AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

GİRİŞ

    Dünyanın ən qədim ölkələrindən biri olan Azərbaycanda tarixən zəngin dövlətçilik ən’ənələri yaradılmışdır. Araşdırmalar göstərir ki, “Dədə Qorqud” dastanında Azərbaycanın qədim dövlətçilik ən’ənələri, demokratik dövlət quruluşu, hakimiyyət bölgüsü şərh edilmişdir.Bu günkü mə’nada anladığımız dövlət quruluşu prinsiplərini Atilla vəfat etdikdən sonra çoxları türklərdən mənimsəmişlər. “Dədə Qorqud”dakı müasir qanunverici və icraedici hakimiyyət o vaxtlar xaqan və şah hakimiyyəti adlanırdı. “Dədə Qorqud”da Bayandır xan xanlar xanı, Qazan xan bəylər bəyi kimi təsvir edilir. Hakimiyyət bölgüsünə görə qanunvericilik- hökm, fərman vermək Bayandır xanın, icra hakimiyyəti-iqtisadiyyata, təsərrüfata, orduya, xarici siyasətə rəhbərlik Qazan xanın əlində idi.
    Dövlətçilik baxımından “Dədə Qorqud”un elmi təhlili göstərir ki, hələ 1300 il bundan əvvəl qədim oğuz ellərində mükəmməl dövlət quruluşu sistemi, onun təsərrüfat, iqtisadi, müdafiə, güc, siyasi strukturları var idi. “Dədə Qorqud”da dəqiq dövlət sərhədləri, sərhəd keçidləri, oradan mal daşınması üçün rüsum verilməsi şəklində müasir kömrük sisteminin nişanələri aydın görünür.
    Böyuk dövlət xadimi Şah İsmail Xətai geniş ərazidə vahid Azərbaycan dövləti, möhkəm dövlətçilik sistemi yaratmışdır. Şah İsmail yaratdığı vahid Azərbaycan dövləti, dövlət dili, milli dövlətçilik ən’ənələri, atributları baxımından dövlətçilik tariximizdə yeni mərhələ idi. Sonrakı dövlərdə də Azərbaycan ərazisində formalaşan dövlətlər və xanlıqlar da müəyyən dövlətçilik ənənələri yaratmış və dövlətçilik tariximizi yeni-yeni mütərəqqi çalarlarla zənginləşdirmişlər.
    Azərbaycan Demokratik Respublikası Azərbaycanın qədim dövlətçilik tarixində demokratik və sivil prinsiplər nöqteyi nəzərindən yeni mərhələ açdı. Azərbaycan Demokratik Respublikası, xalqımızın qədim dövlətçilik ən’ənələri ilə bərabər, dünya dövlətlər birliyində yaranmış ən mütərəqqi xüsusiyyətləri və demokratik prinsipləri əsas götürmüşdü. Beləliklə, Azərbaycan Demokratik Respublikası demokratik dövlətçilik prnsipləri nöqteyi nəzərindən o dövrdəki qonşu ölkələrin idarəçilik və dövlətçilik ən’ənələri səviyyəsindən çox yüksəkdə dururdu.
    Bu mə’nada struktur quruluşa və fəaliyyət prinsipinə görə Azərbaycan Demokratik Respublikası Şərqdə ilk dünyəvi, sivil dövlət qurumu və xalqımızın dövlətçilik tarixində yeni mərhələ idi. Azərbaycan Demokratik Respublikası yaşadığı 700 gün ərzində zəngin dünyəvi dövlətçilik ən’ənələri yaratmış, ilk dəfə dövlətin idarə edilməsinin sivil qanunvericilik bazasını hazırlamış, 270 qanun layihəsini müzakirə etmiş, qanunun aliliyinin tə’min edilməsinə səy göstərmiş, cəmiyyətin bütün sahələrinin demokratik prinsiplər əsasında tənzimlənməsinin təməlini qoymuşdur.
    Azərbaycanı əhatə edən qonşu dövlətlərin hamısında imperatorluq, knyazlıq, şahlıq, krallıq ənənələrinin yaşadığı bir zaman dövlətçilik sahəsində mütərəqqi dünyəvi prinsipləri seçib, yeni, demokratik, respublika modelli dövlət quruluşu, hakimiyyət sistemi yaratmaq müasir düşüncəli Məmməd Əmin Rəsulzadənin və onun bəşəri duyumlu həmkarlarının təfəkkür tərzinin yüksək səviyyəsinin və yetkinliyinin təzahürü idi.
    Azərbaycan Demokratik Respublikasının yaradan ilk rəsmi orqan - Milli Şura struktur quruluşuna, fəaliyyət mexanizminə, səlahiyyət dairəsinə görə bütün ölkələrdən fərqlənən, spesifik, analoqu olmayan yeni dövlət qurumu idi. Doğrudur 1990-cı ildən başlayaraq ADR haqqında çox saylı kitab və məqalə yazılmışdır. Bununla belə Azərbaycan Demokratik Respublikasının dövlətçilik və idarəçilik sistemi az öyrənilib, onun mexanizmi səthi açılıb, kompleks halında tədqiqat obyektinə çevrilməyib. Dövlətçilik problemləri ilə məşğul olan mütəxəssislər Azərbaycan Demokratik Respublikasının dövlət quruluşunun struktur mexanizminin və fəaliyyət prinsiplərinin səriştəli və ətraflı tədqiqinə başlamışlar. Bu mə’nada təqdim etdiyimiz kitab Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətinin kompleks şəkildə əhatəli tədqiq edilməsi üçün ilk təşəbbüs olacaqdır.
    “İstiqlal Bəyannaməsi” ilə həyata qədəm qoyan Azərbaycan Xalq Cumhuriyyəti Şərq aləmində və müsəlman dünyasında Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan ilk demokratik respublika idi. Azərbaycan xalqının qədim dövlətçilik ən’ənələrinə əsaslanan Azərbaycan Xalq Cumhuriyyəti tarix baxımdan çox qısa, lakin mahiyyət e’tibarilə olduqca şərəfli yol keçmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq mövcudluğu Azərbaycan xalqının müstəqillik əzminin və dövlətçilik amalının parlaq təcəssümü idi. Son dərəcə ağır, çətin bir şəraitdə yaranan və fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti milli yaddaşımızda silinməz izlər qoyan işlər görmüşdür.
    Çox gərgin şəraitdə Azərbaycan xalqının qeyrətli və ləyaqətli övladları, düşünən insanları milli təhlükəsizliyimizi qorumaq, milli dövlətçiliyimizi yaratmaq yolunda qətiyyətli addımlar atdılar. Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları onların üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdilər. Azərbaycanın ilk Parlamenti və höküməti, dünyəvi dövlət quruluşu, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, onun bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili e’lan edildi, ümumiyyətlə dövlət quruculuğu sahəsində ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cumhuriyyətinin dünya dövlətlər birliyi tərəfindən tanınması prosesi başlandı.
    Cumhuriyyət qurucuları yeni siyasi şəraitdə azərbaycanlıları vahid bir dövlətdə birləşdirmək, ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini tə’min etmək vəzifəsinin öhdəsindən şərəflə gəlmişlər. Qısa müddət ərzində döyüş qabiliyyətinə malik Azərbaycan hərbi hissələri təşkil edilmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış və xarakter e’tibarilə yeni, milli tələblər və demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdur. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmiş, Azərbaycanın tarixində ilk universitet-Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində xalqımızın sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra diqqətə layiq işlər görülmüşdür.
    Azərbaycan Xalq Cumhuriyyəti mövcudluğunun ilk günlərindən başlayaraq, insan hüqüqlarının və azadlıqlarının tə’min edilməsinə xüsusi diqqət yetirmiş, ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar vermiş, irqi, milli, dini, silki və başqa bərabərsizliyi ləğv etmiş, Avropanın və Amerikanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlaya-raq qadınlara seçki hüququ vermişdir.
    Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti yeni müstəqil dövlətin fəaliyyətinin qanunvericilik əsaslarını yaratmaq yolunda mühüm addımlar atmışdır. Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyəti ərzində parlamentin qəbul etdiyi qanunlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin siyasi və iqtisadi inkişafına, mədəniyyət, maarif və təhsil sahələrində sür’ətli irəliləyişinə, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına imkan vermişdi.
    Azərbaycan Xalq Cumhuriyyəti yarandığı gündən sülhsevər siyasət yeritmiş, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış və bir-birinin hüquqlarına hörmət etmək prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir. Həmin dövrdə Azərbaycan hökuməti Qafqazda ümumi sülh və əmin-amanlıq yaratmaq təşəbbüsləri ilə dəfələrlə çıxış etmiş, region dövlətlərini ümumi düşmənə qarşı birləşməyə çağırmışdı. Lakin təəssüf ki, indi olduğu kimi, həmin dövrdə də Ermənistan Respublikasının və onun havadarlarının Qafqaz birliyi ideyasına qarşı xəyanətkar mövqeyi həmin ideyanın gerçəkləşməsinə imkan verməmişdi.
    1918 — 1920-ci illərdə Azərbaycanda milli dövlətin qurulması Azərbaycan xalqına tarixi torpaqlarının əsas hissəsini qoruyub saxlamaq imkanı verdi. Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi və bunun sayəsində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
    Azərbaycan Xalq Cumhuriyyəti müstəqil dövlət kimi süquta uğrasa da, onun tə’sis etdiyi respublika idarəetmə forması yaşamaqda davam etmiş, xalqımız müstəqil dövlət quruculuğu hisslərini heç vaxt unutmamışdır. Sovet hakimiyyəti illərində xalqımız özünün bir çox dövlətçilik atributlarını və ən’ənələrini qoruyub saxlamış, onun milli mənlik şüuru inkişaf etmiş, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində parlaq nailiyyətlər əldə etmiş, bütün sahələrdə yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır.
    1920-ci ilin aprel işğalı nəticəsində Azərbaycanda qurulan zorakı, totalitar sovet rejimi özünün ən sərt dövrlərində belə xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı, xalq özünün istiqlal arzusunu nəsildən nəsilə ötürə bildi. Əsrimizin səksəninci illərinin sonunda xalqımız istiqlal əzmini reallaşdırmaq üçün imkan əldə etdi və bütünlüklə milli azadlıq hərəkatına qoşuldu.
    1988-ci ildə vü’sət alan milli azadlıq hərəkatı bir tərəfdən Dağlıq Qarabağ məsələsində keçmiş Sovetlər İttifaqı rəhbərliyinin tutduğu ədalətsiz və qərəzli mövqe ilə bağlı idisə, digər tərəfdən neçə illərdən bəri xalqın bütün varlığına hakim kəsilmiş istiqlal arzusunun məntiqi nəticəsi idi. Milli istiqlaliyyət uğrunda mübarizə şüarları altında genişlənən milli azadlıq hərəkatı xalqda öz qüvvələrinə sarsılmaz inam hissi yaratdı, hətta 1990-cı ilin qanlı Yanvar faciəsi də onun mübarizə əzmini qıra bilmədi, əksinə daha da gücləndirdi.
    1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazanaraq Xalq Cumhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiq etdi. Bununla belə Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi yol, onun taleyi xalqımız üçün eyni zamanda ibrət dərsi oldu. Tariximizin yeni dönüş məqamında düzgün daxili və xarici siyasət yeridilməməsi, dövlət quruculuğu sahəsində yol verilən kobud səhvlər, səriştəsiz rəhbərlik Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb ola biləcək ağır hakimiyyət və dövlət böhranı doğurdu, qardaş qırğını təhlükəsi, separatizm meylləri dövlətimizi parçalayıb məhv olmaq fəlakətinin astanasına gətirib çıxardı.
    Azərbaycan xalqının xoşbəxtliyi onda oldu ki, müstəqil dövlətçiliyin müqəddəratının həll edildiyi ağır günlərdə 1993-cü il iyunun 15-də müdrik dövlət xadimi Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi.
    Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nəaliyyətimiz, ən qiymətli sərvətimiz və XX əsrin əvvəlindən sonunadək xalqımızın dönmədən apardığı azadlıq mücadiləsinin məntiqi nəticəsidir. Azərbaycan respublikasının prezidenti Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” , “Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini bir daha heç vaxt itirməyəcəkdir”.
    Azərbaycan dövləti ölkəmizin xöşbəxt gələcəyi naminə öz üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edərək xalqımızın Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik ən’ənələrinə sadiq qaldığını bir daha təsdiq etdi və bəyan etdi ki, ölkəmiz bundan sonra ilk milli Konstitusiyamızda təsbit olunan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu daha da inkişaf etdirəcək, onu möhkəmləndirəcək, dövlətin ali məqsədi kimi insanların və vətandaşların hüquqlarını və azadlıqlarını hərtərəfli tə’min edəcək, idarəetmənin ən demokratik prinsiplərinə arxalanacaq, işğal olunmuş ərazilərimizi azad edəcək, məcburi köçkün düşmüş vətəndaşlarımızı öz doğma yurdlarına qaytaracaq, beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməklə bütün mübahisələrin sülh yolu ilə həll olunmasına üstünlük verəcəkdir.
    Müstəqil Azərbaycan respublikası Azərbaycan Demokratik Respublikasının ləyaqətli varisidir. Azərbaycan Demokratik Respublikasının şanlı dövlətçilik ən’ənələri Azərbaycanın müstəqilliyində yaşayır. Varislik prinsipinə toxunan Heydər Əliyev demişdir ki, Azərbaycan dövlət müstəqilliyini heç də quru yerdə almayıbdır. Bu çünkü müstəqil Azərbaycan dövləti 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların işinin davamçısıyıq.