AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§2. Azərbaycan Demokratik Respublikasında
vicdan azadlığı problemi

    Vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mə’nəvi məs’uliyyətdir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsiinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mə’nada vicdan azadlığı, vətəndaşların bu və ya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mə’nasında, vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur.
    Vicdan azadlığı, istənilən dini seçib ona riayət etmək və heç bir dinə inanmamaq, yə’ni ateist mövqedə durmaq hüququnun tə’min edilməsi kimi iki vacib prinsiplə müəyyən edilir.
    Vicdan azadlığı məsələsi 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi.
    O vaxta qədər rus imperiyası azərbancanlılar arasında dini ayrılığı daha da dərinləşdirmək məqsədi ilə əhalini sünnü və şiə məzhəblərinə bölür, onların müstəqil ruhani idarələrini yaratmışdı. İmperiya 1872-ci ilin aprel ayının 5-də, 1917-ci ilin iyul ayının 17-də azərbaycanlıları bir birinə zidd məzhəblərə parçalayan qərəzli sərəncamlar vermişdir.
    Azərbaycan Demokratik Respublikası rəhbəri Məmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman mə’murlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.
    Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının tə’yin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən iste’fa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial tə’minat və dini e’tiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam tə’yin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.
    Molla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə o demişdir: “Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır”.
    Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını tə’min etmək sahəsində ilk addımlarını atırdı.
    Azərbaycan Demokratik Respublikası vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürdü.
    Dinlərdən birinə üstünlük verilməsi, digərlərinin sıxışdırılması və beləliklə də dini bərabərsizliyə şərait yaradılması müxtəlif dinlərə mənsub olan vətəndaşların hüquq bərabərliyini poza bilərdi. Bunu nəzərə alan M.Ə.Rəsulzadə yazırdı: “Erkək-qadın, müsəlman-xristian, türk — türk olmayan, … məslək, rütbə, təbəqə, məqam, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkət idarəsində iştirak edir, qanun yapan quruluşlara girmək haqqına dəxi sahib idilər”.
    Burada cinsi, milli, sinfi bərabərliklə yanaşı dini bərabərliyin də qeyd olunması vicdan azadlığı probleminə ciddi fikir verildiyini göstərir. Azərbaycan Demokratik Respublikasında müsəlman məscidləri ilə yanaşı çoxlu xristian, yəhudi və təriqətçilərin ibadət evlərinin asudə fəaliyyət göstərməsi buna əyani misaldır. Təkcə Bakı şəhərində 10 rus pravoslav kilsəsi, Polyak — katolik kostyolu, Nemes-lyuteran kirxası, molokan, baptist və yevangelist xristianların təriqətçi ibadət evləri, habelə hər bir qeyri müsəlman dini təşkilatın öz dini tədris məktəblərinin asudə fəaliyyət göstərməsi Azərbaycan Demokratik Respublikası vicdan azadlığı sahəsində çox demokratik mövqe tutmasını və dini bərabərlik prinsipinə əməl etdiyini nümayiş etdirir.
    Azərbaycan Demokratik Respublikası parlamentinin tərkibi müxtəlif millətlərin və dinlərin nümayəndələrindən təşkil edilmişdi. Azərbaycan Demokratik Respublikası parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav dininin 10 deputat mandatı var idi. Bundan əlavə yəhudilərin, gürcü və polyak xristianlarının nümayəndələri də parlamentdə təmsil olunmuşdular.
    Bərabərlik ideyası təhsil sahəsində də həyata keçirilirdi, ümumi ictimai təhsil, ibtidai və orta məktəblərin milliləşdirilməsi, milli azlıqların öz dillərində və rus dilində oxumaları üçün qanun layihəsinin hazırlanmasını parlament zəruri hesab etmişdi. O zaman Gürcüstanda gürcü-pravoslav kilsəsi, Ermənistanda erməni-qriqoryan kilsəsi din siyasətində aparıcı rol oynayırdısa da, Azərbaycanda dinlərdən birinə üstünlük verilməsi məsələsi müzakirə olunmamış, dini bərabərliyə hörmət edilmişdir.
    Azərbaycan Demokratik Respublikası vicdan azadlığı problemi sahəsində demokratik mövqedə dayandı, dinə biganə münasibət bəsləyən, yaxud dini qəbul etməyən vətəndaşlar haqqında məhdudedici tədbirlər görülməsi hallarına yol vermədi, dindarlarla dinə inanmayan vətəndaşların dinc-yanaşı yaşaması üçün şərait yaratmağa çalışdı.
    Qeyri dini tədris müəssisələri şəbəkələrinin genişləndirilməsi, milli, elmi-texniki, təbabət, hüquq kadrlarının hazırlanmasına diqqətin artırılması, bu məqsədlə Qərb ölkələrinin ali məktəblərində təhsil almaq üçün bacarıqlı gənclərin göndərilməsi, nəhayət, hökumətin tərkibində din xadimlərindən heç kəsin olmaması Azərbaycan Demokratik Respublikası dindən ayrı vətəndaş dövlətinin olduğunu göstərən amillərdir.
    1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları tə’min edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: “Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla tə’min edir”.
    1918-ci il deabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmamaya bilməzdi.
    Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının tə’min edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu.
    Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da onun bu problemə ən demokratik mövqei aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır.