Şəxssiz cümlə. Dastanların dilində şəxssiz cümlənin mənşə e’tibarilə fərqlənən hər iki tipi (36; 184-189) işlənmişdir. Şəxssiz cümlənin ən mühüm və geniş yayılmış tipi sinkretik tipdir. Sinkretik tipdə cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Fikir predmeti (fikir özülü) həmin predmetin əlaməti, hərəkəti, vəziyyəti kimi təzahür edir. Bu cür şəxssiz cümlələr ismi xəbərli olur. Məs.: Yemə-içmə idi.(94) Çobanın üçyaşar tana dərisindən sapanının ayasıydı, üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən çatlağucıydı. (48)
Birinci cümlə yalnız xəbərdən ibarətdir, müxtəsərdir. Sonrakılar geniş şəxssiz cümlələrdir. Birinci misalda ‘yemə-içmə’, sonrakı misallarda ‘çobanın sapanının ayası’, ‘sapanının qolları’, ‘çatlağucı’ - fikir predmetidir. Lakin fikir predmetini bildirən həmin sözlər və birləşmələr predikativlik əlamətləri (idi, -dı) qəbul edərək cümlənin xəbəri kimi çıxış etmiş, nəticədə şəxssiz cümlə mübtəda ilə xəbərin sintezi şəklində təşəkkül tapmışdır.
Şəxssiz cümlələrin bir qismi xəbəri fe’li frazeoloji vahidlərlə ifadə olunanlardır. Bu cür cümlələrdə tarixən mübtəda olmuş, lakin inkişaf prosesində fe’l məcaziləşməklə mübtədanı daxili subyektinə çevirmiş və sözü müstəqil mübtəda kimi çıxış etmə imkanlarından məhrum etmişdir. (36;187). Məs.: Bunlar böylə edicək Baybörə bəgin acığı tutdu. Böylə digəc Əzrayilin acığı tutdı. (80)
Bu misallarda ‘Baybörə bəgin acığı’, ‘Əzrayilin acığı’ birləşmələri etimoloji mübtədadır, ‘tutdu’ sözünün məcaziləşməsi ilə onunla birləşərək birlikdə xəbər vəzifəsində işlənmiş, cümlə şəxssiz cümlə kimi formalaşmışdır.