AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§3. Azərbaycan Demokratik Respublikasının
milli təhsil siyasəti

    M.Ə.Rəsulzadə millətin inkişafını və tərəqqisini onun təhsilində, maariflənməsində görür, təhsil sisteminin genişləndirilməsinin, müəllim kadrlarının artırılmasının, dərsliklərin hazırlanmasının zəruriliyini qeyd edirdi. O, yazırdı ki, millətin maariflənməsi üçün məktəbin qədri bilinməli, elm və mə’rifətə meyl artmalı, müəllimlərin sayı çoxalmalı, yeni məktəblər açılmalıdır. M.Ə.Rəsulzadə belə hesab edirdi ki, milləti elmə, dərsə rəğbətsizlikdə, meylsizlikdə ittiham etmək olmaz. Cünki müsəlmanların tərəqqi və mədəniyyətə tərəf getdikləri yolda keçilməz sədlər çəkilib. Əsl mətləb məktəbsizlikdir, “ana dilini tədris etməyə müqtədir olub və qanunca həqiqi tədrisə malik olan və pedaqoji nöqteyi-nəzərdən hazırlığı olan müəllim” yoxluğundadır.
    Əsrin əvvəlində bütün bölgə üçün müəllim hazırlayan yaganə təhsil müəssisəsi Qori seminariyası idi. Hər il seminariyanı 5-6 nəfər bitirir, Azərbaycana qayıdıb müəllimlik edirdi. Əsas çətinliklərdən biri də təhsilin pullu olması idi. Çünkü insanlar gecə gündüz işləsələr də zorla yaşayırdılar.
    Vəziyyətdən çıxış üçün M.Ə.Rəsulzadə əhalinin bütün zümrələri üçün həftədə yalnız cümə günləri dərs keçən cümə məktəblərini təqdir edirdi.
    M.Ə.Rəsulzadə Bakı kimi böyük sənaye şəhərində ali məktəbin olmamasına təəssüflənir, Qori seminariyasından maksimum istifadə edilməsini tövsiyyə edirdi. Göründüyü kimi ölkədə təhsilin vəziyyəti ağır idi, millətin böyük hissəsinin savadı adi maliyyə və ticarət əməliyyatlarına kifayət edirdi, mükəmməl savadlıların sayı az idi.
    Doğrudur, Sovet hökuməti 1917-ci ilin noyabr ayının 22-də “Rusiyanın və Şərqin bütün müsəlman əhalisinə” adlı müraciət qəbul etdi və bütün müsəlmanların hüquqlarına azadlıq verdi. Müraciətdə qeyd edilirdi ki, “bu gündən e’tibarən sizin adət və ən’ənələriniz, milli və mədəni müəssisələriniz azad və toxunulmaz e’lan edilir. Özünüz milli həyatınızı sərbəst və toxunulmaz şəkildə qurun. Buna sizin haqqınız var” . Lakin müraciət qəbul edilsə də onu tam reallaşdırmaq üçün nə imkan var idi, nə də şərait. Ölkəni vətəndaş, dünya müharibəsi məngənədə sıxırdı, təsərrüfat həyatı pozulmuşdu, maliyyə imkanları tükənmişdi, şovinizm ideologiyası yaşayırdı. Yeganə ümid millətin özünə, onun milli duyumlu övladlarının qeyrətinə, onların yaratdıqları milli hökumətə qalmışdı.
    Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət əhalinin savadlandırılması və maarifləndirilməsi, elmin, təhsilin inkişaf etdirilməsi üçün xüsusi proqram hazırladı və onu həyata keçirməyə başladı.
    Azərbaycan Demokratik Respublikasının təhsil siyasəti Azərbaycanda savadsızlığı ləğv etmək, Avropa tipli dünyavi məktəblər şəbəkəsi yaratmaq, orta və ali təhsilli milli kadrlar yetişdirmək məqsədi güdürdü. Bu proqrama ilk tədbirlər kimi Azərbaycanın bir sıra şəhərlərində kişi və qadın seminariyalarının, pedaqoji kursların açılması, Bakı Dövlət Universitetinin yaradılması daxil idi.
    Azərbaycan Demokratik Respublikası hökumətinin 26 avqust 1918-ci ildə imzaladığı sərəncama əsasən xalq maarifi sistemi milliləşdirildi, dövlətin himayəsinə verildi. İlk növbədə ixtisaslı müəllim kadrları hazırlamaq üçün Şuşada, Salyanda, Qusarda, Gəncədə, Nuxada və Zaqatalada qısa müddətli pedaqoji kurslar açıldı və onlara 150 dinləyici qəbul edildi.
    Ən vacib məsələ Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin Qazağa köçürülməsi məsələsi idi. Azərbaycan Demokratik Respublikasının tə’kidi ilə 1918-ci ilin payızında Fridun bəy Köçərli Qori seminariyasının Azərbaycan şöbəsini Qazağa köçürdü. Seminariyanın şöbəsini Qazağa köçürmək üçün Azərbaycan Demokratik Respublikası hökumətinin Gəncə xəzinədarı 5000 manat vəsait ayırdı . Firidun bəy Köçərli seminariyanın əmlakını qatara yükləyib Azərbaycana gətirərkən gürcü canişini bundan xəbər tutur, kəsə yolla gəlib Ağstafada qatarı saxladır və onu müsadirə etmək istəyir. Lakin F.Köçərlinin həyat yoldaşı Badi Səba xanımın qohumları və Qori seminariyasının məzunları canişinlə danışıb onu geri qaytarmağa nail olur və əmlakı təcili Qazağa daşıyırlar .
    Qısa hazırlıqdan sonra 1918-ci ilin noyabr ayının 10-da Qori seminariyasının Azərbaycan şöbəsinin bazasında müstəqil Qazax seminariyasının təntənəli açılışı oldu. Açılışda Qazaxda yerləşən türk ordusunun komendantı Səbri bəy, türk qarnizonu rəisi Camal bəy, Qazağın rəisi Haley bəy Şıxlinski, yerli hökumətin məmurları iştirak edirdilər .
    Qazax seminariyasının ilk tələbəri arasında Səməd Vurğun, onun böyük qardaşı Mehdixan Vəkilov, Qubadan, Gəncədən, Laçından, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan gələn gənclər var idi.
    Böyük maarifçi və icmai xadim Firidun bəy Köçərli seminariyaya başçılıq etməklə bərabər Qazaxda yaşlılar üçün savad kursu açdı, yetimlər evi təsis etdi, qaçqınlara yardım fondu yaratdı. 1920-ci ildə Firidun Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirildikdən sonra seminariyanın direktoru vəzifəsinə xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov tə’yin edildi . Qazax seminariyası Azərbaycanın xalq maarifinin inkişafında və milli ziyalıların yetişdirilməsində böyük rol oynadı.
    Görülən tə’cili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşada və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəbi, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi.
    Növbəti məsələ tədrisin ana dilində aparılmasında yaranmış çətinliklərin həlli ilə bağlı idi. Bu çətinlik onunla əlaqədar idi ki, ana dilli müəllimlərinin sayı az idi və yaradılan təhsil müəssisələri tələbatı ödəyə bilmirdilər. Lakin vəziyyət az vaxt ərzində daha çox iş görməyi tələb edirdi. Ona görə də əlavə tədbirlər körmək lazım idi. Bu məqsədlə Azərbaycan Demokratik Respublikası hökuməti çox yüksək maaşla Türkiyədən respublikamıza müəllimlər də’vət etməli oldu. 1919-cu ilin noyabr ayının 5-də Türkiyədən 50 nəfərdən ibarət ilk müəllimlər dəstəsi Bakıya gəldi. Onlara işə başladıqları gündən qayıdana qədər ayda 3200 manat maaş müəyyən edildi. 1920-ci il fevralın 14-də Azərbaycan Demokratik Respublikası hökuməti xarici ölkələrdən gələn müəllimlər üçün yeni əmək haqqı tarifini təsdiq etdi. Ali və müəllimlik seminariyası təhsilli müəllimlərə ayda 8 min manat, qalanlara isə 6 min manat maaş müəyyən etdi, mənzili olmayan ailəli müəllimlərə ayda 2 min, subaylara isə ayda 1 min manat kirayə haqqı da ayırdı, onlara əlavə birdəfəlik müavinət də tə’yin etdi.
    1919-1920-ci tədris ilində xaricdən də’vət olunmuş müəllimlər Bakı kişi və qadın müəllimlər seminariyalarında, Qazax kişi müəllimlər seminariyalarında, Gəncə kişi və qadın gimnaziyalarında çalışırdılar.
    Azərbaycan Demokratik Respublikasının milli hökuməti Bakı Dövlət Unniversitetini yaratmaq və vaxtı ilə bu istiqamətdə göstərilən səyləri fəallaşdırmaq üçün qəti addımlar atdı. M.Ə.Rəsulzadə hələ 1908-ci ilin noyabr ayının 23-də “Tərəqqi” qəzetində yazırdı ki “müsəlmanlara məxsusi darülmüəllimin açmaq lüzumu çoxdan özünü bildirməkdədir. Zatən bu xüsusda artıq danışıqlar olunur və vaxtında bu danışıqlar, bu layihələrin qayətdə iti bir surət aldığı dəxi mə’lumumuzdur. Lakin bizim hər işimizdə olduğu kimi bu məsələdə də bütün danışıqlarımız, layihələrimiz, təsəvvürlərimiz hələ danışıq, layihə, təsəvvür oluyor, qalıyor, ondan o tərəfə keçilmiyor” . Lakin bu dəfə Azərbaycan Demokratik Respublikası hökuməti cəsarət göstərdi, milli ziyalılarımızın tarixi arzusunu reallaşdırdı.
    Hökumətin təklifi ilə parlament Bakı Dövlət Universitetinin yaradılması haqqında 1919-cu ilin sentyabr ayının birində xüsusi qanun qəbul etdi. Bu qanuna əsasən hökumət universitetin təşkili və müvafiq avadanlıqla təchiz edilməsi üçün 5 milyon manat vəsait ayırdı. Universitetin yaradılması ilə bağlı təşkilatı işlərlə hökumətin başçıları F.Xoyski, N.Yusifbəyov, xalq təhsili naziri R.Kaplanov, onun müavini H.Şaxtaxtinski, V.Razumovski və başqaları məşğul olurdular .
    Respublikamızda yaradılmış ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetində çalışmaq üçün Tiflisdəki Zaqafqaziya Universitetindən də’vət olunmuş V.İ.Razumovski, N.A.Dubrovski, L.A.İşkov, İ.S.Sitoviç, L.A.Zimin və başqaları 1919-cu ilin 29 sentyabrında çox yüksək maaşla V.İ.Razumovskinin rəhbərliyi altında fəaliyyətə başladılar. Hökumət 1919-1920-ci tədris ili üçün 10 milyon 858 min manat vəsait ayırmışdı.
    1918-ci ildə Fətəli xan Xoyski hökuməti Azərbaycanda kənd təsərrüfatı institutunun yaradılması haqqında qərar qəbul etdi. Lakin o dövrün siyasi vəziyyəti və maliyyə çətinlikləri ilə əlaqədar olaraq bu qərar yerinə yetirilmədi.
    Real vəziyyətələ əlaqədar olaraq Azərbaycan Demokratik Respublikası hökuməti xarici ölkələrin ali məktəblərində müxtəlif ixtisaslı milli kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Ağır iqtisadi və siyasi çətinliklərə baxmayaraq hökumət 1919-1920-ci tədris ilində 100 nəfər is’tedadlı gənci Almaniya, İngiltərə, Fransa, İtaliya və Türkiyənin ali məktəblərinə göndərmişdi. Bu məqsədlə büdcədən 7 milyon manat vəsait ayırmış və xüsusi təqaüd fondu yaradılmışdı. Gənclərimiz xaricdə əsasən aviasiya, gəmiqayırma, mexanika, kimya, dağ-mə’dən, elektronika və başqa elmlər sahəsində təhsil alırdılar.
    Xarici ölkələrə göndərilən tələbələrdən onu İngiltərəyə, iyirmi üçü İtaliyaya, qırx beşi Fransaya, doqquzu Türkiyəyə, on üçü Rusiyaya ezam edilmişdi. Yüz tələbənin xarici ölkələrdə təhsil alması üçün Maarif Nazirliyi 700 min manat vəsait ayırmışdı .
    Hökumətin qərarına əsasən tələbələr xaricdə təhsillərini başa vurduqdan sonra mütləq müəyyən edilmiş yerlərdə işləməli idilər. Lakin baş verən hadisə— Azərbaycan Demokratik Respublikasının süqutu başlanmış xeyirxah işi pozdu. Azərbaycan Demokratik Respublikasının sürutundan sonra sovet hökuməti xaricdə təhsil alan tələbələrin təqaüdünü dayandırdığı üçün onların bir hissəsi təhsilini yarımçıq qoyub vətənə qayıtdı, bir qrupu isə bütün çətinliklərə dözüb diplom ala bildilər. Bununla belə tarixin ədalətsizdiyi, totalitar rejimin düşmən mövqeyi müstəqil dövlətin ilk mütəxəssislərdən yan keçmədi. Onlar , təqiblərə represiyalara məruz qaldılar. İtaliyada təhsil alıb seleksiyaçı alim adına layiq görülmüş Əhməd Rəcəbli və İsgəndər Vəlizadə, Almaniyada oxumuş Cəfər Nağıyev, Bəhram Abdinov, Hüsü Hacıyev, Fransada ali təhsil almış Cavanşir Əbdülhəmid oğlu ömrünün çoxunu sürgündə keçirmişlər.
    Azərbaycan Demokratik Respublikasını təhsil siyasətinin əsas və vacib istiqamətlərindən biri tədris müəssisələrini yeni, milli ruhlu dərsliklər və dərs vəsaitləri ilə təchiz etməkdən ibarət idi. Çox ağır maliyə vəziyyətinə düşən hökumət tədris müəssisələrini dərsliklə tə’min etmək üçün bütün imkanları səfərbər edib bir çox dərsliklərin Azərbaycanda nəşr edilməsinə nail oldu. Bu ehtiyacı tam tə’min etmək məqsədi ilə hökumət Türkiyədən sifariş yolu ilə xeyli dərsliklər aldı. 1919-1920-ci tədris ilində qonşu ölkədən 1 milyon manatlıq riyaziyyat, həndəsə, geometriya, cəbr, mexanika, fizika, kimya, təbiətşünaslıq, fiziologiya, tarix, hüquq və başqa dərsliklər alınmışdı.
    Sevindirici hal idi ki, demokratik və humanist prinsipləri əsas götürən Azərbaycan Demokratik Respublikasının milli hökumətinin təhsil siyasətinin reallaşmasına qeyri dövlət təşkilatları və xeyriyyəçilər könüllü yardım göstərirdilər.
    Böyük Britaniyanın Azərbaycandakı hərbi qarnizonunun komandanlığı təhsil müəssisələrini müvafiq məktəb ləvazimatı və mebellə təchiz etmək üçün hökumətə vəsait ayırdı. Humanist xeyriyyəçilər təhsilə yardım edir, öz binalarını təmənnasız olaraq sinif otaqları üçün verir, məktəblərə odun, yanacaq və başqa ləvazimatla kömək edirdilər.
    Azərbaycanın məşhur mesenatı Zeynalabdin Tağıyevin Azərbaycan Demokratik Respublikasının təhsil siyasətinin həyata keçirilməsinə göstərdiyi yardım daha dəyərli və daha təsirli idi.
    Hacı Zeynalabdin Tağıyev Lənkəranda vəfat etmiş öğlu Məhəmmədin toy mərasimi üçün ayırdığı vəsaiti Azərbaycan Dövlət Universitetinə vermiş və demişdir ki, “Mənə oğluma toy etmək qismət olmadı, onun toy vəsaitini darülfun üçün verirəm, qoy balalarımız xoşbəxt olsunlar”.
    Azərbaycan Demokratik Respublikası dövləti yaşadığı qısa bir tarixi dövr ərzində, təhsil sahəsində on illərə bərabər işlər gördü, müasir təhsilimizin inkişafı üçün kifayət qədər kadr və maddi baza yaratdı.
    Azərbaycan Demokratik Respublikası hökumətinin təhsil siyasətinin ən böyük humanist xüsusiyyətlərindən biri onun Azərbaycan ərazisində yaşayan bütün millətlərin təhsil hüquqlarının müdafiə etməsindən ibarət idi. Bu humanist prinsipə sadiq qalan Azərbaycan Demokratik Respublikası hökuməti 1918-ci ilin sentyabr ayının 7-də “milli azlıqlardan olan xalqların öz ana dilində təhsil alması haqqında sərəncam imzaladı, 1919-cu ilin oktyabr ayının 1-də Dağlıq Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaratdı, ermənilərin xalq maarifi, mədəniyyət sahəsində öz müqəddəratını tə’yin etməsini əsaslandıran 23 maddədən ibarət əsasnaməsini təsdiq etdi.
    Azərbaycan Demokratik Respublikasının təhsil siyasətinin əsasını millilik təşkil edirdi. Tədrisin ana dilində aparılması, dərsliklərin ana dilində yazılması, karkuzarlığın ana dilində həyata keçirilməsi təhsil siyasətinin əsas meyarı idi.
    Bu gün tam əsasla qeyd edə bilərik ki, ilk özümüzə qayıdışımız, milli yaddaşımızın bərpası Azərbaycan Demokratik Respublikasının təhsil siyasətinin milli prinsiplərindən başlanmışdır. Bu çox vacib milli qayıdış və dirçəliş Azərbaycan Demokratik Respublikasının tarixi xidmətidir.