AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§2 Azərbaycan Demokratik Respublikasının
neft siyasəti

    Azərbaycanın son yüz əlli illik tarixində neft sənayesi ölkəmizin iqtisadiyyatında özünün xüsusi çəkisinə və əhəmiyyətinə görə mühüm yer tutmuşdur. Azərbaycanın çoxsahəli iqtisadiyyatı həmişə böyük imkanları olan neft sənayesinə arxalanmışdır.
    Ölkənin zəngin neft ehtiyatlarını və onun maddi dəyərini yaxşı bilən Məmməd Əmin Rəsulzadə yazırdı ki, Azərbaycan neft məhsullarını satmaqla özünün güclü milli iqtisadiyyatını yarada və onu inkişaf etdirə bilər. Ona bu müstəsna inamı verən cahanda ən dəyərli sərvət olan neft idi. O, yazırdı ki, ”neft cahan siyasətinin ən mühüm amilidir, axar altundur. Neft Azərbaycan xalqının səadət və rifahını təmin edən mənbədir. İlk neft ölkəsi olan Azərbaycan Ümumcahan neft hasilatında Amerikadan sonra ikinci mövqeyi tutur. Bununla əlaqədar olaraq Azərbaycan beynəlmiləl siyasət silsiləsində ən mühüm həlqəni təşkil edir. Beləliklə, neftin Azərbaycanın milli iqtisadiyyatı naminə istifadə edilməsi mühüm məsələdir”.
    Neft zəngin yanacaq və gəlir mənbəyi olduğu üçün Azərbaycan həmişə böyük dövlətlərin maraq mərkəzində dayanmışdır. Bu marağın nəticəsində əsrimizin əvvəlində xarici ölkələrin Azərbaycana hərbi müdaxilə təhlükəsinin və imperiya təzyiqlərinin güclənməsi iqtisadiyyatın dağılmasına, neft mə’dənlərinin talan edilməsinə səbəb olmuş və Azərbaycanda 1918-1920-ci illərdə neft hasilatının 2,5 milyon tona enməsinə gətirib çıxarmışdır. Bolşevik rejiminin güclü təzyiqi nəticəsində ölkənin neft və neft məhsulları xaricə daşınır, mənimsənilirdi. 1918-ci ilin altı ayı ərzində Azərbaycandan Rusiyaya 1,3 min ton neft və neft məhsulları, 20 min pud benzin, 3.500 pud sürtgü yağı aparılmışdı.
    Azərbaycan neftinin bütünlüklə mənimsənilməsi üçün Bakı Sovetinin 19 mart 1918-ci ildə yaratdığı Bakı neft komitəsinin neft sənayesinin və onun satışının dövlət mülkiyyətinə verilməsi haqqında tədbirlər planı hüquqi əsas yaratdı .
    28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranan gün RSFSR Xalq Komissarlar Soveti neft təsərrüfatının ümumi xalq mülkiyyəti e’lan edilməsi haqqında dekret imzaladı. Buna uyğun olaraq Bakı Xalq Komissarlar Soveti isə 4 gün sonra, yəni 2 iyun 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi barədə dekret verdi.
    1918-ci ilin iyun ayında neft sənayesinin milliləşdirilməsi haqqında Bakı Sovetinin imzaladığı dekretə əsasən bütün neft müəssisələri onların mülkiyyətçilərindən alınıb xalq təsərrüfatı şurasının tabeliyinə verildi. Neft mə’dənlərini və neftayırma zavodlarını itirən neft sahibkarları Bakı Sovetinə öz etirazlarını bildirdilər.
    Dekretə qədər neft sənayesi sahəsində 250 neft şirkəti fəaliyyət göstərirdi. Onlardan 45 şirkət quyuların qazılması və 25 şirkət neftayırma müəssisələrində neftin emalı ilə məşğul olurdular. Şirkətlərin tabeliyində olan 100 xüsusi mexaniki e’malatxana və zavod neftin çıxarılması, emalı və nəqlinə xidmət edir, 300 müəssisə neft sənayesini zəruri materiallarla tə’min edirdilər. Beləliklə, neft sahibkarları böyük maliyyə vəsaiti hesabına yaratdıqları neft sənayesindən, çıxarılan neftdən və onun gətirdiyi gəlirdən məhrum oldular. Ən mühüm məsələ ondan ibarət idi ki, Bakı nefti bütünlüklə Rusiyanın əlinə keçdi.
    1918-1920-ci illərdə ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq neft istehsalı aşağı düşür, istismarda olan və yeni quyuların sayı azalır, qazma işləri dayandırılırdı.
    1917-ci ildə istismarda olan 3597 quyu fondu 391,7 mln.pud, 1918-ci ildə 3287 quyu 185, 6 mln.pud, 1919-cu ildə 2066 quyu 225,1 mln.pud, 1920-ci ildə 2037 quyu isə 175,1 pud neft verirdi. Əsas səbəblər fəhlələrin neft sənayesindən getməsi, quyu-ların dərinliyinin artması, dəzgahların, iri diametrli boruların çatışmaması, quyuların az qazılması, material-texniki təchizatın pis vəziyyəti, neft mə’dənlərini bürümüş tə’tillər, xarici neft firmalarının Bakı neft mə’dənlərindən məcburi getməsi, sahibsizlik üzündən hərcmərclik, quyuların sulaşması, quyuların əsas olmadan fəaliyyətsiz fonda keçməsi, neft ixracının məcburi dayanmasından ibarət idi.
    Xarici qüvvələrin tə’kidilə sayca çox olan yerli və iranlı fəhlələrin kənd təsərrüfatı işlərinə məcburi çağırılması köməkçi istehsal sahələrində fəaliyyətin tamamilə dayanmasına, ümumilikdə fəhlə və qulluqçuların 47000-dən (1917-il) 23068 nəfərə qədər azalmasına gətirib çıxarmışdı. Rusiyada baş vermiş inqilabi proses və vətəndaş müharibəsi Bakı quberniyasına güclü tə’sir edir, neftin ixracını çətinləşdirirdi. O vaxt neft donanmasında cəmi 97 gəmi qalmışdı
    Yaranmış kəskin böhranla əlaqədar olaraq neft sənayesi ilə bağlı olan digər sənaye sahələri, o cümlədən energetika, dəniz və dəmir yolu nəqliyyatı, maşınqayırma və metal e’malı zavodları da xeyli zərər çəkmişdilər. Eyni zamanda dəmir-mis mə’dənlərində hasilatın səviyyəsi kəskin surətdə aşağı düşmüş, ayrı-ayrı regionlarda pambıq təmizləmə zavod və fabrikləri böyük fasilələrlə işləmiş, ipək istehsalı 4-5 dəfə azalmışdır.
    Yeni dövlətin iqtisadiyyatı bütünlükdə neftin ixracatı ilə bağlı idi. Neftin isə əsas istehlakçısı olan Rusiyada vətəndaş müharibəsi başlandığı üçün Azərbaycanın bu bazarı bağlanmışdı. Neftin ixracatı sür’ətlə azaldığından onun qiyməti son dərəcə aşağı düşürdü, 1919-cu ildə respublikada çıxarılan neftin yalnız 1\6 hissəsi ixrac edilmiş, qalan hissəsini nəql etmək mümkün olmamışdır.
    Belə bir şəraitdə iqtisadiyyatı bərpa etmək və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün böyük çətinliklərə baxmayaraq hökumət ilk növbədə neft sənayesinə diqqət yetirməli idi. Lakin milliləşdirmədən sonra dağıdılmış neft mədənləri və zavodları bərpa etməyə əslində hökumətin əsaslı vəsaiti yox idi. Elə həmin müəssisələrin öz əvvəlki sahiblərinə qaytarılması da xeyli dərəcədə bu zərurətdən irəli gəlmişdi. Neft ixracında olan çətinliklərlə əlaqədar olaraq neft az pul gətirsə də Azərbaycana xaricdən müntəzəm olaraq kredit almağa imkan verirdi.
    Bakı Soveti süquta yetdikdən sonra Bakıya köçən Azərbaycan Demokratik Respublikası hökuməti 5 oktyabr 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi haqqında verdiyi xüsusi dekretlə bütünlüklə neft mədənlərini, xəzər ticarət donanmasını, gəmiləri, zavodları, e’malatxanaları neft sahibkarlarına qaytardı, istehsal edilmiş neftin üçdə iki hissəsini onlara verdi, üçdə bir hissəsini özünün sərəncamında saxladı, neftin Rusiyaya daşınmasını qadağan etdi. Beləliklə, Bakıda neft ehtiyatı 1918-ci ildə 97 milyon pud təşkil etdiyi halda, 1919-cu ildə onun həcmi üç dəfə artaraq, 1920-ci ilin əvvəlində 300 milyon puda çatdı. Yaranmış əlverişli vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətinə qonşu dövlətlərə sərbəst neft satmağa imkan verdi.
    Azərbaycan neft sənayesinin sabitləşdirilməsi və inkişaf etdirilməsində hökumətin 1919-cu ildə e’lan etdiyi dekreti xüsusi əhəmiyyət kəsb edirdi. Bu dekretə görə neft sənayesi üzərində dövlət nəzarəti qoyuldu, neftin və neft məhsullarının Batuma daşınmasına və satılmasına, mal mübadiləsinə icazə verildi. Dekretlə bağlı 1919-cu ilin mart ayında uzunluğu 500 km., nəql etmək gücü 3 milyon ton olan 1903-1907-ci illərdə tikilən və müharibə illərində sıradan çıxmış Bakı-Batumi neft kəməri bərpa edildi və ilk neft yola salındı.
    Neft sənayesinin sürətlə inkişafını təmin etmək üçün ona xidmət edən yeni istehsal infrastrukturlarının yaradılması tələb edilirdi. Yeni istehsal sahələrinin yaradılması, təzə quyuların qazılması, onların istifadəyə verilməsi, neftin çıxarılmasının artırılması neft sənayesinin ehtiyaclarının yerinə yetirilməsi tələblərindən irəli gəlirdi.
    Bütün bu işlər neft çıxarma və neft e’malı sənayesinə xidmət edən maşınqayırma və tə’mir müəssisələrinin təşkilindən başlandı, ən əvvəl maşınqayırma müəssisələri, qazanxanalar, polad və dəmir prokatlar, qaynaq e’malatxanaları yaradılıb istifadəyə verildi. Bununla yanaşı neft çıxarmada başlıca istehsal xidmət sahəsi olan enerji təsərrüfatı təşkil edilirdi. Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdırılmışdı ki, bundan da 56V min kVt-ı 2 baş stansiyasının, yəni “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşürdü. İstehsal olunmuş elektrik enerji sərfinin 95%-ə qədəri neft rayonlarının payına düşürdü.
    Görülən tədbirlər nəticəsində artıq 1918-1920-ci illərdə Azərbaycanda sənaye kompleksinin və istehsal infrastrukturunun yaradılması prosesi başlandı. Həmin dövrdə neft çıxarma, neft e’malı, neft avadanlıqlarının tə’mirinə və istehsalına xüsusi fikir verilirdi. Neft mərkəzi hesab edilən Bakı şəhərində əhalinin tələbatını ödəmək məqsədilə yüngül, yeyinti sənayesinin, yük daşıma nəqliyyatı və şəhər nəqliyyat təsərrüfatının inkişafı diqqət mərkəzində idi.
    1918-ci ildə Bakıda 165 müstəqil neft firmaları mövcud idi. Onların özünə məxsus mə’dənləri, neft e’mal edən zavod-ları, boru kəmərləri və anbarları var idi. Bu dövrdə Bakının neft təsərrüfatı özündə 19 iri təşkilatı birləşdirirdi. Onlardan 17-si bütün neft mə’dənlərini, biri neft e’malı zavodlarını, biri isə boru kəməri şəbəkəsini əhatə edirdi.
    İdxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda təntənəli surətdə Azərbaycan Dövlət Bankı açıldı. Bankın açılışında məşhur xeyriyyəçi H.Z.Tağıyev demişdi: “Bizim Bank haqqında tezliklə Avropada biləcəklər”. 1919-cu ilin oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başladı. 1919-cu ilin sonunda Azərbaycan Cümhuriyyətində ilk dəfə olaraq kredit və borc-əmanət kassaları cəmiyyəti yaradıldı.
    O vaxt neft sənayesində yaranan ən mühüm problemlərdən biri neftin emal edilməsində yaranmış çətinliklərlə bağlı idi. Dağıntılar nəticəsində neft hasilatı ilə e’malı arasında böyük disproporsiya yaranmışdı. Azərbaycanda mövcud olan çox saylı neft e’malı müəssisələrinin ümumi gücü 0.5 mln. ton təşkil edirdi. 1918-ci ildə Azərbaycanda neft e’malının həcmi təxminən 200 min tona endiyindən əsasən xaricə neft xammal şəklində ixrac edilirdi.
    1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası neft e’malı sənayesinin inkişafı ən vacib problem idi. O vaxtlar neft e’malı müəssisələri xarici şirkətlərin ixtiyarında idi. Xarici şirkətlər 1901-ci ildən başlayaraq e’mal sənayesində öz mövqelərini möhkəmləndirməyə çalışır. Bakıda 1903-cu ildə 118, 1913-cu ildə 182, 1917-ci ildə 167, 1920-ci ildə 141 xarici şirkət fəaliyyət göstərirdi. Onların özünə məxsus mə’dənləri , neft e’mal edən zavodları, boru kəmərləri və anbarları var idi. Bu dövrdə Bakının neft təsərrüfatı özündə 19 iri təsərrüfat təşkilatını birləşdirirdi. Göstərilən şirkətlər aşağıdakı transmilli korporasiyalarda birləşirdilər.
    — Nobel qardaşları neft e’malı, kimya və neftin ixracı ilə məşğul olurdular.
    — Rus neft şirkəti neftin hasilatı, e’malı və ixracı ilə məşğul olurdu.
    — İngilis-Holland “Şell” tresti neft hasilatı, neft ayırma sahələrinin neft avadanlıqları ilə tə’min edilməsini təşkil edirdi.
    Maliyyə-neft korporasiyasında 10-dan artıq xarici ölkənin şirkətləri iştirak edirdi. Onların əsas vəzifəsi neft və neft e’malı sənayesinin inkişafını maliyyələşdirməkdən ibarət idi.

    Azərbaycanda və bölgədə baş verən ziddiyyətli ictimai-siyasi hadisələrin nəticəsində xarici maliyyə şirkətləri ilbəil neft sənayesinin inkişafı üçün ayrılan kapital qoyuluşundan azaldırdılar.
    1917-ci ildəAzərbaycana 111 milyon rubl xarici kapital qoyuluşu 49 milyonu ingilislərə, 46 milyonu fransızlara,12 milyonu almanlara, 4 milyon rublu isə hollandlara məxsus idi. Maliyyə çətinlikləri ilə əlaqədar 1913-cü il ilə müqayisədə qazmanın həcmi 16 dəfə azalıb 1100 metrə enmiş neft hasilatı və neft e’malı müvafiq olaraq azalmışdı.
    1918-1920-ci illərdə Azərbaycan Demokratik respublikası neft və neft e’malı sənayesinin inkişafı ilə əlaqədar çoxlu problemlərlə rastlaşırdı. Bakı Xalq Komissarlar Soveti 19 mart1918-ci ildə Bakı neft komitəsi yaratdı, neft sənayesini və satışını dövlət mülkiyyətinə verdi, 28 may 1918-ci ildə RSFSR Xalq komissarlar Soveti neft təsərrüfatını ümumi xalqın mülkiyyətinə verilməsi haqqında dekret imzaladı, buna müvafiq olaraq Bakı Xalq Komissarlar Soveti 2 iyun 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi barəsində dekret verdi, beləliklə bütün neft təsərrüfatı öz başına buraxıldı.
    Bakı XKS-nin 2 iyun 1918-ci il tarixli dekretilə bütün neft mə’dənləri, zavod və müəssisələri milliləşdirərək əvəzində mərkəzi zavod komitəsi yaratdı, mə’dən və zavodların əmlakının uçotunu öz üzərinə götürdü. Bakı İnqilab Komitəsi öz sərəncamı ilə neft sənayeçilərindən tə’xirə salınmadan vergiqoyma komitəsinin hesabına haqq ödənilməsini tələb etdi. Bu sənəddə xəbərdarlıq edilirdi ki, vergini ödəməyənlər Sovet hökumətinə tabe olmayanlar kimi həbs ediləcəklər. ADR-in paytaxtının Gəncədə yerləşməsindən istifadə edərək Bakı XKS-ı Qızıl ordunun Volqa boyunda yerləşən hissələrinə 160 milyon pud neft göndərdi.
    Təkcə ordunun deyil, bütün ölkənin taleyi Bakı neftindən asılı idi. Dəmir yol, hava, dəniz nəqliyyatı, sənaye müəssisələri, kənd təsərrüfat obyektləri, İvanovo-Voznesenki, Povoljye, Moskva, Peterburq fabrik-zavodları Bakı neftindən istifadə edirdi.
    Musavat hökuməti yalnız 5 oktyabr 1918-ci ildə neft sənayesinin milliləşdirilməsini ləğv edərək neft mə’dənlərini və zavodları əvvəlki sahiblərinə qaytardı və RSFSR-ə neft göndərişini dayandırdı. ADR öz müstəqilliyini möhkəmləndirməsi ilə əlaqədar bir sıra şərtlərini Rusiyaya bildirdi.
    Neft mə’dənlərinə yenidən sahib olan xarici sərmayadarlar ingilislərin Bakıda olan hərbi komandanlığı və Böyük Britaniyanın Xəzər dəniz nəqliyyatı idarəsi ilə əlaqə yaradaraq onlara neft məhsullarını satmış, öz gəmilərini müxtəlif məqsədlər üçün ingilislərin sərəncamına vermişlər.
    Yaranmış daxili və xarici vəziyyət Azərbaycan Demokratik Respublikası rəhbərliyinə neft sənayesinə geniş sərmayə qoyuluşu üçün imkan vermirdi. 1919-cu ilin mayın 5-dən 14-nə kimi Bakıda bolşeviklərin rəhbərliyi altında keçirilən nümayiş, ermənilərin həm Azərbaycanda, həm də ondan kənarda havadarlarının köməyinə arxalanaraq törətdiyi fitnə-fəsadlar neft sənayesinə sərmayə qoyuluşuna və neftin hasilatına güclü zərbə vuraraq onun ümumi həcmini xeyli azaltdı.
    Bütün çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikası ölkəni müstəqil dövlət kimi idarə edir, neft sənayesinin inkişafına xüsusi diqqət yetirir, onun tənzimlənməsinə çalışırdı. Azərbaycan Demokratik Respublikası hökuməti neft siyasətində Məmməd Əmin Rəsulzadənin belə bir müddəasını əsas götürürdü ki, “Azərbaycan xaricə ehtiyac göstərmədən ən kəndi iqtisadi imkanları ilə müstəqil bir həyat yaşamaq istedadına bulunan müstəsna məmləkətlərdəndir. Ona bu müstəsna mövqeyi bəxş edən ən mühüm amillərdən birincisi cahan miqyasında çox dəyərli bir qiymətə haiz bulunan petrola malik olmasıdır. Petrol, cahan siyasətinin ən müasir amili olan bu axar altun bu gün Azərbaycanın talesizliyini mövcib olmuşsa da yarın digər bir şəkildə, səadət və rifahını təminə namizəddir”. Bu ideyanın reallaşması istiqamətində hökumətin həyata keçirdiyi sərt tədbirlərin nəticəsində ölkədə daxili vəziyyət sabitləşdikcə dünyanın böyük dövlətlərinin Azərbaycan neftinə marağı artırdı. Bakı nefti iqtisadi inkişafla yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün siyasi tə’minat yaradırdı.
    Birinci dünya müharibəsində məğlub olmuş Türkiyə ilə Böyük Britaniya arasında 1918-ci ilin oktyabr ayının 30-da bağlanan Mudros barışığına görə Türkiyə Zaqafqaziyadan, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxartdı, Zaqafqaziya Böyük Britaniyanın nüfuz dairəsi e’lan edildi. Noyabr ayının 17-də general Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya yeridildi. General Tomson Bakıya gəlməzdən əvvəl verdiyi bəyannamədə deyilirdi: “Bakı şəhəri neft mə’dənləri ilə birlikdə işğal olunacaq, ölkənin qalan hissəsi isə Azərbaycan hökuməti və qoşunlarının nəzarəti altında qalacaqdır.” General Tomson Bakının general qubernatoru tə’yin olunduqdan sonra o, Azərbaycan bayrağının endirilməsi əmrini vermişdi. Müttəfiqlərin Rus torpağının kiçik bir hissəsinin belə işğal edilməməsi haqqında Tomson Rus xalqı qarşısında and içmişdi. Lakin tezliklə general Azərbaycanın müstəqilliyinə münasibətini dəyişdi. 1918-ci ilin dekabr ayının 26-da Fətəli Xan Xoyskinin başçılıq etdiyi hökumət təşkil olunduqdan sonra V.M.Tomson Azərbaycan hökumətini tanıdığını bildirdi.
    V.M.Tomsonun bəyanatına görə bütün Azərbaycan ərazisinin hüdudlarında Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış Azərbaycan koalisiyon hökuməti yeganə qanuni hakimiyyət kimi tanınır və müttəfiq ölkələrin hərbi qüvvələrinin komandanlığı bu hökumətə hərtərəfli yardım göstərəcəkdir.
    Rusların Azərbaycana qarşı iddialarını rədd edən Tomson ermənilərlə münaqişədə müsəlmanların xeyrinə siyasət aparırdı. Ermənilər Yelizavetpol quberniyasının qərb hissəsində yerləşən Dağlıq Qarabağı ələ keçirmək istəyirdilər. Onun əhalisi arasında azərbaycanlılar ilə ermənilərin xüsusi çəkisi 3:1 nisbətində idi. Strateji koridor rolunu oynayan Qarabağ Şərqi Zaqafqaziya Müsəlmanları ilə Türkiyə arasında əlaqə ola bilərdi. Türklər Bakını tərk etdikdən sonra daşnak Andranik Qarabağ bölgəsində erməni hakimiyyəti yaratmağa cəhd göstərdi. Lakin Tomson 1919-cu ilin fevral ayının ikisində Andranikdən hərbi əməliyyatı dayandırmağı tələb etdi.
    1919-cu il yanvar ayının ortalarında general Tomson Qarabağı Zəngəzur qəzası ilə birlikdə Azərbğaycan hökumətinin idarəsi altına daxil etdi və general Xosrov bəy Sultanovu hər iki ərazinin qubernatoru tə’yin olundu.
    İngilislərin bu himayədarlığı Azərbaycana heç də axıra qədər uğurla başa gəlmədi. 1918-ci ilin dekabrından 1919-cu ilin aprelinə qədər Britaniyalılar Bakı-Batum kəməri vasitəsilə haqqı ödənilmədən Azərbaycandan 8405471 manat 20 qəpik dəyərində neft və neft məhsulları aparmışdılar. Nəzərə alaq ki, bir o qədər də nefti Bakı Kommunası dövründə əvəzsiz olaraq Sovet Rusiyası aparmışdı.
    1919-cu ildə rus ağqvardiyaçıları tərəfindən Qavfqazın Şimal ətəklərinin tutulması nəticəsində Azərbaycan öz taxıl mənbələrindən ayrı düşmüş, ixracat yolları bağlandığı üçün sənaye xammalı sayılan pambığın, ipəyin və tütünün istehsalı kəskin surətdə azalmışdır. Lakin bu dövrdə əsas problem neft sənayesinin əvvəlki illər ilə müqayisədə 30% azalması idi.
    1919-cu ilin ikinci yarısında Batumi kəməri yenidən işə düşəndə Bakının neft istehsalına Qərbi Avropanın marağı gücləndi və kredit almaq imkanı yarandı. 1919-cu ilin yayında Azərbaycanın siyasi həyatında əlamətdar hadisə baş verdi. Avqustun ikinci yarısında ingilis qoşunları Azərbaycan ərazisini tamamilə tərk etdilər. Bu andan e’tibarən Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başladı, özünün neft etiyatlarının əsl sahibi oldu.