AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

DÖRDÜNCÜ BÖLMƏ

AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ
XARICI SIYASßT VƏ ORDU QURUCULUĞU
PROQRAMI

§1 Azərbaycan Demokratik Respublikasının
xarici siyasət strategiyası

 

    Azərbaycan Demokratik Respublikasının Milli şurasının bəyannaməsində e’lan edilən “Azərbaycan Demokratik Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvlərilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq” prinsipi hökumətin xarici siyasət strategiyasının əsasını təşkil edirdi. Bu prinsip qonşu dövlətlərlə sülh şəraitində yaşamağı, onların suverenliyinə, ərazi birliyinə hörmətlə yanaşmağı təsbit edirdi.
    Azərbaycan Demokratik Respublikası hökumətinin başcısı Fətəli Xan Xoyski 1918-ci ilin may ayının 30-da Azərbaycanın dövlət müstəqiliyi haqqında dünya ictimaiyyətinə, 16 dövlətin xarici işlər nazirliyinə məlumat verdi və onları Azərbaycanla iqtisadi, diplomatik əlaqələr yaratmağa çağırdı. Bu çağırışa müsbət yanaşanlar, biganə çalanlar, etiraz edənlər də vardı.
    Azərbaycan Demokratik Respublikasının xarici siyasət kursu mürəkkəb və ziddiyyətli şəraitdə həyata keçirilir, çox saylı təzyiqlər və müqavimətlə üzləşirdi. ADR-in 23 aylıq fəaliyyəti ərzində ölkədə beş hökumət kabinetinin dəyişlirilməsinə, müxtəlif siyasi partiyaların nümayəndələrinin dövlət strukturlarına daxil olmalarına baxmayaraq M.Ə.Rəsulzadənin qəti mövqei sayəsində ADR-in xarici siyasət kursunun əsas istiqaməti sabit qalır və dönmədən həyata keçirilirdi.
    Azərbaycan Demokratik Respublikasının xarici siyasət kursunun ardıcıl həyata keçirilməsi üçün xüsusi dövlət strukturunun yaradılmasına böyük ehtiyac var idi. Bu məqsədlə birinci kabinənin tərkibində xarici işlər nazirliyi təsis edildi və Məmməd Həsən Hacınski onun başcısı təsdiq edildi . Xarici işlər nazirliyinin ən vacib vəzifəsi Azərbaycanın Avropa dövlətləri tərəfindən hüququ cəhətcə tanınmasına və qonşu dövlətlərlə münasibətlərin nizama salınmasına nail olmaqdan ibarət idi .
    Böyük çətinliklərə baxmayaraq hər iki məsələnin həll edilməsi istiqamətində milli hökumət ciddi tədbirlər həyata keçirir, Qafqazda həmrə’yliyin və Azərbaycanın müstəqil dövlətinin təhlükəsizliyinin təmin edilməsi üçün qonşu, yaxın və uzaq ölgələrlə münasibətlərin tənzimlənməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Azərbaycan hökumətinin Dağlılar Respublikası ilə əlaləqəri möhkəmləndirməsi bu istiqamətdə böyük addım oldu. Azərbaycan hökuməti 1918-ci ilin oktyabr-noyabr aylarında bağlanmış müqaviləyə əsasən ağır maliyyə vəziyyətinə düşən Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərdi.
    Bə’zi ərazi problemlərinin olmasına baxmayaraq Azərbaycan hökuməti qonşu Gürcüstan respublikası ilə normal münasibətlərinin yaradılmasına nail oldu və hər iki ölkə Qafqazda sülhün və həmrə’yliyin təmin edilməsi məsələsində mövqelərinin yaxın və ya eyni olduğunu bəyan etdi. 1919-cü il aprelin 25-də Tiflisdə keçirilən konfransda Azərbaycan və Gürcüstan hökumətləri eyni mövqedən çıxış etdilər və əməkdaşlıq haqqında razılığa gəldilər. Konfransda hər iki ölkə arasında siyasi, iqtisadi, maliyyə və ərazi problemlərinin müzakirəsi nəzərdə tutulmuşdu. Denikin ordusunun Dağlılar Respublikasına hücumu və Ermənistanın Azərbaycana qarşı pozuculuq fəaliyyəti konfransın işinə mane olsa da Denikin təhlükəsinin güclənməsi Azərbaycanla Gürcüstanı daha da yaxınlaşdırdı. Nəhayət 1919-cu il iyunun 27-də onların arasında üç il müddətinə hərbi-müdafiə sazişi imzalandı. Tarixən dostluq və qardaşlıq mühütündə yaşayan azərbaycan və gürcü xalqları bu sənədlə mehriban qonşuluq əlaqələrini rəsmiləşdirdilər uzun yol keçib bu günkü strateji tərəfdaşlıq səviyyəsinə ucaldılar
    Birinci dünya müharibəsi nəticəsində ağır vəziyyətə düşmüş Türkiyə ilə əlaqələr bərpa edildi. Tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin Azərbaycanın Türkiyədə səfiri tə’yin edilməsi bu iki qardaş ölkə arasında əlaqələrin gücləndirilməsinə müsbət tə’sir etdi. Azərbaycanın Avropa və Qafqaz ölkələri ilə genişlənən əməkdaşlığı Türkiyənin də milli mənafeləri üçün faydalı idi.
    Azərbaycan üçün soydaş, dildaş ölkə olan Türkiyə ilk gündən Azərbaycanın müstəqilliyinin müdafiəsinə qalxdı, onu dəstəklədi, ona hər dürlü yardım göstərdi. Azərbaycanın təhlükəli vəziyyətini nəzərə alaraq 1918-ci ilin iyun ayının 4-də Batumidə osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni osmanlı dövləti adından ədliyyə naziri, senatın sədri Xəlil bəy və Qafqaz cəbhələrində baş komandan Vahib paşa, Azərbaycan Cümhuriyyəti adından xarici işlər naziri Məmməd Həsən Hacınski və milli şuranın sədri Məmməd Əmin Rəsulzadə imzaladılar. İstiqlal bəyannaməsinin e’lan edilməsindən altı gün sonra imzalanan bu müqavilənin müstəqil Aərbaycan Cümhuriyyəti üçün böyük tarixi, siyasi əhəmiyyəti var idi. Əvvəla bu müqavilə Azərbaycan müstəqillik əldə etdikdən sonra onun bağladığı ilk dövlətlər arası müqavilə idi. İkincisi bu sənədlə hər iki ölkə arasında daimi sülhün və dostluğun əsası qoyulurdu. Üçüncüsü bu müqavilə ilə Türkiyə Azərbaycanın təhlükəsizliyinin qorunmasını və ölkədə qayda-qanunun möhkəmləndirilməsini öz üzərinə götürürdü.
    Fətəli Xan Xoyski Azərbaycanla bağlanan ilk müqaviləni — “dindaş və millətdaşımız olan Türkiyənin bu xeyirxah addımını yüksək qiymətləndirərək qeyd edirdi ki, bu ağır şəraitdə Azərbaycanın xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etməsi mümkün deyildi, əgər etsə də bir nəticə hasil olmazdı”. Belə addımı yalnız dost Türkiyə atdı.
    Türkiyə müqavilədə üərinə götürdüyü təhəddüdünə əməl etdi və Azərbaycan Cümhuriyyəti 1918-ci ilin iyun ayının 16-da Gəncəyə köçəndə Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru paşa 300 nəfərlik hərbi təlimatçılarla Təbriz-Qarabağ yolu ilə Gəncə şəhərinə varid oldu. O vaxt Məmməd Əmin Rəsulzadə qeyd edirdi ki, müdhiş anarxiyaya məruz qalan Gəncə Nuru paşanı göydən enmiş xilaskar mələk kimi qarşıladı.
    Nuru paşa tezliklə Gəncədə hərc-mərcliyə son qoydu, qayda-qanun yaratdı, Bakının azad edilməsini öhdəsinə götürdü. Nuru paşa Türk-Azərbaycan qoşunlarının iştirakı ilə 1918-ci ilin sentyabrın 15-də Bakı şəhərini onun özəli sahiblərinə qaytardı.
    Qardaş Türkiyənin Azərbaycanın müstəqilliyinin qorunmasına göstərdiyi yardım haqqında kitabın müvafiq bölmələrin də ətraflı mə’lumat verilir. Yeganə qardaşımız və soydaşımız Türkiyənin yardımını millətimiz həmişə xatırlamalı və yaddaşında saxlamalıdır.
    Azərbaycan Cümhuriyyəti qonşu İranla diplomatik əlaqələrin yaradılmasına böyük əhəmiyyət verirdi. Elə buna görə də Azərbaycan Demokratik Respublikasının hökumət başçısı Fətəli Xan Xoyski 1918-ci ilin may ayının 30-da İrana müraciət etmiş, Azərbaycanın tanınmasını xahiş etmişdi. Lakin bir sıra müəmmalı səbəblərə görə İran Azərbaycanın təklifinə cavab verməmiş, sonralar isə ədalətsiz iddialar irəli sürmüşdür. 1918-ci ilin iyun ayının 19-da İstanbula gələn Məmməl Əmin Rəsulzadə Azərbaycanın istiqlal bəyannaməsini xarici ölkələrin, o cümlədən də İranın səfirliklərinə göndərmişdi. İran səfirliyi bütün sənədləri zərfə qoyub geri qaytararaq bildirmişdir ki, İran Azərbaycan adlı dövlət tanımır, Azərbaycan İranın tərkib hissəsi olduu üçün onun müstəqilliyinə e’tiraz edir.
    1918-ci ilin noyabr ayının 16-da İranın Türkiyədəki elçisi Mirzə Mahmud xan Əlimərdan bəy Topubaşovla görüşərkən Azərbaycanın istiqal sənədlərini geri qaytarılması barədə üstü örtülü üzürxahlıq etdikdən sonra bildirdi ki, siz şübhə etmiyə bilərsiniz ki, biz farslar sizin müstəqilliyinizə inanırıq. Əgər ermənilər və gürcülər azad dövlət yaradırlarsa, bunu nəyə görə müsəlmanlar da etməsinlər. Deməli, biz sizin müstəqilliyiniz əleyhinə ola bilmərik, biz birinci olaraq sizin müstəqilliyinizi alqışlamalıyıq. Danışıqların davamı göstərdi ki, bü sözlər əsl mətləbə keçmək üçün diplomatik giriş imiş, çünkü az sonra elçi Mirzə Mahmud xanın böyük dövlətçilik iddiaları və şovinist psixologiyası açıqlandı.
    İran nümayəndəsinin iddiaları belə idi. “Siz dövlətinizin adını Azərbaycan adlandırmaqla İranda olan əsl Azərbaycana iddia edirsiniz. Mə’lumdur ki, indiyə qədər mərkəz Təbriz olmaqla bizim ərazi Azərbaycan adlanmışdır” . Əlimərdan bəy bu iddialara cavab olaraq bildirmişdir ki, bizim heç bir iddiamız yoxdur. Yer adına gəldikdə Azərbaycan coğrafi termin kimi Qafqazda da, İranda da vardır.
    Mirzə Mahmud xanın ikinci iradı azərbaycanlıların ernogenezisi ilə bağlı idi. Onun məntiqinə görə güya nə Qafqazda, nə də İranda türk mənşəli azərbaycanlı yoxdur, onlar ata babadan farsdırlar, onların sivilizasiyası, mədəniyyəti, adət ən’ənələri farslarla bağlıdır. Sizə türk donu geydirənlərin ünvanı aydındır. Şübhəsiz ki, Mirzə Mahmud xanın bu uydurmaları Azərbaycanı İranla birləşdirmək məqsədi daşıyırdı.
    İmkan düşdükcə İran-Azərbaycan rəsmi nümayəndələri arasında görüşlər, danışıqlar davam edirdi. Növbəti görüş 1918-ci ilin dekabr ayının axırında Bakıda oldu. İranın xarici işlər naziri Paris sülh konfransında İranın nümayəndə heyətinin başçısı M.M.Əliqulu xan yol üstü Bakıya gəldi. O, Əhməd Ağa oğlu ilə görüşündə bir daha əvvəlki mövqeyə qayıdaraq İranla Azərbaycanın birləşməsi təklifini irəli sürdü. Əhməd Ağaoğlu Azərbaycanın İranla birləşməsinə qəti etiraz etdiyini bildirdi.
    Əliqulu xan 1918-ci ilin yanvar ayının 15-də yenidən İstanbulda Əlimərdan bəy Topçubaşovla görüşərkən bildirmişdir ki, Azərbaycanın İranla birləşməsi hər iki tərəf üçün münasibdir. Çünkü ruslar, gürcülər və ermənilər sizi, sonra isə bizi yiyəcəklər. Odur ki, bizə birlik lazımdır. Nazir bu birliyi əvvəllər muxtariyyət, sonra isə ittifaq şəklində irəli sürdü.
    Əlimərdan bəy Topçubaşov Azərbaycanın İranla birləşməsi təklifinə ürəkdən əsəbiləşsə də sivil diplomatik normalara əməl edərək Əliqulu xana bildirki ki, əgər siz Ermənistan və Gürcüstan cümhuriyyətlərinin əleyhinə çıxmamısınızsa, niyə bizim əleyhimizə olmalısınız. Nə qədər çətinliklər olsa da, biz məhv olmayacağıq, zira bizim müstəqil siyasi həyat üçün, hər şeyimiz vardır.
    Bütün danışıqlara baxmayaraq İran Paris sülh konfransına Azərbaycana ərazi idldiaları ilə dolu xüsusi memorandum təqdim etdi. Göründüyü kimi diplomatik qarşıdurma açıq aşkar son zirvəyə qalxmışdı. Lakin Avropaya səfərə çıxan İran şahının 1919-ci ilin avqust ayında yol üstü Bakıda dayanması, onun çox mehriban qarşılanması, apardığı danışıqlıqlar, böyük təntənə ilə yola salınması iki qonşu ölkə arasında yaranmış gərginliyi yumşaltdı. Adil xan Ziyadxanov qatarla yola düşən İran şahını Batuma qədər müşayət etdi, şahla, xarici işlər naziri Firuz Mirzə Nüsrətüddovlə ilə söhbət etdi, Azərbaycan həqiqətlərini onlara çatdırdı, onlarda obyektiv fikrin yaradılmasına nail oldu.
    1919-cu ilin avqust ayında İran-Azərbaycan münasibətlərinə ciddi təsir edən daha bir gözlənilməz hadisə baş verdi. İran dövləti, Paris sülh konfransının fəaliyyətinin ilk dövrlərində Azərbaycana qarşı ərazi iddiaları, konfransa təqdim etdiyi memorandumda bütün Şimali Azərbaycanın İrana qatılması tələbi irəli sürür və bu ərazidə yaşayan “əhalinin əksəriyyətiin İran mənşəli olması”nı iddia edirdi. Lakin konfransa rəhbərlik edən aparıcı dövlətlər İranın bu tələblərini rədd etdilər və 1919-cu il 9 avqust tarixli İngiltərə-İran müqaviləsi imzalandıqdan sonra bu ölkənin nümayəndə heyətini konfransın işindən uzaqlaşdırdılar. Yalnız bundan sonra İranla Azərbaycan arasında yaxınlaşma başlandı və bu yaxınlaşma 1919-cu il noyabrın birindən bir neçə sənədlərin imzalanması ilə nəticələndi.
    Bu ciddi hadisədən sonra İranın siyasi dairələrinin mövqeyi xeyli dəyişdi, Paris sülh konfransında iştirak edən İran-Azərbaycan nümayəndə heyətləri arasına yaxınlaşma, fikir birliyi prosesi gücləndi. Oktyabr ayının 25-də nümayəndə heyətləri Hindistanın tanınmış müsəlman xadimi Ağa xanın iştirakı ilə görüşmüş, Azərbaycanı dəstəkləmək və onunla həmrəy fəaliyyət göstərmək barədə razılığa gəldilər. Görüşün ikinci günü İranın xarici işlər naziri, Paris sülh konfransında nümayəndə heyətinin başçısı Firuz Mirzə Nəsrəttudovlə bəyanət verdi: İran Qafqaz Azərbaycanının heç bir hissəsinə iddia irəli sürmür və ona hər cür kömək etməyə hazırdır.
    Beləliklə İranla Azərbaycanın arasında yaranmış ziddiyyətli münasibətlər aradan qaldırıldı və İran elan edilmiş sərhədlər daxilində Azərbaycanın müstəqil, demokratik dövlət olmasını qəbul etdi.
    İranın mövqeinin dəyişməsinə noyabr ayının 17-də ingiltərənin baş naziri Lloyd Corcun İngiltərə nümayəndələr palatasında verdiyi bəyanətin də güclü təsiri olmuşdur. Lloyd Corc bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmaq istəmir, o müstəqil siyasi həyata qabildir. 1920-ci ilin yanvar ayının 11-də Paris sülh konfransının Ali Şurasının Azərbaycanın müstəqilliyinin de-fakto tanıması münasibətilə yanvarın 14-də Bakıda keçirilən şənlikərdə İran konsulu Ağa Səid Ziyaədin Təba Təbai elan etmişdir ki, İran yaxın günlərdə Azərbaycanı tanımaq haqqında qərar qəbul edəcəkdir.
    1920-ci ilin may ayının 20-də Azərbaycan Cümhuriyyəti ilə İran arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni Azərbaycan Cümhuriyyəti adından xarci işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, yollar naziri Xudadat bəy Məlikaslanov imzalamışlar. Müqavilənin birinci maddəsində deyilirdi ki, İran Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınmasını təntənəli sürətdə e’lan edir.
    Müqaviləyə əsasən Azərbaycanın Tehranda, İranın Bakıda diplomatik nümayəndəliklərinin təsis edilməsi qərarlaşdı. Adilxan Ziyadxanov Azərbaycanın İranda ilk diplomatik elçisi təyin edildi.
    Azərbaycanın müstəqilliyinin tanınmasına bütün vasitələrlə mane olan və onun varlığına təhlükə yaradan əsas dövlət Rusiya idi. Böyük qonşumuz, imperiya iddiaları ilə yaşayan Rusiya tarixən mühüm strateji məkanda yerləşən Azərbaycanı zəbt edib, onun təbbii sərvətlərinə sahib olmaq arzusu ilə yaşamışdır.
    Azərbaycan Demokratik Respublikası Rusiya ilə diplomatik əlaqələr yaradılmasına böyük səy göstərsə də qonşu dövlət Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edir, müxtəlif xarakterli qeyri məqbul tələblər irəli sürürdü. Aydındır ki, Azərbaycan Demokratik Respublikası hökuməti ölkəmizin müstəqilliyinə və suveren hüquqlarına qarşı yönələn Rusiyanın qeyri məqbul tələblərini qəbul edə bilməzdi. Çünki Rusiya Ermənistanla birlikdə Azərbaycan torpaqlarını bölüşdürməyə çalışırdı.
    Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri Azərbaycan Demokratik Respublikasının xarici dövlətlər tərəfindən tanınması idi. 1919-cu il yanvarın 18-də işə başlamış Paris sülh konfransı bu vəzifənin həyata keçirilməsində mühüm mərhələ oldu. 1918-ci ilin sonunda Azərbaycan parlamentinin Ə.M.Topçubaşovun başçılığı etdiyi nümayəndə hey’əti Paris sülh konfransında iştirak etmək üçün böyük çətinliklərdən sonra Parisə gəldi və fəaliyyətə başladı. Lakin 1919-cu ilin əvvəlində yaranmış beynəlxalq vəziyyət Azərbaycan nümayəndə hey’ətinə qarşıya qoyduğu vəzifəni yerinə yetirməyə imkan vermədi. Qalib dövlətlər keçmiş Rusiya imperiyasının xarabalıqları üzərində yaranmış yeni dövlətlərin tanınması məsələsini “Rusiya məsələsinin” həllinə qədər tə’xirə saldılar. Çünki Kolçakın, Denikinin və başqa çar generallarının Sovet Rusiyasına qarşı apardıdıqları uğurlu müharibəni nəzərə alan Avropa ölkələrinin əksəriyyəti “vahid və bölünməz Rusiya” prinsipini müdafiə edirdilər. Bu prinsipə əsasən ABŞ prezidenti Vilsonun 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə hey’ətilə görüşü zamanı sülh kofnransının dünyanı kiçik dövlətlərə parçalamaq niyyətində olmadığını bildirmişdir.
    Çar Rusiyasının şovinist siyasətini bilən Azərbaycan ABŞ-la, İngiltərə və digər qərb ölkələrlə əlaqələrin genişləndirməsinə və onların ölkəmizin müstəqilliyinin tanımasına xüsusi əhəmiyyət verirdi. Qərb ölkələri ilə diplomatik əlaqələrin genişləndirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətini təşkil edirdi. Məqsəd Azərbaycan həqiqətlərini qərb ölkələrinə çatdırmaq, ölkənin müstəqil yanaşmaq əzmini və imkanını onlara bildirmək, zəngin təbii sərvətləri haqqında onlara dəqiq mə’lumat vermək və Azərbaycan Demokratik Respublikasının tanınmasına nail olmaq idi.
    Əlimərdan bəy Topçubaşov Peterburq universiteini bitirmiş hüquqşunas diplomat kimi Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində böyük xidmət göstərmiş, 6 oktyabr 1918-ci ildə ikinci kabinədə xarici işlər naziri və 7 dekabr 1918-ci ildə parlamentin sədri vəzifələrini tütsada bütünlüklə xarici siyasətlə məşğul olmuşdur. Ə.Topçubaşov 1918-ci ilin dekabr ayının 23-də Türkiyədə ABŞ prezidenti Vilsonun nümayəndəsi Braunla Amerika səfirliyində görmüş və Azərbaycanın real vəziyyəti barədə ona ətraflı məlumat verdi. Braun Azərbaycanla, onun reallıqları ilə yaxından tanış olan ilk amerikanlı idi.
    1919-cu ilin avqust ayının 28-də ABŞ ordusunun Baş Qərargahının polkovniki, müttəfiq dövlətlərin (ABŞ, İngiltərə, Fransa, İtaliya) Zaqafqaziyada ali komissarı Vilyam N. Haskel Bakıya gəldi. Haskeli qəbul edən hökumətin başçısı Nəsibbəy Yusifbəyov Azərbaycanın müstəqilliyi, ərazi birliyi haqqında məlumat verdi və onun tanınmasının vacibliyini qeyd etdi. Haskel vəziyyəti öyrəndikdən sonra bildirdi ki, “O, Qarabağın və Zəngəzurun Azərbaycana keçməsini zəruri sayır”. Bununla bərabər Haskel Şərur və Naxçıvan bölgəsində neytral zonanın yaradılması, burada amerika qubernatorluğunun və müttəfiq idarəçilik sisteminin təsis edilməsi təklifini irəli sürdü. Nəsibbəy Yusifbəyov bildirdiki bu məsələ parlamentdə müzakirə edilməli və neytral zonada Azərbaycan pulu işlədilməli, Ermənistan zonaya təsir etmək imkanlarından məhrum edilməli, erməni silahlı qüvvələri zonaya buraxılmamalıdır. Söhbətdən sonra Haskel Azərbaycan hökumətinin sülh siyasətindən razı qaldığını, onu yüksək qiymətləndirdiyini bildirir.
    Haskelin təklifi Azərbaycanın suveren hüquqlarına zidd olsa da hökumətin başqa çarəsi yox idi. Çünk Mudros müqaviləsinin tələblərinə müvafiq olaraq türk qoşunları Azərbaycanı, o cümlədən Naxçıvanı tərk etdikdən sonra Naxçıvan erməni işğalı təhlükəsi qarşısında qalmışdı. Vəziyyətdən çıxmaq məqsədi ilə Naxçıvan Şərur - Dərələyəzlə birlikdə Araz Türk respublikası yaratdı və 1919-cu ilin yanvar ayının 4-də Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması barədə rəsmi bəyanət verdi, mart ayında Bakıya diplomatik missiya göndərdi.
    Türk qoşunları gedəndən sonra Naxçıvana gələn ingilislər və onların başçısı general Devi Naxçıvan və Şərur qəzalarının Ermənistana tabe olacaqları haqqında bəyanət verdikdə əhali bu tələbi qəti olaraq rədd etdi və yaşadıqları ərazinin Azərbaycan torpağı olduğunu bildirdilər. Xalqın iradəsi ilə hesablaşmayan ingilislərin havadarlığı ilə erməni ordusu iyun ayının sonunda Naxçıvana daxil oldu və beləliklə də Araz Türk Cümhuriyyəti süqut etdi. Erməni təcavüzünə qarşı Azərbaycan hökuməti Ermənistana, müttəfiqlərin Zaqafqaziyada ali Komissarına və Paris sülh konfransına etiraz bəyanatı göndərdi. Lakin yaranmış gərginlik və özbaşınalıq şəraitində tanınmamış dövlətin etirazının baxılmasına guman çox az idi. Azərbaycan hökuməti Naxçıvana hərbi yardım göstərmək imkanına malik olmadığını nəzərə alaraq vaxt qazanmaq və erməni işğalını aradan qaldırmaq məqsədi ilə bölgənin neytral zona elan edilməsinə razılıq vermək məcburiyyətində qaldı və son anda hazırladığı planı həyata keçirə bildi.
    Haskel 1919-cu ilin oktyabr ayında Parisdə Ə.Topçubaşovla görüşündə bildirdi ki, Naxçıvan — Şərur bölgəsində Amerika qubernatorunun idarəsi ilə neytral zonada dinclik yaranmışdır. O, qeyd etmişdir ki, “Amerikanlılar indiyə qədər yalnız erməniləri nəzərə alırdılar. Çünki amerikalı ermənilər və ümumiyyətlə hamı erməniləri yeganə əzabkeş xalq hesab edirdi. Bizim missiyaların Türkiyəyə və Qafqaza göndərilməsi və həmin yerlərə bir çox amerikalıların səfəri çox faydalı olmuşdur. İndi biz inanmışıq ki, heç də bütün ermənilər o qədər də yaxşı deyillər, necə ki, bütün türklər pis deyillər.
    Oktyabrın 18-də ABŞ nümayəndə heyətinin başçısı kimi Ali komandanlığın qərargah rəisi Ceyms Rey Bakıya səfər etdi. Ceyms Rey N.Yusifbəyovla danışıqlarda Naxçıvanda neytral zona yaradılması barədə razılığa gəldilər və bəzi detalları müzakirə etdilər. Haskel Parisə çağırıldığı üçün Naxçıvanda neytral zonanın yaradılması məsələsinin həllini Rey başa çatdırmalı idi. Reyin təklif ilə bölgədə neytral zona və müttəfiq idarəçilik sistemi yaradıldı, amerikalı polkovnik Edmund D. Delli qubernator təyin edildi.
    Əlimərdan bəy Topçubaşovun yazdığına görə ABŞ Azərbaycana münasibətini Ceyms Rein səfəri başa çatdıqdan sonra bildirməli idi. Bunu nəzərə alan xeyriyyəçi Zeynalabdin Tağıyev Reyni evində qəbul etdi, ona böyük qonaqpərvəlik göstərdi. Bakıda Ceyms Reyn böyük təmtaraqla qarşılandı, məmurların əksəriyyəti onun pişivazına çıxdı.
    Oktyabrın 19-da Ceyms Rey Gəncəyə gəldi, şəhərin tarixi abidələri ilə tanış oldu, vali X.Rəfibəyov, onun müavini H.Xoyski, bələdiyyə rəyisi Ə.Xasməmmədovla, şəhərin ziyalıları ilə görüşlər keçirdi, danışıqlar apardı. Gəncə mühiti, şəhərin zədəkan ziyalıları, Rusiyada, Avroada təhsil almış yüksək mədəniyyətli mütəxəssislər Ceyms Reydə dərin təəssürat yaratdı. Rey Azərbaycan xalqına, gəncəlilərə olan hörmətini belə ifadə etmişdi: “Mən bir çox ölkələri, o cümlədən Zaqafqaziya respublikalarını gəzib dolaşmışam. Lakin özümlə Azərbaycan, onun xalqı, burada xalqların münasibəti, nizam-intizam, öz cümhuriyyətini mədəni əsaslarla qurmaq cəhdləri haqqında, xüsusən də Azərbaycanın ilk paytaxt şəhəri Gəncə haqqında ən yaxşı təəsurat, ən yaxşı xatirə aparıram. Mən zəngin təbiətə və mədəni insanlara malik olan Gəncə şəhərinin vətəndaşı kimi qeydə alınaramsa, özümü xoşbəxt sayaram”. Ceyms Rey şəhər Dumasının dördü noyabr tarixli qərarı ilə Gəncənin vətəndaşı seçildi.
    Ceyms Rey Gəncədən Tiflisə yola düşdü və oktyabrın 24-də Naxçıvana qayıtdı və neytral zonanın probləri ilə yenidən məşğul olmağa başladı. Ona qədər Kəlbəli xanla ancaq Haskel arasında neytral zona barəsində prinsipial qarşıdurma yaranmışdı. Kəlbəli xan bölgədə müttəfiq idarəçiliyi deyil, yalnız yerli qubernatorluğun yaradılmasını tələb edir, Haskel isə onunla razılaşmırdı.
    Naxçıvana gələn Ceyms Rey naxıvanlıların qəti iradəsi ilə rastlaşdı, uzun uzadı danışıqlar prosesində bu rəyi qəbul etməmək imkanı olsada ədalət naminə onlarla razılaşdı. Görünür Reyin topladığı xoş təəssurat onun mövqeyinə üstün gəlmişdi. Danışıqlıqlar başa çatandan sonra Naxçıvandan gələn rəsmi məlumatlarda deyilirdi: “Biz — hakimiyyət və əhali — müttəfiq qoşunlar komandanlığına yekdilliklə bildiririk ki, bu bölgəni əslində Azərbaycan Cümhuriyyəti il birləşdirmişik və əgər sülh konfransı bizi öz cümhuriyyətimizdən ayırsa, xalq mədəni dövlətlərin alovlarında məhv olmaqla razı olar, amma Azərbaycandan ayrılmağa razı olmaz. Reylə belə razılığa gəldik ki, polkovnik Delli Naxçıvanda general-qubernator kimi deyil, sülh konfransının, yaxud Amerikanın nümayəndəsi kimi qalır. Bu razılıq ilə Naxçıvanı, “müttəfiq idarə zonası” e’lan etmək artıq ortadan çıxır və müəyyən mənada onların bu ölkəni Azərbaycana birləşdirməyə razılığı ifadə edilir”.
    Aparılan gərgin danışıqlar nəticəsində Ermənistanın ilk baş naziri O.Kaçaznuni etiraf etdi ki, Azərbaycanla dil tapa bilmədik, müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yara bilmədik, silaha əl atsaq da, qoşun yeritsək də,dağıtsaq da, qırğın törətsək də uğursuzluğa uğradıq. Vedi-Basarda, Şərur, Naxçıvanda silah gücünə öz hakimiyyətimizi qura bilmədik, məğlub olduq, geri çəkildik. Nəhayət noyabr ayının 23-də Ermənistanla Azərbaycan arasında baş nazirlər səviyyəsində Ceyms Reyin və Gürcüstan xarici işlər naziri E.Geqeçqorinin iştirakı ilə sülh müqaviləsi imzalandı. Saziş yerinə yetirilməsə də bu Azərbaycanın diplomatik nailiyyətləri idi.
    Bu hadisələrdən sonra ABŞ-ın yeni missiyası bölgəyə səfər etdi. Missiyanın başçısı general Ceyms Y. Harbord Türkiyədə, Azərbaycanda, Gürcüstanda və Ermənistanda vəziyyəti öyrənib ABŞ prezienti Vilsona məruzə hazırlamalı idi. General Harbordu hökumət başçısı Nəsibbəy Yusifbəyov Zeynalabdin Tabıyevin evində qəbul etdi və ona bütün məsələlər ətrafında geniş məlumat verdi. General Azərbaycanın təbii sərvətləri, iqtisadi vəziyyəti, dövlət quruluşu və s. məsələlərlə ətraflı tanış olduğundan sonra bəyan etdi ki, tezliklə Ermənistan - Azərbaycan munaqişəsi həll edilməli, ölkədə yaranmış qayda-qanun Azərbaycanın müstəqil həyat quruculuğuna yardımçı olacaqdır. O, ümüd etdiyini bildirdi ki, Paris sülh konfransı Azərbaycan xalqının bütün səylərini və arzularını nəzərə alacaqdır.
    Azərbaycan Demokratik Respublikasının hökumətinin həyata keçirdiyi ardıcıl diplomatik səyləri nəticəsində tədricən qərb ölkələri Azərbaycan xalqının müstəqillik əzmini başa düşdü, onun ədalətli haqq işini əbul etdi. Qərbdə Azərbaycan haqqında ictimai rəyin formalaşmasında Azərbaycan diplomatlarının və ABŞ nümayəndələrinin xidməti yüksək qiymətə layiqdir. Onların fədakar əməyi sayəsində ABŞ prezidenti Vilsonda tərəddüdlərdən sonra Azərbaycanın müstəqilliyinə rəğbət hissi yarandı. Vilson Parisdə Azərbaycanın nümayəndə heyətini qəbul etdi, onunla danışıqlar apardı. Görüşdə Azərbaycan nümayəndə heyətinin Vilsona təqdim etdiyi müraciətdə qeyd edilirdi ki Amerika və Avropa mətbuatında Azərbaycan haqqında təhrif edilmiş, yanlış yazılar verildiyi üçün real vəziyyət barədə əsl həqiqətin rəsmi dövlət xadimlərindən alınması daha məqsədə müvafiqdir. Müraciətdə Azərbaycanın müstəqilliyinin tanınması, nümayəndə heyətinin sülh konfransına buraxılması, Azərbaycanla ABŞ arasında diplomatik və kommersiya münasibətləri yaradılması haqqında xahişlər də var idi.
    Vilson qoyulan məsələlərə aydın münasibətini bildirməsədə o, izah etməyə çalışırdı ki, ABŞ dünyanı kiçik ölkələrə bölmək istəmir, onlar federasiyalarda birləşə bilərlər, onların məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. ABŞ və qərb ölkələri bolşevizmə qarşı mübarizədə Vahid və bölünməz Rusiya uğrunda vuruşan Kolçaka və Denikinə havadarlıq etdikləri üçün Rusiyanı bütünlüklə udmaq niyyətində idilər. Real vəziyyətin inkişaf istiqaməti Qərbi siyasi yönümündən döndərdi, yeni dövlətlərə münasibəti dəyişdirməyə məcbür etdi.
    ABŞ prezidentinin Azərbaycan nümayəndə heyətini qəbul etməsi, onunla danışıqlar aparması irəliyə doğru uğurlu addım idi. Nümayəndə heyətinin professional səviyyəsi, Azərbaycan xalqının azadlıq əzmi, sərbəst yaşamaq qətiyyəti Vilsonda Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə mane olmamaq üçün inam yaratdı. Digər əhəmiyyətli cəhət ondan ibarət idi ki, Rusiyada hərbi siyasi vəziyyət əvvəlki proqnozların əksinə cərəyan edir, Azərbaycanın iqtisadi, siyasi maraqları ABŞ-a və qərbə yönəlirdi. Bu faktor Azərbaycanın tanınması üçün qərbdə maraq yaradırdı. Bu zəmin üzərində Paris sülh konfransının Ali şurası ingiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Bu münasibətlə Bakıda şənliklər təşkil edildi, parlamentin iclası çağrıldı, hərbi parad keçirildi. Fətəli xan Xoyskinin təbirincə desək bu o demək idi ki, Azərbaycan xalqı müstəqil həyata layiqdir, o müstəqil yaşaya bilər, öz ölkəsini müstəqil idarə edə bilər. Avropa, Azərbaycan xalqının həyat qabiliyyətinə inanaraq müsttəqilliyimizi tanımağı lazım bildi.
    1919-cu ilin payızında Rusiyada siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar qərb ölkələrinin mövqelərində müəyyən dəyişikliklər yarandı. Ağqvardiyaçı generalların məğlubiyyəti reallaşdığı üçün Antanta dövlətləri keçmiş çar Rusiyası ərazisində yaranan yeni dövlətlərin müstəqilliyini tanımaq qərarına gəldilər. Noyabr ayında Avropa dövlətləri Sovet Rusiyasının təklif etdiyi barışıq şərtlərini müzakirə etməyə başladılar və bəyan etdilər ki, Paris sülh konfransının ali şurası Sovet Rusiyasının təklifini yeni yaranmış dövlətlərin istiqlayyətinin bolşeviklər tərəfindən tanınması şərti ilə qəbul edəcəkdir. Bu barədə Əli Mərdan bəy Topçubaşov yazırdı: “Hiss olunur ki, bizim azad və müstəqil yaşamaq haqqında ümudimizin möhkəmləndiyi və onun gerçək formaya çevrildiyi dövr başlanır”.
    1920-ci il yanvarın 11-də lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasının Azərbaycanın istiqlaliyyətini de-fakto tanıması gənc Azərbaycan diplomatiyasının böyük qələbəsi idi.
    Çox saylı təhlükəli təzyiqlərə və ziddiyyətlərə baxmayaraq Azərbaycan Demokratik Respublikası hökumətinin diplomatik səyləri tədricən öz bəhrələrini verirdi. 1918-ci ilin oktyabr ayının 2-də qonşu Gürcüstan respublikasının Bakıda diplomatik nümayəndəliyi açıldı, onun başçısı Nikolay Karsivadze təsdiq edildi.
    Həmin ilin oktyabr ayında Avstriya—Macarstanın nümayəndəsi general mayor Bovlas Bakıya gəldi. 1919-cu ilin oktyabr ayında Polşanın, Litvanın, Ukrainanın konsulluqları yaradıldı. 1919-cu ilin dekabr ayının sonunda Polşanın Qafqazdakı nümayəndəsi V.Ostrovski, 1920-ci ilin fevralında İtaliyanın iqtisadi nümayəndəsi senator Konti , martın 11-də İtaliyanın siyasi agenti polkovnik M.R.Qabba Bakıya gəldilər.
    Görülən diplomatik tədbirlər nəticəsində 1920-ci ildə Bakıda 16 ölkənin, o cümlədən İngiltərənin, Belçikanın, Yunanstanın, Danimarkanın, Litvanın, ABŞ-ın, Fillandiyanın, Şvesariyanın və başqalarının nümayəndəlikləri təmsil edilmişdi . Bu dövrdə Azərbaycanın Türkiyədə, İranda, Gürcüstanda, Ermənistanda, Kubanda, Donda, Batumda, Krasnovodska və s. rəsmi nümayədəlikləri fəaliyyət göstərirdi .
    Beləliklə, Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin demokratik prinsipləri dünya dövlətləri tərəfindən qəbul edilir və dəstəklənirdi. ADR-in dövlətlər arası münasibətlərdə həyata keçirdiyi sivil demokratik normalar onun tanınmasına şərait yaradırdı.
    Bununla belə Azərbaycan Demokratik Respublikasının xarici siyasət sahəsində əldə etdiyi böyük uğurlar onun başı üzərini almış təhlükəni sovuşdura bilmədi. Denikin ordusu üzərində həlledici qələbə qazanan Sovet Rusiyası Azərbaycan sərhədlərinə yaxınlaşdı və onun müstəqilliyini təhlükə altına aldı. Azərbaycan hökümətinin Sovet Rusiyası ilə normal diplomatik münasibətlər yaratmaq cəhdləri nəticə vermədi. 1920-ci ilin əvvəllərində Azərbaycan hökuməti ilə RSFSR arasında notalar mübadiləsi aydın sübut etdi ki, Rusiyanın bolşevik hökuməti Azərbaycanın müstəqilliyini tanımaq fikrində deyil və yaxın zamanlarda onun işğal olunmasını planlaşdırır və onunla diplomatik manevrlər aparır. Ölkə daxilində təşkil edilmiş erməni qiyamları, digər tərəfdən Moskvadan göstəriş alan Azərbaycan bolşeviklərinin fəal iştirakı ilə yaradılmış hökumət böhranı Sovet Rusiyasının Azərbaycanı yenidən işğal etməsi üçün əlverişli zəmin hazırlayırdı. 1920-ci ilin 28 aprel işğalı Azərbaycanın müstəqilliyinə son qoydu. Lakin Azərbaycan Demokratik Respublikasının dövlətçilik və diplomatik təcrübəsi yaşadı, yenidən bərpa edildi və daha da zənginləşdirildi.