Nəqli cümlə. Cümlənin çoxişlənən bu növünün intonasiyası müasir dilimizdə olduğu kimidir - hər bir cümlədə ton tədricən yüksəlir və xəbərdən əvvəlki sözün nisbətən daha yüksək tələffüzündən sonra tədricən alçalır və kəsilir; məs.: Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi, hacət dilədi. Atdan-ayğırdan*, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə yığnaq etdi. Ac görsə, toyurdı. Yalın görsə, tonatdı. Borcluyı borcından qurtardı. Dəpə kibi ət yığdı. Göl kibi qımız sağdırdı. Əl götürdilər, hacət dilədilər. Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. Xatunı hamilə oldı. Bir neçə müddətdən sonra bir oğlan toğurdı. Oğlancuğını dayələrə verdi, saqlatdı.(35)
___________

*Bu ifadə ‘atdan ayğır’ şəklində olmalıdır.

 

Tərkibində, təbii olaraq, yeri gəldikcə sual və nida cümlələri işlənən, lakin əksəriyyət e’tibarilə nəqli cümlə intonasiyası ilə qurulmuş təhkiyə dastanların dilində intensivliyi, təsvirin emosional səciyyəsini gücləndirir:
Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmağlandı, xəbər sordı. Aydır: «Yigit, gəlişin qandan?» Beyrək aydır: «İç Oğuzdan!» «İç Oğuzda kimün nəsisən?» - dedi. «Baybörə bəg oğlı Bamsı Beyrək dedikləri mənəm» - dedi. Qız aydır: «Ya nə məsləhətə gəldin, yigit?» - dedi. Beyrək aydır: «Baybican bəgün bir qızı varmış, anı görməgə gəldim!» - dedi. Qız aydır: Ol öylə adam degildir kim, sana görinə! - dedi. Əmma mən Banıçiçəgin dadısıyam. Gəl imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə gürəşəlim. Məni basarsan, anı dəxi basarsan», - dedi. (54-55)
Qeyd edilən sintaktik bütöv dialoq əsasında qurulmuş bir təhkiyədir. Ozan hadisəni nağıl edir. Təhkiyənin daxilindəki hər bir dialoq «aydır» sözü ilə başlanır, «dedi» sözü ilə bitir. Dastanın dilində bu forma emosionallığa xidmət edir, nəsrin poetikliyini gücləndirir. Hiss olunur ki, bu forma çox qədim kökləri olan bir dastançılıq ən’ənəsinin «Dədə Qorqud»da davamıdır. Və həm də hiss olunur ki, «aydır» sözü «dedi» sözü gücündə deyil, bu söz «danışığa başladı, dilləndi» mə’nasına yaxın bir mə’na ifadə edir.