirdi. Fevral inqilabı və Oktyabr çevrilişi nəticəsində xalqlar həbsxanası olan çar Rusiyasının dağılması və onun ərazisindəki bölgələrdə gedən ictimai-siyasi proseslərin güclənməsi zəminində nəhayət, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında qərar qəbul etdi, müstəqil və azad ilk Azərbaycan hökumətini yaratdı. Bununla Azərbaycan Milli Şurası, Azərbaycan Türk milləti qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi.
    Qonşu fars, ərəb, türk mənşəli dövlətlər əsasən dini təməl üzərində qurulduğu halda, Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi meyarlara söykənən ilk türk dövləti idi. Azərbaycan milli dövlətinin yaradılması millətin taleyində tarixi hadisə olan, beynəlxalq əhəmiyyətli akt idi. 28 may Bəyannaməsinin siyasi mə’nasını yüksək qiymətləndirən M.Ə.Rəsulzadə bunu bir növ Azərbaycan millətinin varlığının təsdiqi hesab edirdi.
    İlk Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Uzun illər ərzində aparılan milli azadlıq hərəkatı zəminində böyük çətinliklərlə yaranan Azərbaycanın milli dövləti az müddətdə yaşasa da Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Bu dövlətin qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər xalqımızın dövlətçilik tarixində böyük iz buraxmışdır.
    Milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili e’lan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
    Qərb və Avropa demokratiyası ilə əlaqə yaratmaq, dünya sivilizasiyasına qovuşmaq üçün parlament üsul-idarəsi tə’sis edilmiş, Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların nümayəndələrinin parlamentdə təmsil olunması xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ qanunla təsbit edilmişdir. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə idi.
    Parlament öz işini demokratik prinsiplər əsasında quraraq səmərəli və operativ fəaliyyət göstərmiş, mövcud olduğu müddət ərzində (506 təqvim günündə) 145 iclas keçirmiş və 270-dən çox qanun layihəsi muzakirə etmiş, 230 qanun qəbul etmişdir . Qəbul edilmiş qanunvericilik aktları Cümhuriyyətin həyatının bütün sahələrinə -Vətənin müdafiə qüdrətinin artırılmasına, xalqın rifahının yüksəldilməsinə, maarifin, mədəniyyət və səhiyyənin inkişaf etdirilməsinə aid idi.
    Azərbaycan inzibati cəhətdən quberniyalara, qəzalara bölündü, müstəmləkəçiliklə bağlı yer adları dəyişdirildi, onlara milli adlar verildi. Parlament binasının yerləşdiyi Nikolayevski küçəsinin adı dəyişdirilib Parlament küçəsi qoyuldu. Yelizavetpol şəhəri yenidən Gəncə şəhəri, Qaryagin qəzası isə Cəbrayıl qəzası adlandırıldı, Azərbaycan respublikasının pulu və poçt markaları buraxıldı.
    1918-ci il iyunun 24-də hökumətin qərarı ilə qəbul edilmiş Azərbaycan dövlətçiliyinin atributlarından biri olan Azərbaycan Respublikasının dövlət bayrağı qırmızı materialdan hazırlanmış, üzərində ağ aypara təsvirindən və qırmızı fonda səkkizguşəli ulduzdan ibarət idi. Sentyabrın 9-da bu bayraq türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını əks etdirən üç-mavi, qırmızı və yaşıl rəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayraqla əvəz olundu.
    Milli hökumət Azərbaycan mədəniyyətinə və xalq maarifinin inkişafına xüsusi qayğı göstərirdi. Bu, Azərbaycanın demokratik ziyalılarının uzun illərdən bəri milli məktəb uğrunda apardığı gərgin mübarizəsinin təzahürü idi. 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili e’lan edilməsi xalqın maariflənməsi sahəsində ilk addım oldu. Bütün məktəblərdə təhsilin icbari qaydada ana dilində qurulması, Rusiya tarixi əvəzinə türk xalqları tarixinin tədris edilməsi yüz ildən artıq davam edən ruslaşdırma siyasətinə qarşı yönəldilmişdir.
    Müəllim kadrları hazırlamaq məqsədi ilə respublikanın müxtəlif yerlərində kişi və qadın seminariyaları, kursları açılmış, Qori müəllimlər seminariyasının Azərbaycan bölməsi Qazağa köçürülmüş, yeni tədris müəssisələri açılmışdı, ibtidai və orta məktəblər üçün dərsliklər nəşr olunurdu.
    1919-cu ilin sentyabrında ilk ali təhsil ocağının-Bakı Dövlət Univrsitetinin (indiki M.Ə.Rəsulzadə adına) açılması Azərbaycanın mədəni həyatında ən əlamətdar hadisə oldu. Ciddi maliyə çətinliklərinə baxmayaraq hökumət Universitetin təşkili və avadanlıqla təchiz edilməsinə 5mln.manat vəsait ayırmışdı. Qısa ömürlü Azərbaycan Xalq Cümhuriyyətinin qiymətli yadigarı olan bu müqəddəs təhsil və elm ocağı mövcud olduğu illər ərzində 80 mindən çox yüksək ixtisaslı vətənpərvər mütəxəssis hazırlamışdır. Kənd Təsərrüfatı İnstitunun açılması haqqında qanun qəbul edilmişdi.
    Azərbaycan Respublikası hökuməti xaricdə kadrlar hazırlanmasına xüsusi əhəmiyyət verirdi. Parlamentin 1 sentyabr tarixli iclasında müxtəlif bilik sahələri üzrə 1919-1920-ci tədris ilində 100 nəfər Azərbaycanlı tələbənin dövlətin hesabına Avropanın ən yaxşı ali məktəblərinə göndərilməsi üçün vəsait ayırmışdı. Onlardan onu İngiltərəyə, iyirmi üçü İtaliyaya, qırx beşi Fransaya, doqquzu Türkiyəyə göndərilmişdi.
    Ucqar yerlərdə məktəb tikintisi üçün hökumət xeyli vəsait ayırmışdı. Xalqımızın maddi və mə’nəvi sərvətlərini qorumaq üçün 1919-cu ilin dekabrında milli muzey yaradılmış, səhiyyə sahəsində də bir sıra işlər görülmüşdü.
    Azərbaycan Respublikasının mütərəqqi tədbirlərindən biri də parlamentdə 1919-cu ilin sentyabrında dövlət bankının yaradılması haqqında qanunun qəbul edilməsi olmuşdu. İqtisadiyyatı bərpa etmək sahəsində hökumət birinci olaraq neft sənayesinə diqqət yetirməyə başladı. Hökumətin faliyyətinin ən mühüm sahəsinin aqrar məsələsi təşkil edirdi. Bu da Azərbaycan əhalisinin yarıdan çoxunun kənd yerlərində yaşaması ilə əlaqədar idi.. Musavat partiyasının kəndli siyasəti mütərəqqi məzmuna malik idi. Azərbaycan kəndində yaşayan bütün əhalinin torpaqla tə’min edilməsi 1920-ci ilin martında aqrar siyasətlə bağlı müzakirə edilən qanun layihəsinin əsas qayəsini təşkil edirdi.
    Azərbaycan Xalq Cümhuriyyətinin ən zəruri addımlarından biri milli ordunun yaradılması idi. Müharibə və müharibə təhlükəsi şəraitində yaşamasına baxmayaraq, Azərbaycan hökuməti qısa müddətdə 1920-ci ilin əvvəllərinədək qüdrətli, möhkəm, yüksək döyüş qabiliyyətinə malik, respublikanın suverenliyini qoruya biləcək 40 minlik ordu yarada bildi. Bu ordu Zəngəzurda, və Qarabağda erməni quldur dəstələrinə qarşı bir sıra uğurlu hərbi əməliyyatlar keçirmiş. Azərbaycanın 114 min kvadrat kilometr ərazisini xarici düşmənlərdən, ilk növbədə erməni qəsbkarlarından müdafiə edə bilmişdi.
    Xarici siyasət sahəsində qarşıda duran mühüm vəzifələrdən biri respublikanın Avropa dövlətləri tərəfindən hüquqi cəhətdən tanınmasına nail olmaqdan ibarət idi. Bu məqsədlə Paris sülh konfransına Respublika parlamentinin sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə böyük nümayəndə hey’əti göndərilmişdi. 1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurasının yekdilliklə Azərbaycanın müstəqilliyini de-fakto səviyyəsində tanıması nümayəndə hey’ətinin fəaliyyətinin başlıca yekunu, tarixi əhəmiyyətli hadisə kimi Azərbaycan hökumətinin böyük diplomatik qələbəsi idi. Azərbaycan hökuməti Şərqin və Avropanın bir sıra dövlətləri ilə diplomatik münasibətlər yaradaraq beynəlxalq münasibətlərin iştirakçısına, beynəlxalq hüququn subyektinə çevrildi.
    Beləliklə, mövcud olduğu dövrdə Azərbaycan hökuməti millətin mənafeyinə uyğun daxili və xarici siyasət yeritmiş, müstəqil dövlətin fəaliyyəti üçün zəruri olan bir çox dövlət atributları bərqərar edə bilmişdi.
    Lakin Azərbaycanın xaricində və daxilində gedən ziddiyyətli proseslər, düşmən mövqei tutmuş siyasi qüvvələr respublika hökumətinin fəaliyyətini davam etdirməsinə imkan vermirdilər. Xarici qüvvələr bu dövləti beşiyindəcə boğmağa çalışır, Rusiyada hakimiyyətə gəlmiş kommunist rejimi keçmiş çar Rusiyasının bütün ərazisində öz hakimiyyətini bərpa etməyə cəhd göstərir, Respublikamızın daxilində bu cəhdləri dəstəkləyən qüvvələr onlarla birləşir, Azərbaycan üçün həmişə təhlükəli olan, torpaqlarmıza göz dikən erməni qəsbkarları Azərbaycana qarşı öz təcəvüzkarlıq hərəkətlərini gücləndirirdilər. Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti olduqca ziddiyyətli və gərgin idi. Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hazırlandığı hərbi təcavüz nəticəsində 1920-ci ilin aprelində süqut etdi, Azərbaycanda sovet hakimiyyəti quruldu.
    Azərbaycan Xalq Cümhuriyyəti az yaşadı, ancaq o, öz başlıca tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, Azərbaycan xalqının tarixinə parlaq səhifə yazdı. Azərbaycan xalqının yüz il əvvəl itirdiyi müstəqilliyi, azadlığı müvəqqəti də olsa özünə qaytardı. Azərbaycan Xalq Cümhuriyyəti öz parlamenti, hökuməti, ordusu, pul vahidi olan, ümümbəşəri tərəqqinin həm Qərb, həm də Şərq meyllərini özündə birləşdirən həqiqi demokratik respublikaya çevrildi. Azərbaycan xalqının ərazi bütövlüyünün və suverenliyinin qorunması baxımından xeyli iş görüldü. “Bu bir il yarım hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” mə’lum suala M.Ə.Rəsulzadə vüqarla demişdi: “Çox şey verə bilmədik, lakin milli azaldlığın nə demək olduğunu başa saldıq və azca da milli istiqlal dadızdırdıq” .
    Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü, milli istiqlal günü kimi qeyd edir,
    Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyi tarixində silinməz iz qoymuş, Azərbaycanın gələcəkdə müstəqil olması üçün mühüm təməl hazırlamışdır.
    SSRİ-nin tərkibində olduğu dövrdə dövlət müstəqilliyindən məhrum olan xalqımız bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmişdir. Respublika quruluşu, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Azərbaycanı yenidən müstəqilliyə qovuşdurmaq ehtirası ilə yaşayan mütəfəkkür insanlar “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqətini bir daha təsdiq etdilər. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ən’ənə-lərindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
    Hüquqi, demokratik, sivilizasiyalı cəmiyyət quran, bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən, Vətənimizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı ağır və çətin mübarizə aparan dövlətimizin müstəqilliyi və suverenliyi möhkəmlənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu qat-qat artır. Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir.