SADƏ CÜMLƏ
Cümlə üzvləri

Mübtəda. Prof.Ə.Dəmirçizadə hələ vaxtilə müşahidə etmişdir ki, «Dədə Qorqud» mətnlərində başqa üzvlərlə müqayisədə mübtəda çox az işlənmişdir: «Kitabi-Dədə Qorqud» dastanlarında ən az işlənən cümlə üzvü, demək olar ki, mübtədadır. Çünki mübtəda ilə ifadə olunan şəxs məfhumu xəbərlərin hamısında ümumi surətdə bu və ya digər morfoloji vasitə ilə ifadə edilmişdir. Birinci və ikinci şəxslər üçün xəbərdə gələn şəxs sonluqları mübtədanın ən aydın təmsilçisi ola bilir». (24; 117-118) Dastanlarda təhkiyənin ümumi xarakteri belədir ki, obrazın adı bir dəfə çəkildikdən sonra çox zaman onun təkrarına ehtiyac duyulmamışdır. Bu hal hadisələrin intensiv inkişafını tə’min edir, mətnin əlaqəliliyi prinsipi ilə oxucunu düşünməyə, əhvalatları ardıcıl izləməyə vadar edir. Ona görə də professor düz müşahidə etmişdir - bə’zən müstəqil işlənən 15-20 xəbərə aid mətndə cəmi bir-iki mübtəda olur. Məs.:
Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edirdi? Anunçın ki, «Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa,-deyirdi... » (79) - cümlələrində səkkiz xəbər, cəmi iki mübtəda (təkrar olunan «ər» sözü ilə) işlənmişdir.
Birinci və ya ikinci şəxslərdə olan xəbər şəxs şəkilçisinin köməyi ilə mübtədanı da müəyyənləşdirməyə kömək edir, ona görə də belə cümlələrdə mübtədanın işlənməsinə ehtiyac daha az olmuşdur:

Xan qızı, yerimdən turayınmı?
Yaqanla boğazından tutayınmı?..
Xan qızı, səbəbi nədir, degil mana!
Qatı qəzəb edərəm şimdi sana! - dedi. (35)

Mətnin daxilində yalnız üçüncü misrada (xəbəri III şəxsdə olan səbəbi nədir cümləsində) danışanı maraqlandıran və məntiqi vurğu altına düşən «səbəbi» sözü mübtəda vəzifəsindədir, qalan cümlələrin mübtədası şəxs şəkilçiləri ilə müəyyənləşir.
Məntiqi vurğu mübtədanın üzərinə düşdükdə işlənməli olmuşdur. Məs.:

Deməz olarsan,
qalqubanı yerimdən mən turaram,
Qara gözli yigitlərimi boynıma aluram,
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Qara gözli kafər qızın mən aluram,
Dəxi sənin yüzünə mən gəlmənəm. (68)

Bu misralarda bugünkü tələffüzlə daha çox xəbərlər aktuallaşardı. Lakin mətndə məqsəd mübtədanı aktuallaşdırmaq olmuşdur.
Yaxud: Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz. Tölə-tölə şahbaz atlarını biz binmişüz. Qatar-qatar qızıl dəvəsini biz yetmişüz. Qarucuq anasını biz gətürmişiz.(43)
Mə’lumdur ki, xitabların forması ilə məzmunu arasında fərq vardır: formaca üçüncü, məzmunca ikinci şəxsə aid olurlar. Odur ki konkret olaraq kimə müraciət olunduğunu bildirmək üçün «Dədə Qorqud» üslubunda səciyyəvi cəhət şəxsi ümumi və qeyri-müəyyən şəkildə şəxs əvəzliyi ilə ifadə etmək yox, başlanğıcda xitab şəklində bir dəfə xatırlatmaqdır. Məs.:

Hey, Dirsə xan, bana qəzəb etmə!
İncinib acı sözlər söyləmə!
Yerindən urı turğıl!
Ala çadırın yer yüzinə dikdirgil!

Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil!... (35)

Sintaktik bütöv axıra qədər bu şəkildə davam edir.
Xəbər xəbərlik şəkilçisiz ifadə olunduqda, yuxarıdakı vəziyyətin əksinə olaraq, mübtədanın daha təfsilatlı ifadəsinə ehtiyac olur. Bu cür hallar əslində xəbəri «yoq» sözü ilə ifadə olunan cümlələrə aiddir.»Yoq» sözü konkret bir mə’na ifadə etmir, yalnız mübtəda ilə ifadə olunanı inkar edir. Belə cümlələrdə mübtəda geniş məzmuna malik olsa da, yenə «yeni»ni xəbər ifadə edir; məs.: Mərə yigit, mənim atımı kimsə keçdigi yoq. Oxumı kimsə yardığı yoq. (55)
Birinci və ikinci şəxsi bildirən əvəzliklər mübtəda vəzifəsində işlənən ismi birləşmənin birinci tərəfi kimi də əksərən ixtisar edilmişdir. Bu zaman əvəzlik ikinci komponentdəki mənsubiyyət şəkilçisi ilə təsəvvür edilir:

Yata-yata yanımız ağrıdı. Tura-tura belümiz qurıdı. (42)
Yerli qara taqlarun yıqılmasun!
Kölgəlicə qara ağacın kəsilməsün!
Qamən aqan görkli suyın qurumasın!
Çaparkən ağ-boz atın büdrəməsün! (41)

Müasir ədəbi dilimizdə yiyəlik halda olan söz cümlədə təklikdə yalnız xəbər vəzifəsində işlənə bilir. Qalan hallarda ikinci tərəflə - mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü olur. Bu, dastanların dilində də belədir: Mənim də içində şişligim var. Mənim dəxi içində nişanlım var. Lakin dastanlarda canlı danışıq dilinə demokratik münasibət mübtədanın yiyəlik halda ifadəsinə də imkan yaratmışdır; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər (41) - cümləsində «sənin» sözü mübtədadır və «sənin atların» şəklində təsəvvür olunur. Bu cür ifadə tərzi canlı danışıq dilində indi də qalmaqdadır. Belə cümlələrdə birləşmənin birinci komponenti ümumi və qeyri-müəyyən şəkildə ikinci komponenti də ifadə edir.
Mübtəda «yeni»ni bildirdikdə, rema kimi çıxış etdikdə, təbii olaraq, aktuallaşaraq xəbərdən sonra işlənmişdir:

Qanı dedigim bəg ərənlər? Dünya mənim deyənlər? (50)

Açuq-açuq meydana bənzər sənin alıncuğın,
Eki şəbçırağa bənzər sənin gözcigəzin,
Əbrişimə bənzər sənin yəlicigin,
Əri muradına yetürər sənin arxacığın. (60)
Mübtəda quruluşca sadə və mürəkkəb olmaqla, həm nitq hissələri, həm də ismi və fe’li birləşmələrlə, həm isim, əvəzlik və məsdərlərlə, həm də substantivləşmiş söz və birləşmələrlə ifadə olunmuşdur; məs.: Su qaçan xəbər versə gərək? (45) Qazan bir tumar ilə köpəgi urdı.(45) Kafərlər tərs tanışmışlar.(47) Bunun ardınca, görəlim, kimlər yetdi.(49) Hey, məni sevən yigitlər binsünlər! (53) Ərənlər əvrəni Qaracuq çoban sapanın ayasına taş qodı, atdı.(43) Qazan bəgün qarıcıq olmuş anası qara dəvə boynında asılu getdi.(43) Oğulda ortacım yoq, qartaşda qədərim yoq.(52) Alp ərə qorxu vermək eyb olur.(86) Ayaqlılar buraya gəldigi yoq. Ağızlılar bu suyımdan içdigi yoq.(56) Mərə yigit, mənim atımı kimsə keçdügi yoq. Oxımı kimsə yardığı yoq.(55) Nə görəyim, oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Gün kibi şılayıb gələn Kafərin başının ışığıdır.(70) Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxı atanlar kar qılamadı.(100)