AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§4. Azərbaycan Demokratik Respublikasının
gömrük siyasəti

    Ölkənin iqtisadyyatının sabitləşməsi və iqtisadi əlaqələrinin genişlənməsi nəticəsində dövlət büdcəsinə daxil olan tədiyyələrin artırılması məqsədi ilə sərhəd keçidlərinin möhkəmləndirilməsi mövcud gömrük sisteminin milliləşdirilməsi və onun yeni prinsiplər əsasında qurulması dövlətin qarşısında duran ən ümdə vəzifələrdən biri idi. Bu mühüm vəzifəni həyata keçirmək üçün ölkədə fəaliyyət göstərən köhnə gömrük xidməti sistemi nəzərdən keçirildi, onun struktur bölmələrinin və keçidlərinin fəaliyyəti, normativ hüququ bazası, iş prinsipi, kadr potensialı, xüsusi tarifləri araşdırıldı və müstəqil dövlətin tələblərinə uyğunlaşdırıldı.
    Milli dövlətçilik mənafelərini tə’min edən yeni normativ hüququ aktlar və sənədlər hazırlandı, tariflər müəyyən edildi, sərhəd keçidlərində nəzarət gücləndirildi, kadrların tərkibi möhkəmləndirildi, idxal—ixrac mallarının siyahısı dəqiqləşdirildi, qaçaqmalçılığın qarşısının alınması üçün tədbirlər görüldü. İlk addım kimi bütün gömrükxanaların fəaliyyəti yoxlanıldı, Azərbaycanın gömrük xidmətindən sərbəst bəhrələnən Rusiyanın imperiya qaydaları ləğv edildi, yeni təlimatlar, normalar tətbiq edildi.
    O vaxt Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin böyük hissəsi Rusiya ilə bağlı olduğu üçün bu ölkələr arasında sərhəd gömrük xidməti sistemində qonşu dövlətin iş adamlarına xüsusi üstünlüklər verilmişdi. Sərhədlərdən keçərkən tam sərbəstlik statusundan istifadə edən Rusiyanın iş adamları daşıdıqları mal üçün gömrük rüsumlarından azad idilər. Onlar Azərbaycana Rusiya imperiyasının bir hissəsi kimi baxır, onun təbii sərvətlərini və hazır məhsullarını böyük imperiya ədası ilə daşıyıb aparırdılar.
    Azərbaycan Demokratik Respublikası yarananda ölkənin gömrük sisteminin strukturu Bakı gömrük idarəsindən, Ağstafa, Naxcıvan, Culfa, Astara, Cəbrayıl, Balakən və sairə gömrük məntəqələrindən, keçidlərdən ibarət idi. Lakin ixrac-idxalın həcminə və nomenklaturasına görə Bakı gömrük idarəsi Azərbaycanın gömrük xidmətinin əsasını təşkil edirdi, yüklərin böyük hissəsi quru və su yolu ilə Bakıdan daşınırdı.
    Gömrük sistemində dövlət qaydaları yaratmaq məqsədi ilə Azərbaycan Demokratik Respublikası hökuməti o vaxt sərhəd keçidləri sayılan Ağstafa dəmiryol stansiyasında, Kovaxçı, Mazım çay, Müğanlı, Şıxlı, Salahlı kəndlərində əlavə gömrük postları yaratdı. Bütün ölkə ərazisində gömrük xidmətinin fəalliyətini müstəqil dövlətin milli mənafeləri səviyyəsində qurmaq üçün Azərbaycan Demokratik Respublikasının parlamenti 1918-ci ilin dekabr ayının 17-də xüsusi qərar qəbul etdi. Bu qərarə əsasən hökumət köhnə gömrük xidməti struktürlarının işini yenidən qurdu, yeni məntəqələr, postlar yaratdı, ölkənin bütün məntəqələrində vahid rejim müəyyən etdi.
    Azərbaycanın iqtisadi-ticarət əlaqələri əsasən şimal qonşumuz Rusiya ilə bağlı idi. Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin böyük hissəsi Bakı-Xaçmaz dəmir yolu xətti ilə həyata keçirilirdi. Bu istiqamətdə iki tərəfli yükdaşılmaları tənzimləmək üçün Xaçmaz xüsusi gömrük məntəqəsinin işi gücləndirildi və sərhəddən keçən yüklərdən gömrük rüsumlarının alınması qaydaları haqqında hökumətin təsdiq etdiyi sərəncam qəbul edildi. Həmin sərəncamla Azərbaycandan xarici ölkələrə ixrac edilən malların siyahısı təsdiq olundu, bir sıra məhsulların satışı qadağan edildi. Hökumətin gördüyü sərt tədbirlər nəticəsində Xaçmaz məntəqəsində ciddi rejim yaradıldı və Rusiyanın iş adamlarının Azərbaycanda özbaşınalığına son qoyuldu, onlar müstəqil dövlətin qanunlarına riayət etməyə məcbur edildi.
    Əsas neft rayonundan məhrum olan, Azərbaycanın yanacaq məhsullarını maniəsiz daşımaq imkanını itirən Rusiya Azərbaycan Demokratik Respublikası hökumətinə qarşı müxtəlif xarakterli fitvalara əl atır, ölkə daxilində qarşıdurma yaratmağa çalışır, qanuni müstəqil dövlət quruluşunu tanımağa tələsmir, hətta onu devirmək haqqında planlar hazırlayırdı. Azərbaycan Demokratik Respublikası hökuməti Rusiyanın təzyiqlərinə qarşı müqaviməti gücləndirmək üçün iqtisadiyyatın tərəqqisinə üstünlük verir, ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qorunması haqqında təcili tədbirlər görürdü. İqtisadi tədbirlər arasında müqavimət vasitəsi kimi gömrük sistemi xüsusi yer tuturdü, yaradılmış gömrük rejimi imperiya iddialı iş adamlarının qarşısında keçilməz səd ucaltmışdı.
    Şübhəsizdir ki, sivil, demokratik prinsiplərə söykənən Azərbaycan Demokratik Respublikası hökuməti bütün qonşularla o cumlədən də Rusiya ilə xoş məramlı, qarşılıqlı iqtisadi əməkdaşlığı davam etdirməyə və daha da genişləndirməyə çalışırdı. Özbaşınalığı qəbul etməyən Azərbaycan Demokratik Respublikası hökuməti beynəlxalq təcrubəyə əsaslanan iki tərəfli və çox tərəfli iqtisadi əməkdaşlıqı müdafiə edirdi. Bu məramla Azərbaycan Demokratik Respublikası hökuməti daxili bazarın ehtiyaclarına müvafiq olaraq məhsul mübadiləsinə qərar verdi. Bu qərarla Azərbaycanla məhsul mübadiləsi üçün gələn xarici iş adamlarına əlverişli şərait yaradılır, neftlə məhsul dəyişmək istəyənlərə üstünlük verilir, onlar gömrük rüsumlarından azad edilirdilər. Rüsumların alınmaması haqqındakı sərəncam Azərbaycanda tələbatdan artıq malların ixracına da aid idi. Burada ölkənin real vəziyyəti, iqtisadi inkişafı və iqtisadi əlaqələrinin genişləndirilməsi əsas götürülürdü.
    Azərbaycanla geniş iqtisadi əlaqələr yaratmağa çalışan qonşu ölkələrdən biri Gürcüstan idi. Nefti olmayan bu ölkə yanacaq baxımından tamamilə Azərbaycandan asılı idi. Bu səbəbdən də Gürcüstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək üçün bütün vasitələrdən istifadə edir, neft almaq üçün özünün bütün sərvət və imkanlarını Azərbaycana təklif edirdi.
    Gürcüstanda yanacaq böhranının yaranması Azərbaycanda müstəqil dövlətin qurulması və burada Rusiyanın imperiya təsirinə son qoyulması ilə bağlı idi. Əvvəllər, Gürcüstanın Rusiyanın yardımı ilə heç bir mane olmadan istədiyi qədər Azərbaycandan neft almaq imkanı var idi. O vaxtlar rus imperiyasının Qafqazda yerləşdirdiyi ordu hissələlərinin böyük hissəsi və qərargahı Tiflisdə mərkəzləşdiyi üçün Rusiya Azərbaycandan Gürcüstana kifayət qədər neft daşıyır, hərbi texnikanı və bu ölkəni neft məhsulları ilə təmin edirdi.
    Azərbaycanda müstəqil dövlətin yaranması və burada Rusiyanın hökmranlığına son qoyulması, Rusiya-Azərbaycan iqtisadi ticarət əlaqələrinin yeni prinsiplər üzərində qurulması Gürcüstanı bu imkandan məhrum etdi. Yeni şəraitdə Azərbaycanla iqtisadi əlaqələri bərpa etmək üçün Gürcüstan yollar axtarır, təşkilatı tədbirlər görürdü. Bu istiqamətdə atılan ciddi addımlardan biri 1918-ci ilin dekabr ayında hər iki ölkədə səlahiyyətli diplomatik nümayəndəliklərin açılması idi. Diplomatik nümayəndələrin fəal işi sayəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqəlar yeni səviyyə qaldırıldı, gömrük qaydaları tənzimləndi.
    Gürcüstanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri G.K.Quqişvilinin Azərbaycan Demokratik Respublikası hökuməti ilə apardığı danışıqlar nəticəsində Bakı neftinin Gürcüstana köndərilməsi təmin edildi.
    Dost, qonşu Gürcüstana yardım etmək məqsədi ilə Azərbaycan Demokratik Respublikası hökuməti bu ölkəyə neft daşınmasının güzəştli gömrük tarif qaydalarını müəyyənləşdirdi. Bu qaydalara əsasən Gürcüstan, Azərbaycan Demokratik Respublikası hökumətinin təsdiq etdiyi həcmdə neft apardıqda gömrük rüsumlarından azad edilir, bu həd aşdıqda daşınan mal üçün müəyyən edilmiş tariflər üzrə mütləq rüsum ödəməli idi. Gömrük qaydalarında göstərilirdi ki, neft məhsullarını bütün Gürcüstan vətəndaşları deyil, yalnız ölkənin rəsmi nümayəndəsi daşıya bilər. Bu qayda Azərbaycanın humanist siyasətindən sui istifadə edilməsinin, özbaşınalığın və qaçaqmalçılığın qarşısının alınmasını nəzərdə tuturdu.
    Azərbaycan Demokratik Respublikası hökumətinin müəyyən etdiyi gömrük qaydaları, Gürcüstana edilən güzəştlərlə yanaşı milli iqtisadiyyatı sağlamlaşdırmaq üçün gömrük nəzarətinin gücləndirilməsini və rüsumların maksimum həcmdə toplanmasını tələb edirdi. Müəyyən edilmiş gömrük rejiminə əsasən Gürcüstan respublikasının rəsmi nümayəndələri Bakıdan sərbəst neft daşımaq hüququndan istifadə edirdilər. Azərbaycanın ticarət və sənaye nazirliyinin respublika gömrük idarəsinə göndərdiyi 11 noyabr 1918-ci il tarixli məktubunda göstərilirdi ki, Gürcüstana iki min boçka sement göndərilməsi üçün “Tauz aksioner cəmiyyətinə” icazə verilsin və mal göndərildikdən sonra gömrük rüsumu tutulsun. Məktuba əsasən sement göndərildi, müəyyən tariflər üzrə gömrük rüsumları toplandı.
    Azərbaycan Demokratik Respublikası hökumətinin təsdiq etdiyi qaydalara əsasən vətəndaş Əhməd Fiqarov Bakıdan növbə ilə Batuma 500 pud neft və min yüz pud benzin aparmış və iki əməliyyatda gömrük rüsumlarını ödəmişdir.
    Gömrük qaydaları bu prinsip üzrə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını da nəzərdə tuturdu.
    Mövcud qaydalara əlavə olaraq gömrük rejimini və tarif rüsumlarının toplanmasını gücləndirmək məqsədi ilə Azərbaycan Demokratik Respublikasının ticarət və sənaye nazirliyi 1918-ci ilin dekabr ayının 5-də 532 saylı yeni qərar qəbul etdi. Qərarda deyilirdi: “Azərbaycanın mövcud iqtisadi vəziyyətində yaranan çətinlikləri aradan qaldırmaq üçün gömrük məntəqələrindən, zastavalarından və keçidlərindən ərzaq və digər məhsullar, balıq, balıq məhsulları, habelə qurudulmuş balıq, ikralar aparılarkən nəzarət gücləndirilməlidir. Belə məhsullardan rüsumlar daha çox toplanmalıdır”. Bu qərar bütün kənd təsərrüfatı məhsullarının istehsalının ixracının artırılması üçün geniş imkanlar açdı. Gömrük rejimi və tarifləri üzrə vətəndaş İ.Q.Şereşunko Azərbaycandan Gürcüstana 100 pud tütün və bir vaqon balıq aparmış, müəyyən edilmiş rüsumları ödəmişdir.
    Gürcüstan Azərbaycanın Şəki-Zakatala bölgəsində istehsal edilən meyvələrin daşınmasına xüsusi əhəmiyyət verirdi. Bağlanmış müqaviləyə əsasən 1918-ci il dekabr ayının 12-də bölgədən Gürcüstana 539 ton fındıq-qoz, 212 pud alma, 1919-cu il yanvar ayının 31-də 30 pud meyvə, 1925 pud fındıq, yanvar ayının 7-də 837 pud meyvə, 3028 pud fındıq, yanvar ayının 8-10-da 151 pud meyvə, 1391 pud fındıq, yanvar ayının 11-14-də 1167 pud meyvə, 3007 pud fındıq göndərilmişdir.
    Azərbaycanın Gürcüstanla iqtisadi-ticarət əlaqələrinə böyük əhəmiyyət verməsinə, qonşu ölkəyə çox saylı güzəştlər etməsinə baxmayaraq idxal-ixrac prosesində, gömrük xidmətində bəzi çətinliklər müşahidə edilir, bağlanmış müqavilələrin şərtləri pozulurdu. Bu istiqamətdə Gürcüstan tərəfi daha çox ziddiyyətli hərəkətlərə yol verir, imzaladığı müqavilələrin tələblərinə əməl etmirdi. İki respublika arasında bağlanan müqaviləyə əsasən onların diplomatik nümayəndəliklərinin aldıqları və göndərdikləri bağlamalar rüsumsuz daşınmalı idi. Azərbaycan üzərinə götürdüyü öhdəliyi tamamilə yerinə yetirsə də, Gürcüstan diplomatik yüklərin göndərilməsindən rüsumlar tələb edirdi. ADR hökumətinin müşaviri Tairovun məktubunda qeyd edilirdi ki, “Azərbaycandan aparılan mallara bizdə heç bir maneə olmur. Təəssüflər olsun ki, Tiflisə gedən azərbaycanlılar Gürcüstan gömrüyündə ciddi yoxlamalara rast gəlir, onlara əzab verilirdi”.
    Gürcüstan respublikası beynəlxalq iqtisadi-ticarət əlaqələrində də özünün maraqlarına üstünlük verir, Azərbaycanın mənafelərini pozurdu. O vaxtlar Avropa ölkələrinin İranla ticarət əlaqələri Gürcüstan və Azərbaycan ərazilərindən keçdiyi üçün hər iki ölkə müvafiq tariflər üzrə rüsumlar almalı idi. Azərbaycanla Gürcüstan arasında 1919-cu il iyul ayının 29-da bağlanan müqaviləyə əsasən Azərbaycan öz öhdəliyinə riayət etdiyi halda Gürcüstan hökuməti müxtəlif bəhanələriylə müqavilənin tələblərini yerinə yetirmirdi. Tranzit şərtlərinin yerinə yetirilməsi haqqında Gürcüstan tərəfi ilə danışıqlar aparılması üçün 1919-cu il avqust ayının 9-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə xüsusi göstəriş verildi və Azərbaycanın mövqeyi şərh edildi, ölkə ərazisindən keçən mallar üçün rüsumların alınacağı bildirildi.
    Azərbaycanın qanunu tələblərinə məhəl qoymayan Gürcüstan tərəfi 1919-cu ilin avqust ayının 3-də Azərbaycanın Gürcüstan respublikasındakı diplomatik nümayəndəsinə bildirdi ki, “xaricdən gətirilən malları Gürcüstan tacirləri, yerli firmalar aldığı üçün, həmin mallar Azərbaycan ərazisindən keçərkən rüsumlardan azad olmalıdır” . Tamamilə haqlı olaraq Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Gürcüstan tərəfinin əsassız iddiasını qəbul etməmiş, onu 1919-cu il iyul ayının 29-da bağlanmış 3858 saylı razılaşmaya əməl etməyə çağırmışdır. Görünür nəqliyyat tarifləri ilə bağlı iddialar bəzi qüvvələrin tarixi xəstəliyidir.
    Gömrük xidmətinin keçid məntəqələri bölgəsində Gürcüstanın bəzi vətəndaşları qaçaqmalçılıq və quldurluqla məşğul olur, cəzasız qalırdılar. 1919-cu il oktyabr ayının 13-də Zaqatala quberniyasının 326 saylı Müğanlı gömrük xidməti bölməsindən Respublika gömrük idarəsinə göndərilən məktubda deyilirdi; “Yerli əhalinin Gürcüstan ərazisindən keçərək Alazanda, habelə “Şahman-bina” ərazisində Gürcüstan quldurları tərəfindən soyulması, ərzaqlarının əllərindən alınması barədə hər gün mə’lumat alınır. Təəssüf olsun ki, Gürcüstan tərəfi bu barədə heç bir tədbir görmür”.
    Azərbaycan hökuməti Gürcüstan ərazisində baş verən qanunsuzluqların qarşısının alınması üçün danışıqlar aparmaq haqqında Gürcüstandakı diplomatik nümayəndəsinə xüsusi göstəriş verdi. Məktubda deyilirdi: “Müğanlı gömrüyündən oktyabrın 13-də daxil olan 326 saylı məktubun məzmunu ilə Gürcüstan hökumətini tanış etmək lazımdır. Gürcüstan tərəfinə belə hərəkətlərə yol verməməyi xatırladın. Yoxsul insanlara qarşı Gürcüstan tərəfindən yol verilən hərəkətlərə son qoyulmalıdır”. Çox qəribədir ki, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə böyük ehtiyacı olan Gürcüstan özünün xeyrinə bağladığı müqavilələrin tələblərinə açıq şəkildə riayət etmir, onların şərtlərini pozur, münasibətləri gərginləşdirir, yeni-yeni hüquq pozuntularını davam etdirirdi.
    Azərbaycan hökumətinin dəfələrlə etdiyi müraciətlərə məhəl qoymayan Gürcüstan tərəfi yeni antihüquqi aksiya yaratdı. Bu yeni hadisə ilə bağlı Azərbaycanın gömrük idarəsinin Azərbaycan Demokratik Respublikasının Tiflisdəki diplomatik nümayəndəsinə 1919-cu il avqust ayının 10-da göndərdiyi 5023 saylı məktubunda deyilirdi: “Avqustun 5-də Maliyyə Nazirinin Tiflisdən aldığı teleqrama əsasən Ağstafa gömrük məntəqəsində keçmiş müfəttiş Fyodorov və nəzarətçi köməkçisi Minayev kimin isə təhriki ilə gömrük məntəqəsini nəzarətsiz qoyub Tiflisə getmişlər. Burada aparılan təftişlər göstərir ki, gömrük məntəqəsində böyük özbaşınalıq aşkara çıxarılmış, böyük çətinliklər və özbaşınalıqlar yaranmışdır. Ona görə bu barədə Gürcüstan qarşısında məsələ qaldırıb, Fyodorov və Minayevə də bu barədə mə’lumat çatdırın”. Gürcüstan tərəfi Azərbaycanın tələblərini yerinə yetirəcəyinə razılıq versə də onu yerinə yetirmədi, cinayətkarları geri qaytarmadı.
    Gürcüstan tərəfi Azərbaycanın müraciətlərinə baxmayaraq yeni-yeni qanunsuz iddialarla çıxış edirdi. Kaxetiyadan erməni Vermişyev və yəhudi Fandyeri Azərbaycana muraciət edərək tələb edirdilər ki, Poylu gömrük məntəqəsindən Azərbaycana gətirilən şərabların rüsumları məhsul satıldıqdan sonra Bakı gömrük idarəsində ödənilsin. Bu tələb onunla əsaslandırılırdı ki, şərab satılmadan əvvəl gömrük rüsumlarını keçiddə ödəmək sərfəli deyil. Burada erməni fitvası nəzərdə tutulur, şərabı sərhəddən rüsumsuz keçirib satdıqdan sonra aradan çıxmaq planlaşdırılırdı. Aydındır ki, satılmayan məhsulu təcrübəli iş adamı heç zaman başqa ölkəyə daşımaz.
    Humanistlik göstərən Bakı gömrük idarəsi 1919-cu il aprel ayının 9-da bu təklifi müzakirə edərək ona razılıq vermiş və Azərbacyanın iş adamlarına eyni əlverişli imkanın yaradılması haqqında alternativ tələb irəli sürmüşdür.
    Azərbaycanla Gürcüstan arasında gömrük xidməti ilə əlaqədar yaranmış gərginliyi tənzimləmək məqsədi ilə iki respublikaların sahə rəhbərləri görüşmüş və 1919-cu ilin mart ayının 2-də birgə müqavilə imzalamışlar. Azərbaycan tərəfindən müqaviləni Bakı şəhər gömrük idarəsinin rəisi L.İ.Budzinski imzalamışdır. Müqavilədə gömrük idarələrinə sərbəstlik verilməsi, iqtisadi çətinliklər zamanı ayrı-ayrı vaxtlarda ərzaq axınının dayandırılması, istisna olaraq bəzi hallarda hökumətin razılığı ilə müəyyən edilmiş həcmdə ərzaq mallarının iki tərəfli sərhədlərdən keçirilməsi nəzərdə tutulurdu. Bu dəfə də öhdəliyini dəqiq yerinə yetirən Azərbaycandan fərqli olaraq Gürcüstan yenə müqavilənin tələblərinə əməl etmədi.
    Müqavilə imzalanandan üç gün sonra Zaqatala qubernatorunun Azərbaycanın Daxili İşlər nazirinə göndərdiyi məktubunda deyilirdi ki, bölkənin sakinləri Gürcüstana meyvə-tərəvəz apardıqda gömrük məntəqələrində onlardan böyük məbləğdə rüsumlar tələb edilir. Naxçıvan sakini, kiçik ticarətçi Rzayev Məhəmməd Hüseyn 1919-cu il noyabr ayının 7-də Gürcüstana mal apararkən, sərhəd gömrük məntəqəsində onun malının dəyərindən çox rüsum alınmışdır.
    İki qonşu dövlət arasında gömrük əlaqələrində yaranmış gərginlik uzun sürə bilməzdi, müstəqil ölkələr bir-biri ilə normal münasibətlər yaratmalı idilər. Yeni sağlam münasibətlər onların iqtisadiyyatının möhkəmləndirilməsi və təhlükəsizliyinin tə’minatı üçün lazım idi. Bu zərurəti anlayan hər iki ölkənin gömrük idarələrinin başcılarının 1919-cu il dekabr ayının 25-da imzaladıqları müqavilə respublikalar arası ticarət rüsumlarını ləğv etdi, gömrük əlaqələrini nizama saldı, bütün qaçaqmalçılıq, rüsumdan yayınma hallarına qarşı sərt tədbirlər görüldü, gömrük əlaqələrində yeni rejim müəyyən edildi, nəzarət gücləndirildi. Quru və dəmir yollarla aparılan yüklər ciddi yoxlanıldı, müəyyən edilmiş normadan artıq yük tapıldıqda onlardan əlavə rüsumlar tutuldu, siyahıda olmayan malların Azərbaycandan kənara göndərilməsi qadağan edildi, gizli yolla aparılan məhsullar müsadirə edildi, dövlətə təhvil verildi.
    Azərbaycanla normal iqtisadi əlaqələr yaradan İran Rusiya ilə ticarəti Azərbaycan ərazisi vasitəsi ilə həyata keçirirdi. Azərbaycan ərazisi ticarət əlaqələri üçün hər üç dövlətə əlverişli idi. Qonşu ölkələr ticarət edir, Azərbaycan isə nəqliyyət xidməti üçün rüsum toplayırdı. Rüsumları dəqiqləşdirmək, onların həcmini maksimum həddə çatdırmaq üçün Azərbaycan ərazisindən keçirilən malların adları, miqdarı, konkret gömrük tarifləri və rüsumları müəyyən edilmişdir.
    Arxiv materialları əsasında bu göstəriçlər üzrə xüsusi cədvəl hazırlanmışdır. Cədvəldən görünür ki, düyünün hazırlanmış, təmizlənmiş hər pudundan 15 qəpik, təmizlənməmiş hər tupundan 7 qəpik, çəltiyin hər pudundan 5 qəpik rüsum alınması nəzərdə tutulmuşdu. Bu prinsin üzrə Azərbaycandan göndərilən malların sayı, siyahısı və tarif xərcləri müəyyən edilmişdir. Cədvəldə hər 100 ədəd yumurta üçün 20 manat, bir pud qənd və bal üçün 2 manat, bir ədəd konyak və araq üçün 2 manat, bir pud inək yağı 20 manat rüsum müəyyən edilmişdir.
    Azərbaycanın İranla iqtisa-ticarət əlaqələrinin normal vəziyyətinin səviyyəsini daha da yüksək etmək məqsədi ilə respublika gömrük idarəsi hər iki tərəfə göndərilən bağlamaların rüsumdan azad edilməsi və yoxlanılmaması haqqında qərar qəbul etdi. Göndərilən bağlamaların həcmi, çəkisi, sayı və onlardan alınan rüsumların dəyəri çox böyük olmasa da, bu addım iki ölkə arasında xoş psixoloji iqlim yaradırdı.
    Tək-tək hallar istisna edilməklə İranla Azərbaycan arasında normal ticarət əlaqələri və sadələşdirilmiş gömrük münasibətləri var idi. Hər iki tərəfə mal aparan tacirlərin və iş adamlarının yazılı müraciətləri, sənədləri iki həftə ərzində gömrük idarəsində baxılır, rüsumlar müəyyən edilir və əməliyyatın icrasına icazə verilirdi. 1919-cu il iyul ayının 23-də Bakıdakı “Əliyev qardaşları cəmiyyəti” Ənzəli şəhərindəki şəriki İbrahimovun adına 700 pud metal göndərməsi haqqında Bakı gömrük idarəsinə müraciət edir, müvafiq sənədləri təqdim edir. Gömrük idarəsi sənədləri nəzərdən keçirir və rüsumu vermək şərti ilə əməliyyata icazə verir, yük yola salınır.
    Azərbaycan—İran münasibətlərini gərginləşdirmək və varlanmaq yolu seçən ermənilər bu ölkələrin sərhəd keçidlərində qaçaqmalçılıqla məşğul olur, rüsum verməmək üçün müxtəlif saxtakarlığa gedirdilər. Erməni taciri Qriqoryan İrana neft, benzin, maşın yağı və 400 kisə buğda unu aparmaq üçün gömrük məntəqəsinə müraciət edərkən sənədlərin saxtalıqı müəyyən edilir və aydın olur ki, guya o, İrandakı ingilis qonşularının sifarişini yerinə yetirir. Qriqoryan saxtakarlığı əsaslandırmaq üçün sənədlərdə ingilis dəniz birləşməsinin komandanı polkovnik Braunun imzasının olduğunu və yüklərin ingilis əskərlərinin daşıdığını bildirsə də Azərbaycan Demokratik Respublikası hökuməti hadisə haqqında Brauna mə’lumat verir və gömrük əməliyyatını ləğv edir.
    Azərbaycan Demokratik Respublikası hökuməti ölkənin iqtisadiyyatında mühüm yer tutan gömrük xidmətinin işinin təkmilləşdirilməsinə, onun fəaliyyətinin hüququ bazasının yaradılmasına, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqətlə yanaşırdı. Ən əvvəl hökumət gömrük xidmətinin səlahiyyətlərinin artırılması və sərbəstliyin genişləndirilməsi üçün tədbirlər görür, onun əməkdaşlarının sosial qayğılarını yerinə yetirirdi. Ölkənin iqtisadi çətinlikləri şəraitində hökumət gömrük işçilərinin əmək haqlarını vaxtaşırı artırır, onların sosiyal təminatını yaxşılaşdırırdı. Görülən sosial xarakterli tədbirlər gömrük işçilərinin qanunlara tam əməl etmələrinə stimul yaradır, gömrük rejiminin icrası üçün onların məsuliyyətini artırırdı. Beləliklə, Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyəti zamanı ölkənin gömrük xidməti sistemində qanunsuz hərəkətə, o cümlədən sənədsiz, rüsumsuz mal keçirilməsi, tariflərin azaldılması hallarına yol verilməmişdir. Gömrük xidmətində yaradılmış düzlük, paklıq, şəffaflıq, tam qanunçuluq Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətində qazandığı ən mühüm nailiyyətlərdən biri idi.
    Azərbaycan Demokratik Respublikası hökuməti gömrük xidmətini inkişaf etmiş dünya dövlətlərinin təcrübəsinə yaxınlaşdırmaq məqsədi ilə bu sahənin strukturunu daim təkmilləşdirir, sadələşdirir, onun fəaliyyətində ən mütərəqqi normaları tətbiq edirdi. Əhəmiyyətsiz xırda keçidlər ləğv edilir, yaxın məntəqələr daha da genişləndirilir, onların buraxılış imkanları artırılır, yüklərin yoxlanışı, sənədlərin baxılması sadələşdirilirdi. İranla iqtisadi-ticarət əlaqələrini daha da genişləndirmək məqsədi ilə 1919-cu il dekabr ayının 29-da Lənkəran qəzasında Lənkəran və Astara gömrük məntəqələri, keçidləri, post və zastavaları yenidən quruldu, Qızıl-Ağac keçid məntəqəsi ləğv edildi. Biləsuvar gömrük məntəqəsi 3-cü dərəcəli zastavaya çevrildi.
    Azərbaycan Demokratik Respublikası hökuməti gömrük xidməti sahəsində həyata keçirdiyi demokratik islahatları təbliğ etmək və dünya dövlətlərinə çatdırmaq məqsədi ildə daha ciddi bir addım atdı. Parlament sədrinin birinci müavini Həsən bəy Ağayevin sədrliyilə qəbul edilən qərara əsasən diplomatların göndərdikləri və aldıqları bütün bağlamalar və sairə yollamalar yoxlamalardan və rüsumlardan azad edilirdi.
    Azərbaycan Demokratik Respublikası hökuməti bütün sahələrdə olduğu kimi gömrük siyasətində də sivil, humanist normalara dönmədən əməl edir, ağır vəziyyətə düşənlərə güzəştlərə gedirdi. Hökumətin 20 avqust 1919-cu il tarixli sərəncamı ilə Rusiyanın rayonlarından və Şimali Qafqazdan qaçqın düşmüş vətəndaşlar gömrük rüsumlarından azad edilmişdilər. Sərəncamda deyilirdi ki, “Qaçqın düşmüş insanlar vətənlərinə qayıdarkən apardıqları əşya və ərzaqlardan gömrük rüsumu alınmasın”.
    1919-ci ildə gömrükdən 100.000.000 manat, azad ticarətdən, yük sərnişini daşınmasından 15.000.000 manat rüsum toplanmışdır. Həmin il dövlət büdcəsi 665 milyon manata çatmışdır . Büdcədən şəhərlərin, kəndlərin və dağıdılmış təsərüfatların bərpası üçün 130 milyon, ümumi təhsil üçün 30 milyon, hərbi xərclər üçün 80 milyon manat vəsait ayrılmışdır.
    Aqrar bölmədə artım, tərəqqi ümumi gəliri artırdı. Azərbaycanda iri büynuzlu mal-qaranın sayı 1.000.000, atların sayı 150.000, camışların sayı 300.000, dəvələrin sayı 12.000, qoyunların və keçilərin sayı 1,5 milyon başa çatmışdı.
    Ümumi gəlirin artması ilə təhsilin, səhiyyənin, mədəniyyətin və ordunun maddi texniki bazasının yaradılması üçün vəsait qoyuluşu artırdı.
    1920-ci ilin əvvəllərindən başlayaraq Azərbaycana qarşı Rusiyanın müxtəlif xarakterli təzyiqləri daha da gücləndi, sərhədlərdə, gömrük məntəqələrində təxribatları təhlükəli hədda çatdı. Rusiya Azərbaycanın iqtisadi inkişafı, ticarət əlaqələri, müstəqilliyinin möhkəmləndirilməsi ilə barışmaq istəmir, onu yenidən özünün imperiya dairəsinə cəlb etməyə çalışırdı. Rusiyanın imperiya geostrateji siyasətinin nəticəsində 1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Rusiya ordusu Azərbaycana müdaxilə etdi, Azərbaycan Demokratik Respublikasını süquta yetirdi, onun formalaşmış gömrük sistemini gökündən dağıtdı, sərhədlərə nəzarəti öz üzərinə götürdü, Azərbaycanın təbii sərvətlərinə sahib oldu. Yeganə təsəllimiz ondadır ki, Azərbaycan Demokratik Respublikasının yaratdığı gömrük xidmətinin ən’ənələri yaşadı, bu gün müstəqil ölkəmizin dövlətçilik siyasətinin əsasına çevrildi.