AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§5 ADR-in iqtisadi inteqrasiya konsepsiyası

    Dünyada təbii sərvətlər bərabər bölünmədiyi və maddi istehsalın səviyyəsi müxtəlif olduğu üçün irili xırdalı bütün dövlətlər xarici əlaqələrə möhtacdırlar. Azərbaycan dünyada təbii sərvətlər baxımından ən zəngin dövlətlərdən biri olsa da dünyanın bütün dövlətləri kimi öz ölkəsinin təlabatını daxildə istehsal edilən məhsullarla təmin etmək imkanına malik deyildi. Gərgin və ziddiyyətli şəraitdə yaranmış Azərbaycan Demokratik Respublikası milli çərçivələr daxilində yaşaya bilməzdi. Elə bu səbəbdən bütün dövlətlər kimi Azərbaycan da iqtisadi əlaqələr yaratmaq ehtiyacı duyurdu. Buna görə də beynəlxalq iqtisadi əlaqələr sisteminə qoşulmaq müstəqil Azərbaycan Demokratik Respublikasının əsas vəzifələrindən biri idi. Azərbaycan Demokratik Respublikasının beynəlxalq inteqrasiya siyasətinin metodoloji əsaslarını Məmməd Əmin Rəsulzadə işləyib hazırlamışdır. O özünün xarici iqtisadi əlaqələr konsepsiyasında beynəlxalq əmək bölgüsünə daxil olmaq üçün xarici investisiyanın ölkəyə cəlb edilməsinə, iki tərəfli ticarət və mədəni əlaqələrin genişləndirilməsinə üstünlük verirdi. O, deyirdi ki, ticarət beynəlmiləl olmalıdır.
    Həmin konsepsiyada başlıca məqsəd ölkəni ağır iqtisadi böhrandan çıxarmaq, daxili istehlak tələbi ödəmək üçün təsərrüfat strukturasını dəyişmək, yeni torpaq sahələrini təsərrüfat dövriyyəsinə cəlb etmək, istehsalın texniki bazasını yeniləşdirmək, yeni iş yerləri yaratmaq, məhsuldar qüvvələrin optimal inkişaf istiqamətini müəyyənləşdirmək və ölkənin daxili valyuta-qızıl ehtiyatını artırmaq idi.
    Qəbul edilmiş konsepsiyaya görə Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində öz iqtisadiyyatını dirçəltmək üçün Gürcüstan, Ermənistan, Türkiyə , Amerika, Fransa və İtaliya ilə iqtisadi əlaqələr yaratmalı idi.
    M.Ə.Rəsulzadənin beynəlxalq inteqrasiya konsepsiyasının əsasını Azərbaycanın milli mənafeləri, sivil ölkələrin iqtisadi dövlətçilik təcrübəsi və özünün sivil, dünyəvi baxışları təşkil edirdi. İnteqrasiya konsepsiyası tələbatdan artıq məhsulların, xammalın və digər təbii sərvətlərin dünya bazarında realizə edilməsini, daxili bazarın ehtiyac hiss etdiyi əmtəələrin gətirilməsini nəzərdə tuturdu.
    Sərbəst iqtisadiyyat konsepsiyasını hazırlayan Məmməd Əmin Rəsulzadə, əlahiddəliyi, qapalılığı ziyanlı sayır, dünyanı böyük kooperativə bənzədərək, dövlətlərarası iqtisadi inteqrasiya əlaqələrinin labüdlüyünü vacib hesab edirdi. O, yazırdı ki, bütün dünya əhalisinin mənafeləri birləşdiyi üçün bütün aləm sizin üçün işləyir, siz də bütün dünya üçün zəhmət çəkirsiniz. İnsanlar arasında əmək bölgüsü və birlikdə zəhmət çəkmək iqtisadi tərəqqini tə’min edir. Hər bir insan hamı üçün, hamı biri üçün işləyir, hamı əlbirliklə dünyanı dolandırır. Geniş miqyasda iqtisadi ticarət əlaqələri vasitəsilə insanlar biri-birinin köməyinə çatır, biri-birinə yardım edir. Burada maraqlar və mənafelər əsas meyarlardır. Maraqlar, mənafelər ölkələri, insanları biri-birinə yaxınlaşdırır, onların arasında əlaqələri genişləndirir, alqı-satqı prosesini inkişaf etdirir.
    Məmməd Əmin Rəsulzadə yazırdı ki, Avropa sərmayədarları asiyalılara qumaş paltar geyindirməkdə, rahat ayaqqabılarla tə’min etməkdə özlərinin alacaqları mənfəəti əsas məqsəd hesab edirlər. Dünyada edilən hər ticarət, qurulan hər bir müəssisə, açılan hər bir mağaza mənfəət üçündür. Məmməd Əmin Rəsulzadənin bu fikri Adam Smitin mülahizəsi ilə üst-üstə düşürdü. Adam Smit deyirdi ki, məhsullarla təchiz olunmağınız heç də qəssabın, pivəçəkənin və ya çörəkbişirənin bizə məhəbbətindən deyil, daha çox sərmayədarların və tacirlərin marağından irəli gəlir. Aydındır ki, hər bir ticarət-iqtisadi əlaqədə qazanc əsas məqsəddir.
    Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin xarici iqtisadi əlaqələrinin milli mənafe prinsipi əsasında qurulmasına böyük əhəmiyyət verirdi. O, qeyd edirdi ki, bütün dünyada olduğu kimi Azərbaycan Demokratik Respublikası də xarici əlaqələrdə özünün iqtisadi mənafeyini əsas götürməli, xarici dövlətlərlə bu prinsip üzrə münasibətlər yaratmalıdır. Bu prinsip Azərbayacanın müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir.
    Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində bütün xarici ölkələrlə, xüsusən qonşularla iqtisadi əlaqələrin yaradılmasının və genişləndirilməsinin zərurəti qeyd edilmişdi. Musavat partiyasının məramnaməsində yazılmışdır ki, Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində, onun iqtisadiyyatının gücləndirilməsində xarici əlaqələr faktorunun xüsusi çəkisi böyükdür.
    M.Ə.Rəsulzadə yazırdı ki, Azərbaycanın xaricdə müdafiəsi və hüququ cəhətdən tanınması yeni qurulan hökumətin başlıca siyasətidir. Bu vəzifənin həyata keçirilməsi üçün iqtsadiyyatın inkişafı və iqtisadi əlaqələrin genişləndirilməsi böyük imkanlar açır.
    Cəmisi 23 ay ərzində Azərbaycan Demokratik Respublikasının 23 dövlət tərəfindən tanınması, onun tədricən dünya dövlətlər birliyinə daxil olması, Azərbaycanın strateji mövqeyi, zəngin təbii sərvətləri və iqtisadi-ticarət imknaları qərbi Avropa üçün cəlbedici və tə’sirli faktorlar idi. Azərbaycan Demokratik Respublikasının iqtisadi platforması xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq və genişləndirmək üçün dünyəvi normaları özündə əks etdirən möhkəm hüquqi baza idi. Bu normativ baza əsasında xarici əməkdaşlıq sahəsində meydana gələn müxtəlif fikirlər tənzimlənirdi.
    Vaxtı ilə bütün kömrük məhdudiyyətlərinin aradan götürülməsinin, Azərbaycanın bütün sərvətlərinin sərbəst daşınmasının tərəfdarları, kömrük hədlərinin qoyulması, idxal və ixracın tənzimlənməsini tələb edənlər də Azərbaycan Demokratik Respublikasının iqtisadi platformasının müəyyən etdiyi normalar çərçivəsində hərəkət etməyə məcbur oldular. Çünki taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz axıb getməsi Azərbaycanın milli-iqtisadi mənafelərinə, daxili bazarına və əhalinin tə’minatına ağır zərbə vurur, bir sıra çətinliklər yaradırdı.
    Bu zərərli ticarət-iqtisadi əlaqə əvəzinə, iqtisadi platformada daxili taxıl istehsalını artırmaq hesabına 7 milyon pud buğda idxalından xilas olmaq, əhalinin tələbatını ödəmək və ixrac etmək imkanlarını artırmaq vəzifəsi qoyulmuşdur. Bu məqsəd üçün Maliyyə nazirliyinin maliyyə-iqtisad komitəsinin 20 iyul 1919-cu il tarixli qərarı ilə yalnız bu prinsip əsasında əmtəələrin sərbəst ixracına icazə verilirdi.
    İdxal-ixrac əməliyyatları prosesində daxili bazarın qorunması, istehsalçının müdafiə edilməsi, gəlirin artırılması əsas prinsip idi. Xaricdən Azərbaycana gətirilən spirtli içkilərə, balıq məhsullarına kömrük rüsumlarının artırılması haqqında Azərbaycan Demokratik Respublikasının parlamentinin maliyyə-büdcə komissiyasında 1919-cu il avqust ayında təsdiq edilən qanun bu məqsədə xidmət edirdi. M.Ə.Rəsulzadə bu dövlətçilik prinsiplərini müdafiə edərək bildirirdi ki, başqa təkliflər ölkəyə böyük iqtisadi ziyan vurar, zəruri tələbat mallarına ehtiyacı artırar, sosial gərginlik yaradar.
    Azərbaycan Demokratik Respublikasının inteqrasiya siyasətində xarici sərmayə qoyuluşu iqtisadiyyatın tərəqqəsinin tə’sirli vasitəsi kimi qiymətləndirilir, xarici kapitalın ölkəyə axını stimullaşdırılır, bu istiqamətdə konkret addımlar atılırdı. Çünkü xarici iqtisadi əlaqələrin genişləndirilməsi, sərmayə axını respublika iqtisadiyyatının infrastrukturasının dəyişməsini, beynəlxalq əmək bölgüsündə Azərbaycanın iştirakını və dünya bazarına çıxmasını tə’min edirdi. Bu məqsədlə Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixli qərarı ilə Böyük-Şor gölünün bir hissəsi Nobel qardaşları birliyinə icarəyə verildi.
    Fransız kapitalisti Manronun fikrincə xarici kapitalın, o cümlədən fransız kapitalının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrinin inikşaf etməsini tə’min edir. Fransız sərmayəçiləri müəyyən sənaye müəssisələrinin maliyyələşdirilməsini, nəqliyyat və liman avadanlığının istehsalını, neft rayonlarının elektrikləşdirilməsini nəzərdə tuturdular.
    Azərbaycan Demokratik Respublikasının parlamenti 22 dekabr 1919-cu il tarixli iclasında e’lan etdiyi bəyannamədə güclü iqtisadiyyatın yaranmasının, idxalın azaldılmasının, ixracatın artırılmasının, pulun qiymətdən düşməsinin qarşısının alınmasının zəruriliyi tələb edilirdi. Bu tədbirlər dövlət xəzinəsinin gəlirinin artırılmasına və əhalinin sosial tə’minatının yaxşılaşdırılmasına xidmət edirdi.
    Respublikada pul tədavülünü tənzimləmək məqsədi ilə hökumət xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasının qadağan etdi, bu əməliyyat üçün cəza tədbirləri müəyyənləşdirdi və bildirdi ki, xaricə pul və kapital axınının qarşısının alınması milli iqtisadiyyatın tərəqqisinə yardım edir.
    İqtisadi əlaqələri qaydaya salmaq üçün gömrük xidməti yaradıldı, Bakı-Batum neft kəməri bərpa edildi, Kür çayı üzərində körpü tikildi, Bakı-Ceyhan dəmir yolu inşa edildi, Xəzər dəniz gəmiçiliyi yenidən quruldu, dövlət bankı yaradıldı. Ölkənin müstəqilliyini möhkəmləndirmək, dağılmış iqtisadiyyatı canlandırmaq, əhalinin sosial tə’minatını yaxşılaşdırmaq üçün hökumət zəngin təbii sərvətlərdən istifadə edərək dünya dövlətləri ilə iqtisadi əlaqələri genişləndirməyi vacib məsələ hesab edirdi.
    Azərbaycanın xarici iqtisadi əlaqələrində neft və neft məhsullarının satışının xüsusi çəkisi böyük idi. Ölkədə çıxarılan neftin altıda bir hissəsi onlarca xarici dövlətlərə ixrac edilirdi. İxrac edilən neftin böyük hissəsi Rusiyaya və Gürcüstana göndərilirdi.
    Azərbaycan Demokratik Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrində barter üsulundan geniş istifadə edilir, alınan malların və təbii sərvətlərin müqavilində neft ixracatı əsas yer tuturdu. Daha çox gəlir gətirən neft ixracatı ölkənin iqtisadi və maliyə vəziyyətinin əsasını təşkil edirdi. Bu sahədə əlaqələri tənzimləmək üçün xüsusi əmtəə mübadiləsi komitəsi yaradıldı. Əmtəə mübadiləsinin qaydaya salınması üçün hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə 20 milyonluq fond yaradıldı. Azərbaycan Amerikadan, Fransadan, İtaliyadan və digər xarici ölkələrdən gətirdiyi hərbi sursatın, telefon apparatlarının, minik avtomobillərinin, elektronika avadanlığının, yüz paravozun, iki min sisternin, beş yüz bağlı vaqonun, ərzaq məhsullarının, yeddi milyon pud buğdanın, bir milyon pud şəkərin dəyərini əsasən neftlə, pambıqla, yunla, ipəklə, kön və dəri ilə ödəyirdi.
    Zaqafqaziya respublikaları arasında qərbi avropa ölkələri ilə iqtisadi əlaqələrin həcminə görə Azərbaycan birinci yer tuturdu. Bölgəyə gələn məhsulun əlli faizindən çoxunu Azərbaycan alır, onlara nisbətən daha çox mal satırdı.
    Azərbaycan Demokratik Respublikası Rusiya ilə iqtisadi əməkdaşlığa, Rusiya bazarına böyük əhəmiyyət verirdi. Rusiya bazarında Azərbaycan neftinə, pambığına xüsusi ehtiyac var idi. Məmməd Əmin Rəsulzadə “bolşevik hökumətilə bir başa əlaqələrin yaradılmasına” üstünlük verirdi. İki ölkə arasında 1920-ci il mart ayının 30-da əməkdaşlıq haqqında müqavilə imzalandı. Rusiya ilə iqtisadi əlaqələrin genişləndirilməsinin mə’nalarından biri də bu ölkəni Azərbaycanın müstəqilliyini tanınmağa sövq etməkdən ibarət idi. M.Ə.Rəsulzadə Rusiya ilə əməkdaşlığı genişləndirmək üçün vacib şərt kimi tələb edirdi ki, qonşu dövlət Azərbaycanı tanısın, onun daxili işlərinə qarışmasın, hakimlik iddiasından imtina etsin.
    Neft ixracatında qonşu Gürcüstan xüsusi yer tuturdu. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri dövlətlər arası 26 dekabr 1918-ci il tarixli müqavilə ilə tənzimlənirdi. Bu müqavilə ilə hər iki respublikaların tələbatları çərçivəsində gömrük rüsumlrı qoymadan zəruri malların alınıb satılması nəzərdə tutulurdu. Bu o demək idi ki, minimum ehtiyacları ödəmək üçün rüsumsuz neft, benzin, mazut göndərilməsinə icazə verilirdi. Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin bir milyon pud, neft məhsulları 20 milyon pud göndərilə bilər. Satılan neft məhsulunun dəyərinin onda bir hissəsi həcmində Gürcüstan Azərbaycana bə’zi məhsulları gömrüksüz göndərməli idi. Buraya daş kömür, meşə materialları və sairə daxil idi.
    Azərbaycanı müstəqil dövlət kimi tanıyan bir sıra Avropa dövlətləri onunla iqtisadi əməkdaşlığa maraq göstərirdilər. Bu istiqamətdə İtaliya xüsusi fərqlənirdi. Bu ölkə Azərbaycana neft kəmərləri çəkmək üçün xüsusi səhimdar cəmiyyəti yaratmışdır. İtaliya Azərbaycana manufaktura malları, ayaqqabı və digər gündəlik tələbat malları göndərir, Azərbaycandan neft məhsulları alırdı.
    Azərbaycanın Fransa və İtaliya ilə apardığı danışıqlar əsasında respublikaya telefon-teleqraf aparatları, yük və minik avtomobilləri, elektrotexnika avadanlıqları gətirilmişdi. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycana ümumdünya poçta ittifaqına və şəhərlər arası telefon-teleqraf rabitə əlaqəsinə girməyə imkan vermişdi.
    Azərbaycan Demokratik Respublikasının iqtisadi əlaqələrində mühüm bölmələrdən biri gömrük xidməti idi. Məhsulların xaricə satışına icazə verilməsi və ya qadağan edilməsi, inteqrasiya prosesində dövlət xəzinəsinə gəlirin ödənilməsi bu dövlət orqanına həvalə edilirdi. Yeni qaydalara görə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilir və keçmiş qadağalar ləğv edilirdi. Pambıq, yun, ipək, barama və sairə xammalların azad ixracına o şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərini 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına keçirilsin. Bu yolla xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri malları almaq imkanı yaranırdı.
    Məmməd Əmin Rəsulzadə sərbəst iqtisadi əlaqələrin genişləndirilməsi şəraitində vergi sisteminin sərt qanunlar əsasında qurulmasına böyük əhəmiyyət verirdi. O, deyirdi ki, sərbəst ticarət, iqtisadi əlaqələr dövlət büdcəsinin gəlir hissəsinin artırılmasında vergi siyasətinin xüsusi çəkisini son dərəcə artırır.
    Ticarət edən, alverlə məşğul olan fiziki və hüququ şəxs mütləq qanunla nəzərdə tutulmuş normalar çərçivəsində dövlətə vergi və rüsum verməlidir. Bununla belə o hesab edirdi ki, dövlət xəzinəsini doldurmaq xatirinə vergi dərəcələrini sün’i sür’ətdə artırmaq tərəqqi yolu deyil. Vəziyyəti nəzərə almadan vergiləri artırmaq və məcburi toplamaq “bir qoyundan iki dəri soymaq iddiası kimidir”. Digər tərəfdən büdcəni doldurmaq üçün “camaatdan artıq maliyyə” toplamaq dövləti nəzərdən salar, e’tirazları artırar. Bu mövqe ilə Məmməd Əmin Rəsulzadə istehsalçının mənafeini qorumaq, onun qurduğu işi genişləndirmək və inkişaf etdirmək məqsədi güdürdü. Bu müdrik insanın vergi siyasəti bu günün reallığı ilə üst-üstə düşür, aktuallığını saxlayır və diqqəti cəlb edir.
    Azərbaycan Demokratik Respublikası yaşadığı qısa müddət ərzində ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində çox saylı əməli addımlar atdı, normativ sənədlər hazırladı, planlar tərtib etdi, bə’zi nailiyyətlər əldə etdi, irsən müstəqil Azərbaycana dəyərli dövlətçilik ən’ənələrini qoyub getdi. Bu gün Azərbaycan Demokratik Respublikasının iqtisadi əlaqələr sahəsində qazandığı təcrübədən istifadə etmək üçün dəyərli cəhətlər hələ tükənməmişdir.