Leksika: Atropatena xüsusi adları

Antik müəlliflərin əsərlərində, ərəb mənbələrində xeyli Atropatena toponim, etnonim və antroponimləri mühafizə olunmuşdur. Yad dildə yazıya alınarkən təhrif olunmaqla yanaşı, uzunmüddətli inkişaf prosesində adların özləri də təbii dəyişikliyə uğramış, sözlərdə bir sıra səs əvəzlənmələri baş vermişdir. Məsələn, Strabonun yazdığına görə, Atropatena şahlarının Qazaka (yay iqamətgahı) və Vera (qış iqamətgahı) adlı iki paytaxt şəhəri olmuşdur. (8; 27) Vera şəhərinin adı Plutarxda Fraata, Dion Kassidə Praspa və yaxud Fraaspa, Ptolemeydə isə Fraspa şəklindədir. A.Fazili bu ad müxtəlifliyini nəzərdən keçirərək yazır: »Toponimik baxımdan Fraaspa, Praaspa eyni mənşəli adlardır. Veraya gəldikdə, o, yerləşdiyi ərazi nöqteyi-nəzərdən Fraata, yaxud Fraaspa ilə eyni sahədə yerləşirdi. Lakin formal olsa da, yuxarıdakı şəhər adları ilə eyni deyildir.» (30; 81) Sonra müəllif Veranın bugünkü adına keçərək göstərir ki, əl-Bəlazuri, ibn Fəqih və Yaqut Həməvi bu şəhərin adını Əfrahrud kimi qeyd etmişlər. Əfrahrud Marağa şəhəridir. (30; 81). Məşhur şərqşünas Minorski də Plutarxın Fraatasının, ərəb müəlliflərinin mə’lumat verdikləri Əfrahrudun eyni şəhər - müasir Marağa olduğunu qeyd etmişdir. Sözlərdəki fonetik dəyişiklik alimlərin qəti fikir yox, mülahizələr söyləməsinə səbəb olmuşdur.
Vera/Fraata/Praspa/Fraaspa/Əfrahrud/Marağa sözlərinin samit kökünə diqqət yetirək: vr/fr/pr/fr/fr/mr. İkinci element - «r» səsi üç min il müddətində dəyişməmiş qalmışdır. İlk samitlər isə eyni yuvadan törəyən yaxın məxrəcli dodaq samitləridir - «p», «m» - qoşadodaq-kipləşən, «v», «f» sürtünən səslərdir və bunlar karlaşma, cingiltiləşmə istiqamətində asanlıqla bir-birinə keçə bilir. p >b, b>m, p >f, v >f keçidləri türk dillərinin və o cümlədən Azərbaycan dilinin tarixində fəal müşahidə edilən səs keçidlərindəndir. Ön sıra samitlərin bu cür keçidi dünya dillərində də geniş yayılmışdır. Dodaq samitləri içərisində ən güclüsü p samitidir. (31; 39) Şəhərin qədim adının Vera olması onun bizim təsəvvür etdiyimizdən çox-çox qədim olduğunu göstərir. »Çox qədim» olduğunu ona görə deyirik ki, sözdə ilkin kar samitin cingiltiləşməsi mümkün olmuşdur. Bu gün işlətdiyimiz Marağa sözü, ərəblərin işlətdiyi Əfrad sözü, Plutarxın dediyi Fraata, Dion Kassidəki Praaspa və Strabonun qeyd etdiyi Vera eyni sözlərdir.
Q.Qeybullayev şəhərin adından danışarkən çayın adına keçərək yazmışdır: «Antik müəlliflər Atropatenada Fraata şəhərini qeyd edirlər (Plutarxda Fraata, Dion Kassidə Praaspa kimidir). Düzü Fraatadır, çünki çox sonra IX əsr ərəb müəllifi Bəlazuri bu adı Afrahrud kimi yazmışdır. Əslində, bu ad Fratay, dəqiqi Fraçaydır. Afrahrud - Fratay adının sonundakı tay (çay) sözü farsca rud - «çay» sözü ilə əvəz edilmişdir. Həmin çay indi Urmiya gölünə tökülən Sofiçaydır, qədim Fraata da bu çayın kənarında yerləşirdi. Deməli, Fraata (əsli Fraatay) «Fraaçay»dır; türk dillərində t - ç əvəzlənməsi vardır. Məsələn, tanq, həm də çanq - ‘dan yeri’ deməkdir». (100,139)
Q.Qeybullayevin qənaətinə görə, Fraatay, əslində, Abratay (Abraçay) sözünün təhrifidir... Türkcə abra ‘xeyir verən’, ‘xidmət edən’ mə’nasındadır». (6; 216) Şəhərin adının çayın adından törədiyini qeyd edən müəllif Fraata sözünün sonundakı ta hissəsinin çay, su sözü olduğunu sübut etmək üçün bir sıra başqa faktlar da gətirərək yazmışdır: «Urmiya gölünə tökülən Tatayu (Həmdullah Qəzvininin əsərində Tatatu) və Çaqatu çaylarının adlarındakı «tu» komponenti türkcə «su» sözünün fonetik şəklidir. Məsələn, Çaqatu çayının adı qədim türkcə saq (türk dillərində s - ç əvəzlənməsinə görə çaq) - ‘təmiz’, ‘içmək üçün yararlı’ və ‘su’ sözlərindən ibarətdir. Qırğızıstanda tu - «çay», «su» sözü ilə düzəlmiş Marçatuu, Turuşkantuu və İrbis-tuu çay adları vardır».(6; 216)
Y.Yusifov Fraasp sözünü nəzərdən keçirərək qeyd edir ki, qədim İran dillərində fra - ön şəkilçi olub, ‘qabaq’, ‘ön’, ‘irəli’ mə’nasında işlənmişdir; asp - ‘at’ deməkdir; söz bütövlükdə ‘öncül at’ mə’nasını verir. Fraat da həmin mə’nadadır.(2; 142) Bu fikrə əsasən düşünmək olur ki, qədim türk at sözü fars asp sözü ilə tarixən paralel işlənmiş, eyni söz iki dildə təşəkkül tapmışdır:
Fraatay - Abraptay/Abraçay (‘xeyir verən su’);
Fraaspa - (fars sözü asp ilə) ‘öncül at’;
Fraat - (türk sözü at ilə) ‘öncül at’.
Bu sözlərdə FRT səsləri var və bu səslər əsasdır, ilkindir Bu səslər Fərat çayının adını yada salır. Fərat böyük çaydır. İkiçayarasına yaxın ərazilərdə dünyaya göz açan insan ilk dəfə bu çayın böyüklüyünü, əzəmətini görmüş, Urmiya gölünə tökülən çayı da onun adı ilə adlandırmışdır (biz hər bir böyük su arxına Araz dediyimiz kimi). Fərat çayının şumer dilində qədim forması Burattu olmuşdur. Burattu sözündəki kök səslər - brt Fratay, Fraata sözlərində də qalmışdır. Bu sözdə at sözünü axtarmağın və çayı «öncül at» kimi təsəvvür etməyin düzgün olmadığını oxucu özü də fəhm edə bilər. Burattu sözünün tu hissəsi həqiqətən «su» sözüdür. Burattu sözündən tu hissəsini götürdükdə qalan hissə - Burat/Purat - «Fərat» yenə mürəkkəb söz olub pu-r-ut, pu-r-at hissələrinə ayrılır. Pur - ‘dolu’, ‘bol’, ‘böyük’, ‘geniş’, ut/tu - ‘su’ sözüdür. Sözün ilk hecasını təşkil edən pu (bu) sözü şumer dilində ‘bulaq’, ‘su’, ‘çay’ deməkdir. Çayın adı çox qədimdir və 6-cı minillikdə bu yerlərə gələn şumerlərə yerlilərdən miras hesab olunur. O qədər qədimdir ki, yenidən tu («su») sözü əlavə edilmişdir: Pu-r-ut-tu/Pu-r-at-tu. Beləliklə, söz bütövlükdə ‘dolu su’, ‘böyük su’ mə’nasını verir. Atropatena ərazisindəki Fraata şəhər adı, Fratay çay adı da buradan, bu sözdəndir. Fraata şəhərinin Fratay çayının üzərində olması göstərir ki, şəhərin adı çayın adındandır.
Təkcə bir misal göstərir ki, türk formasını saxlamış xüsusi adlarla yanaşı, bu gün müasir tələffüz şəkli ilə zahirən ərəb və ya İran dil elementlərini xatırladan sözlərin də bir çoxu etimoloji kökünə görə türkmənşəli sözlərdir. Qədim türk toponim, etnonim və antroponimlərinin tədricən İran dillərinə məxsus sözlərin fonetik rənginə bürünməsi hakim dövlət dilinin yazı vərdişlərinin nəticəsidir. Həm də bu cür sözlər daha qədim sözlərdir; çox qədim olmaları hakim dilin fonetik sığallanmasına imkan yaratmış olsa da, düzgün etimoloji təhlil türklərin bu ərazilərdəki qədimliyini də üzə çıxarmış olur.
Albaniya ilə müqayisədə Atropatena şəxs adlarından az nümunələr qalmışdır. Bu az nümunələr də aparıcı qüvvəni təmsil edən şəxslərin adlarının türkmənşəli olduğunu göstərir.
Yarım əfsanəvi Turan hökmdarı Əfrasiab adı (e.ə.VII-VI əsrlər) bizə daha çox Firdovsinin «Şahnamə»sindən mə’lumdur. Sözün kökünü Q.Qeybullayev türkcə abra ‘xilaskar’, ‘xeyir verən’ sözü ilə əlaqələndirmişdir; qalan hissəni ‘bacarıqlı’, ‘mahir’, ‘fərasətli’ mə’nalarında əp/əb sözünə və -si şəkilçisinə ayırmışdır.(6; 213) FRSB samit tərkibi göstərir ki, bu söz də qədim şumer sözü Fraaspa ilə bir kökdəndir. Fraaspa sözünün ilk iki hecası Əfra(h)-rud) şəklinə düşdüyü kimi, sonrakı hecaları da tələffüz şəklinə görə iranlılaşmış və Əfrasiab şəklini almışdır.
Atropatdan sonra nəzəri daha çox cəlb edən Atropatena çarı e.ə.III əsrin 20-ci illərində hökmranlıq etmiş Artabazan’dır. Q.Qeybullayev bu adın birinci komponentinin ‘şux’, ‘oynaq’, ‘gümrah’ mə’nasında türkcə arda, ikinci komponentinin isə mə’nası bilinməyən bazan sözündən ibarət olduğunu qeyd etmişdir. Müəllifin fikrincə, birinci komponent Artasirar, Artasar, Munsuarta, Artember kimi Midiya şəxs adlarında da işlənmişdir. Yunan dilində «c» səsi olmadığı üçün müəllif ikinci komponentdə bazan şəklində yazıya alınmış sözün əslinin ‘bacan’ olduğunu göstərərək sözü «Dədə Qorqud»da Bay-Bican, «Qurbani» dastanında Dəli Becan, Şimali Qafqazda türk bolqarların xanı Buzan adları ilə müqayisə etmişdir. (6; 213) M.Kaşğari barsğan adlı türk tayfasının olduğunu, eyni zamanda Barsğan sözünün insan və şəhər adı kimi işləndiyini qeyd etmişdir. (21;85) Güman etmək olar ki, r səsinin düşümü və s-z keçidi ilə bazan sözü bu sözdən yaranmışdır. Ariobarzan (əslən midiyalı olan Atropatena çarı, e.ə. I əsr) adının barzan şəklində olan ikinci hissəsinin Artabazan adının ikinci tərəfi ilə eyni hesab edilməsi də (6; 214) bu fikrə inamı artırır. Lakin başqa fikir də vardır. Bazan/barzan sözünün müqayisə edildiyi bican/becan sözü («Dədə Qorqud»da Baybican bəg) ‘biçən’ (‘kəsən’) mə’nasında biçənək-peçeneq tayfa adı ilə də əlaqələndirilir.(55;76-78)
Ariobarzan antroponiminin ario şəklində olan birinci komponenti türkcə ‘igid’, ‘cəsur’, ‘döyüşçü’ mə’nalarında ər sözüdür. Qeydlər göstərir ki, Artabazan və Ariobarzan yaxın mə’nalı adlardır və hər ikisi türk mənşəlidir. Artavaz (Ariobarzanın oğlu, midiyalı, I əsrin əvvəlində Atropatena və Ermənistan çarı) antroponimi də bunlarla yaxın quruluşlu söz olub, türkcə arda (Artabazan adına bax) və bas/baş sözlərindən düzəlmişdir. (6; 214)
E.ə.324-cü ildə İskəndərin ağalığına üsyan etmiş midiyalı şəxsin adı Arrian tərəfindən Bariaks şəklində xatırlanır. Sözün türkcə buy və arik, ariq sözlərindən düzəldiyi (sondakı s yunan elementidir) güman edilir, sabirlərdə Boyarik şəxs adı ilə müqayisə edilir. (6; 213) Q.Qeybullayev sözü buy və arik sözlərinə ayırsa da, mə’nasını izah etməmişdir. Bu şəkildə söz ‘arx suyu’, ‘çay’ mə’nasını verir. Ar-aks (Araz) sözünün sinonimi sayıla bilər. Orontobat (e.ə.IV əsrin sonlarında Atropatena hakimi) şəxs adının yunanca yazılışda təhrif olunduğu qeyd edilir. Alban çarı Oruzun adı Orod, Oront yazıldığı kimi, bu sözün də kökü oront şəklinə düşmüşdür. Türkcə orıs, orus və bat ‘mətin, möhkəm’ sözlərindən düzəldiyi göstərilir. (6; 213)
Sonrakı dövrlərdə də Atropatena ərazisində hakim qüvvəni təmsil edən şəxslərin adları türkmənşəli adlardır. Bunların içərisində Cavidan, İmran, Babək, Tarxan kimi məşhur tarixi şəxslərin adları vardır və bu adların türkmənşəli olduğuna şübhə edilmir. Cavidan (Xürrəmilər hərəkatının başçısı) antroponimində ‘şan-şöhrət’ mə’nasında çav sözü aydın seçilir; (21; 142) -id qədim türkcə ‘göndərmək’, ‘buraxmaq’ mə’nasındadır (21; 217), -an mənsubluq və kəmiyyət bildirən şəkilçidir. Söz bütövlükdə ‘əbədi şöhrətə layiq görülmüş’ mə’nasında düşünülə bilər. İmran (Cavidanın əleyhdarının adı) antroponimi ilk nəzərdə ərəb sözü tə’siri bağışlayır, ona görə də «Dədə Qorqud»dakı Əmran adı bir çox hallarda Qur’andakı «İmran» surəsi ilə əlaqələndirilir. (55;89) V.V.Bartold «Dədə Qorqud»dakı bu sözü Amran, M.Ergin Emren, F.Zeynalov və S.Əlizadə Əmran şəklində oxumuşlar.(55;85) Deməli, sözdə tədricən ahəng qanunu pozulmuş və söz türk tələffüz formasını itirmişdir. Q.Qeybullayev türkcə əm ‘bacarıqlı’, ‘məharətli’ və ərən ‘igid’, ‘cəsur’ sözlərinə ayırmışdır. (6; 214) Mani şərəfinə qədim himnlərdə ‘sevmək’ mə’nasında amir sözü vardır. «Dədə Qorqud» boyları ərəblərin işğalçılıq hərəkatından çox-çox qədim olduğu üçün bu sözü türk amir sözü ilə -an şəkilçisinin birləşməsindən düzəlmiş ‘sevən’, ‘məhəbbət bəsləyən’ mə’nasında bir antroponim kimi də düşünmək olar. Babək (Xilafətə qarşı amansız mübarizə aparmış Azərbaycan sərkərdəsi) adı çox vaxt Sasanilər sülaləsindən Ərdəşir Papakan adına oxşadılır və farsca papak - ‘gözətçi’, ‘qoruyucu’ kimi izah edilir. Əslində, türk sözü olub baba sözünün nəvazişli forması sayılır. XVIII əsr mənbələrində başqırdlarda Babək adı çəkilir. Əzin (Ədin, Babəkin sərkərdələrindən birinin adı) antroponimi isə türkcə əsən/əzən - ‘sağlam’, ‘gümrah’ sözü ilə əlaqələndirilmiş və XII əsrdə Xaçın knyazı Əsən Calalın adı ilə eyni köklü olduğu qeyd edilmişdir. (6; 215) Tarxan (Babəkin sərkərdələrindən biri) adının türkcə olduğu isə hamıya mə’lumdur.
Atropatena toponimlərinin bir qismində türk leksik elementləri uzun axtarış tələb etmir. Bir sıra sözlərin tərkibində qaş sözü aydın seçilməkdədir. Zəhrqaş (Afşinin səngər düzəltdiyi yerin adı) toponimi saqr - ‘dağ ətəyi’, ‘dağ burnu’ və qaş, Babaqış toponimi Baba və qaş sözlərindən düzəlmişdir: Ptolemeyin qeyd etdiyi Astabeke yaşayış məntəqəsi Cənubi Azərbaycandakı Üştibin kəndi ilə lokalizə edilir. Sözdə as ‘aşağı’ və - ‘tabe/təpə’ sözləri aydın seçilir - ‘aşağı təpə’ mə’nasında; sondakı -k səsi -lik şəkilçisinin qalığı ola bilər. (6; 216-217)
Məşhur tarixi toponimlərimizdən biri Bəzz sözüdür. Sözdə son samit qoşalaşmışdır. Söz monqolca bays, buryatca bayts, türkcə bayz - ‘sıldırım qaya’, ‘dik qaya’, ‘dibindəki dar dərədə çay axan dağ’ mə’nalarında izah olunur.(6; 218) Bu sözün Naxçıvandakı Teyvaz, Zəngəzurda Leyvaz (Lehvaz) kənd adlarında, Osmanbazıdağ, Dostubazı təpə adlarında qaldığı da güman edilir.(6; 218) Qədim türk yazılı abidələrində baz/bəz sözünün ‘sülh’, ‘əmin-amanlıq’ ‘sakitlik’ mə’naları da vardır - baz qıl(maq) ‘sakitləşdirmək’, ‘yatırtmaq’, ‘səsini kəsmək’.(21;89) Qala bu simvolik adla da adlandırıla bilərdi.
Babəkin axırıncı döyüşdən sonra gizləndiyi meşənin adı Top adlanır. Top - ‘sıx meşəlik’ deməkdir. Quran və Xoş toponimləri də Babək üsyanı ilə əlaqədar mühafizə olunmuş yer adlarıdır. Birinci söz Yaqut Həməvidə Kurran şəklindədir. Türkcə quryan, qoran - ‘düşərgə’ deməkdir; Xoş (koş) - sözü isə ‘çobanların yaylaq düşərgəsi’ mə’nasındadır. Xoş toponimi Ərdəbil yaxınlığında Koşa kəndi ilə lokallaşdırılır.(6; 217) Tarm - mahal adı türkcə tarim ‘çayın qollara ayrılan yeri’, ‘çay sahili’ mə’nasını verir. Orta Asiyadakı Tarim-Dərya, Təklə-Məkandakı Tarim, Tyan-Şandakı Tarim türk toponimləri sözün türk mənşəli olduğunu göstərir. (6; 219)

Q.Qeybullayev bir sıra fakt və nümunələr əsasında araşdırmalarını ümumiləşdirərək yazır: «Yuxarıda deyilənlərdən görünür ki, Azərbaycan dilinin kökləri er.əv. I minilliyə - manna, maday, kas və alban dillərinə gedib çıxır. Bu etnosların dilləri Azərbaycan dilinin təməl layını, er.əv.VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmer, işkuz və sakların dilləri isə ikinci layını təşkil edir. Dilimizin birinci layının kökləri isə daha qədimlərlə - er.əvvəlki minilliklərdə Ön Asiya və Azərbaycan ərazisində yaşamış şumer, lulube, kuti, kas və b. etnoslarla bağlıdır». (6; 229)
O, doğrudur ki, manna, mada, kas və alban tayfa dilləri yerli dillər olmaqla həqiqətən bilavasitə erkən feodalizm dövründə təşəkkül tapmış Azərbaycan xalq dilinin əsasında durur. Amma orası unudulur ki, VIII-VII əsrlərdə Azərbaycana miqrasiya edən kimmerlər, işkuzlar və saklar da bir vaxtlar Ön Asiyadan ayrılıb getmişlər və şumerlərlə, mannalılarla eyni kökdəndirlər. Müəllif türklərin Ön Asiya deyil, Altaymənşəli olduğunu bir qənaət kimi özündə sabitləşdirdiyi üçün yazır: «Hommelin şumerlərin Altaymənşəli olması fikrini (o, ilk dəfə şumer dilində dinqir, Ay «Ay allahı», dağ, qaya, üç və b. sözləri türkcə tenqri, Ay, dağ, qaya, üç sözləri ilə müqayisə etmişdi), bütün sə’ylərə baxmayaraq, təkzib etmək mümkün olmamışdır. Şumerlərin Altaymənşəli olması fərziyyəsini inkar edənlər, nədənsə, bir suala cavab vermirlər: çoxsaylı şumer-türk leksik uyğunluqları nə ilə əlaqədardır və nəyə görə başqa dil ailələri (məsələn, sami, Qafqaz, Hind-Avropa və b.) ilə yox, məhz türk dilləri ailəsi ilə uyğunluqlar bu qədər çoxdur? Ehtimal ki, hurri, het, elam, urartu və b. qədim şərq dillərindəki türkmənşəli sözlər (bax: 12) məhz bu qədim etnosların dillərindən alınmalardır».(6; 229) Bu suala cavab vermək üçün hər şeylə razılaşmaq olar, amma şumerlərin Altaymənşəli olması fərziyyəsi ilə yox. İnsanın Ön Asiyada təşəkkül tapdığı, ulu dilin protodillərə burada parçalandığı nəzərə alınmadığı üçün Altay nəzəriyyəsi meydana çıxmışdır. Şumer-türk əlaqələrinin zənginliyi isə şumerlərin Ön Asiyanın ilkin türk qollarından biri olması ilə bağlıdır və bu dildə danışanlar arattalılar, turikkilər, kutilər, lullular, kaslar və subirlərlə birlikdə türk xalqlarının əcdadları olmuşlar. Azərbaycan türk dilinin Azərbaycana gətirilmə olduğu barədə söhbətlər tarixi qəsdən və ya bilməyərəkdən təhrif etməkdir. Azərbaycan xalqının bugünkü dili Azərbaycan ərazisində yaşamış ən qədim aborigen əhalinin dilinin varisidir. Son beşminillikdə tarixin hər bir dövrünə aid tədqiqatsız türk mənşəyi ilə özünü nümayiş etdirən kifayət qədər dil faktları vardır. Bunlar xalqımızın türk əcdadlarının gəlmə olmadığını, antropoloji və milli-etik xüsusiyyətəri ilə Şumerdən bu tərəfə Azərbaycan əhalisinin Azərbaycan torpağı ilə bağlı olduğunu göstərən faktlardır. Amma biz bütün bunlarla yanaşı, Q.Qeybullayev yaradıcılığında mühüm bir məsələni xüsusi qeyd etməliyik: Q.Qeybullayev Azərbaycan ərazisində yaşamış ən qədim etnosların eyni adlı bölümlərini Xəzərdən Altaya qədər uzanan Orta və Mərkəzi Asiya ərazilərində meydana çıxarmaqla misilsiz yaradıcılıq işi görmüşdür. Bunlar bir dəlil, tutarlı bir sübut kimi Azərbaycan etnoslarının türk mənşəyinə şübhə yeri qoymur. Q.Qeybullayevin araşdırmaları vətənpərvərlik, insanpərvərlik nümunəsidir və düzgün istiqamətdə olmuşdur. Yeganə səhvi insanın mənşəyini Ön Asiyada görə bilməməsi, miqrasiyaların buradan başladığını fəhm etməməsi, kökü görməməsidir. Ocaq Ön Asiyadır, kök dilin parçalanması və mezolit miqrasiyaları buradan başlamışdır. Şərqdə Altaya, qərbdə Atlantik okeanına qədər səpələnmiş türklər Ön Asiya türklərinin qohumlarıdır, Azərbaycan ərazisində və Mərkəzi Asiyada tayfaların və tayfa adlarının uyğunluğu səbəblərini yerli tayfaların burada bölünüb-parçalanması, ekvatorboyu sağa-sola hərəkəti ilə əlaqəli düşünmək lazımdır, Mərkəzi Asiyada bölünüb Azərbaycan ərazisinə gələnlər çox sonrakı əks miqrasiyalardır. Məsələyə bu yöndən baxışı Q.Qeybullayev özü də dolayı yolla təsdiq etmişdir: «Azərbaycan dilinin oğuz dillər qrupuna məxsus xüsusiyyətlərinin üstünlük təşkil etməsi oğuzların ulu əcdadlarının Ön Asiya və Azərbaycan ərazisindəki qədim etnoslarla mənşə birliyini göstərən fakt kimi nəzərə alınmalıdır. Məsələn, müasir xakasların və uyğurların qədim etnik adları kasdır. Xakaslar və uyğurlar isə mənşəcə oğuzlar ilə bağlı xalqlar sayılır. Belə olduqda Azərbaycan dilində oğuz dilləri üçün səciyyəvi xüsusiyyətlər Azərbaycanda er. əv. II minillikdən mə’lum olan kasların dilində də ola bilərdi».(6; 232)
Ulu dilin Ön Asiyada parçalanması və ilkin miqrasiyaların buradan başlaması arxeoloji materiallarla da təsdiq olunur. Bu konsepsiyanın arxeoloji materiallarla təsdiqi kutilərin, lulluların, turukkilərin, subirlərin, kasların, mannaların, madayların, Albaniya və Atropatena əhalisinin türkdilli olduqlarına şübhə yeri qoymur.

Qədim Azərbaycan əhalisi arasında çoxallahlılıq yayılmışdı. Əhali oda, suya, müxtəlif bütlərə, səma cisimlərinə sitayiş edirdi. Oda sitayiş daha geniş yayılmışdı. Atəşpərəstlər odu müqəddəs hesab edirdilər. Oda xidmət edən kahinlər antik qaynaqlarda mağ adlanırdı. Mağ/muğ tayfaları Azərbaycanın yerli sakinləri idilər. Sonralar mağ kahinləri Zərdüşt ayinini təbliğ etməyə başlamış və təqribən e.ə. VI əsrdən atəşpərəstlik ayinlərini də zərdüştiliyə daxil etmişlər. Qeyd etdiyimiz kimi, zərdüşti mağlar İran qəbilələrindən deyildi, onlar Azərbaycan ərazisində çox qədimdən məskunlaşmış türk tayfalarından idi. Zərdüştilik tə’limi təkallahlılığa əsaslanır, xeyir allahı Ahuramazdaya (Hörmüzdə) sitayiş edirdilər. Ahuramazdanı müqəddəs od təmsil edirdi. Zərdüştiliyin dini kitabı «Avesta»nın dövrünü təqribən e.ə. 660-cı ilə aid edirlər.» Belə bir nəticəyə gəlmək olur ki, bu kitab hindlilərin «Rikveda» və yəhudilərin «Tovrat»ından sonra dünyanın ən qədim kitabıdır... Lakin Avestanın bir hissəsi olan «Qat»ların dövrünü ondan bir neçə yüz il əvvələ aid edirlər». (30; 180) Avesta İskəndər tərəfindən yandırılmış, sonralar Atropatena ərazisində Sasanilər dövründə yenidən yazıya alınmışdır. Əsər İran dil qruplarından birində yazılmışdır, 1000 fəsil və yaxud 21 cilddən ibarət imiş. Sasanilər dövründə yazıya alınarkən 348 fəsildən ibarət olub, əvvəlki 345700 kəlmədən 83 mini qalmış imiş.
Albaniya ərazisində də atəşpərəstlik məbədlərinə kahinlər rəhbərlik edirdilər. Strabonun yazdığı kimi, orada hökmdardan sonra ən hörmətli adam kahin idi.
Eramızın I əsrindən xristinalığın Azərbaycanda təbliği başlansa da, Azərbaycan əhalisi öz köhnə dinlərini saxlayırdı. Yalnız V əsrin sonu, VI əsrin əvvəllərində xristianlıq Albaniya ərazisində özünü bir qədər göstərirdi və ərəblərin gəlişinə qədər yalnız Arsax ərazisində yayıla bilmişdi. Ərəblərin VII əsrin 30-cu illərindən başlayan işğalı xristian təbliğatını dayandırdı. Albaniya və Azərbaycan əhalisi islam dinini qəbul etməli oldu.
Beləliklə, e.ə. birinci minilliyin ortalarından şimallı-cənublu ölkəmizin ərazisindəki etnoslar bir xalq kimi təşəkkül yoluna düşmüş və Parfiya dövləti (e.ə.250 - e. 224) tərkibində bu proses güclənmişdir: »...erkən orta əsrlərdə Şimali Azərbaycanın da ərazisi Adərbayqan (Aturpatakan) anlayışı altında birləşdirilirdi». (2; 215) Türk tarixi və dilinin görkəmli tədqiqatçılarının (L.N.Qumilyov, T.İ.Hacıyev və b.) fikrincə, türkmənlərin babası olan parfiyalılar da türk idilər. (42; 11) Pompey Troqun (e.ə. I əsrin sonu, eramızın I əsri) əsərlərinin 41-ci kitabında deyilir ki, «Parflar... skif sürgünləri idilər... Onların dili - skiflərlə midiyalıların dili arasında orta bir mövqe tuturdu, bunun və ya digərinin qarışığından ibarət idi». (46; 53) Şübhəsiz, bu cəhət Azərbaycan əhalisinin, Azərbaycan dilinin konsolidasiyasını sür’ətləndirirdi. Azərbaycanın hakim sülalələrindən olan Mehranilər parfiyalıların nəslindən idilər.