AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

BEŞİNCİ BÖLMƏ

AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ
IQTISADI INKIŞAF KONSEPSIYASI


§ 1 Azərbaycan Demokratik Respublikasının
sosial-iqtisadi inkişaf proqramı

    İqtisadi məsələlərə münasibətdə Məmməd Əmin Rəsulzadənin mövqeyi belə idi:”fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” Bu mövqe müstəqil Azərbaycan Cümhuriyyətinin milli dövlətçilik strategiyasının və müstəqilliyinin qorunmasının e’tibarlı qarantı idi. Elə bu məqsədlə də Azərbaycan Demokratik Respublikası hökuməti yarandığı gündən ölkənin sosial-iqtisadi inkişaf proqramı üzərində ciddi iş aparır, respublikanın ən peşəkar iqtisadçılarını, siyasətçilərini, maliyyə—bank işçilərini, kənd təsərrüfat mütəxəssislərini bu vacib işə cəlb edirdi. Ölkənin ən qabaqcıl ziyalıları, ictimai xadimləri o vaxta qədər Azərbaycanın tarixi keçmişinə və gələcəyinə, yaranmış Demikratik Cümhuriyyətə, onun iqtisadi-sosial platformasına və bu qəbildən olan digər məsələlərə dair bir çox əsərlər, məqalələr yazırdılar.
    Azərbaycan Demokratik Cümhuriyyətinin iqtisadi inkişaf platforması sosial-iqtisadi qurluşu, mülkiyyət münasibətlərini və onun formalarını, iqtisadi qanunların hazırlanmasını, aqrar məsələni, torpaq islahatını, maliyyə-kredit, vergi siyasətini, pul və pul tədavvülü, sosial siyasəti, iqtisadiyyatın idarə edilməsi mexanizmini və sairə məsələləri əhatə edirdi. Bu məsələlər iqtisadi nəzəri fikir baxımından bu gün üçün də maraqlı və çox əhəmiyyətlidir.
    İqtisadi platformada cəmiyyətin iqtisadi bazisini təşkil edən mülkiyyət məsələsinə geniş yer verilirdi. M.Ə.Rəsulzadə mülkiyyətin yeniləşdirilməsi məsələsində inzibatçılığı, zorakılığı qətiyyətlə pisləyir və qeyd edirdi ki, “qədimlərdən bəri insanların yaşayışda və iqtisadiyyatda qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabi bir zərbəylə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan qaldırmaq mümkün deyildir”. M.Ə.Rəsulzadə göstərirdi ki, bizim fikrimizcə xüsusi “mülkiyyəti tamamilə aradan qaldırmaq, indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırardı. Aydındır ki, belə olduqda sosial həyat irəliləmədən düşər, insanlar bəsit ibtidaiyə doğru dönərlər, aləmin nizamı pozular”
    Azərbaycan Demokratik Cümhuriyyətinin iqtisadi platformasında müxtəlif mülkiyyət formalarının (xüsusi, səhm-dar, bələdiyyə, dövlət və s.) bərabər inkişaf imkanları nəzərdə tutulurdu. Bununla yanaşı inhisar mülkiyyətinin qeyri məhdudluğu, hədsiz mənfəət əldə etmək zərərli sayılırdı. Azərbaycan Demokratik Cümhuriyyətinin iqtisadi platfomasında mülkiyyətin formalarının miqyasını müəyyən edərkən bu işdə ifrata varmağın, çərvədən çıxmağın zərərli olduğu göstərilirdi.
    Xüsusi mülkiyyətin mövcudluğu və inkişafında ayrı-ayrı (sənaye, nəqliyyat, rabitə və s.) sahələrin özünə məxsus xüsusiyyətləri nəzərə alınmalı, fabrik və zavodlarda mülkiyyətin hədsiz xırdalanması ideyasına yol verilməməlidir. Cəmiyyətin, xalq təsərrüfatının daha ahəngdar fəaliyyət göstərməsi üçün “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, habelə dəmir yolu, elektri stansiyaları, su, telefon, teleqraf, digər xidmət sahələri ya milliləşdirilməli, yaxud da bələdiyyələşdirilməlidir.
    İqtisadi platformada bir sıra vacib sahələrə məxsus obyektlərin, müəssisələrin, fabriklərin, zavodların xidmət idarələrinin “xırda mülkiyyətə bölünməsi tətbiqi mümkün olmadığına görə burada çalışanların mövqe əlahiddə hazırlanan əmək qanunları ilə” təmin olunmaqla dövlət mülkiyyətinə daxil edilməsi nəzərdə tutulurdu.
    Azərbaycan Demokratik Cümhuriyyətinin iqtisadi platformasında əsas yerlərdən birini də aqrar münasibətləri məsələsi tuturdu. O dövrdə Azərbaycan kənd təsərrüfatı ölkəsi olduğu üçün bu məsələ daha əhəmiyyətli iqtisadi-sosial hadisə hesab edilirdi. Platformada torpaq üzərində xüsusi mülkiyyət inkar edilmir, onun miqyası, istifadə olunması, mənimsənilməsi, bölünməsi və s. qaydaları aşkarlanırdı.
    1918-ci il dekabr ayının 26-da parlamentdə çıxış edən baş nazir F.X.Xoyski deyirdi: “Nə qədər ki, kəndlilər torpaqla təmin olunmamışdır, millət tərəqqi edə bilməz”. “Hökumət lazım bilir ki, torpaq əvəzsiz əkinçiyə verilsin”. “Kəndli sinfinin ehtiyaçlarının ödənilməsi hökumətin başlıca vəzifəsidir”. “Hökumət bilir ki, torpaq əkinçiyə verilməz isə, fəhlənin həyatı təmin edilməz isə o hökumət yürüməz.”
    1919-cu ilin avqustunda “Tam həcmdə torpaq fondu yaradılması, habelə onun əhali arasında bölüşdürülməsi və xüsusi mülkiyyətdə olan meşələrin milliləşdirilməsini” nəzərdə tutan iki qanun layihəsi hazırlanmışdı.
    Birinci qanun layihəsində xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq dövlət torpaq fondunda cəmləşdirilməsi, ikinci layihədə isə müəyyən məbləğ ödənilməklə torpaqların alınması nəzərdə tutulurdu. Hər halda, hər iki layihədə ümumi starteji məqsəd bir olmuşdur—kəndlini torpaqla təmin etmək, torpağı onu bəcərənə vermək.
    Azərbaycan Demokratik Cümhuriyyətinin platfomasında diqqəti cəlb edən istiqamətlərdən biri də maliyyə-valyuta və vergi məsələsi haqqındakı müddəalardır. Aydındır ki, hər bir müstəqil dövlətin güclü maliyyə-valyuta sistemi olmalıdır. Odur ki, Demokratik Cümhuriyyətin rəhbərləri bu problemin vacibliyinə çox ciddi yanaşmışlar.
    Onu qeyd etmək kifayətdir ki, müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemini yaratmaq üçün 82-dən çox qanun layihəsi işlənib parlamentə təqdim olunmuşdu. Maliyyə məsələsində şərti olaraq iki mərhələ nəzərdə tutulurdu. Birinci mərhələdə respublikanın özünün maliyyə ehtiyatlarından tam istifadə edə bilməsi üçün müəyyən tədbirlərin həyata keçirilməsi, ikinci mərhələdə isə müəyyən sabitlik yarandıq-dan sonra yeni yaradılan maliyyə-bank sistemi vasitəsi ilə dövlətin maliyyə sisteminin təkmilləşdirilməsinə diqqətin artırılması nəzərdə tutulurdu.
    Hər iki mərhələdə maliyyənin əsas məqsədi dövlətin gəlirlərini artırmaqdan, pozulmuş pul tədavülünü qaydaya salmaqdan ibarət idi.
    Azərbaycan Demokratik Cümhuriyyətinin iqtisadi platformasında maliyyənin tərkib hissəsi olan vergi sisteminə də xüsusi fikir verilirdi. Platformadan görünürdü ki, dövlətin vergi siyasəti bir tərəfdən güclü sahibkarlıq, digər tərəfdən isə güclü siyasi hakimiyyət yaratmaq məqsədi daşıyırdı.
    Büdcəni formalaşdırmaq üçün əsas mənbə gəlir vergisi idi. Mütərəqqi gəlir vergisinin müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizinə çatdırılması nəzərdə tutulurdu.
    Büdcəyə daxil olmalarının ikinci mühüm mənbəyi şərab, tütün və xüsusən neft məhsullarından alınan aksizlərdən ibarət olmalı idi.
    Pul inflyasiyasının qarşısını almaq və pul tədavülünü qaydaya salmaq üçün 1918-ci ilin ortalarından başlayaraq Azərbaycan Demokratik Cümhuriyyəti milli pul vahidlərinin tədavülə buraxılması, maliyyə-kredit siyasətini həyata keçirmək üçün 1919-cu ilin sentyabrında Dövlət Bankının açılması o dövrdə çox böyük hadisə idi.
    Azərbaycan Demokratik Cümhuriyyətinin iqtisadi platformasının əsasını müstəqil dövlət quruculuğu ideyası təşkil edirdi.
    Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti və hökuməti bütövlükdə əhalinin mənafeinə yönəldilmiş iqtisadi platformanı, eləcə də ona əsaslanan təsərrüfat siyasətini həyata keçirmək üçün böyük səy göstərirdi.
    F.X.Xoyski haqlı olaraq deyirdi: “Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, ona yol göstərən işıqlı ulduz bu idi - millətin hüquqi istiqlalı və xeyri”. Azərbaycan Demokratik Respublikasının 23 aylıq hakimiyyəti ərzində dağılmış iqtisadiyyatı bərpa etmək, maliyyə sistemini qaydaya salmaq, ərzaq və müxtəlif xammal məhsulları istehsalının artırılmasına maddi marağı yüksəltmək, tədavülə milli pul nişanları buraxmaq və s. kimi uğurlu addımlar atılmışdır.
    M.Ə.Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində yazırdı: “Əmin-amanlıq və intizam vücuda gətirildi, “bələdiyyə və məhəlli idarələri quruldu”, Neft sənayesi qaydaya salındı, “Bakı—Batum Neft borusu gözlənilməyən bir sür’ət və məharətlə tə’mir edildi, müntəzəm dəmir yolu hərəkəti təmin olundu”. Qürur hissi ilə qeyd edə bilərik ki, xalqa “milli azazdlığın nə olduğunu, müstəqil Azərbaycan ideyasını əməli surətdə həyata keçirən Azərbaycan Demokratik Cümhuriyyəti oldu”.
    F.X.Xoyski ADC-nin o vaxtkı vəziyyətini çox haqlı olaraq “Təlatüm içində və qayalar arasında nazik taxta qayıqda gedən gəmiçinin vəziyyətinə” bənzədirdi.Bu gün də respublikamızın vəziyyəti 1918-1920-ci illərdəki kimi çox mürəkkəb, təlatümlü bir dövrlə xarakterizə oluna bilər. Müstəqilliyin əldə edilməsi nə dərəcədə qiymətlidirsə, onun qorunması və möhkəmləndirilməsi o qədər çətindir. Lakin bu gün Azərbaycanda güclü dövlətçilik mexanizminin yaradılması, düşünülmüş xarici siyasət doktrinasının formalaşması dövlət müstəqilliyimizin dönməzliyinin və əbədiliyinin qarantına çevrilmişdir.