Cümlə üzvlərinin sırası. Bu barədə hər bir cümlə üzvündən danışılarkən az-çox mə’lumat verilmişdir. Lakin bə’zi səciyyəvi cəhətləri də qeyd etmək lazım gəlir.
Dastanların dilində cümlə üzvlərinin yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktuallaşdırılması tələbləri ilə bağlıdır.
«Dədə Qorqud»un dilində söz sırası əsasən bugünkü normaların ilkin quruluş modellərinə əsaslanır. Müşahidə olunan maraqlı cəhətlərdən biri qeyri-müəyyən tə’sirlik halda olan sözlər və birləşmələrlə tə’sirli fe’l arasına müxtəlif sözlərin daxil ola bilməsidir: ...qıl sicim ağ boynına taqalım (ağ boyuna qıl sicim taxaq), Qara keçə altına döşədilər (Altına qara keçə döşədilər). Qara tırnaq ağ yüzümə çalayınmı? (73) Böylə digəc Qalın Oğuz bəgləri yüz göyə tutdılar.(52)
Bu hal «ağ boynına», «altına», «ağ yüzinə», «göyə» sözlərinin məntiqi vurğu altına düşərək xəbərin yanına keçirilməsi ilə bağlıdır. Söz sırasının aktuallaşma ilə əlaqədar bu cür dəyişməsi sayla sifətin yerdəyişməsində də özünü göstərir: On altı bin qara tonlu kəfər ata bindi - cümləsində məqsəd qara donun sayını deyil, kafərin sayını bildirməkdir: Qara donlu on altı min kafər ata mindi. Kafərin geyiminin rəngini, onun qara kabusa bənzədiyini nəzərə çarpdırmaq üçün sıra bu cür qurulmuşdur. Bunlardan aydın olur ki, «Dədə Qorqud»un dilinin təşəkkülü dövründə cümlə intonasiyası söz sırasının sərbəst qurulmasına daha çox imkan vermişdir.
Dastanların dilində canlı danışıq dili sintaksisinin aparıcı rolu aşkardır. Bir sıra cümlələrdə sözlərin sırası müasir dil baxımından fərqli görünsə də, bunlar sırf oğuz tələffüzü ilə bağlı olub, nitqin ritmik-melodik axını, fasilə, vurğu və s.-lə tənzimlənir, fikrin düzgün anlaşılmasına mane olmur. Müasir dildə məntiqi vurğulu sözlər xəbərin yanında (əvvəlində) işlədilir. Məntiqi vurğu ilə hər bir üzvün öz yerində aktuallaşdırılması da mümkündür. Bu baxımdan dastanlarda cümlə üzvünün xəbərin əvvəlində məntiqi vurğu ilə tələffüzü halları daha aydın müşahidə olunur. Məs.: Məndən yegrək qadir sizə oğul verər (75) - cümləsində məntiqi vurğu ‘məndən yegrək oğul’ birləşməsinin üzərindədir, lakin mübtəda və tamamlıq (qadir, sizə) cümlənin əvvəlində işlənmək əvəzinə, məntiqi vurğulu üzvün arasına daxil olmuşdur. Bütün bunlara baxmayaraq, «yeni» xəbərlə (verər sözü) ifadə olunmuşdur.
Vasitəli tamamlıqlar, qayda üzrə, əksərən mübtəda ilə xəbər arasında yerləşmişdir; məs.: Mənim canım sənin canına qurban olsun! (83) Adəmilər əvrəni yoldaşına qıymadı.(83) Tamamlığın hər iki növü işlənməli olduqda əvvəlcə vasitəsiz, sonra vasitəli tamamlıq işlənmişdir: İkisini bir yerdə kafərə yetürəlim.(40) Mənim əlümi şeşin, qolça qopuzım əlümə verin. (40) Bu cür sıra normal sıradır, lakin ...qıl sicim ağ boynına taqalım. (40) - tipli cümlələrdə qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlığın tə’sirli fe’li xəbər-dən aralanması artıq arxaik forma sayıla bilər.
Bə’zi cümlələrdə vasitəsiz tamamlıq öz tə’yini ilə birlikdə cümlənin əvvəlində işlənmişdir. Bu cür hallarda vasitəsiz tamamlıq tema kimi çıxış edir, cümlənin qalan hissəsi «yeni»ni bildirir: Qarşu yatan qara tağları Səndən sonra mən neylərəm? (83)
Dastanların dilində saylarla ifadə olunan tə’yinlər (kəmiyyət tə’yini) bə’zən sifətlə, atributiv birləşmələrlə ifadə olunan tə’yinlərdən sonra - tə’yinlənənin yanında işlənmişdir. Məs.: Yaraqlu altmış adam seçin. Qara tonlu, gög dəmirlü altı yüz kafər seçdi. Bu cür sıra, əslində, xalis ədəbi normadır. Lakin Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, bu cür sıradan nadir hallarda istifadə edilmişdir. Dastanların dili üçün kəmiyyət tə’yininin keyfiyyət tə’yinindən əvvəl işlənməsi daha səciyyəvidir: Yedi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni alaca atlu kafər bindi... (42) Üç yüz mürəssə tonlu yigit soyladı, boyuna aldı. Qırq ala gözlü yigidin Uruz boyına aldı. (69) On altı bin qara tonlu kafər ata bindi. (69) Bu cür cümlələrdə intonasiya və fasilə kəmiyyət bildirən sözləri keyfiyyət və ya maddi-material bildirən tə’yinlər üzərindən keçirərək tə’yinlənənə aid edir. (bax: 38; 34-42)
İsmi birləşmələrlə ifadə olunan əlamət, keyfiyyət tə’yinləri kəmiyyət tə’yinindən sonra işlənmişdir. Oğuz intonasiyası düzgün nəzərə alınmazsa, duyulmazsa, müasir dil baxımından kəmiyyət tə’yininin az qala keyfiyyət tə’yininə də aid olduğunu güman etmək olar. Lakin canlı danışıq dili intonasiyası bu yanlış düşüncəni asanlıqla aradan qaldırır. Dastanların dili üçün bu cür cümlələr səciyyəvidir:Üç yüz mürəssə tonlu yigit soyladı, boyına aldı. (69) Nagahandan altmış dəmir tonlu kafər oğlanın üzərinə gəldilər. (113)
Aktual üzvlənmənin rolu «Dədə Qorqud» sintaksisində çox qabarıqdır. Yeni fikir ifadə edən sözlər və birləşmələr daha çox cümlənin sonunda işlənmişdir: Üç ayda varmazsam, öldügimi ol vəqt bilsün! (75) Dədə Qorqudun ardından Dəli Qarcar irdi (56) - cümlələrində ‘ol vəqt’, ‘Dəli Qarcar’ sözləri məntiqi vurğu altında tələffüz olunduğu üçün bilavasitə xəbərin önündə yerləşdirilmişdir. Məqsəd onların ifadə etdiyi anlayışları nəzərə çarpdırmaqdır. Əks təqdirdə həmin cümlələr, məsələn, belə olardı: Dəli Qarcar Dədə Qorqudun ardından irdi. Üç ayda varmazsam, ol vəqt öldügimi bilsin. Cümlələri bu cür qurduqda məntiqi vurğu ‘Dədə Qorqudun ardından’, ‘öldügimi’ söz və birləşmələri üzərinə düşür. Şökli Məliki bögirdibəni Qazan bəg atdan yerə saldı (66) - cümləsində düşmənin başçısını məhz «alpanlar başı»nın vurub yerə saldığını göstərmək üçün mübtəda (‘Qazan bəg’) tamamlıq və tərz zərfliyindən sonra - xəbərə daha yaxında yerləşdirilmişdir.
Boyı uzun Burla xatun qara tuğın kafərin qılıcladı, yerə saldı. (77) - cümləsində uzlaşma-idarə əlaqəli birləşmənin tərəfləri inversiyaya uğramışdır - ‘kafərin tuğın’ əvəzinə, ‘tuğın kafərin’ işlənmişdir. Bu, «Dədə Qorqud» üslubuna xas olan bir cəhətdir. «Dədə Qorqud» üslubunda «kafərin qara tuğın» modeli də var. Lakin yuxarıdakı misalda düşmənə nifrət birləşməni adi tonla - «kafərin qara tuğın» şəklində işlətməyə imkan verməmişdir. Dastan formasında (tuğın kafərin) «kafər» sözü xəbərə daha yaxın yerləşdirilməklə nifrət obyekti daha qabarıq nəzərə çarpdırılmışdır. Bu xüsusiyyəti aşağıdakı cümlələrdə də görmək olar: Sağın-solun Uruzın çevirdilər. Qarusından ağ əllərin bağladılar. Əgər «Uruzın» sözünü, «ağ əllərin» birləşməsini məntiqi vurğu altına salmaq, aktuallaşdırmaq lazım gəlməsə idi, bu cümlələr belə tələffüz olunmalı idi: Uruzın sağın-solın çevirdilər. Ağ əllərin qarısından bağladılar.
«Yeni»nin, əsas fikrin bu cür aktuallaşdırılması təkcə sözlərə, birləşmələrə - cümlə üzvlərinə deyil, bütöv cümlələrə də aiddir: Gögdən ildırım ağ ban evim üzərinə şaqır gördüm. (44) Qarğu kibi qara saçım uzanır gördüm - misallarında «gördüm» sözünə qədərki hissələr aktuallaşdırılmış budaq cümlələrdir və onları: Gördüm ki, qarğu kibi qara saçım uzanır - şəklində də işlətmək olardı və yenə də budaq cümlələr aktuallaşmış olacaqdı.
Nitqin əlavə cümlə ilə ortada kəsilməsi, üzvün aktuallaşdırma məqsədi ilə cümlənin sonuna keçirilməsi, canlı danışıq üslubuna müvafiq şəkildə eyni cümlədə bir neçə xəbərin işlənməsi «Dədə Qorqud»un canlı xalq dilinə bağlılığı əlamətlərindəndir: Sana bu yaradan, qorxma, oğlan, ölüm yoqdur. (39) İmdi, incimə, xanım, əvvəl onun əlin öpdigümizə. (54) ...gördülər ki, bir xatun kişi gəlür. Gəldi içəri Basata; girdi, səlam verdi. ağladı. (99)