Skiflər

Əksər tarixçilərin fikrinə görə, skiflər, saklar, kimmerlər Mada ərazisində e.ə. VIII əsrdən görünməyə başlamışlar. Lakin T.Sulimirski Volqaboyu, Şimali Qafqaz və Azərbaycan arxeoloji materiallarını nəzərdən keçirərək, kərtmə qəbirlər mədəniyyətini skiflərə aid etmiş və onların Ön Asiyada azı e.ə.IX əsrdən mövcud olduğu qənaətinə gəlmişdir.(«Seythian Antiquities in Western Asia», «Artibus Asia», XVII,3/4,1954) Bizcə, bunlar Azərbaycan ərazisində sonralar «skiflər» adı ilə tanınan qədim yerli tayfaların mədəniyyət qalıqlarıdır.
Skif etnonimi e.ə.VII əsr assur qaynaqlarında işquzay, aşquzay şəkillərində qeydə alınmışdır. İ.M.Dyakonov göstərir ki, Ön Asiyaya yenicə gəlmiş skiflərə assurlar belə ad verə bilməzdilər, odur ki bu cür adlandırma özünüadlandırma hesab olunmalıdır. (10; 242) Eyni zamanda Herodot qeyd edir ki, Şimali Qaradəniz sahili skifləri özlərini skolot adlandırırdılar və yunanların işlətdiyi skif (skit) sözü də buradandır. (60; 6) Bunlar güman etməyə əsas verir ki, skolot, iskit, skif sözləri yunanların bu tayfa birləşməsinə verdiyi adlardır və bir kökdəndir. Skolot və skit sözlərinin yaxınlığı aydındır; iskit (skit) və skif sözlərindəki t-f fərqi yunan yazılarının oxunması ilə bağlı yaranmışdır. Aydınlaşdırılmalı olan bir cəhət də iskit və işquzay (aşquzay) sözlərinin əlaqəsidir. İ.M.Dyakonov yunan iskit (skif) sözünün assurların aşquzay (işquzay) sözündən törəmə olduğunu, sözlərin əvvəlindəki a və i saitlərinin assurlar tərəfindən artırıldığını, aşquzay, işquzay sözlərindəki z səsinin yunanlarda d (t) səsinə keçdiyini göstərmişdir. Q.Qeybullayev İ.M.Dyakonovun fikrinin əvvəlki hissəsi ilə razılaşsa da, səsartımı və səs keçidi məsələlərində müəllifin səhv etdiyini qeyd etmişdir.
Gördük ki, assur və babil mənbələri Herodotdan 200 il əvvəl bu tayfaları aşquzay, işquzay adlandırmışdır; Bibliyada isə tayfaların adı aşquz şəklindədir. Herodotun işlətdiyi forma sonralar oxu və tərcümə zamanı təhrif edilmişdir. Z.Həsənov skif sözünün qədim yunan yazılış formasını ətraflı tədqiq edərək göstərir ki, bu söz Herodotda skuzes (tək), skuzay (cəm) şəkillərində yazılmış, rus dilinə tərcümə zamanı iki təhrifə yol verilmişdir: th səs birləşməsi ilə verilməli olan son səs «f » ilə verilmiş, «u» səsi əvəzinə «i» işlədilmişdir; nəticədə skuth sözü ‘skif’ kimi formalaşdırılmışdır. İngilis dilində skiz (scuth), türk dilində iskit şəklində sabitləşdirilmişdir. Azərbaycan dilinə rus dilində işlənən forma daxil olmuşdur. Z.Həsənovun fikrincə, söz quz/kuz kökündən və aş/as komponentindən düzəlmişdir. aş, iş, eş sözləri qədim türkcədə ‘(dağı) aşmaq’, ‘çapmaq’, ‘qaçmaq’, ‘döyüş’ mə’nalarını verir. E.Q. Minns aşquzay, işquzay sözlərinin əvvəlindəki «a», «i» saitlərinin sami və İran dillərində sözün tələffüzünü asanlaşdırmaq üçün artırıldığını güman etmişdir. Z.Həsənovun fikrincə, sözün əvvəlindəki aş, as, iz, is xüsusi ad da ola bilər - işkuz çarı İşpakay adında olduğu kimi.(58; 128) Z.Həsənov bu qənaətə gəlmişdir ki, skif, iskit, şkuda, aşquz, işkuzay, aşkuzay sözləri və yunanların skuz, türklərin iskit, rusların skif, ingilislərin skiz sözləri eyni mə’nanı ifadə edir və kökü quz etnonimidir.(58; 130)
Z.Həsənov həm də bu qənaətdədir ki, əgər skif sözünün əsli ‘skuz’dursa, deməli, o, oğuz sözü ilə bağlıdır. Fikrini davam etdirərək qeyd edir ki, Oğuz sözü türk dillərində müxtəlif mə’nalarda yozulur. Sözü ilk növbədə og - ‘oğul’ və uz - ‘yol’ sözlərinə ayırmaq və oğuzların xarakterinə uyğun olaraq, ‘yol gedən’, ‘köçəri’ mə’nalarında izah etmək olar; Herodot oğuzları ‘madyan sağan’ adlandırmış və at südünün totem xarakterli olduğunu göstərmişdir. Bu cəhətdən oğuz sözünü ağuz - ‘ilk süd’ kimi də izah etmək olar. Bu sözü quz, küz sözü ilə də bağlamaq mümkün sayılır - oğuzlar şimal əhalisi hesab olunur və quz, küz sözləri ‘dağın gün düşməyən tərəfi’, ‘payız’ mə’nalarını ifadə edir.(58; 54) Beləliklə, müəllif sözü türkmənşəli söz kimi bir neçə istiqamətdə izah etmişdir.
Q.Qeybullayev aşquzay, işquzay sözlərində -ay elementinə tədqiqatçıların diqqət yetirməməsini ciddi irad hesab edərək göstərir ki, aşkar türk-monqol elementi olduğu üçün qəsdən üstündən keçirlər. Müəllifin fikrinə görə, assur dilində d - z və s - ş keçidləri ilə bu sözlər iskutay/iskuday formasında olmuşdur və türk tayfa adlarındandır. Müəllif onu da göstərir ki, skolot - bütün Şimali Qaradənizsahili tayfaların deyil, cəmi bir neçə tayfanın ümumi adı olmuşdur, eskel (ərəb müəlliflərinin xatırladığı qədim bolqar tayfalarından birinin adı) sözündəndir (eşkel, işkil, eskil şəkillərində Orta Asiyanın türk xalqları arasında qalmaqdadır) və sondakı (o)t qədim türk cəm şəkilçisidir. Q.Qeybullayev bu sözlə iskutay sözünü fərqləndirməyə çalışmışdır. Müəllifin fikrincə, iskutay, iskuday Midiyaya gələn skif tayfasının konkret adı, antik müəlliflərin əsərlərindəki skit, skif, skut sözləri isə tayfaların toplu adıdır.(37; 276)
Tədqiqatçıların bir qismi skifləri ucdantutma İran dillərində danışan tayfalar hesab etmişlər. Saysız tədqiq və araşdırmalar, tədqiqatçıların müxtəlif və ziddiyyətli fikirləri göstərir ki, iranşünasların Karpatdan Çinə qədər ərazilərdə yerləşdirdikləri qədim skiflər mənşə e’tibarilə müxtəlif etnosların birliyindən ibarət olmuşlar. Bu fikrin tərəfdarları çoxdur. «Sibir skifləri», «Altay skifləri», «Yakutiya skifləri», «Qafqaz skifləri» haqqında mənşə birliyindən, onların iranmənşəli olmasından necə danışmaq olar?.. Belə çıxır ki, Qərbi Sibirin türk xalqlarının əcdadları (Omsk, Tümen, Tomsk, Novosibirsk, Kemerovo və s.) qeyri-elmi şəkildə ümumiləşdirilmiş irandillilər imişlər. (37; 280) Q.Qeybullayev bu «məntiqi» son dərəcə qeyri-məntiqi hesab etməkdə tam haqlıdır.
İranşünasların fikrinə görə, antik müəlliflər harada skiflərin yerləşdiyini göstərmişlərsə, orada irandillilər yaşamışlar. Lakin onlar skiflərin 7 tərcüməçidən istifadə etdikləri barədə Herodotun mə’lumatını hesaba almaq istəməmişlər. Cidd-cəhdlə əsaslandırmağa çalışmışlar ki, Orta Asiyada və ondan qərbdə türk dili yeni minilliyin ilk əsrlərindən yayılmağa başlamışdır. Məsələn, R.Frayın fikrinə görə, «türk dövrünə», yə’ni yeni eradan əvvəlki minilliyin sonlarına qədər Mərkəzi Asiyanın əhalisi irandillilər olmuşdur. (52; 225) Hətta C.Klauson, S.Q.Klyaştornı, A.N.Kononov, F.İohannes, V.A.Livşits və başqaları türk-runik əlifbasının iranmənşəli olduğunu, iranmənşəli soqdi əlifbası əsasında düzəldildiyi iddia etmişlər. Bə’ziləri isə ər və aş kimi tipik türk sözlərinin də türk dillərinə İran dillərindən keçdiyini sübuta çalışmışlar. (37; 281-282)
Mövcud konsepsiyaya əsaslandığı üçün mühüm bir məsələdə Q.Qeybullayev də səhv etmişdir. O, Qara dənizin şimal sahillərində və Şimali Qafqazda yaşayan və müasir ədəbiyyatda skit, isgit, skif adlandırılan əhalini üç qrupa ayırmışdır: 1) yerli, avtoxton irandilli əhali (osetinlərin əcdadları); 2) mənşəyi bilinməyən başqa qrup yerli əhali və qafqazdillilər; 3) Şərqdən - Asiyadan gələn qədim türkdilli əhali.(37; 278)
Bu bölgü məntiqsizdir. 1-ci və 2-ci bölgülər yerli əhalini, 3-cü bölgü Asiyadan gələnləri əhatə edir. Yerli əhalinin bir qismini osetinlərin əcdadı, bir qismini qafqazdillilər hesab etməklə, türkdilliləri yalnız Asiyadan gələnlərlə məhdudlaşdırmaq türklərin ilkin vətəninin Ön Asiya olduğunu təsəvvür edə bilməməyin nəticəsidir. Şimali Qara dəniz sahillərində məskunlaşmış skiflərin bir hissəsinin aborigen, bir hissəsinin gəlmə olduğunu Herodot da təsdiq edir: Q.Qeybullayev bu fikri söyləməkdə onu əsas götürür ki, Şimali Qara dəniz sahillərinə şərqdən heç bir irandilli tayfa gəlməmişdir. Biz bu fikri düzgün hesab edirik. Lakin o fikri düzgün hesab etmirik ki, yerli skiflər yalnız iran- və qafqazdillilərdən ibarət olmuşdur. Ön və Kiçik Asiyada, Şimali Qaradəniz sahillərində aborigen skiflər varsa, onların müəyyən qrupları Şərqdən gələnlərlə qohum aborigen türklər olmalı idi. Və digər tərəfdən, Şərqdən yeni gələn skiflərin Mərkəzi Asiyaya vaxtilə buradan getmiş olduğu da unudulmamalıdır.
Tədqiqatçılar, təbii ki, türk etnoslarının tarixi rolunu üzə çıxarmaq üçün Orta və Mərkəzi Asiyanın, Altayın, Sibirin, Cənub-Şərqi Avropanın arxeoloji mədəniyyətinə də əsaslanmışlar. Bütün bu ərazilərə dırnaqlı heyvanların vəhşi heyvanlar tərəfindən parçalanmasını əks etdirən skif «vəhşi üslub»u hakimdir. Bə’ziləri vəhşi üslubun mənşəyini totemlə, bə’ziləri magiya ilə, bə’ziləri miflərlə, bə’ziləri sosial vəziyyətlə bağlamışlar. Bir sıra görkəmli alimlər bu üslubun qeyd olunan ərazilərə gəlmə olduğunu göstərmişlər. Y.Y.Kuzmina bu fikirdədir ki, bu üslubu skiflər Ön Asiyadan mənimsəmişlər, çünki bu üslub Ön Asiyada Əhəməni, yunan, Baktriya, varvar üslubları şəklində şeylər üzərində həkk olunmuşdur və deməli, buradan da Avroasiya çöllərinə yayılmışdır. Y.Y.Kuzmina birbaşa qeyd edir ki, Altay əhalisi parçalama səhnəsini bilavasitə Ön Asiyadan mənimsəmişdir. A.M. Xazanovun da fikri eynidir: «Skif mədəniyyətinin formalaşması Ön Asiyanın mədəni ölkələrinin tə’siri ilə baş vermişdir». B.V.Texov da bu fikri təsdiq edir: skif mədəniyyəti Ön və Kiçik Asiyadan yayılmışdır. Q.Qeybullayev bu fikirləri «qəti şəkildə inandırıcı olmayan» (37; 283) fikirlər kimi qəbul etmişdir. Q.Qeybullayevin e’tirazı əsassızdır və yenə eyni mənbədən - Ön Asiyanın bəşər mədəniyyətinin inkişafında ilkin rolunu nəzərə almamaqdan irəli gəlir. Türk xalqlarının Mərkəzi Asiyanın qədim sakinləri olması barədə Q.Qeybullayevin fikrinə heç bir şübhə yoxdur. Lakin bu qədimlik Ön Asiyadakı ilkinliyə, qədimliyə bərabər deyil. Türk etnoslarının və bəşər mədəniyyətinin beşiyinin Altay deyil, Ön Asiya olduğunu nəzərə almamaq səhv nəticələrə səbəb olur. Müəllif Ön Asiyanı unudaraq, skif mədəniyyətinin beşiyi kimi Sibiri və Altayı görür. Əslində, Altayın Altay kimi şöhrəti kök e’tibarilə Ön Asiyaya bağlıdır. Biz skif vəhşi üslubunun Ön Asiya mağlarından yayıldığına şübhə etmirik. Lakin müəllifin çox böyük məntiq və dəlillərlə əsaslandırdığı bir fikirlə tam razıyıq: köçəri skiflər arasında böyük bir ərazidə yayılmış vəhşi üslub həmin üslubun yaradıcılarının qətiyyən mənşə birliyi demək deyildir.
Skif üslubu «ilkin köçərilərlə» əlaqələndirilir. «İlkin köçərilər» dedikdə e.ə.VIII-III əsrlərdə Cənubi Sibir və Qazaxıstan ərazilərində yaranmış abidələrin yaradıcıları nəzərdə tutulur. Lakin bunlara həqiqi mə’nada «ilkin köçərilər» demək olmaz, bunlar bizə mə’lum olan ilkin köçərilərdir. Bütün tədqiqatçılar göstərir ki, vəhşi üslub Monqolustan və Tuvadan Dunay və Qaradənizin şimal sahillərinə qədər yayılmış bir mədəniyyətdir. »Həqiqətdə, heç bir irandilli əhali heç vaxt spesifik skif mədəniyyətinin yaranmasında heç cür iştirak etməmişdir. Bu mədəniyyət erkən köçərilərə, fikrimizcə, Altay dilləri ailəsinə aid olan dillərdə danışanlara aiddir». (əlavə bax: 37; 284) M.İ.Artamanov da qeyd etmişdir ki, bir-iki əlamətin oxşarlığı hələ etnik eynilik və ya qohumluq üçün əsas deyil. (53; 13)
Skiflərin iranmənşəli olduğunu iddia edənlərin bir dəlili də skif şəxs adlarının və bir sıra skif toponimlərinin iranmənşəli izahıdır. Etnosun mənşəyini müəyyənləşdirmək üçün, fikrimizcə, antroponimlər gərəkli olsa da, tam e’tibarlı deyildir. Başqa bir dilin tə’sirinin gücləndiyi, dini tə’sirin artdığı dövrdə antroponimlər dözümsüzlük göstərir, tez dəyişir. Məsələn, ərəb işğalından, islam dininin yayılmasından az sonra türk dünyasında ərəb adları baş alıb getmişdir. Yaxud iranmənşəli kaspi şəxs adları da İran dillərinin e.ə.V əsrdə türk mənşəli kaspi dilinə bu cür tə’sirinin nəticəsi sayılır. V.F.Millerin topladığı 425 skif-sarmat şəxs adından yalnız 167-sinin, L.Zqustanın topladığı 613 skif şəxs adından 286-sının iranmənşəli olduğu müəyyən edilmişdir. (37; 286) Lakin iranşünaslar qalan (iranmənşəli izahı mümkün olmayan) adların da iranmənşəli olduğunu israr edirlər. Bu onunla əlaqədardır ki, «skif» dedikdə iranşünasların beynində yalnız irandilli əhali dolaşır, əhalinin çox hissəsinin türklərdən ibarət olduğu qəsdən nəzərə alınmır. Böyük bir ərazidə məskunlaşmış tayfa və qəbilələrin hamısını ucdantutma irandilli hesab etmək o yerə gətirmişdir ki, saklar, sarmatlar, massagetlər, siraklar, dondarlar və b. türk tayfaları küll halında irandilli qələmə verilmişdir. Məhz belə bir mənfur konsepsiya Altay, Cənubi Sibir, Orta Asiya, Qazaxıstan, Povolojye və nəhayət, Azərbaycan əhalisinin mənşəyini düzgün müəyyənləşdirməyə imkan verməmişdir. M.İ.Rostovsev, A.İ.Sobolevski, V.F.Miller, V.İ.Abayev, E.A.Qrantovski, O.N.Trubaçev, İ.Q.Əliyev və başqaları bu konsepsiyanın daşıyıcıları kimi skif, sak, massaget, sarmat və s. tayfa dillərinin iranmənşəli olduğunu canfəşanlıqla müdafiə etmişlər. Bu sahədə sovet dövründə xalqların «qədim» və «gənc» xalqlara bölünməsindən ibarət olan qeyri-elmi nəzəriyyənin də rolu çox olmuşdur. Bu nəzəriyyəyə əsasən türk xalqları gənc xalqlardan sayılmışdır. Əslində, bu, son dərəcə gülünc bir bölgüdür. Düşünmək istəmirlər ki, türk xalqları uzaq Altaydan Karpata qədər geniş əraziləri birdən-birə necə bürüyə bilərdilər. Bütün bunlar bəşər elminin arxeoloji materiallar əsasında dəqiqləşdirdiklərini milli yaramaz şovinist mənafe baxımından saxtalaşdırmağın və ya açıq-aşkar inkar etməyin nəticəsidir. Şərqə yayılmış bütün türklərin ilk vətəni Ön Asiya olmuşdur. Hələ mezolitdə əhalinin parçalanıb şərqə və qərbə hərəkət etməsi barədə, güclü miqrasiyalar barədə elmə çox şey mə’lumdur. Türklər Ön Asiyada öz böyük rolunu mühafizə etməklə, 5-6 min il əvvəl bütün Şərqi də fəth etmişlər. Onların sak, skif, massaget adı altında bir sıra başqa tayfalarla qarışıq şəkildə yenidən Ön Asiyaya qayıdışı 2800 il əvvələ aid olub bizə mə’lum olan geri miqrasiyalardan biridir. E.ə IV minilliyin ortalarına qədərki miqrasiyalar barədə mə’lumat verməyə şumer yazılarının gücü çatmamışdır. Bunu yalnız arxeoloji mədəniyyətin yayılma arealı ilə təsəvvür etmək olur. Lakin çox zaman arxeoloji mədəniyyət daşıyıcılarının hərəkət xəttini əksinə düşünürlər.
Bütün bunları mülahizə etdikdə, bizim eranın əvvəllərinə qədərki dövrdə skif vəhşi üslubunun yayıldığı ərazilərdə yalnız iranmənşəli əhali görmək elmi və tarixi həqiqətlərə göz yummaqdır. Düşünmək istəmirlər ki, bəs birdən-birə bu qədər böyük ərazinin «irandilli» əhalisi hara buxarlandı, necə yox oldu?
Beləliklə, skiflər türk və irandilli tayfalardan ibarət olmuş, skif adı altında bə’zən sak, massaget, sarmat tayfaları da birləşdirilmişdir. (2;118) Assur mixi yazıları skiflərin Manna hüdudlarında yerləşməsindən, Herodot isə Midiyaya «soxulması»ndan danışır. Urmiya gölünün şimalı və qərbi onların yayıldığı ərazilər olmuşdur.

Skif şəxs adlarının, skif toponimlərinin çoxu İran dilləri ilə izah oluna bilmir. Özlərini işquzay/iskutay və saka adlandıran skiflər türk dil ailəsinə mənsub olub, yerli mannalılar və madalılarla dostluq əlaqələri saxlamışlar: «Hər halda, mannalılar Aşşurla mübarizədə skiflərdən öz məqsədləri üçün istifadə etmişlər. Onlar sonralar da bir-birilə dostluq münasibətində qalmışlar; belə ki skiflərin Manna əleyhinə hansısa düşmənçilik hərəkətləri barədə mə’lumat yoxdur». (9; 41-42) S.Qaşqay bu sözləri skiflərlə mannalıların qohum olduğunu göstərmək və həm də bunu hakim uydurma konsepsiyanın tərəfdarlarının senzurasından keçirmək üçün çox ustalıqla və çox obyektiv söyləmişdir. Qohum olmasa idilər, mannalılar skiflərə öz ərazilərində xoşluqla yer verməz və 80 illik skif hökmranlığı dövründə dostluq əlaqələri ilə düşmənə qarşı birləşməzdilər. Başqa mənbələr də onların türkdilli olduğunu israr edir: »Antik dövrdə skitlər və onlara mənsub tayfalar Qara dəniz sahillərindən Orta Asiyaya və Qafqaza uzanan ərazidə təmsil olunmuşdular. Etnik və dil cəhətdən skitlər türk etnoslarına da mənsub idilər». (2; 103) Bu o deməkdir ki, onların tərkibində türkdilli olmayan tayfalar da vardı.
S.Qaşqay E.Herzfeldin tədqiqlərinə (54; 25) əsaslanaraq yazır: «Yazılı mənbələrdə adları çəkilən irandilli tayfaların lokalizəsi və e.ə.IX-VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən bizi maraqlandıran ərazidəki (Manna ərazisində - Q.K.) onomastik materialın təhlili göstərir ki, Urmiyayanı hövzədəki əyalətlər hələ irandilli əhali ilə məskunlaşmamışdı. İrandilli tayfalar Manna dövlətinin əhatə etdiyi ərazi ətrafında yerləşmişdilər və Urmiyayanı hövzənin dərinliklərinə soxula bilməmişdilər.»(9; .42) Müəllif yenə yazır: «E.ə. IX əsrin ortalarından ta Midiya dövlətinin təşəkkül tapmasınadək Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bə’zən də onlarla ittifaqda öz rəqiblərinə zərbələr vuran Manna dövləti idi. Əlbəttə, bu ərazi sonralar Midiya dövləti tərəfindən zəbt edildikdən sonra heç də əhalinin hamısı iranlılaşmadı, o hələ bir müddət öz dilini və mədəni xüsusiyyətlərini saxlamalı idi. Mə’lumdur ki, bir etnik qrupun digəri ilə qaynayıb-qarışması və əvəz olunması prosesi adətən xeyli uzun bir müddət tələb edir». (9;.42) Buradakı fikirlər artıq mə’lum konsepsiyanın əsarətindən xilas ola bilməməkdən irəli gəlir. Müəllif yenə ehtiyatla son cümləsini - müxtəlif etnik qrupların qarışmasının uzunmüddətli proses olduğunu söyləmişdir. Tarixçilər Manna ərazisində İran mənşəli əhalinin olmadığını tam sübut etmişlər. Ona görə də Manna Midiya tərkibinə daxil edilənə qədərki dövr üçün bu barədə söhbət qeyri-mümkündür. Manna Midiyanın tərkibinə təqribən e.ə.610-cu ildə qatılıb, Midiya isə e.ə.550-ci ildə süqut edib. 50-60 ilin içərisində Manna əhalisinin dilini necə iranlılaşdırmaq olardı? Həm də mannalıların madalılar tərəfindən iranlılaşdırıldığı nəzərdə tutulur. Bütün faktlar isə bar-bar bağırır ki, madalılar irandilli olmamışlar. Beləliklə, həm «istilaçı» tayfanın irandilli olmaması, həm də minilliklər əvəzinə nəzərdə tutulan 50-60 il heç bir assimilyasiyaya səbəb ola bilməzdi.
Tarixçilər skiflər haqqında çox yazmışlar. Mə’lum olur ki, skiflər miladdan öncə I minilliyin əvvəlində Qara dənizin şimal sahillərində və Orta Asiyada yaşamış və müxtəlif etnoslardan ibarət olmuşlar. İranşünaslar isə bu dairəni böyütmüş, Çin sərhədlərindən Karpata qədər ərazilərdə yerləşən əhalini «skif» adı ilə qələmə verərək konkret etnos düşünmüş və məsələni mürəkkəbləşdirmişlər. Eyni zamanda skif adı altında İran tayfalarını, qismən də slavyan və qafqazdilli əhalini görmək istəmişlər.
Skifləri irandilli hesab edən tarixçilər onların antropoloji quruluşunu da nəzərə almamışlar. Nəzərə alsa idilər, görərdilər ki, monqoloid əlamətləri onların irandilli hesab olunmasına imkan vermir. Herodot onların yastıburun və enlibuxaqlı olduqlarını təsvir edir. Bu, monqoloid tipidir.
Skiflərlə bağlı müxtəlif əsatirlər mövcuddur. Bu əsatirlərin hər biri «çar skifləri»ni bu və ya digər cəhətdən işıqlandırır, onların mənşə, miqrasiya, sosial və dövlət quruluşu, sülalə ən’ənələri və s. məsələlər barədə mə’lumat verir. Herodot beş əsatir haqqında mə’lumat vermişdir. İki əsatir haqqında da Diodor və Valeri Flak tərəfindən mə’lumat verilmişdir. Əsatirlərdən birincisində skiflərin mənşəyinin Tarqıtayla, ikincisində Heraklla bağlı olduğu, üçüncü əsatirdə skiflərin mənşəcə Asiyalı olduqları, sonralar Qara dənizin şimal sahillərinə gəldikləri, dördüncü əsatirdə skiflərin Kolaksay tərəfindən üç çarlığa parçalanması, beşinci əsatirdə kimmerlərlə vətəndaş müharibəsi, altıncı əsatirdə skiflərin pallar və naplar kimi iki bölüyə ayrılması və nəhayət, son əsatirdə skiflərin mənşəcə Yupiterlə bağlı olduğu göstərilir.(58; 48-49)
Birinci əsatir daha tam olub, skiflərin əcdadını Tarqıtayla və onun üç oğlu Lipoksay, Arpoksay və Kolaksayla bağlayır. Qeyd edilən bu ilk «çar skifləri» çarlığın aparıcı tayfalarının başçıları, yaradıcıları olmuş və başqa tayfaları da öz hakimiyyətləri altında birləşdirmişlər. Tarqıtayın varisi kimi çarlığa kiçik oğul - Kolaksay sahib olmuş və o, sonralar skifləri üç çarlığa ayırmışdır. Diodorun söylədiyinə görə, əcdadları Zevslə bağlı olan skiflər pallar və naplar kimi iki bölük olmuş, əhali isə ovçular-maldarlar, əkinçilər-toxucular, kahinlər, hərbçilər-hakimlər kimi dörd təbəqəyə bölünmüşdür. (58; 49-50)
Z.Həsənov D.S.Rayevskiyə əsaslanaraq ilk skiflərin avxat, katiar, trasp və paralat tayfalarından ibarət olduğunu göstərir. Bunlar «çar skifləri» idilər. Lakin Herodotda bu tayfaların adları fərqlidir. İranşünaslar Tarqıtayın üç oğlu olduğunu, skiflərin pallar və naplar kimi iki bölüyə ayrıldığını Hind-Avropa əsatirləri əsasında mə’nalandıra bilməmişlər.(58; 78) Lakin bunlar türk-oğuz əsatirləri əsasında çox asan izah olunur: Oğuz xanın əvvəl üç oğlunun, sonra da digər qadından üç oğlunun olması və bunların əsasında oğuzların Boz ox və Üç ox kimi iki bölüyə ayrılması skiflərin bölgüsünə tam uyğun sayılır.(58; 78)
Skiflər müxtəlif dillərdə danışan tayfalardan ibarət olmuşlar. Azərbaycan ərazisindəki yerli türkdilli tayfalarla əlaqə və münasibətləri, antropoloji quruluşu, miqrasiya istiqamətləri, milli və etnik xüsusiyyətləri, etnonim, toponim və antroponimlərinin, bir sıra skif sözlərinin türk dillərində açılışı, əksinə, İran dilləri ilə izah oluna bilməməsi Azərbaycan ərazisindəki skiflərin türkdilli tayfalardan ibarət olduğunu sübut edir. Lakin bu sözlər başqa ərazilərdəki skiflər arasında türkdilli tayfaların olduğunu inkar etmir.
Skiflər arasında aparıcı tayfaların türkdilli olduğunu göstərmək üçün mövcud materiallar, alimlərimizin tədqiq və araşdırmaları əsasında bir sıra skif etnonim, toponim və antroponimlərinin etimoloji təhlili üzərində də dayanmaq olar. Qeyd etməliyik ki, bu qədər geniş ərazilərdə yayılmış skiflərin də yazılı abidələri qalmamışdır. Xeyli allah, çar və sərkərdə adı, bir sıra etnonimlər mühafizə olunmuşdur. Lakin bunlar yad dildə istər-istəməz müəyyən təhriflərlə qeydə alınmışdır. Təbii ki, bu cəhət tədqiqat işini çətinləşdirir. Çətinliklərə baxmayaraq, skif toponim, etnonim və antroponimlərinin türk dilləri bazasında izahı uğurlu nəticələr vermişdir. Əksər skif tayfa adlarının türkmənşəli olduğu sübut edilmişdir.
Z.Həsənov skiflərin ilk dörd tayfa adının etimoloji təhlili üzərində xüsusi dayanmış və fikrimizcə, onların türk mənşəli olduğunu düzgün əsaslandırmışdır. Müəllif etimoloji təhlil prosesində tayfaların sosial vəziyyətini, müxtəlif qrup və təbəqələrin sənət-peşə aidiyyətini əsas götürmüşdür. Z.Həsənov allahların skiflərə bəxş etdiyi dörd skif atributu - boyunduruq, kotan, kasa (cam), balta/qılınc ilə dörd ilk skif tayfa adları (avxat, katiar, trasp və paralat), ilk skiflərin - Tarqıtay və onun oğlanlarının adları arasında uyğunluq görmüş, tayfa adlarının etimoloji təhlili üçün bu yaxınlığa xüsusi diqqət yetirmişdir. Dörd göy atributu üç qardaşa paylanmış, onlar dörd atributu dörd tayfa arasında bölüşmüşlər.
Avxat, katiar, trasp, paralat tayfalarından ibarət olan ilk skiflər birlikdə skolot adlanmışlar. Herodot da belə deyir: «Bax belə, Lipoksaisdən, necə deyərlər, avxatlar adlanan skif tayfası, ortancıl oğuldan - katiar və trasp tayfaları, qardaşların kiçiyindən - çardan isə paralat tayfası törəmişdir. Bütün tayfalar birlikdə skolot, başqa sözlə, «çar skifləri» adlanır, ellinlər isə onları skiflər adlandırırlar». (60; 6)
Z.Həsənov skolot sözünün Kolaksay adından törədiyini, kiçik qardaşın - çarın adından başqa bir şey olmadığını göstərir. Müəllifin fikrincə, anlautdakı «s» komponenti skif və ya yunan tələffüzündə sözün başlanğıc elementidir; sondakı ot - ‘od’ sözüdür; kol isə Kolaksay sözünün köküdür. Bu cür izaha əsasən söz bir neçə mə’nada yozulmuşdur: ‘Kolovçular’, ‘çara mənsub olanlar’, ‘çar tərəfdarları’, ‘Kol tərəfindən təşkil olunmuşlar’, ‘Odlu Kol tərəfdarları’ və s. (58;189) Bu barədə fikrimizi bir qədər sonra qeyd edəcəyik.
Skif tayfalarından biri sosial mənşəyinə görə ovçu-maldarlardır. Bu tayfa avxat adlanır. Müəllif avxat tayfa adını av-xat şəklində ayırmaqla av, ov, oy sözlərinin ‘ov’ sözündən ibarət olduğunu, o dövrdə bu sözün maldarlıq və ovçuluqla bağlı bütün anlayışları özündə cəmləşdirdiyini, eyni zamanda söz kökünün etnonim kimi itmədiyini, av-a, av-şar tayfa adlarında qaldığını göstərir. (58;172) Av sözünün ilkin dövrlərdə fe’l kimi işləndiyini də nəzərə alsaq, av-xa-maq və buradan icbar növ kimi av-xa-t (almaq, əhliləşdirmək) sözünün mümkünlüyünü də təsəvvür etmək olar.
Arpoksayla bağlı olan və atributu kotan olan katiar tayfa adında müəllif ağlabatan şəkildə kotan, kətmən sözlərinin kökünü - kat, ket, kət sözlərini görmüşdür. Ketmən sözünün eyni şəkil və mə’nada M.Kaşğari lüğətində olması da (25; 304) sözün qədimliyini təsdiq edir. Kat sözünün ‘qat’ (lay) mə’nası da vardır və buradan torpağı qat-qat qaldırmaq, kotanla çevirmək mə’nası hasil olur. Beləliklə, müəllif qat sözünü lay, təbəqə, iar (yar) sözünü isə ‘yarmaq’, ‘ayırmaq’ mə’nasında izah etməklə katiar sözünü ‘torpağı qat-qat ayırmaq’ mə’nasında izah etmişdir. (58; 172-173) İzah tam ağlabatandır.
Arpoksaya aid olan trasp tayfa adında (atributu cam, kasa) anlautdakı qoşa samit türk dilləri üçün xarakterik olmadığı kimi, İran dilləri üçün də xarakterik deyildir. Lakin hər iki dildə anlautda qoşa samitli sözlər az da olsa, vardır. Müəllifin fikrincə, sözün əsli tur-sup kimi təsəvvür oluna bilər: tr-sp. Tur - çuvaş dilində ‘allahlıq’ mə’nasındadır; sup sözündə isə b-p keçidi ilə sub, su sözü vardır və söz bütövlükdə ‘su allahı’ kimi dərk olunur. Bu cür izah tayfanın atributuna da (kasa, cam) uyğun sayılır. (58; 183)
Tayfa adı paralat müxtəlif yöndən diqqəti cəlb etmişdir. Q.Qeybullayev bu sözü türkcə bor ‘boz’ və olet, ələt sözlərinə ayırmış və Madada paratekan, peçeneqlərdə (erkən orta əsrlər) borotolmat tayfa adlarında para, boro hissələrinin uyğunluq təşkil etdiyini qeyd etmişdir.(37; 293-296) Z.Həsənov isə sözü tayfanın atributu ilə əlaqəli izah etmişdir. Kolaksaya məxsus paralat tayfasının atributu balta, qılınc hesab olunur. Bu cəhətə əsasən Z.Həsənov həmin etnonimdə para - ‘tikə’, ‘parça’ sözünü, bununla əlaqədar, para-la-maq, para-la-t-maq sözünü görmüşdür. Bu mə’na p-b keçidi ilə balta sözündə də vardır. Müəllif sözün parlatmaq mə’nasını da istisna etmir. V.Tomsen qədim türklərdə müvafiq olaraq apar, aparum tayfa adına da rast gəlmişdir. (58;184-190)
Herodot göstərir ki, şərqdə, tissagetlərin arxasında, savromatlardan və budinlərdən yuxarıda yirk adlı tayfa yaşayır. Alimlər onları Volqanın sağ sahillərində, Uralətrafı ərazilərdə lokallaşdırır. Yirk tayfa adının türk sözü olduğunu ilk dəfə P.İ.Şafarik göstərmiş, E.Eyxvald, İ.Pototski, A.Herman bu fikri təsdiq etmişdir. Z.M.Yampolski güman edirdi ki, Herodotun işlətdiyi yirk sözü türk sözünün yazılış formasıdır. Beləliklə, alimlərin bir çoxu bu qənaətdə olmuşlar ki, türk etnonimi ilk dəfə e.ə.V əsrdən mə’lumdur və skiflər arasında belə bir tayfa olmuşdur. (37; 293) Q.Qeybullayev əlavə edir ki, qədim türk tayfalarından birinin adı irk olmuşdur. Eyni zamanda Altay türk tayfalarından biri irkinq, digəri irkit idi. Və ola bilər ki, Herodotun dediyi yirk bu irklərdir İrkutsk toponimi də bu tayfanın adındandır. (37; 293) Biz də yirk tayfa adının türk sözünün başqa bir yazılış tərzi olduğunu güman edirik.
Bir qədər əvvəl qeyd etdik ki, Şimali Qara dəniz sahillərində və Ön Asiyada gəlmələrdən əvvəl yerli skiflər var idi. Skiflərin əsas məskəninin Ön və Kiçik Asiya olduğu, sonralar onların bir qisminin Şimali Qara dəniz sahillərinə, bir qisminin Sibirə tərəf hərəkət etdiyi barədə fikirlər vardır. Məsələn, A.İ.Terenojkin yazır: «Skiflər, görünür, Şimali Qaradəniz sahillərində və Şimali Qafqazda görünməzdən əvvəl, daha qədim dövrlərdə Ön və Kiçik Asiyada yaşamışlar.» (55; 17-18) Biz bu fikri dərin tarixi duyğunun nəticəsi hesab edirik. Və buradan aydın olur ki, skiflərin Ön Asiyaya VIII-VII əsrlərdəki bizim bildiyimiz gəlişi onların geri miqrasiyasıdır. Gəlmələrin içərisində yirk-türk adlı tayfa var idi. Və bu da mə’lumdur ki, e.ə. III-II minilliklərdə lullu tayfa ittifaqına daxil olan güclü tayfalardan biri turukkilər idi. (2; 81) Turukki sözündəki qoşa k səslərindən biri və sondakı i səsi akkad mixi yazılarında sami dil elementləridir. Assurların dilində bu cür samit qoşalaşması daha çox müşahidə olunur. Bunları atdıqda təbii türk sözü alınır. Əgər III-II minilliklərdə belə bir tayfa və belə bir söz varsa və e.ə. son minilliyin ortalarında yenidən xatırlanırsa, nə üçün bunlar bir silsilənin davamı hesab olunmamalıdır? Bizim fikrimizcə, e.ə.V əsrdəki türk-yirk e.ə.III-II minilliklərdəki turukkilərin miqrasiya edib qayıdan qohumlarıdır. Və bunlar, təbii ki, yeni minilliyin ortalarında böyük türk xaqanlığını yaradacaq tayfalardandır.
Herodotun arimaspi kimi qeyd etdiyi skif tayfa adı türkcə arim ‘yarım’ və sepi ‘qıyılmış göz’ sözlərindən düzəlmişdir. Söz aydın şəkildə monqoloid irqə aid xüsusiyyəti ifadə edir. İssedon tayfa adı isti və don (‘paltar’) mə’nasında olub, geyim adı bildirən sözün iştirakı ilə yaranmışdır - Qaradonlu, Ağköynəkli, Şişpapaxlar tayfa adları kimi. Herodot göstərir ki, skiflər amazonkaları yunanca «əröldürən» mə’nasında eorpata adlandırırlar. Buradakı eor - ‘ər’, pata/vata türkcə ‘öldürmək’ sözüdür. Herodot tissaget skif tayfa adını çəkir. Massaget sözünə uyğun olan bu sözün türk mənşəli olduğunu E.Eyxvald və A.Hansen göstərmişdir. (50; 227)
Mənbələrdə bir neçə skif sözü də qalmışdır: vutir, ippaka, pontik, asxi və s. bu sözlər qədim yunan həkimi Hippokratın (e.ə. 460-377) «Xəstəliklər kitabı»ndan götürülmüşdür. Hippokratın sözlərindən aydın olur ki, skiflər piyə vutir deyirmişlər. Q.Qeybullayev bu sözü türkcə ‘süd xörəyi’, ‘südlü yemək’ mə’nalarında ava, uva ‘yemək’ və turi ‘süd’ sözlərinə ayırmışdır. Hippokrat göstərir ki, vutir at südündən alınır: südü ağac qaba töküb çalxayırlar, yağ üzə çıxır (bu, vutir adlanır), südün ağır hissəsi aşağı çökür, bu hissəni ayırıb qurudurlar və buna ippaka deyirlər - oxucu görür ki, dilimizdəki əppək sözü buradandır (ipi türkcə ‘çörək’, ‘yemək’ deməkdir). Herodot qeyd edir ki, skiflər pontik ağacının meyvəsini (albalı və ya meşə gilası sayılır) sıxırlar, qara rəngli şirə - asxi alınır, onu at südünə qatıb içirlər. Q.Qeybullayev bu qənaətdədir ki, skif sözü pontik - ‘bundık’ sözünün (bun ‘şorpa’, ‘horra’ və -dık (-lıq) şəkilçisi) təhrifindən ibarətdir. Asxi sözünü bə’zi dilçilər türkcə ‘acı’, bə’ziləri ‘aş’ mə’nasında izah etmişlər. Q.Qeybullayev isə sözün ‘kəsmik’, ‘süzmə’ mə’nasında acıqay, ajiqey sözü olduğunu yazmışdır.(6; 138)
Q.Qeybullayev skiflərin Api, Papay, Qoytosir, Artimpas allah adlarının da türk mənşəli olduğunu isbat etmişdir. Yer ilahəsi Api türkcə ebi, əbi - ‘ulu nənə’, ‘babanın anası’ mə’nasındadır. Şimali Qafqazda qaraçay-balkarlar indi də Apisat (sat - ‘müqəddəs’) allahına sitayiş edirlər. Baş allah Papay ‘baba’, ‘ulu baba’ mə’nasındadır. Qoytosir - qoy, qok ‘göy’, ‘mavi səma’ və tesir ‘deşir’, ‘yarıb keçir’ sözlərindəndir, ‘göyü yarıb keçən (Günəş şüası)’ deməkdir. Herodot qeyd edir ki, skiflərdə Qoytosir yunanların Apollonudur (Günəş ziyası, Günəş işığı). Artimpas - irkin ‘bir neçə gün aramsız yağan yağış’ və bas, baş sözlərindən olub, məhsuldarlığa işarədir. Herodot göstərir ki, Artimpas yunanların məhsuldarlıq ilahəsi Afrodita-Uraniya ilahəsinin eynidir. (6; 139-140)
Skiflərin xeyli şəxs adları qalmışdır: Taksak, Atey, Aspak, Sparqapit, Xonaxis, Anaxarsis, Savli, İdantirs, Ariyapit, Skil, Opiya, Orik, Skolopit, Qnur, Skilur, Pollak, Oktamasad, Karastos, Ariant, Skopas, Tarqitay, Kolaksay, Lipoksay, Arpaksay, Skifarb, Olkaba, Talestra, Liq, Aqeros, Marsaqet, Sobodak, Papasaqor, Xarasin, Davket. Bunlar Herodot, Pompey Troq, Poliyen, Ktesi, Appian, Yustin və başqalarının əsərlərindən alınmışdır. Q.Qeybullayev bunların hamısının türk mənşəli xüsusi adlar olduğunu üzə çıxarmışdır. Bunların bir qisminin türk mənşəyi daha aydın görünür. Atey (e.ə.IV əsr) - skif çarının adı türkcə ‘ata’ sözü olub, «Oğuznamə»lərdə Ata-xaqan şəxs adı ilə müqayisə olunur. Aspak (e.ə.VII əsr) adı türkcə as - ‘ağıllı’, ‘zəkalı’, pak ‘bəy’, ‘tayfa başçısı’ mə’nasındadır. Midiyada İşpakay, şimali Qafqazda karaçay-balkarlarda İsbak, Volqaboyu tatarlarda geniş yayılmış İşpak, İşbay adları ilə eyniköklüdür. E.A. Qrantovskiyə görə, Xonaxis sözü (-is yunan hal şəkilçisidir) hind dilindəki khanaka ‘yer qazıyan’ sözündəndir.(26; 205) Q.Qeybullayev əvvəlinə h səsinin artırılmış olduğunu, türkcə unak, inak ‘dost’, ‘e’tibarlı adam’ mə’nasında olduğunu göstərir. Lakin bu sözdə ‘qonaq’, ‘dost’ anlayışı daha aydındır. Qafqazda məskunlaşmış türk tayfa başçılarından Konak, Xəzər xaqanlarından (VII əsr) Qonak, Albaniyada türk süvari ordusunun rəisi Qonaq, bulqar xanlarından Konak Xonaxislə eyni köklüdür. Orik adı türkcə ariq, arik ‘təmizkar’, ‘saf’, ‘ləkəsiz’ mə’nasındadır. Avar çariçasının adı Buy-Arik, Çingiz xanın oğlunun adı Arik-Buğa olmuşdur. Pollak - ‘bələk’, ‘hədiyyə’, ‘bəxşiş (allahın hədiyyəsi)’ mə’nasındadır və Şimali Qafqazda - suvarlarda Bolax xan adı ilə uyğundur.
Skif adları içərisində ilk skiflərin - Tarqıtay, Kolaksay, Arpoksay və Lipoksayın adlarının mənşəyi məsələsi daha maraqlıdır. Tarqitay sözünü E.A.Qrantovski farsca tiqra ‘ucu şiş ox’sözü ilə əlaqələndirmişdir. Q.Qeybullayev türkcə tarqa, tariqə ‘ağıllı’, ‘idraklı’, ‘cəld’, ‘diribaş...’ və tay ‘kimi’, ‘sanki’ sözlərinə ayırmışdır. Tarqıtay adı monqol epik obrazının adı Tarqutay, Baykal ətrafı Tirqituy toponimi (58;198), Türk- avarların Bizansa göndərdiyi (VII əsr) səfirin adı Tarğitiy, XIII əsr monqol əmiri Tarağay, Çingiz xanın düşməninin adı Tarqutay-Kiriltuk, Teymurləngin atasının adı Tarğay və s. ilə (6; 144) müqayisə olunmuşdur. Bunlar sözün həqiqətən Altay mənşəli olduğunu göstərir. Z.Həsənov bu sözün izahının iki versiyasını irəli sürmüşdür. Müəllifin fikrinə görə, sözün trq samitlər sistemində türk sözü vardır, tay hissəsi isə çin və qədim türk dillərində paralel olaraq ‘böyük’ mə’nasında işlənmişdir. İkinci versiyaya görə, sözün Tarqı hissəsi ‘göy allahı-tanrı’ mə’nasındadır, tay isə ‘ayğır at’ deməkdir və söz birlikdə ‘göy atı’ mə’nasını verir.(58;202-203) Qədim türk dillərində ‘taxıl’, ‘çörək’, ‘əkinçi’ mə’nasında tariq sözü vardır. (33; 194, 25; 537). Tay sözü isə xüsusi ad kimi işlənmişdir: Tay beg. (25; 527) Bizim fikrimizcə, Tarqıtay öz əsasını bu sözlərdən almışdır - ləqəbli addır: ‘Əkinçi Tay’. Bu onun ictimai peşəsinə də uyğundur.
Tarqıtayın oğlanlarının - Lipoksay, Arpoksay və Kolaksayın adlarını da bir çox hallarda böyük fonetik dəyişikliklərlə İran dilləri ilə izah etməyə çalışmışlar. Lipoksayın tayfası maldarlardan, ovçulardan ibarət olmuş, atributları boyunduruq olmuşdur. (58; 204) Z.Həsənov Lipoksay sözünü bu aspektdə, yə’ni tayfanın sənətinə, peşəsinə, atributuna müvafiq şəkildə izah etməyə çalışmış, sözü Alpoksay şəklində bərpa edərək, alp, alıp hissəsinin türk dillərində ‘igid’, ‘qəhrəman’, ‘bahadır’, ‘cəsur’, ‘yüksək’ mə’nalarında olduğunu qeyd etmiş, Alpoksay sözünü Alpamış, Alp Ər Tonqa adlarının proobrazı kimi qiymətləndirmişdir.(58; 206) Arpoksay sözünü Q.Qeybullayev ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’, bəg ‘bəy’, ‘tayfa başçısı’ və say ‘gənc’, ‘cavan’ sözlərinə ayırmış və bu sözün Midiyadakı Arbak adı ilə eyni olduğunu göstərmişdir.(6; 145) Z.Həsənov isə bu adda ar ‘su’ və ‘toplamaq’, ‘qorumaq’ və s. mə’nalarda bak, bok sözü ayırmış, sözü Arbak şəklində - ‘kahinlərin hamisi’ mə’nasında izah etmişdir.(58;214-215) Q.Qeybullayev Kolaksay sözünün birinci komponentini külük şəklində ayıraraq sözü türkcə ‘qəhrəman’, ‘igid’, ‘şanlı’ mə’nalarında izah etmiş, Kuluq-Çur, Gültigin, Hülakü adları ilə müqayisə etmişdir, - say sözünün ‘gənc’, ‘cavan’sözü olduğunu göstərmişdir. (6; 144-145) Z. Həsənov sözün türk dillərində silsilə mə’nalarını izah edərək bu qənaətə gəlmişdir ki, tayfanın sənət, peşə istiqamətinə müvafiq olaraq sözün ən düzgün yozumu onun qazax, qırğız dillərində qalmış kola -’bronza’ mə’nasında izahıdır, çünki tayfanın peşəsinə müvafiq olaraq bronza-dəmir kotan üçün, qılınc üçün əsas, maddi material olmuşdur. (58; 223)
Göstərilən izahlarda müvafiq uyğunluq görməklə onu da qeyd etmək istərdik ki, bu adlardakı tay, say, kol sözləri qədim türkcədə çoxişlənən sözlər olmuş, birincisi və ikincisi (tay və say sözləri) xususi ad (Tay beg,25;527; Say buğa, 25; 481), üçüncüsü (kol sözü) karluklarda xan titulu kimi (33;108) işlənmişdir. Və həm də sözlərin sənət, peşə və tayfa atributlarına müvafiq izahı göstərir ki, onların hər üçü xüsusi ad yox, ləqəb olmuşdur.
Skiflərdə Olkaba, Liq, Marsaget, Xarasin və s. çar adları olmuşdur. Olkaba - uluq ‘ulu’, aba ‘ata’, ‘əcdad’ hissələrinə ayrılır; Liq - eliq - ‘hökmran’, ‘hakim’ deməkdir; Atillanın oğlu İlək, qədim türk xaqanı İlitər, türkeş xaqanı Üç-Elik və s. bu adla uyğun hissələrə malikdir Marsaqet - bars ‘bəbir’ və ked ‘qüvvətli’, ‘seçmə’ deməkdir; Xarasin - türkcə karu ‘əziz’ və bənzətmə bildirən sin hissələrindən ibarətdir; Çingiz xanın əsl adı Temurçin, Metedən sonrakı xan Günçin və s.-də çin hissəsi vardır və Xarasin sözündəki sin bu adlardakı son komponenti ilə eyni sayılır. Herodot Kiaksarın vaxtında Midiyaya gələn skiflərin başçısını Maduis adlandırmışdır. Madu sözün kökü, -is yunan şəkilçisidir. Q.Qeybullayev Madu sözünü e.ə.III əsrdə yaşamış hun xaqanı Metenin adı ilə, m-b keçidi əsasında Çingiz nəvəsi Batı xanın adı ilə müqayisə etmişdir, türkcə bat, batu sözlərinin ‘qüvvətli’, ‘bahadır’ mə’nasında olduğunu, V.İ.Abayev tərəfindən hind dilindəki madhu ‘bal’ sözü ilə düzgün müqayisə edilmədiyini göstərmişdir. (6; 148)
Skilak Karanidski, Ksenefont, Ptolemey və b. müəlliflərin əsərlərində Metitor, Arpazoz, Aksiak, Silis kimi bir sıra hidronimlər qalmışdır ki, bunlar da türkcə izah olunur. Arpazos - skiflərin yaşadığı ərazidə - indiki Anadoluda çay adı olmuşdur. Arpaçayın adına uyğundur. Yunan dilində ç səsi olmadığı üçün Arpaz şəklində yazılmış, çay sözünün ilk elementi qalmışdır; -os yunan dili elementidir. Bu çayın mənbəyi 2006 m yüksəklikdə olan Arpa gölündən başlayır. Aksiak - skif çay adı ak ‘ağ’ və suak ‘aydın’ sözlərinə ayrılmışdır. Bizim fikrimizcə, ikinci komponentdə ‘bürünmüş, cilalanmış, hamar’ (yer) mə’nasında subaq sözü və ya ‘sulu yer’ mə’nasında suaq sözü var. (25; 512) Silis çay adında -is yunan hal şəkilçisi, sil türkcə ‘təmiz’ deməkdir. Sır-Dərya çay adında qalmışdır. Metitor skif çay adı mətə ‘gil’ və sor ‘kiçik göl’, ‘bataqlıq gölməçə’ sözlərindəndir.
Toponim, etnonim və antroponimlərlə yanaşı, maddi-mədəniyyət abidələri də skiflərin əksəriyyət e’tibarilə türk tayfaları olduğunu sübut edir. Skif ox ucluqlarının, «skif heyvan stili»nin Altayda, Cənub-Qərbi Sibirdə - Karasuk və Taqar mədəniyyətində (e.ə. I minilliyin əvvəlindən VII əsrədək) aşkar edilməsi onların türk mənşəli olduğuna aydın sübutdur. Elm aləminə mə’lumdur ki, o yerlərdə o dövrdə irandillilər yaşamamışlar.
Q.Qeybullayev işkuz, aşkuz tayfasının oğuz olub-olmadığı üzərində xüsusi dayansa da, qəti fikir söyləməmişdir. Lakin gətirdiyi faktlar işkuzların oğuzlar olduğunu təsdiq edir. Kiaksar işkuz başçılarını qonaq çağırmış və hamısını öldürtmüşdür. Bundan sonra işkuzların bir hissəsi əvvəlki yurdlarına - Qara dənizin şimal sahillərinə çəkilmiş, bir hissəsi Arazdan şimalda məskunlaşmışdır. Bu məqamı nəzərə alaraq müəllif güman edir ki, işkuzların heç də hamısı Qara dənizin şimal sahillərinə köçməmiş, müəyyən hissəsi Arazdan şimalda - indiki Şimali Azərbaycan ərazisində məskunlaşmış və sonralar «Kitabi-Dədə Qorqud»da rast gəldiyimiz «İç oğuz» adında təmsil olunmuşlar.(6; 149) Bunlar göstərir ki, həmin skiflər oğuzlar olmalıdır. Skiflərdə olduğu kimi, »Kitabi-Dədə Qorqud» qəhrəmanlarının da üçpərli ox ucluqlarından istifadə etməsi bu fikrə inamı daha da artırır.
İşkuz, aşquz, skolot, iskit, skif sözlərinin hamısı bir kökdəndir. Bunlar Azərbaycan ərazisindən Şərqə hərəkət edən sakların müxtəlif bölümləridir. Bunu həmin sözlərin kökündəki SK, ŞK, ŞQ səsləri də təsdiq edir. Z.Həsənov göstərir ki, Herodotda bütün hallarda skif sözü skuz formasındadır və bu sözü tərcümə zamanı ruslar skif şəklinə salmışlar. Sami mənbələrində isə, dediyimiz kimi, aş-qu-za-ay, iş-ku-za-ay şəkillərində oxunmuşdur. (58; 54) Skif, isgit, aşquzay, skolot sözlərini iki söz kökünə ayırmaq, aş-quz-ay , s-kol-ot, s-kif şəkillərində (iki kök və bir şəkilçi ilə) təsəvvür etmək doğru deyildir. Bir çox hallarda tədqiqatçılar çətinlik qarşısında qalaraq, aşquz şəklində oxunan sözdə «a» saitinin tələffüz üçün nəzərdə tutulduğunu və ya sözün kökünü quz/kuz şəklində təsəvvür edərək başdakı «s» səsini mə’lumat verən dilin elementi hesab etdiklərini qeyd etmişlər. Biz bu mülahizələri doğru saymırıq. Sözün əsası skuz və skolot sözləridir. Skolot düzgün oxunub və sabit qalıb. Skuz sözü aşquz, aşkuz, şkude və s. şəkillərə salınıb. Fikrimizcə, skuz, skolot sözlərinin kökü SK samitləri ilə ifadə olunan sak sözüdür; -uz və -at sinonim cəm şəkilçiləridir. Sözlərin ümumi mə’nası saklar deməkdir. Saklar isə qədim kasların nəsilləridir.