Qrammatik xüsusiyyətlər

Tədqiq olunan tayfa dillərinin materialları akkad və assur mənbələrində mühafizə olunduğundan sözdəyişdirici, formadüzəldici şəkilçiləri üzə çıxarmaq o qədər də asan deyil. Xüsusi sözlərin əksərən adlıq hal formasında qeydə alınması da çətinliklər törədir. Bu nisbətdə sözdüzəldici şəkilçilər bir qədər fəal görünür. Toponim, etnonim və antroponimlərdə aşağıdakı şəkilçilər müşahidə olunur:
-li,-lu şəkilçisi; mənsubluq bildirən, yer adı, şəxs adı yaradan sözdüzəldici şəkilçidir. Lal-lu, Hila-lu, Malak-tu (l>d>t keçidi ilə) (şəhər adları); r>l keçidi ilə ‘subasar kolluq’, ‘subasar meşə’ mə’nasında Simar-ri (sibar-li) sözü; Allabria/Alabria sözü: alab/alav (alov) və -ri (-li) şəkilçisi; Tar-di (Tar ‘qamış bina’-li) - ‘qamış binalı’; Metatti xüsusi adı: meta ‘bal’ və -tti (-li) şəkilçisi - ‘Bal-lı’ sözü. Manna hökmdar adı Ualli - Bal-lı;
-duq şəkilçisi: dur (‘durmaq’, ‘dayanmaq’) fe’lindən dur-duq ‘dayanacaq yer’, ‘şəhər’;
-qan şəkilçisi: Şatiraraqan-i sözü satir (pul vahidi), ara(maq) sözləri və -qan şəkilçisi;
-ak (-aq) şəkilçisi; bu şəkilçi vasitəsilə adlardan ad düzəldilmişdir. Sirt (‘kol-koslu dağ beli’) sözünə -ak şəkilçisi artırılmaqla qala adı - Sirdak(k)a; çim (‘sulu yerdə kökləri qarışmış otlar’ - çim-ak ‘çimlik’;
-q şəkilçisi; -aq şəkilçisinin bir variantı olan bu şəkilçi də adlardan ad düzəltmişdir: Urtak(i) adının (Manna hökmdar adı) Urta-q (orta-q) şəklində düzəlməsi;
-un şəkilçisi; bu şəkilçinin vasitəsilə fe’llərdən isim düzəldilmişdir; məs.: tar - ‘daramaq’, ‘ tikmək’, Tar-un - ‘qamış tikili’ (kənd, qala, şəhər);
-iş şəkilçisi; fe’ldən isim düzəldən bu şəkilçiyə yan/yen-iş (yeniş) sözündə təsadüf edilmişdir: Arsiyaniş (dağ adı) - ‘Arsi yenişi’;
Gil yazılarda işlənmiş sin sözü müasir -çı,-çi,-çu,-çü şəkilçisinin əcdadı sayılır. Şumer ay adını bildirən bu söz ilk dövrlərdə Suen şəklində işlənmiş, tədricən sin formasını almaqla həm də ‘adam’ mə’nasını ifadə etmişdir. Şar-sin, Eri-sin, Musa-sin sözlərində ‘adam’ mə’nasındadır: Çar-adam, Ər-adam və s. Sonralar son samitin düşməsi və s>ç keçidi ilə -çı şəklini almış və variantlaşmışdır. Görünür, -çı şəklinə düşərkən də hələ ‘adam’ mə’nasını saxlayırmış - rus dilindəki çelovek sözünün kökündə həmin mə’na qalmışdır. Nostratik söz olsa da, qaraşın (‘qaramtıl adam’), sarışın (‘sarıtəhər adam’) sözlərindən göründüyü kimi, sin türk tələffüz formasıdır;
-an şəkilçisi; bu şəkilçi formadüzəldici fe’li sifət şəkilçisi hesab oluna bilər: Ereşteyena sözü Eres (‘Araz’) və tey-en (‘döy-ən’) hissələrinə ayrılır;


-lar cəm şəkilçisi; Bu şəkilçinin türkmənşəli olduğu və mixi yazılarda türk kəmiyyət şəkilçisi kimi işləndiyi təkzibedilməzdir. Kul-lar (‘Kol-lar’ dağ adı); Lal-lar-ip - kökü ‘lal’ (dilsiz) sözündən ibarət olan bu etnonimdə -lar və -ip şəkilçiləri ilə ikiqat cəmlik yaranmışdır (-ip şəkilçisini artıranlar lallar sözünü kök hesab etmişlər). -lar şəkilçisinin -ip cəm şəkilçisindən əvvəl işlənməsi onun çox qədim olduğunu göstərir;
-at cəm şəkilçisi: Urmiyate sözündə -at kəmiyyət şəkilçisi kimi çıxış edir. Bu cür sözlər göstərir ki, kəmiyyət bildirən -at şəkilçisi dilimizdə qədimdən mövcud olmuş, lakin eramızın VII əsrindən bir sıra başqa ərəb alınmaları ilə Azərbaycan dilində daha intensiv işlənməyə başlamışdır;
-ak şəkilçisi yiyəlik (mənsubluq) bildirən şəkilçi kimi də işlənmişdir: Nin Şuşin-ak - ‘Şuşinin (Suzun) sahibi’ birləşməsində -ak şəkilçisi müasir dilimizdəki yiyəlik hal şəkilçisinə (-ın) müvafiq gəlir. Müasir dilimizdə yiyəlik halın -ın şəkilçisi «tə’yin + tə’yinlənən» modelinin birinci komponentində özünü göstərir. Lakin dilimizin tarixinə «tə’yinlənən + tə’yin» modeli də yad deyil və mixi yazılardakı -ak şəkilçisi bu modeldə özünü göstərir. Bu şəkilçi şumer dilində də eyni funksiyanı yerinə yetirmişdir (2-ci fəslə bax). Bunun özü də şumer-türk varisliyini göstərən mühüm əlamətdir;
Xüsusiləşməyən əlavələrin iştirakı ilə mürəkkəb adların yaranması: İranzu ləqəbi ər (‘igid’, ‘cəsur’) və yanzi (‘hakim’, ‘hökmdar’) sözlərindən yaranmışdır - yanzi sözü ər sözünə xüsusiləşməyən əlavə kimi qoşulmuşdur - Ər yanzi - ‘ər hökmdar’;
Müasir dilimizdə cümlənin xüsusi ad kimi sabitləşməsi halları (Allah verdi - Allahverdi) qədim xüsusi adlarda da müşahidə olunur; məsələn, Nikdiar xüsusi adı Enki-di-ər (‘Enki etdi ər’ - Enki ərlik, cəsurluq verdi) şəklində formalaşmışdır;
Yanaşma yolu ilə mürəkkəb adların yaranması üsulu daha çox müşahidə olunur: Uş+kaya = ‘Üçqaya’, Uiş+diş = ‘Beşdiş’; izi (‘isti’) - bia (‘su’) = ‘İstisu’; Suri (‘itiuc’, ‘üçbucaqşəkilli’) + kaş (‘qaş’) = ‘Surikaş’; Ak (‘ağ’) + şura (‘şur - çay’) = ‘Akşura’ və s.;
Xarxarbarra sözündən aydın olur ki, sonralar yanaşma-uzlaşma əlaqəli birləşmə kimi formalaşan birləşmələr hələ ilkin dövrlərdə yalnız yanaşma əlaqəsi əsasında qurulmuşdur: Xarxar-barra - ‘Qarqar bərə(si)’.