AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§3 Böyük dövlətlərin imperiya mənafeləri

    Siyasi cəhətdən son dərəcə ziddiyyətli dövrdə, sosial-iqtisadi baxımdan ağır vəziyyətdə yaranan Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətlərin imperiya maraqlarından doğan təhlükəli təzyiqləri ilə üz-üzə dayanmışdı. Xüsusi coğrafi mövqedə yerləşən Azərbaycan torpaqlarına və onun zəngin neft ehtiyatlarına göz tikən, onlardan bəhrələnmək istəyən xarici dövlətlərin sayı çox idi. Lakin Rusiyanın və İngiltərənin siyasi, iqtisadi və hərbi təzyiqləri daha təhlükəli idi.
    Azərbaycanın bütün neft mədənlərini özündə cəmləşdirən Bakı şəhəri və onun ətrafı bolşevik-daşnak qüvvələrindən ibarət olan sovet hökumətinin əlində idi. Qatı millitçi daşnak Stepan Şaumyanın məkrli sovetləşmə siyasəti pərdəsi altında yaradılan erməni silahlı qüvvələri şəhəri talan edir, vətəndaş duyumlu insanları qətlə yetirir, Bakı neftini Həştərxan yolu ilə Rusiya göndərirdilər. Onun təhriki ilə, hələ 1918-ci ilin may ayının 28-də yaradılan Azərbaycan Demokratik Respublikası Azərbaycana buraxılmır və onun Azərbaycana köçməsinin qarşısını almaq üçün hərbi tədbirlər həyata keçirilirdi.
    Azərbaycan milli hökumətini əbədi mühacirətdə saxlamaq və onu əzəli vətən torpaqlarına buraxmamaq üçün bolşeviklər Bakıdan Gürcüstan ərazisinə qədər bütün ərazini işğal etməyi planlaşdırdılar. Bu məqsədlə iyunun 12-dən başlayaraq Bakı Sovetinin hərbi hissələri Gəncə istiqamətində hücuma başladı və Şamaxı, Kürdəmir, Göyçay ərazilərinə qədər irəlilədilər. Öz ordu hissələri olmayan Azərbaycan Respublikası kömək üçün Türkiyəyə müraciət etdi və 4 iyun 1918-ci il müqaviləsinin 4-cü bəndinə əsasən Türkiyənin V Qafqaz diviziyası, Karpat cəbhəsindən götürülmüş XV Çanaxqala diviziyası Gəncəyə göndərildi. Yeni yaradılmaqda olan Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi və Nuru paşanın komandanlığı altında Göyçay ətrafında döyüşə girdi. İyunun 27-dən iyulun 1-nədək davam edən döyüşlərdə Qafqaz İslam Ordusu Bakı Sovetinin əsasən ermənilərdən təşkil olunmuş və daşnaklar tərəfindən başçılıq edilən hərbi hissələrini məğlubiyyətə uğratdı. İyulun əvvəllərində Ələt stansiyası yaxınlağında sahilə çıxarılıb, Kürdəmir cəbhəsinə göndərilən 1500 nəfərlik Biçeroxovun dəstəsi də Qafqaz Ordusunun qarşısının ala bilmədi. İyulun 20-də Şamaxı ətrafındakı döyüşlərdə Bakı Sovetinin Hərbi hissələri yenidən ağır məğlubiyyətə uğradı. Yalnız bu uğurlar ərəfəsində, Azərbaycan Demokratik Respublikası hökuməti 1918-ci ilin iyun ayının 16-da Tiflisdən Gəncəyə köçmək imkanı əldə etdi.
    1918-ci ilin yayında Azərbaycan respublikasının qarşısında duran başlıca növbəti vəzifə Bakını azad etmək idi. Azərbaycanlıların Bakı Sovetinə mənfi münasibəti, şəhərdə ərzaq vəziyyətinin çətinlənməsi, cəbhələrdə sovet qoşunlarının ağır məğlubiyyəti bolşeviklərin nüfuzunu sür’ətlə aşağı salırdı. Nəticədə, 1918-ci il iyulun 31-də Bakıda Sovet hakimiyyəti süqut etdi. Şəhərdə hakimiyyət eser, menşevik və daşnaklardan təşkil edilmiş “Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət hey’ətinin Diktaturası” deyilən yeni yad rejimin əlinə keçdi. General Denstervilin başçılığı ilə 1,5 min nəfərlik ingilis hərbi hissəsini Bakıya də’vət edən “Sentrokaspi diktaturası” öz hakimiyyətini möhkəmləndirə bilmədi. Sentyabrın 15-də Azərbaycan—Türk hissələri Bakıya daxil oldu. Bakı uğrunda döyüşlərdə mindən artıq türk, beş mindən artıq isə azərbaycanlı həlak oldu. Nahəyət 1918-ci ilin sentyabr ayının 17-də F.X.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü.
    Lakin I Dünya müharibəsində məğlub olan Türkiyə 1918-ci il oktyabrın 30-da İngiltərə ilə bağladığı Mudros sazişinə əsasən qısa müddətdə öz qoşunlarını Zaqafqaziyadan, o cümlədən Azərbaycandan çıxarmalı oldu. Zaqafqaziya İngiltərənin nüfuz dairəsi e’lan olundu və noyabrın 17-də Bakıya ingilis qoşunları yeridildi.
    General Tomsonun Bakıya gəlməzdən əvvəl verdiyi bəyannamədə deyilirdi: “Bakı şəhəri neft mə’dənləri ilə birlikdə işğal olunacaq, ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və qoşunlarının nəzarəti altında qalacaqdır”. General Tomson Bakının General-Qubernatoru tə’yin olunduqdan sonra o, Azərbaycan bayrağının endirilməsi əmrini vermişdi.
    Azərbaycan respublikası yenidən ciddi təhlükə qarşısında qaldı. Özünün milli hərbi hissələri olmayan Azərbaycan hökumətinin ingilis qoşunlarına hərbi müqavimət göstərmək imkanı yox idi. Yaranmış vəziyyətlə bağlı M.Ə.Rəsulzadə yazırdı: “Türk ordusu çəkilmiş, Azərbaycan hərbi hissələri isə yox idi … Fərzən qüvvə olsa belə, Almaniyanın, Türkiyənin təslim olduğu bir qüvvəyə qarşı Azərbaycanın hərb açması təbii ki, ağla belə gəlmirdi. Ona görə də məsələ yalnız diplomatik vasitələrlə həll ediləcəkdi”.
    M.Ə.Rəsulzadənin bəyanətinə əsasən Ənzəlidə yerləşən ingilis ordusunun komandanı general Tomsonla danışıqlar aparan N.Usübbəyov,Ə.Ağayev və M.Rəfiyevdən ibarət nümayəndə hey’ətinin səylərinə baxmayaraq gözlənilən nəticə əldə edilmədi.
    Bakını rus şəhəri hesab edən Tomson burada işğal rejimi yaratdı, şəhər polis, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoydu.
    Vəziyyətin ağırlığı Azərbaycan hökumətini istiqlal fikrindən daşındırmağa vadar edə bilmədi. Beş aylıq fasilədən sonra 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən öz işinə başladı. Noyabrın 19-da Milli Şura Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qanunda göstərilirdi ki, yaranmış vəziyyətdə Azərbaycanın müəssisələr məclisini çağırmaq mümkün olmadığından Milli Şura ümumdövlət qanunverici orqana — Azərbaycan parlamentinə çevrildi.
    Azərbaycan parlamentinin açılışına hazırlıq işləri zamanı general Tomsona aydın oldu ki, Azərbaycan hökuməti Bakıda xalq arasında dayağı olan yeganə real siyasi qüvvədir. Məhz bu dövrdən ingilis komandanlığının Azərbaycan hökuməti ilə yaxınlaşması başlandı.
    Müttəfiqlərin Rus torpağının kiçik bir hissəsini belə işğal edilməməsi haqqında Tomson Rus xalqı qarşısında and içsə də tezliklə general Azərbaycanın müstəqilliyinə münasibətini dəyişdi. 1918-ci ilin dekabr ayının 26-da Fətəli Xan Xoyskinin başçılıq etdiyi hökumət təşkil olunduqdan sonra V.M.Tomson Azərbaycan hökuməitini tanıdığını bildirdi.
    V.M.Tomsonun bəyanatına görə bütün Azərbaycan ərazisinin hüdudlarında Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış Azərbaycan koalisiyon hökuməti yeganə qanuni hakimiyyətdir və müttəfiq ölkələrin hərbi qüvvələrinin komandanlığı bu hökumətə hərtərəfli yardım göstərəcəkdir.
    Rusların Azərbaycana dair iddialarını rədd edən Tomson ermənilərlə münaqişədə də müsəlmanların xeyrinə siyasət aparırdı. Ermənilər Yelizavetopol quberniyasının qərb hissəsində yerləşən Dağlıq Qarabağı ələ keçirmək istəyirdilər. Onun əhalisi arasında azərbaycanlılar ilə ermənilərin xüsusi çəkisi 3:2 nisbətində idi. Strateji koridor rolunu oynayan Qarabağ Şərqi Zaqafqaziya müsəlmanları ilə Türkiyə arasında əlaqə ola bilərdi. Türklər Bakını tərk etdikdən sonra daşnak Andranik Qarabağ bölgəsində erməni hakimiyyəti yaratmağa cəhd göstərdi. Lakin Tomson Andronikdən hərbi əməliyyatı dayandırmağı tələb etdi.
    1919-cu il yanvar ayının ortalarında general Tomson Qarabağı Zəngəzur qəzası ilə birlikdə Azərbaycan hökumətinin idarəsi altına daxil etdi və general Xosrov bəy Sultanovu hər iki ərazinin qubernatoru tə’yin etdi.
    İngilislərin bu himayədarlığı Azərbaycana ucuz başa gəlmədi. 1918-ci ili dekabrından 1919-cu ilin aprelinə qədər Britaniyalılar Bakı—Batum kəməri vasitəsilə haqqı ödənilmədən Azərbaycandan 8405471 manat 20 qəpik dəyərində neft və neft məhsulları apara bilmişlər. Nəzərə alaq ki, bir o qədər də nefti Bakı Kommunası dövründə əvəzsiz olaraq Sovet Rusiyası aparmışdı.
    1919-cu ildə rus ağqvardiyaçıları tərəfindən Qafqazın Şimal ətəklərinin tutulması nəticəsində Azərbaycan öz taxıl mənbələrindən ayrı düşmüş, ixracat yolları bağlandığı üçün sənaye xammalı sayılan pambığın, ipəyin və tütünün, neftin istehsalı kəskin surətdə azalmışdı.
    1919-cu ilin yayında Azərbaycanın siyasi həyatında əlamətdar hadisə baş verdi. Avqustun ikinci yarısında ingilis qoşunları Azərbaycan ərazisini tamamilə tərk etdilər. Bu andan e’tibarən Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı.
    Azərbaycan Demokratik Respublikası rəsmi e’lan edilməsinə və yaşamasına baxmayaraq Rus milli Şurası Azərbaycanı Rusiyanın mülkiyyəti hesab edir, azərbaycan xalqının milli müqəddəratını tə’yin etmək hüququnu tanımaq istəmir, müxtəlif tələblər irəli sürür, təzyiqlər göstərirdi. Qatı millətçi daşnaq Anastas Mikoyan bəyan etmişdi ki, Azərbaycanın müstəqilliyi haqqında söz ola bilməz .
    1920-ci ilin yanvar ayının 11-də Paris sülh konfransında böyük dövlətlər Azərbaycanı de-fakto tanıdıqdan sonra V.İ.Lenin 1920-ci ilin mart ayının 17-də Qafqaz cəbhəsi hərbi inqlab şurasına göstəriş vermişdi. “Bakını ələ keçirmək bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin”. Göründüyü kimi şimaldan gözlənilən təxribat xarakterli təhlükə açıqlanır və yaxınlaşırdı. Azərbaycanın işğalını əsaslandırmaq məqsədi ilə Rusiya bu ölkəyə qarşı bir sıra təxribat xarakterli iddialar irəli sürdü. 1920-ci ilin yanvar ayının 18-də xarici işlər naziri Q.V.Çiçerin Azərbaycanı Denikinə yardım göstərməkdə ittiham etdi. Azərbaycanın xarici işlər naziri Fətəli Xan Xoyski cavab notasında bu ittihamı böhtan adlandırmış və e’lan etmişdir ki, Azərbaycan neytral ölkədir, heç kimin daxili işinə qarışmır, Denikinlə heç bir əlaqəsi yoxdur. Nazir bəyan etmişdir ki, o Rusiyanın hələ də Azərbaycanının müstəqilliyini tanımadığına təəssüflənir.
    Rusiya Azərbaycanın Denikinə mənfi münasibətini bilirdi. O vaxt Azərbaycanın müstəqilliyi üçün Denikin Rusiya qədər təhlükəli idi. Hər iki tərəf Azərbaycanı işğal etmək, onun neftinə sahib olmaq iddiasında idi. Lakin Rusiyanın planı daha məkrli və daha təhlükəli idi. Rusiya hər vasitə ilə çalışırdı ki, Azərbaycanı Denikinlə üz-üzə qoysun, Denikini Azərbaycanı işğal etməyə təhrik etsin, vuruşan tərəflər zəiflədikdə Azərbaycanı zəbt etsin.
    Rusiyanın Azərbaycana qarşı təcavüzkar siyasətini müzakirə edən milli hökumət şimal sərhədlərini möhkəmləndirmək barədə tədbirlər körməyə başladı, Gürcüstanla 1919-cu ilin iyun ayının 27-də bağladığı hərbi müdafiə müqaviləsinə əsasən Azərbaycan bu ölkə ilə əlaqələri daha da gücləndirdi. Azərbaycan Demokratik Respublikası hökuməti Rusiyanın məkrli planlarına münasibətdə cəsarətli mövqe tutdu, ona qarşı fəal diplomatik müqavimət göstərmək mövqeini seçdi , ABŞ-ın, Fransanın, İngiltərənin dəstəyinə bel bağladı.
    O dövrdə yaranmış gərgin beynəlxalq vəziyyət şəraitində böyük dövlətlər Azərbaycana yalnız mənəvi və diplomatik dəstək göstərmək çərçivəsindən kənara çıxa bilmədilər. Bunu aydın körən Rusiya ekspansionizm və böyük dövlətçilik şovinizm siyasətini daha gücləndirir, tarixən rusların öz ərazilərini genişləndirmək planını həyata keçirməyə çalışırdı . Q.K.Orconigidze Lenindən aldığı tapşırığa əsasən Qafqaz cəbhəsi komandanı M.N.Tuxaçevski, hərbi inqlab şurasının üzvü S.M.Kirov, ordu komandanı M.K.Levandovski ilə birlikdə Bakının zəbt edilməsi planını işləyib hazırladı, Bakının tutulması haqqında aprel ayının 21-də XI-ci orduya ciddi sərəncam verdi.
    Aprel ayının 25-də hərbi inqilab şurası dəmir yolları mühafizə dəstəsinin rəisi M.Q.Efimov aldığı əmrə əsasən bütün zirehli qatarları vahid komandanlıq altında birləşdirdi, aprelin 27-də cəsarətli və qəti zərbə ilə Bakıya yollandı.
    XI ordunun sərəncamında 72 min əsgər və zabit, 3 atıcı diviziya, Taman atıcı briqadası, 2 suvari korpus, 1 suvari diviziya, 11 zirehli qatar, 1 aviasiya eskadrilyası var idi.
    XI ordu Azərbaycanın sərhədlərinə yaxınlaşır, qarşısına çıxan hər şeyi əzir, darmadağın edirdi. Yalama stansiyasında yerli əsgərlər XI ordunu atəşlə qarşılasa da silahlı qüvvələr Bakıya hərəkət edirdilər. Çingiz İldırımın başçılıq etdiyi Xəzər dəniz donanmasının iri çaplı topları döyüşə hazır vəziyyətdə idi.
    Aprel ayının 27-də Azərbaycan Demokratik Respublikasının parlamenti gecə saat 12-də son yığıncağına toplaşdı. Hərbi nazir Səməd bəy Mehmandarov vəziyyət haqda ətraflı mə’lumat verdi, çıxış yollarının müzakirəsi başlandı. Elə bu vaxt Həmid Sultanov silahlı dəstənin iştirakı ilə salona daxil olub parlamentə hakimiyyətin bolşeviklərə verilməsi haqda ultimatum verdi. İclasa sədrlik edən Həsən bəy Ağayev ultimatumu oxudu: “Azərbaycan parlamenti və hökumətinə. Azərbaycan Kommunist partiyası mərkəzi komitəsi qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimatum şəkildə qarşınızda qoymağı özünə borc bilir”.
    Xəzər Donanmasının komandanı Çingiz İldırım əlavə bir ultimatum verdi : “Azərbaycan sosialist Şura Cumhuriyyətinin Qızıl Donanması, hakimiyyəti dərhal fəhlə-kəndli şura hökumətinə vermənizi qətiyyətlə tələb edir. Cavab, ultimatum alınandan sonra iki saat ərzində verilməlidir. Əks təqdirdə atəş açılacaqdır”.
    Bu vaxt rus-bolşevik ordusu artıq Biləcəridə dayanıb komanda gözləyirdi. Xəzər hərbi dəniz donamasının topları parlamentin binasına yönəldilmişdi.
    Gecə saat 12-də yekun iclasında təhlil zamanı vəziyyətin çıxılmaz olduğunu görən komissiya üzvləri M.Rəsulzadə istisna olaraq hakimiyyəti bolşeviklərə vermək qərarına gəldilər. Gecə saat birə işləmiş parlament hakimiyyətin bolşeviklərə verilməsi haqda qərar qəbul etdi. Beləliklə müstəqil Azərbaycan Demokratik respublikası süquta yetdi, XI-ci ordu Azərbaycanı işğal etdi, Sovet respublikası e’lan edildi.
    M.Ə.Rəsulzadə yazmışdı: “27 aprel faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq rus ordusunun yeni Sisiyanovu olan Orconikidzenin idarəsi altına girirdi. Nəticə hər iki halda eyni idi. Nikolay Rusiyası ilə Lenin Rusiyası arasındakı fərq bundadır ki, o zaman cahangirlik siyasəti başçısının adı Nikolay, indi cahangirlik siyasəti başçısının adı isə Lenindir. O zamankı zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi isə qırmızıdır”.
    Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası gərgin mübarizə şəraitində fəaliyyət göstərdi, daxili və xarici qüvvələrin təhlükəli təxribatlarının qurbanı oldu. Sovet rejimi xalqın azadlıq əzmini məhv edə bilmədi, əksinə onun istiqlal qətiyyətini daha da gücləndirdi. Xalqın ruhuna hakim kəsilmiş milli istiqlal duyumu 1988-ci ildə yeni qüvvə ilə milli azadlıq hərəkatına çevrildi. İmperiyanın hazırlayıb həyata keçirdiyi qanlı Qarabağ qırğını, 20 yanvar faciəsi Azərbaycan xalqının mübarizə əzmini dahada gücləndirdi və qarşısı alınmaz qüvvəyə çevirdi. Azərbaycan Demokratik Respublikası ən’nələrinə sadiq qalan xalq 1991-ci ilin oktyabr ayında ikinci dəfə müstəqillik qazandı, vətənin sahibi oldu, ilk demokratik respublikanın təcrübəsidən bəhrələndi, milli istiqlalı dönməz etdi.