AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§4. Milli birliyin zəifliyi, fərdi və qrup ambisiyaları.

    1918-ci ilin birinci yarısında Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulan milli ziyalılar siyasi mənsubiyyətlərindən asılı olmayaraq Məmməd Əmin Rəsulzadənin ətrafında sıx birləşib qətiyyət göstərdilər, milli vətəndaşlıq mövqeyindən çıxış etdilər. İlk günlərdən onların yekdil vətəndaşlıq həmrəyliyi, vətənə, xalqa bağlılığı, millətin taleyinə yanğı hissi açıq aşkar duyulurdu.
    1918-ci ilin iyun ayının 16-da Azərbaycan Demokratik Respublikasının Fətəli Xan Xoyskinin başçılıq etdiyi hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra Milli qüvvələr arasında ziddiyyətlər başlandı, bir sıra məsələlər üzrə onlar dərinləşib gərginləşdi. Əvvəlki ümumi mövqedən, milli həmrəylikdən fikir ayrılığına, ziddiyyətli mövqelərə keçidin bir sıra sosial-siyasi səbəbləri var idi.
    Əvvəla Azərbaycan Demokratik Respublikasının yaradıcıları uzun müddət müstəmləkə və imperiya şəraitində doğulub yaşamış, müxtəlif silkə və siyasi qurumlara mənsub olan ziyalılar idi. Onların şəxsi və qrup maraqları, mənafeləri, milli dövlətçiliyimizin fəaliyyətinin seçim yönümü fərqli idi. Demokratik ruhlu ziyalıların bir hissəsi belə düşünürdülər ki, guya Azərbaycan xalqının uğurlu gələcəyi onun dövlətçiliyinin Rusiya və ya Türkiyə ilə bağlılığındadır. Belə fikir formalaşmışdı ki, kiçik Azərbaycan yalnız böyük qonşu dövlətlərlə ittifaqda tərəqqi edə bilər, tanınar, dünya sivilizasiyasına qoşula bilər.
    Milli Şuraya daxil olan 44 ziyalının hamısı milliyətcə azərbaycanlı idi və onlar Azərbaycanın bütün bölgələrini əhatə edirdi. Bütün bunlara baxmayaraq onların bəziləri Azərbaycanın müstəqilliyi ilə bağlı məsələlərin həllində bir birinə zidd mövqe tuturdular. Azərbaycan xalqının taleyi ilə əlaqədar məsələlərdə müxtəlif baxışları doğuran səbəblər bir neçə idi.
    Əvvəla Milli Şuranın tərkibinə dörd partiyanın nümayəndələri və bitərəflər daxil idi. Onların 26 nəfərinin imzası ilə İstiqlal Bəyannaməsi qəbul edildi və müstəqil Azərbaycan Demokratik Respublikanın yaradılması e’lan olundu. Milli Şura yaradılarkən onun üzvləri həmrəylik və mövqe ümumiliyi nümayiş etdirirdilər. Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin mövqe və əqidəsi birmənalı və qəti idi.
    Milli Şuranın qərarına əsasən Fətəli Xan Xoyskinin başçılığı ilə yaradılan ilk milli hökumətin tərkibinə 9 nəfər, o cümlədən Musavat partiyasından dörd nəfər, üç nəfər bitərəf, Hümmət partiyasından bir nəfər, sosialistlərdən bir nəfər daxil idi. Azərbaycan Demokratik Respublikasının ikinci hökumətinin tərkibinə daxil olan 12 nəfərdən 4 nəfəri hüquq elmləri doktoru, 3 nəfəri tibb elmləri doktoru, 1 nəfəri filologiya elmləri doktoru, 4 nəfəri mühəndis idi. Onların hamısı Avropanın və Rusiyanın ali məktəblərində mükəmməl təhsil almış azərbaycanlılar idi.
    Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının üç kabinetinin sədri Fətəli Xan Xoyskinin ulubabası rus general-leytenantı Cəfərqulu Xan və babası İsmayıl Xan Şəki xanı olmuşlar. Atası İsgəndər xan rus ordusunun general-leytenantı idi. Fətəli Xan Xoyski qardaşları Cahangir xan, Rüstəm xanla birlikdə Rusiyada hüquq təhsili almışdı, onun qardaşı Hüseynqulu xan bu ölkədə tibb institutunu bitirmişdi.
    Azərbaycan Demokratik Respublikası hökumətinin ikinci sədri Nəsib bəy Yusifbəyli Odessa universitetində hüquq təhsili almışdı. Onun babası Usuf bəy Cavad xanın vəziri olub.
    Parlement sədrinin müavini Həsən bəy Ağayev Moskva universitetinin tibb fakultəsini bitirmişdi.
    Azərbaycan Demokratik Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Demokratik Respublikasının İrandakı səfiri Adilxan Ziyadxanov Moskva Universitetinin hüquq fakultəsini bitirmişdi, rus, ingilis, fransız, fars dillərini mükəmməl bilirdi.
    Xəlil bəy Xasməmmədov Moskva Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Demokratik Respublikası hökumətinin beş kabinetindən dördündə iki dəfə ədliyyə naziri, daxili işlər naziri vəzifələrini tutmuşdu.
    Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü, Azərbaycan qəzetinin redaktoru Kiyev dövlət universitetinin hüquq fakültəsini bitirmişdi.
    1918-ci ilin dekabr ayının 7-də M.Ə.Rəsulzadənin sədrliyi ilə işə başlayan Azərbaycan Demokratik Respublikasının ilk parlamentinin də tərkibi çox partiyalı, çox millətli, çox fraksiyalı idi. Parlamentin ilk tərkibinə daxil olan 97 nəfərdən 38-zi Musavat partiyasından, 13-ü İttihad partiyasından, 7-si Əhrar partiyasından, 13-ü sosialist partiyası fraksiyasından, 4-dü slavyan-rus cəmiyyətindən, 7-si Daşnaksutyun partiyasından və s. ibarət idi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun müavini Həsən bəy Ağayev siçildilər. Göründüyü kimi parlamentin tərkibi yekdil, eyni mövqeli adamlardan ibarət deyildi.
    Parlamentdə sayca çox təmsil edilən Musavat partiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində bir mənalı mövqe tutur, bütün siyasi qüvvələri birləşdirməyə çalışırdı. Lakin o təklikdə siyasi qüvvələrlə müqaisədə daha çox təmsil edilsə də ümumilikdə əksəriyyəti təşkil etmirdi. Parlamentin 97 üzvündən yalnız 38 nəfər Musavat partiyasını təmsil edirdi. Parlamentdə Musavat partiyasının aparıcı mövqei onun uzvlərinin nüfuzu, həlledici təsiri və hazırlıq səviyyəsi ilə bağlı idi.
    Açıq aşkar anti Azərbaycan mövqeyində duran sosialist partiyası fraksiyası, slavyan-rus cəmiyyəti və Daşnaksütyun partiyası parlamentdə 24 nümayəndə ilə təmsil edilmişdilər. Onların hər birinin özünə məxsus mövqeləri olsa da ümumi məqsədləri Azərbaycanın müstəqilliyinə mane olmaq, onu yenidən kiminsə itaətinə salmaq və parçalayıb dağıtmaq idi. Slavyan-rus qrupu və sosialistlər “Rusiyanın bölünməməzliyi” şüarı ilə çıxış edərək Azərbaycanı Rusiya ilə birləşməyə çağırırdılar.
    “Daşnaksutyun” partiyasını təmsil edən ermənilər isə bütün siyasi, diplomatik və hərbi vasitələrdən istifadə edərək Azərbaycanı parçalamağa, Zəngəzuru, Dağlıq Qarabağı, Naxçıvanı, Gəncəbasarı zəbt edib Ermənistana birləşdirməyə çalışırdılar.
    Əvvəllər Azərbaycanın müstəqilliyini müdafiə edən milli siyasi qüvvələrin bə’zi nümayəndələri isə sonradan Azərbaycanın Türkiyə ilə birləşməsi çağrışları ilə çıxış edirdilər. Bitərəflərdən də tərəddüd edənlər, tez-tez mövqelərini dəyişənlər, Azərbaycanın müstəqilliyinə qarşı təxribatçı addımlar atanlar da var idi.
    Müxtəlif mövqeli və tərəddüd edən qüvvələrin ilk təxribat xarakterli addımları Milli Şuraya qarşı yönəlmişdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq Azərbaycan Demokratik Respublikasının hökuməti onu ilk tanıyan dost Türkiyə ilə 1918-ci ilin iyun ayının 4-də sülh və dostluq haqqında müqavilə imzaladı . Müqaviləyə əsasən Azərbaycana Nuru paşanın başcılığı altında 300 nəfərdən ibarət türk hərbi missiyası gəldi. Bu zaman Azərbaycan əhalisinin imkanlı təbəqələri üçün Milli Şura və onun yaratdığı Milli hökumət artıq dərəcədə sol və inqilabi görünürdü. Həmin təbəqələr Milli Şuraya qarşı təxribat xarakterli kompaniya təşkil edir və Gəncədə xüsusi nüfuza malik olan Nuru paşanı bu işə cəlb etməyə çalışırdılar. Milli Şuranın tərkibinə seçilmək iddiasında olan, lakin kənarda qalan qüvvələr, xüsusi ilə də ilhaqçılar Nuru paşanın təzyiqi ilə Milli Şuranın buraxılması uğrunda güclü qüvvəyə çevrilmişdilər. Onlar Türkiyə ilə birləşməyi tələb edir, Milli Şuranın üzvlərini xalqın gözündən salır, onları türk qoşun hissələrinin Azərbaycana çağırılmasına mane olmaqda ittiham edirdilər. Görülən tədbirlər nəticəsində müxalifət qüvvəlləri Nuru paşanı yola gətirməyə nail oldular və onu Milli Şuraya qarşı qoya bildilər.
    Təzadlı mə’lumatlar əsasında subyektiv mövqe tutan Nuru paşa onunla görüşmək təşəbbüsündə olan Milli Şuranın nümayəndələrini qəbul etmir və onlara özünün etimadsızlığını bəyan edir. Nuru paşanın Milli Şuraya qarşı yönələn subyektiv qərarı Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə idi. Burada Azərbaycanın Türkiyəyə birləşdirilməsi meylinin güclənməsi də özünün mənfi təsirini göstərirdi.
    Nuru paşanın müşaviri Əhməd bəy Ağayevin vasitəçiliyi ilə sazişə gəlmək mümkün olsa da böhran aradan qaldırılmadı. Nuru paşa Milli Şura buraxılması şərti ilə fəaliyyətini davam etdirməsi üçün Azərbaycan hökumətinə razılıq verdi. Yaranmış gərgin vəziyyəti müzakirə etmək üçün 1918-ci ilin iyun ayının 17-də Milli Şuranın Gəncədə keçirilən xüsusi iclasında bütün səlahiyyətləri nazirlər kabinetinə verdi və özünü buraxdı. M.Ə.Rəsulzadə demişdi: ”Ümid edirəm ki, Milli Şuranın üzvləri yaranmış vəziyyətin mahiyyətini anlayaraq Vətənin mənafeini müdafiə edəcək, bununlada özlərinin vətənpərvərliyini sübut edəcəklər” .
    Hökumət dairələrində Nuru paşanın Milli Şuraya qarşı mövqeinə münasibət eyni deyildi. Aslan bəy Səfikürdlü bildirdi ki, sosialistər fraksiyası türklərə böyük rəğbəti ilə bərabər Milli Şuranın buraxılması tələbini qətiyyətlə rədd edir.
    Məmməd Həsən Hacınski qeyd etdi ki, “mən maraqlanmışam, türklər yalnız hərbi işlərlə məşğul olacaqlar. Onlar həqiqətən də Azərbaycanda müstəqil və nüfuzlu hökumətin yaranmasını istəyirlər” . Maliyyə naziri Nəsib bəy Yusifbəyli M.Hacınskini müdafiə etdi və bildirki ki, Nuru paşadan bizə zaval yoxdur, o bizim arxamızdır. Beləliklə, Nəsib bəy Yusifbəyli, Məmməd Həsən Haçınski və başqaları Milli Şuranın buraxılmasına, yeni hökumətin təşkilinə və yaxın vaxtlarda tə’sis yığıncaqının çağrılmasına tərəfdar olduqlarını bəyan etdilər.
    Axşam iclasında M.Ə.Rəsulzadənin təklifi ilə Fətəli Xan Xoyskinin başçılığı ilə yeni hökumət kabineti yaradıldı. M.Ə.Rəsulzadə yekun sözündə bəyan etdi ki, Milli Şuranın “meydandan çəkilmək məcburiyyətində qalması, heç şübhəsiz, demokratiyanın bir ric’əti, mürtəci qüvvələrin bir müvəffəqiyyətidir” .
    Çox gərgin və ziddiyyətli müzakirələrdən sonra Milli Şura iki qətnamə qəbul etdi. Birinci qərar müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında idi. Qərarda deyilirdi ki, müvəqqəti hökumət dövlət müstəqilliyi haqqında qəbul etdiyi qanunları ləğv edə bilməz və o altı aydan gec olmayaraq Müəssisələr məclisi çağırmalı, idarəetmə məsələlərində tam səlahiyyətindən istifadə etməlidir.
    İkinci qərar Azərbaycanın Milli Şurasının buraxılması haqqında idi. Qərarda qeyd edilirdi ki, tam hakimiyyət Fətəli Xan Xoyskinin başçılıq etdiyi hökumətə verilir və o hakimiyyəti müəssisələr məclisindən başqa heç kəsə verə bilməz.
    Bu çox gərgin vəziyyətdə Məmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyi naminə müdrik qərar qəbul edərək bəyan etdi ki, biz bu vəziyyətdən qanuni bir çıxış yolu tapmasaq, irticanın qara qüvvələrinin hakimiyyətə yiyələnmək təhlükəsi meydana çıxacaq . Beləliklə, Milli Şura özü özünü buraxdı və hakimiyyəti milli hökumətə verdi.
    Respublikanın daxilində siyasi vəziyyət gərgin olaraq qalırdı. Bakı bolşevik təşkilatı müstəqil Azərbaycan respublikasını devirməyə yönəldilmiş fəaliyyətini getdikcə gücləndirirdi. Hələ 1919-cu ildə bolşeviklər Kommunist partiyasının adında dəyişiklik etməklə onun Azərbaycan xalqı arasında nüfuzunu qaldırmağa çalışırdılar. Onlar başa düşürdülər ki, partiya RK/b/P-sı adlandırıldığına görə kütlələr onun tərəfinə keçməyəcək. Məhz bu məqsədlə onlar “müstəqil” Azərbaycan KP yaratmaq ideyasını irəli sürürlər. Əslində isə Əliheydər Qarayevin e’tiraf etdiyi kimi söhbət ancaq formal partiyadan gedirdi. Faktiki olaraq partiya RK/b/P-nin yerli təşkilatı idi. Hətta bu formal addım RK/b/P Qafqaz Ölkə Komitəsi tərəfindən millətçilik kimi qiymətləndirildi və qəbul edilmədi.
    Müstəqil Azərbaycan KP yaratmaq ideyasını ancaq 1920-ci ilin fevralınnda həyata keçirmək mümkün oldu. RK/b/P 1920-ci il yanvarın 3-də Zaqafqaziya dövlətləri ərazisində müstəqil kommunist partiyaları yaratmağa icazə vermişdi. Qəribədir ki, RK\b\P MK siyasi bürosunun qərarına əsasən bu partiyalara əsasən RK/b/P Qafqaz ölkə komitəsi başçılıq etməli idi. 1920-ci il fevralın 11-12-də müstəqil AK/b/P yarandı. Partiyanın MK-nin sədri vəzifəsinə Mirzə Davud Hüseynov seçilsə də onun faktiki rəhbəri A.İ.Mikoyan idi. Adının dəyişdirilməsinə baxmayaraq müstəqil AK/b/P kütləvi təşkilata çevrilə bilmədi. Musavat partiyasının ölkə daxilində nüfuzu o qədər güclü idi ki, heç bir qüvvə ona qarşı durmaq iqtidarında deyildi. Yalnız xarici qüvvə onu üstələyə bilərdi.
    1919-cu ilin avqustunda Azərbaycan kommunistləri Musavatın, milli demokratların 1918-ci ilin mart hadisələrindən sonra irəli sürdükləri “Müstəqil Azərbaycan” ideyasına qarşı “Müstəqil Sovet Azərbaycanı” şüarını irəli sürmüşdülər. 1920-ci ilin fevralında yaradılmış Azərbaycan K/b/P RSFSR Xarici işlər komissarlığının sorğusuna cavab olaraq Azərbaycanın müstəqilliyini tanınması əleyhinə çıxmışdı. Bir az sonra Kirov və Stalin də bu mövqeyi müdafiə etməyi tövsiyyə etmişdilər.
    Azərbaycan respublikası hökumətinin daxilində başlanmış çəkişmələr də xarici müdaxilə üçün əlverişli şərait yaradırdı. Sovet Rusiyasına münasibət məsələsində hökumətin iki üzvü, F.X. Xoyski ilə M.H.Hacınski arasında gərgin mübarizə gedirdi. F.X.Xoyski Sovet Rusiyasına münasibətdə kəskin siyasət tərəfdarı idi. O, tələb edirdi ki, M.H.Hacınski daxili işlər naziri vəzifəsindən azad edilsin, parlament buraxılsın və ölkənin müdafiəsi üçün hökumətə fövqəl’adə səlahiyyətlər verilsin.
    F.Xoyskinin tərəfdarları müvəqqəti də olsa qələbə çaldılar, M.Hacınski daxili işlər naziri vəzifəsindən azad edildi. Lakin o hökumətin tərkibində qalırdı və cavab zərbəsi üçün əlverişli məqam gözləyirdi. Tezliklə belə məqam yarandı. Qarabağda daşnak qiyamının başlanmasından istifadə edən Rusiya tərəfdarları hökuməti ölkə daxilində qayda yarada bilməməkdə günahlandırdı və onu istefaya çıxmağa məcbur etdilər.
    Yeni hökumət təşkil edilməsi M.H.Hacınskiyə tapşırıldı. Hökumət yaratmağa mandat alan M.H.Hacınski ilk növbədə bolşeviklərlə danışığa girib onlara nazir vəzifələrini təklif etdi. Lakin bolşeviklər bundan imtina etdilər.
    Uzun müddət cəhd göstərməsinə baxmayaraq M.H.Hacı-n-skiyə yeni hökumət təşkil etmək müyəssər olmadı və aprelin 22-də o baş nazir vəzifəsindən imtina etdi. Uzun müddət ölkədə hökumətin olmaması onsuz da mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirdi. Ayrı-ayrı siyasi partiyaların, birinci növbədə “İttihad” partiyasının siyasi intriqaları milli qüvvələri birləşdirməyə imkan vermirdi. Sovet Rusiyası ilə hərbi ittifaq tərəfdarı olan “İttihad” partiyası “Musavat” partiyasının rəhbərlik etdiyi hökuməti devirmək üçün hər cür vasitədən istifadə edir, bu məqsədlə kommunistlərin köməyindən istifadə etməyə çalışırdı.
    Bu dövrdə türklər də Azərbaycan respublikasının Sovet Rusiyası ilə ittifaqı lehinə güclü təbliğat aparırdılar. Vahid imperialist cəbhəsi önündə çətin vəziyyətə düşən Türkiyə Sovet Rusiyasının kömək haqqında təklifini böyük razılıqla qarşıladı. Bunun müqabilində o, Zaqafqaziyanın, o cümlədən Azərbaycanın Rusiyanın nüfuz dairəsinə keçməsinə razılıq verməyə məcbur olmuşdu. Türkiyənin köməyinə göndəriləcək qüvvə isə hökmən Zaqafqaziyadan, o cümlədən Azərbaycandan keçməli idi. Bu isə faktiki olaraq Azrəbaycanın müstəqilliyinə son qoymaq demək idi.
    Belə mürəkkəb və ziddiyyətli vəziyyət Azərbaycan Demokratik Respublikası hökuməti daxilində təhlükəli böhran yaranmışdı. M.H.Hacınskinin müxalifət qrupunun qələbə çalması üzündən radikal xətt yürüdən N.Usubbəyov hökuməti 1920-ci ilin mart ayında istefa verməli olmuşdu. Yeni hökumətin yaradılması tapşırığı alan M.H.Hacınski aprel ayının əvvəlindən axırına kimi yeni hökumət təşkilini qəsdən ləngitmişdi. Bolşevikləri hökumətdə iştirak etməyə də’vət edən və bolşeviklərin imtinası müqabilində M.H.Hacınski özü kommunist partiyası sıralarına daxil oldu. Məmməd Həsən Hacınski Türkiyə kommunist partiyasının zamin durması və tövsiyəsi ilə Qafqaz Mərkəzi inqilab komitəsilə müzakirəyə kirişdi və kommunist partiyasını rəsmən siyasi partiya kimi qəbul etmək və ölkə daxilində sərbəst surətdə fəaliyyət göstərməsinə icazə vermək, həbs olunmuş kommunistləri azad etmək, Azərbaycanın daxili işlərinə müdaxilə etməmək şərtilə Qızıl Ordunun Azərbaycandan Ermənistana və Kürcüstana hərəkətinə mane olmamaq, ingilislərlə siyasi münasibətləri kəsmək barədə razılaşmaya nail oldu.
    M.Ə.Rəsulzadə qeyd edirdi ki, siyasətçilər arasında elələri var idi ki, çətinliklər qarşısında mövqelərini 180 faiz dəyişdirdilər. İş o yerə gəlib çıxmışdır ki, əvvəllər vətənpərvərliyində şübhəetmədiyimiz bəzi hörmətli şəxslər cılız ürəklilik edib müstəqillikdər imtina barədə məsələ qoyulmasını təklif etdilər. Belə ki, Əhməd bəy Ağayev bu vəziyyətdə “vahid və bölünməz Rusiya” şüarı ilə çıxış edən Rus Milli Şurası ilə danışıqlara girməyə tələsdi və açıq bildirdi ki, belə şəraitdə Azərbaycan müstəqil mövcud olmağa qadir deyil. Bununla o, gənc Azərbaycan dövlətinin mənafelərinə zidd, təslimçi hərəkət etdi. Yaxşı ki, hökumətin başında duran Fətəli xan Xoyski bir sıra digər liderlərlə birlikdə bu xofa düşmədilər.
    Hökumət böhranının səbəblərindən biri də guya ingilispərəst Azərbaycan hökumətinin Qızıl Ordunun Türkiyəyə köməyə getməsinə yol verməməsi kimi qondarma şaiyə idi.
    Daşnak Ermənistanın Azərbaycana qarşı təxribatçı siyasəti də bu böhranın dərinləşməsinə kömək etmişdi. Hətta 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Pirumov və Zaxaryan Moskvaya gedərək ərazi güzəştləri müqabilində Azərbaycan Demokratik Respublikasının hökumətini devirmək işində öz hökumətlərinin təklifini bildirmişdir.
    Lakin bütün bunlara baxmarayaq Azərbaycan Respublikası Sovet Rusiyası ilə son ana qədər münasibətləri qaydaya salmağa sə’y göstərmişdi. Hətta martın 30-da onunla ticarət müqaviləsi imzalamağa nail olmuşdu. Buna məhəl qoymayan Rusiya hökuməti Azərbaycan Respublikasının şimal sərhədlərinə, Dərbənd rayonuna Qızıl Ordu hissələrini cəmləşdirməkdə davam etdi.
    Bu vaxt Azərbaycan respublikasının şimal sərhədlərində vəziyyət getdikcə daha təhlükəli xarakter alırdı. Aprelin ortalarında XI Qızıl Ordu hissələri Denikin ordusunun son qalıqlarını darmadağın edərək Azərbaycanın şimal sərhədlərinə yaxınlaşmışdı. Yaranmış vəziyyətdən narahat olan Azərbaycan hökuməti aprelin 15-də Rusiyanın xarici işlər naziri Q.V.Çiçerinə nota ilə müraciət edərək XI Ordunun Azərbaycan sərhədlərinə yaxınlaşmasının səbəblərini aydınlaşdırmağı tələb etdi. Çiçerinin Azərbaycan hökumətinə cavab verməməsi onu göstərirdi ki, Azərbaycana müdaxiləyə hazırlıq özünün həlledici mərhələsinə çatmışdır.
    Bu zaman XI Qızıl Ordunun qərargahına kələn A.Mikoyan Azərbaycan xalqı adından rus ordusunu Azərbaycana də’vət etdi. XI Qızıl Ordunun hərbi-inqilab şurası ilə əvvəlcədən razılaşdırılmış plana əsasən bu ordu hissələri Bakıda üsyan başladıqda bir-iki gündən sonra Azərbaycan ərazisinə daxil olmalı idi. Bununla Sovet Rusiyasının rəhbərləri ictimaiyyətin rə’yini azdırmaq, onda belə təsəvvür yaratmaq istəyirdi ki, guya Azərbaycan hökuməti XI Qızıl Ordu hissələri tərəfindən deyil, yerli bolşeviklərin üsyanı nəticəsində devrilmişdir. Lakin XI Qızıl Ordunun rəhbərlərinin Bakıda üsyanın başlanmasını gözləməyə “hövsələləri” çatmadı. Artıq aprelin 27-də, gündüz, 72 minlik XI Qızıl Ordunun zirehli qatarlar qrupu Azərbaycan sərhədini keçib sür’ətlə Bakı üzərinə hərəkət etməyə başladı. Azərbaycan ordusunun kiçik dəstələri XI Qızıl Ordunun hücumunun qarşısını ala bilmədi. Müqavimətin mə’nasız olduğunu başa düşən Ə.Şıxlınski minalanmış körpülərin partladılması əmrini ləğv etdi.
    XI Ordunun hücumu ilə eyni bir vaxtda 1920-ci il aprelin 27-də, gündüz saat 12-də AK/b/P-nin MK-sı və Qafqaz Ölkə Komitəsinin Bakı bürosu Azərbaycan parlamentinə ultumatumla müraciət edərək hakimiyyəti təhvil verməyi tələb etdilər. Dinc əhali arasında qırğınlara yol vermək istəməyən Azərbaycan hökuməti elə həmin gün axşam saat 11-də aşağıdakı şərtlərlə hakimiyyəti bolşeviklərə təhvil vermək qərarına gəldi. İrəli sürülmüş şərtlərdə göstərilirdi ki, rus ordusu Bakıya daxil olmayacaq və dəmir yolu ilə Türkiyənin köməyinə gedəcək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü hər cür təcavüzdən müdafiə olunacaq, Azərbaycan ordusu saxlanılacıq, Azərbaycanın siyasi partiyalarının sərbəst fəaliyyəti üçün şərait yaradılacaq, keçmiş dövlət xadimləri, hökumət və parlament üzvləri tə’qib olunmayacaq, Azərbaycanın idarə forması demokratik yolla seçilmiş fəhlə, kəndli və əsgər Sovetləri tərəfindən müəyyənləşdiriləcək.
    Yalnız aprelin 29-da gündüz saat 2-də Azərbaycan inqilab komitəsi Sovet hökumətinə müraciət edərək Qızıl Ordu hissələrinin köməyə göndərilməsini xahiş etdi. Lakin belə müraciətə artıq ehtiyac yox idi. Çünki, artıq iki sutka idi ki, XI Qızıl Ordunun hissələri Azərbaycan ərazisində yerləşirdi. Bu müraciətin yeganə məqsədi Azərbaycan hökumətinin Azərbaycan xalqının özü tərəfindən devrildiyini köstərmək idi. Bu diplomatik və hərbi hiylə idi.
    Əslində zirehli qatarlara qarşı heç bir müqavimət göstərilmədiyi halda dəmir yol stansiyaları bombardman edilirdi. Bakıda telefon, elektrik stansiyası, dəmir yol stansiyası, polis mərkəzləri işğal edildi.
    XI Qızıl Ordu Bakıya kirəndən sonra A.Mikoyanın göstərişi ilə şəhərdə “qarət həftəsi”, müsəlman evlərinin talan edilməsi başlandı.
    Belə gərgin şəraitdə 1920-ci ilin aprel ayının 27-də Azərbaycan Demokratik Respublikası parlamentinin fövqəladə iclası keçirildi. İclasda İttihad partiyasının lideri Qarabəyov və digər deputatlar sosialistlərlə birləşərək Azərbaycan Demokratik Respublikası hökumətinin devrilməsinə səs verdilər.
    Məmməd Əmin Rəsulzadə parlametin son iclasında demişdi: “Əliheydar Qarayev kimi özümüzünkülər bizi üsyanla qorxudaraq, içərimizdən bizə ultimatum verdilər”.
    Beləliklə 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikası süqut etdi.