MANNA: etnik tərkib və dil məsələləri

E.ə. I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazilərində Manna dövləti yarandı. Manna haqqında ilk dəfə e.ə.843-cü ilə aid Assur qaynaqlarında mə’lumat verilir. Manna ilk dövrlərdə hələ Cənubi Azərbaycan ərazisindəki bütün vilayətləri birləşdirə bilməsə də, Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş, Missi, Gizilbunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirti və Andia vilayətlərini əhatə edirdi. (2; 87) İki düşmən dövlət arasında idi, daim assurların və Urartu dövlətinin işğalçı hücumlarından qorunmalı olurdu. Assur padşahı III Tiqlatpalasarın (e.ə.744-727) Urartu ilə düşmən münasibətindən istifadə edən Manna hökmdarı İranzu (e.ə.740-719) Mannanın qalan vilayətlərini də mərkəzi hakimiyyətə tabe edərək indiki Cənubi Azərbaycan hüdudlarında tam bərqərar olmuş və Manna qüdrətli bir dövlətə çevrilmişdir. Assuriya ilə ittifaq Mannaya öz müstəqilliyini qorumağa kömək edirdi. Lakin Manna bə’zən formal olaraq Assuriya asılılığında qalmalı olmuşdur. E.ə.VII əsrin birinci rübündə Mannanın qərb və cənub-qərb vilayətlərində kimmer-skif-sak tayfa birləşmələri məskunlaşmağa başlayır. Bunlar Assuriyaya qarşı böyük təhlükə yaradırdılar. Bundan istifadə edən Manna hökmdarı Ahşeri (e.ə.675-650) ittifaqı pozaraq Assur asılılığından ölkəni xilas edir, müstəqil siyasət yürütməyə başlayır. Buna görə də Assur hökmdarı Aşşurbanipal (e.ə.669-627) Manna ərazisinə hərəkət edir (e.ə.650). Assur meylli daxili qüvvələr Ahşerini öldürürlər. Ahşerinin oğlu Ualli hakimiyyətə keçərək (e.ə.650-630) Assuriya ilə ittifaqı bərpa edir. Lakin Assur dövləti də, Manna da tədricən zəifləyirdi. Manna e.ə.615-613-cü illərdə güclü Mada (Midiya) dövlətinə qatılır. Bundan sonra Mannanın adı bir daha e.ə.593-cü ildə çəkilir. Tarixçilərin fikrincə, Madaya qatılsa da, bu vaxtacan o öz müstəqilliyini az-çox saxlayırmış. Qeyd edilən etnonim e.ə.VII əsrin sonlarına kimi Assur mənbələrində Manna, Urartu mənbələrində Mana şəklində işlənmişdir. Yerli tələffüz şəkli mə’lum deyil.
Mannalılar lullubilərin və kutilərin varisləri idilər. İ.M.Dyakonov qeyd edir ki, Manna lullubi-kuti dövlət qurumu idi. Q.A.Melikişvili göstərir ki, Manna etnik addır, tayfa adıdır, sonralar tayfa birləşməsinə və ölkə adına çevrilmişdir.
Qədim Şərq tarixinin bütün tədqiqatçıları (İ.M.Dyakonov, Q.A.Melikişvili, İ.Q.Əliyev, Y.B.Yusifov, Q.A.Qeybullayev, S.M.Qaşqay və b.) çoxsaylı Manna əhalisinin yüksək mədəni və iqtisadi inkişafa malik olduğunu, tədricən ölkə daxilində tayfaların konsolidasiyasını qeyd etmişlər.
İ.H.Əliyev mannalıların dilini belə adlandırdıqları «Zaqro-Elam», qismən də «kuti-Qafqaz» və ya «subar-hurri» dil qruplarına aid etmişdir.(9; 27) R.M.Böhmer də Manna əhalisini hurri hesab edir. O, Assur və Urartu mənbələrindəki Manna toponim və antroponimlərinin siyahısını çıxararaq, bunların əksəriyyət e’tibarilə hurri dilinə, az bir qisminin kassilərə aid olduğunu güman etdiyini bildirmişdir. (28; 18-19; 9; 44) İ.M.Dyakonov Manna dövlətinin hurridilli olmasını və Zaqroş dağlarından şərqdə hurrilərin mövcudluğunu qəbul etməmişdir. (29; 116-117)
Q.A.Melikişvili aydın şəkildə yazır ki, «Manna yer adlarının böyük əksəriyyəti nə İran, nə sami mənşəlidir, «Asiya sifəti» daşıyır». (24: 60) Q.A.Melikişvili bunu da qeyd etmişdir ki, Mannanın yüksək mənsəb sahiblərindən bir-ikisinin adının İran mənşəli izahı qətiyyən lullubi-kutilərin iranlılaşdırıldığını deməyə əsas vermir. Lakin Mannanın «aziatik» əhalisi ətrafında irandillilər vardı. Əksəriyyət e’tibarilə lullu, kuti, su və turikkilərdən ibarət olan bu regionun əhalisi üç min ilin müddətində əsasən sabit qalmış, nəzərə çarpacaq yerdəyişmələr olmamışdır. T.A.Ratbun Həsənluda aşkar edilmiş materialları analiz edərək bu nəticəyə gəlmişdir ki, Manna ərazisində əhalinin fiziki tipi sabit və yekcins olmuşdur.(31; 41-42) İ.M.Dyakonov e.ə. Manna dövlətinin mövcud olduğu IX-VII əsrləri nəzərə alaraq yazır: «İndiki İran Azərbaycanı və İran Kürdüstanı rayonları e.ə.IX-VII əsrlər ərzində irandilli deyil, lullubey-kuti və bu tipli dilli olaraq qalırdılar, yalnız Midiyanın şərqi, indiki Tehran və İsfahan rayonları artıq tam şəkildə Orta Asiyanın köçəri tayfalarından ayrılmış irandilli elementlərlə əhatə olunmuşdu».(10; 151)
«A.Heydelin «A New Nexagonal Drism of Esarhad do» («Sumer», XII, 1956) nəşrində «Manna əhalisinin, bu qiyamçı qutilərin pərən-pərən salınması» haqqında mə’lumat verilir, kimmerlər və başda İşpakay olmaqla Manna ilə ittifaqa girən skiflər xatırlanır».(9; 6) Bu sözlər kutilərin Manna əhalisi arasında yenə də mühüm yer tutduğunu göstərir. «E.A.Qrantovski güman edir ki, e.ə IX əsrə aid Aşur kitabələrində də təsadüf edilən İdi adı Həsənlunun ən qədim adıdır və belə hesab edir ki, ona aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənlu əhalisinin irandilli olmadığını sübut edir.»(9; 14)
Manna dövlətinin iqtisadi-siyasi və mədəni inkişafına xüsusi əsər həsr etmiş S.Qaşqay araşdırmalarını ümumiləşdirərək yazır: «Beləliklə, tədqiq edilən ərazinin əhalisinin etnik mənsubiyyətinin müəyyənləşdirilməsində linqvistik təhlillə yanaşı, maddi-mədəniyyət dəlillərini də nəzərə almaq lazımdır. Urmiyayanı əyalətlərin bizə mə’lum ən qədim əhalisi olan kuti-lullubi etnik qrupları hurrilərin buraya gəlməsi ilə tamamilə aradan çıxa bilməzdi. Görünür, kuti-lullubi və hurri tayfaları uzun müddət yanaşı yaşamış, sonralar mannalıların güclənməsi ilə əlaqədar onlar vahid dövlətdə birləşmişlər. Kuti və hurri dillərinin qohum olması da mümkündür». (9; 46) Hurrilərin bu ətrafa gəlişi ilə kutilər və lullubilər niyə aradan çıxmalı idi ki? Bir halda ki mannalılar (və bunların özəyini təşkil edən kutilər, lullular) hələ bir qədər sonra hurriləri də Manna dövləti daxilində birləşdirmişlər, onlar kutilərə, lullulara nə edə bilərdilər? T.A.Ratbun belə hesab edir ki, bu ərazidə əhali fiziki cəhətdən yekcins olmuş, müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında fərqlənmə olmamışdır, odur ki bunun bu və ya digər etnosun inkişafına əks tə’siri də ola bilməzdi.
Bir sıra əsassız ehtimallar kuti və lullubiləri hurrilərlə, hurriləri isə qafqazdillilərlə bağlamaq məqsədi güdür. Bunlar mahiyyət e’tibarilə əsası olmayan fərziyyələrdir. Bunların nəticəsidir ki, S.Qaşqay İ.M.Dyakonova əsaslanaraq yazır: «...hurri-urartu dili çox güman ki, kuti tayfalarının da mənsub olduqları Nax-Dağıstan dilləri qrupu ilə bir sıra oxşar struktur cizgilərinə malikdir.» Bu sözləri S.Qaşqay yox, sanki onun əsərinin redaktoru deyir. Öz sözlərini deyəndə, insaf naminə, S.Qaşqay şübhələrindən yan keçmir: «Mannalılar hətta hurri olsaydılar da, bu heç də mannalıların birləşdirdikləri bütün ərazilərdə hurri tayfalarının yaşadığı demək deyildir. Hər şeydən əvvəl, bunu etimologiyası açılmamış və hurri dili ilə izah edilə bilməyəcək toponimik adlar qalmış şimal əraziləri barədə dəqiq söyləmək olar». (9; 47)
Beləliklə, üç min il ərzində ərazinin yerli əhalisi əksəriyyət e’tibarilə lullu və kutilərdən ibarət olmuşdur. İ.M.Dyakonov özü bu qənaətə gəlir ki, I-VII rayonlarda, yə’ni hazırkı İran Azərbaycanı ərazisində e.ə. VIII əsrə qədər «İran dilləri yayıla bilməmişdir». (10; 89)
Tarixçilərin fikrinə görə, mannalıların yazısı olmuşdur. Bunu mannalıların assur hökmdarı Asarhadona (681-668) məktubu da təsdiq edir. «Manna yazarı (piseü) Midiya və Manna ölkələrindən düşmənə satılmışları qeyd edir».(10; 231) Manna hökmdarının öz ölkəsində Assur hökmdarı II Sarqonun şərəfinə yazılı abidə qoyacağı barədə mə’lumat qalmış olsa da, belə bir abidə hələlik əldə edilməmiş və mannalıların dilində yazılı abidə tapılmamışdır.(9; 5)
E.ə.III-I minilliklərdə Cənubi Azərbaycan əhalisinin etnik tərkibində ciddi bir dəyişiklik olmamışdır. Lulluların, kutilərin, suların, turukkilərin, mannalıların türk olduğunu əsaslı sübut edənlərdən biri kimi Y.B.Yusifov yazır: «Beləliklə, Mannada əhalinin başlıca dili türk dili olmuşdur. Yer adlarında təmsil olunmuş sözlər ümumtürk leksikasına mənsub idi. E.ə. III-I minilliklərdə Cənubi Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (yerli əhali) yaşayırdılar və onlar hakim türk sülalələrinin əsasını qoymuşdular».(2; 117)
S.İ.Rudenko «Altayın və Ön Asiyanın incəsənəti» (Moskva, 1961) əsərində Altay və Şimali Qaradəniz sahili kurqanlarında tapılmış əşyalarla Ön Asiya (müəyyən qədər Ziviyə) əşyaları arasında bir sıra oxşarlıqlar müəyyən etmişdir. O, Ön Asiya incəsənətinin skif tayfaları incəsənətinə tə’siri barədə söhbəti düzgün saymır. (9; 13) Bu onunla əlaqədardır ki, bir sıra tarixçilər skiflərin bir vaxtlar Ön Asiyadan ayrılıb getdiklərini nəzərə almırlar.