Xəbər. Fikir predmetinin hərəkət və ya əlamətini bildirən xəbər cümlənin mübtədadan sonra ən zəruri, təşkiledici üzvüdür. «Dədə Qorqud»un dili xəbərin ifadə vasitələrinə görə müasir dildən ciddi bir fərqə malik deyil. Quruluş xüsusiyyətləri ilə də fərqlənmir. Fərq daha çox xəbərin analitik və ya sintetik şəkildə formalaşmasında özünü göstərir. Birinci və ikinci şəxslərin tək və cəmində xəbər adətən müasir dildə olduğu kimi, şəxs sonluqları qəbul etmiş olur; məs.: Azğun dinlü kafərə bən varayım. (38) Dirsə xan, görürmisin oğlanı? (37) Biz sənin oğlunu necə gətürəlim? (37) Bəglər, mənim dəxi həqqimə bir dua eylən. (52)
Üçüncü şəxsdə isə xəbər müəyyən hallarda -dır şəkilçisini qəbul etmişdir: Oğlan aydır: Mərə, bəginiz oğlı kimdir? (53) Qazan aydır: - Məqsudun bumıdır, Baybörə bəg? (52) Allah-təala məni qarğayıbdır.(52)
Əmr formasının II şəxs təkində -ğıl,-gil,-sana şəkilçiləri, III şəxs təkində -sın,-sin,-sun,-sün şəkilçisi işlənmişdir: Qoy məni, qadın ana, çəngələ ursunlar! Qo ətimdən çəksünlər, qara qaurma etsünlər, qırq bəg qızının öginə ilətsünlər. Anlar bir yedikdə sən iki yegil!(47) Böylə oğıl nənə gərək? Öldürsənə! - dedilər. (37) Saqın, qadın ana! Mənim üzərimə gəlmiyəsən! Mənim içün ağlamıyasan! Son misallarda gəlmiyəsən, ağlamıyasan xəbərləri arzu formasında olub əmr, tə’kid bildirir.
Xəbərin analitik yolla, xəbərlik şəkilçisi olmadan formalaşdığı hallar dastanların dili üçün daha səciyyəvidir: Gördi gög çayırın üzərinə bir qırmızı otaq dikilmiş. (54) Oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Bir buğa öldürmiş sənin oğlın... (36) Vallah, yəxşi yigit, mürüvvətli yigit! - dedilər. (53) Daz yerdə turğay atmağa yəxşi! (63) Beyrək aydır: «Dügün kimün?» «Yalançı oğlı Yalınçağın». (60) Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimün? Souq sularını sorar olsam, içət kimün? (61)
Xəbər «yoq» sözü ilə ifadə olunduqda ümumən xəbərlik şəkilçisi işlənməmişdir: Qazanın bu işlərdən xəbəri yoq. (47) Səninlə mənim işim yoq. (64) Qomağım yoq qırq namərdə. (41)
Xəbər II şəxsin cəmində saitlə bitən sözlərdə -yın,-yin şəkilçisini qəbul etmişdir. Lakin bə’zən şəxsli forma yalnız -n şəkilçisi ilə yaranmışdır: Qarusından ağ əllərini bağlan (74) - cümləsində bağla-yın məqamında bağla-n formasına rast gəlirik Bu forma Cəbrayıl şivələrində indi də işlənməkdədir. (31; 170-184)
Xəbər müasir dildə olduğu kimi, adətən, cümlənin sonunda işlənmişdir: Ol namərdlər dəxi bir yerdə qonmışlardı. Al şərabın istisindən içərlərdi. Buğac xan çapub yetdi. Ol qırq namərd dəxi bunı gördilər, ayıtdılar: «Gəlün varalım, şol yigidi tutub gətürəlim. İkisini bir yerdə kafirə yetürəlim»-dedilər. (40) Lakin mübtəda zonası və ya ikinci dərəcəli üzvlərdən biri aktuallaşdıqda, «yeni»ni bildirdikdə xəbər yerini dəyişmişdir: Yandı bağrım, göynədi içim. (61)
Ə.Dəmirçizadənin dediyi kimi, «Fe’l, demək olar ki, o zaman artıq tam mə’nasilə təşəkkül etmiş və daha sərbəst işlənə bilən bir nitq hissəsi olduğu üçün» (24; 119) xəbər vəzifəsində daha fəaldır. Professor bu cəhəti yaxşı duymuşdur - qədim dövrlərə aid şumer mətnlərində fe’l xəbər vəzifəsində bu cür səciyyəvi əlamətlərə malik deyildir və bu cür aydın formalaşmamışdır (II fəslə bax).
Xəbər fe’llərlə yanaşı, adlar və ismi birləşmələrlə də ifadə olunmuşdur; məs.: Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimün? (61) Mərə, dəli ozan, ərə varan qız mənəm. (64) Dəniz kibi qararub gələn nədir? (69) Qara dəniz kibi yayqanıb gələn kafərin ləşgəridür. (70)
Bə’zən xəbərin bir hissəsi saxlanmış, bir hissəsi buraxılmışdır: Ağız-dildən beş kəlmə xəbər mana! (69) Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq. (65) Bu misallarda xəbər sözü «xəbər ver», çoq sözü «çox olubdur» deməkdir və xəbərin bir hissəsi ixtisar olunub. Bunlar elliptik cümlələrdir
Ə.Dəmirçizadə yazır: «Müasir Azərbaycan dilində mürəkkəb xəbərlərin çoxu bir əcnəbi (ərəb, fars və ya başqa dilə məxsus) söz ilə bir azərbaycanca fe’lin (ən çox «ol», «et», «eylə» fe’llərinin) birləşməsindən düzəlir. İki azərbaycanca sözün birləşməsindən əmələ gətirilən mürəkkəb fe’li xəbərlər bugünkü azərbaycancada çox azdır. «Kitabi-Dədə Qorqud» dastanlarında isə əks vəziyyət vardır; mürəkkəb fe’llərin çoxu azərbaycanca sözlərin birləşməsindən əmələ gətirilmiş, ərəb, fars sözlərilə əmələ gətirilən (məs.: «zəbun oldu», «zarlıq qıldı», «müstəcəb olurdu» və b. kimi) mürəkkəb xəbərlər nisbətən azdır». (24; 121) Bu dəqiq müşahidəni aşağıdakı misallar da təsdiq edir: Bir at bularsam, tutayım binəyim. (60) Adaxlusın ana verər oldılar. (60) Qarşu yatan (qara) tağı sorar olsan, Ağam Beyrəgin yaylasıydı. (61) Baqdı gördi qız qardaşları qaralı-gögli oturarlar. (62) Qaftanı sıyırdı götürdi, qızların üstinə atı verdi. (62) Dədəm Qorqud gəlür oldı. (36) Bu çoban bizim həpimiz qırar olamı? (44) Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm.(44)
Müasir dildə «fe’li bağlama + təsriflənən fe’l» şəklində ifadə olunan xəbərin dastanların dilində şərt şəkilçili qoşa fe’llə ifadəsi halları da vardır və bunlar arxaik formalardandır: Baqsa-görsə bir dərənin içinə qarğa-quzğun enər-çıqar (Baxıb gördü bir dərənin içinə qarğa-quzğun enib-qalxır).
Sadə cümlələrin sonunda xəbərin təkriri dastanın dilində lirizmə xidmət edir: Dan-danuşıx ilə yəxşi ərməğanlar aldılar. Baybörənin oğlıyçun bir dəniz qulunı - boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar. Bir dəxi altı pərli gürz aldılar. (53) Bu üsuldan müasir nəsrimizdə geniş istifadə olunur.
Müxtəlif prosesləri ifadə edən xəbərlərin sadalanması dastanların dilini canlı danışıq dilinin ifadə tərzi ilə daha çox bağlamışdır: İç Oğuzı gördi, qız bulımadı, qayıtdı gerü döndi, evlərinə gəldi. (85) Qayıtdı, döndi Dəli Domrul, evinə gəldi. (79) Bu cür ifadə tərzi Mirzə Cəlilin nəsr üslubunda öz izlərini saxlamışdır.
«Qanturalı boyu»nda elə cümlələr işlənmişdir ki, mübtəda - xəbər əlaqəsinə görə müxtəlif şəkildə başa düşülə bilər:

Atlu batub çıqamaz anun balcığı olur.
Ala yılan sökəməz anun ormanı olur.
Göglə pəhlu uran anun qəl’əsi olur.
Göz qaquban könül alan anun görklisi olur.(86)

Bu cümlələrdə mübtədanın və xəbərin sərhədi mətnə nəzər salmadan çətin dərk olunur. Zahirən belə hesab oluna bilər ki, ön sırada işlənən fe’li sifət tərkibləri (atlu batub çıqamaz) mübtəda, qalan hissə xəbərdir. Amma həmin mətndəki: Oğul, sən varacaq yerün Tolamac-tolamac yolları olur - cümləsindən aydın olur ki, ‘sən varacaq yerün (tolamac-tolamac) yolları’ mübtəda, olur sözü xəbərdir - olur sözü vardır mə’nasındadır. Eləcə də ‘anun balcığı’ mübtədadır, ‘olur’ xəbər, ‘atlu batub çıqamaz’ sözləri mübtədanın ikinci tərəfinin tə’yinidir - ‘anun atlu batub çıqamaz balcığı’. Sonrakı misralarda da fe’li sifət tərkibləri mübtədanın ikinci tərəfinin tə’yinidir. Bu cür quruluşun alınmasının səbəbi uzlaşma-idarə əlaqəli birləşmənin daxilində işlənib ikinci komponentə aid olan fe’li sifət tərkiblərinin ismi birləşmənin əvvəlində işlənməsidir. Bu cür ifadə tərzi ona görə şirindir ki, anun sözü (birləşmənin birinci komponenti) intonasiya ilə aktuallaşdırılmış və məntiqi vurğu altına salınmışdır. Cümlələrin quruluşu şifahi nitqdə yalnız intonasiyanın köməyi ilə tənzimlənir.