Zərflik İndi «zərflik» adı altında birləşdirilən bütün üzvlərin ifadə vasitələri və quruluş sxemi «Dədə Qorqud»da da vardır. Müasir dilimizdə olduğu kimi, dastanların dilində də zərfliklər əksərən fe’li, bə’zən ismi xəbərlə əlaqələnmişdir.
Dastanların dilində yer və zaman zərflikləri daha çox işlənmişdir.
Zaman zərflikləri çox vaxt determinant kimi cümlənin əvvəlində özünü göstərir; məs.: Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından Qorqud ata diyərlər, bir ər qopdı. (31) Bir yazın, bir küzin buğayla buğranı savaşdırarlardı. (36) Məgər xanım, ol gecə Ulaş oğlı Salur Qazan qara qayğılu vaqeə gördi. (44)
Dastanların dilində bə’zi fe’li bağlama tərkibləri zaman bildirmə xüsusiyyətinə görə müasir dildəkindən fərqli çalara malikdir. Böylə digəc Qazan aydır. (44) Çoban böylə dikəc Qazan ah etdi. (44) Qazan bəg böylə dikəc çoban aydır. (45) Böylə digəc bazırganlar səxt oldı. (53) Bunlar böylə edicək Baybura bəgin acığı tutdı. (54) cümlələrində ‘dikəc’ sözü indiki qədər intensiv və sür’ətli zaman ifadə etmir, bu söz sadəcə olaraq «deyəndə», «dedikdə» fe’li bağlamalarının mə’nasına uyğun mə’na ifadə edir.
Zaman zərflikləri müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunmuşdur; məs.: Qurd qaçan xəbər versə gərək? (45) Bazırganlar dəxi gecə-gündüz yola girdilər. (52) Bu gəz oğlan şərab içərkən içməz oldı. (53) Mən qaraquç atıma binmədin ol binmax gərək. (55) Ağam Beyrək gedəli bizə ozan gəldigi yoq. (61)
Bu misallarda zaman zərflikləri sual əvəzlikləri, zərflər, fe’li bağlama və fe’li bağlama tərkibləri ilə ifadə olunmuşdur. İkinci misaldan göründüyü kimi, zaman zərfliyinin xəbərə daha yaxın yerləşdiyi hallar da vardır.

Yer zərflikləri də bə’zən determinant kimi cümlənin əvvəlində işlənmişdir: Gögdən ildırım ağ ban evim üzərinə şaqır gördüm. (44) Lakin yer zərflikləri əksərən xəbərin əvvəlində yerləşmişdir: Qalın Oğuz bəgləri yüz göyə tutdılar. (52) Bərü gəlgil, başım bəxti, evim təxti! (35) Beyrək qızdan ayrılıb evlərinə gəldi. (55) Dəlü Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdırmış idi. (55) Misallardan hiss olunur ki, bu hal əksərən yer zərfliyinin aktuallaşdırılması ilə bağlıdır.
Müasir dildən fərqli olaraq, nadir bir hadisə kimi, yer zərfliyi fe’li bağlama tərkibi ilə də ifadə olunmuşdur. Aşağıdakı parçaya diqqət yetirək:

Ağ ban evim dikilində yurdı qalmış,
Qarıcıq anam olurunda yeri qalmış.
Oğlım uruz ox atanda puta qalmış. (44)

Bu misralardakı dikilində, olurunda, atanda sözlərini dik-il-in-də, ol-ur-un-da, at-an-da şəklində kök və şəkilçilərə ayırmaq olar. Əvvəlki iki sözdə kökdən sonra işlənən -il və -ur fe’lin növ şəkilçiləridir; -in,-un, -an fe’li sifət,-da,-də yerlik halın əlamətləridir. Fe’li sifət şəkilçisinin həm açıq, həm də qapalı saitli variantının olması (-in,-un, -an) bu şəkilçiləri çox qədim dövrlərlə bağlayır. Dikilində, olurunda - ‘tikilən yerdə’, ‘oturan yerdə’, atanda - ‘atdığı yerdə’ mə’nasındadır. Fe’li sifət şəkilçisi ilə hal şəkilçisi (-in-də) birləşərək fe’li bağlama kimi çıxış edir və yaratdığı tərkib yer zərfliyi vəzifəsindədir. Misallardan göründüyü kimi, -ində, -unda şəkilçisi məchul növün şəkilçisindən sonra işlənə bildiyi kimi, söz kökünə də artırılmışdır və bu baxımdan, əslində, üçüncü misradakı atanda sözünü ilkin variantına görə «at-ında» şəklində düşünmək olar.
Adətən, hal şəkilçisinin qoşulduğu fe’li sifət şəkilçisi fe’li bağlama kimi formalaşır. Gəldigində, keçdigində, dikilində, olurunda, atında sözlərinin fe’li bağlama olduğuna şübhə yoxdur. Lakin bu cür ifadə tərzi arxaikləşmiş olduğundan mübahisə törədə bilir.
Məkan bildirən fe’li bağlamaya müasir dilimizdə təsadüf edilmir. Ona görə həmin fe’li bağlamaları da ilk baxışda zaman mə’nalı hesab etmişlər. S.Əlizadə bu misraları belə müasirləşdirmişdir:

Uca evimin tikilisi, yurdu qalmış.
Qoca anamın oturduğu yer də qalmış.
Oğlum Uruzun ox atdığı nişan qalmış. (26; 142)

Başqa bir kitabda aşağıdakı kimi sadələşdirmişlər:

Uca imarətlərimin binəsi, yurdu qalmış.
Qoca anamın olduğu yeri qalmış.
Oğlum Uruzun ox atdığı nişan qalmış. (39; 46)

Birinci misrada «yurd» sözü həqiqi mə’nada başa düşülməməlidir. Əgər doğrudan da, yurdu qalıbsa, onda nə aparıblar? «Yurd» sözü ‘yurdun yeri’ mə’nasındadır. Dilimizdə ‘yurdu xaraba qalmaq’ mə’nasında yurdu qalıb ifadəsi işlənir. İkinci tərcümədə «Uca imarətlərimin binası, yurdu qalmış» şəklində fikir daha çox təhrif edilmişdir - dastanda daş binalardan yox, çadır evlərdən söhbət gedir və ona görə də Oğuz bəyləri istədikləri anda, istədikləri yerdə ağ ban otaqlar tikə bilirlər, Qazan xan ozana (Beyrəyə) ağ ban ev təklif edir, bə’zi səhifələrdə (68 və s.) aşkar şəkildə «çadır otaq»dan söhbət gedir və s.
Bizim fikrimizcə, bu misralar belə sadələşdirilməli idi:

Ağ ban evim tikilən yerdə yeri qalmış.
Qarıcıq anam oturan yerdə yeri qalmış.
Oğlum Uruz ox atdığı yerdə nişan qalmış.

Aşağıdakı cümlələrdə də fe’li tərkiblər zaman zərfliyi kimi düşünülür. Lakin bu tərkiblərdə gizli yer mə’nası daha üstündür:

Mərə ozan! Qarşu yatan qara tağdan
Aşub gəldigində-keçdigində
Beyrək adlu bir yigidə bulışmadınmı?
Taşqun-taşqun suları
Aşub gəldigündə-keçdigində
Beyrək adlu bir yigidə bulışdınmı? (61)

Misaldakı fe’li tərkiblərdən hiss olunur ki, «Bamsı Beyrək boyı» daha qədim boylardandır (son misradakı bulışdınmı sözü də inkarda olmalıdır). Tərkibi yaradan «gəldigində» (və eyni zamanda «keçdigində») sözünü gəl-dig-in-də şəklində morfemlərə ayırmaq olar: gəl - sözün kökü, dig - fe’li sifət şəkilçisi, -in II şəxsin mənsubiyyət şəkilçisi, -də - yerlik hal şəkilçisidir. Üç şəkilçi birlikdə -digində şəklində fe’li bağlama şəkilçisi kimi çıxış edir. Şəkilçinin tərkibindəki -in sözün məzmununa yer mə’nası əlavə edir - bu sözlər «gəldiyin, keçdiyin yerlərdə» mə’nasını ifadə edir. «Gəldigində-keçdigində» sözlərinin işləndiyi bu misralar S.Əlizadə tərəfindən belə sadələşdirilmişdir:

Ay ozan! Qarşıda uca dağları
aşıb gəldikdə, keçdikdə sən
Beyrək adlı bir igidlə rastlaşmadınmı?
Daşqın-daşqın suları
aşıb gəldikdə, keçdikdə sən
Beyrək adlı bir igidə rast gəldinmi? (26; 159)

Əslində isə bu misralarda fe’li bağlamalar aşağıdakı şəkildə məkan mə’nası ilə izah olunmalıdır:


Mərə ozan! Qarşı yatan qara dağdan aşıb
gəldiyin-keçdiyin yerlərdə
Beyrək adlı bir igidlə rastlaşmadınmı?
Daşqın-daşqın suları aşıb
gəldiyin-keçdiyin yerlərdə
Beyrək adlı bir igidə rast gəl(mə)dinmi?

Bunlar göstərir ki, fe’li bağlama müasir dilimizdə yer zərfliyi vəzifəsində işlənməsə də, qədim dövrlərdə işlənmiş və zaman bildirdiyi kimi, məkan mə’nasına da malik olmuşdur.

Tərz zərflikləri bə’zi zərflər, qoşmalı sözlər, yamsılamalar, fe’li bağlama və fe’li bağlama tərkibləri və s.-lə ifadə olunmuş, əksərən fe’li xəbərin yanında işlənmişdir. Məs.: Salur Qazanla Qaraca çoban çapar yetdi. (48) Ol buğa qatı taşa buynız ursa, un kibi ügidərdi. (36) Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. (45) Qarıcıq anan qara dəvə boynında asılu keçdi. (45) Dəstmalın əlinə aldı, böggürü-bögür ağladı. (52) Savaşmadın, uruşmadın alı verəyin, döngil gerü. (40) və s. Qarğu kibi qara saçım uzanır gördüm. (44) - tipli cümlələrdə intonasiyanın verdiyi imkanlar əsasında araya başqa sözlər daxil olmuşdur. Əslində, cümlə belə dərk olunur: Qara saçım qarğu kibi uzanır gördüm.

Səbəb zərflikləri aid olduğu cümlədəki işin icrasının və ya əlamətin meydana çıxmasının səbəbini bildirir. Belə cümlələrdə nəticə xəbər vasitəsilə ifadə olunur; məs.: Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. (35) Bən bunın alnına niyə tayaq olurbən tururbən? (36) Beyrəgin qorqusından qaçdı, özini Tana sazına saldı.(66) Gedərkən ərəbə qıcırdısından Qazan oyandı. (116)
‘Bir ağzı dualının alqışilə’, ‘niyə’, ‘Beyrəgin qorqusından’, ‘ərəbə qıcırdısından’ sözlərinin və birləşmələrinin ifadə etdiyi iş onların işləndiyi cümlələrin xəbərlərinin ifadə etdiyi işin səbəbi kimi çıxış edir və prosesin baş verməsi e’tibarilə xəbərdəki iş və hadisələrdən əvvələ aid olur.

Məqsəd zərflikləri: Qarşu yatan qara tağını aşmağa gəlmişəm. Aqıntılı görklü suyını keçməgə gəlmişəm. (56) Bəglər, qardaş uğrına Dəpəgöz ilə buluşuram. (100) Arıq olsa, qulağın dələrdi avda bəllü olsun deyü. (104) Dinin eşqinə ol əri quyudan çıqar. (117) Bədəvi atım saqlardım bu gün içün. Qara polad uz qılıcım saqlardım bu gün içün. (70) Əziz tənri adına qudbə oqıtdılar.(67) Siz bu yolda bu taşı neçün yığırsız? (60) - cümlələrindəki ‘qarşu yatan qara tağını aşmağa’, ‘aqıntılı görklü suyını keçməgə’, ‘qardaş uğrına’, ‘bəllü olsun deyü’, ‘bu gün içün’, ‘əziz tənri adına’ ‘neçün’ söz və birləşmələri məqsəd bildirir və aid olduqları cümlələrin xəbəri ilə ifadə olunan işdən sonra icra oluna bilən və ya icrası arzu olunan işi nəzərdə tutur. İfadə vasitələri bugünkü ifadə vasitələrinə müvafiqdir.
Bə’zi cümlələrdə kəmiyyət və dərəcə zərfliklərinə də rast gəlmək mümkündür: Qazan sağına baqdı, qas-qas güldi. Soluna baqdı, çox sevindi. (68) On altı yaş yaşladın. (69) Oğuzın ol kişi təmam bilicisiydi. (31) Olasan, mərə, mən Qazanca olmıyasan, Basat! (100)
Müasir normalara uyğun şəkildə «Dədə Qorqud»un dilində də qarşılaşdırma zərflikləri xüsusiləşmiş tərkiblərlə ifadə olunmuşdur: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir! (53) Böylə oğıl olmaqdan olmamaq yegdir. (37) Qədəmi qutsız gəlin deyincə, udsız gəlin desünlər. (112)
Bu misallarda ‘çoq’, ‘on altı yaş’ sözləri kəmiyyət, ‘təmam’, ‘ad qoyasınca’ - dərəcə, ‘bunda minnətlə almaqdan isə’, ‘böylə oğıl olmaqdan’,’qədəmi qutsız gəlin deyincə’ tərkibləri qarşılaşdırma zərflikləridir.
Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. (50) Ata tururkən oğıl əlini öpərlər? (54) Tənrinin buyruğilə, peyğəmbərin qövlilə Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm! (56) - cümlələrindəki ‘sayılmaqla’, ‘ata tururkən’, ‘tənrinin buyruğilə, peyğəmbərin qövlilə’ sözləri və birləşmələri hansı şərtlə? sualına cavab verir, xüsusiləşmə imkanları ilə fərqlənir və şərt zərfliyi kimi çıxış edir. Qarağuca qıymayınca yol alınmaz. Ər, malına qıymayınca adı çıqmaz. Qız anadan görməyincə ögit almaz (31) cümlələrində fe’li bağlama tərkibləri də şərt zərfliyi vəzifəsindədir.
Cümlə üzvləri ilə bağlı bu qısa qeydlər və nümunələr göstərir ki, dastanların təşəkkül tapdığı dil quruluşuna görə müasir ədəbi dilimizin bütün modellərinə malik tam yetkin dil olmuşdur. Bu dildə müasir ifadə tərzindən fərqlənə bilən əsaslı quruluş bəsitliyi müşahidə olunmur.