Tə’yin. İkinci dərəcəli üzvlərdən tə’yin müasir normalara müvafiq olaraq tə’yinlənən sözlərdən əvvəl işlənmişdir; məs.: Acı tırnaq ağ yüzinə aldı- çaldı. Küz alması kibi al yanağını yırtdı. (58) Qamın aqan yügrək sudan Bir oğul uçurdunsa, degil mana. (73) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Apul-apul yürişindən, Aslan kibi turışından, Qanrıluban baqışından Ağam Beyrəgə bənzədürəm, ozan, səni! (62)
Son misalda müasir ədəbi dilimizdə müşahidə edilməyən arxaik forma vardır: fe’li bağlama fe’l əsaslı düzəltmə ismə aid olmuşdur - Qanrıluban baqışından. Bu hal göstərir ki, baqış (baxış) sözü müasir dilimizdəki bu cür düzəltmə isimlərdən fərqli olaraq, ‘qanrılıban baxmağından’ ifadəsinə uyğun şəkildə məsdər məqamında çıxış edən söz olmuşdur.
Ə.Dəmirçizadə hamıdan əvvəl müşahidə etmişdir ki, «Hətta bugünkü Azərbaycan dilində müstəsna hal olaraq tə’yinolunandan sonra gələn ictimai rütbə (titul) bildirən «ağa», «xan», «dədə» sözləri də «Kitabi-Dədə Qorqud» dastanlarında əsasən ümumi qanuna uyğun olaraq, tə’yinolunandan əvvəl yerləşmişdir». (24; 127) Məs.: Bəli, xan Qazan, məsləhətdir. Ağam Qazan, məsləhətdir. Dədə Qorqud gəlür oldu və s,
Müasir dildə uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri arasında işlənərək ikinci tərəfə aid olan tə’yinlər «Dədə Qorqud»un dilində birləşmənin əvvəlində işlənmişdir; məs.: Ağca mənim köksüm basub qondı. (81) Tatlu mənim canımı alur oldu. (82) Bu cür hallarda fikrin düzgün ifadəsi intonasiya ilə nizamlanır.
Şahbaz-şahbaz atlar Qarıyubdur, qulun verməz. Qızıl-qızıl dəvələr Qarıyubdur, köşək verməz (49) - tipli cümlələrdə sözlərin təkrarından ibarət olan mürəkkəb sözlə ifadə olunmuş tə’yinlər poetikliyə də xidmət edir. Bu üsulun ən qədim mənbəyi şumer dilidir.
Dilimizdə olan mühüm bir qayda - cümlədə müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunan mürəkkəb tə’yinlərdə əvvəl fe’li birləşmənin, sonra müxtəlif söz birləşmələri və nitq hissələrinin yerləşməsi qaydası ilkin formada «Dədə Qorqud»un dil sistemində özünü göstərir; məs.: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. (49) Qamın aqan görklü suyın qurumasun! (51)
Qeyri-müəyyənlik bildirən bir sözü tə’yinlə tə’yinlənən arasında deyil, tə’yindən əvvəl işlənmişdir: ...tənri-təala bizə bir yetiman oğıl verməz, nədəndir? (35) Mənim dəxi içində bir əqli şaşmış, Biligi yetmiş qoca babam var.(41)