AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§ 3. Azərbaycan Demokratik Respublikasının
maliyyə-kredit siyasəti

    Azərbaycan Demokratik Respublikasının hökuməti ölkənin sosial-iqtisadi vəziyyətini sağlamlaşdırmaq üçün möhkəm maliyyə-kredit sisteminin yaradılmasına xüsusi fikir verir, onun tənzimlənməsini başlıca vəzifə hesab edirdi. Çünkü Azərbaycan dövlətinin yaşaması və inkişafı müstəqil maliyyə sisteminin yaradılmasından çox asılı idi. Müstəqillik yoluna qədəm qoymuş milli hökumət mürəkkəb ziddiyyətli siyasi vəziyyətdən çıxmaq və dağılmış təsərrüfatı bərpa etmək üçün kəskin maliyyə siyasəti formalaşdırmalı idi. Hökumətin qəbul etdiyi maliyyə-kredit siyasəti, xarici dövlətlərlə hesablaşma, ödənişlərin aparılması, dövlət xəzinəsinin toplanması və xərc maddələri üzrə bölüşdürülməsi, nəhayət dövlət atributu olan milli valyutanın buraxılması siyasətini əhatə edirdi.
    Maliyyə siyasətində kəskin qoyulan əsas məsələ milli valyutanın buraxılması olmuşdur. Bu siyasət elə aparılmalı idi ki, o, yalnız Azərbaycanın deyil, eyni zamanda qonşu Dağıstan və Gürcüstan respublikasının iqtisadi inkişafının stabilliyinə xidmət etsin. Bu məqsədlə Nazirlər Şurası 1918-ci ilin sentyabr ayında dövriyyədə olan Bakı “bon”u pul vahidinin dəyərini müəyyən etmək haqqında qərar qəbul etdi. Bu qərara əsasən bir türk lirəsinin ödənilməsi Bakı “bon”u ilə 40 manat məzənnə ilə müəyyən olunmuşdu.
    Azərbaycan Demokratik Cümhuriyyəti əhalinin maddi rifah halının son dərəcə ağır olduğunu nəzərə alaraq həmin ilin sentyabr ayının 22-də Bakı şəhər özünüidarə Şurasının əvvəllər buraxdığı “bon”ların ümumdövlət puluna dəyərcə bərabər olması haqqında qərar qəbul etdi. Bu tədbir Azərbaycan hökumətinin maliyyə-kredit siyasətinin tənzimlənməsini və pul dövriyyəsinin sabitliyini tə’min etdi və pul dövriyyəsində kəskin sıçrayışlara yol vermədi.
    Bununla yanaşı hökumət əvvəlki pulların dövriyyədə qalmasına razılıq verdi və Maliyyə Nazirliyinə tapşırdı ki, bu pulların tədricən dövriyyədən çıxarılmasını tə’min etsin. Maliyyə-sənaye, ticarət naziri vəzifəsində işləyən Ə.Əmircanova göstəriş verildi ki, Bakı Şurasının dövriyyə buraxdığı “bon”ların həqiqi tə’minatını müəyyən etsin.
    1918-ci ilin sentyabr ayının 25-də hökumətin qəbul etdiyi qərara əsasən Azərbaycan Demokratik Cümhuriyyətində pul dövriyyəsinin tam sabitliyinə qədər 30 milyon manat məbləğində 10, 25 və 50 manatlıq dəyərində pul sikkələrinin dövriyyə buraxılması müəyyən edildi. Pulların dövriyyəyə buraxılması üçün maliyyə nazirliyinin sərəncamına 150 min manat məbləğində kredit ayrıldı.
    1918-ci ilin oktyabr ayının 1-də Azərbaycan Demokratik Cümhuriyyətinin Nazirlər Şurasının sədri F.X.Xoyski İstambulda rəsmi səfərdə olan M.Ə.Rəsulzadəyə mə’lumat verdi ki, Türkiyə lirəsinin Azərbaycanda məzənnəsi 20 manata bərabərdir.
    Həyata keçirilən tə’sirli tədbirrlər nəticəsində respublikada tezliklə maliyyə-kredit vəziyyəti sabitləşdirildi və möhkəmləndirildi. Görülən tədbirlərin nəticəsində Azərbaycan hökuməti gəlir hesabına 1918-ci il oktyabr ayında noyabrın 1-dən dövlət qulluqçularının əmək haqqının 100 faiz artırılması haqqında qərar qəbul etdi. Oktyabr ayının 22-də bir sıra nazirliklərin, qulluqçularına yardım üçün 5 min manat, Xalq Maarifi Nazirliyinə isə 22 min manat kredit ayırdı.
    Qonşu dövlətlərlə iqtisadi əlaqələri və ödənişləri tənzimləmək üçün 1918-ci il dekabrın 15-də Azərbaycan hökuməti Gürcüstan respublikası ilə “bon”ların buraxılması haqqında müqavilə imzaladı. Bu müqaviləyə görə Azərbaycan hökuməti Gürcüstanın maliyyə vəziyyətini sağlamlaşdırmaq və onun nəqd pula olan ehtiyacını nəzərə alaraq 80 milyon “bon” buraxmağa razılıq verdi və əvəzində özünün həm köhnə borcunu, həm də yeni pul buraxılışından öz payını alacağını tələb edib.
    1919-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda yerli və mərkəzi maliyyə orqanlarının yaradılması və yeni pul vahidlərinin dövriyyəyə buraxılması başlandı. 100 manatlıq və başqa pul vahidlərinin buraxılması nəzərdə tutulurdu. Bu barədə Azərbaycan Demokratik Respublikasının maliyyə naziri İ.N.Protasov hökumətin sədri Fətəli Xan Xoyskiyə məktub yazıb iri pul vahidlərinin buraxılmasını xahiş edirdi.
    Ölkədə yaranmış kriminal vəziyyəti nəzərə alaraq pulun e’tibarlı yerdə saxlanılması və mühafizəsi üçün ciddi tədbirlər görüldü. Bu tədbirlərin görülməsi onunla əlaqədar idi ki, banklardan pullar oğurlanır və dövrəyə qəlp pullar buraxılırdı. Xususi ilə yollarda pulların daşınması daha təhlükəli idi. Daha çox pul kütləsi Gəncəyə göndərilirdi, yollarda pulların mühafizəsini tə’min etmək üçün xüsusi tədbirlər həyata keçirilirdi. Bu sahədə xarici işlər naziri Məmməd Yusif Cəfərov və müdafiə naziri Səməd bəy əlbir işləyirdilər.
    Azərbaycanla Gürcüstan arasında münasibətlərin dost xarakterinə, Azərbaycan Demokratik Respublikasının qonşu dövlətə göstərdiyi maliyyə yardımlarına baxmayaraq bonların buraxılması ilə bağlı qonşu ölkədə bir sıra mübahisəli problemlər meydana çıxırdı. Qonşu ölkə maliyyə vəziyyəti ilə əlaqədar tez-tez Azərbaycandan böyük məbləqdə əlavə bonlar buraxmasını tələb edirdi. Bu tələblər Azərbaycan üçün heç də məqbul olmasa da siyasi mativlərlə bağlı parlamentin sədr müavini Həsən bəy Ağayev və xarici işlər naziri Məmməd Yusif Cəfərov bu təklifin yerinə yetirilməsini hökumətin sədri Nəsib bəy Yusifbəylidən təkidlə tələb edirdilər. Hökumətin sədri məsələyə maliyyə siyasəti və mənafe baxımından yanaşırdısa, H.Ağayev və M.Y.Cəfərov Gürcüstanın təklifini siyasi mənafe mövqeindən müdafiə edirdilər. Onlar belə hesab edirdilər ki, əgər məsələnin həlli Azərbaycanda yubadılsa etiyac içində olan Gürcüstan Ermənistanla birləşə bilər. Belə də oldu, proqnoz reallaşdı. Məlum oldu ki, 1919-cu ilin fevral ayının 12-də Gürcüstanla Ermənistan 320 milyon Zaqafqaziya bonu buraxmaq haqqında müqavilə imzalayıblar. Azərbaycan hökuməti bu razılaşmaya etiraz etsə də Gürcüstan may ayında yenidən 100 milyon bon pul buraxmaq haqqında Azərbaycan razılıq istədi. Hökumətin sədri bu məsələ ilə bağlı etiraz etməyi xarici işlər nazirinə həvalə etdi.
    Azərbaycan Cümhuriyyətində ilk dəfə olaraq kredit və borc-əmanət kassaları cəmiyyəti yaradıldı.
    Artıq 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının sərhədlərindən kənarda Bakı “bon”ları xüsusi qiymətə malik idi, onun alveri gedirdi. Xarici valyuta məzənnəsi ilə nisbətdə Bakı “bon”unun da möhkəm məzənnəsi müəyyənləşdirildi. Möhkəm maliyyə siyasətinin həyata keçirilməsinə baxmayaraq qonşu ölkələrlə iqtisadi əlaqələrin və ödənişlərin icrasında bə’zi çətinlikləri nizama salmaq lazım idi.
    1919-cu ildə hökumətin qərarı ilə ölkədə yerli və mərkəzi maliyə orqanlarının işi yenidən quruldu və yeni pul vahidləri dövriyyəyə buraxılmağa başlandı.
    1919-cu ilin iyun ayında Azərbaycanın birjalarında pulların məzənnələri belə müəyyən edilmişdi.
    1000 rublluq “Kerenkilər” — 1850 rubl
    500 rublluq “Romanovlar” — 1600 rubl
    100 rublluq “Romanovlar” — 350 rubl
    İngilis funt-sterlinqi — 310-315 rubl
    Amerika dolları — 280 rubl
    Fransa frankı — 8-10 rubl
    İtaliya lirəsi — 7 rubl
    İran Tüməni — 125-230 rubl
    Türk qızıl lirəsi — 390 rubl
    Rus onluq qızıl valyutası — 420 rubl
    Nobel aksiyaları — 16500 rubl.

    Həyata keçirilən maliyyə islahatları maliyyə-kredit sistemində canlanma yaratdı, iqtisadi-ticarət əlaqələrini və ödənişləri qaydaya saldı, ölkənin sosial-iqtisadi inkişafı üçün böyük perspektivlər açdı. Maliyyə kredit sisteminin işlək mexanizmini daha da gücləndirmək məqsədi ilə kredit və borc əmanət kassaları cəmiyyəti yaradıldı. 1919-cu ilin may ayında hökumət dövlət bankının təsis edilməsi haqqında qanun layihəsini bəyəndi və parlamentə göndərdi. 1919-cu ilin sentyabr ayının 30-da Bakıda Azərbaycan Dövlət Bangının açılışı oldu. Oktyabr ayının sonunda Dövlət bangının Gəncə şö’bəsi yaradıldı, kənd təsərrüfat kredit bangları təsis edildi. Beləliklə müstəqil Azərbaycanda möhkəm bang, maliyyə— kredit sistemi yaradıldı, maliyyə pul fəaiyyəti qaydaya düşdü.