AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

ALTINCI BÖLMƏ

ADR-in DÖVLƏTÇİLİK FƏALİYYƏTİNİ
MƏHDUDLAŞDIRAN AMİLLƏR


§1. Ordu quruculuğunda irsi və siyasi problemlər

 

    Müstəqil Azərbaycan Demokratik Respublikası yarandıq-dan sonra hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri ölkənin ərazi birliyinin və suveren hüquqlarının qorunmasını tə’min edə bilən nizami milli ordunun təşkil edilməsindən ibarət idi. Dünya təcrübəsindən aydın idi ki, gərgin beynəlxalq şəraitdə hər bir müstəqil dövlətin təhlükəsizliyinin qarantı onun əsgər və zabitlərinin sayından, onların peşəkarlığından, təchiz edildikləri hərbi silahın kəmiyyət və keyfiyyətindən asılıdır. Azərbaycan Demokratik Respublikası beynəlxalq təcrübədə sınaqdan çıxmış və dünya dövlətlər birliyi tərəfindən qəbul edilməsi bu yolu seçməyə məcbur idi.
    Müstəqil Azərbaycan dövləti ölkənin ictimai həyatının bütün sahələrində yaranmış çox ağır və mürəkkəb şəraitdə ordu quruculuğu sahəsində fəaliyyətə başladı. İqtisadiyyat tənəzzülə uğramış, təmamilə yığılmış, böhran vəziyyətə düşmüş, ictimai siyasi sabitlik pozulmuş, silahlı qarşıdurma güclənmiş, şərqdən ermənilərin, şimaldan bolşeviklərin hərbi təcavüz təhlükəsi artmaqda idi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan Demokratik Respublikası hökuməti ordu quruculuğuna daha çox üstünlük verirdi və bu sahədə təcili tədbirlər görürdü.
    Ölkənin ərazi birliyinin və dövlət sərhədlərinin müdafiəsi sahəsində yaranmış təhlükəli vəziyyətdə Azərbaycan Demokratik Respublikası hökuməti milli ordu quruculuğuna başlayarkən bir sıra ziddiyyətlərlə və çətinliklərlə qarşılaşdı. Ən böyük çətinlik Car rusiyasının Azərbaycana qarşı ənənəvi formalaşmış qərəzli siyasəti idi. İllər boyu çar rusiyası müsəlman xalqlarına, xüsusilə də azərbaycanlılara dini və milli fərqlərə görə etibar etmədiyi üçün bə’zi hallar istisna olmaqla onları hərbi məktəblərə qəbul etmir, ordu sıralarına çağırmırdı. Beləliklə millətin hərbi hazırlıq vərdişləri zəifdir, keçmiş tarixi qəhrəmanlıq ən’ənələri unudulurdu.
    Azərbaycan Demokratik Respublikası yaranarkən Azərbaycanın ordu quruculuğuna qarşı çar rusiyasının tarixən yeritdiyi məkrli siyasətinin acı nəticələri aydın hiss edilirdi. “Böyük Ermənistan” yaratmaq hülyası ilə yaşayan qatı millətçi erməni daşnaklarının fitvası ilə rus imperiyası azərbaycanlıların hərbi mükəlləfiyyət hüququnu pozaraq onları ordu sıralarında xidmətə çağırmır, bunun müqabilində əhalidən hərbi vergi yığırdı. Bu məkrli aksiya zahirən azərbaycanlılara qarşı hörmət və güzəşt kimi təbliğ edilsə də əslində onun çox təhlükəli məqsədləri var idi. Birinci, professional milli hərbçilərin hazırlanmaması, imperiyanın Azərbaycanın daxili işlərinə sərbəst müdaxilə etməsi üçün əlverişli şərait yaranırdı. İkincisi, qonşu bölgələrdən ərazi qoparmaq xəstəliyinə tutulan millətçi ermənilərin təcavüzkar siyasəti önündə göy işıq yandırırdı.
    Rus ordusunda mindən çox general və yüksək rütbəli zabitləri olan Azərbaycanın özündə Rusiyanın imperiya və geostrateji siyasət nəticəsində onları barmaqla saymaq olardı.
    1904-1905-ci illərdə Rus-Yapon, 1914-1918-ci illərdə birinci dünya müharibələrində rus ordusuna böyük şöhrət qazanmış Səməd bəy Mehmandarov, Əli Ağa Şıxlinski, Hüseyn Xan Naxçıvanski, İbrahim Ağa Vəkilov, Əsəd bəy mir Kazım xan Talışinski kimi Rusiyanın və bir sıra xarici bölgələrin ən yüksək dövlət ordenləri ilə təltif edilmiş azərbaycanlı generallar var idi. Bu istisnalara baxmayaraq Azərbaycan Demokratik Respublikası yarananda Azərbaycan hökumətinin sərəncamında cəmisi 600 nəfərdən ibarət çox kiçik hərbi hissə var idi. Şübhəsizdir ki, bu kiçik hərbi hissə ölkənin müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün əsla kifayət deyildi.
    Mühacirətdə yaranan Azərbaycan Demokratik Respublikası hökuməti özünün milli ordusu olmadığı üçün ona qarşı yönələn təzyiqlərin və təxribatların aradan qaldırılmasında çətinlik çəkir, Bakıya köçə bilmirdi. Bakı şəhəri kifayət qədər silahlanmış daşnak - bolşevik qoşun hissələrinin əlində idi. Gəncəbasarda qarşıdurma güclü idi. Bu gərgin vəziyyətdə təcili milli ordu yaratmaq çox çətin olduğunu nəzərə alan Azərbaycan Demokratik Respublikası hökuməti hərbi yardım üçün dost Türkiyəyə müraciət etmək məcburiyyətində qaldı. Ölkənin təhlükəsizliyini və ictimai asayişi tə’min etmək məqsədi ilə Azərbaycan hökuməti Türkiyə ilə 1918-ci il iyun ayının 4-də sülh və dostluq haqqında müqavilə imzaladı. Müqaviləyə əsasən Nuru paşanın başçılığı ilə kiçik türk hərbi hissəsinin Gəncəyə gəlişi ilə ordu quruculuğu prosesi yeni vüsət aldı və əsasən 1919-cu ilin sonunda başa çatmağa yaxınlaşdı. 1920-ci ilin əvvəlində milli hökumətin müvafiq hərbi silahlarla silahlanan, bir sıra qoşun növlərini və birləşmələrini əhatə edən 40 minlik ordusu yaranmalı idi. Bu səviyyəyə çatmaq üçün ciddi tədbirlər görmək lazım idi.
    Çar Rusiyasının Azərbaycanın ordu quruculuğuna qarşı qərəzli və şovinist siyasəti Məmməd Əmin Rəsulzadənin diqqətini cəlb etmiş və onu müstəmləkəçi dövlətin təhlükəli mövqeinə açıq münasibət bildirmək məcburiyyətində qoymuşdu. Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, yaranmış vəziyyətlə əlaqədar Qafqazda rus ordusu dağıldığı üçün Mavərayi - Qafqaz komissarlığının əməyi ilə milli alaylar təşkil edilirdi. Gürcü və erməni alayları ilə bərabər müsəlman alayının təşəkkülü üçün də əmr verilmişdi. Fəqət Qafqaz müsəlmanları əsgəri xidmətdən azad edildiyi üçün bu əmrin icrası müşkün işə çevrildi, yerinə yetirilmədi. Müsəlman alayının təşkili mübahisə və münaqişə halında ikən gürcü və erməni alaylarının təşəkkülü haman tamam olub bitmişdi”.
    Rus korpusunu general Drasenko, erməni korpusunu Nazarbekov, gürcü kopusunu Axmeteli, sonra Azərbaycan korpusunu general Əli Ağa Şıxlinski formalaşdırmağa başladı. General Əli Ağa Şıxlinski çalışırdı ki elə bir ordu yaratsın ki, o xalqın təhlukəsizliyini tə’min edə bilsin, xarici təzyiqləri və daxili hərc mərcliyi aradan qaldıra bilsin. General Əli Ağa Şıxlinski ordu quruculuğu sahəsindəki çətinlikləri şərh edərək yazırdı: Vəziyyət çox çətin, hətta çıxılmaz idi. Azərbaycan dilində danışa bilən kifayət qədər zabitlərimiz yox idi, çağrışla qəbul edəcəyimiz əsgərlər rus dilini bilmirdilər. Təzə ordu üçün nümunə ola biləcək köhnə əsgər və zabitimiz yox idi. Keçmişdə hərbi xidmətə çağırışa maraq olmadığı üçün çağrışçıların siyahısı tərtib edilməmişdi, gənclərin təvvəllüd şəhadətnaməsi yox idi. Könüllülərdən hərbi çağrışa cəlb etmək üçün yerli hakimiyyət orqanları ilə əhali hesablaşmırdı. Hamı ordu yaradılmasını tələb etsə də heç kəs öz övladını hərbi xidmətə göndərmirdi.
    1917-ci ilin dekabrının 31-də general Əli Ağa Şıxlinski hərbi hissələri formalaşdırmaq üçün öz qərargahı ilə Gəncəyə gəldi və işə başladı. Generalın çağırışı ilə hərbi xidmətə gələn könüllülər silah, patron yatacaq alıb evlərinə gedir. Onları daimi hərbi xidmətdə saxlamaq mümkün deyildi.
    Generalın sərəncamında kifayət qədər silah, ərzaq ehtiyatı, geyim, ayaqqabı, yatacaq korpusları yox idi. Bütün hərbi ehtiyatlar Gürcüstan və Ermənistan ərazilərində toplanmışdı. Ordunu boş yerdə yaratmaq lazım idi. İmperiyanın son yüz il ərzində Azərbaycana qarşı yeritdiyi qatı şovinist siyasətin nəticəsində qonşu xristian respublikalara nisbətən Azərbaycan Xalq Cümhuriyyətinin mütəşəkkil milli ordusu və silahı yox dərəcəsində idi. Yaranmış ağır vəziyyətlə əlaqədar olaraq hərbi xidmətə çağırılan gənclər kənd camaatının hesabına özləri ilə geyim, silah, hərbi ləvazimat, at gətirməli idilər.
    Bu qatı millətçi və şovinist siasətin acı nəticələri 1918-ci ilin əvvəlində və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə təhlükəli xarakterdə təzahür edirdi. V.İ.Lenin 1917-ci ilin dekabr ayının 18-də Türkiyədə erməni muxtariyyəti yaradılması haqqında imzaladığı dekreti Stepan Şaumyana göndərmişdi. Bu dörd bəndli dekretlə S.Şaumyana səlahiyyət verilmişdi ki, Türkiyədə Ermənistana müvəqqəti muxtariyyat idarəsi yaradılması üçün Erməni komitəsi Erməni xalq komissarları Soveti yaratsın, ermənilərlə qonşu olan müsəlman və digər əhali ilə münaqişəli məntəqələrin həllində iştirak etsin. Bu bahanədən istifadə edən müsəlmanların qəddar düşməni S.Şaumyan Bakı soveti ilə “Daşnaksütyun” arasında əlaqələri möhkəmləndirdi, onların hərbi ittifaqını yaratdı, müsəlmanlara qarşı açıq qırğıq əməliyyatına başladı. Gündəlik terror aksiyaları nəhayət ki, açıq milli qırğına çevirildi və 1918-ci ildə mart ayının 17-dən 31-dək davam etdi, on min müsəlman qətlə yetirildi. Ermənilər müdadməsiz müsəlmanlardan başına toplardan od yağdırır, fəqir füqaranı, qadınları, uşaqları, qocaları qarşılarına çıxan bütün insanları məhv edirdilər. Kütləvi qırğın zamanı “Təzə pir” məscidinin minarələri dağıdıldı, İsmailliyə, “Açıq söz” qəzetinin redaksiyası , “Kaspi” mətbəəsi yandırıldı. Azərbaycanın baş şəhəri Bakıda rus və erməni silahlı dəstələrinin tuğyan etmələri, azərbaycanlıları öz vətənində kütləvi qətlə yetirmələri üçün sərbəstlik şəraitinin yaradılmasının bir sıra səbəbləri var idi. Mövzu ilə bağlı ən əsas səbəb M.Ə.Rəsulzadənin dediyi kimi müsəlmanların silahlı müdafiədən məhrum olmaları idi. İmperiyanın böyük dövlətçilik şovinizmi sayəsində gəlmə erməni terroristləri Bakıda hökmranlıq edir, yerli Azərbaycan əhalisinin qılıncdan keçirirdilər. Əgər Rus imperiyası erməni və gürcülərlə bərabər azərbaycanlılara da milli ordu yaratmaq imkanı versəydi, terroristlər kütləvi qırğın aksiyalarının keçirilməsinə cəsarət etməzdilər.
    Tarixən heç vaxt mövcud olmayan, imperiyaların labudən dağıldığı XX əsrdə yaranması qeyri mümkün olan “Böyük erməni dövləti” ideyası 1890-ci ildən başlayaraq ciddi təşkilatlanma mərhələsinə qədəm qoydu. Fəaliyyətə başlayan “Daşnaksütyun” partiyası “Böyük ermənistan imperiyasını” qurmaq ideyasını gücləndirmək üçün özünə zorla sosial baza yaratdı, Türkiyənin, İranın, Azərbaycanın və Gürcüstanın əzəli torpaqlarının bir hissəsini əhatə edən “Böyük Ermənistanın” yeni xəritəsini tərtib etdi, yüz minlik mütəşəkkil ordu yaradılmasını planlaşdırdı, bu məqsəd üçün hər bir erməniyə məcburi vergi həddi müəyyənləşdirdi.
    “Daşnaksütyun” partiyasının 1892-ci ildə keçirilən birinci qurultayında mütəşəkkil ordunun yaradılması haqqında qərar qəbul edildi, onun qurulması, saxlanılması və silahlandırılmasına maliyyə yardımı göstərilməsi məqsədi ilə bütün ermənilərə, xarici erməni mühacirlərə və onları dəstəkləyən qüvvələrə müraciət göndərildi. Müraciətə cavab olaraq xarci erməni lobbisi “Daşnaksütyun” partiyasına 10 milyon vəsait ayırdı, partiya üzvləri əmək haqlarının iki faiz həcmində yardım elədi, bütün ermənilərin hamısı mütəmadi maddi koməklik öhdələrinə götürdülər. Bundan əlavə müxtəlif ixtisaslı ermənilərin mühazirələrindən, konsertlərindən, tamaşalarından əldə edilən gəlir “Daşnaksütyun” partiyasının fonduna keçirildi.
    Göründüyü kimi partiyanın möhkəm və e’tibarlı maliyə mənbəyi var idi. Partiya toplanan maliyyə vəsaiti hesabına əsgər və zabitlərə aylıq əmək haqqı verir, gəncləri xarici ölkələrin hərbi məktəblərinə göndərir, hərbi kəşviyyat, taktika, cərrahlıq, strategiya, atıcılıq ixtisasları üzrə mütəxəssis hazırlayır, ordunun silahlanması üçün xaricdən ən müasir iri canlı hərbi texnika alırdı. Partiyanın qərarı ilə Amerikanın və Bolqarıstanın hərbi təhsil müəssisələrində yüksək rütbəli hərbi zabitlər hazırlanırdı.
    Görülən tədbirlər nəticəsində Rusiyada 1905-ci ildə baş verən ilk inqilabi hərəkat ərəfəsində “Daşnaksütyun” 100 minlik ordu yaradılması prosesini başa çatdırmışdı. Məhz bu ordunun iştirakı ilə ermənilər 1905, 1907, 1917-ci illərdə Naxçıvanda, Qarabağda, Zəngəzurda kütləvi qırğınlar törətdilər. 31 mart 1918-ci ildə Bakıda terror aksiyaları keçirdilər.
    1918-ci ilin may ayının 26-da və 28-də Zaqafqaziya respublikalarında müstəqil dövlətələr yarananda böyük dövlətlər tərəfindən dəstəklənən ermənilərin iri canlı toplarla və o vaxt üçün taktiki silahla, hazırlıqlı zabitlərlə təchiz edilmiş yüzminlik mütəşəkkil ordusu var idi.
    Fevral burjua-demokratik inqilabından sonra Zaqafqaziya respublikalarında yaşayan xalqların azadlıq uğrunda mübarizə əzmi onların metropoliyadan ayrılmaq imkanlarını daha da artırdı. Sayca çox azlıq təşkil edən ermənilər imperiya ideyaları ilə bağlı qonşu dövlətlərin ərazilərini qətt etmək məqsədləri ilə tarixən Rusiyanın maraqları ilə siyasi və hərbi manevrlər aparmış, onunla qeyri rəsmi ittifaqda olmuşdur. Ermənilər özlərinin şovinist, qatı millətçi məqsədləri naminə Rusiyanın geosiyasi mənafelərini dəstəklədikləri üçün böyük qonşu dövlət onları bölgədə e’tibarlı qüvvə hesab edir, onların yaşadığı yerləri hərbi dayaq nöqtəsi sayırdı. Beləliklə ermənilərin ordu quruculuğu sahəsində ciddi problemi yox idi.
    Metropoliyadan ayrılmaq və müstəqil milli dövlət qurmaq əzmli Gürcüstan və Azərbaycanda daha güclü idi. Gürcüstanın da özünəməxsus xüsusiyyətləri var idi. Lakin Türkiyəyə arxalanan, türkçülük məfhurəsi ilə yaşayan və tam müstəqillik yolu seçən Azərbaycanın mərkəzi çağmaq əzmi imperiya üçün daha təhlükəli görünürdü.
    Bütün bu səbəblərə görə imperiya qonşu xristianlardan fərqli olaraq azərbaycanlılara e’tibar etmir, onlara silah vermir, onları ordu sıralarına çağırmırdı. Mə’naca çox uzağa gedən qərəzli siyasəti əsaslandırmaq üçün imperiyanın yerli məmurları izah edirdilər ki, imperator azərbaycanlıların genefondunu qoruyur, onlara ordu sıralarına çağırmaqla cavanların həyatının qayğısına qalır. Guya azərbaycanlılar çox qiymətli insanlardır, onları qorumaq lazımdır, təhlükəli məqamlarda başlanan döyüşlərdə başqaları vuruşa bilər. Əslində bu siyasətin mahiyyəti təmamilə başqa idi. Bu “qayğı” sayəsində böyük bir millət peşəkar əsgər və zabit hazırlamaq, mütəşəkkil ordu yaratmaq, öz ərazisində çoxsaylı müasir hərbi silah yerləşdirmək, hərbi təhsil məktəbləri açmaq imkanından məhrüm idi.
    Ən nəhayət imperiya, tabeliyindən asılı olmayaraq Azərbaycanda hərbi potensiyalın yerləşdirilməsinə qarşı bütün vasitələrdən istifadə edildi. Bölgəni idarə edən silahlı qüvvələr, hərbi texnika və baş komandanlıq Tiflis şəhərində yerləşirdi. Zərurət yarandıqda hərbi texnika və böyük canlı qüvvə Azərbaycana oradan göndərilirdi. Bakıda yalnız yüngül silahlarla silahlanmış kiçik alaylar yerləşirdi. Elə bu məqsədlə də qonşu İranın zəif hərbi imkanlarını nəzərə alan imperiya bü ölkə ilə böyük sərhəd bölgəsində güclü hərbi hissələr və ağır hərbi texnika saxlamırdı. Məqsəd aydın idi. Azərbaycanda böyük cəbhəxana yaratmaq olmazdı. Əvvəla, azərbaycanlılar bu hərbi imkandan öz məqsədləri naminə istifadə edər və təhlükəli vəziyyət yarada bilərdilər. İkincisi, Azərbaycanda siyasi və hərbi vəziyyət dəyişə bilər və beləliklə də silahların bir hissəsi orada qalardı. İmperiyanın ordu quruculuğu sahəsində Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasəti sahəsində son yüz-yüz əlli il ərzində bu ölkə daim rusların hərbi təzyiqinə, ermənilərin silahlı təcavüzünə məruz qalmış, işğalçıları əli yalın qarşılamış, nəticədə onun şəhərləri, kəndləri yandırılmış, dağıdılmış, yüz minlərlə əhalisi məhv edilmiş, ərazisinin böyük hissəsi Arazın o tayında qalmış, qonşu dövlətlər tərəfindən zəbt edilmişdir.
    Millətin, vətənin acı talehinə biganə qala bilməyən milli ruhlu vətənpərvər və demokratik quvvələr mütəşəkkil milli ordu yaratmaq haqqında düşünür, yollar axtarırdılar. Nəhayət 1917-ci ilin may ayında onların tə’kidi ilə Qafqaz müsəlmanları qurultayı Qafqaz müsəlman xalqlarının hərbi potensialını müəyyən etmək, əhalinin ümumi siyahıya alınmasını keçirmək və müsəlman alayları yaratmaq məqsədi ilə xüsusi büronun təşkili haqqında qərar qəbul etdi. Həmin ilin oktyabrında keçirilən “Müsavat” partiyasının birinci qurultayının qatnaməsində nizami milli ordunun yaradılması zərurəti qeyd edildi. Noyabr ayında Zaqafqaziya komissarlığı milli hərbi korpusların yaradılması haqqında qərar verdi. Bu imkanlardan istifadə edən ermənilər və gücülər hərbi hissələrini və şəxsi hey’ətini topladılar, onların hərbi tə’minatını həll etdilər.
    Görülən tə’cili tədbirlər nəticəsində bir ay ərzində ermənilər milli korpusun tərkibində üç piyada diviziyası, suvari briqadası və ərazi polkları yaratdılar.
    Xaricdən göstərilən təzyiqlər və daxili çətinliklər məsələsi müşkül işə çevrildi. Azərbaycanın milli korpusunun yaradılması general leytenant Əli Ağa Şıxlinskiyə tapşırılmışdı. Port-Artur müharibəsinin qəhrəmanı, cəsarətli general təzyiqləri və çətinlikləri dəf edə bilməyib, vəzifə borcunun icrası qarşısında aciz qalıb göz yaşı tökür və şikayətlənirdi. General Əli Ağa Şıxlinski xatirələrinin birində yazırdı ki, “hamı ordunun yaradılması üçün kömək tələb edirdi, amma heç kəs öz oğul və qardaşını orduya vermək istəmirdi”. Bu zərərli psixoloji ən’ənəni imperiya yaratmışdı, böyük qəhrəmanlıq tarixi olan milləti hərbi işdən məkrli qonşu dövlətin şovinist siyasəti soyutmuşdu.
    Azərbaycan Demokratik respublikası yarananda hökumətin sərəncamında keçmiş müsəlman könüllü hərbi dəstələrdən qalmış 600 nəfərlik az saylı və dağınıq hərbi hissə ilə Azərbaycanın müstəqilliyini, ərazi birliyini, sərhədlərinin toxunulmazlığını, əhalinin təhlükəsizliyini qorumaq asan iş deyildi. Bu vəziyyətdən istifadə edən erməni hərbi hissələri Naxçıvana, Zəngəzura, Qarabağa hücum çəkir, gəncəni işğal etməyə çalışırdı. Belə gərgin şəraitdə düşmən qüvvələrin hərbi təcavüzünün qarşısını ala bilən nizami milli ordunun yaradılması üçün vaxt və imkan yox idi. Yeganə çıxış yolu Azərbaycanı dəstəkləyən təkbir dövlət — soydaş, qardaş Türkiyəyə müraciət etmək, ondan hərbi yardım istəməkdən ibarə idi. Lakin şərq cəbhəsinin komandanı Vəhib paşaya kömək üçün müraciət xəbərdarlığa yekunlaşdı və gözlənilən nəticə vermədi.
    Azərbaycanın bu ağır günlərində ona qardaşlıq yardımı göstərmək məqsədi ilə Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər paşa qardaşı Nuru paşanı Təbriz yolu ilə Gəncəyə göndərdi. Nuru paşa Gəncəyə gəlib Azərbaycan ordusunun yaradılmasının çətinlikləri ilə tanış oldu və onun təklifi ilə ölkədə hərbi vəziyyət e’lan edildi, müsəlman korpusu Azərbaycan korpusu adlandırıldı, məcburi hərbi mükəlləfiyyət haqqında fərman verildi. Lakin keçən müddət ərzində görülən tədbirlər ölkənin müdafiəsini təşkil etmək üçün kifayət deyildi, yüksək döyüş qabiliyyəti olan nizami milli ordu yaradılmasını tə’min etmədi. Bunu nəzərə alan hökumət başçısı Fətəli Xan Xoyski Azərbaycana bir diviziya göndərilməsi haqqında Türkiyə hökumətinə müraciət etdi. Müraciətdən xəbər tutan düşmən qüvvələr yenə müxtəlif maniələrə, fitvalara, təxribatlara əl atdılar, diviziyanın Azərbaycana gəlməsini xeyli ləngitdilər.
    Azərbaycan — Türkiyə müqaviləsinin dördüncü bəndinə əsasən Türk hökuməti beşinci Qafqaz diviziyasının Azərbaycana göndərilməsi haqqında qərar verdi. Diviziyanın Gəncəyə gəlməsini dayandırmaq və Bakının tutulmasının qarşısını almaq üçün almanlar Türk ordusunun Gürcüstan dəmir yolu ilə hərəkətini qadağan etdilər. Almanların qadağa qərarı onların Rusiya ilə bağladıqları Brest-Litovsk müqaviləsinin tələbləri ilə bağlı idi. Məcburiyyət qarşısında qalan beşinci Qafqaz diviziyasının komandiri Mürsəl paşa erməni silahlı dəstələri ilə döyüşə Gümrü-Dilican-Astara yolu ilə ordunu Gəncəyə çatdırdı. Elə bu vaxt Nazim bəyin başçılıq etdiyi XV Çanaxqala diviziyası da Gəncəyə daxil oldu. Vahid ordu və vahid komandanlıq yaratmaq məqsədi ilə Azərbaycan korpusu və Türkiyənin beşinci və onbeşinci diviziyaları Nuru paşanın komandanlığı altında birləşdilər.
    Yalnız bu birləşmədən sonra Azərbaycanın milli ordusu bolşevik daşnak korpusunu Göyçay ətrafında S.Şaumyanın xahişi ilə köməyə gələn Biçeraxovun 1500 nəfərlik komandasını, Ukrayna cəbhəsindən göndərmək Petrovun suvari, topçular, dənizçilər dəstəsini Ələt yaxınlığında darmadağın etdi, iyulun axırında S.Şaumyan hökumətini istefaya getməyə məcbur etdi. S.Şaumyanın istefasından sonra Bakıda yaradılan “Sentrokaspi və sovetlərin müvəqqəti icraiyyə komitəsi rəyasət hey’ətinin diktaturasının” dəvəti ilə gələn general Denstervilin başçılıq etdiyi min beş yüz əsgər və zabitdən ibarət silahlı dəstə də milli ordunun hücumunu dayandıra bilmədi və Azərbaycan Demokratik Respublikası hökumətinin mərkəzə köçməsi üçün şərait yaratdı.
    Təəssüf ki, Azərbaycan Demokratik Respublikası hökumətinin sentyabr ayında Bakıya köçməsindən az sonra onun müstəqilliyi və suverenliyi uzun çəkmədi, yeni təhlükə yarandı. Birinci dünya müharibəsində məğlub olmuş Türkiyə bir həftə ərzində Bakıdan, bir ay müddətində Qafqazdan öz qoşunlarını çıxarmağa məcbur idi. Təhlükəli vəziyyəti qiymətləndirən Nuru paşa Azərbaycan vətəndaşlığını qəbul edib milli ordu quruculuğunu başa çatdırmaq üçün Azərbaycanda qalacağını e’lan etdi. Lakin ingilis qoşunlarının komandanı general Tomson Nuru paşanın və bütün türk zabitlərinin Azərbaycandan çıxmasını qətiyyətlə tələb etdi və bu tələbin icrasına nail oldu.
    Yaranmış təhlükəli vəziyyətlə əlaqədar Məmməd Əmin Rəsulzadə yazırdı ki, Türk ordusu çəkildi, Azərbaycanın isə hərbi hissələri yoxdur. Nuru paşanın verdiyi mə’lumata görə Azərbaycanda 1500 əsgər və zabit, 500 milis nəfəri vardır. Almaniyanın və Türkiyənin məğlub olduğu qüvvəyə qarşı Azərbaycanın hərb açması təbii ki, ağıla sığan deyil. Ona görə də bütün məsələlər yalnız diplomatik vasitələrlə həll ediləcəkdir.
    İngilis generalı Tomson, Biçeraxov və erməni daşnakları Bakıda işğal rejimi yaratdılar. Tomson özünü şəhər general-qubernatoru e’lan etdi. Tomsonun tələbi ilə noyabr ayının 22-də Azərbaycan milli ordu korpusunun qərargahı Gəncəyə köçürüldü. Lakin vəziyyətin dəyişilməsi ilə bağlı Azərbaycan Demokratik Respublikası hökuməti dekabr ayından tədricən özünün səlahiyyətlərini bərpa etmək imkanı əldə etdi, Tomson Fətəli xan Xoyski hökumətini tanıdı və qəbul etdi. Fəaliyyətini bərpa edən hökumət ordu quruculuğu sahəsində ciddi tədbirlər gördü, dekabr ayının 25-də general Səməd ağa Mehmandarovu hərbi nazir, sora isə general leytenant Əli Ağa Şıxlinski hərbi nazir köməkçisi təyie etdi, ordunun strukturunu qaydaya saldı, onun təminatına başladı. Ordunu təcrübəli zabitlərlə tə’min etmək üçün hökumət Azərbaycanda olan rus zabitlərinin xidmətə cəlb etdi, sabiq Krım hökumətinin başçısı general Suleyman Sulkeviç məsul vəzifəyə təyin etdi, 1919-cu ildə 25 minlik nizami milli ordu yaradılması vəzifəsini irəli sürdü.
    Mövqeyi zəifləmiş ingilis ordusu nəhayət ki, aprel ayında Bakını tərk etmək məcburiyyətində qaldı. Avqust ayında ingilis qoşunlarının Azərbaycanı təmamilə tərk etməsindən sonra Dərbəndə yaxınlaşan 150 minlik Denikin ordusunun təhlükəsi reallaşdı. Təcavüz təhlükəsi böyük olsa da Azərbaycan Demokratik Respublikasının rəhbərləri ruhdan düşmür, pessimizmə qapılmır, təslim olmaq istəmir, əksinə ciddi müqavimət tədbirləri görürdü. Ən əvvəl Azərbaycana təcavüz təhlükəsi qarşısında bufer zonası mövqeyində yerləşən Dağıstana böyük məbləğdə kredit verdi, kömək üçün ona silahlı dəstəsi göndərdi.