Qeyri-müəyyən şəxsli cümlə. Təktərkibli cümlənin bu növü dastanların dilində işlənən ən fəal təktərkibli cümlə növüdür. Demək olar ki, hər bir boyun əvvəlində yeni obraz qeyri-müəyyən şəxsli cümlənin köməyi ilə təqdim edilir. Məgər Dirsə xan deyirlərdi, bir bəgün oğlı-qızı yoxdı. (34) Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyirlərdi, bir ər var idi.(79) Oğuz zamanında Qanlı qoca derlərdi, bir gürbiz ər vardı (85)Adına Qanturalı deirlərdi. (85) Adına Arşun oğlı Dirək Təkur deərlərdi. (94) Ol oğlanın adına Yegnək deərlərdi.(94) və s.
İndi bu cür cümlələrdə mürəkkəb cümlə komponenti kimi çıxış edən qeyri-müəyyən şəxsli cümlənin xəbəri (deyirlərdi, deirlərdi, derlərdi, deərlərdi) fe’li sifət şəklində çıxış edir. «Dədə Qorqud» sintaksisində nəzəri cəlb edən ən mühüm sintaktik arxaikləşmə bundan ibarətdir.
Qalan hallarda təhkiyə prosesində qeyri-müəyyən şəxsli cümlə modeli yenə məhsuldardır: Gəlübəni qarşuladılar, qara otağa qondurdılar, qara keçə altuma döşədilər, qara qoyun yəxnisindən ökimə götürdilər. (35) Bir yazın, bir küzin buğayla buğranı savaşdırarlardı. (36) «Dirsə xanın oğlı böylə bid’ət işləmiş» deyələr. (37) Baybörənin oğlı vardır, adına Bamsı deyirlər. (53) Vardılar, Bayındır xanın tövləsindən ol eki atı gətürdilər. (55) Mərə, Qavat oğlu qavatlar! Ata tururkən oğıl əlinmi öpərlər? (54) Divandan çıqdı. Atını çəkdilər. (105) Oğlanı gərdəgə qoydılar (112) və s.
Baybörə bəg oğlı Bamsı Beyrək mana deərlər. (120) İlək Qoca oğlı Dönəbilməz Dülək Uran mana deərlər (121) - tipli cümlələrdə vasitəli tamamlıq (‘mana’ sözü) məntiqi vurğulu olduğu üçün xəbərin tərəfləri arasında işlənmişdir - xəbər daxili obyektli ‘Bamsı Beyrək deərlər’, ‘İlək Qoca oğlı Dönəbilməz Dülək Uran deərlər’ sözlərindən ibarətdir. Bu cür cümlələri ikimübtədalı cümlə (biri nəzərdə tutulan qeyri-müəyyən şəxslər, biri də xəbərin bir hissəsini təşkil edən xüsusi adlar) hesab etmək doğru deyildir. (bax:36; 108).
Dastanların dilində sintaktik bütövlərin bə’zən qeyri-müəyyən şəxsli cümlələrlə ifadə olunduğu hallar vardır:
Əgrəgi zindandan çıqardılar. Saçı-saqalını yüldilər. Bir at, bir qılıc verdilər. Üç yüz kafər ana yoldaşlığa verdilər.(118)
Bunlar aydın şəkildə göstərir ki, qeyri-müəyyən şəxsli cümlə modeli xalq dilinin ən qədim cümlə modellərindəndir.
Bə’zən qeyri-müəyyən şəxsli cümlələrdə qeyri-müəyyənlik mə’nası az olur. Belə cümlələrdə əslində söhbətin kimdən getdiyi mə’lumdur, lakin xəbərin III şəxs cəmdə olması qeyri-müəyyənlik mə’nasını qorumuş olur: Sağın-solun Uruzın çevirdilər. Qırq yigidin şəhid etdilər. Oğlanın üzərinə düşdilər, tutdılar. Qarusından ağ əllərin bağladılar. Qıl orğan ağ boynına taqdılar. Yüzi üzərinə saluban sürdilər. Ağ ətindən qan çıqınca dögdilər. «Baba» deyü ağlatdılar, «ana» deyü bozlatdılar. Əli bağlu, boynı bağlu yüzi üzərinə salıb aldılar, yürüyü verdilər. (71) Şübhəsiz, söhbətin kafərlərdən getdiyi mə’lumdur, lakin qara donlu 16 min kafərin hamısının və ya hansının bu işlə məşğul olduğunu söyləmək də çətindir.