Leksika: Manna xüsusi adları

Qeyd etdiyimiz kimi, mannalılar kuti, lullu, turukki, kassi və su tayfalarının varisləri idilər. Həmin tayfaların etnik mənsubiyyəti barədə fikirlərimizi əvvəlki fəsildə qeyd etdik. Bunlarla yanaşı, Manna ərazisində yaşayan bir sıra başqa tayfaların da mövcud olduğu və həmin tayfaların da türk mənşəli olduğu öyrənilmişdir. Həmin tayfaların adları Assur mənbələrində taurlay, messiy, dalay, sumbiy və kumurday kimi verilmişdir.(10; 173) Assur dilinə uyğunlaşdırıldığından izahı çətin olsa da, tədqiqatçılar həmin tayfa adlarının türk mənşəli olduğuna şübhə etmirlər.(bax: 6; 85)
Manna tayfa ittifaqına daxil olan taurlay tayfa adı e.ə. 820-ci ildə qeydə alınmışdır. Y.Yusifov sözün kökünü taur, tavar sözü və mənsubluq bildirən -la şəkilçisi ilə əlaqələndirmişdir. Q.Qeybullayevin fikrinə görə, Taurlay sözü taurlu sözünün fonetik variantıdır və tavur, tabur - ‘arabalardan düzəldilmiş düşərgə, möhkəmləndirilmiş yer’ mə’nasındadır. Bu fikirlər arasındakı yaxınlıq etimoloji araşdırmanın düzgün aparıldığını göstərir. XIV əsr türk tayfa adı tavr, xəzər şəhər adı Tavris, Astara rayonundakı Toradi kənd adı, Cənubi Azərbaycanda kənd adı Divarqan həmin sözlə bir kökdən sayılır.(6; 85) . Dalay xüsusi adı isə Təbriz bölgəsində və ya Urmiya gölünün cənub-qərbində lokalizə edilən Manna tayfasının adı olmuşdur. Q.Qeybullayev Dalay tayfa adını Yuli Solinin Xəzər dənizi yaxınlığında qeyd etdiyi tal tayfasının, peçeneqlərin tərkibindəki (X əsr) talmat tayfasının, Altaydakı müasir Teleutların adı ilə müqayisə etmişdir. (6; 85) Manna tayfa ittifaqına daxil olan bir tayfanın adının Altayda görünməsi bu tayfanın da güclü tayfalardan olduğunu və bir vaxtlar parçalanıb şərqə üz tutduğunu göstərir.
Y.B.Yusifov xəritədə Sumbi tayfa adını Subi sözünün əlavəsi kimi vermişdir. Bu göstərir ki, Sumbi sözü Subi tayfa adının bir tələffüz variantıdır və adının əsasında su sözü duran bu tayfa türk mənşəlidir. Mesi (me-is-si, me-su, mes-si, mi-su) - tayfası Urmiya gölünün cənubunda, Mannanın mərkəzində, Uşkayanın şimalında, türk tayfaları əhatəsində lokallaşdırılmışdır və türk mənşəli olduğuna heç bir şübhə yoxdur. E.A. Qrantovski gümanlı şəkildə İran mənşəli olduğunu qeyd etmişdir. (26; 182) Türk dillərində mes - ‘dağın zirvəsi, meşəsiz hissəsi, günəş tutan tərəfi’ deməkdir. Həmin tayfanın adı ilə əlaqədar Mannada Mesu vilayəti də olmuşdur. Urartlar Meişta deyirdilər. Bu söz Mesi adının başqa tələffüz forması sayılır; ta hissəsi ‘dağ’ sözüdür.(7; 344) Zamuada Mesu qalası da olub.
Fonetik tərkibindən hiss olunur ki, Kumurda etnonimi də türk mənşəlidir.
Manna toponimləri də Assur və Urartu dillərinə uyğunlaşdırılaraq qeydə alınmışdır. Ona görə də etimoloji araşdırmalar çətinliklər törədir. Lakin sözlərin samitlər sistemi əksərən düzgün qənaət üçün əsaslı imkan yaradır. E.A.Qrantovski böyük cidd-cəhdlə Manna toponimlərini iranmənşəli xüsusi adlar kimi izah etməyə çalışmışdır. Lakin Y.Yusifov, Q.Qeybullayev və b. tədqiqatçılar Manna toponimlərinin etimoloji izahını daha obyektiv aparmışlar.
Manna sözünün özü daha maraqlı nəticələrə gəlmək imkanı verir. Lakin burada bə’zi xüsusiyyətləri qeyd etməklə sözün açılışını bir qədər sonra - Mada sözü ilə birlikdə aparacağıq. Ölkə adı Manna ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın yürüşü zamanı yazıya alınmışdır; tarixçilər müəyyənləşdirmişlər ki, mixi yazılarda Mannaş, Munna və daha çox Manna şəklində yazılmışdır; Urartu yazılarında Mana, Tövratda Mini, İosif Flavidə Miniada şəklindədir; Assur qaynaqlarında Manna daha çox tayfa adı kimi başa düşülür. Əvvəlcə bir tayfanın adı olsa da, sonralar tayfalar ittifaqına çevrilmişdir. Tayfa adı kimi tədricən ölkəyə şamil edilmişdir. Manna sözü ma və na hissələrinə ayrılır. Ma - b>m keçidi ilə ‘bağ’, ‘bağlamaq’, ‘allah’, ‘hakim’, ‘bəy’, ‘başçı’, ‘rəis’ mə’nalarında BA sözündən yaranmışdır; na - ‘yer’, ‘məkan’, ‘ölkə’ bildirən söz olmuşdur. Söz bütövlükdə ‘bağlar ölkəsi’, ‘allahlar yurdu’ ilkin mə’nasına malik olmuşdur (Sonrakı bölməyə baxmalı).
Manna toponimlərinin bir qismi üç-dörd minillik zamanın o başından görünsə də, elə bir ciddi araşdırmaya ehtiyac olmadan öz türk mənşəyini göstərməkdədir. Bura Kizilbunda, Uişdiş, Subi, Lallarip kimi vilayət, Uşkaya kimi ölkə, Bara - yer, Sibar, Kalah, Durdukka, Bardu, Kitpat şəhər, Kullar, Uauş, Kaşyar, Su dağ, Suva çay adlarını misal göstərmək olar.
Gizilbunda (Gizilbuda, Qizilbunda, Qizilbuda) - Manna vilayəti haqqında assur çarı V Şamşi Adadın vaxtında mə’lumat verilmişdir. E.A.Qrantovski «ərazinin qədim adı» olduğunu, İran mənşəli olmadığını e’tiraf etmişdir- (26; 194) Türk dillərində qızıl (kizil) - ‘qızılı’, ‘qırmızı’, bud - ‘təpə’, ‘yüksəklik’ kimi izah olunur. (7; 345) Q.Qeybullayev Mada ərazisində bu cür çay adı da olduğunu və həmin çayın Xəzərə tökülən Qızıl-Özən çayı ilə lokalizə edildiyini göstərir. O, Y.B.Yusifovun etimologiyası ilə əsasən razılaşaraq bud, bunda sözünü y>d keçidi ilə buya ‘su’ kimi mə’nalandırmağın mümkünlüyünü də qeyd etmişdir. Quruluşca Sibirdəki Qızıl-Xem, Türkiyədəki Kızıl-İrmak, Kızıl-Su çay adları ilə eyni hesab olunur. (6; 96)
Uşkaya (urart.Aşkaya, e.ə.714) - ölkə (və qala) adı türk. uş - ‘üç’, kaya - ‘qaya’ deməkdir. II Aşşurnasirpalın «göydən sallanan üç sıldırım qaya» ifadəsinə uyğun hesab olunur. Aşkaya forması ‘aşırım qaya’, (türk. aşmaq - ‘keçid’, ‘aşırım’) kimi mə’nalandırılır. (2; 115) E.A.Qrantovski zorla İran dillərinə çəkərək xüşk ‘quru’ sözü ilə əlaqələndirməyə çalışmışdır. Q.Qeybullayev göstərir ki, Səhəndin şimal ətəyində sıldırım qayalıq arasında Üskiyyə kəndi qalmaqdadır və çox güman ki, bu ad Uşkaya sözünün müasir şəklidir. (6; .96)
Manna ərazisində - Urmiya gölünün cənubunda vilayət adı olan Uişdiş (urart. Uqiştini) aşkar şəkildə «beş diş» (prototürkcədə viş, biş - ‘beş’, diş - ‘diş’) mə’nasındadır. Orta əsrlərdə burada - Urmiya gölünün cənubunda Beşbarmaq dağının olması da bu fikri təsdiq edir. (7; 353) «Uişdiş dağlıq vilayəti vişdiş, bişdiş sözünü təmsil edir və «beş diş» mə’nasını daşıyırmış. Urartu yazarı bunu Uqiştini kimi qeyd etmişdir. Onun Uyiştini, Byiştini formaları da bərpa edilir və türk dilləri (qəd. türk. tinq ‘uca, dik, zirvə’) əsasında «Beş dik», «Beş zirvə» kimi mə’nalandırılır. Mixi yazılarda Uişdiş adının Uişda (‘Beş dağ’) variantı da işlədilmişdir. Da, ta türk dillərində ‘dağ’ deməkdir.» (2; 115)
Subi (Sunbi, Sumbi) (Mannada vilayət adı) su və ‘-lar’ mə’nasını ifadə edən -bi şəkilçisinin birləşməsindən ibarətdir. Mannada Subi (Sumbi) vilayətinin olması bir daha göstərir ki, Aratta dövründəki Su ölkəsini sular qədimdən yaşadıqları ərazi kimi qoruyub saxlamışlar. Bu sözlə bağlı Sibar şəhər adı və onun hakimi Enqur haqqında da mə’lumat qalmışdır. (e.ə.820) Bu adların iranmənşəli olmadığı, kassilərin dil elementlərinə daha uyğun olduğu göstərilir. (26; 203) Sibar sözü Subar (sonralar Savar) türk tayfa adı ilə bir kökdəndir. En-qur sözündə En şumer allah adı və qur -türkcə ‘vəziyyət’, ‘ləyaqət’ mə’nasındadır, həm də rütbə bildirmişdir. (25; 467) Söz ‘En ləyaqətində’, ‘En rütbəsində’ mə’nasını ifadə edir.
Mannada su, sub tayfasının adından Su dağ adı, Suva (Sua) çay adı da olmuşdur. Qədim türk dillərində suva - çay, su mə’nasında işlənmişdir.
Manna vilayətlərindən Sanqibutidə Bara yer adı qeydə alınmışdır. Söz Azərbaycan dilindəki bərə ‘qoyun saxlanılan yer’ sözü ilə əlaqələndirilir.(7; 353) F.Yustinin Avestadakı baourva, Gaubaruva sözlərini ‘otlaq’, ‘inəklərə yem verən’ mə’nasında izah etməsi də (26; 179) bu fikrin xeyrinədir. Bu sözün fars dili forması ‘əhalinin və mal-qaranın gizlədilməsi üçün çəpərlənmiş sahə’ mə’nasında olan vara sözüdür. (26; 203) Sanqibutinin bu ərazisində çoxlu qoyun saxlandığı mə’lumdur. Bu söz Midiya ərazisində Barrua (e.ə.728), Uba-Bara (e.ə.714), Barunakka toponimlərində də qalmışdır. Savalan dağının ətəyində hazırda Bari kəndi olduğu göstərilir. (6; 73) E.A.Qrantovski «Bara sözü tam mə’nasilə İran mənşəli (amma əlbəttə, başqa mənşədən də) ola bilər» desə də, çox qəribədir ki, bara tayfa adından ibarət hesab etdiyi bu sözü barmaq ‘nesti’ fe’li ilə bağlamışdır; əslində, bu cür də ağlabatandır. Lakin türk dili düşüncəsi olmadığı üçün xalis türk mənşəli barmaq (‘varmaq, getmək, aparmaq’) sözünü İran mənşəli hesab etmişdir. (26; 126) E.A.Qrantovski eyni şəkildə Midiya ərazisindəki 28 hökmdar adlarından biri olan Bara şəxs adını da fars dilində bar ‘ezditğ verxom’- ‘vsadnik’ sözü ilə əlaqələndirmişdir. (26; 217) Bar, var ‘get’ fe’li ən çox işlənən xalis türk fe’llərindəndir: Türk budun, ol yirqərü barsan, öltəçisən.(Qəd.ab.)
Mannada şəhər adı kimi qeydə alınmış Durdukka sözü türk. dur(maq) sözü və -duq şəkilçisi ilə ‘dayanacaq’, ‘şəhər’ mə’nasındadır; assur dilində k səsi qoşalaşmışdır. Sözün Sirdakka, Zirdakka variantları da var və hansı formanın düzgün olduğunu müəyyənləşdirmək çətindir.
E.ə.821-820-ci illərdə Assur çarı V Şamşi-Adadın şərqə hərəkətini təsvir edən abidədə Kullar toponimi tez-tez xatırlanmışdır. (26; 121, 190.,191) Sözün kökü qul da ola bilər, kol da. Lakin -lar şəkilçisinin türk mənşəli -lar,-lər olduğuna şübhə yoxdur. Y.Yusifov sözün sonrakı dövrlərdə Kollar-dağ şəklində işləndiyini qeyd etmişdir ki, bu da dağın adında kol sözü olduğunu göstərir.
Allabria vilayətində dağ adı kimi işlənmiş Kaşyar sözü y>q keçidi ilə türk dillərində Kaşqar dağ adını yada salır.(7; 343) Bu kiçik detal bir çox başqa nümunələrlə birlikdə bir daha nəzəri ora çəkir ki, Kaşğar vilayətinin adı da Mərkəzi Asiyaya Azərbaycan ərazisindən gedən türklər tərəfindən aparılmışdır.
Manna yer adları içərisində Qilzən, Lallarip, İzibia, Karsibutu, Bala tipli sözlər yad dillərdə əksərən təhriflərlə yazılmış türk sözləridir. Qilzən -Urmiya gölünün qərb sahilinin adı olmuşdur; türkcə ‘göl vadisi’ mə’nasında qöl ‘göl’ və ezən ‘vadi’ sözlərindən ibarətdir.(6; 78) Bəlkə də sözün birinci komponenti ‘göl’ yox, ‘gil’ sözüdür. Bu halda söz bütövlükdə ‘gil sahə’ mə’nasını ifadə edir. Lallarip - Mannanın cənubunda vilayət və vilayətin əhalisinin daşıdığı ad olmuşdur. Elamlar etnosun adını lallar eşitmiş, ona yenidən -ip cəm şəkilçisini əlavə etmişlər (ikiqat cəm). Lallu hidronimi də həmin ərazidədir. Lallu sözündəki mənsubluq bildirən -lu, lallar sözündə cəm bildirən -lar türk dillərinə məxsusdur və heç bir şübhə doğurmayan şəkilçilərdir .-lu şəkilçisi elamların Hilalu, Malaktu (l>d>t keçidi ilə) şəhər adlarında da müşahidə olunur. (7;324) İzibia (e.ə. VIII əsr) - şumer və türk dillərində izi, issi, isti (altayca üzü, tuvaca iziq, uyğurca izik, bizim dildə isti) və Altay dillərində bia - ‘su’ sözlərindən ibarət olub ‘isti su’ mə’nasını verir. Cənubi Azərbaycanın Ziviyə yaşayış məntəqə adında qaldığı qeyd edilir. (6; 77) Karsibutu toponimini E.Hersfeld və E.A.Qrantovski Avestadakı karşi sözü ilə əlaqələndirmiş, ‘çöl’, ‘vilayət’, ‘ölkənin bir hissəsi’ mə’nasında izah etmişlər; butu/i hissəsi iranmənşəli vati şəkilçisinin akkad forması (butu) hesab edilmişdir (26; 195); karşi sözü türk dillərindəki ‘qarşı’ sözüdür; but (bud) sözü isə qədim türkcədə ‘ayaq’, bud’, ‘qol’, ‘ölkə’, ‘yer’, ‘xalq’, ‘tayfa’ mə’nalarını ifadə edir. Karsibutu - ‘qarşı ayaq’, ‘qarşı ərazi’, ‘qarşı yer’ mə’nasındadır. Bala sözü ‘balaca’, Kalah (e.ə. IX əsr, Mannanın qərbində şəhər) sözü qalmaq fe’lindən ‘qalaq’, ‘qala’ mə’nasında Manna şəhər adlarıdır.
Manna toponimlərinin bir qismi xüsusi tədqiqat tələb edir. Tədqiqatçıların qeydlərindən alınan nəticələri ümumiləşdirdikdə əksər Manna toponimlərinin türk mənşəli olduğu aydınlaşır. Belə toponimlərdən Parsua, Parsindu tipli sözləri xüsusi qeyd etmək olar. Bir çoxları necə yarandıqlarını nəzərə almadan belə sözləri dərhal farslarla bağlayır.
Parsua (urart.Barşua, Parsuaş) ölkə adını E.A.Qrantovski heç bir şübhə doğurmayan İran mənşəli sözlərdən saymışdır. (26; 133) Bir sıra alimlər Parsuanı farsların məskun olduğu əyalət hesab edir, ehtimal edirlər ki, Parsua ölkə adı farsların etnik (pars, fars) adı olmuşdur. Hələ 1900-cü ildə Hyuzinq parsualı, persidalı və parfiyalıların qohumluğu fikrini irəli sürmüşdür. İ.M.Dyakonov Parsuanın farslarla heç bir əlaqəsi olmadığını və bu ərazidə (İranın cənub-qərbində) irandilli əhalinin yaşamadığını sübut etmişdir. O, Parsua ərazisini müasir Süleymaniyə-Zohab-Senəndej şəhərlər üçbucağında təsəvvür edərək göstərmişdir ki, Assur mənbələrində qeyd edilən Parsua ərazisində İran antroponim və toponimləri yoxdur. Bu yerlərin yer və şəxs adları irandilliliyə qədərki yer və şəxs adlarından ibarətdir. Hətta Parsua sözünün özü də İran mənşəli deyil, Midiya sözüdür. Zamua ərazisinin bir hissəsində yerləşdikləri üçün midiyalılar onları parsualılar adlandırmışdır və Parsua ‘kənar, böyür’ mə’nasındadır. (10; 69, 161) Parsuaş söz kökündəki -ş şəkilçidir - akkad və İran dillərində eynidir; elam dilində Par-tu-maş, Par-d-ava şəkillərində işlənmişdir. (26; 145) İ.M.Dyakonov bu sözü Midiya sözü saysa da, midiyalıları iranmənşəli hesab etdiyi üçün Parsua, Parfiya sözlərini də iranmənşəli hesab etmişdir. E.A.Qrantovskinin fərziyyəsinə görə: «*parsava = dr.-pers.*pardava>pahlav(an)», yə’ni parsua sözü pahlu, pahlavan sözü ilə bir kökdən olub ‘güc’, ‘igidlik’, ‘pəhləvan’ mə’nasında olmuş, ona görə də toponim kimi işlənməzdən əvvəl etnonim kimi işlənmişdir, deməli, farslar igid, cəsur, pəhləvan olmuş, tayfa bu cəhətə görə adlandırılmış, sonra onların yaşadığı əraziyə də eyni ad verilmişdir. Müəllif bunun sübutu üçün başqa misallar da gətirir. Məsələn, Bardinin (Qaumatın başqa adı) adını göstərərək Bardiua sözünün «imeöhiy bolğşoe (velikoe) telo» mə’nasını verdiyini göstərir. Bu, ağlabatan deyil ki, bir tayfadan ibarət olan əhalinin hamısı pəhləvan gövdəli olsun və buradan da tədricən tayfa adı formalaşsın. Digər tərəfdən, Bardi sözü fars mənşəli deyil, ulu dildən gələn bö/ba - ‘böyümək, böyük’ sözüdür. Üçüncü bir tərəfdən də Bardi fars deyil, midiyalıdır. Sözün etimoloji izahını İ.M.Dyakonov daha düzgün vermişdir (sözlərini olduğu kimi veririk): «No, samoe interesnoe, çto samo nazvanie «Persii» (fars, drevnie «Para») əvləetsə midiyskim... terminı gti vosxodət k iransk. par-, paraya - «rebro», otsöda «bok», «kray»; i Persida, i Parsua, i Parfiə naxodilasğ na okrainax Midii, na öjnoy naxodilasğ Persida, na zapadnoy - Parsua, na vostoçnoy - Parfiə. Vse gti nazvaniə oznaçaöt «kray», «okraina», «ukrayna». (10; 69) İ.M.Dyakonov etimoloji izahı düzgün versə də, bayır, böyür sözlərini İran mənşəli hesab etməkdə səhv edir. Bunlar türk mənşəli olub türk dillərində geniş şəkildə işlənməkdədir. Lazar Budaqov türk, Azərbaycan, qırğız, tatar dillərində bağır, baur, pur sözlərini «peçenğ», pa:r sözünü saqay ləhcəsində «açıq çöl» mə’nasında izah etmişdir. Maraqlısı bir də budur ki, Parsa sözü əksərən Pa:rsa şəklində - uzun a ilə verilir. (26; 146) Bu, «y» səsinin düşməsi ilə tələffüz edilən həmin sözün dilimizdəki ba(y)ır, bö(y)ür sözləri olduğunu sübut edir. Rus dilində ‘böyür’ mə’nasında bok sözü var. Lakin baar/pa:r sözü türk formasına - bayır, böyür sözlərinə daha uyğundur. Digər tərəfdən, midiyalıların dilinə məxsusdursa, midiyalıların isə iranmənşəli olmadığı sübut olunursa, deməli, söz türk mənşəlidir. Bir mühüm dəlil də iranmənşəlilərin Midiya ətrafına sonralar gəlməsidir. Onların e.ə.VIII əsrdə gəldiyi qəbul olunur. Lakin E.A.Qrantovski bir çox hallarda ağlabatmaz etimoloji izah əsasında onları Ön Asiyada - xüsusilə İran yaylasında daha erkən yerləşdirməyə çalışmış və bizim tarixçilər də buna sevinmişlər.
Beləliklə, aydın olur ki, Parsua, Persida, Parfiya sözlərinin kökündə türk mənşəli bayır, böyür sözü durur və farslar İran yaylasına gələnə qədər fars adını daşımamışlarsa, onların etnik adı da bu sözdən yaranmışdır. Qeyd edilən üç ölkə adı vaxtilə Mada (Midiya) ilə müqayisədə - ‘Madanın böyür, yan ölkələri’ mə’nasında təşəkkül tapmışdır.(18: 316)
Parsindu (e.ə.881-880) sözü isə Mannada qala adıdır. E.A.Qrantovski bu sözü də şəksiz-şübhəsiz fars (pars) sözü saymışdır. Q.Qeybullayev buna e’tiraz edərək göstərir ki, bu söz türkcə bair, bayir ‘təpə, yüksəklik, yarğan, sıldırım’, sin ‘dağ beli’ və du/tu ‘dağ’ sözlərindən ibarətdir və sözün birinci hissəsi Çal-Bair (Kəlbəcər rayonu), Qızıl Bair (Meğri rayonu), Çil-Bair (Şamaxı rayonu) dağ adlarında da vardır.(6; 73) Q.Qeybullayevin bu müqayisələri Parsua sözünə də aiddir. Ba(y)ır, Bö(y)ür sözləri düzgün müəyyənləşdirilmişdir. Lakin bizim fikrimizcə, sin sözü ‘dağ beli’ yox, buna yaxın mə’nada M.Kaşğarinin qeydə aldığı ‘cisim’, ‘bədən’, ‘gövdə’ (25; 503) mə’nasındadır və əgər sondakı du/tu sözünü ‘dağ’ sözü hesab etsək, söz bütövlükdə ‘dağın yanı’ mə’nasını verir ki, bu da məntiqidir, çünki adətən qala dağ yanında, dağ yamacında tikilər. Axtarışlar göstərir ki, bu söz həqiqətən pa:r(s) (bayır, böyür) sözü ilə bağlıdır, lakin pa:r(s) sözünün özü türk mənşəlidir.
Assurların e.ə. 834-cü ildə şərqə yürüşü zamanı Misi, Parsua, Midiya, Harhar və Araziaş toponimləri qeydə alınmışdır. E.A.Qrantovski göstərir ki, bunlardan yalnız Harhar İranmənşəli deyildir və Harhar ərazisində İran mənşəli əhali yoxdur. Bu ərazidə yalnız Kibaba (‘ulu Kİ’, ‘Kİ baba’ mə’nalarında) adlı hakimin adı mə’lumdur (e.ə.716). Müəllifin Parsua haqqında fikri aydındır: bu sözün iranmənşəli, Parsua əhalisinin iranlılardan ibarət olduğunu söyləyir. Qalan üç ad haqqında yazır ki, onları «az-çox əsasla» iranmənşəli saymaq olar və əsas məsələ odur ki, «bu sözlər İran etnik elementləri ilə bağlı olmuşdur».(26; 180) Bu cür mülahizə aydın şəkildə sübut edir ki, E.A.Qrantovski Manna ərazisində və Manna ətrafında İran mənşəli əhali tapmaq üçün hər cür təxəyyülə əl atmışdır. Araziaş və ona qonşuluqda yerləşən Eranziaş (Aranziaş) (26; 182-183) sözlərində Araz və Aran sözləri aydın seçilir, lakin ərazilər dəqiq mə’lum olmadığı üçün dəqiq söz demək də çətindir. Harhar toponiminin Qarqar olduğuna şübhə yoxdur. Qarqarlar isə məşhur qədim türk tayfalarındandır. Bu sözün Xarxar forması da olmuşdur.
E.ə. 714-cü ildə «Aşşura məktub» yazısında Kişesu əyalətində Halhubarra yer adı çəkilir. Bu sözlə yanaşı, Kilambate, Saqbat ərazi adları da qeyd edilir. Halhubarra və Harharbarra eyni ərazilərin adlarıdır -. e.ə.834-cü ilə aid mənbədəki harhar və ona əlavə edilmiş barra sözlərindən ibarətdir. Harhar - ‘qarqar’, barra - ‘bərə’ deməkdir - ‘Qarqar bərəsi’. İrəvan quberniyasında qarqarlarla bağlı Qerqer (32; 245), Herher (32; 594), Borçalı qəzasında Gərgər (32; 417) qədim kənd adları qeydə alınmışdır.
Harharbarranın Araziaş və Eranziaşa yaxın olması (26; 183) da aran, qarqar, araz sözlərinin mümkünlüyünə inamı artırır. Deməli, Araz, Aran, Qarqar adları hələ e.ə. VIII əsrdən mə’lumdur. Eyni toponim Harhubarra və Halhubarra şəklində - l və r ilə tələffüz olunmuşdur. E.A.Qrantovskinin fərziyyəsinə görə, assurlar l ilə tələffüz olunan formanı yerli dillərdən, r ilə tələffüz olunanı fars dilindən almışlar.(26; 183) və ya tədricən farslar - irandillilər l səsini də mənimsəmişlər. Erenziaş-Elenziaş sözləri də bu cür izah olunur. Yad dildə fonetik dəyişmələri nəzərə almaqla Şurdira (26; 185) toponimini Şor dərə kimi anlamaq olar.
II Sarqonun (e.ə.714 ) məktubunda Hundur və Hundurna adları çəkilir. Bunlar şəhər və məskən adları olub, o dövrkü Urartu ərazisinə aid olmuşdur. E.A.Qrantovski -na şəkilçisini Urartu dilinə aid edir. İ.İ.Meşşaninovun lüğətində də belədir. (8; 213) Lakin mannalıların dilində də işlənmişdir - Ma-na sözü həmin morfemin iştirakı ilə düzəlmişdir. Hundur və Hundurna sözlərinin kökü eynidir. Hündürna sözünü ‘qəlbi’, ‘uca’ mə’nasında hündür və ‘yer’, ‘ölkə’ mə’nasında na sözünə ayırmaq olar - ‘hündür yer’. Başqa şəkildə bu sözlərdə hun və dur(maq) sözləri mühafizə olunduğunu düşünmək mümkündür: Hun-dur - ‘hun duran’, Hun-dur-na - ‘Hun duran yer’. Belə olduqda, hunların hələ e.ə.8-ci əsrdə Azərbaycan ərazisində olduğunu və şərqə buradan getdiklərini düşünmək olur.
Cənubi Azərbaycanın Ziviyə kəndi sakinləri tərəfindən Saqqız yaxınlığında e.ə.IX-VII əsrlərə aid dəfinə tapılmışdır. R.Kirşman hesab edir ki, Saqqız sözü Saka sözündəndir və bu ad vaxtilə bu yeri tutan sakaların-skiflərin yadigarıdır. (9; 11)
Manna toponimlərinin bir qismi ‘ölkə’, ‘yer’ mə’nasında pat, put, but, bud sözlərinin iştirakı ilə yaranmışdır: Sanqibuti, Karsibutu, Andirpatianu və s.
Y.Yusifov Sanqibuti (e.ə.744) toponimini ‘üç ayaqlı dağ qolu’ (alt.-türk sanqi ‘üç ayaqlı’, but - ‘dağ qolu’) mə’nasında izah etmişdir. Sanqibuti qoyun-quzu saxlamaq üçün təbii sığınacaq yeri imiş. İ.H.Əliyev bu toponimdəki bat, vat hissələrini Şumer və Elam dillərindəki mate, pate, bate, bitu ‘ölkə’ sözü ilə əlaqələndirmişdir. (23; 94) Bunlar onun İran mənşəli olmadığını göstərir. Qədim türkcədə but (bud) sözü ‘ayaq’, bud’, ‘qol’, ‘ölkə’, ‘yer’, ‘xalq’, ‘tayfa’ mə’nalarında olmuşdur. Q.Qeybullayev bat və onun variantlarının Manna, Maday və Albaniya ərailərində işlənmiş bir çox sözlərdə də olduğunu üzə çıxarmışdır: Akbatan, Kilimbat, Kitbatay, Aratbat, Pişuauvat, Sakauaivat, Albaniyada Aqbat, Dizapat, Naxçıvanda Ordubad, Tambat və s. (6; .97)
Gizilbunda ərazisində Kitpat şəhər adı II Sarqonun vaxtında yazılmış kitabədə (e.ə.714) xatırlanır. E.A.Qrantovski söz kökünün birinci komponentinin ki/qi/gi şəkillərində üç cür düşünülə bildiyini qeyd etmişdir. Qalan hissəni it-pa-ti-a şəklində ayırmışdır.(26; 194) Birinci komponent (gi hissəsi) get sözüdür; sözü bütövlükdə ‘git (get) yeri’, ‘gedilən yer’, ‘şəhər’ kimi və ya sadəcə olaraq ‘get bat’ (gedib batmaq’) mə’nasında başa düşmək olar. Çünki sözün pat/bat hissəsi Sanqibuti, Karsibuti sözlərinin ikinci komponenti ilə eynidir. Bu sözlə komponentlərindən biri eyni olan Andirpatianu sözü də türk. adir ‘dağ silsiləsi, təpəli dağ sırası, eroziyalı dağ silsiləsi’ və pat ‘ölkə’ sözlərinə ayrılmışdır. Qizilbundaya yaxın olduğu üçün güman edilir ki, həmin ərazinin başqa adı olmuşdur. (2; 116) Lakin bu söz haqqında bizim fikrimiz başqadır. (IV fəslə - Azərbaycan sözünə baxmalı).
Kulambate sözündə də ‘ölkə’, ‘yer’ mə’nası (ikinci komponent) aydın seçilir. Kulam sözü ‘qul’, ‘oğul’ mə’nasında ola bilər. Saqbat - ‘saq yeri’ və ya ‘saq batan yer’ mə’nasındadır. Bu sözü ətraflı öyrənməklə bəlkə də müəyyən etmək olar ki, saqlar Manna ərazisinə e.ə.VIII əsrdə güclü axınla gəlməzdən əvvəl də bu ərazidə yaşamışlar.
Manna toponimlərindən Simirria və Allabria eyni quruluşlu sözlərdir. Simirria sözünün assurca yazılışı simir və ri hissələrindən ibarətdir. Assur dilində v səsi olmadığına görə sivir sözünün simir kimi yazıldığı güman edilir. Türkcə şiver, şiber, monqolca şiver ‘qalın, sıx meşə, subasar kolluq’ və li (-ri) şəkilçisindən ibarətdir. (6; 78) Allabria (Alabria da yazılır) - Mannada vilayət adı olmuşdur (e.ə.VIII əsr). Q.Qeybullayev namə’lum al və türkcə ‘düzən’ mə’nasında opri sölərinə ayırmışdır.(6; 95) Fikrimizcə, Simirria sözündə olduğu kimi, burada da assur dilində v əvəzinə b yazıldığını güman etmək olar. Sözü ‘alovlu’ mə’nasında alav (alov) və -ri (-li) hissələrinə ayırmaq olar. Yanğın olan və ya alov kimi qırmızıya çalan ərazi imiş.
Mannada vilayət adı (e.ə.714) kimi qeydə alınmış Surikaş toponimini Y.Yusifov altayca süüri -‘itiuc’, ‘üçbucaqşəkilli’, türkcə kaş - ‘silsilə’, ‘dağətəyi’ sözlərinə ayırmış və «itiuclu dağ silsiləsi» kimi izah etmişdir. (7; 353) Q.Qeybullayevin fikrinə görə, türkcə sori ‘alçaq, hamar dağ beli’; ‘dağ keçidi’, kaş ‘qaya’, ‘dağ çıxıntısı’ mə’nasındadır. Qeyd edilən mə’nalar yaxındır. Kaş sözünün ‘qaş’ olduğuna şübhə yoxdur. Suri sözü ‘sivri’ də ola bilər - ‘sivri qaş’. Q.Qeybullayev analoji olaraq Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında Suridaş adlı kənd, Balakən rayonunda Soorqaş adlı dağ olduğunu da bildirmişdir.(6; 74)
Ereşteyena, Arzizu, Şatiraraqani, Sinixinu kimi toponimləri də azacıq fonetik dəyişikliklərlə bərpa etmək olur. Ereşteyena (e.ə.714) sözü Araz sözü ilə döyən sözündən ibarət olub, ‘Arazdöyən’ mə’nasındadır. Mananın Zamua ərazisində vilayət adı Arzizu qədim türkcə ar ‘qırmızıya çalan’ və siz(u) - ‘üfüqdə görünən’ (25; 506) sözlərindən ibarət olub ‘üfüqdə qırmızıtəhər görünən’ deməkdir. Şatiraraqani Mannada - Uişdiş ölkəsində vilayət adı olmuşdur; ş>s keçidi ilə satir - qədim ölçü və pul vahididir: qalan hissə ara(maq) ‘axtarmaq’ sözündən və -qan şəkilçisindən ibarətdir. Söz bütövlükdə ‘mal mübadiləsi aparılan yer’, hərfən ‘mal, pul əldə edilən, axtarılan yer’ mə’nasını verir. Görünür, Uişdişin bu ərazisi ticarət mərkəzi imiş. Sinixinu - Mannada yaşayış məntəqəsinin adı olmuşdur. Assurca yazılışının sinix və in hissələrindən ibarət olduğu (u assur adlıq halının şəkilçisi hesab olunur), türkcə sinq, çinq, qazax dilində şınq, tuva dilində şınq ‘sıldırım dağ yarğanı’, ‘alınmaz dağ’ və in ‘yarğan’, ‘çuxur’, ‘mağara’ sözlərindən düzəldiyi, Gədəbəydəki Şınıx kənd adının sözün birinci komponentinə uyğun gəldiyi göstərilir. (6;77) Qədim türk abidələrində in sözü ‘yuva’, ‘ayı yuvası’ mə’nasındadır. Görünür, yaşayış məntəqəsinə bu adı verənlər onu ‘sıldırım dağ belində alınmaz qala’ kimi təsəvvür etmişlər. İştatti toponimi şt>ss əvəzlənməsi ilə İssatti kimi bərpa olunur və ‘isti yer’, ‘odlu yer’ mə’nasında izah edilir (İran dillərində qarşılığı Atranu sözüdür və ‘Od yeri’ mə’nasındadır). (2; 116)
Manna toponimləri içərisində Urmayate, Sirdakka, Arakdi şəhər və qala adları da vardır. Urmayate (Mannada şəhər və mahal adı) toponimini Q.Qeybullayev Urmiya gölünün adı ilə bağlamağı düzgün hesab etmir və göstərir ki, ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adlı iki yaşayış məntəqəsi olmuş, Urmeyate sözü başqa kökdən olub tədricən Urmiya şəklinə düşmüşdür; sözün əsasını ‘fal, nişan, əlamət, qabaqcadan xəbər vermə’ mə’nasında arım, irim sözü təşkil edir. Bu fikrin əsasında o dəlil də durur ki, bura mağ şəhəri olmuş və mağlar onu Zərdüştün doğulduğu şəhər saymışlar. (6;76) Fikrimizcə, bu sözdə -t, -at substantivlik və cəmlik yaradan şəkilçidir. Sözdə Ur-mia aydın görünür, ona görə də bu sözü -at şəkilçisi ilə urmilər (urmiyalılar) kimi başa düşmək olar. Sirdakka (Mannanın Missi vilayətində qala adı) toponimi türkcə sırt - ‘yastı yüksəklik’, ‘dağ silsiləsi’, ‘yastı dağ yalı’ - protoazərbaycan coğrafi adından (7; 352) və -(a)k şəkilçisindən ibarətdir; k səsi Assur dilində qoşalaşmışdır. Ona görə də əsli Sirdak şəklində olan bu sözü sirt-ak şəklində ayırmaq olar; M.Kaşğari sirt sözünü ‘cod tük’, ‘donuz tükü’ mə’nasında izah etmişdir. (33; 342) Bu söz eyni zamanda ‘biz-biz olmaq, tükləri biz-biz durmaq’ mə’nasını da ifadə etmişdir. Bu mə’nada sirt fe’lindən sirt-ak substantiv sifətinin düzəlməsi də təbiidir və bu sözün mə’nası ‘yastı dağ yalı’ndan çox, ‘kol-koslu dağ yalı’ kimi düşünülə bilər. Görünür, qala kollu dağ yalında, dağ çiynində yerləşirmiş. Arakdi (Mannada şəhər adı, e.ə.881) Q.Qeybullayev tərəfindən türkcə erik, xalxa-monqolca ereq, buryatca erye, kalmıkca erqe ‘sıldırım’, ‘yarğan’, ‘uçurum’, ‘qayanın, dağın kənarı, sahili’ sözündən və di (-li) şəkilçisindən ibarət bir söz kimi izah edilmişdir.(6; 74)
Akşura, Uraş, Şuandahul, Sukki, Tarmakis, Tarun, Tardi, Tikriş, Buştu, Kinaki, Uihiki, Şimerihadiri, Lubliuni, Darbani, Armed, Pardu və s. Manna şəhər və qala adlarının quruluşu onların türk mənşəli olduğunu göstərir. Akşura toponimi ak - ‘ağ’ və şur ‘çay’ sözlərindən; Zirtu (sonralar İzirtu) - ‘yüksəklik’, ‘dağ döşü’, ‘dağ silsiləsi’ mə’nasında sırt, sirt sözündən; Uraş toponimi ur - ‘hündür yer’, ‘yüksəklik’ və aş(maq) fe’lindən düzəlmişdir. Sukki toponimi türkcə çoku, özbəkcə çikki, qazaxca şoki ‘konusvarı yüksəklik’, ‘dağın şiş zirvəsi, təpəsi’ mə’nasında izah olunur (6; 75)
Y.B.Yusifov Tarmakis sözünü türkcə ‘çay keçidi’, Tarun sözünü ‘çay ayrıcı’.(2; 101), Tikriş sözünü tukriş - turqiş - ‘türk’ şəklində izah etmişdir. Bu adların bir qismində tar sözü iştirak edir. Tar sözü qədim türkcədə ‘qamış tikili’, ‘qamış bina’ (34; 148) və eyni zamanda ‘dar’ və ‘daralmaq’ mə’nasında işlənmişdir. Görünür, Tarmakis, Tarun kimi şəhərlərin əsası qamış tikililərdən başlayıb. Tardi sözü mənsubluq bildirən, sifət düzəldən -di(-li) şəkilçisi ilə sözün substantiv formasından əmələ gəlib - tar-li ‘qamışlı’, ‘qamış binalı’ şəklində. -di (-li) şəkilçisi bir sıra başqa sözlərdə də işlənmişdir: Buş-tu, Par-du, Pulua-di.
Manna ərazisində qeydə alınmış: Bunaqiş, Arkaniya, Aziru, Uaşdirikku, Simaki, Uşni, Kinipa, Etini, Sanqiu, Sabua, Nispi, Simaki, Bişbizida, Arsita, Arsiyaniş kimi dağ adları da əksəriyyət e’tibarilə türkcə izah olunur. Dağ keçidinin adını bildirən Bunaqiş toponimi türkcə bun ‘dağlarda keçid başlayan yer’, ‘dağ çökəyi’, qiş ‘qaş’, ‘dağın qaşı’ mə’nasındadır. Arkaniya toponiminin birinci hissəsi arka (arxa) sözü hesab olunur: xakasca arğa ‘uzanmış dağ beli’, erqə ‘sıldırım yer’, ‘yüksəklik’ deməkdir; ikinci hissəsi ni - türk dillərində ‘çökəklik’, ‘çuxur’, ‘uçurum’, ‘yuva’ mə’nalarındadır. Aziru toponimi türkcə izer, izir ‘aşırım’, ‘dağ keçidi’, ‘dağ çökəyi’ sözündəndir (u assur dilində adlıq halın şəkilçisi sayılır). (6;78) Simaki sözünün kökü sim, çim (‘torpağın kökləri bir-birinə qarışmış sıx otlu üst qatı’) sözüdür (assur dilində ç olmadığı üçün söz simaki şəklində yazılmışdır; ak - ‘dağ yamacı’ kimi izah olunur. Qazaxıstandakı Çimbulak, Çim Kurqan dağ adlarında da çim sözü işlənməkdədir.(6; 78) Hiss olunur ki, ak söz yox, isim düzəldən qədim şəkilçidir: od sözündən ot( od)-aq sözünü düzəltdiyi kimi, sim (çim) sözündən çim-ak (‘çim-lik’ mə’nasında) əmələ gəlmişdir. Sanqiu toponimi müasir Səhənd dağı ilə lokalizə edilir. E.A.Qrantovski Avestanın dilindəki ‘əmr’ mə’nasında sanqha sözü ilə izah etməyə çalışmışdır. Təbii ki, əmr sözü ilə dağ adı olmaz. Başqa mülahizəyə görə, ç>s əvəzlənməsi ilə çanq, çınq türk sözündən (‘sıldırım dağ yarğanı’, ‘əlçatmaz dağ’, ‘çətin alınan zirvə’) ibarətdir və Altaydakı Sanqin-Dalay toponimi ilə müqayisə olunur.(6;74) Uaşdirikku toponimini Y.Yusifov türk. vaş ‘baş’, ‘uca’, dirik, tarak ‘daraq’ sözləri ilə, ‘uca, çoxdişli, daraqşəkilli dağ silsiləsi’ mə’nasında izah etmişdir.(7; 353; 2; 100) Q.Qeybullayevin fikrincə, yoğuş (yoxuş) və terek ‘dişli dağ zirvəsi’ mə’nasındadır. Həmdullah Qəzvininin qeyd etdiyi Təbriz yaxınlığındakı Culandarak toponimi ilə eyni sayılır və sözün ikinci hissəsinin Altaydakı Tas-Terek, Krımdakı Tarak-Daş, Tuvadakı Savday-Terek sözlərində də müşahidə olunduğu göstərilir.(6; 75) Sözün birinci komponenti Assuriya ilə Manna arasında Uauş dağının və vilayətinin adında da qalmışdır. Uauş (Uşini) dağ adı (e.ə.VIII əsr) yaş, yaşıl, yaxud baş (‘uca’ mə’nasında) sözünə uyğundur. İ.M.Dyakonova görə, Səhənd dağının bir hissəsidir. Q.Qeybullayevin fikrincə, Səhəndin yox, Savalanın Yaş adlanan hissəsidir. Arsiyaniş toponimində Arsi sözünün dağ adı olduğu qeyd olunmaqla, söz bütövlükdə ‘Arsi yanı’, ‘Arsi yenişi’ (türk. yaniş - ‘eniş’) kimi izah edilə bilir. Q.Qeybullayev arsi sözünün türkcə arça ‘ardıc kolu’, ‘şam ağaclığı’ mə’nasında olduğunu qeyd etmişdir. (6; 75) Manna ərazisindəki Arsita dağ adını da bu əsasla arsi ‘ardıc və şam ağaclığı’ və ta ‘dağ’ sözlərilə izah etmək olar. Kinipa - Manna (Zamua) ərazisində dağ adı olub, Gilqameş dastanında qeyd olunan Nisir dağına uyğun gəlir. Kin/ken qədim türkcədə ‘şəhər’ mə’nasındadır və sözlərin sonunda ‘şəhər’ mə’nası ifadə edir. (33; 339; 25; 297,307) ipa - ‘oba’ sözünə uyğundur. Görünür, dağa yaxın bir oba varmış.
Cənubi Azərbaycan ərazisində sivilizasiya daha çox Urmiya gölünün ətrafı ilə bağlıdır. Hadisələrdə Urmiya gölü tez-tez xatırlanır. Bu göl ilə yanaşı, Araks, Ulay, Edir, İştaraura, Lallu, Elaniu, Buya və s. çay adları da maraq doğurur.
Urmiya gölünün tarixən bir neçə adı olmuşdur və bunların hamısı türkcə izah olunur. Urmiya sözü ur, ure ‘yüksəklik’ və mua ‘su’ sözlərindən yaranmışdır. Strabonda gölün adı Mantiana şəklindədir, Söz Matiyen tayfasının adı ilə eyniləşdirilərək mannalıların hurri mənşəli olması (İ.H.Əliyev) fikrini doğurmuşdur. Q.Qeybullayev bu sözün türkcə man ‘daimi’, ‘həmişəlik’ və tu -’su’ sözlərindən ibarət olduğunu, ‘daimi, axmayan su’ mə’nasında işləndiyini müəyyən etmişdir. Bir sıra türk dillərində s>t keçidi ilə su sözü tu kimi işlənir: Altaymənşəli kamasinlər, koyballar, karakaslar göl məfhumunu thu sözü ilə ifadə edirlər, selkup dilində tu ‘göl’ deməkdir və s. Assur mənbələrində Urmiya gölü Zamua adlandırılır. Bu sözdəki mua b>m keçidi ilə ‘su’ deməkdir. Şumer dilində pu ‘bulaq’, tunqus-mancur dillərində mu, mue ‘su’ deməkdir. Karakasların, koybalların, kamasinlərin dilində bu ‘çay’ deməkdir. Pəhləvi mənbələrində və «Avesta»da Urmiya gölünün adı Çayeçasta kimi işlənmişdir. Bu sözü İran dilləri ilə izah etmək mümkün olmamışdır.
E.A.Qrantovski Xarxar ərazisindəki Siqrakki (başqa variantda Tiqrakki) ərazi adı haqqında geniş mə’lumat vermiş, İran mənşəli saydığı bu sözün kökünün ‘sarımsaq’ mə’nasında siq sözündən ibarət olduğunu göstərmişdir. (26; 241-244) Assur dilində k qoşalaşmışdır. -i şəkilçisi də assur dilinə məxsusdur. E.A.Qrantovski -rak hissəsini izah etməmişdir, yalnız siq kökünün İran dillərində paralellərini axtarmışdır. -raq türk dillərində çox işlənən və daha çox sifətlərə qoşulan, bir çox hallarda tədricən substantiv söz yaradan şəkilçidir; siq sözü isə qədim türk dillərində ‘yerin ölçü vahidi’, ‘yerin ölçüsü’ və ‘sıx’ (dar, kiçik) mə’nasındadır. (25; 504) Siqrak - ‘dar yer’, ‘kiçik ərazi’ deməkdir. S-t fərqi isə mümkün haldır: Assur yazılarında eyni coğrafi adın müxtəlif şəkildə yazıldığı hallar çoxdur: Xarxubarra - Xalxubarra, Erenziaş - Elenziaş, Uişda - Uişdiş və s. Bunlar şivə fərqi və ya qonşu tayfa dilinə aid xüsusiyyət ola bilər.
Bir sıra sözlərin sonunda işlənməklə yanaşı, Urmiya gölü ətrafında Buya ayrıca çay adı kimi də işlənmişdir. Türkcə biya ‘çay’, ‘su’ deməkdir. Bu söz Ob çayının qolu Biya, Tatarıstanda Biya, Muya, Başqırdıstanda Kamanın qolu Bıua, Orta Uralda Vıya, Tümen əyalətində Vıya çay adları ilə eynidir.(6; 78) Bütün bunlar öz mənşəyini Ön Asiyadan götürür. Biya çay adı ilə Zamua göl adının ikinci komponenti b>m keçidi ilə eynidir.
Araks sözü qədim yunanlar tərəfindən qeydə alınmışdır. Y.Yusifovun fikrincə, ar hind-Avropa mənşəli olub ‘su’, aks (oks) türk mənşəli olub ‘çay’, ‘su’ deməkdir.(7; 299) Elamda çay adı kimi işlənmiş Ulay sözü - ‘olay’ sözüdür; Sonrakı adı Karun (kar - ‘iş, hərəkət’) da bunu sübut edir. Mannada çay adı olan Edir - r-l keçidi ilə türk dillərində Volqanın qədim adı ilə (Edil) eynidir. (7;342) Aydın olur ki, Volqanın qədim adını türklər Ön Asiyadan - Azərbaycandan aparmışlar.
Manna çay adlarından biri də İştaraturadır; işta -türk. ‘isti’, raura - hind-Avr. ‘çay’ deməkdir və söz bütövlükdə - ‘isti çay’ mə’nasını verir. Orta əsrlərdə buradan axan çayın «Gərm rud» (‘İsti çay’) adlandırılması da (7; 353) bu fikri təsdiq edir.

Manna antroponimlərinin mənşəyi rus və Avropa tədqiqatçıları, iranşünaslar tərəfindən İran və Qafqaz dillərində axtarılmış, etimoloji izah verə bilmədikdə həmin sözlərin namə’lum «qədim yerli dillər»ə aid olduğu və ya «Zaqro-elam dilləri», «Kaspi dilləri» kimi uydurma dil qrup və ya ailələrinə aid olduğu qeyd edilmişdir. Son dövrün tədqiqatçıları Manna antroponimlərinin türk dillərinə aid olduğunu müəyyənləşdirmişlər. Assur və Urartu mənbələrindən götürülərək araşdırılan adlar mannalıların dilinin fonetik xüsusiyyətlərini olduğu kimi əks etdirə bilmir. Yazı həmin dillərin fonetik xüsusiyyətlərinə əsaslandığı üçün etimoloji izah çətin olduğu kimi, bə’zən təqribilik hallarından da məhrum deyildir. Lakin əksəriyyət e’tibarilə xüsusi adların türkmənşəli olduğu özünü qabarıq şəkildə göstərməkdədir. Xüsusilə Q.Qeybullayevin araşdırmalarının mühüm faktlara söykənən əhəmiyyəti orasındadır ki, nümunələr VII-XII əsrlərin və müasir türk dillərinin materialları ilə müqayisə əsasında izah edilmiş, Manna xüsusi adlarının Xəzərin şərqində yaşayan türk xalqlarının dillərində zəngin analoqları müəyyən edilmişdir.
Q.Qeybullayev qədim Manna və Mada ərazilərindəki bir çox toponim, etnonim və antroponimlərin, o cümlədən sar (çar) adlarının əksəriyyət e’tibarilə türk mənşəli olduğunu müəyyən etmiş, e.ə. I minilliyin birinci yarısına aid türk mənşəli zəngin onomastik material ortaya çıxarmışdır. (bax: 37; 46-275) Müəllif yazır: «Mannaların etnik mənsubiyyəti indiyədək namə’lum qalmışdı. Azərbaycan tarixçiləri də onları hurri mənşəli sayır, lakin Manna toponimlərinin və şəxs adlarının mə’lum şərq dillərində, o sıradan hurri dilində olmadıqlarını yazırlar. Deyilir ki, Midiya dövlətinə birləşdirildikdən sonra mannalılar iranlılaşmışlar, çünki Maday (Midiya) dövlətini iranmənşəli xalqın qurumu sayırlar. Bütün bu fikirlərin yanlış olması araşdırmalarımız nəticəsində üzə çıxdı və mannaların türkmənşəli olması aydınlaşdı. Sözsüz ki, türkmənşəli kutilər, lullubilər və kasların əsasında yalnız türkmənşəli etnos yarana bilərdi». (11; 30-31)
Bu cəhətlərə, eyni zamanda tədqiq və araşdırmalarımızın ümumi nəticələrinə əsasən biz də bir sıra Manna şəxs adlarını nəzərdən keçirməyi lazım bilirik.
Buriaş və Yanziburiaş şəxs adlarında buriaş komponenti eynidir. Allabriya hakimi Yanziburiaş (e.ə.843) adında yanzi sözü şumerlərdəki ensi ‘hakim’, ‘hökmdar’ sözünün lokal formasıdır. E.A.Qrantovski Buriaş sözünün kassitlərin allah adı olduğunu qeyd etmişdir.(26; 129) Buriaş sözü nostratik boran (burə) sözü ilə eyniköklüdür. Lakin kassit dilinə məxsusluğu və kassitlərin türkmənşəli olması sözün ilkin türk forması olduğunu göstərir.
Zamuanın girişində əyalət hakiminin (e.ə.881-880) adı - Araştua antroponimi II Aşşurnasirapalın Kalxudan tapılmış «Böyük Monolit»ində üç dəfə işlənmişdir. Söz Ar-aş-tu-a, A-ra-aş-tu-a və A-ra-aş-tu şəkillərində oxunur. E.A.Qrantovski İran mənşəli Arşatava(h) və ya Rşatava(h) sözü ilə əlaqələndirmişdir. (26; 121) K.Tallkvist də İran mənşəli saymışdır. (39; 270) Q.A.Melikişvili yerli qədim dillərə aid etmişdir. E.A.Qrantovski sözün tua hissəsinin ‘güc’, ‘qüvvət’ mə’nasında tava sözündən olduğunu, arşa sözünün isə ‘güc ilə tə’min edən və ümumən ‘ər’, ‘kişi’ mə’nasında işləndiyini qeyd etmişdir. (26; 122) Q.Qeybullayevin fikrinə görə, şumer dilində eriş ‘bağışladı’, ‘bəxşiş verdi’ sözü ilə Utu (Günəş allahı) sözlərindən düzəlmişdir,-‘Utu (allahının) bəxşişi’ mə’nasında. (6; 80) Bizim fikrimizcə, sözün kökündə ‘igid’, ‘ər’, ‘əsgər’ mə’nasında ər sözü durur: ərşə - ərsə - ‘ərləşmək’, ‘igidləşmək’; tau - ‘dağ’ sözüdür - ‘dağ kimi güclü’, ‘dağ gövdəli ər’. Araştu şəklində oxunmuş bu söz, yəqin ki, Arşatu şəklində olmuşdur.
Sibara əyalət hakiminin adı Birtatu (Pirtatu, e.ə.714) sözü K.Tallkvist və İ.M.Dyakonov tərəfindən iranmənşəli sayılmamışdır. E.A.Qrantovski sözün əsasını iranmənşəli bar - «nesti» sözü ilə əlaqələndirmiş, daha geniş şəkildə ‘bağışlamaq’, ‘təltif etmək’ mə’nalarında izah etmişdir. (26; 203) Bar - türk dillərində ‘getmək’, ‘aparmaq’ mə’nasında işlənən ən qədim sözlərdəndir. Lakin birtatu sözünün kökü ber fe’linə daha yaxındır. Ber sözü isə qədim türkcədə ‘vermək’, ‘təltif etmək’, ‘bağışlamaq’ (25; 95) mə’nasındadır. Birtatu sözü skif çar adı Partatua (Herodotda Prototi) ilə oxşarlıq təşkil edir. Bu oxşarlıq skif-türk tayfalarının vaxtilə Ön Asiyadan ayrıldığına dəlalət edir.
Bit-Kapsi ilə Sibara arasındakı ərazinin hakiminin adı E.A.Qrantovski tərəfindən Bur-dada (e.ə.672) kimi qeyd olunmuşdur. Lakin müəllif bu sözü Bur-dada kimi yox, Burda-da kimi ayırmışdır. (26; 239) Görünür, Bur-dada kimi ayırdıqda mənşə aydın görünür, dədə sözü oxunur. Bur hissəsi isə bəlkə də pir sözüdür. Bu cür olduqda yuxarıdakı izah da öz əhəmiyyətini itirmiş olur, yə’ni Birtatu, Pirtatu, Prototi sözlərini də dədə sözü ilə izah etmək lazım gəlir. Qeyd edilən bu oxşar sözləri (Birtatu, Prototi, Burdada, Pirtatu) təhlil edərək bu qənaətə gəlmək olar ki, bunların hamısı eyniköklüdür və ber ‘ver’, dədə ‘dədə’ sözlərindən düzəlmişdir, ümumi mə’nası ‘Dədə verdi’ kimi anlaşılır.
E.ə.714-cü ilə aid abidədəki Birtati forması Andarpati-Andarpatianu adlanan yerin qonşuluğundakı ərazi hakiminin adı olmuşdur. Buradakı Andarpatianu sözü (26; 239-240) gələcək Atropatenanın əcdadı kimi görünür.
Manna şəxs adları içərisində qohumluq terminləri ilə düzələn şəxs adlarının olması da yuxarıdakı fikri söyləməyə əsas verir. Bu cəhətdən Ata, Kakia kimi şəxs adlarını xüsusi qeyd etmək olar.
Zamuanın (Manna) Arzizu vilayətində hökmdar adı Ata (e.ə. 881-880) antroponimini V.İ.Abayev e.ə. IV əsrdə skiflərdə təsadüf edilən Atey adı ilə düzgün əlaqələndirmiş, lakin hər iki sözü həm osetin dilinə aid etmiş, həm də ədə sözü ilə bağlamışdır, bu sözlərin türk dillərinə məxsus olduğunu düşünməmişdir. E.A.Qrantovski də ata sözünün osetin dilindəki ədə ‘oteü, deduşka’ sözü olduğunu göstərmişdir. (26; 124) Halbuki bu söz türk dillərində mixi yazılardakı şəklinə daha uyğun formada - «Ata» şəklində işlənməkdədir.Türklərdə ata - müasir mə’nasından əlavə, ‘ulu əcdad’, ‘müqəddəs sələf’, ‘ulu’ mə’nalarını da ifadə etmişdir və erkən orta əsrlərdə uyğurlarda Atey Sili xaqan, Orta Asiyada ərəblərə qarşı Xürrəmi üsyanının başçısı Ata (776), Buxara hakimi Qisrif ibn Ata (VIII əsr) və s. adlarda da özünü qoruyub saxlamışdır.(6; 80) Ulu dildən gəlsə də, mixi yazılarda türk formasıdır.
Mannada şəxs adı kimi işlənmiş Kakia (e.ə.859) antroponimini E.A. Qrantovski e.ə.520-ci ilə aid mənbədə Midiyada adı çəkilən Kaki adı ilə müqayisə etmiş, əfqan dilindəki kaka, qaqa sözləri ilə izah edərək İran mənşəli saymışdır. Əslində isə bu söz türk dillərinə məxsusdur və türk dillərində qağa ‘böyük qardaş’ mə’nasında geniş işlənməkdədir. Hunlarda Aq-Kaqa, oğuzlarda Əmir Kakaş adlarında da özünü göstərir. Sözün kökünü şumercə kiak ‘sevimli’ sözü ilə də bağlamışlar. (6; 81)
Fikrimizcə, qohumluq terminlərindən düzələn şəxs adlarına Nur-Adad adını da qeyd etmək olar. Nur-Adad (Mannada Daqar hakiminin adı, e.ə.881-880) adını E.A.Qrantovski şəksiz-şübhəsiz akkad mənşəli saymışdır. (26; 124) Nur sözü aydındır. Lakin Adad sözü izah edilmir. Bizim fikrimizcə, bu sözdə saitlər samitdən sonra - Nur Dədə şəklində oxunmalı idi. Söz türk adlarına müvafiq qurulmuşdur və çoxişlənən Dədə sözündən ibarətdir. Dədə sözünün bir xüsusi ad kimi Manna dövründə dəb şəklində işləndiyini göstərən bir cəhət də başqa bir abidədə eyni mə’nada, lakin bir qədər fərqli oxunuşla təqdim edilən Dada adıdır. Dada (e.ə.820) Lullume-Zamua əyalətində Arzizu hakiminin adıdır. Adın Data (Data-a, Data-na) forması da mixi yazılarda işləkdir və bunların eyni ad olduğu şübhəsizdir. Dada - bə’zi alimlər tərəfindən Ön Asiyanın qədim dillərinə aid edilir. Hurrilərin və ya subarların dilinə aid edildiyi hallar da vardır. E.A.Qrantovski bu sözün İran mənşəli olmadığını qeyd etmiş, dat, dad, dada, data ‘dannıy’, ‘daöşiy’ sözlərindən ola biləcəyini təxmin etmişdir. (26; 124-125) Halbuki bu sözün türk mənşəli olduğunun sübuta ehtiyacı yoxdur. Türk dillərində Dədə sözünün iştirak etdiyi xüsusi adlar çoxdur: Dədə Qorqud, uyğurlarda (erkən orta əsrlər) Daday, türk runi yazılarında Dad, Şah İsmayıl Xətainin köməkçisi, qızılbaş bəylərindən Dədə bəy, Şirvan hakiminin oğlu Dədə xan (XVI əsr), e.ə.VI əsrdə Midiyada Dadaş və s. Dədə türkcə ‘ata’, ‘baba’, ‘ustad’, ‘ağsaqqal’ mə’nalarındadır.
E.ə. IX əsrin son rübündə Mada ərazisində qeydə alınmış 28 hökmdar adından biri Tata’dır. Aramey və akkad sənədlərində Ta:ta şəklində işlənən bu ad da ‘ata’ mə’nasındadır. Bə’zən oğula müraciətlə işlənmişdir. E.A.Qrantovskinin iranmənşəli saydığı bu söz də Dədə sözüdür. Bu adın mağlara aid olması (26; 217) ‘ata’ mə’nasını daşımaqla yanaşı, bə’zən uşaqlara da müraciətlə işlədilməsi həmin sözün Dədə sözündən ibarət olduğuna şübhə yeri qoymur (Yalnız bizim xalqın dilində əzizləmə məqamında uşağa «dədə» deyə müraciət edilir).
Manna hökmdar adlarından Musasin (e.ə.881-880) antroponimini Q.Qeybullayev şumercə mu ‘mənim’, sa/za ‘ürək’ və Sin (Ay allahının adı) sözləri ilə izah edərək ‘Ay allahı mənim ürəyimdir’ kimi mə’nalandırmış və Sin sözünün şumer-akkadlarda Şusin (e.ə.2037-2029), İbisin (e.ə. 2028-2004), Ramsin (e.ə.1822-1763), Elamda Varadsin (e.ə.1834-1823) çar adlarında da işlənmiş olduğunu qeyd etmişdir. (6; 79) Şumerlərdə Ay allahının adı ilk dövrlərdə Suen şəklində olmuş, hətta akkadlar da həmin sözü bir müddət öz çar adlarına bu cür əlavə etmişlər: Bur-Suen, İbbi-Suen, Naram-Suen və s. (e.ə.III minillik). Lakin sonralar bu söz sin şəklinə düşmüşdür.(6; 79) Mannada Musasin, Erisin, Şarsin çar adları bu cür izah olunur. Sin müxtəlif variantlarda: -sın, -sin, -sun, -sen şəkillərində işlənmiş və qədimdə ‘adam’ mə’nasını ifadə etmişdir; -çı,-çi, -çu,-çü şəkilçisinin əcdadı hesab olunur. Sarışın, qaraşın sözlərində ‘sarı adam’, ‘qara adam’ mə’nasında qaldığı göstərilir.
Q.Qeybullayev yazır: «Manna və Midiyada şəxs adlarının şumer dilindən olması diqqətəlayiq məsələdir. Bunun səbəbini aydınlaşdırmaq çətindir: ya qədim mannalar və madaylar (yaxud onların müəyyən hissəsi) mənşəcə sonrakı şumerlərdir, ya da Altay-türk mənşəli şumercə hesab etdiyimiz sözlər mannaların və madayların da dillərində vardı». (6; 79-80) Şumerlərlə mannalar lullubilər, sular, kutilər, turukkilər vasitəsilə qohumdur. Əvvələn, şumerlər kuti və lullubilərdən ayrılıb İkiçayarasına enmişlər, eyni kökdən olan tayfalardır, ikincisi də akkadlar Şumeri işğal edərkən şumerlərin bir qismi İkiçayarasını tərk edərək yenidən öz vətənlərinə - Manna ərazisinə qayıtmışlar. Sin sözü Ullusunu, Telusini, Şulusunu, Erisini, Şarsin kimi bir sıra başqa Manna şəxs adlarında da qalmışdır.
E.A.Qrantovski Ullusunu (Manna hökmdar adı, e.ə.716-680) sözünü iranmənşəli saymamışdır.(26; .248) Bu söz qədim dillərdə də izah olunmur. Sözün türk dillərində ‘ulu adam’, ‘hökmdar’ mə’nasında ulu sözü ilə sin sözünün birləşməsindən düzəldiyi göstərilir. (7; 350) Telusini (Manna canişini) sözünü Y.Yusifov «Tele tayfasına mənsub adam» mə’nasında izah etmişdir.(2,117) Q.Qeybullayev isə telu ‘qoçaq’, ‘cəsur’, arxaik mə’nada ‘dəli’, yaxud tuluy ‘çalağan quşu’(«Dədə Qorqud»da «tulu quşun yavrusu» ifadəsi) və Sin (allah) sözü ilə bağlamışdır. Kök e’tibarilə Sin allah adı olsa da, artıq ‘adam’ mə’nasını ifadə edir. Sözün kökü (Telu) «Dədə Qorqud»da Dəli Qarcar, Altayda türk xaqanı (VI əsr) İbn Tulu, VII əsrdə türk bolqarların xanı Dulu (Tulu), yenə həmin əsrdə Altayda Şibi xaqanın oğlu Tuli, Çingiz xanın oğlu Tuluy adları ilə müqayisə edilmişdir.(6; 83) Andiya vilayət hakimlərindən birinin adı da Telusina olmuşdur.
E.A.Qrantovski Şulusunu (Manna ərazisində Xarruna hakiminin adı, e.ə.828) antroponiminin də İran dillərindən olmadığını, yerli əhalinin dilinə məxsus olduğunu qeyd etmişdir. (26; 188) Ullusunu, Telusini, Erisini və s. kimi adlar göstərir ki, bu sözlər eyni quruluşludur və ikinci komponent sin sözündən (sonrakı dövrlərdə -çı şəkilçisindən) ibarətdir. Şulu, güman ki, tayfa adıdır. Söz ‘Şulu (tayfa) adamı’ mə’nasını verir. Erisinni (e.ə.719) antroponimini də E.A.Qrantovski iranmənşəli saymamışdır. (26; 248) Söz qədim türk dillərində eri - ‘ər’, ‘cəsur’, -sin ‘adam’ hissələrinə ayrılır. Başqa bir mülahizəyə görə, şumer dilində ere ‘qul’ və Sin (Ay allahının adı) sözlərindən düzəlib, ‘Sin (allahının) qulu - Allahqulu’ deməkdir. (6; 82) İ.M. Dyakonov e.ə.3000-2800-ci illərdə akkad dilinə məxsus ere sözünün şumerlərə keçdiyini qeyd etmiş, türk dillərindəki ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’ sözünü bu sözdən fərqləndirməyə çalışmışdır. Əslində isə ‘qul’, ‘oğul’, ‘adam’, ‘döyüşçü’ və s mə’nalarda olan ər, ere sözü ulu dilə məxsusdur və müxtəlif dil ailələrinə ulu dildən keçmişdir. Lakin qeyd edilən forma şumer-türk formasıdır. Sözün ‘cəsur adam’, ‘igid adam’mə’nası daha ağlabatandır.
Sin sözünün iştirakı ilə düzələn Şarsin (e.ə.821) sözünün birinci komponenti şar - ‘sar’, ‘çar’ sözüdür. Söz ‘çar adam’, ‘hökmdar’ mə’nasında ləqəb kimi çıxış edir. E.A.Qrantovski sözün iranmənşəli olmadığını qeyd etmişdir. (2; 6194)

Sin sözünün daha qədim ‘Ay allahı’ mə’nası nəzərə alınaraq, Şarsin sözü ‘Sin (allahı) çardır’ kimi də izah edilmişdir.(6; 83) Y.Yusifova görə, ‘sarışın’, ‘sarımtıl adam’ mə’nasındadır.
E.A.Qrantovski Ualki (Udaki) (Manna hökmdar adı, e.ə.828) antroponimini Hudaka şəklində bərpa etməyə çalışmış və İran mənşəli sayaraq Hu-da-ka hissələrinə ayırmışdır. Müəllifin fikrincə, əsas hissə da fe’lidir - hind dilində «yaxşı (və ya çox) bəxş edən» mə’nasındadır; -ka - şəkilçidir.(26; 186) Biz əlavə edirik ki, qədim sanskritdə Udaka şəxs adı da vardır (25; 605), lakin, fikrimizcə, sözün əsasında türk ud fe’li durur. Qədim türklərdə ud fe’li ‘izləmək’, ‘qovuşmaq’ mə’nalarındadır (25; .605); Ki - şumer allah adıdır və söz bütövlükdə «Yer allahının ardınca gedən» mə’nasını verir. Görünür, söz, əslində, Udenki (Ud-En-Ki - ‘EnKi-yə qovuşmaq’, ‘EnKi-ni izləmək’) şəklində olmuşdur.
Manna xüsusi adlarından biri də Kundaşp (e.ə.854) sözüdür. İ.M.Dyakonov və E.A.Qrantovski sözün sonunda əsb ‘at’ (fars) sözünü görmüşlər. Q.Qeybullayev türkcə kun ‘gün’, daş ‘həmrə’y, ‘yoldaş’ və bi, pi ‘başçı’, ‘knyaz’, ‘şahzadə’ sözlərinə ayırmışdır’. «Oğuznamə»də Gün xan, oğuzlarda (XI əsr) Gün Toqdı, qazaxlarda Kunsulu və s. adlarda da işlənmişdir. Kuştaşpi (e.ə. 742) sözü də eyni cür izah olunur: türkcə kuş (quş), daş və pi sözlərinə ayrılır. Xarəzm hakimi (XIII əsr) Kuş təq’in adı. (6; 81) Onu da qeyd edək ki, bu sözlərdə -daş göstərilən qrammatik mə’nanı ifadə edən şəkilçidir.
Manna hökmdar adı İranzu (e.ə.740-719) türk dillərində ir - ‘cəsur’, ‘ər’ (yaxud ir tayfa adı), -an mənsubluq bildirən şəkilçi və zu(n) - sun ‘kişi, adam’ sözlərinə ayrılmış, - ‘ən cəsur adam’, yaxud ‘İr tayfasına mənsub adam’ mə’nasında izah edilmişdir. (2; 118) Başqa bir mülahizəyə görə, türkcə ər ‘kişi’, ‘igid’ və kas dilindəki yanzi ‘hakim’, ‘hökmdar’ sözlərindən, yaxud türkcə ərən ‘cəsur’, ‘mərd’ və şumercə zu ‘müdrik’ sözlərindən ibarətdir. (6; 94) Bu izahlar göstərir ki, İranzu ad deyil, ləqəb olmuşdur. İranzu - akkad formasıdır, sözün ikinci komponenti kassi dilində yanzi, şumer dilində ensi sözlərinə uyğundur. E.A.Qrantovski sözün iranmənşəli olmadığını e’tiraf etmişdir. (26; 248)
Mannanın və Manna əyalətlərinin Metatti, Nikdiar, Asa, Baqdatti, Kirtiara, Ameka kimi bir sıra hökmdar adları da türkcə izah olunur.
Zikirtu canişininin adını bildirən Metatti antroponiminin hind-Avropa me (med) ‘bal’ sözü ilə türk -tti (-li) şəkilçisindən ibarət olduğu və «Ballı» mə’nasında işləndiyi qeyd edilmişdir (7; 350); m-b keçidi ilə med və bal nostratik sözdür, əksər dil ailələrində işlənməkdədir. Nikdiar (e.ə.821) şəxs adı Q.Qeybullayev tərəfindən şumer dili materialları əsasında iki cür izah edilmişdir: Enki - Şumer allahı, du ‘yaxşı’ və ara ‘qul’ sözlərindən ‘Enki allahının yaxşı qulu’ mə’nasında; ni(k) ‘şey’, di ‘tikmək’ və ara ‘qul’ sözlərindən ‘(Allaha) mülk tikən qul’ mə’nasında.(6; 82) Fikrimizcə, Enki və ər sözləri doğru müəyyən edilmişdir; di sözünü şumer dilindəki ‘tikmək’, ‘qurmaq’, ‘eləmək’ mə’nasında nəzərə almaqla sözü ‘Enki ər edən’ (Enki tərəfindən ər edilən) mə’nasında ləqəb saymaq daha düzgün olardı: Enki-di-ər - ‘Enki etdi ər’. Nikdiar sözü ilə ona görə bir qədər fərqlənir ki, mixi yazı oxunarkən eN və Ki sözlərində saitlər buraxılmış, arada bir sait işlətməklə NiK hecası düzəldilmişdir.
Mannada Upudan əvvəlki Gilzan hakiminin (e.ə.718-716) adı Asa (Asau) başqa bir mənbədəki Aza adı ilə uyğundur; türk aca («böyük qardaş») sözünün mixi yazılış forması sayılır. E.A.Qrantovski də Asa və Upu adlarını İran mənşəli saymamışdır.(26; 130) V əsr Alban çarı Asay, orta əsr xakas xaqanı Ajo, uyğur xanlarından Aço, oğuzlarda Azak adları ilə müqayisə edilir.(6; T94) Baqdatti - Mannada vilayət canişininin adı olmuşdur; Altay-türk baqda (boqda) ‘müqəddəs’ və -ti (-li) şəkilçisindən ibarətdir. Kirtiara (e.ə.881-880) - Zamua ağzında əyalət hakiminin adı olub, əksər alimlər (Q.A.Melikişvili, İ.M. Dyakonov, İ.H.Əliyev və b.) tərəfindən «yerli adlar» sırasında qeyd edilmişlər. E.A.Qrantovski hind dilindəki krti ‘yararlı’, ‘iş görən’, ‘fəal’ sözü ilə əlaqələndirmişdir. Q.Qeybullayev Kiur (allah), ti ‘tikən’ və ara ‘qul’ sözləri ilə izah etmişdir: ‘Kiur (allahının) tikən qulu’.(6; 80) Sözün kökündə həqiqətən Kiur sözü aydın müşahidə olunur. Sonunda ər sözü də şübhə doğurmur; ti hissəsi daha çox ‘di/de(mək)’ fe’linə uyğun gəlir - ‘Kiur deyən ər’ mə’nasında. Ləqəb kimi dərk olunur. Sözün əsli, zənnimizcə, Kiur-ti-ər olmalıdır. Mannanın Zamua vilayətlərindən birində hökmdar adı Asa (Asau) (e.ə.881-880) E.A.Qrantovski tərəfindən İran mənşəli sayılmışdır. (26;123-124) V.Miller, F.Yusta, M.Fasmer, A.Zqusta və b. skif-sarmat dillərində amayakos, osetin dilində amayəq (‘inşa etmək’, ‘tikən’, ‘inşaatçı’ mə’nalarında) sözləri ilə müqayisə etmişlər. Bizcə, bu cür müqayisə, qeyd edilən söz hətta ləqəb də olsa, ağlabatan deyildir. Q.Qeybullayevin fikrincə, türkcə amaq, omaq ‘qıvraq’, ‘xoş təbiətli’, ‘cəld’, ‘yaxşı əhvali-ruhiyyəli’ sözündəndir. Skiflərdə Amak (e.ə.VII əsr), sarmatlarda Amaqa, sonralar Elxanilər sülaləsində Abaqa xan, XIV əsrdə Sibirdə Tümen xanı İbak və s. adlarla daha əsaslı müqayisə olunur. (6; 79) Akkad dilində e-nin ‘ai’, ‘aya’ kimi oxunduğu mə’lumdur. Ona görə də Ameka sözünün Amayaka kimi tələffüzü də düşünülə bilər. Burada isə amay və aqa sözləri müşahidə olunur.
Y.B.Yusifov Ahşeri, Ualli, Urtaki, Teuman Manna və Elam hökmdar adlarını türkcə izah etmişdir. Ahşeri (e.ə.675-650) adı eri ‘ər’, ‘kişi’ ‘qoçaq’, ‘cəsur’ və axs/axş ‘axsaq’, ‘ləng’, yaxud aşex ‘alçaq’, ‘mənfur’ türk sözləri ilə izah edilmiş, ‘mənfur ər’ və ya ‘axsaq, ləng ər’ kimi mə’nalandırılmışdır. Hökmdara verilmiş ləqəb olduğu güman edilir. (7; 354; 2,117) Ualli (yaxud Valli) (e.ə.650-630) şəxs adı türk dillərində ualli, balli - ‘ballı’, ‘şirin’, ‘bal kimi’ sözləri əsasında Bal-lı adının ilkin forması sayılır. (7; 354) Urtaki (Elam hökmdar adı, e.ə VII əsr) - orta+-q (‘əlbir’, ‘dost’) sözüdür, Teuman (Elam hökmdar adı, e.ə VII əsr) isə hunlarda Teoman (Tuman) hökmdar adına uyğun hesab olunur (7; 323) və s. Bunlardan əlavə, mixi yazılarda Zizi (Qizilbundada çar adı), Zala (Kitpatda çar adı) kimi iranmənşəli olmadığı qeyd edilən (26; 204) bir sıra adlar da vardır. Şübhəsiz, bunların yazılışında təhrif vardır.
Qədim yazılarda tək-tək ümumi isimlərə də rast gəlmək olur. həvən - türk mənşəli söz olub ‘həvəng’ deməkdir. Avestada işlənməklə yanaşı, Persapolda tapılmış qablar üzərində də yazılmış olduğu göstərilir. Elam dilində alala sözü ‘halla-halla’ nidası kimi başa düşülür (7; 326)
Qonşu xalqların, xüsusən elamların dilində də türk mənşəli sözlər qabarıq görünməkdədir. Sukkalmah - Elamda yaranmış üçhakimiyyətli sistemdə ali hökmdar tituludur - ‘böyük elçi’ mə’nasındadır; sukkal - saqqal, mah - b>m keçidi ilə ‘böyük’ sözüdür. Ondan aşağı vəzifəyə sukkal («elçi») deyilirdi. Görünür, söz sineqdoxa (kiçiltmə) yolu ilə yaranmışdır.