AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

BIRINCI BÖLMß

ADR ŞƏRQDƏ İLK DEMOKRATİK RESPUBLİKADIR


§ 1. ADR-in yaranması ərəfəsində ictimai-siyasi şərait

 

    Azərbaycan xalqı əzəli və müqəddəs amalı olan azadlıq uğrunda tarix boyu uzun və inadlı mübarizə aparmışdır. İri, güclü dövlətlərin dəfələrlə rəqabət meydanına çevrilən Azərbaycan istiqlal yolunda saysız-hesabsız qurbanlar versə də öz müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsini heç zaman dayandırmamışdır. Babəklər, Cavanşirlər, Koroğlular, Qaçaq Nəbilər yurdu Azərbaycanın keçən əsrin ilk on illiklərində (1813-1828) Rusiya ilə İran arasında bölüşdürülməsi, onun istiqlalına ağır zərbə vursa da, məşəqqətli müstəmləkə zülmü şəraitində yaşayan Azərbaycan xalqı usanmadan öz istiqlalı uğrunda inadlı mübarizəsini açıq-aşkar və gizli sür’ətdə böyük əzm və qəhrəmanlıqla daim davam etdirmişdir. Özünün Babək və Koroğlu qeyrətli oğlan və qızlarının, müdrük insanlarının başçılığı ilə dəfələrlə müstəmləkə zülmünə qarşı azadlıq mübarizəsinə qalxmış, qəhrəmanlıq nümunələri göstərmiş, daha da mətinləşmişdir.
    Əsrimizin əvvəllərində Azərbaycan xalqının yadelli işğalçılara qarşı çıxışları istiqlal uğrunda mübarizə tarixinin unudulmaz parlaq səhifələridir. Müstəmləkə zülmünə qarşı azadlıq uğrunda mübarizədə Şimali Azərbaycanda ümumxalq çıxışları, Cənubi Azərbaycanda Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə demokratik və milli azadlıq inqilabları istiqlalın unudulmaz salnamələridir.
    Birinci cahan müharibəsi ərəfəsində Rusiyada sosial-siyasi ziddiyyətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1917-ci il fevral çevrilişi bu ölkədə mütləqiyyət hakimiyyətini devirdi, ölkədə ikihakimiyyətlilik yaratdı, demokratik qüvvələrin və təşkilatların canlanmasına böyük təkan verdi.
    Fevral çevrilişindən sonra Azərbaycanda da inqilabi, azadlıq və milli demokratik hərəkat yeni vüs’ət aldı. Burada da Bakı Fəhlə Deputatları Soveti və Rusiyadakı müvəqqəti höküməti müdafiə edən “İctimai təşkilatların İcraiyyə Komitəsi” kimi iki hakimiyyət yaradıldı. Müsəlman əhalisini demokratiyaya doğru aparan müsəlman şuraları da azadlıq hərəkatında mühüm rol oynayırdılar. Bunlardan ən nüfuzlusu 1917-ci il mart ayının 29-da yaradılmış Bakı Müsəlman şurası idi. Onun müvəqqəti icraiyyə komitəsinə M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.H.Hacınski, F.X.Xoyski, M.Əsədullayev və digər görkəmli milli burjua ziyalıları daxil idilər.
    1917-ci il mart ayının sonlarında Yelizavetpolda (indiki Gəncədə) N.Usubbəyov başda olmaqla “Türk ədəmi mərkəziyyət” (federalist) partiyası yaradıldı. İstiqlal uğrunda ardıcıl mübarizə aparan “Musavat” partiyası öz fəaliyyətini daha da genişləndirdi. Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15-20-də keçirilmiş qurultayında “Türk ədəmi-mərkəziyyət” partiyası ilə “Musavat” partiyasının bir çox məsələlər üzrə, o cümlədən istiqlal məsələsində fikir birliyi onların birləşməsinin əsasını qoydu. 1917-ci ilin iyununda həmin partiyalar “Türk ədəmi-mərkəziyyət” “Musavat” partiyası adı altında birləşdilər. Bu da sözsüz ki, istiqlal uğrunda mübarizə qüvvələrinin vahid şəkildə birləşməsində mühüm addım olmuşdur.
    Tarixi faktlar göstərir ki, Azərbaycanda istiqlal ideyası müxtəlif inkişaf mərhələləri keçmişdir. 1917-ci il mayın əvvəllərinə kimi “Musavat” partiyasının liderləri və onların tərəfdarları bolşeviklərin millətlərə milli müqəddarat hüququnun verilməsi tələbinə qarşı Rusiya imperiyası tərkibində Azərbaycana mədəni-milli muxtariyyat verilməsini irəli sürmüşdülər. 1917-ci ilin yazında Ümumrusiya müsəlmanlarının Moskvada toplanmış qurultayında müsəlman vilayətlərinə ərazi muxtariyyatı verilməsi tələbi irəli sürüldü. Qurultay nümayəndələrinin əksəriyyəti (717 nəfərdən 446-sı) Rusiyanın federativ respublikaya çevrilməsi lehinə səs verdi. Federalistlər Əhməd Salikov başda olmaqla tatar milli ziyalılarının müdafiə etdiyi unitaristlər üzərində qələbə çaldılar.
    1917-ci ilin payızında meydana gələn Bakıdakı “Rusiyada müsəlmanlıq” və Yelizavetpoldakı “İttihadi İslam” təşkilatları da ərazi muxtariyyəti ideyasını müdafiə edir, qondarma beynəlmiləlçilik çağırışına qarşı çıxırdılar. Azərbaycanın istiqlalı uğrunda mübarizə çox mürəkkəb və ağır bir şəraitdə aparılırdı. Bir tərəfdən xarici müdaxiləçilərin hucum təhlükəsi, digər tərəfdən də daxili qarşıdurmalar bu mübarizəni çətinləşdirirdi. 1917-ci ildə Rusiyada baş verən Oktyabr çevrilişindən sonra vəziyyət daha da gərginləşmişdir. İstiqlalistlərlə unitaristlər arasında kəskin və barışmaz cəbhə yaranmışdı. 1917-ci il noyabrın 2-də Zaqafqaziyada birinci olaraq Bakıda hakimiyyət fəhlə və hərbi deputatları Soveti İcraiyyə Komitəsinin əlinə keçdi. Sədri S.Şaumyan seçilən Bakı Soveti İcraiyyə Komitəsi sosialist inqilabının rus modelini eyni ilə Bakıda tətbiq etmək xətti yürütməyə başladı. O, Rusiyada yaradılmış Sovet höküməti ilə sıx əlaqə saxlayır və ona xidmət edirdi. Yalnız Bakıda hakimiyyəti e’lan edilən və qəzalarda dayağı olmayan bu hökümət Bakını Azərbaycandan ayırmaq, onu Rusiya şəhərinə çevirmək siyasəti yürüdürdü.
    Eser və daşnaqlara arxalanan Bakı Soveti İcraiyyə Komitəsi müsəlmanları, o cümlədən azərbaycanlıları əksinqilabçı, Bakı istisna olmaqla Azərbaycanın digər yerlərini isə əksinqilab yuvası e’lan etmiş, Azərbaycan zəhmətkeşləri arasında böyük nüfuza malik olan müsavatçıları isə əksinqilabı burjua millətçiləri kimi damğalayırdı. Belə antiazərbaycan siyasət 1918-ci ilin mart hadisələrində özünü tam açıqlığı ilə əməli sür’ətdə büruzə verdi.
    1918-ci il martın sonlarında türk ordusunun Qafqaz cəbhəsində əməliyyatları gücləndirməsi Bakıdakı daşnaqları və onlara havadarlıq edən bolşevikləri qorxuya saldı. Vahid cəbhədə birləşən bu mənfur qüvvələr vəziyyətdən istifadə edərək Bakıda qanlı 1918-ci il mart hadisələrini törətdilər. Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətandaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bə’zi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnaq silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Hətta Içəri Şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl me’marlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, məscidlərə böyük ziyan vurmuşdular.
    1990-cı ilədək Sovet tarixşünaslığında “musavat-çıla-rın antisovet qiyamı”na qarşı mübarizə kimi qələmə verilən “mart hadisələri” əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS -ə yazdığı məktubunda e’tiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik.
    Sovet hakimiyyətinin qurulmasına yardım etmək və “antisovet əksinqilabı” qüvvələrə qarşı mübarizə adı altında S.Şaumyan bu vaxt Azərbaycanın digər yerlərində də, xüsusilə Qubada, Şamaxıda, Göyçay səmtində, Lənkəranda, Qarabağda və Naxçıvanda azərbaycanlıların kütləvi qırğınını təşkil etmişdi.
    Mahiyyətcə milli soyqırımı olan “Mart döyüşləri” Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdrəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
    Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan “Müsavat”ın milli dövlətçilik siyasət ideyalarına güclü tə’sir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, “Müstəqil Azərbaycan” ideyasını irəli sürməyə məcbur etdi.
    Mart hadisələri “Vahid və bölünməz Rusiya” ideyasının tərəfdarları olan Zaqafqaziyanın qeyri-bolşevik siyasətçiləri arasında da fikir ayrılığını dərinləşdirdi. 1917-ci ilin noyabr ayının ortalarında Zaqafqaziya Xüsusi Komitəsini əvəz edən Zaqafqaziya Komissarlığı da süqut yetdi. 1918-ci ilin yanvarında Ümumrusiya Müəssisələr Məclisinin Zaqafqaziyadan olan deputatları regionda ali hakimiyyət orqanı olan Seymi yaratmaq qərarına gəldilər. Seym 1918-ci ilin fevralında işə başladı. Seymdə Azərbaycandan olan 44 nəfərlik fraksiyaya M.Ə.Rəsulzadə başçılıq edirdi. 1918-ci il aprelin 9-da Seym Zaqafaziyanı müstəqil Demokratik federativ respublika e’lan etdi, A.Çxengeli başda olmaqla hökumət yaratdı. Həmin hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Lakin, daxili çəkişmələr, mənafe müxtəlifliyi, xüsusilə daşnaqların Zaqafqaziyadakı təxribatçı siyasəti Seymin və federasiyanın tezliklə süqut etməsinə gətirib çıxartdı. Əvvəlcə, gürcü nümayəndələri Seymdən çıxdılar. Menşevik İ.Sereteli başda olmaqla gürcü fraksiyası may ayının 26-da Gürcüstanın müstəqilliyini e’lan etdi. Ondan bir gün sonra Ermənistan və Azərbaycan fraksiyaları da belə hərəkət etdilər.
    Milli qırğın xarakteri almış 1918-ci il mart döyüşlərindən sonra bolşevik-daşnak-eser bloku istiqlalçılara qalib gəldi, Bakıda hakimiyyət tamamilə həmin blokun əlinə keçdi. Aprelin 25-də Bakı Xalq Komissarları Soveti—Bakı Kommunası yaradıldı. O Bakı şəhərini və quberniyanın bə’zi ərazilərini əhatə edirdi. Bu hökumətin tərkibində aparıcı vəzifələri daşnaqpərəst ermənilər tuturdular. Erməni S.Şaumyan Bakı Xalq Komissarları Sovetinin sədri və xarici işlər Komisarı, Q.Korqanov hərbi və dəniz işləri Komisarı, A.Korinyan (Qabrielyan) ədliyyə Komissarı kimi aparıcı vəzifələrə seçilmişdilər. Bakı kommunası rəhbərliyinə Avetisyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan və başqa daşnaqpərəst ermənilər də daxil idilər. Yerli milli siyasi qüvvələr, habelə 1918-1920-ci illərdə Ermənistan Respublikasının baş naziri olmuş A.Xatisov da S.Şaumyanın başçılıq etdiyi Bakı XKS-ni “Erməni Sovet Hökuməti” kimi qiymətləndirirdilər.
    Bu hökumətdə cəmi üç nəfər azərbaycanlı (N.Nərimanov-şəhər təsərrüfatı Komissarı, M.Əzizbəyov-quberniya Komissarı və N.Vəzirov-torpaq Komissarı) var idi. Bu da həmin hökümətin yerli əhali arasında möhkəm dayağının olmadığına dəlalət edirdi.
    Belə bir şəraitdə Azərbaycan istiqlalçıları özünü Azərbaycan Sovet Höküməti kimi qələmə verən, bolşevik Rusiyasına xidmət göstərən qüvvələr tərəfindən yaradılmış qondarma antimüsəlman Bakı Komunasına və onun millətçi erməni havadarlarına qarşı ardıcıl mübarizə aparmalı oldular.
    İstiqlal ideyasının təbliğində və inkişafında “Hümmət” (1904), “Mücaid” (1905), “İttifaqi-müsliman” (1906), “Ədalət”(1916), “İrşad” (1917), “Türk-ədəmi mərkəziyyət” (1917) və bu kimi milli demokratik və sosial demokratik partiyalarının, xüsusilə” müsəlman demokratik “Musavat” partiyasının müstəsna rolu olmuşdu. Türkçülük, islamçılıq və müasirlik zəminində istiqlal ideyalarının formalaşmasına Qafqaz müsəlmanlarının 1917-ci ilin aprelində Bakıda və Ümumrusiya müsəlmanlarının həmin ilin may ayında Moskvada toplanmış 1 qurultaylarının böyük təsiri olmuşdu. Bu qurultayların sənədlərində M.Ə.Rəsulzadənin milli istiqlal ideyaları əsas götürülmüşdü.
    1918-ci ilin yazında Türküyə qoşunlarının Azərbaycana daxil olması istiqlal mübarizəsinə yeni vüs’ət vermişdi. Zaqafqaziya Seyminin süqutundan sonra, 1918-ci il mayın 27-də Seymdə olan müsəlman fraksiyası Tiflisdə Milli Şura yaratdılar. Milli Şuranın sədri M.Ə.Rəsulzadə, onun müavini isə F. Xoyski seçildilər. Mayın 28-cə Milli Şura Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında müstəqil Azərbaycan Demokratik Respublikasının yaradıldığını e’lan etdi. Elə həmin iclasda məşhur İstiqlal Bəyannaməsi qəbul edildi. Bəyannamədə göstərilirdi:
    1.Bu gündən e’tibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir;
    2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır;
    3. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır;
    4. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar tə’min edir;
    5. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir;
    6. Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş müvəqqəti hökumət durur.
    Bu iclasda Fətəlixan Xoyski başda olmaqla müvəqqəti hökumət təşkil edildi. Beləliklə, istiqlal uğrunda Azərbaycan xalqının çətin və gərgin inadlı mübarizəsi öz böhrəsini verdi, Azərbaycanın Şimal hissəsində müstəqil Azərbaycan Demokratik Respublikası yaradıldı.
    Qeyd etmək lazımdır ki, Azərbaycanın istiqlalı uğrunda mübarizə tarixi son vaxtlara qədər sovet tarixşünaslığında, o cümlədən Azərbaycanın tarix ədəbiyyatında, qeyri-obyektiv və təhrif edilmiş, hətta saxtalaşdırılmış şəkildə işıqlandırılmışdır. Milli demokratik qüvvələrin istiqlal uğrunda mübarizəsi əksinqilabi hərəkat, əksinqilabi və antisovet qiyam kimi qiymətləndirilmiş, Azərbaycan Demokratik Respublikası xalqa zid xəyanətkar siyasət yürüdən Müsavat hökuməti kimi qələmə verilmişdir. Əslində istiqlala qarşı sui-qəsd olan Sovet Rusiyasının “köməyi”, qardaşlıq yardımı, ADR hökumətinin xahişi ilə Türküyə tərəfindən Azərbaycana göstərilən kömək isə Türk işğalı kimi qələmə verilirdi.
    Lakin indi tarixi faktların və sənədlərin obyektiv araşdırılması sübut edir ki, 1918-1920-ci illər istiqlal uğrunda mübarizə yolunda ən mühüm addım, yeni mərhələ olmuşdur. Xöşbəxtlikdən ADR-in gərgin və ziddiyyətli ictimai-siyasi şəraitdə yaratdığı zəngin dövlətçilik ən’ənələri hədər getməmiş, irsiyyət prinsipi üzrə yeni, müstəqil Azərbaycanın dövlətçilik fəaliyyətində istifadə edilir və yaşayır.