Ara sözlər və ara cümlələr. Təbii ki, «Dədə Qorqud»un dilində hər bir cümlədə namə’lum ozanın və obrazların söylədiyi fikrə münasibət də vardır. Lakin bunlarla yanaşı, bə’zən modal münasibətin qabarıq ifadəsi üçün ara sözlərdən də istifadə edilmişdir. Həm də hiss olunur ki, ara sözlər o sözlərlə ifadə olunur ki, onlar tədricən modallaşmaqda, modal söz keyfiyyəti qazanmaqdadır, lakin hələ öz həqiqi mə’nasını o qədər də itirməyib; məs.: Sanasan kim, tar yolda tolu düşdi (71) - cümləsində ‘sanasan kim’ sözləri ‘elə bil ki’ mə’nasını verməklə yanaşı, ‘sanmaq’ fe’linin ilkin mə’nasını da tam itirməmişdir. Yarumasın-yarçımasun, Evnik qəl’əsinin kafərləri bunları casusladı. (53) Dan-danışux, kafər malın Oğuz bəglərinə gətürür idik.(53) Qara başın sədəqəsi, yigit, mədəd mana! (53) Dedi, görəlim, nə istərsən? (56) Görəyim, dedigimi gətürdilərmi? (57) Böylə digəc, yarumasın, yarçımasun, Yalançı oğlı Yırtacuq aydır...(58) İkisindən biri, bolay ki, canın verə...(81) Bunın kibi yigit, heyf ola ki, canvərlər əlində həlak ola.(87) Oldur, Sarı tonlu Selcan xatun köşkdən baqar.(88) Elə sandı kim, yağı basıldı.(91) Əlbətdə və əlbətdə, Qazan bəg mana yetişsün! (107) Əlhasili, ordı bunın ucından qatı incindilər.(99) Əlaqibət, uzın yaşın ucı ölüm, axırı ayrılıq (126) və s. kimi cümlələrdə yarumasın-yarçımasun, dan-danışux, qara başın sədəqəsi, görəlim, görəyim, bolay ki, heyf ola ki, oldur, elə sandı kim, əlbətdə və əlbətdə ara sözləri nifrət, təəssüf, güman, yəqinlik, nəticə, əzizləmə, işarəetmə və s. kimi mə’nalar ifadə edir və artıq «Dədə Qorqud» mərhələsində ara konstruksiyaların lazımi şəkildə formalaşmış olduğunu göstərir. Bunlardan bir qismi (bolay ki...) «Dədə Qorqud»un dilini daha qədimlərlə bağlayır, bir qismi (əlhasili tiplilər) sonrakı dövr alınmalarına işarə edir.
Ola kim, bir ağzı dualının alqışıilə Tənri bizə bir yetman oğul verə. (35) Gəlün oğlanı babasına quvlıyalum. Ola kim, öldürə... (36) Görürmisin, Dirsə xan, nələr oldı? (36) Çağıruban oğlancığına soylar, görəlim, xanım, nə soylar (39) - cümlələrində ‘ola kim’, ‘gəlün’, ‘görürmisin’, ‘görəlim’ sözləri ehtimal bildirən, diqqəti cəlb etmə məqamlarında işlənən ara sözlərdir. Dastanlarda üzvlənən cümlə ilə birlikdə işlənmiş və eyni fikri təsdiq edən ‘bəli’ sözünü də ara söz kimi qeyd etmək olar: Bəli, xan Qazan, məsləhətdir.(42) Bəli, ağam Qazan, gecədən bir quzı bişürüb dururam. (46) Bunlardan əlavə, Oğul, oğul, ay oğul! Bilürsənmi, nələr oldı? (47) Bilürmisin, qarındaşım Qaragünə, düşimdə nə göründi? (44) - cümlələrində ‘bilürsənmi’ sözü də modallaşmaqda olan leksik vahidlərdəndir. Sözün bu cür işlənməsi danışanın diqqətini cəlb etmək məqsədi daşıyır.
Böylə digəc, qız - Beyrəki aşıqlamışdı,- aydar...(59) Baybican bəg aydır: «Bəglər, allah-təala mana bir qız verəcək olursa, siz tanıq olın, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavuqlı olsun!» - dedi.(52) Beyrək aydır: «Mərə dadı, mən avçı degiləm, bəg oğlı bəgəm həp sizə,-dedi, əmma sormaq eyib olmasun, bu otaq kimündir?» Nə biləyin, oğul, bu qəzalar sana nerədən gəldi? (39) Bu gələn, bilmiş olun, yağıdır (69) - nümunələri göstərir ki, dastanların dilində ara sözlərlə yanaşı, ‘Beyrəgi aşıqlamışdı’, ‘siz tanıq olun’, ‘sormaq eyib olmasun’, ‘nə biləyin’, ‘bilmiş olun’- kimi tipik ara cümlələr də işlənmişdir. Dastanların nəsr ən’ənəsi sübut edir ki, bu dil artıq hər cəhətdən tam cilalanmış bir dildir və müasir normalara müvafiq ara cümlə modelləri dastanlar qələmə alınmazdan çox-çox əvvəllər formalaşmışdır.